Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb.
Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bu barədə RF Federal Şurasının sədr müavini Yuri Vorobyov noyabrın 16-da özünün telegram-kanalında yazıb.
Onun sözlərinə görə, “Ermənistan Milli Assambleyasının təşəbbüsü ilə Rusiya-Ermənistan parlamentlərarası komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətləri nəticəsində Federal Şura rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya tərəfi 50 mindən çox dərslik alınması və rus dilini tədris edən erməni məktəblərinə əlavə ianə üçün əlavə büdcə vəsaiti tapmağa nail olub.
Noyabrın 11-də dərsliklər Ermənistana gətirilib və tələbatın çox olduğu məktəblərdə onların paylanmasına başlanılıb.
Ermənistanın Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırdığını biləndə çox təəccübləndim. Erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndərmələri xüsusilə qəribədir.
Çox təəssüf ki, ilk olaraq bizim qardaş erməni xalqının sadə oğlan və qızları belə uzaqgörən siyasi intriqalardan əziyyət çəkirlər”, - deyə Vorobyov bildirib.
O qeyd edib ki, Bişkekdəki Rusiya nümayəndə heyəti Ermənistan parlamentinin sədr müavini qarşısında bu məsələni qaldırıb və yaxın vaxtlarda bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.