AYB-də ev qalmaqalı: Almayanlar üsyan edir, alanlar susur - NƏ BAŞ VERİR?
Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi narazlıqlara səbəb olub.

Tərcüməçi Sevil Gültən, şair Cəlil Cavanşir, Alik Əlioğlu və s. tanınmış şəxslər bununla bağlı öz etirazlarını bildirib və mənzillərin bölüşdürülməsi zamanı ədalətsizliyə yol verildiyini qeyd ediblər.

Cəlil Cavanşir Cebhe.info-ya bildirib ki, ümumiyyətlə, dövlətin və ya hər hansı bir təşkilatın jurnalistə, yazıçıya ev verməyini qəbul edə bilmir:

“Azərbaycan Yazışılar Birliyi ilə bağlı fikirlərimi hər zaman yazmışam, sadəcə biabrçılıqdır”.

Tərcüməçi Sevil Gültən də etirazçılar arasındadır:

“Mən AYB-nin bu günə qədər olan bütün ev bölgülərinə etiraz edirəm. Neçə il əvvəl də belə oldu, evləri satdılar, böldülər. Mən ev uman adam deyiləm, amma görəndə ki, dövlət yaradıcılığı məndən az və zəiflərə ev verir, o zaman mən də istəyirəm. Ev paylanılması zamanı hansı meyar əsas götürülür, bilinmir.

Maraqlansınlar, görsünlər, ölkədə azərbaycan dilindən ingilis dilinə bədii ədəbiyyat tərcümə edən neçə nəfər var? Barmaqla sayılacaq qədər. Mən Azərbaycan dilindən ingilis dilinə ən azı 80 kitab tərcümə etmişəm. Bu qədər əməyi olan adam qalır kənarda, heç bir yaradıcılığı olmayan və saxta yolla AYB-ə üzv olan birinə qiymət verilir.

Mən istəyirəm ki, elə bir şərait olsun ki, heç kim dövlətdən ev ummasın. AYB niyə susur? Niyə ev verilən insanların adı açıqlanmır, oğurluqdur? Siyahıda Arifə xanım var. Bir dəfə də ev alıb. Yazıb ki, yoldaşım veterandır. Veterandırsa, Sosial Müdafiə Fonduna müraciət et. Axı bu sənin haqsız yerə ev almağına səbəb ola bilməz. Mən istəyirəm ki, hər şey ədalətli olsun”.

Qeyd edək ki, iddialara görə, siyahıda aşağıdakıların adı var:Xanəmir, Dəyanət Osmanlı, Narıngül Nadir, Şəfəq Sahib, Arifə Əliyeva, Şəmsiyyə Camalova,Ulucay Akif, Güləmayıl, Elxan Zal, Firuz Mustafa, Rauf Aslanov, Anarın sürücüsü (adı açıqlanmır), Südabə xanım və Ülviyyə Heydərova.

Ancaq siyahı AYB tərəfindən rəsmən açıqlanmadığından siyahıda adı olanlar iddialara cavab vermək istəmədiklərini bildirirlər.

Dünyapress TV

Xəbər lenti