“Hacıoğlu”nun marketləri, restoran və kafeləri, yanacaqdoldurma  məntəqələri, pullu tualetləri... 

Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yola yaxın tikilmiş, hətta  trası zəbt edən qeyri-qanuni obyektlər  barədə mediada  çox yazılıb. Sözügedən qanunsuz obyektlər içərisində  “Hacıoğlu” şirkətinə məxsus  kafe və restoran, yanacaqdoldurma məntəqəsi və digərləri olub. Trası  zəbt edən  digər obyektlərin kimlərə məxsus olması barədə uzun-uzadı yazmaq istəmirik. 
Çünki bu yazının mövzusu  konkret olaraq “Hacıoğlu” şirkətinə məxsus obyektlərdir. Bu kafe və restoranların vaxtilə sabiq baş prokuror  Zakir Qaralova məxsus olması barədə də mətbuatda çox yazılıb. Sözün qısası, yüksək  səviyyədə verilən tapşırıqdan sonra  Bakı-Astara avtomobil yolunun üzərindəki məşhur “Hacıoğu” restoranları  3 ay faəliyyətini dayandırdı və sonradan fəaliyyətini bərpa etdi. 
Araşdırma  zamanı məlum olmuşdu ki, “Hacıoğlu” şirkəti üçün torpaq sahələri ayrılarkən  qanun pozuntuları baş vermişdir. Hətta  adıçəkilən ərazidəki  bəzi obyektlərin Salyanın keçmiş deputatı, sabiq  hərbi komissar, general-leytenant Əliağa Hüseynova məxsus olduğu barədə də mətbuatda çox yazılıb. 
Əlbəttə, biz bu yazıda  baş verən qanunsuzluqları  araşdırmaq fikrində deyilik. Konkret olaraq bəhs edəcəyimiz mövzu  “Hacıoğlu” şirkətinin sahibinin Qarabağ müharibəsi döyüşçüsü, veteran olan şəxsə münasibətindən gedir. 
Belə ki,  üzümüzü  “Hacloğlu”  şirkətinin sahibinə tutub deyirik ki, bu ərazidə nələrin yoxdur..? Marketlərin, restoran, kafelərin, yanacaqdoldurma məntəqələrin və... Bəli, “Hacıoğlu”  şirkətinin sahibi ərazidə  uppuzun bir PULLU  tualet tikdirib və yol boyu gəlib gedənlər, müştərilər, sərnişinlər öz təbii  tələbatlarını burada ödəyirlər. Və ən dəhşətlisi odur ki, ailəsini dolandırmaq üçün  hər şeyə  hazır olan  Qarabağ  döyüşçüsünə bu tualetdə  iş veriblər. 
Belə ki, Qarabağ veteranı bu tualetdə həm də şirkətin sahibi üçün  tualet pulu yığır, həm də tualeti təmizləməklə məşğul olur. Və Qarabağ veteranı bu  təhqiramiz işin qarşılığında öz ailəsi üçün  hər ay “Hacıoğlu” şirkətinin sahibindən 350 manat əmək haqqı alır. Biz başa düşürük ki, Qarabağ veteranının  bu cüzi əmək haqqına ehtiyacı var. Amma  Qarabağ döyüşçüsünə  tualet təmizlətdirmək  heç kimə başucalığı gətirməz. Və bunu bütün cəmiyyət görür. Yeri gəlmişkən,  bu məqamda  Qarabağ  veteranları ilə bağlı illər öncə baş verən bir hadisə yadımıza düşür. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləyən  ( sonradan Belorusiyada Azərbaycanın səfiri oldu )  Əli Nağıyev  Qarabağ veteranlarının işlə təmin olunması, məşğulluğu ilə bağlı  çox iyrənc bir təklif vermişdi. Sabiq nazir demişdi ki, Sumqayıtda xeyli çəkməçi, ayaqqabı təmizləyən budka-köşklər açmışıq, qoy Qarabağ veteranları orada işləsinlər. Yaxşı yadımdadır ki, onda bütün ölkə mətbuatı naziri topa tutmuşdu. Və onun sonrakı aqibəti bəllidir... Gəlin etiraf edək ki, 90-cı illərin Azərbaycanı ilə indiki Azərbaycan arasında  yerlə göy qədər fərq var. İndi dövlətimiz  iqtisadi cəhətdən daha güclüdür. 
İkincisi, nə qədər ağır olsa da  çəkməçi ilə tualet təmizləyən arasında da .... 
Nə isə,  “Hacıoğlu”  şirkətinin  Qarabağ veteranına tualet təmizlətdirməsi bizə qarşı təhqirdir. Görəsən,  2016-cı ildən  bu günədək Salyan Rayon İcra Hakimiyyətinin başçısı  kreslosunu  zəbt edən  cənab Sevindik Hətəmov  bu rüsvayçılığı  görüb bilmir..? Və üzmüzü Sevindik Hətəmova tutub deyirik ki, ay Sevindik müəllim, vallah sizin yerinizə biz utanıb xəcalət çəkdik. Yəni Salyan boyda rayonda Qarabağ veteranına verməyə  bir münasib iş tapmadınız ki, ona tualet təmizlətdirirsiniz..? 
“Hacıoğlu”  şirkıtinin sahibinə isə deyirk ki, əgər Qarabağda döyüşən oğullar olmasaydı, sən özünün  və yaxınlarının vəziyyətini göz önünə gətir... 
Unutmayın ki, sizin bu iyrənc əməlinizi sizə nə bu xalq, nə də dövlətimiz bağışalmayacaq. Mövzunun gündəmdə saxlayacağıq. Bizi izləyin.
P.S. Qarabağ müharibəsi veteranına bu cür münasibət dünyanın heç bir yerində yoxdur. Cənab Prezidentimiz müharibə veteranları haqqında həmişə yüksək fikirdə olub. Qəzan mübarək Sevindik Hətəmov!