Ucar Rayon Polis Şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə rayon ərazisində Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Polis şöbəsinin inzibati binasında davam edən tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Valik Vəlimətov Ümumilli Lider H.Əliyevin şərəfli və mənalı ömür yolundan, müstəqil dövlətimizin inkişafı və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, məhz Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dövlətimiz yüksək templə inkişaf etmiş dövlətlər sırasında öz yerini tutaraq, böyük layihələrin icrasında yaxından iştirak etmiş, dünya miqyaslı tədbirlərin təşkilatçısı olmuşdur. Daha sonra çıxış edənlər polis əməkdaşları Ulu Öndərin həyatından, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar. Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.