Ardını oxu...
Tehranda 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatında keçirləcək görüşdən iki səbəbə görə nəticə gözləməyə dəyməz. Birincisi, Rusiya Gürcüstanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə 3+3 formatında iştirak etmir. Bu Gürcüstanın təbii haqqıdır. İkincisi, 3+3 formatının digər iki iştirakçısı – Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir. Misal üçün xarici işlər nazirləri Tehran təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edəcəklər. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü – Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdırlar. Belə çağırışlar yoxdur. Halbuki, Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi Qərbi, NATO-nu yaxın buraxmamaq nədəniylə başlamışdı, - deyilən bu idi, - indi, RF-dən ehtiyatlanan İsveç və Finlandia hərbi bloka girəndən sonra NATO daha yaxın olub, Peterburq bağlarından bir az o yanadır, Finlandia sərhəddi oradan keçir.
Amma NATO-nu guya uzaqda saxlamaq istəyən Putin guya bilmir ki, Çin silahsız-döyüşsüz Sibirə sahib olub? Çinlilər cəmisi 25 milyon rus, yakut, buryat, tatar və b. azsaylı xalqlar yaşayan Sibirə köçüb, meşələri qırıb aparır, kənd təsərrüfatı, tibb və ticarətlə məşğul olur, özləri üçün restotan, bar, poliklinika, məktəb və b. açırlar... Oraya 25, sonra 50, daha sonra 100 milyon çinli köçəndən sonra nə olacaq?
Hər nə olacaqsa, Rusiya bilər, möhtərəm prezident Putin daha yaxşı bilər...
25 milyon adam RF əhalisinin 20-25%, Çinin 1,7%-dir.
Amerikanı, Qərbi bəyənməyən, söyən adamlar heç olmasa təxminən təsəvvür edir ki, Çin Sibiri qoparıb udandan sonra nəzərini biz tərəflərə çevirsə, nə olacaq? Bilmirlərsə, 30 milyonluq uyğurların taleyiylə maraqlansınlar. Məscidlər bağlanır, kişilər öldürülür ya konslaqerlərdə işləyir, qadınlar zorlanır. Doğulan uşaqlar uyğur olmayacaq, çinli olacaq. Yoxsa söyənlər elə bilir ki, Çin onlara rəhm edəcək? Elə də düşünmək olar, hə, Çin bizə gələnə kimi...
Şəkil Ramin Khan divarından götürürüb.
Çingiz Sultansoy
Teref.az
Ardını oxu...
Baxıram, sanki öhdəlikləri var... yəqin ki var... yaşam şərtləridi... çörək ağaclarıdı...

Hər gün hər yandaş qəzetdə eyni mövzulu yazılar gedir... yerlərdə olan səviyyə ilə "... hə, bəs nə oldu, deyirdiniz olmayacaq, almayacaq, filan..." "kölgə düşürürdünüz, filan..."

Sanki yaltaqlara bir şans qapısı açılıb, növbəti parlament kresloları uğrunda yarış gedir... marafondu... kim kimi ötdü...

Çox çirkinsiniz haa...

A kişi, almamışdı, 30 il alınmamışdı, Avropaların qapılarında sürünmüşdük... alçaq satılıqlar bizə "tövsiyələr" verirdilər. Bəs nə deməliydilər?

Bunu bütün xalq deyirdi. Çıxın, bir sorğu aparın, küçədə, Şuşanın alınacağına, Xankəndinə bayraq sancılacağına hər yüz nəfərdən neçəsi inanırmış, soruşun. Bəlkə də heç neçəsi. Şuşa qələbəsi üçün dünya boyu axan göz yaşları həmin inamsızlığın, gözlənilməzliyin, şokun tərcümanı idi. Gözlənilən üçün gözyaşı axmaz ki!

Gözləmirdik. Məhz bu tarix üçün gözləmirdik. Çünkü Qarabağda bizimlə düşük hay tayfası deyil, dünya gücləri savaşırdı. Və savaşır...

Aşıq gördüyün çağırar: 90-larda Qarabağın verilməməsi üçün bu ölkədə neçə hərəkat qurulub? Unutdunuzmu? Mən özüm o hərəkatlardan birinin, Milli Müqavimət Hərəkatının rəhbərlərindən olmuşam. Qapı-qapı gəzib imza toplamışam. Dərmanım olsa getməyəcəyim qapıları döymüşəm. 1999-da İstanbul sammitində baş verəcəklərin qarşısını bu partiyalar, təşkilatlar, ictimaiyyət, nəhayət xalq necə aldı... hansı itkilərin hesabına aldı... bir kitab yazmaq olar... bəlkə də yazacam...

Satılıq dünya, iqtidarların yaxasından yapışıb "Qarabağı erməniyə ver" deyirdi. Nə tez unutdunuz! "Qarabağı ver" deyə ABŞ prezidentinin yazdıqları məktubları, bu məqsədlə ölkəyə səfər edən yüksək missiyaları nə tez unutdunuz?!

Bu vətəndaş bu ölkədə illərdir nə gördü ki... korrupsiya, orduda qətllər, mətbuatın məhvi, seçki saxtakarlığı... sərvət oğurluğu... və çox müsibətlər... ailələrin içinə qədər girmiş ictimai faciələr...

Eləcə də Qarabağla bağlı hərəkətsizlik. Bataqlıq! Təpənsən batmaq qorxusu. Düz 30 il!!!

Hərəkət olub deyə bilərsiniz. Haqsız da olmazsınız. Ancaq bağlı qapılar arxasında olanları xalq görmür. Görünən yalnız ümidsizlik və məyusluq idi, Qarabağ camaatının yavaş-yavaş qırılması idi...

O zaman nə deməliydi bu camaat?

Qərəzlilərlə işim yoxdur. O da onların yolu. Onlar da olmalıdır. Onların varlığı təhrikdir. Stimuldur. Sövq etməkdir. Dava çəkməkdir.

Ölkəni xor oxuyan görmək istəyirsinizsə, yanlış yoldasız. Sovetizm bitmiş artıq. Evinizə boylanın, evlərinizdə belə nəğmələr xorla oxunmur, 3 nəfəriksə, 5 nəfəriksə, hər nəfərin öz havası, dünyaya öz baxışı var.

Bu anda sözüm utanmaz yaltaqlaradır. Və "bitirin bu çirkinliyi" deyə biləcək bir iradəyədir. "Bitirin bu rəzaləti, xalqımın əxlağına ziyan vurursuz, mənəvi ekologiyaya zərər verirsiniz" deyəcək bir gücə!

Çünkü xəyalımda olan o sorğu anketində olacaq suallardan birinin cavabı ən yaxşı halda belə olar bilərdi. Əmin idim Qarabağı alacağıq, amma o günü görəcəyimə əmin deyildim.

Xalqın əhvalı bu idi, amma iradəsi yenilməz idi. Vicdanı olan etiraf edər. Lakin yağlı əppəyə yaltaqlıqla çatanlar, sərvət toplayanlar, yaxud yeni revanş götürüb irəlidə gedən zəncirlilərdən örnək alanlar boyunlarına almaz, üzə durarlar...

A yazıqlar, "öhdəlikləriniz" - içinizdənmi gəlir, dışınızdanmı gəlir, bilmirəm - bu öhdəlik qələminizlə birlikdə sizi gündən-günə daha çirkin hala salmaqdadır. Hər rəzalətin bir bədəli var, əmin olun... ağır ödəyəcəksiniz...

Əlbəttə, haqlının haqqını verməmək başqa... verməyənlər var, olacaq. Amma ona bu qədər fokslanmaq qədər zəifliyin adı nə?

Gün kimi aydındı ki, xalq inanmırdı. Ürəklər bu ağıl inamsızlıqları ilə barışmasa da inanmırdı. Regionun siyasi durumu da inanmamağa sövq edirdi. Heç kəsin ağlına gəlmirdi ki, şərtlər dəyişə bilər.

Amma bu iş oldu. Mübarək bir iş oldu. Xankəndinə dövlət idarələrinin lövhələri asılır. Çox şükür! Hər kəs "bu günü də gördük" deyir. Demək, görməməyin, görə bilməyəcəyinin qorxusunu yaşamış bu xalq. Və istisnasız hər kəs bu faciəvi qorxu hissini qəlbində 30 il daşıdı. Bu hiss nə qədər insanımızın ömrünü çürütdü, nə qədərimizi məzara gömdü...

Hətta iqtidarla canbir olanlar belə hər yanını canavarlar bürümüş, içi Kremlin təyin etdiyi quldurlarla dolu bir dövlətin bu müsibətdən sıyrılacağını ağlına gətirmirdi. Ən yaxşı halda gələcək nəsillər üçün əlverişli şəraitin buraxılmasını böyük qazanc hesab edirdi.

Amma bu iş oldu! Oldu! Oldu!

Niyə bunun sevincini yaşaya bilmirsiniz?

Kiçik qəlbinizə böyük duyğular sığmırmı?

Bəlkə də mövcudluq üçün başqa yolunuz yoxdur.

Allah sizi bu çəkilməz yükdən azad etsin!

Mehriban Vəzir
Teref.az

Ardını oxu...
ABŞ prezidenti Co Bayden deyib ki bəşəriyyətə son 50 ildə mövcud olanı əvəz etmək üçün “yeni dünya nizamı” lazımdır. Bayden qeyd edib ki, yaxın gələcəkdə baş verəcək hadisələrdən çox şey asılı olacaq: “Biz tarixin dönüş nöqtəsindəyik və bu o deməkdir ki, qarşıdakı 4-5 il ərzində verəcəyimiz qərarlar irəlidəki 4-5 onilliyin necə görünəcəyini müəyyən edəcək”.

Yeni dünya nizamı necə formalaşsın ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini, Yaxın Şərqdəki toqquşmaları durdurmaq mümkün deyil. Vaşinqton da heç nə edə bilmir. Rusiya və Çin “yeni dünya nizamını” belə başa düşürlər: 1.Qərb daxili işlərimizə qarışmasın; 2.Birqütblü dünya çoxqütblü dünya ilə əvəz olunmalıdır; 3. NATO genişlənməməli və bu təşkilata yeni üzvlər qəbul edilməməlidirlər. Vaşinqton və Brüssel isə bunun tərsini deyir və edirlər. Belə olan halda qulağa xoş gələn “yeni dünya nizamı”nın formalaşması perspektivi yoxdur. BMT kimi əsas beynəlxalq təşkilat “dünya nizamı” formalaşdıra bilmirsə, hərə bildiyi kimi hərəkət edirsə, bir və ya bir neçə dövlətin “yeni dünya nizamı” formalaşdırmaq istəyi müsbət nəticə verərmi? Təəssüf ki, bəşəriyyət pis ssenarilərə hazırlaşmaq məcburiyyətindədir.

Orxan Tuncər - DİA.AZ
 

Ardını oxu...
Azərbaycanın daxili siyasətində əsas ideologiya Qarabağ üzərində qurulmuşdu və əsas təbliğat da “bu hakimiyyət torpaqları azad edə bilməz” tezisi ətrafında aparılıdı. Hətta bir müddət “demokratiya olmadan torpaqları azad etmək mümkün deyil” fikri də məşhur idi.

44 günlük müharibə “Əliyev torpaqları azad edə bilməz” deyən siyasi müxalifətin bəlli bir kəsimi üçün qırılma nöqtəsi oldu. Daxili siyasi mübarizənin məsələ dövlət maraqları olanda kənara qoyulması məntiqi müharibədə qazanılmış qələbənin tamamlanması prosesi ətrafında birləşməni tələb etsə də, bunun əksi baş verdi: “Xankəndi və digər ərazilər ermənilərə verildi”, “Əliyev torpaqları Rusiyaya satdı” və s. üzərindən ərazilərin azad olunması faktını arxa plana keçirməyə çalışdılar.

Bu prosesdə üçüncü tərəf olaraq iki ölkə də maraqlı idi: Ermənistan (erməni diasporu) və Rusiya; bununla Xankəndi və digər ərazilərin itirildiyi rəyini Azərbaycan ictimaiyyətinə qəbul etdirir və Əliyevin reytinqini baltalayırdılar;

Və bu, prosesin eyni mərkəzlərdən idarə olunduğu, yaxud Əliyevə qarşı olanların uzlaşan maraqlarının koordinasiya edildiyi fikrini həmişə aktual olaraq saxlayacaq.

Bu baxımdan, 10 noyabr 2020-ci ildən 15 oktyabr 2023-cü ilə qədərki müddət Əliyev üçün 44 günlük müharibə qədər əhəmiyyəti idi. Nəticə onun dediyi və xalqın istədiyi kimi oldu.

- Ermənilərə nəinki status, ümumiyyətlə heç nə verilmədi;

- Xankəndidə Azərbaycan bayrağı ucaldıldı;

- Hətta Qarabağda erməni belə qalmayıb desək, yanlış olmaz;

“Proqnozları” doğru çıxmayan bəlli kəsimin çətin vəziyyətdə olduğu müşahidə edilir, çünki önlərində iki yol qalıb: ya mövcud nəticələri qəbul edib, Əliyevi təbrik etməlidirlər; ya da bu nəticələri ictimai rəydə “əritmək” üçün yeni iddialar tapmalıdırlar.

Birinci yolu seçmək perspektiv baxımından da siyasi müdriklik olardı, xüsusilə yeni siyasi proqramların hazırlanması, mübarizə vasitələrinin dəyişdirilməsinin vacibliyi fonunda. Amma ikincini seçdikləri görünür və bütün “proqnozlarının” səhv çıxmasına rəğmən, yeni iddialar irəli sürülür.

Aralarında ən ağıllı qəbul edilənlər “beynəlxalq şərtlərin dəyişməsi” fikrindən çıxış edir. Ki, məsələ dəyişən şərtlər yox, bunu doğru oxumaq və istifadə etmək qabiliyyətidir. Və “beynəlxalq şərtlərin” Xankəndiyə bayraq sancılmasına qədər dəyişməsinin mümkün olmadığı da aydındır.

- “Xankəndiyə bayraq Putinin Paşinyanı devirmək planına görə sancıldı”;

- “Xankəndi bir neçə saatlıq kirayəyə götürülüb”;

- “Xankəndidə Rusiyanın narkotik plantasiyası olacaq”;

- “Bunu Rusiya verdi, sabah Putinin fikri dəyişəndə geri alacaq”;

Və bu kimi siyasi fəhm baxımından biabırçı adlandırıla biləcək fikirlər irəli sürülür. Bununla ictimai rəyi dizayn etmək mümkün deyil, çünki son üç ildə bütün limitlərini xərclədilər və belə davam etmək, özlərini siyasi baxımdan elə Xankəndidə “dəfn etmək” deməkdir.

İndi rus sülhməramlıların hələ də qalması son “istinad nöqtələri”dir, hərçənd, belə demək mümkünsə, ruslar da onları xilas edə bilməyəcək.

Müəllif: Asif Nərimanlı - DİA.AZ

Ardını oxu...
DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq QHT sektorunda cərəyan edən neqativ olaylarla bağlı narazılıqları işıqlandırmaqdayıq. Və qeyd edək ki, əsas düşündüyümüz, daha doğrusu, ümid etdiyimiz... nəhayətdə bu məsələyə aidiyyatı qurumların adekvat reaksiyası idi. Amma sən demə yanılmışıq və aydın olur ki, tək yanılan biz yox, bu gün sözügedən sektordakı ədalətsizliyə qarşı mübarisə aparan təşkilatlar da ümidlərini itirmək üzrədirlər.

Onlardan biri də "Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızıdır. Xatırladaq ki, keçən günlərdə Əsgərqızının bir açıqlamasını işıqlandırmışdıq.

YAZISI BURADA: Azay Quliyevə daha bir ETİRAZ: O kəslər bir az utansınlar... - "Utanmaq da yaxşı keyfiyyətdir..."

İndi isə "Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri belə bir açıqlama ilə çıxış edib: "Deməli QHT Agentliyinin katibliyindən indicə bir məlumat aldım . Deyilənə görə bu gün Administrasiyadan Tural Əliyev hörmətli Hikmət Hacıyevin adından deyib ki,müəllim tapşırıb aylardır narazılıq edən QHT- lərin layihələri çox ciddi araşdırılsın,yoxlanılsın, onların 20 faiz vəsaiti geri qaytarılmasın. Ümumiyyətlə ayrılan vəsaitlər də qəpiyinə qədər geri alınsın! İki il də layihələr verməyə qadağa qoyulsun! Əvvəllər Tural Əliyevin dediklərinə inanmırdım.Lakin bu qədər fakt ortada olduğu halda bizə qarşı hörmətli Hikmət Hacıyevin cəza metodu çox gözlənilməz oldu.Çünki hər zaman düşünmüşəm ki, cənab Prezidentin silahdaşlarından biri də odur. Düşünürəm ki, bu qədər korrupsiya faktları ortada olduğu halda, Samir və Tural Əliyevlərin özlərinə sərf edən saxta məlumatları bizdən cənab Hikmət Hacıyevə ötürərək, onu guya biz dedi-qodu ilə məşğuluq, inandırdıqlarından ,şəxsimizə qarşı sərt qərarlar qəbul etməkdənsə, Nurçu Elnur Aslanovun, Ramiz Mehdiyevin kadrı Tural Əliyevi araşdırsın. Biz dövlətimizə də, ölkə başçısına da hər zaman sadiqiq.Heç bir cəza tədbiri bizi qorxuda bilməz. Sadəcə bu addımları atmaqla QHT- lərin gözünü qırmaq istəyirlər. Yəni baxın, kim sağlam tənqid etsə, sonu belə olacaq.Cənablar, ölkə dərəbəylik deyil .Sizə görə dərəbəylikdi, belə olmasa, heç olmasa Ulu Öndər Heydər Əliyevin adını korrupsiya faktlarında kirlətməzsiz. Onun 100 illiyinə həsr olunmuş " Heydər Əliyev- Şuşa sevgisi" adlı layihəni icra etmədən, nə qədər pul silinib? Bəlkə cənab Prezidentə bunları çatdırıb, sadiqliyinizi daha da nümayiş etdirəsiz! Bu fakt dəryada bir damladır.İnşallah, artıq bütün faktlar aidiyyəti qurumlara təqdim ediləcək . Özü də dəqiq fakt sənədlərlə. Bir daha nəzərinizə çatdırırıq, heç bir qüvvə, cəza tədbiri bizi Ulu Öndərin siyasi kursundan, cənab Prezidentin əsgəri olmaqdan çəkindirə bilməz.Məhz Prezidentimizin tələbidir, harada əyilən yer varsa, İctimai Nəzarəti həyata keçirin. Bəli, aylardan bəri apardığımız mübarizə məhz İctimai Nəzarətdir!!!"

DİA.AZ qeyd edir ki, əgər iş hörmətli Hikmət Hacıyevin olmayan ƏDALƏTİNƏ qaldısa... o zaman bəri başdan QHT sektorunun FATİHƏSİNİ OXUYA bilərik. Çünki məhz bu adamın sayəsində bu gün Azərbaycan məbuatı özünün DƏRİN TƏNƏZZÜL DÖVRÜNÜ yaşayır. Yəni "başına gələn başmaqçı olar" misalı...

Məsələ üçün DİA.AZ olaraq bütün əlaqədar qurum və şəxslərin mövqelərini işıqlandrmağa hazırıq...
 
Ardını oxu...
Qarabağ separatçıları pulsuz qalıblar. Deməli, Qarabağ separatçıları 35 il ərzində Ermənistanın büdcəsi və erməni lobbisinin ianələri hesabına kef çəkiblər, maaşlarını alıblar, göndərilən pulun bir qismini şəxsi məqsədlər üçün istifadə ediblər. İndi bunların heç biri yoxdur. Azərbaycan torpaqlarını azad etdikdən və ermənilər bölgəni tərk etdikdən sonra Ermənistan hökuməti və erməni lobbisi İrəvanda qərarlaşan separatçılara maaş verməkdən imtina edib. Buna görə də keçmişdə Qarabağda “dövlət idarələrində” çalışanlar separatçıların İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz ediblər. Onların qarşılarına çıxan separatçıların sonuncu “lideri” Samvel Şahramanyan keçmiş tərəfdarlarını sakitliyə çağırıb, onların problemləri ilə məşğul olacağını vəd edib. Boş sözlərdir. Samvel Şahramyanın özü İrəvanda qeyri-müəyyən vəziyyətdədir, baş nazir Nikol Paşinyan onunla görüşmək istəmir. Bu vəziyyətdə Samvel Şahramanyan Qarabağ ermənilərinin hansı problemini həll edə bilər? Paşinyanın mövqeyi belədir ki, havayı maaş dövrü arxada qalıb, bölgənin tamamı Azərbaycanın nəzarətinə keçib, bu səbəbdən Ermənistana köçən Qarabağ erməniləri, o cümlədən separatçıların “məmurları” və “deputatları” hamı kimi Ermənistanda özlərinə iş tapıb çalışmalıdırlar. Erməni lobbisi də Qarabağı tərk edən ermənilərə pul vermək istəyində deyil.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın “Artsaxın ləğvi qərarından imtina edirəm” səpgili açıqlamasından narahat olmağa dəyməz. Birincisi, guya Samvel Şahramanyan Xankəndidə ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirəcəkdi? Əsla! Hədəfimiz bəlli idi. Digər tərəfdən biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nədir, sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız edirdi. Samvel Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün tələsik “ləğv qərarından imtina edirəm” deyib. İkincisi, ləğvdən “imtinanın” heç bir siyasi və hüquqi çəkisi yoxdur. Üçüncüsü, özlərini çətinə salacaqlar, “ləğv qərarından imtina edirlərsə” biz də Qərbi Zəngəzura iddiamızı gücləndirəcəyik, mühacir hökuməti və parlamenti formalaşdıracağıq. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Vətəndaşlar arasında dövlətdən, dövlət qurumlarından narazı olanların gündən-günə, ildən-ilə artmasının əsas səbəbi vətəndaşın hər hansı bir dövlət qulluqçusu, məmur barəsində aidiyyatı quruma, yaxud hər hansı qurum barəsində üst quruma olan şikayətlərinə qurumların, qurum rəhbərlərinin laqeydlikləridir.

Məsələn, elə dəfələrlə "DogruXeber.az" olaraq, biz özümüz vətəndaş müraciəti ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciətlər, sorğular ünvanlamışıq, onlar da bizə cavab vermədən, işi aidiyyatı üzrə rayon prokurorluğuna göndəriblər, rayon prokurorluqları da məsələni "sülhə bağlayıb", öz aralarında "həll ediblər", vəssalam...

Halbuki, vətəndaşı mətbuata müraciət etməyə vadar edən məhz yerli qurumların biganəliyi, yaxud hansısa yollarla məsələni ört-basdır etməsidir.
Yəni, əksər övlət qurumları arasında vətəndaşların şikayət və müraciətləri "Bumeranq" olduğu üçün, xalq arasında narazılıqlar getdikcə böyüməkdədir.

Bəli, biz prokurorluqdan misal gətirdik, amma əksər dövlət qurumlarında da eyni proseslərin aparıldığını vurğuladıq.

"DogruXeber.az" bildirir ki, Facebook sosial şəbəkəsində "Təhsil şikayətləri və təklifləri" qrupunda "Elm və təhsil forumu " adlı istifadəçi yazır:

"Xahiş edirəm, bircə dəfə də olsa, sizə edilən müraciəti özünüz araşdırın. Hansısa bir saxtakar quruma (Dağlıq Şirvan Regional Təhsil İdarəsinə) araşdırılmaq üçün göndərməyin.

Gənc bir müəllimə 2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsindən keçərək, Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinə daimi əsaslı fizika müəllimi təyin edilmişdi.
Lakin işlədiyi bir-iki il müddətində bu məktəbin keçmiş təşkilatçı müavini, hazırda isə direktor səlahiyyətlərini icra edən Gülmirə Radik qızı Əlsöhbətova tərəfindən insanlığa yaraşmayan təqiblərə və təzyiqlərə məruz qalırdı. Çünki Gülmirə Əlsöhbətova özü də fizika ixtisaslı idi, məqsədi həmin gənc müəlliməni bezikdirib özxoşuna qaçırtmaq, ona məxsus olan 12 saat dərsi öz əlinə keçirmək idi. Məktəbin bütün şagirdləri dilləri ilə etiraf edirdilər ki, o dərs yox idi ki, həmin gənc müəllimə o dərsdə ağlamasın. Gah geyimini, gah dərs keçmək metodunu, gah da başqa şeyləri bəhanə gətirib hər dərs sinifdə, şagirdlərin gözü qarşısında uca səslə üstünə qışqırır, kobud şəkildə danlayırdı. Hələ bütün bunlar azmış kimi, Gülmirə Əlsöhbətova özünə yaxın olan valideyinlərin vasitəsilə Təhsil Nazirliyinə həmin müəllimənin şagirdlərin tərbiyəsini pozması ilə bağlı bir neçə anonim şikayət də göndərmişdi.

Bütün bunlardan usanan həmin gənc müəllimə iki il müddətində bu məktəbdə işlədikdən sonra məktəbini digər (daha uzaq məsafəli) məktəbə dəyişməli oldu. O gedəndən sonra keçən tam üç il müddətində hətta, müqavilə ilə olsa belə bu məktəbə yeni fizika ixtisaslı müəllim göndərilmədi.

Hazırda isə onun dərs saatlarını əlinə keçirən Gülmirə Əlsöhbətovanın hər günü ya məktəbdə saxta tədbirlər altında fotosessiyalar etməklə, şəkil çəkdirməklə ya da ki, sosial şəbəkələrdə müxtəlif adlar altında saxta profil açıb özü-özünü tərifləməklə ya da kimlərisə təhqir etməklə, hədə-qorxu gəlməklə keçir. Bəyəm onun dərs keçməyə vaxtı var ki ? Dərsləri isə ya texniki işçilər əvəz edir, ya da şagirdlər həmin dərslərdə fiziki tərbiyə zalında oyun oynamaqla məşğuldur.

Sizdən xahiş edirik ! Bu məktəbə cəsarətli bir fizika müəllimi göndərin. Bütün məktəblərdə belə saxtakar və psixi sağlamlığı yerində olmayan bəzi direktorlar tərəfindən gənc müəllimlərə qarşı edilən bullinqlərə bir dəfəlik son qoyun !"

Ardını oxu...
Görünür, özü də təhsil işçisi olan bu şəxsin çox müraciətləri Elm və Təhsil Nazirliyinin və digər dövlət qurumlarının "divarına dəyib, özünə qayıdıb" ki, bu gün sosial şəbəkədə paylaşdığı giley dolu müraciətinə belə etirazla başlayıb.

Qeyd: "DogruXeber.az" olaraq, İstifadəçinin iddiaları ilə bağlı adı çəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.
 
Ardını oxu...
Qarabağda işğal dönəmində törədilmiş erməni vəhşiliyindən danışarkən tez-tez qəhərlənir, gözləri dolur. Əlbəttə, bu, “Dəmir yumruq” adlı imicə müəyyən mənada kölgə salır. Ancaq mən onu başa düşürəm. İnsan nə qədər güclü də olsa, xalqına edilmiş zülmə soyuqqanlı münasibət göstərə bilmir. Xocalı qırğını haqqında emosiyasız danışmaq Azərbaycanın övladları üçün mümkünsüz görünür...
Ali Baş komandan olmaq sizə asan gəlməsin. Sən Azərbaycan naminə 18-20 yaşlı əsgərə, yeni ailə qurmuş nə qədər zabitə əmr edirsən ki, özünü oda-alova at və nəyin bahasına olursa-olsun vətəni düşmən işğalından qurtar. Və sən bilirsən ki, bu əmrin icrası zamanı nə qədər hərbçi şəhid olacaq, nə qədər ana oğulsuz, nə qədər qadın ərsiz, nə qədər uşaq atasız qalacaq. Bütün bunlara baxmayaraq sən o əmri verməyə məhkumsan. Azərbaycanın bugünü və gələcəyi naminə bu addım hökmən atılmalıdır. Sənin tərəddüd etməyə belə haqqın yoxdur. Hər hansı bir tərəddüd cəbhədə daha çox itki deməkdir. Ona görə də hər şey zərgər dəqiqliyi ilə hesablanmalıdır. Vaxtında əmr verilməlidir. Verilmiş əmr də mükəmməl şəkildə icra olunmalıdır...
İlham Əliyev bütün bunları bacardı. Onu kövrəldən həm də fotolrdan boylanan gənc şəhidlərin təbəssümüdür. Canı tikə-parça olmuş qazilərin ağrılarıdır. Qarabağ həsrəti ilə ölən on minlərlə qaçqının yurd həsrətidir onu kövrəldən...
Dəfələrlə yazmışam. Bir daha vurğulayıram. Şəhid ailələrinə, qazılərə xüsusi diqqət və qayğı olmalıdır. Onların hər biri dövləti daim yanında görməlidir, himayəsini hiss etməlidir. Biz xalq və dövlət olaraq onlara nə etsək də azdır. Heç olmasa bu azı onlardan əsirgəməyək...
Elbeyi Hesenli
Teref.az

Dünyapress TV

Xəbər lenti