Məhəmməd Əsədullazadə: “Laçın yolu ilə bağlı Rusiya tərəfinin təklifləri olacaq”
Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovun bu həftə ərzində danışıqlar üçün Bakıya gələcəyi bildirilir. Ermənilər danışıqların sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı olduğunu desələr də, bu, reinteqrasiya prosesinin növbəti addımı kimi də qiymətləndirilir.
Separatçı rejimin “rəsmiləri” sülhməramlı komandanlığının onlara çərşənbə gününə kimi gözləməyi tapşırdıqlarını qeyd edirlər. Bunu onunla əsaslandırırlar ki, Lentsov Xankəndidə separatçıların lideri Araik Arutyunyanla görüşdə onlara müəyyən söz verib. Görüşdə separatçılar Lentsovdan Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün Rusiya tərəfinin addım atmasını istəyiblər. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı müzakirələr aparacağını bildirib. Halbuki, Ermənistan-Azərbaycan sərhədində qurulan Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərin Ermənistana gedib-gəlməsinə heç bir məhdudiyyət qoyulmayıb.
Bütün hallarda, Lentsovun Bakı səfəri zamanı müzakirə mövzusu nə ola bilər? Sərhəd-buraxılış məntəqəsinin qurulmsı erməniləri reinteqrasiya məsələlərində müəyyən addımlar atmağa sövq edə bilərmi?
“Sülhməramlı qüvvələrinin fəaliyyəti bizim üçün qənaətbəxş deyil” Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Rusiya sülhməramlı qüvvələrinin yeni komandanının Bakıya gəlişi protokol xarakterlidir. Bundan nəsə böyük bir yenilik gözləmək doğru olmaz. Çünki bundan əvvəl LentsovErmənistanda olub. Ona görə də o, Bakıya da gəlməlidir. Onun Bakıda apardığı müzakirələr əsasən Laçın yolundakı nəzarət tədbirləri və reinteqrasiya prosesi ilə bağlı ola bilər. Ancaq biz birdəfəlik bilməliyik ki, Rusiya tərəfi konkret reinteqrasiyaya qarşıdır. Belə olmasaydı, separatçılar bu vaxta qədər dirəniş göstərməzdilər. Çünki reinteqrasiya olandan sonra sülhməramlılara hansısa ehtiyac olmayacaq. Sadəcə, burada Azərbaycan tərəfi Rusiyanın reinteqrasiya prosesinə mane olmamasını tələb etməlidir. Bununla bağlı konkret tələblərini ortaya qoymalıdır. Laçın yolu ilə bağlı Rusiya tərəfinin təklifləri olacaq. Hesab edirəm ki, qəti surətdə bu məsələlər müzakirə predmeti olmamalıdır. Ona görə ki, bu təkliflər separatçıların maraqlarını özündə əks etdirəcək. Rusiyanın əsas məqsədi Laçın yolunda nəzarət-buraxılış məntəqəsinə birgə nəzarətin təmin edilməsidir. Buna da getmək olmaz. Çünki düşünürəm ki, sülhməramlı qüvvələrinin fəaliyyəti bizim üçün qənaətbəxş deyil. Ona görə də Rusiya tərəfinin mövqeyi bizim üçün yalnız problem yarada bilər. Hesab edirəm ki, Azərbaycan sülhməramlı qüvvələrinin çıxarılması istiqamətində işlərə başlamalıdır. Nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra bizim üçün reinteqrasiya məsələləri asanlaşır. Bizim üçün Xankəndidə de-yure nəzarəti bərpa etmək prosesi başlayır”.