“SOCAR – AQŞ”-nin sabiq Baş direktorunun barəsində qaldırılan cinayət işində irəli sürülən itihamlar öz təsdiqini tapmır deyə…
…Sıradan bir şəxs olmadığı üçün, onun ictimaiyyət tərəfindən dövlətçiliyimizə vurulan zərbə kimi qəbul edilən həbsinin müddəti dördüncü dəfə uzadılıb
Doğrudan da, artıq on aydır qanunsuz həbsdə saxlanılan, özünü, yazının başlığında çəkdiyimiz yüksək nüfuza malik “SOCAR – AQŞ ” MMC-nin qurucusu kimi tanıdan və 12 il 6 ay bu tanınmış qurumun rəhbəri vəzifəsini daşıyan Ramin İsayevin müəmmalı həbsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqında müddətin bu qədər uzadılmasını təkcə onu yaxından tanıyanlar yox, camaat belə qəbul etmək istəmədiyini tutulduğu gündən indiyədək açıq şəkildə bildirib. İctimaiyyətin qəti etirazına baxmayaraq, ötən həftənin son günü məlumatlı mənbə tərəfindən araz.az-ın redaksiyasına daxil olan məlumata görə, ortada it-bata düşdüyü deyilən külli miqdarda kreditlə bağlı şərlənərək, Binəqədi Rayon Məhkəməsinin Qərarı ilə “dəmir barmaqlıqlar” arxasına atılan Ramin İsayevin həbsdə saxlama müddəti 4-cü dəfə, daha 3 ay uzadılıb. Guya, irihəcmli bu iş üzrə ibtidai araşdırmanın yekunlaşması üçün, ötən 10 ay kifayət etməyib. Bu səbəbdən, istintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən dövlət ittihamçısı prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün, dördüncü dəfə məhkəməyə müraciət ediblər. Məhkəmə onların müraciətinə bir daha müsbət yanaşıb.
Məlumatda bildirilir ki, bu işə indiyədək baxan hakim də dəyişdirilib. Dördüncü dəfə bu istintaq işinin uzadılması barədə qərar verən hakim Fərid Əmrullayev olub və apardığı ilk məhkəmə iclası səs-küylü alınıb. Daha doğrusu, məhkəmə iclasında hakimlə, işin gedişi zamanı prosedur qaydaların pozulan çox məqamlarına etirazını bildirən məhkumun vəkilinin arasında insident baş verib. Hətta aralarında yaranan mübahisə zamanı hakim vəkilin üstünə qışqıraraq, onu təhqir edib. Bu isə, sabiq Baş direktorun verdiyi vəsatətlərin qəbuluna hakimlərin belə imkan verməməsinin daha bir təsdiqidir. Əvvəlki məqalələrimizdə qeyd etdiyimiz kimi, saxta iddialar təsdiqni tapmır deyə, bu iş belə uzadılır. Bu isə, ona bir işarədir ki, Ramin İsayevin həbs olunmasının heç bir hüquqi əsası yoxdur.
Xatırladaq ki, Ramin İsayev 2023-cü ilin iyul ayında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Ramin İsayevlə bağlı əsas ittiham vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin it-bata düşməsi ilə əlaqədardır. İş üzrə dəymiş bu ziyan 16 milyon manat hesablanıb. Məhkum həbs qərarı ilə bağlı apellyasiya şikayəti də verib. O, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi isə, şikayəti əsassız sayaraq, rədd edib və təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.
Onu da qeyd edək ki, “SOCAR AQŞ” MMC-ni Ramin İsayev 2007-ci ildə yaradıb. Bu qurum Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və “Abşeron Qazma” MMC tərəfindən təsis edilib və kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur. Qurumun qurucu rəhbərinə qarşı irəli sürülən 16 milyon manatdan çox mənimsəmə faktı ilə bağlı əsassız iddialar isə, 2022-ci ilin oktyabr-noyabr aylarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Elə, o vaxtdan da, onunla bağlı faktların olduqca saxtalaşdırılması, verilmiş sifarişlər əsasında, barəsində ölkənin media vasitələrində böhtan xarakterli yazıların tirajlanması və digər xoşagəlməz hallar camaatı olduqca narahat edən bir məsələyə çevrilib.
Məlum olduğu kimi, problemli aktivləri ilə bağlı istintaq araşdırmaları uzun zaman davam edən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev həbs olunduqdan sonra, bank rəhbərliyi ilə cinayət əlaqələrində olmuş xeyli iş adamı da cinayət məsuliyyətinə cəlb olunub. Bu da, Ramin İsayevin həbsində maraqlı olan qüvvələrin əlinə fürsət verib. Şər qüvvələr Ramin İsayevin vaxtilə faktiki rəhbəri olduğu “Baghlan Group”la bağlı olan şirkət tərəfindən 2012-2014-cu illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsini, “dəridən-qabıqdan çıxaraq”, onun boynuna qoydura biliblər.
Halbuki, geri qaytarılmayan bu kreditin Ramin İsayevin mənimsəmə məqsədi ilə götürməsinə dair, istintaqda belə əsaslı faktlar mövcud deyil. Axı, necə də mövcud ola bilər ki, bu qədər pulun it-bata düşə bilməsi gülüş doğurur. Lakin Yusif Cabbarovun qisasçılığa sövq etdiyi “qara qüvvələr” və şər-böhtan şəbəkəsi, iddiaların yalan olduğuna baxmayaraq, Ramin İsayevə qarşı münasibətin dəyişməsinə imkan vermirlər. Konkret desək, şər-böhtan şəbəkəsi dinc durmaq istəmir.
Bütün bunlar çoxlarına məlumdur. Araşdırmalarımız zamanı üzə çıxardığımız fakt, dəlil və sübutlar isə onu deyir ki, Ramin İsayevin həbsində maraqlı olan qüvvələr iyrənc üsullarla ölkə mətbuatında böhtan xarakterli belə məlumatların tirajlanmasına da nail ola biliblər; Guya, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyəti ilə bağlı istintaq başlayarkən, hüquq-mühafizə orqanları Ramin İsayevin fəaliyyətinə dair araşdırmalar aparıb. Guya, araşdırmalardan yayınmaq, məsuliyyətdən yaxa qurtarmaq üçün, onun ölkəni tərk etməsi, 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alaraq, Ramin adını Ali adına, İsayev soyadını isə, Hakan soyadına dəyişməsi, rəsmi sənədlərdə Ali Hakan kimi qeyd olunması aşkar olunub.
Bu böhtan və yalanları mətbuata ötürənlərin adları çoxdan bizə məlumdur. Bizə o da məlum olub ki, həmin böhtançılar mediaya belə bir yalan da ötürüblər: Guya, Ramin İsayev qalmaqallı keçmişi ilə də məşhurdur və vaxtilə “KCA Deutag” şirkətində region üzrə biznesin inkişafı meneceri kimi vəzifə borclarının öhdəsindən gələ bilməməsi səbəbindən, tutduğu vəzifədən azad olunub. Bundan sonra, şirkət rəhbərliyini hədə-qorxu gəlməklə, təhdid etməyə başlayıb, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərərək, “KCA Deutag” şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb.
Mətbuat üzərindən apardığımız araşdırmaların son nəticələri də, bu məlumatların mediada dərc olunduğunu təsdiq etdi. Araşdırmalarımız onu da ortaya çıxardı ki, neft sənayesi üzrə peşəkar mütəxəssis olan, beynəlxalq neft-qaz sənayesində uzun müddət rəhbər vəzifələrdə çalışan, ölkəmizin ən uğurlu biznes idarəçilərindən biri kimi özünü tanıdan Ramin İsayevin potensialından “KCA Deutag” şirkətində işləyərkən də, lazımi səviyyədə istifadə olunub. Bir sözlə, onun bilik və bacarığından bu nüfuzlu beynəlxalq şirkət daha çox faydalana bilib. Axı, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən hesab olunan Harvard Universitetində ali təhsilini uğurla başa vuran, vəzifə başında olarkən möhtərəm Prezidentin Sərəncamı əsasında “Tərəqqi” medalı ilə təltif olunan belə bir insana qarşı münasibətin dəyişməməsi, onun taleyinə xoşagəlməz belə bir epizodun yazılması insafsızlıqdır. Bir də ki, beynəlxalq ictimaiyyətin belə yaxşı tanıdığı belə bir şəxsin həbsdə saxlanması xalqımıza və dövlətimizə başucalığı gətirmir. Hamı da bunu deyir ki, onun tükənməyən böyük potensialından, bacarığından və iş təcrübəsindən lazımi məqsədlər üçün istifadə olunması daha yaxşı olardı, nəinki, 2020-ci ildə “SOCAR – AQŞ” MMC-nin Baş direktoru vəzifəsindən azad edildikdən sonra, 2023-cü ilin iyul ayınadək başqa vəzifədə işləyərkən, heç bir əsas olmadan həbs olunaraq, “dəmir barmaqlıqlar” arxasında saxlanması, ona qarşı insanlıqdan kənar bu cür münasibət göstərilməsinin davam etməsi!..
Biz də, öz yazılarımızla elə bunları demək istəmişik. Redaksiyamıza qarşı məhkəmə iddiası qaldıranlar isə, belə deyirlər ki, guya, biz, yuxarıda qeyd etdiklərimizi ortaya çıxarmaqla, şərəf və ləyaqətlərinə toxunub, onları təhqir etmişik. Buna baxmayaraq, bu mövzu ətrafında araşdırmalarımızı davam etdirib, yazılarımızın davamını dərc edəcəyik. Sonda, onu da demək istəyirik ki, yazılarımızda adları keçən hər kəsin söz haqqını tanıyırıq və mövqeyini dinləyə də bilərik.
Əli HÜSEYN,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
BAŞ REDAKTORDAN:
Dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, rəhbəri olduğum araz.az xəbər portalı üçün, Ramin İsayevin sifarişli həbsini tezləşdirmək məqsədi ilə, onun üz-üzə qaldığı haqsızlıqları əldə əsas tutan aşağı instansiya məhkəməsinin verdiyi ziddiyyətli Qərardan sonra, bu şəxsin həbsində maraqlı olan və barəsində böhtan xarakterli yazılar tirajladan Yusif Cabbarovla bərabər, “SOCAR – AQŞ”, “NEQSOL Holding”, “Nobel Energy”… şirkətlərinin digər rəsmi şəxslərindən ittihamlara münasibət öyrənmək müşkül məsələyə çevrildi. Bu bizim üçün məsələnin maraqlı tərəfi olaraq qalsa da, ötən həftə araz.az-ın e-mail ünvanına Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri İlqar Qaralovun imzasıyla Məhkəmə Bildirişi daxil oldu. Bu məhkəmə sənədində göstərilir ki, iddiaçılar Vüqar Səmədli, Fuad Behbud, Yusif Cabbarov, İmran Əhmədzadə və Rauf Ağayev tərəfindən, cavabdeh “Araz Media Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilib. İş üzrə şifahi icraat qaydasında keçiriləcək hazırlıq iclası may ayının 15-i saat 11-ə təyin edilib. İşə baxan hakim də, elə, sədrin özü olacaq.
Gülməlidir, vallah! Düzdür, Media Qrupunun tərkibindəki araz.az xəbər portalı bu mövzuda tənqidi yazılar dərc edib. Lakin qələmə aldığımız bu yazılarda onların şərəf və ləyaqətlərinə toxunmağımızdan söhbət gedə bilməz: Bu, doğrudan da belədir və göz qabağındadır! İddiaçıların redaksiyamızı bu iddia ilə məhkəməyə vermələri, guya, onlara vurduğumuz mənəvi ziyana görə, bizdən maddi təzminat istəmə tələbləri düzgün deyil. Bir də ki, bu onların vətəndaşlıq haqlarıdır və bunu etməyə hüquqları çatır. Mənsə, media qurumunun rəhbəri olaraq, onların iddialarına öncədən cavab kimi, bunları bildirmək istəyirəm: Azərbaycan öz müstəqilliyinə qovuşan vaxtlardan üzübəri ölkənin tanınmış “Millət”, “Meridian”, “Təhsil”, “Avrasiya”, “Hər gün”, “Araz”, “İrəvanın səsi”, “Dövlətçilik”, “Ata ocağı”… qəzetlərində, nüfuzlu ATA informasiya agentliyində çalışmışam. Əksəriyyətinin təsisçisi və rəhbəriyəm. Hüseyn Əzizoğlu imzası ilə nələr yazmışam, bunu çoxları bilir. Elə, bunlara görədir ki, iddiaçıların oxşar və xüsusi ittiham qaydasında irəli sürdükləri iddialara rəğmən, artıq, 178-ci məhkəmə iclasında cavabdeh tərəfin rəhbəri kimi iştirak etməyə hazırlaşıram. Şükür başımız üstündəki Böyük Allahımıza ki, heç bir məhkəmə prosesindən məğlub tərəf kimi geri dönməmişik. İnşəallah, yenə belə olacağına tam əminəm. Çünki ədalətli məhkəmə araşdırmaları da, həmişə müəyyən edir ki, yazılarımızın mövzusundakı əsas motiv heç kəsin şərəf və ləyaqətinə qarşı köklənmir. Çünki hüququ pozulanlara və incidilənlərə təmənnasız dəstək adlarını çəkdiyim media vasitələrinin əsas ideya və məqsədləridir. Bu ideya ətrafında birləşənlər Ramin İsayevi də, öz yazıları ilə müdafiə etməyə qərar veriblər. Çünki dərin jurnalist araşdırmaları ilə, artıq, mətbuat əməkdaşları olaraq, bizə də, bu müəmmalı həbsdəki ziddiyyət dolu qaranlıq məqamların işıq saçan çox səbəbləri məlum olub. Bu səbəbdən, bu yazılarımızda da, konkret olaraq bunu demək istəmişik ki, bəyəm, indi “Molla Nəsrəddin” jurnalı çıxan dövrdür ki, bu dərginin yaradıcıları kimi, “SOCAR – AQŞ” kimi nüfuzlu bir neft qurumunun qurucu rəhbəri də, eyni aqibətlə üzləşsin, cəza və mənəvi əzab-əziyyət çəkməyə məruz qalsın?! Axı, hər qaranlıq gecənin mütləq işıqlı bir sabahı olmalıdır!
araz.az xəbər portalı.