"Yerli istehsalı inkişaf etdirməli, bir sıra sahələrdə geniş və güclü rəqabət imkanlarına sahib olmalıyıq"
"Azərbaycan ikili standartlara görə Ümumdünya Ticarət Təşkilatına üzv olmur". Bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil: "Baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb və qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. ÜTT-nin 166 üzvü var, bundan başqa da, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Adı çəkilən qurumun əsas məqsədi beynəlxalq ticarəti maksimum liberallaşdırmaq və onu möhkəm əsaslarda yaratmaq, bu yolla iqtisadi inkişafı artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır.

“Ölkəmiz 1997-ci ildən ÜTT-yə üzv olmaq üçün müraciət edib. Odur ki, Prezident qeyd etmişkən, bir neçə onilliklərdir danışıqların aktiv mərhələsindəyik. Məsələ bundadır ki, sözügedən quruma üzv olmaq əslində bizim üçün hazırda sərfəli deyil. Bəlkə də bunu ertələmək daha düzgün olar. Çünki bizdə iqtisadiyyat birtərəfli inkişaf edib və edir. Yəni, iqtisadiyyatımız şaxələndirilmiş şəkildə deyil, gəlirlərimiz sırf neft və qaz sektoruna bağlıdır. ÜTT ticarətin liberallaşdırılmasından dəm vurur. Qeyri neft-qaz sektorunu inkişaf etdirməyi düşünən və yaxud da deyək ki, buna çalışan ölkə üçün isə daxili bazarı bütün məhdudiyyətlərdən azad etmək, qarşılıqlı ticarət əlaqələrində hər cür sərbəstliyə yol açmaq buna imkan yarada bilərmi? Bu çox çətin məsələdir. Dövlət başçımız da xatırlatmışdır ki, proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar ÜTT-nin prinsiplərinə ziddir”-deyən iqtisadçı qeyd edib ki, geniş şəbəkəyə sahib müxtəlif istehsal sahələrinə malik ölkələr də buna gedirlər və ən güclü proteksionist siyasət həyata keçirən elə məhz bu ölkələrdir, biz də öz bazarımıza sahiblənməliyik.

İqtisadçının fikrincə, kifayət qədər və çeşiddə qeyri neft-qaz məhsullarının istehsalı, onun ixracını həyata keçirtmək imkanı və potensialına nail olmalıyıq ki, daxili bazara qapılarımızı açanda rəqabət gücünə çataq: “ÜTT-yə üzvlük çoxlu çeşiddə qeyri-neft-qaz məhsulları istehsal və ixrac edə bilən ölkələr üçün qazanclıdır - sərfəlidir: “Biz, bazarımızı hələ qorumalıyıq. Yerli istehsalı inkişaf etdirməli, bir sıra sahələrdə geniş və güclü rəqabət imkanlarına sahib olmalıyıq”.

İradə Cəlil, Bizimyol.info
 

Dünyapress TV

Xəbər lenti