
Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi 30 ünvanında yaşayan Məmmədova Zümrüd Abutalı qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin anadangəlmə ruhi xəstə, Kanner (autizm) sindromlu, müddətsiz əlil, 25.08.2006-cı il doğumlu övlad Heydərli İbrahim Fərid oğlunun əlilliyini təyin etməməsinə etiraz edir:
“Hörmətli Redaksiya!
Diqqətinizə çatdırım ki, 2006-cı il doğumlu anadangəlmə əlil oğlumuz Heydərli İbrahim Fərid oğlunu hərbi tibb komissiyası yararsız hesab edib.
ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) isə əlillik təyinatından heç bir əsas olmadan imtina edib. Halbuki Səhiyyə Nazirliyinin baş psixiatrı Fuad İsmayılov, Sumqayıt şəhər psixiatriya xəstəxanası oğluma "orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1" diaqnozu qoyub.
DTSERA hansı əsasla əlillik təyinatı aparmayıb? Bu, özbaşınalıqdır, oğlum 18 ildir müddətsiz əlildir, əyani görmək olur ki, özünü idarə edə bilmir, təbii ehtiyaclarını da kənardan köməklə edir.
Sizdən özbaşınalığa son qoyulmasını, özbaşöna kəsilən əlilliyin və pensiyanın bərpasını təmin etmək üçün səlahiyyətinizdən yararlanmağı xahiş edirəm”.
ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Hürriyyət”ə bildirilib ki, Abşeron rayon sakini, 2006-cı il təvəllüdlü Heydərli İbrahim Fərid oğlu “İnzibati icraat haqqında” Qanuna əsasən, 18.11.2024 və 26.11.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:
“Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Həmçinin Heydər İbrahimli müayinə zamanı heç bir tibbi sənəd təqdim etməyib.
Bu səbəbdən də müvafiq qanunvericiliyə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib”.
Hazırladı: Jalə FAMİLQIZI


