Bu da Sahil Babayevin TENDER HOQQALARI... -
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal - materialların və bir sıra hazır reabilitasiya vasitələrinin alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, tenderlərin qalibi “Metiz Impeks” MMC və “Ottobock SE & Co,KGaA” şirkətidir.

Qalib şirkətlərə müvafiq olaraq 9,55 milyon manat və 3,69 milyon manat, ümumilikdə isə 13,24 milyon manat ödəniləcək.

DİA.AZ ilk olaraq “Metiz Impeks” MMC ilə bağlı araşdırma aparıb. Qeyd edək ki, bu MMC Sahil Babayevin "kantoru"ndan 9,55 milyon manatlıq tenderi "udub". Hər halda aşkarlanan faktlar aydın edir ki, sən demə, barəsində olduqca məhdud informasiyalar olan “Metiz Impeks” MMC ilk dəfə deyil ki, ƏƏSMN-dən milyonluq tenderi əldə edir. Elə son olaraq keçən ilin avqustunda, yəni təxminən bir il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi "Protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilər, xammal-materiallar və eləcədə bir sıra hazır reabilitasiya vasitələri"nin satın alınması üçün elan etdiyi tenderdə "Metiz-İmpeks" MMC-ni qalib elan edərək onun hesabına 7 milyon 42 min 99 manat vəsaiti köçürmüşdü.

DİA.AZ bir daha xatırladır ki, Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində "Metiz-İmpeks" MMC haqqında məlumatlar öyrənmək mümkün deyil. Bu isə o deməkdir ki, ən azından hüquq-mühafizə orqanları üçün bir araşdırma predmeti gün kimi ortada bərq vurur... Hər halda Sahil Babayevin "bostanı" olduğundan burada siyasi qərar olduqca mühüm faktordur.

Araşdırmalarımız davam edir. Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti