“Ölkəmin ali qanunverici orqanında Aydın Hüseynov kimi şəxslərin millətimi, xalqımı təmsil etməsi utancvericidir. Bir deputat ki düz-əməlli yaza bilmir, sizcə, o xalqı parlamentdə normal təmsil edə bilərmi? Əlbəttə, xeyr!”
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
GAP sədri xüsusi vurğulayıb ki, Aydın Hüseynov parlamentdə YAP-ı təmsil edir: “Obyektivlik naminə deyim ki, YAP-da kifayət qədər intellektual, müasir dünya görüşünə malik gənclər var. Müxalifət olaraq buna sevinirəm. Eyni zamanda Aydın Hüseynov kimi deputatları görəndə də üzüntü məni boğur. Belə insanları YAP-ın namizədi etmiş YAP-ın Mərkəzi İcra Aparatının keçmiş sədri Əli Əhmədov, görəsən, heç utanırmı? Sadəcə, rəzalətdir. İndi də təzə məsələ tapıblar. Kim belə biabrçı status yazır, deyir, sürücü yazıb. Ay qardaş, sürücü maşın sürmək üçündür, ya status yazmaq üçün? Desələr ki, “deputatın köməkçisi yazıb, deputatın xəbəri yoxdur” bəlkə də inandırıcə gələr. Yalanı elə abırsızcasına danışırlar ki... Xalqı qızışdırmaq, özündən çıxarmaqdır niyyətləri… A kişi, sənin rəsmi sosial şəbəkə hesablarını sürücü kimdir ki, idarə edə? Bunun məsuliyyətini anlamırsan? Elədirsə, iki qat ayıb olsun. Məsuliyyətini dərk etməyən deputatın o mandatı daşımağa mənəvi haqqı yoxdur”.