"Qadın işinə kişini, kişi işinə qadını təyin edirlər..."
Neftçala sakini Şəfaqət Bədəlova 18 ildir ki, çalışdığı "Azəriqaz" İstehsalat Birliyində (İB) hüquqlarının pozulduğundan şikayətçidir.

DİA.AZ xəbər verir ki, o, bu barədə ölkə başçısına müraciət edib.

"Arqument.az"a göndərilmiş şikayət məktubunda deyilir: "Mən Şəfaqət Bədəl qızı Bədəlova 2005- ci il 16 martda "Azəriqaz" İB-nin Neftçala Qaz İdarəsinə kompüter operator vəzifəsinə işə düzəlmişəm. Sonra 2008- ci ildə analıq məzuniyyətinə çıxdım. 2008-ci ildə "Azəriqaz" İB-nin rəhbəri Əlixan Məlikov idi. Lakin sonradan 2010-cu ildə analıq məzuniyyətimin artırılması üçün müraciət etdikdə kadrların nümayəndəsi Elçin Alışov vəzifəmin ləğv olunduğunu bildirdi. Məni aldadaraq başqa vəzifəyə ixtisasıma uyğun olmayan Qəza dispetçer xidmətinin texniki vəzifəsinə ərizə yazmağımı tələb etdi. Dedi ki, əyər o vəzifəyə keçməsən, işsiz qalacaqsan. Mən ailə vəziyyətimi və acınacaqlı maddi durumumu nəzərə alıb Elçin Alışovun bu təklifi ilə ərizə yazdım. Lakin sonradan işçilər mənə aldadıldığımı dedilər. Vəzifəmin adının dəyişdirərək texnik qoymuşdular. Əvvəlki vəzifəmi isə mənimlə işləyən birlikdə Fuad Məmmədovun əmisi oğlu Ramil Məmmədova vermişdilər. Yəni qadın işinə kişini, kişi işinə qadını keçirmişdilər. Mən ali təhsilli onlar isə orta təhsilli idilər".

"Mən məzuniyyətdən gələndən sonra şifahi şəkildə kadrlara dəfələrlə müraciət etdim. "Azəriqaz" mənim məsələmə laqeyid yanaşdı. Anlayışım olmaya-olmaya məni sahə texniki qoymuşdular. 2014-cü ildə attestasiya imtahanı keçirildi. Məlumat verildi ki, kəsilmişəm. Lakin heç mənim adım siyahıda yox idi. Həmin imtahanın nəticələrini dəfələrlə tələb etdim, amma heç bir əsas göstərmədilər. Ancaq o vaxt Tərlan Nağıyev və başqaları imtahandan keçməyənlərə 3 dəfə imtahana girməyə şans vermişdilər. Mənə bu şans da verilmədi. Problemlə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürərək İnsan resursları departamentinə müraciət etdim. Himayəmdə azyaşlı övladım olduğu üçün yenidən işə, lakin başqa vəzifəyə qaytarıldım. Bununla bağlı dəfələrlə "Azəriqaz"ın kadrlar şöbəsinə - Narxanım Səmədzadəyə və onun hazırda işləyən işçisi Həqiqət xanıma müraciət etmişdim. Onlar mənə laqeyid yanaşaraq təhqir etdilər", - deyə o bildirib.

Onun sözlərinə görə, oxşar problemlə 2021-ci ildə də qarşılaşıb: "2021-ci ildə yenidən attestasiya imtahanı keçirildi. Müraciətdə bildirilirdi ki, təkbaşına yaşayan və himayəsində azyaşlı uşaqlar olan analar imtahana getməyəcək. Bizə 6 ay hazırlaşmaq üçün möhlət verilmişdi. Bildirdim ki, mən də təkbaşına yaşayıram və himayəmdə azyaşlı uşaq var. İmtahana 2 ay qalmış adım siyahıda gəldi. Soruşdum ki, niyə nəzərə alınmıram? Kadrların nümayəndəsi Fizuli Zülfüqarov dedi ki, SOCAR sizi nəzərə almadı, ancaq şəhid və qaziləri nəzərə alır. Müddət az olsa da, imtahanda keçid balı yığdım, yəni 40 baldan 30-nu topladım. 395 sual tərtib edən region olmalıydı, lakin biz "Azəriqaz"ın suallarına cavab verdik. Mən hazırda təkbaşına anayam. Oğlum Abdullazadə Allahyar Neftçala rayonu və region üzrə yaşıdları arasında 7 ildir ki, şahmat üzrə 1-ci yeri qazanır və futboldada fəaldır. Mən ən çox onun gələcəyi üçün narahatam".

"Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm, lakin müraciətimə baxılmır. 28.07.2022-ci il tarixdə "Azəriqaz"a yenidən yaxınlaşaraq sədr Ruslan Əliyevə müraciət etmək istədim. Lakin məlumat verdilər ki, o, hazırda Qarabağdadır. Məni birinci şikayətlər şöbəsinin rəhbəri İbrahim adlı şəxs qəbul etdi. 5 dəqiqə şifahi dinlədi, sonra o da kadrlar yönəldərək Xəqani müəllimin qəbuluna apardı. İlk şikayətim dərəcənin artırılması ilə bağlı idi, lakin təəssüf ki, Xəqani müəllim də, Ruslan Əliyev də müraciətimə laqeyd yanaşdılar. Əsassız yanaşma ilə dərəcə məsələsini əhali sayının azlığı ilə əlaqələndirdilər. Yaxşı, əhali sayı azdırsa, niyə satış şöbəsində işləyən orta təhsilli - kollec bitirən şəxs 8-ci dərəcəli olur, mən isə ali təhsilli olsam da, 7-ci dərəcəli? Bu qurumda o qədər yalan var ki, saymaqla bitməz. Bizim idarəmizdə heç bir işçi ixtisas üzrə işləmir. Mən özüm iqtisadçı olsam da, 3 ixtisas üzrə işləmişəm. Mənim kimi, idarəmizdə məcburi işləyən o qədər bacarıqlı adam var ki, 290 manata qulluq edirlər", - deyə şikayətçi vurğulayıb.

Şikayətlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən münasibət öyrənmək mümkün olmayıb

Dünyapress TV

Xəbər lenti