"39 onlayn media subyektinə göstərilən dəstək bəzilərində dayandırılıb, bəzilərinə ciddi xəbərdarlıq edilib, bəzilərinə isə maliyyə sanksiyaları tətbiq edilib. Lakin biz bununla bağlı ictimaiyyətə məlumat vermədik və həmin redaktorlarla söhbət etdik. Agentliyin rəhbərliyi düşündü ki, saytlara edilmiş xəbərdarlıqla bağlı cəmiyyətə məlumat verməyimiz onların reputasiyasına təsir göstərə bilər. Monitorinqin gedişi barəsində, yalnız bizdən dəstək alan media subyektlərinin özlərini məlumatlandırırıq".
Bu fikirləri Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin mətbuata verdiyi müsahibəsində deyib.
Jurnalist Ədil Hüseynli bildirib ki, bu hal MEDİA-nın fəaliyyətinin şəffavlığını şübhə altına alır: "Belə çıxır ki, bunların məqsədi özlərinin müəyyənləşdirdiyi saytları qorumaqdır. İlham Əliyevin sərəncam ilə yaradılmış Medianın İnkişafı Agentliyi bir neçə nəfərin müəyyənləşdirdiyi 39 media subyektinə xidmət göstərir, özləri üçün yaradılıb, onlar üçün işləyirlər. Məntiq bunu deyir".
Baş redaktor bildirib ki, cəmiyyətdən informasiya gizlədən qurumun fəaliyyəti dərhal yoxlanmalıdır: "Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov monitorinq məlumatlarını ictimaiyyətdən gizlədib.
Prezident İlham Əliyevin isə Milli Mətbuat Günü jurnalistləri təbrikində belə cümlə var idi - "...mətbuat vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməlidir".
Buyurun, hörmətli yoxlama aparan qurumlar, yoxlayın, araşdırın, ictimaiyyətə məlumat verin. Bu məlumatları bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki büdcə həm də vətəndaşların verdiyi vergi ilə formalaşır.
Dövlət büdcəsindən mətbuat üçün ayrılan vəsait hara xərclənib?
Ayda 3 min manat alan hansı redaksiya puldan düzgün və səmərəli istifadə etməyib?
Bu neçə ay davam edib və həmin pullar hara xərclənib?
Araşdırma üçün yetərli faktlar var.
Bizimxeber.az