“Xalqımız Ermənistandan torpağını aldı, biz Nigar Alimovdan və Mətin Eynullayevdən torpaqlarımızı ala bilmirik”
“Daşınmaz Əmlak Komitəsinin kreslolarını “zanit” edirlər”
Göyçay rayonunun Şəkili kənd sakini İsmayılov Telman Valik oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş şikayət edir ki, torpaq sahibi olaraq öz mülkünə əli çatmır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimovanın onun probleminə baxmadığını iddia edir. Sözügedən qurumun torpaq qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, torpaqların təyinatının dəyişdirilməsi, dəyərləndirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və s. kimi məsələlərə biganə yanaşdığını bildirir.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 818 saylı fərmanı 7 mart 2016-cı il tarixində verib. Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib. Sözügedən qanuna əsasən, görüləcək işlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.
Məlumat verək ki, Prezident fərmanın həyata keçirilməsi ilə bağlı 2021-ci ilin oktyabrın 7-də yenidən fərman imzalayıb.
Şikayətçi gileylənir ki, problemini həll etmək üçün rəsmi qurumlara müraciət edib, ancaq baxan yoxdur.
“Mən, İsmayılov Telman Valik oğlu, yazaraq bildirirəm ki, Nigar xanım Alimova ilə bağlı şikayətim var. Onun müavini Fərid Cəfərov, elə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin özü başda olmaqla, bu insanlar Daşınmaz Əmlak Komitəsinin kreslolarını “zanit” edirlər. Prezidentin 818 nömrəli fərmanının elektron uçot qərarına zidd çıxırlar. Deyir ki, onlar deyən olacaq. Nigar xanım Göyçay rayonunun 3 kəndini camaatla vuruşdurur. Məsələ bundan ibarətdir ki, islahat gedən zaman torpaqlar düzgün verilməyib. Bu gün Ulu Öndər Heydər Əliyevin verdiyi torpaqlara heç kim sahib çıxa bilmir. Mənim torpağımı Əlinin adına vurur, Əlininkini də mənim… Torpaqlarımıza sahib çıxa bilmirik. Bəzi məmurlar imkan vermir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Nuşiyev Fikrətin yanına getdik. Bizə heç bir köməklik etmədi. Dövlətin bizə ayırdığı yardım və gübrəni ala bilmirik. Prezidentə, Nigar Alimovaya, Mətin Eynullayevə və Mikayil Cabbarova nə qədər ərizələr yazmışıq, məhəl qoyan yoxdur.
Biz sizdən və prezidentdən kömək istəyirik. Nigar xanım təcili adam göndərsin, torpaqlarla bağlı məsələni araşdırıb yoluna qoysun, insanları razı salsın. Azərbaycan xalqı Ermənistandan torpağın aldı, ancaq biz Nigar Alimovdan və Mətin Eynullayevdən torpaqlarımızı ala bilmirik”.
Cəmilə ƏZİMOVA
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.