Azərlotereya ASC-nin “Misri” və “Poz, qazan” mərc oyunları artıq iflas etməyə başlayıb. Bu da təsadüfi deyil. Çünki aylarla aldadılan insanlar indi dərk etməkdədir ki, udmaq şansı sıfırdır və hər gün pul uduzurlar. TİA.Az-ın reportyor qrupu məlumat verir ki, hazırda Bakı küçələrində həmin məntəqələrin qarşısında daha izdiham müşahidə olunmur. Şəhərdə gündən-günə artmaqda olan “Poz, qazan” piştaxtaları demək olar ki, azalmağa doğru gedir. Eyni zamanda, “Misli” məntəqələrinin də sayı artmır. Görünür, Azərlotereya ASC gedişatın onların əleyhinə çevrildiyini görməkdədir. Bu tendensiya bumeranq effekti verməyə başlayıb ki, nəticə küçələrdə kiçik müşahidə ilə bəlli olur. Həmçinin fəaliyyət göstərən obyektlərə müraciət edənlər də çox deyil. Əvvəllər “Poz, qazan” oynayanlar növbəyə düzülürdü. Bu kütləvilik qumarın təşviqi ilə bağlı idi. İnsanlar inandırdı ki, kupon alıb qalib gələcəklər. Amma aylarla davam edən fırıldaq və saxtakarlıq çoxunun gözünü açdı və məlum oldu ki, qazanan yalnız Azərlotereya ASC-dir. Bu da müsbət haldır ki, əhali qumarın zərərini hiss etdi və tez ayıldı. Ekspertlər, deputatlar, din xadimləri, ziyalılar, habelə media çağırışlar edir, küçələrdə qumarın təşkilinə etirazını bildirir, bu hallara son qoymağa çağırırdı. Amma sözügedən şirkət öz bildiyini edir, Bakının hər künc-bucağında bu piştaxtaları artırır, milləti qumara təşviq edirdi. Amma bu kuponları alanlar içində pul udanlar barmaqla sayıla bilərdi. Odur ki, ASC həm “Misli” obyektlərinin sayını artıra bilmir, həm küçələrdə, metro çıxışlarında əvvəlki izdiham yoxdur. Bu dəfə “Topaz”dan da tez qumarın fısı çıxdı. Əslində, Azərlotereyanın layihələri batdı. Bu da qumarın axırı…