Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2021-ci ili 5 milyon 514 min manat xalis zərərlə başa vurub. Qurum 2020-ci ildən 7 milyon 447 min manat xalis zərərlə çıxmışdı. Son nəticədə idarənin yığılmış zərəri 23,7% artaraq 28 milyon 735 min manata çatıb.
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 13 milyon 752 min manat (əvvəlki ilə nisbətən 7,2% çox), digər gəlirləri 86 min manat (83% çox) təşkil edib. Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 358 milyon 143 min manat olub ki, bu da illik müqayisədə 1,7% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,4 % azalaraq 14 milyon 283 min manata, balans kapitalı isə 1,6% azalaraq 343 milyon 860 min manata düşüb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Bu isə o deməkdir ki, dəniz kənarında yerləşən bütün obyektlər Bulvar İdarəsinin maliyyələşməsində iştirak etməlidir. Dəniz kənarında onlarla iaşə obyektləri var ki, burada, məsələn, çayın qiyməti 20-30 manat arası, “Sirab” suyunın yarım litri 5 manata satılır. O halda, gəlirlə işləyən bu obyektlər ya Bulvar İdarəsinə pul vermir, ya da verilən pullar mənimsənilir.
Natiq Cəfərli: “Əgər dövlətin idarəsi işi bacarmırsa, idarəetməni özəl sektora verə bilər”
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Azərbaycanda dövlət idarələrinin, müəssisələrinin və yaxud dövlət tərəfindən təsis olunmuş publik hüquqi şəxslərin niyə ziyanla işləməsi ilə bağlı onların özlərinin ictimaiyyətə detallı şəkildə açıqlaması yoxdur. Məsələn, Bulvar İdarəsi niyə ziyanla işləməlidir? Bu ziyan nədən ibarətdir? Ziyanın yaranma səbəbi nədir? Əməliyyat xərcləri nə qədər olub? Gəlirlər və xərclərin arasında disbalans varsa, əməliyyat xərcləri ilə bağlı problemlər varsa, o zaman əməliyyat xərclərinin azaldılması ilə bağlı hansı addımlar atılıb? Çünki ziyanla işləmək tək gəlirlərin artırılması yolu ilə ziyandan çıxmaq məsələsi deyil. Həm də xərclərin azaldılması yolu ilə ziyandan çıxmaq əsas hədəfə çevrilməlidir. Dövlət müəssisələrinin, dövlətin əlində olan iqtisadi oyunçuların əsas problemi xərclər hissəsindədir. Həddindən artıq böyük şişirdilmiş xərclər olur və nəticə etibarı ilə də ziyanla işlədikləri üzə çıxır. O xərclər də daha çox korrupsiya mənbəyinə çevrilir - təmir-tikinti işləri və başqa məqsədlə olan məsələlər.
Bulvar İdarəsi, ümumiyyətlə, məntiqlə ziyanla işləməməlidir. Çünki orada ziyan ola biləcək məsələlər yoxdur. Əksinə, ərazisində kifayət qədər çox sayda obyektlər var, onların icarəhaqları çox böyükdür. Buna görə də onlar hesabat verib, açıqlama verməlidirlər ki, həmin ərazidə yerləşən ticarət obyektləri nə qədər icarə pulu verir, bu icarə pulunun yığılması hansı səviyyədədir, kimlərlə müqavilələr bağlanıb? Yəni bütün bunlar qeyri-şəffaflıqdan doğur. Ona görə də əgər dövlət bu yükü üzərindən atmaq istəyirsə, məmnuniyyətlə elə yerli və yaxud beynəlxalq şirkətlər ola bilər ki, həmin ərazidə idarəetməni icarə müqaviləsi ilə dövlətdən götürüb, heç bir ziyan etmədən, hətta böyük gəlir əldə edə, dövlətə də böyük vergi verə bilərlər. Yəni dövlətin idarəsi bunun bacarmırsa, idarəetməni özəl sektora verə bilər".
Eyyub Kərimli: “Sözsüz ki, burada korrupsiya məsələləri də var”
İqtisadçı Eyyub Kərimli isə qeyd etdi ki, tendensiya onu göstərir ki, bəzi dövlətin nəzarətində olan bu tipli müəssisələrin çoxu ziyanla işləyir: “Burada bir neçə məsələlərin təsiri var. Əsas amillərdən biri budur ki, burada menecmentlik məsələsində zəiflik var. Digər tərəfdən isə sözsüz ki, burada korrupsiyadan irəli gələn məsələlər də var. Çünki Bulvar İdarəsinin ərazisində kifayət qədər böyük obyektlər var və təbii ki, onlar böyük icarə haqları ödəyir. Lakin ziyanlar onu deməyə əsas verir ki, həmin obyektlərdən alınan icarə haqlarının heç də hamısı büdcəyə köçürülmür. Burada çox böyük məbləğlərdən söhbət gedir. Onu da qeyd etmək lazımdır ki, Bulvar İdarəsinin ərazisində olan bir sıra obyektlər mövsümi xarakterli fəaliyyət göstərir. Belə ki, onlar daha çox yay mövsümündə aktiv işləyir. Ümumilikdə isə Bulvar İdarəsinin fəaliyyətində şəffaflığının təmin olunmasında problem var. Bu gün əgər araşdırma aparmaq istəsək, qurumun saytında heç bir hesabata rast gələ bilmərik. Yəni göstərilmir ki, ərazidə fəaliyyət göstərən obyektlərin icarəhaqları nə qədərdir, onlar nə qədər vergi ödəyir, buradan dövlət büdcəsinə nə qədər vəsait keçir və sairə. Bu da onu deməyə əsas verir ki, Bulvar İdarəsinin fəaliyyəti şəffaf qurulmayıb”.
Xalid GƏRAY,
“Yeni Müsavat”