İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.
“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir.
DİA.AZ olaraq dünən bununla bağlı materialın birinci hissəsini təqdim etmişdik:
Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?
Yazının davamında qeyd olunur:
Vaxt gedir, məhkəmələr isə məsələni həll etmək əvəzinə, işi daha da qəlizləşdirirdilər. İddiaçı tələb edirdi ki, iş üzrə yekun qərar çıxarılana qədər, məhkəmə 2027-ci ilədək qüvvədə olan mövcud icarə müqaviləsi üzrə öhdəliklərin ticarət mərkəzi tərəfindən də yerinə yetirilməsini təmin etsin. Amma əvvəlcə Xətai Rayon Məhkəməsi, ardınca isə Bakı Kommersiya Məhkəməsi bu tələbi rədd edir. Məhkəmənin icarədarın mənafeyinə belə səthi münasibətindən istifadə edən ticarət mərkəzi isə tədricən təzyiqləri artırır, etiraz edən sahibkarı hər vasitə ilə sıxışdırmağa çalışırdı. Dizaynerlər, memarlar, inşaatçılar tez-tez mağazaya gələrək işi dayandırır, bu ərazini gələcəkdə restorana çevirmək üçün yenidən ölçmə işləri aparırdılar.
Anar Qəribov daha sonra deyir: “Bir dəfə mağazaya kanalizasiya suları töküldü, paltarların bir qismi xarab oldu. Müqaviləyə görə, malların bu səbəbdən xarab olması məsuliyyətini birbaşa icarəyə verən tərəf daşıyır. Amma bizim yazılı şikayətlərimizə yenə də baxan olmadı.
Sən demə, sonra baş verəcəklərin yanında bunlar hələ heç nə imiş. Əsl qanunsuzluq pandemiya zamanı – ölkədə ticarət mərkəzlərinin fəaliyyətini dayandırdığı 2020-ci ilin mart ayından başladı. Biz işçilərin maaşlarını, kreditləri və digər öhdəlikləri ödəmək üçün ünvana çatdırılma şərti ilə onlayn satışa başlamaq qərarına gəldik. Amma sən saydığını say, gör icarəyə verən tərəf nə sayır: cəsur “mühafizəçilər” mağaza işçilərini saxlamağa, özləri ilə götürdükləri malları geri qaytarmaq tələbi ilə onların əşyalarını yoxlamağa başladılar. Yenidən şikayət etdik, bizi yenə dinləmədilər”.
Anar Qəribov dekabrın 29-da Yeni il ərəfəsində mağazaya gələrkən 6 metrlik jalüz qapının sındırıldığını görüb. Mallarla dolu olan obyektin yerində isə bomboş, bərbad zal olub. O, polisə gedib, yoxa çıxan malların və avadanlıqların siyahısını tərtib edib. Buna nə ad vermək olar –günün günorta çağında qarət, yoxsa basqın yolu ilə ələ keçirmə? O zaman güman ediblər ki, suala hüquq-mühafizə orqanları cavab verəcək.
“Axır ki, 2021-ci il fevralın 3-də itən əşyaların bir qismi tapılaraq bizə göstərildi. Onlar yararsız vəziyyətə düşmüşdü və mağazadan 7 km aralıda, icarəyə verənlərdən birinə məxsus rütubətli zirzəmidə “saxlanılırdı”. Bahalı avadanlıqlar necə gəldi yerə atılmışdı və çətin ki, yenidən istifadə oluna bilərdi. Ancaq hər şeyi diqqətlə nəzərdən keçirmək mümkün deyildi. Bizə – oğurlanmış əmlakın sahiblərinə zirzəmiyə giriş qadağan edilmişdi.
Dəyəri yüz minlərlə manat olan itmiş mal və avadanlıqla bağlı polis rəsmi məlumat yaymadı, cinayət işi başlamaqdan imtina etdi. Yalnız icarəyə götürdüyümüz mağazaya, eləcə də mallarımızın saxlanıldığı zirzəmiyə giriş əldə etmək üçün məhkəməyə dəfələrlə müraciət etməyimizdən, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın inadkar təkidindən sonra qarşı tərəf bizə qalan əmlakımıza baxmaq imkanı yaratdı. Bütün tərəflərin iştirakı ilə 17 gün ərzində əmlakın adbaad siyahısı tərtib edildi, saxlanma qaydalarına əməl edilmədiyi üçün bütün malların yararsız hala düşdüyü təsdiqləndi: paltarlar nəm çəkmişdi, iy verirdi, bozarmışdı, avadanlıqların əhəmiyyətli hissəsi korroziyaya uğramışdı”.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi də mal və avadanlıqların zədələnməsi faktını təsdiqləyib. İşləyən mağazanın foto və video görüntülərinə və dağıdılan əmlakın “yoxa çıxdıqdan” sonra nəyə çevrildiyinə Famous Brands Azur youtube kanalında baxmaq olar. Yeri gəlmişkən, məqalənin başlığına çıxarılmış foto da oradan götürülüb.
Beləliklə, ekspertizanın nəticələrinə görə, məhv edilmiş əmlakın ümumi məbləği 503 661,70 manat təşkil edir. Çatışmayan əmlak isə 410 944,50 manat qiymətləndirilir. Müstəqil audit qiymətləndirməsinə əsasən, 32 ay müddətinə müqavilənin şərtlərinə əməl edilmədiyinə görə, sahibkarlara əlavə 390 760,74 manat maddi ziyan dəyib. Hüquqi, audit, ekspert xidmətlərinin dəyərini hesablamırıq. Çünki bu xərc dəyən ziyanın fonunda çox xırda bir şeydir. Amma mənəvi ziyan, imicə vurulan zərbə böyükdür.
Münaqişənin ilkin mərhələsi – mağazaya elektrik enerjisinin verilməsinin dayandırılması və reklam bannerlərinin götürülməsi ilə bağlı bu üç ilə yaxın müddət ərzində məhkəmə prosesi gedirdi. İşə əvvəlcə Xətai Rayon Məhkəməsində baxılıb, sonra materiallar Bakı Kommersiya Məhkəməsinə verilib. İki mötəbər instansiyanın belə bir kifayət qədər sadə məsələni həll etməsinin niyə bunca mürəkkəb olduğunu başa düşmək çətindir.
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...