Qarabağda türkiyəli işçilərə azərbaycanlılardan dəfələrlə çox maaş verilir –
“44 günlük Vətən Müharibəsində Türkiyənin Azərbaycana verdiyi əvəzsiz dəstək hamımızı qürurlandırmış, köksümüzü qabartmışdı. Könül istərdi ki, Qarabağda infrastruktur layihələrinin icrasına cəlb olunmuş qardaş ölkə şirkətləri işçilərə münasibətdə və əmək qanunvericliyinə riayət etməkdə də nümunə olsunlar. Çox təəssüf ki, son vaxtlar “KALYON RSY İNŞAAT ADİ ORTAKLIĞI TİCARİ İŞLETMESİ” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALIndakı haqsızlıqlarla bağlı mənə müxtəlif vasitələrlə (email, telefon, FB) xeyli müraciət daxil olub. İşçilər (onların arasında qazilərimiz də var) əmək qanunvericiliyini kobud şəkildə pozan şirkətdən kütləvi şəkildə və fərdi qaydada Dövlət Əmək müfəttişliyi Xidmətinə və məhkəməyə müraciət etsələr də, hələki ortada real nəticə yoxdur. Hər iki qurum narazılıqları araşdırmaq və ədalətli qərar qəbul etmək əvəzinə baş verənləri ört-basdır etmək, cəmiyyətdən gizli saxlamaq yolunu tutub”.

AzToday.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, “Kalyon” şirkəti azərbaycanlı və türkiyəli işçilər arasında fərq qoyur:

“İşçilərin “Kalyon” şirkətindən olan narazılıqlarını ümumiləşdirərək təqdim edir və bu biabırçılıqlara son qoymaq üçün müvafiq dövlət qurumlarından təcili tədbirlər görməyi tələb edirəm:

1. Bəzi işçilər əmək müqaviləsiz işlədilir.
2. Bəzi işçilərin həftəlik iş vaxtı norması qanunvericiliklə müəyyən olunmuş normadan artıq müəyyən olunur.
3. İşçilər hər iş günü iş vaxtından artıq işlədilir və buna görə onlara əlavə ödəniş edilmir.
4. Azərbaycanlı işçilər türkiyəli işçilərdən bir neçə dəfə aşağı əmək haqqı alırlar.
Azərbaycanlı işçilərin maaşı, adətən 800-900 manat arası müəyyənləşdirilir, türkiyəli işçilər isə 5000-6000 manat arası əmək haqqı alırlar. Yüksək əmək haqqı rəhbərlikdə çalışanlara və ağır texnika işlədənlərə verilir ki, onların arasında azərbaycanlılar, demək olar ki, yoxdur. Ağır texnika ilə işləməyi bacaran azərbaycanlıları bu işə qəbul etmirlər. Bu, artıq işçilər arasında ayrı-seçkilik edilməsidir.
5. İşçilərin əmək haqları gecikdirilir.
6. Nahar fasiləsində işçilərə verilən yeməklər çox keyfiyyətsizdir. Bəzi məlumatlara görə, yeməklərin təchizatı “AZAL”ın nəzarətində olan catering şirkəti tərəfindən həyata keçirilir.
7. İşçilərin gecələdikləri və istirahət edikləri yerlər (kamplar) ən adi normalara cavab vermir, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraiti təmin olunmur.

Sonda onu da qeyd edim ki, azərbaycanlı işçilərə münasibətdə əmək qanunvericliyinin pozulması halları “Kalyon”un icra etdiyi Horadiz-Ağbənd yollarının tikintisi zamanı baş verib və hazırda da davam edir.

P.S. Bu problemlərlə əlaqədar əlavə məlumatları olanlardan şəxsi qutuya və ya şərh bölməsində rəylərini yaza bilərlər. Qarşı tərəf olaraq “Kalyon” şirkətinin açıqlamasını dərc etməyə hazırıq”.
 

Dünyapress TV

Xəbər lenti