Alqış Həsənoğlunun yenidən “Yeni Azərbaycan” qəzetinə rəhbərliyə qaytarılmasının fəsadları barədə bir neçə ay bundan öncə yazmışdıq. Onun fəaliyyətinin Prezidentə, hakim partiyanın fəaliyyətinə yönəldiyi barədə bizdə və bir çox media orqanlarında yazılar getmişdi. Bu günlərdə baş verən növbəti təxribat faktı bu iddiaların sübut edilməsi üçün bəs edir. Belə ki, “Yeni Azərbaycan” qəzetinin 27 sentyabr 2022-ci il tarixli 175-ci sayında “Prezident İlham Əliyev Vyaçeslav Volodini qəbul edib” başlıqlı yazıda yerləşdirilən şəkildə bilərəkdən Prezidentin əyləşdiyi hissə verilməyib, sanki Rusiya Federasiyası Dövlət Dumasının sədrini dövlət başçısı deyil, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qəbul edib. Daha doğrusu, özündən müştəbeh baş redaktor Rusiya Dövlət Dumasının sədrini qəbul edən dövlət başçısının şəklinin verilməsini rəva bilməyərək, növbəti təxribata qol qoyub. Nəzərə alsaq ki, bir qayda olaraq, baş redaktor qəzetin nəşriyyata buraxılan son variantına hər gecə özü şəxsən baxır, bu “fövqəladə halın” Prezidentə qarşı təxribat olduğunu demək olar. Ona görə ki, rəsmi dövlət qəzetləri və iqtidaryönlü qəzetlərin heç birində Prezidentin qəbulu ilə bağlı belə bir ciddi xəta baş verməyib. Məsələn, rəsmi qəzetlərdən “Azərbaycan” qəzeti Prezidentin V.Volodini qəbul etdiyi barədə yazını daha geniş və qəbuldan çəkilən şəkli tam verib.
Çox güman ki, bu məsələ ciddiləşsə və tabeliyində olduğu əlaqədar şəxslərin məzəmməti qarşısında A.Həsənoğlu bu dəfə də texniki işçini “qurban” verərək, öz kreslosunu qorumaq yolunu seçəcək. Belə ki, keçən dəfə yazdığımız kimi, “Yeni Azərbaycan” qəzetinin 5 may 2022-ci il tarixində dərc olunan müsahibədən sonra müxbirin çörəyinə bais oldu. Halbuki həmin müxbirlə birlikdə İstanbula göndərdiyi baş redaktorun müavini və özünü xilas edən A.Həsənoğlu Mübariz Mənsimova münasibətdə 1800 dərəcə dəyişərək ona qarşı düz 3 məqalə yerləşdirdi. Əslində hamı bilir ki, həmin istedadlı müxbir birbaşa baş redaktorun tapşırığı ilə İstanbula müsahibə almağa göndərilmişdi…
Qayıdaq əsas məsələyə. Bilirsinizmi, A.Həsənoğlunun birinci dəfə “Yeni Azərbaycan” qəzetinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının səbəbi də 2008-ci ilin fevralında Prezident İlham Əliyevə qarşı təxribatçı materialın saytda yerləşdirilməsi olub? Amma A.Həsənoğlu işdən qovulmasını guya Prezident Aparatının o vaxtkı rəhbəri Ramiz Mehdiyevə qarşı çıxması ilə əsaslandırırdı. Əslində bu onun uydurması idi. Sadəcə qəzetə nəzarəti itirmiş olub, özünün daha “vacib” işləri ilə məşğul olduğundan dövlət başçısının əleyhinə yazıların sayta yerləşdirilməsinə belə göz yummuşdu. Hələ bu harasıdır?