Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində xüsusi idarə yaradılıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumət iclasında bildirib. Baş nazirin sözlərinə əsasən, həmin idarənin funksiyasına ölkə ərazisindən keçən avtomobil yollarının, dəmir yollarının, elektrik xətlərinin, qaz kəmərlərinin, regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək daxildir.
Paşinyan onu da əlavə edib ki, idarə demək olar ki artıq hazırdır, onun yaradılması üzərində uzun müddətdir işlər aparılır və artıq tam heyətlə təmin edilib.
TEREF.AZ-ın məlumatına görə, hadisə ilə bağlı “Sherg.az”a danışan politoloq Ramiz Alıyev bildirib ki, hansısa idərənin yaradılması ilə Ermənistanın Rusiyadan uzaqlaşdığını deyə bilmərik:
"Yəni tək səbəb bu deyil. Ermənistanın son dövrlərdə apardığı siyasət və Rusiyaya qarşı münasibəti onu göstərir ki, rəsmi İrəvan Moskvadan uzaqlaşır. Həmçinin son hadisələr Ermənistanın Qərbə meyilləndiyinin göstəricisidir. Digər tərəfdən Ermənistanın Rusiyaya qarşı mövqeyinin dəyişməsi rus rəsmiləri tərəfindən də dəfələrlə dilə gətirilib. Amma heç kəsə sirr deyil ki, Ermənistan uzun illərdir Rusiyanın dəstəyindən yararlanıb və bu fonda bölgədəki mövcudluğunu saxlayıb. İndiki addımlar isə Ermənistanın ikiüzlülüyünün daha bir nümunəsidir. Çünki o verilən dəstəkləri unudur. Ümumiyyətlə tarixən Ermənistan onsuz da öz müttəfiqlərini sataraq yeni "dostlar" qazanıb. İndi də belə edir. Bu gün Ermənistanda Rusiyaya qarşı böyük bir aqressiya var. Eyni zamanda bu mövzuda dəfələrlə Rusiya rəsmiləri tərəfindən xəbərdarlıqlar olunub".
Analitik əlavə edib ki, Ermənistanın Qərbə yönəlməsi Rusiya və İranın xoşuna gəlmir:
"Hətta gələcəkdə İrəvana qarşı Kreml və Tehran tərəfindən müəyyən təzyiqlər də olacaq. Həmçinin okeanın digər tərəfində olan dövlətlər gəlib ona dəstək ola bilməyəcək. Bu səbəblə də Ermənistan qonşu ölkələrlə münasibətlərini korlayaraq yanlış oyun oynayır. Heç kəsə sirr deyil ki, Ermənistanın dəmir yolu xətlərinin və digər infrastruktur, iqtisadi sahələrinin böyük əksəriyyəti Rusiyanın nəzarətindədir. Ona görə də Nikol Paşinyanın belə bir qərar qəbul etməsi birbaşa Rusiyanın Ermənistana təsirini və nüfuzunu azaltmaq üçündür. Digər tərəfdən Ermənistanda bu cür addımların davamlı olacağını düşünürəm. Hətta rus dilinin və rus telekanalların qadağa olunmasını da proqnozlaşdırmaq olar. Bir sözlə, Qərb Paşinyan simasında Cənubi Qafqazda yeni Zelenski yaratmaq istəyir. Lakin Ukraynanın vəziyyəti hər kəsə məlumdur. Nə qədər maliyyə yardımı olunsa da əhalisi qırılan və şəhərləri dağıdılan Ukraynadır. Bu mənada Paşinyanın alqışlanılması ona müəyyən səhvlər etmək üçün yaradılan şəraitdir. Belə addımlar isə onun ölkəsi üçün gələcəkdə böyük fəlakətlər gətirə bilər".