Sosial.gov.az hökumət portalı çat verir
1997-ci ilin avqustun 2 – dək Qarabağ savaşı ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə sosial sığorta ödəmələrinin verilməsinə başlanılması ilə qaranlıq məqamların üzə çıxması da qeydə alınıb. Ən başlıca qaranlıq , 30 ilə yaxındır müharibə əlili kimi pensiya alanların heç də hamısının 30 ildir həsrətində olduqları “qanpulu”nu ala bilmədiyi barədədir. Amma ödənişlərin verilməsi tapşırılan ƏƏSMN yetkililəri indiyədək bildirirdi ki, heç bir sənədə , müraciətə ehtiyac yoxdur, bütün müharibə əlillərinin adı nazirlikdə var. İndi isə məlum olur ki, hamının adı, sənədi reyestrə salınmayıb, e-sistemdə yoxdur. Bu necə ola bilər? Bəs bu əlillərə necə pensiya, müavinət, Prezident təqaüdü ödənilir? Belə çıxır, Qarabağ müharibəsi əlillərinin xəsarət almaları haqqında sənədləri, əlillik dərəcəsinin təyin edilməsi haqqında arayışlar e-sistemdə yoxdur və ya bu sistemə salınmayıb? Ha fikirləşirsən, bu dolaşıqlığa cavab tapa bilmirsən. Axı bu sənədlərsiz heç kəs dövlətdən 30 ildir pensiya, müavinət, təqaüd ala bilməz! Tutaq ki, yaralanma haqqında arayışın verilməsini uyğun hərbi qurum təmin edir, bəs axı əlillik barədə arayışı elə ƏƏSMN özü verir! Və ƏƏSMN hərbi qurumdan uyğun tibbi şəhadətnamə almayınca nə əlillik təyin edir, nə də onun müharibə ilə bağlı səbəbini!
Ortalıq minə yaxın Qarabağ əlilinə proaktiv qaydada birdəfəlik ödəmənin verilməməsi və onlardan aidiyyatı qurumlardan e-sistemdə olmayan sənədləri alıb sistemdə elektronlaşdırmalarının tələb edilməsi sosial.gov.az elektron hökumət portalının çat verdiyini deməyə əsas verir. Onu da vurğulayaq ki, sözügedən portalın idarəediciləri elə ƏƏSMN-in məsul şəxsləridir. Niyə əlillər barəsində bilgiləri sistemdən gizlədiblər, niyə sistemə düzgün bilgiləri yerləşdirmirlər?
Birinci Qarabağ savaşının birdəfəlik ödəmə ala bilməyən əlilləri ƏƏSMN-ə hansı qurumdan, hansı sənədi təqdim etməlidirlər ki, hökumətin 30 ildir yediyi sığorta haqqını, eldə deyildiyi kimi, qanpulunu ala bilsinlər? Onu da vurğulayaq ki, sonradan dünyasını dəyişən müharibə əlillərinin varislərinə ödənişin verilməsində də problemlər yetərincədir. Onlardan istənilən sənədlər də elə ƏƏSMN-in reyestrində olmalıdır. Ən azı, ona görə ki, qanunvericiliyə əsasən, müharibə əlili dünyasını dəyişəndə ailəsi şəhid statusu əldə edir və onlara 11 min manat məbləğində ödəniş verilməsini qanun doğrulayır.
İstənilən halda qanpulunu ala bilməyənlərə, yəni adı e-sistemdə olmayanlara da imtinanın əsaslarını göstərən sms-bildiriş göndərilməlidir. Axı müharibə əlillərinin birdəfəlik ödəmələrin verilməsindən imtinadan məhkəməyə müraciət etmək hüququ var! Əlbəttə, məhkəmə olsa ..
Məğrur Bədəlsoy