b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_0e2740853fe8fa7b990827c3cdd67d21.jpg
  

Zəfər muzeyinin yaradılmasının böyük əhəmiyyəti olacaq

Xarici dövlət başçılarının və yüksək rütbəli rəsmilərin Bakıya rəsmi səfərləri zamanı xüsusi protokol qaydalarına uyğun olaraq bir sıra tarixi və strateji əhəmiyyətli məkanlar ziyarət edilir. Azərbaycan protokol praktikasına əsasən, Şəhidlər xiyabanı, Fəxri xiyaban, rəsmi iqamətgahlar və Heydər Əliyev Mərkəzi kimi məkanlar xarici liderlərin səfər proqramına daxil edilir. Son günlər Azərbaycana səfər edən iki rəsmi şəxs Zəfər Parkını ziyarət edib.

Ötən həftə Bakıda səfərdə olan Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif  Zəfər Parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazirin Zəfər parkını ziyarət etməsi və burada fəxri qarovul dəstəsinin düzülməsi maraqla qarşılanıb. Martın 3-də Azərbaycanda səfərdə olan Qazaxıstanın baş naziri Oljas Bektenov da Bakıda Zəfər parkını ziyarət edib, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstanın baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Zəfər parkı 8 noyabr 2024-cü ildə açılıb. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_2d2f5ddaeaab0fbec5e5560c5e08c88f.jpg

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, möhtəşəm qələbə qazanan, bütün ərazimizdə dövlət suverenliyini bərpa edən bir ölkədə Zəfər parkı, Zəfər abidəsi, Zəfər muzeyinin qurulması təbiidir və vacibdir: “Azərbaycan Ordusu, xalqı, dövləti çox böyük zəfərə nail olub. Bu zəfərin hər bir anını, bizi bu zəfərə aparan tarixi yolu xüsusi muzeydə tarixiləşdirmək böyük əhəmiyyət daşıyacaq. Orduda gələcəkdə xidmət edəcək gənclərdə, yeniyetmələrdə vətənpərvərlik, özünə, dövlətinə, ordusuna inam formalaşdırmaq üçün Zəfər muzeyi müstəsna əhəmiyyətə malik olacaq. Şəhidlərimizin, qəhrəmanlarımızın, qazilərimizin barəsində həmin muzeydə yəqin ki, məlumatlar, guşələr yer alacaq. Oranı ziyarət edən insanlar, xüsusən gələcək nəsillər öz qəhrəmanlarını həm də bu vasitə ilə tanıyacaqlar. Ordu quruculuğunda ruh yüksəkliyinin lazımi səviyyədə saxlanması əsas məsələlərdən biridir. Dünya təcrübəsi və hərb tarixi göstərir ki, ən müasir hərbi texnikalara, ən müasir silahlara malik olan ordu əgər ruh yüksəkliyi yoxdursa, qələbə qazana bilmir. Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük müharibədə, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında ruh yüksəkliyinin pik həddə olması qələbəmizdə həlledici amillərdən biri oldu. Ruh yüksəkliyi, özünə inamı olan ordunu məğlub etmək mümkün deyil. Ona görə də biz cəmiyyətimizdə, ordumuzda, gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsi, ruh yüksəkliyinin daim yüksəkdə saxlanması üçün iş aparmalıyıq. Zəfər muzeyinin yaradılması eyni zamanda xaricdən Azərbaycana səfər edən insanların da Azərbaycanın qəhrəmanlıq tarixi barədə ətraflı informasiyalar əldə etməsində də ciddi rol oynaya bilər”.

Akif Nağı da namizəd oldu - Bu seçki dairəsində mübarizə aparacaq |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, respublika miqyaslı Zəfər muzeyinin yaradılması çox böyük əhəmiyyət daşıyır: “Azərbaycanda həm öz əhalimiz, həm xaricdən ölkəmizə gələn insanlar Zəfər tariximizi muzey vasitəsilə yaxından öyrənəcəklər. Belə bir muzeyin qurulması ilə həm də şəhidlərin xatirəsinə dəyər verilir, onlar tarixiləşdirilir. Gələcək nəsillər o muzeyə gedərkən, oradakıları izləyərkən, öyrənərkən bir örnək götürmüş olacaqlar. Vətənpərvərlik örnəyi götürəcəklər. Hesab edirəm ki, muzeydə qazilərimizlə bağlı da guşələr olmalıdır. Yəqin ki, olacaq. Eyni zamanda Birinci Qarabağ müharibəsi şəhidləri üçün də xüsusi guşələr olmalıdır. Biz tariximizdə qəhrəmanlıq  nümunəsi olan övladlarımızı bu şəkildə daim yaşatmalıyıq, onların adlarını gələcək nəsillərə həm də muzeylərdə onlar barəsində məlumatlar yerləşdirməklə çatdırmalıyıq. Zəfər muzeyi yeni nəsildə vətənpərvərlik əhval-ruhiyyəsi aşılayacaq. Sevindiricidir ki, Zəfər parkı artıq rəsmi protokola daxil edilib. Bunun çox böyük əhəmiyyəti var. Zəfər parkı və Zəfər muzeyinə şagirdlərin, tələbələrin aparılması gələcəkdə dərs prosesinin bir hissəsinə çevrilməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti