Ardını oxu...
Məsələ burasındadır ki, İsrail təkcə Fələstinlə vuruşmur. Fələstinin arxasında müəyyən qüvvələr dayanır. Açıq şəkildə görünür ki, Livan Hizbullahını da münaqişəyə cəlb edəcəklər. Hizbullah isə əvvəlki kimi zəif qüvvə sayılmamalıdır. Suriya müharibəsində qazandığı təcrübələr və yeni silah-sursat Hizbullahı xeyli gücləndirib. Qısa zaman ərzində onun öhdəsindən gəlmək asan olmayacaq. Hər halda 2006-cı il müharibəsində İsrail Hizbullahla döyüşlərdə xeyli çətinliklə üzləşdi. Hətta ərəblər Hizbullahın bu dirənişini İsrail üzərində ilk qələbə kimi qəbul edirlər.
Digər tərəfdən, İran da sahədədir və Hizbullah adıyla bir çox əməliyyatlarda iştirak edəcək.
Sözsüz ki, İsrail əvvəl-axır Fələstin üzərində qələbə çalacaq. Amma bu qələbə düşünüldüyü kimi asan olmayacaq. İsrail də bu döyüşlərdə xeyli itkilər verəcək və döyüşlər bəlkə də aylarla davam edəcək. İsrail bu savaşdan qələbə ilə çıxsa da, əvvəlki hərbi nüfuzunu qoruya bilməyəcək. Hətta deyərdim ki, indidən hərbi çəkindiriciliyini xeyli itirib də. Təsəvvür edin, İsrail kəşfiyyatının cəmi 1 həftə əvvəl HƏMAS-ın savaşdan çəkindiyinə dair gizli raport hazırlayıb, hökumətə təqdim etdiyi bildirilir. Bu, dünyada qabiliyyəti ilə ad çıxarmış MOSSAD-ın məlumat toplamaqdakı zəifliyindən xəbər verir.
Fələstinin qısa müddət ərzində İsrailin bəzi hərbi hissələrini, kəndlərini ələ keçirməsi, əsgər və zabitlərini əsir götürməsi də yabana atılacaq zəiflik deyil.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Zərdüşt Əlizadə hansı mövzudan danışmasından asılı olmayaraq müxalifəti qaragüruhçu, səviyyəsiz kimi təqdim etməyə, xalqın isə onun dahiyanə ideyalarını anlamaq qabiliyyətində olmadığını sübut etməyə çalışır. Son müsahibəsində də sosial şəbəkə istifadəçilərinin 98 faizinin kəmsavad, 1-2 nəfəri çıxmaq şərtilə müxalifət təmilçilərinin də zəka sahibləri olmadığını iddia edərək belə qanmaz adamların indi sosial şəbəkələrdə cəmiyyətə ağıl dərsləri keçməsinə etiraz edib. Əslində həmişə hamıya ağıl dərsi keçmək iddiasında olan elə Zərdüşt Əlizadənin özüdür.
Sözügedən müsahibəsində də Zərdüşt bəy adəti üzrə yenə bizlərə ağıl dərsi keşməyə cəhd edib. Fransanın hazırda tutduğu mövqe ilə əlaqədar müxbirin verdiyi konkret suala cavab verməkdən ustalıqla yayınan Zərdüşt bəy hesab edir ki, barış yolu tutulsaydı indinin özündə “sıfır itki ilə” torpaqlarımızı işğaldan azad etmək olardı. Belə düşünməyin ki, hörmətli Zərdüşt bəy iqtidardan narazıdır. Xeyr, o iqtidardan çox razıdır. Hətta hesab edir ki, müxalifətçilər qələbə münasibəti ilə təbrik etmək üçün əl uzatsalar belə, İlham Əliyev onlara əl uzatmalı deyil. Çünki, “müxalifətçi rolunu oynayan siyasi artistlərə” onun ehtiyacı yoxdur. Yaltaqlığın incəliyinə bir baxın. Hər adamın bacardığı bir iş deyil.
Söhbətin konkret hansı müxalifətçilərdən getdiyi müsahibədə konkret deyilməsə də, görünən odur ki, “realçılar” müxalifət daxilində olan bir - iki nəfər zəkalı qrupuna, “cəbhəçilər” isə (Musavatın adını tutmasa da, şübhəsiz ki, bu konteksdə AXC - Musavat cütlüyü nəzərdə tutulur) kəmsavad siyasi artistlər qrupuna aid edilib. Adam sosial - demokrat ideolojisinin tərəfdarı olduğunu iddia edir. Sosial - demokratlar həm də cəmiyyətdə həmrəylik tərəfdarı olmalıdırlar. Bu necə həmrəylik tərəfdarıdır ki, hər fürsətdə xalqa həqarət edir, müxalifətçiləri aşağılayır. 33 il əvvəl cəbhədaxili siyasi mübarizədə məğlub olması ilə yaranan incikliyi səbəbindən “cəbhəçilərə” qarşı kini adama hələ də rahatlıq vermir.
90 - cı illərdə fəaliyyət göstərən otuzadək siyasi partiya və ictimai qurumun birləşdiyi “Dəyirmi Masa” adlı qurumda hörmətli Zərdüşt Əlizadə ilə bir müddət sıx əməkdaşlıq etmişik. Həmin qurumda icra orqanının rəhbəri (əslində “qara fəhləsi”) kimi ölkədə milli birliyə nail olmaq üçün çox çalışdım. Zərdüşt bəy xalq hərəkatının tanınmış simalarından biri kimi “Dəyirmi Masa”da çox fəal idi. Həmin illərdə Qarabağ ermənilərinə ən yüksək statusun verilməsi çərçivəsində rəsmi danışıqlar gedirdi. Azərbaycan vasitəçilər tərəfindən təklif olunan iki layihəni qəbul etmişdi, amma ermənilər həmin layihələri qəbul etmədilər. Üçüncü layihəyə görə, həmin vaxt 9 milyon əhalisi olan Azərbaycan qondarma “DQR”-lə “ümumi dövlət” yaratmalı, xarici siyasətini “DQR”-lə razılaşdırmalı idi. Heydər Əliyev bu təklifi rədd etdi və sonradan həmin layihələr hətta Azərbaycanın rəsmi mətbu orqanlarında dərc olundu. Göründüyü kimi, Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticəsində nəinki işğaldan azad olunan torpaqlarımızı azad edə bilməzdik, hətta suveren hüquqlarımız belə qondarma qurum tərəfindən məhdudlaşdırılırdı. Həmin dövrdə indi kimlərisə “müxalifətçi rolunu oynayan siyasi artistlərə” bənzədən “zəka və ağıl dəryası” cənab Əlizadə məhz iqtidarın o vaxt dəstəklədiyi “ən yüksək muxtariyyət” modelinə siyasi dəstək verir, həmin mövqenin “Dəyirmi Masa”da qəbul edilməsinə çalışırdı.
“Dəyirmi Masa”nın iclaslarından birində Zərdüşt bəyin bəlağətlə təbliğ etdiyi “Aland modeli”nin (Finlandiyada isveçlilərə verilən muxtariyyət) faktiki anneksiya olunan Qarabağda tətbiq olunmasının qeyri-mümkünlüyünü arqumentlərlə izah etdikdən sonra müəllifi olduğum “Ədalətli sülh konsepsiyasının” müddəalarını yığıncaqda iştirak edənlərin diqqətinə çatdırdım və iclasdakılar mənim mövqeyimi tam dəstəklədilər (Bu gün də aktual olduğunu nəzərə alaraq həmin konsepsiyanın “Milli kitabxana” saytında saxlanan qısa versiyasını şərhlər bölümündə yerləşdirirəm).
Yaxşı yadımdadır, iclasdan sonra Zərdüşt bəy qapının qarşısında iştirakçılarla sağollaşanda mənə dedi ki, əslində müharibə konsepsiyası yazıb, adını da sülh konsepsiyası qoyubsan. Mən də cavabında dedim ki, sülh yolu ilə Qarabağı vermək olar, almaq olmaz. Zərdüşt bəy iclasda qəbul edilmək üçün hazırladığı qərar layihəsi olan kağızı hirslə əlində sıxıb əzərək yerə vurdu və dönüb otağına getdi. Həmin gündən sonra “Dəyirmi Masa”nın heç bir iclasına da gəlmədi. Sonradan mətbuatda məni nəzərdə tutaraq yazmışdı ki, bəzi müxalifətçilər hələ də 1988-ci il səviyyəsində qalıblar.
Mətbuatda dərc olunan ilk böyük analitik yazımda (“Kuda mı idem”, “Müxalifət” qəzeti, 15.10. 1991). “simmetrik status” ideyasını irəli sürmüşəm. Bu gün də eyni mövqedəyəm. Yəni, azərbaycanlılar Ermənistana qayıtmasa, ermənilər də Azərbaycanda yaşamayacaq. Əgər köçkün ermənilərin qayıtmasına tərəfdarsansa, onda eyni sayda azərbaycamlıların da Ermənistana qayıtması tələbini qoymalısan. Ədalətli sülh hər iki tərəf üçün məqbul olan sülhdür. Bu mənim dəyişməz mövqeyimdir. Zərdüşt bəy isə əvvəlki kimi “qrantpərəst” (oxu: “ermənipərəst”) mövqeyindədir, ermənilərin Qarabağa qayıdışına tərəfdardır. Vaxtılə “vuruşmadınız, torpağı qoyub qaçıb gəldiniz Azərbaycana” deyərək həqarət etdiyi Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması tələbini heç vaxt qoymur, silah gücünə zorla evlərindən qovulan soydaşlarımızın hüquqlarının qorunmasını beynəlxalq təşkilatlar qarşısında qaldırmır, çünki buna görə ona qrant verən olmayacaq. “Siyasi artistlik” deyilən məsələ də məhz budur. Merkantil maraqların əsiri olan birinin xalqa ağıl dərsi vermək iddiasında olması özü qəbahətdir, amma həmin adamın xalqı kəmsavad, müxalifəti zəkasız hesab etməsi isə tam anormallıqdır.
Vaqif Hacibəyli
Teref.az
Ardını oxu...
Azərbaycan Rusiya faktoruna rəğmən əraziləri azad edib, Qarabağda suverenliyini bərpa etsə də, hələ də Putinin keçmişlə bağlı səsləndirdiyi fikirlər müzakirə, bəzən də ittiham mövzusuna çevrilir, halbuki, bütün bunların Moskva-İrəvan xəttində qarşılıqlı ittiham xarakteri daşıdığı aydın görünür.
Rusiya prezidentinin “Valday”da Şuşa ilə bağlı dediyi fikirlər eyni vəziyyəti yaratdı. Putin Paşinyanı ittiham edir ki, Azərbaycan Şuşanı azad etmədən atəşkəsə razı olub, lakin Ermənistan hakimiyyəti sona qədər döyüşməyi seçdiyi üçün nəticə əldə edilməyib. Onun sözlərindən belə çıxır ki, Paşinyan razı olsaydı, Əliyev Şuşa azad edilmədən müharibəni dayandıracaqdı.
Və Azərbaycanda bu iddia üzərindən müharibəni qazanmış, erməni separatizmini məhv etmiş Əliyevi ittiham edənlər, hətta “Şuşanı azad olunmasına görə Paşinyana təşəkkür etməyin” lazım olduğunu düşünənlər var.
Əliyev Şuşa azad edilmədən atəşkəsə razı idimi?
Mümkündür ki, Moskvanın “atəşkəs istəkləri”nə qarşı Bakıda müəyyən siqnallar ötürülüb, lakin bunun blef olması ehtimalı daha güclüdür, xüsusilə Hadrutun azad edilməsi fonunda.
44 günlük müharibədə Rusiyanın Azərbaycan ordusunun keçmiş “DQMV”-nin “inzibati sərhədlərinə” daxil olmasını istəmədiyi bəllidir. Müharibənin başlanmasından 12 gün sonra – 9 oktyabrda xarici işlər nazirlərinin Moskvada təşkil edilən görüşü də buna hesablanmışdı. Moskva görüşündən əvvəl - 8 oktyabrda, xarici işlər naziri Moskvaya uçmamışdan saatlar öncə Əliyev Hadrutun azad edildiyini elan etdi. Əslində ərazi erməni işğalçılarından tamamilə təmizlənməmiş, ordumuz əsas strateji yükləklikləri nəzarətə götürməklə Hadurutun azadlığını təmin etmişdi. Lakin Əliyevin Moskva görüşündən öncə Hadurutun azad edildiyini açıqlaması məhz Rusiyanın istəmədiyi “DQMV”-nin “inzibati sərhədlərinə” daxil olmaq və “statusun” olmayacağını müharibə meydanında elan etmək idi.
Şuşa əməliyyatına başlanması əmrinin isə 2 noyabr tarixində verildiyini müharibədən sonra çəkilən sənədli filmdən öyrənirik, lakin əməliyyat hazırlığının məhz Hadrutun azad edilməsindən sonra başlandığına dair məlumatlar var. Bununla yanaşı, Şuşanın azad edilməsi hədəfinin müharibə başlanmamışdan öncə - torpaqların azad edilməsi əməliyyatının tərkib hissəsi olduğu haqda da fikirlər mövcuddur.
Hücum əmri 2 noyabrda verilsə də, Əliyev Şuşanın azad edilməsi planının mesajını 16 oktyabrda “A Haber” telekanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri ilə vermişdi.
Bu amillər Putinin müharibədən üç il sonra “Şuşa” və “status”la bağlı iddialarını təkzib etməyə yetərlidir. Bəlkə də Bakı Moskvanın “atəşkəs” çağırışına diplomatik dillə müsbət cavab verib, lakin müharibə meydanında hədəfindən yayınmayıb. Yaxud Əliyev Şuşanın azad edilməsi, həm də bu gün suverenliyimizn tam bərpa edilməsi hədəfinə çatmaq üçün həmin günlər tarixi blef edib.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Nikol Paşinyan bəyan etdi ki, Bakı üç prinsip üzrə razılaşarsa, sülh müqaviləsi tezliklə imzalanacaq.
1. Qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq: Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu qəbul olunur;
2. Delimitasiya və demarkasiya prosesi: Almatı bəyannaməsi bunun siyasi əsasını təşkil etməli, sərhədin müəyyən edilməsi 1975-ci il xəritəsinə uyğun aparılır;
3. Regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir;
Birinci prinsip Azərbaycan üçün məqbuldur, lakin ikinci və üçüncü prinsiplərdə ciddi fikir ayrılıqları var.
Sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyənləşməsi istəyi İrəvanın anklavlarla bağlı planından qaynaqlanır.
1. Qazaxın 7 kəndi və Kərkinin qaytarılması qarşılığında SSRİ dövründə Ermənistana anklav kimi verilən Başkəndi, eləcə də “erməni kəndləri” dedikləri, əslində ermənilərə verilmiş Berbaker (Bibiş), Vazaşen (Lələkənd), Ayqeovit (Uzuntala, yaxud Hönüt), Paravakar (Tatlı) kəndəri almaq istəyirlər.
Ermənistan Azərbaycanı bunu qəbul etməyəcəyini anlayır, lakin bundan kart kimi istifadə etməklə anklavları qaytarmamaq üçün əsas qazanır. Almatı bəyannaməsini “siyasi əsas” kimi irəli sürmələri də anklavları arxa plana keçirmək niyyətindən irəli gəlir.
2. Əgər sərhədlər 1975-ci il xəritəsinə uyğun həll edilərsə, Ermənistan təkcə iddia etdiyi kəndləri əldə etmir, həm də “güzgü prinsipi” təklifini – qoşunların qarşılıqlı geri çəkilməsini aktuallaşdıra bilər. Çünki Bibiş, Lələkənd, Uzuntala, Tatlı kəndləri Azərbaycan Ordusunun sərhəd boyu nəzarət etdiyi xətdə yerləşir, bu kəndlərin ermənilərin nəzarətinə keçməsi üçün qoşunlarımız dayandığı xətdən geri çəkilməlidir. Və Paşinyan bununla hər iki halda qazanclı çıxmaq istəyir: ya anklavlar məsələsi arxa plana keçəcək, ya da “erməni kəndləri” dedikləri əraziləri nəzarətə götürməklə Azərbaycan ordusunun geri çəkilməsinə nail olacaq;
Ermənistan kommunikasiyanın açılmasında “ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsiplər” prinsipi ilə Zəngəzur dəhlizini vermir, Naxçıvana çıxışı “yol məntiqi” ilə açır.
Bu situasiya Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını çətinləşdirir, eyni zamanda, bölgədə qarşıdurmanın yeni mərhələsinin başlanacağını göstərir. Bakının öz ərazilərində erməni separatizmini məhv etməsi son üç ildə sülh danışıqlarında irəli sürülən Qarabağ kartını masadan çıxardı, bundan sonra sərhəd məsələsi iki ölkənin, dəhliz məsələsi iki ölkə ilə yanaşı, bölgədə marağı olan qüvvələrin əsas mübarizə platformasına çevriləcək.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bu qətnamə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sənəddə həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb. Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələrə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmaq mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. Avropa Parlamenti BMT-nin keçmiş Dağlıq Qarabağa ilk missiyasının təşkilindən məyusluğunu bildirməklə yanaşı bölgədə BMT-nin nəzarəti altında beynəlxalq iştirakın bərqərar edilməsinin tərəfdarı olduğunu vurğulayıb. Avropa Parlamenti ayrıca, Avropa İttifaqının diplomatik çərçivələrinə Cənubi Qafqaz bölgəsində təhlükəsizlik çərçivələrinin dərhal yenidən nəzərdən keçirilməsini təklif edib.
Avropa Parlamentinin qətnaməsi hüququ qüvvəyə malik deyil. Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Bu qətnamənin məqsədi sadəcə erməniləri sakitləşdirməkdir, “baxın, biz Azərbaycanı cəzalandırdıq” demək istəyiblər. Hazırda bu qətnamə erməni saytlarını bəzəyir, ancaq zaman keçəcək qətnamə o biri sənədlər kimi unudulacaq və Avropa ölkələri qışda donmamaq üçün Azərbaycandan daha çox qaz istəyəcəklər. Önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onu da etdik, qalan məsələlər zamanla həllini tapacaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də prezident İlham Əliyevə zəng etməklə sanki demək istəyib ki, “Mən Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəst deyiləm”. Onun zəngi Azərbaycan dövlət başçısının İspaniyada Almaniya kansleri və Makronun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməməsi qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib. Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi. Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
"Türkiyə İspaniyada keçiriləcək Qarabağ görüşündə iştirakdan imtina etdiyinə görə Azərbaycanı alqışlayır". "Dailysabah.com" saytı belə yazır. Qeyd edir ki, Fransa və Almaniya Türkiyənin görüşdə iştirakına qarşı çıxıb.
"Görüşdə Fransa, Almaniya, Avropa İttifaqı və Ermənistan iştirak edəcək. Azərbaycanı dəvət edirlər, amma Türkiyəni yox. Təsəvvür edirsinizmi?" – AKP-nin mətbuat katibi Ömer Çelik deyib.
“Prezidentimizin və Türkiyənin bu masada olmaması onların Qarabağın Azərbaycana-bölgənin qanuni sahibinə qayıtmasından narahat olduqları anlamına gəlir”, Ömər Çelik vurğulayıb...
Elbəyi Həsənli
Teref.az
Ardını oxu...
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Bu nüfuzlu beynəlxalq tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox nümayəndə iştirak ediblər. Bu da son illər ərzində beynəlxalq tədbirlərin, siyasi toplantıların əsas ünvanlarından birinə çevrilən Azərbaycanın daha bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin siyasi nüfuzunun təzahürüdür.
Qeyd edilməlidir ki, Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir.
Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”. Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.
Ölkə başçısı Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib ki, üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik: "Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq".
28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirib: "Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik".
Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik".
Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Olkənin təbii sərvətləri Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib. Konfransda vurğulanıb ki, əsrlər boyu Azərbaycanın çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. 30 illik müstəqillik dövrümüzdə bu amillər gücləndirilib. Azərbaycanda bütün xalqlar bir vahid ailə kimi yaşayırlar. Eyni zamanda, Avropa İnstitutları ilə əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, onu nümayiş etdirir ki, ölkəmizin xarici siyasəti açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir.
Azərbaycanın iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təsisatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkəni birləşdirir”.
Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.
Həmçinin qeyd edilib ki, Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün Azərbaycanın iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peyki vardır. Azərbaycanda bu sahənin inkişafı davam edir. Bir sözlə, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bir daha ölkəmizin nüfuzunun təzahüru olmaqla, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun və qlobal liderliyinin bariz nümunəsidir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ardını oxu...
ABŞ və Fransadakı ermənipərəst dairələrin Ermənistana siyasi dəstəkləri davam edərkən, həmin mərkəzlər bu ölkənin üzləşəcəyi iqtisadi problemlərinə necə yardım edəcəkləri barədə fikir bildirmirlər.
Misal üçün Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını gömrükdə növbə gözləyir. Aydındır ki, Kreml bu yolla Ermənistan hökumətini Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır.
ABŞ və Fransa bu konyakları öz bazarlarına buraxmağa hazırdırmı? Və ya Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə ABŞ və Fransa bu problemi necə həll edəcəklər?
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Bu gün, 3 oktyabr önəmli bir gündür, 14 il öncə, 2009-da Naxçıvanda keçirilən görüş zamanı “Türk Dövlətlərinin Əməkdaşlıq Günü” təsis edildi. Məhz bu görüşdən sonra Türk Dövlətlərinin inteqrasiyası ilə bağlı əməli işlər görülməyə başlandı və 12 noyabr 2021-ci ildə keçirilən VIII Türk Şurası İstanbul Zirvəsində təşkilat adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı oldu, həmin tədbirdə “Türk Dünyası - 2040 Vizyonu” adlı kifayət qədər əhatəli olan strateji sənəd qəbul edildi.
Sənəd bütün sahələri əhatə edir, maraqlı tezislər, başlıqlar var, amma bu sənədin içi doldurulmalıdır, məncə, dövlətlərarası korrdinasiyanı həyata keçirə biləcək daimi işlək qurumlar yaradılmalıdır. Əsas hədəf, təbii ki, iqtisadi inteqrasiya və investisiyaların cəlbi, yeni logistik marşrutların təsisi olmalıdır.
Qlobal dünyadan fraqmental dünyaya keçidin baş verdiyini nəzərə alaraq Türk Dövlətləri Təşkilatı (TDT) yaranmaqda olan yeni oyun qaydalarının mərkəzlərindən biri ola bilər. TDT-na daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 162 mln. 700 min nəfər, ÜDM-i isə 1 trilyon 207 mlrd. dollardır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.
Ən böyük çağırış TDT-yə daxil olan ölkələrin Rusiyadan ciddi asılılığıdır, amma yeni Dünyada bu asılılığın azaldılması yolları, fürsətləri var, hətta Rusiya ilə iqtisadi münasibətləri normal saxlamaqla bu məsələdən qazanmaq da olar. Rusiya resursu bol, idarəetmə sistemi zəif ölkədir, ona görə də, bu resurslardan TDT-na daxil olan ölkələrin inkişafında istifadə etmək mümkündür – sadəcə, bunun üçün Türk Dövlətləri Təşkilatının sıx əməkdaşlığına, prinsipial mövzularda eyni mövqedə çıxış etməyə, maraq və hədəfləri uyğunlaşdırmağa ehtiyac var, bunun üçün isə TDT-nin daimi işlək üst qurumlarının olması vacibdir.
Pararlel olaraq, təbii ki, bu ölkələrdə addım-addım demokratik təsisatların, vətəndaş cəmiyyətinin, medianın inkişafı da vacibdir, önəmlidir, hətta dayanıqlı inkişaf üçün labüddür...
Natig Cəfərli
Teref.az

Dünyapress TV

Xəbər lenti