İllər öncə paytaxtımızın ən gur yerləri (“Nərimanov”, “Gənclik”, “Əcəmi” və “Elmlər Akademiyası” metrosuna yaxın yerlər) qeyri-qanuni mərc oyunları üçün “münbit” məkanlar idi. Günün günorta çağı az qala məmə yeyəndən pəpə yeyənə hamı mərclərə girişir və xöşbəxtliyi onda axtarırdılar. 1995-ci ildən etibarən qurmarxana tipli oyun zallarının fəaliyyəti qanunla qadağan edilib. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Amma cumhuriyyet.az olaraq araşdırmalarımız onu göstərir ki, “Topaz”ın gəlişi ilə açıq məkanlarda fəaliyyətlərini “donduran” “mərcovşiklər” başqa üsullara əl atdılar və öz bazarlarının dağılmasına imkan vermədilər. Amma qumar oyunlarının bu gün virtual məkanda mövcudluğu da heç kimə sirr deyil. Belə ki, son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər. Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir. Heç bir yerdə qeydiyyatı olmayan, məsələn, Rojbet, Qazanbet və s. saytlar vasitəsilə daimi müştərilərini başına cəm edən “Qara bazar” rəhbərləri çox keçmədən istəklərinə çatdılar. Əslində bu istəyin gerçəkləşməsini zəruri edən səbəblərdən biri də, Topazın oyunlara qoyduğu aşaı kofisentlər idi… Rojbet və Qazanbetin başında duranlar qazandıqları haram pullar vasitəsilə özlərinə işçi tutur və bu işçilərin əsas vəzifəsi əhalinin sıx yerləşdiyi (əsasən çayxanalar) məkanlarda asanlıqla müştəri toplamaq idi… Oyunçular arasında “Yaşıl sayt” kimi tanınan “Qazanbet”in bu cəhətdən işləri çox rəvan gedir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda saytın başında əslən şəkili olduğu deyilən Yusif, Ələddin və Murad adlı trionun durduğu aydınlaşıb. Araşdırmalarda “Nuxa” və “Medalyon” restoranlar şəbəkəsinin də adı keçir. Ev eşiyini, maşınını, son qəpiyini satıb yusifkimilərin varlanmasına səbəkar olan yazıq oyunçular(kütlə) üçün bu mərəzdən qurtulmağın yolu demək olar ki, yoxdu. Uduzduğu pulları qaytarmaq üçün dəfələrlə cəhd edən oyunçu onu gözləyən fəlakətin fərqində olmur. Birbaşa insanın psixolojisinə hesablanan və onun beynini “yeyən” bu oyunlar(futbol, tennis, basketbol, voleybol, eyni zamanda, müxtəlif kazino oyunları)günü bu gün də meydan sulamaqdadır. Açıq məkanlarda qanadları qırılan oyun dəllalları internet üstündən öz müştərilərini talanaqda davam edirlər. Milliön, E manat vasitəsilə pulları qəbul edən “mərcovşiklər” kart kodlarını nədənsə, tez-tez dəyişirlər. Səbəbini çox yaxşı anlayırıq. Hüquq-mühafizə orqanlarını azdırmaq üçün atılan addımlardı. Əlimizdə bunu isbatlayan kifayət qədər faktlar var. Hətta oyun mərəzindən xilas olmağı bacarmayıb intihar yolunu tutanların həyat hekayəsinin bütün çalarları önümüzdədi. Növbəti yazımızda qeyri-qanuni mərc oyunlarında 100 minlərlə uduzmuş insanları danışdıracaq, onların başına açılmış oyunlardan, qəsdən necə uduzdurulmaqlarından bəhs edəcək, ilginc faktları ortalığa qoyacağıq… //cumhuriyyet.az//