“Rahat Telecom”dan RAHAT BƏHANƏ – İnternet probleminə su səbəb olub?
Azərbaycanda avqustun 15-dən internetin sürəti və qiyməti artırılıb. Yəni internetin minimum sürəti 40 Mbitdən 100 Mbitə, qiyməti isə 18 manatdan 25 manata qaldırılıb. Lakin internetin sürəti heç də vəd edildiyi kimi deyil.

Xidmətinin keyfiyyətsiz olduğu internet provayderinlərdən biri də “Rahat Telecom”dur. Bu barədə sözügedən provayderin xidmətindən istifadə edən abonentlər redaksiyamıza müraciət ediblər.

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının (“Kristal Abşeron”) sakinləri ay ərzində bir neçə dəfə internetin kəsildiyini, ötən ay internetin fasilərlə verildiyini bildiriblər. Onlar problemlə bağlı provayderlə əlaqə saxladıqda isə onlara müxtəlif, tutarsız səbəblər göstərildiyini deyiblər. Şikayətçilərin sözlərinə görə, iki gün ardıcıl internet olmadıqda sözügedən provayderdən su borularında nasazlıq yarandığını, internet xətlərinin suyun altında qaldığını bildiriblər.

Məsələ ilə əlaqədar “Rahat Telecom”la əlaqə saxladıq. Provayderin Qoşma şöbəsinin rəisi Anar Mustafayev Bizim.Media-ya bildirib ki, problem modemlərdən qaynaqlanıb:

“Əvvəl bütün provayderlərdə sürət 50 meqabitə kimi idi. Həmin meqabiti dəstəkləyən routerlər, modemlər qoyurduq, insanlar da bundan istifadə edirdi. Minimum sürət 100 meqabitə qalxandan sonra o modemlər bu şərti ödəyə bilmədi. Ona görə hamının internetində problem yaranmağa başladı. Biz də ötən ayın ortasından modemləri heç bir ödəniş olmadan dəyişməyə başlamışıq. Elə həmin binada da modemləri dəyişdiririk”.

O, sözügedən yaşayış binasında ötən ay sudan qaynaqlanan problemin olduğunu təsdiqləyib:

“Həmin binalarda həqiqətən suyla bağlı problem var idi. Düzdür, bu insanlara internet verməməyə səbəb deyil. Amma həmin ərazidə binanın sistemi elə yığılıb ki, elektrik xətlərinin üstündən “Azərsu”nun xətləri keçir. Ona görə də elə bir problem olmuşdu, amma aradan qalxıb”.
 

Dünyapress TV

Xəbər lenti