Ardını oxu...
Erməni separatçıları Qarabağda bütün silahları təhvil veriblərmi? Şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərdilər. Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qura bilərlər.
Bəziləri hətta “Azərbaycan vətəndaşlığını qəbul edirəm” adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını hərəkətə gətirə bilərlər. Bu səbəbdən geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar. Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər. Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl içərilərindən bir qrupunu meşələrdə yerləşdirə bilərdilər. Anti-terror əməliyyatından sonra hərbçilərimizə arxadan atəş açanlar olub. Bu ehtimalları gözardı edə bilmərik. Kremlin Rusiya hərbi kontingentini bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər xeyli istiləşdi. İş o yerə çatdı ki, bu iki ölkə arasında qarşılıqlı şəkildə səfirliklər açıldı. Qərbin, xüsusən ABŞ-ın xoş qarşılamadığı bu proses yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri ilə müşahidə olundu. İran və Səudiyyə Ərəbistanı bir-birinin ünvanına təriflər yağdırdılar.

Bütün bunlara baxmayaraq, bu ölkələr arasında mövcud olan antaqonist ziddiyyətlər aradan qalxmadı. Sadə bir misal deyim: Ötən bazar ertəsi Səudiyyənin "Əl-İttihad” klubu Asiya Çempionlar Liqası matçında İranın "Sepahan” komandası ilə qarşılaşmaq üçün İsfahana səfər etdi. Bağdadda ABŞ tərəfindən öldürülən İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Süleymaninin 3 büstünü meydançanın girişində görən qonaqlar stadionu futbol oynamadan tərk etdilər. İranlılar üçün Qasım Süleymani qəhrəman, səudiyyəlilər üçün isə terrorçudur. Səudiyyə Ərəbistanı stadionda büstlərin olmasını təxribat kimi qiymətləndirdi...

Bəziləri HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumunu dünyanın biganəliyi ucbatından İsrailin fələstinlilərə qarşı yeritdiyi qəddar siyasətinə cavab kimi şərh edə bilər. Ancaq bu əməliyyat üçün seçilmiş vaxt və əməliyyatın miqyası xüsusi əhəmiyyət kəsb edir və geosiyasi amilə işarə verir. Sirr deyil ki, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması prosesi sürətlənmişdi. Məhz bu amil HƏMAS da daxil olmaqla İran və onun müttəfiqlərinin müqavimət oxunu hərəkətə keçməyə sövq etdi. Ən azı bu ehtimal son dərəcə yüksəkdir. Məsələn, "elpais.com” saytı yazır ki, Təl-Əviv və Ər-Riyad arasında danışıqların hansı nöqtədə olduğunu çox az adam bilir. Keçmiş yüksək rütbəli səudiyyəli məmur bir neçə gün əvvəl saytın yazarı Angeles Espinosa bildirib ki, "Birləşmiş Ştatlar Səudiyyə krallığının addım atması üçün mümkün olan hər şeyi və görüləsi işin daha çoxunu edir".

Mediada dərc olunan sızmalara görə, Səudiyyə Ərəbistanı ABŞ-ın "əsas qeyri-NATO müttəfiqi” elan olunacaqdı. Yəni, İsraillə eyni səviyyədə müdafiə paktında yer alacaqdı. Bu müqavilə Səudiyyənin uranın zənginləşdirilməsini də əhatə edən mülki nüvə proqramına sahib olmağına imkan verəcəkdi.

İsrail 2020-ci ildə dünyada "Abraham Accords” (İbraihim anlaşması) kimi tanınan xarici siyasət xəttinə keçid etdi. Qısa zaman ərzində Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş kimi ərəb ölkələri ilə münasibətlərini inkişaf etdirdi. Ümumiyyətlə, Ərəb dünyasında vəziyyət belədir ki, dominant mövqeyə sahib olan Səudiyyə Ərəbistanının xeyir-dua verdiyi işlər sürətlə həyata keçir. Məhz elə ona görə də ABŞ və İsrail Ər-Riyadla Təl-Əvivin münasibətlərinə xüsusi önəm verirdi. İranla münasibətləri xeyli yaxşılaşdıran Səudiyyə Ərəbistanı nədən İsrail ilə də anlaşmağa çalışırdı? Bu suala fərqli cavablar verilə bilər. Əsas məsələ isə odur ki, Səudiyyə Ərəbistanı ilə İran arasında qarşılıqlı inamsızlıq hökm sürür. Səudiyyə Ərəbistanı dünyada sünnilərin, İran isə şiələrin hamisi kimi çıxış edir ki, bu da qarşılıqlı münasibətlərə əlavə gərginlik gətirir və münasibətləri məzhəb müstəvisinə keçirir.

Səudiyyə Ərəbistanı üçün İsraillə əlaqə qurmaq asan iş deyil. Hətta krallığın güclü adamı, hakimiyyətin cilovunu ələ aldıqdan sonra böyük cəsarət əlamətləri göstərən vəliəhd şahzadə Məhəmməd bin Salman üçün belə bunu etmək çətindir. Səudiyyə krallığı fələstinlilər üçün İsraildən ən azı minimal güzəştlər qoparmalıdır, ancaq İsrailin indiki ultra-radikal hökumətinin belə güzəştlərə gedəcəyi inandırıcı görünmür. Ona görə də vəliəhd şahzadə üçün İsrailə münasibətdə risk elementləri həddindən artıq yüksəkdir. Müşahidəçinin fikrincə, şahzadənin İsraillə razılaşmaya "hər gün daha da yaxınlaşırıq” kimi açıqlamaları sövdələşmənin fayda və ziyanını ölçərkən ortada olan tərəddüdlərdən xəbər verirdi.

"Bu, İranın İsrail və Səudiyyə Ərəbistanı arasında sülh müqaviləsi bağlanacağı ilə bağlı xəbərlərə cavabıdır”, deyə İsrailin xarici kəşfiyyat agentliyi MOSSAD-ın keçmiş yüksək vəzifəli zabiti Haim Tomer BBC-yə bildirib.

"Bəli, doğrudur ki, İran HƏMAS üçün bir nömrəli avadanlıq təminatçısıdır, onlar Suriyada və hətta İranda təlim keçiblər", deyə keçmiş zabitin sözlərinə görə, İsrail son aylarda HƏMAS rəsmilərinin hərəkətini izləyirdi: "Biz Saleh əl-Aruri (təşkilatın hərbi qanadının rəhbəri) və HƏMAS-ın digər liderlərinin Livan və İrana tez-tez uçduğunu görürdük".

Təsadüfi deyil ki, dünyanın nüfuzlu xəbər agentliklərindən olan "Bloomberg” iddia edir ki, İsrail HƏMAS-ı yer üzündən silə bilər, amma İran bu müharibədə artıq qalib gəlib. Yəni rəsmi Tehran strateji hədəflərinə vara bilib.

Bu arada HƏMAS-ın İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatına müharibə elanı ilə cavab verən və Qəzzanı bombalayan İsrailə ən böyük müttəfiqi ABŞ-dan böyük dəstək gəlib. Amerika bölgəyə çoxlu sayda döyüş gəmisi və döyüş təyyarəsi göndərib. Bura Amerikanın ən böyük təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford"la yanaşı, F-35 və F-16-lar da daxil olmaqla bir çox döyüş təyyarəsi də daxildir.

Amerika belə bir hərbi qüvvəni niyə İsrailə yardım üçün göndərib? Bəllidir ki, İranın əlinin altında HƏMAS kimi xeyli silahlı qruplaşmalar var. Məsələn, Livandakı Hizbullah, İraqda adi Əl-Əmirin rəhbərlik etdiyi Bədr Briqadası, Yəməndəki üsyançı husilər, Suriya ordusu və s. İranın göstərişi ilə hərəkətə keçə bilər. Amerika bu kimi qüvvələri belə fikirlərdən daşındırmaq üçün dəmir əzələ nümayişinə üstünlük verdi. Orası da var ki, HƏMAS İranı bu müharibəyə cəlb etmək istədiyi kimi, İsrail də ABŞ-ı müharibəyə təhrik edir. Çünki İsrail təkbaşına İranda yalnız lokal hərbi əməliyyatlar keçirə bilər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ancaq İsrailin İranla müharibəyə başalaması üçün Amerika "yaşıl işığı" yandırmalıdır. İndiki dönəmdə, yəni Ukrayna-Rusiya müharibəsinin qızğın çağında bu, Amerikaya lazım deyil.

Hazırda "İsrail İranı vuracaqmı” sualı gündəmi zəbt edib. İran 88 milyonluq ölkədir. Ərazisi Ukraynadan az qala 3 dəfə böyükdür. Belə bir ölkəni İsrail təkbaşına ram edə bilməz. Amerika isə İranı ən yaxşı halda bombalaya bilər. Ancaq İran ərazisində quru əməliyyatlar keçirmək indiki dönəmdə real görünmür...

Amerikanın, eləcə də bütövlükdə Qərbin vəziyyəti xeyli çətinləşib. Çünki əvvəl yalnız Ukraynaya dəstək vermək gərəkirdisə, indi İsrailə də arxa-dayaq durmaq lazımdır. Bir çox təhlilçilər qeyd edir ki, Yaxın Şərqdə alovlanan bu müharibə Ukraynanı pis vəziyyətdə qoyacaq. Çünki qərbin prioriteti dəyişdi. İsrail Ukraynadan önə keçdi.

Bir maraqlı məqamı da qeyd edək. Müharibə başlayandan dərhal sonra İran dini liderinin ən yüksək rütbəli hərbi müşaviri Rəhim Safavi bəyan etdi ki, Tehran "Əl-Əqsa tufanı” əməliyyatlarını dəstəkləyir və onu təqdir edir. HƏMAS rəhbərliyi isə İranın bu əməliyyata dəstək verdiyi xüsusi şəkildə qabartmağa başladı.

Az sonra İran Xarici İşlər Nazirliyi "Əl-Əqsa tufanı” əməliyyatlarında rəsmi Tehranın yer almadığını bildirdi: "İranın rolu ilə bağlı ittihamlar siyasi səbəblərə əsaslanır”. Bu isə o deməkdir ki, İran HƏMAS-a ciddi dəstək versə də, Yaxın Şərqdə böyük müharibəyə hazır deyil. Tehran yaxşı başa düşür ki, gərginlik artdıqca ABŞ və Avropa İttifaqının, bütövlükdə NATO-nun İsrail ilə birlikdə İrana qarşı əməliyyata başlama ehtimalı yüksəlir. İranın isə ultra-müasir texnologiyaya sahib olan tərəflərlə müharibə edəsi gücü yoxdur. Ona görə də Qərbin ağır sanksiyalarından əziyyət çəkən İran gərginliyin daha da dərinləşməsindən qaçır...

Amerikanın Əfqanıstandan geri çəkilməsi müəyyən illüziyalar yaratdı. Haradan baxsaq da, aydın şəkildə görəcəyik ki, Yaxın Şərqdə ABŞ-ın ciddi maraqları var. Amerika bu regiondan bir qədər çəkilsə də, ancaq regiona dərhal daxil olmaq imkanını da özündə saxlayır. Amerika onu da yaxşı bilir ki, o, Yaxın Şərqi tərk etsə, həmin boşluğu Rusiya, Çin və İran dərhal doldurmağa çalışacaq. Heç şübhəsiz ki, Türkiyə də bu prosesdən kənarda qalmayacaq...

Elbəyi Həsənli, Sürix
 
Ardını oxu...
ATƏT-in İnsan Ölçüsü üzrə Varşava Konfransında Qanunun Aliliyi plenar sessiyasında Ermənistandan olan bir qrup təmsilçi Azərbaycanı Qarabağda baş verənlərə görə ittiham edib.

GUNUNSESİ.İNFO-nun əməkdaşının verdiyi xəbərə görə, erməni natiqlər Azərbaycanı Qarabağda etnik təmizləmə siyasəti aparmaqda, yaşlı ,körpə insanları ac-susuz saxlamaqda günahlandırıb.

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin təmsilçisi Fidan Mahmudova isə çıxışında erməni yalanlarını ifşa edib.

Gununsesi.info bildirir ki, Fidan Mahmudovanın ermənilərin azərbaycanlılara qarşı etdiklərini konkret faktlarla göstərib.

“İşgəncədən azad olmaq hüququ mütləq hüquqdur və heç bir istisna hal işgəncəyə bəraət qazandıra bilməz. Bu ilin aprelində əlverişsiz hava şəraitində Azərbaycan və Ermənistanın delimitsiz sərhədi yaxınlığında itkin düşən Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüb. Onlar ağır işgəncələrə məruz qalıblar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar və bunu erməni tərəfinin yaydığı kadrlar sübut edir. Ermənistan hələ də hərbçiləri qondarma ittihamlarla həbs etməkdə davam edir.

Bunlar Ermənistanın təkbaşına törətdiyi işgəncə halları deyil. Beləliklə, Birinci Qarabağ müharibəsində itkin düşmüş kimi qeydə alınmış 4000-ə yaxın azərbaycanlının taleyi naməlum olaraq qalır. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni əsirliyində dözülməz işgəncələrə məruz qalıblar”.

Fidan Mahmudova çıxışında minlərlə insandan yalnız bir nümun- erməni işğalçılarına qarşı təkbaşına vuruşan və əsir götürülmüş xocalılıları xilas etmək üçün təslim olmaq məcburiyyətində qalan Natiq Qasımov haqqında danışıb:

“İtaliyalı müharibə fotoqrafı Enriko Sarsininin görüntüləri Qasımovun hərbi cinayətkar, etnik erməni Vitali Balasanyan tərəfindən dindirilməsini əks etdirir. Natiqin sonrakı taleyi məlum deyil və o, hələ də itkin düşənlər siyahısındadır. Ona vəhşicəsinə işgəncələr verilərək öldürülüb.

2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra aşkar edilmiş kütləvi məzarlıqların sayı artmaqdadır. Bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində daha bir kütləvi məzarlıq tapılıb. Orada işgəncə izləri var idi: skeletlərin qarınlarında at nalı, sümüklərə mismarlanmış metal parçalar tapılıb. Azərbaycanın işğaldan azad edilmiş müxtəlif ərazilərində, o cümlədən Sarıcalı, Daşaltı, Edilli və digər kəndlərdə kütləvi məzarlıqlar aşkar edilib. Harada qazılmasından asılı olmayaraq, azad edilmiş ərazilərin hər yerində insan qalıqlarına rast gəlinir.

Biz Ermənistan nümayəndə heyətinin, eləcə də onun GONQO-larının Azərbaycana qarşı səsləndirdiyi bütün saxta iddiaları və əsassız iddiaları qətiyyətlə rədd edirik. Mən erməni tərəfini erməni hərbi cinayətkarlarının azərbaycanlılara qarşı törətdikləri bütün vəhşilikləri, xüsusən də cəmi bir gecədə 613 nəfərin qətlə yetirildiyi Xocalı qətliamını xatırlamağa dəvət edirəm. Mülki şəxslərə hədsiz vəhşiliklə yanaşılır, meyitlər çox şikəst, gözləri çıxarılmış və ya baş dərisi soyulmuş halda tapılırdı. Öldürülməyənlər isə dağların sıfırın altındakı temperaturda donub ölümə buraxılıblar. Üstəlik, Ermənistan Ballıqaya, Başlıbel, Qaradağlı, Ağdaban, Erekul, Malıbəyli kəndlərində, bir neçəsini sadalamaqla, qırğınlar törədib”.

Mahmudova deyib ki, 44 günlük müharibə zamanı, o cümlədən 2022-ci ilin sentyabrında baş vermiş təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının üzlərinin dərisinin soyulması, gözlərinin çıxarılması, qulaqcıqlarının kəsilməsi, meyitlərin döyüş meydanında yandırılması faktları, habelə yaralı hərbçilərin başını kəsmələri, yaxın məsafədən qəsdən öldürmələri üzə çıxıb.

Pərviz Həşimli

Polşa/Varşava
Ardını oxu...
Kremldə sanki Qarabağla bağlı toplantı keçirilib və qərar verilib ki, Rusiya sülhməramlılarının bölgədən çıxarılması ləngidilsin. Bu haqda əvvəlcə Rusiyanın xarici işlər nazirinin müavini RBK televiziya kanalına müsahibəsində işarə vurdu, bir gün sonra nazir Sergey Lavrovdan oxşar açıqlama gəldi.
“ABŞ və Avropa İttifaqının qeyri-sabitlik toxumları səpdiyi bir vaxtda Qarabağdakı Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın qurulmasına kömək etməyə hazırdır” – deyən Lavrov Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Brüsselin və Vaşinqtonun vasitəçiliyindən narahatlıqlarını gizlətmədiklərini bildirdi. Bu narahatlığın Qarabağdakı Rusiya hərbi kontigenti ilə nə əlaqəsi var? Rusiya hərbi kontingenti Qarabağdan çıxandan sonra ora heç bir ölkənin hərbi qüvvələri daxil olmayacaq, bu Rusiyadan əvvəl Azərbaycanın maraqlarına cavab vermir. Buna baxmayaraq, Kreml hərbi kontigentini Azərbaycan ərazisində saxlamağa çalışır. Buna yol verə bilmərik.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Seçkilərdə xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, gələcək inkişafına və tərəqqisinə səs verdi. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu islahatlar həyata keçirilib.
Azərbaycanın bu günkü inkişafı məhz ümummilli lider Heydər Əliyev siyasi xəttinin ölkəmizdə davam etdirilməsinin nəticəsidir. Sevindirici və qürurlandırıcı faktdır ki, Azərbaycan regionun lider dövləti kimi, eyni zamanda beynəlxalq arenada yüksək nüfuz və söz sahibidir. Çünki çoxşaxəli inkişaf strategiyalarının, müxtəlif iqtisadi, regional layihələrin uğurla icra edilməsi nəticəsində Azərbaycanın mövqeyi möhkəmlənməklə yanaşı, bir sıra dövlətlərlə əlaqələrin daha da yaxınlaşmasına səbəb olub. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başlayıb və bu da öz növbəsində Azərbaycan və Avropa arasında münasibətlərin daha da inkişaf etməsinə, digər bir sıra sahələrdə yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verir. Dünyada enerji böhranının yaşandığı bir vaxtda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və təminatında əsaslı rol oynaması olduqca əhəmiyyətlidir, eyni zamanda bu, dövlətimizin bu sahədə digər dövlətlərə və xalqlara dəstəyinin təzahürüdür.
Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin müdrik, uzaqgörən və praqmatik siyasətinin nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib. Artıq Azərbaycan çoxsaylı beynəlxalq təsisatlarda uğurla təmsil olunur, region və qeyri-region ölkələri ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətlərini davam etdirir: “Ölkəmiz təkcə siyasi və diplomatik sahələrdə deyil, hərb sahəsində də qətiyyətini sübut edib. Belə ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində qələbə çalaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Əminliklə deyə bilərik ki, bütün dünya dövlət başçımızı yeni dövrün müasir lideri kimi qəbul edir və onun müstəqil siyasətini təqdir edir. Ölkəmiz region və dünya üçün təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıq göstərir, özünün qətiyyətli mövqeyi və müstəqil siyasi iradəsi ilə dünyada sülhə, sabitliyə, əmin-amanlığa önəmli töhfələr verir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Ardını oxu...
“Rusiyanın Qarabağla bağlı son təklifləri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olduğunu göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin məsələ ilə bağlı açıqlamasına toxunub:

“Qaluzin bildirir ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqviləsində “Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələ” yer almalıdır. Lavrovun müavini həmçinin “Qarabağ münaqişəsi”nin davam etdiyini söyləyib. Qaluzin həmçinin Qarabağda Rusiya sülhməramlılarına “ehtiyac” olduğunu vurğulayıb. Görünən budur ki, bölgədə münaqişəli vəziyyətin və ya “ermənilərin hüquqları”nı önə çəkməklə Ermənistanla Azərbaycana arasında gərginliyin davam etməsində maraqlıdır.

Rusiya Azərbaycanın öz ərazisində separatizmə son qoymasını qəbul və həzm edə bilmir. Çünki separatizm uzun illər əllərində Azərbaycan və Ermənistana qarşı təsirli alət olub. İndi bu alət əllərindən çıxıb, bütün hiddət və hikkələri buna görədir.

Qarabağda separatizmə son qoyulub, silahlı ermənilər tərksilah edilib, qondarma rejim ləğv edilib. Bu durumda Qarabağda kiminsə sülhməramlılarına ehtiyacımız da yoxdur”.

Qarabağın gələcək sülh müqaviləsinə salınması ehtimalına gəlincə, Məhəmməd Əsədullazadə qeyd edib ki, bu, Azərbaycanın daxili məsələsidir, heç bir xarici ölkə ilə sazişdə yer ala bilməz:

“Rəsmi Bakı Qarabağın adının mümkün sülh müqaviləsinə salınmasına çoxdan etiraz edib və bu məsələni bir daha müzakirə edilməmək üzrə bağlayıb. Moskvanın təklifi elə təklif olaraq qalacaq, Bakı bu dəfə də müzakirə etmədən rədd edəcək.

Heç Rusiyanın vasitəçiliyinə də ehtiyac yoxdur, Ermənistan da bunda maraqlı deyil.

Qarabağ yükündən qurtulan Ermənistanın baş naziri Paşinyan da Moskvanın təklifinə yaxın durmayacaq. Moskva bununla bağlı onun razılığını almağa çalışır. Amma Kremllə yol ayırıcında olan Ermənistan baş nazirinin buna müsbət baxacağını düşünmürəm. Qarabağ münaqişəsi bitib, Ermənistan da həm bunu, həm də Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Lap qəbul etsə belə, bu, heç nəyi dəyişməyəcək. Azərbaycan öz daxili məsələsini kənarla müzakirə etmək fikrində deyil.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bundan sonra ancaq sülh müqaviləsi müzakirə oluna bilər. Bununla bağlı ən doğru məkanı da Prezident İlham Əliyev göstərib – Gürcüstan”.
 
Ardını oxu...
“Separatçıların apardığı 6 illik müharibə başa çatdı. 1994-cü ildə Sovet İttifaqının dağılmasından sonra Dağlıq Qarabağ Ermənistanın dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarətinə keçdi və onlar 1 milyona yaxın azərbaycanlını qaçqın vəziyyətinə saldı”. " THE ASSOCIATED PRESS" agentliyinin bu gün yaydığı xəbərdə belə deyilir. Gördüyünüz kimi, dünyanın nəhəng xəbər agentliyi tarixi həqiqəti etiraf edir. Qərb mətbuatını izləyənlər bilir ki, belə etiraflar çox nadir hallarda olur. Həm də bu fakt Qarabağ ermənilərinin kütləvi köçünün səbəbini açıq şəkildə ortaya qoyur. Təbii ki, 1 milyona yaxın insanı yurd-yuvasından qovan ermənilər Qarabağda qala bilməzdi...
Daha bir maraqlı məqam: Xəbərdə Laçın dəhlizi ifadəsi yerinə Laçın buraxılış-keçir məntəqəsi yazılıb. Əvvəllər Laçın dəhlizi ifadəsindən dördəlli yapışıb qalmışdılar. Yavaş-yavaş imana-dinə gəlirlər...
Elbəyi Həsənli
Teref.az
Ardını oxu...
Tbilisidə səfərdə olan İlham Əliyev bəyan edib ki, Azərbaycan Gürcüstanda Ermənistanla danışıqlara hazırdır: “Ermənistan bu təkliflə razılaşsa, Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlər dərhal başlaya bilər”...
Maraqlıdır, artıq Azərbaycan və Ermənistan Brüsseldə bu ayın sonunda görüş keçirməyə razılıq vermişdi. Nədən İlham Əliyev Ermənistanı danışıqlar üçün Gürcüstana dəvət edir?
Nədən İlham Əliyev Azərbaycan-Ermənistan danışıqlarını Avropa İttifaqının nəzarətindən çıxarmaq istəyir? Ehtimal ki, bu təşəbbüsün arxasında Amerika dayanıb. Amerika danışıqların Gürcüstanda aparılmasına həmişə müsbət yanaşıb...
Rusiyanın bu işdə əli ola bilərmi? Düşünmürəm. Çünki Rusiyanın əli olan yerə Nikol Paşinyan getməz...
Siz necə düşünürsünüz? Fikirləriniz maraqlı olardı...
Elbəyi Həsənli
Teref.az
Ardını oxu...
Bəzi dostlarımız dirəşib ki, HƏMAS 44 günlük savaşdan sonra Azərbaycanın qələbəsini alqışlayıb. Biz də indi HƏMAS-a dəstək verməliyik. Bəli, HƏMAS bəyanat yayaraq Azərbaycana dəstək verib. Ancaq İsrail Azərbaycandan yana bəyanat da verib, konkret olaraq top-tüfəng də verib. Hətta İsrailin əsas müttəfiqi olan ABŞ 44 günlük müharibənin qızğın çağında İsraildən Azərbaycana silah ixracını dayandırmağı tələb edib. İsrail bu çağırsa nə deyib? Deyib ki, biz dostumuzu müharibənin qızğın vaxtda tərk etmirik, onu tək qoymuruq.
İndi bu İrana bağlı dairələr tələb edir ki, biz İsraili belə bir məqamda tək qoyaq və İran yanlısı HƏMAS-a dəstək verək. Yaxşı, verdik. Bəs sonra nələr ola bilər? Bunu təsəvvür edə bilirsizmi? Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmış imici çilik-çilik olub ayaqlar altına tökülər. Biz İsrail ilə birlikdə ABŞ və Avropa İttifaqının dəstəyini birdəfəlik itirərik. Sonra nə olacaq? Bir də görəcəyik ki, bizim bu HƏMAS tərəfdarlarının təhriki ilə İranın saqqalı hənalı mollarına qoşulub boğazımızı cıra-cıra “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları bağırırıq. Zatən HƏMAS sevdalılarının ən böyük arzusu da budur...
HƏMAS-a dəstək vermək üçün İranda kütləvi nümayişlər keçirilib. Həmin nümayişlərdə Türkiyə və Azərbaycanı təhqir edən ifadələr səslənib. Nİyə? Çünki nə Türkiyə, nə də Azərbaycan HƏMAS-ın yanında deyil. Olmamalıdır da.
O ki qaldı Fələstin probleminin həlinə, xub, bu dünyada yarım milyard ərəb yaşayır. Əl-ələ verib bir ovuc əhalisi olan İsraili yerində oturtsunlar. Gördüz, türklər, yəni Azərbaycan və Türkiyə əl-ələ verib Qarabağ problemini dibdən həll etdi. Ərəblər bundan nümunə götürsün və konkret iş görsün...
Azərbaycan balaca ölkədir. Belə ölkələr, xüsusi ilə Şərqdə böyük ölkələrə nökərçilik edir. Ancaq Azərbaycan yeritdiyi praqmatik xarici siyasət sayəsində müstəqil siyasi oyunçu kimi yer almağı bacarıb. Buna nail olmaq üçün nə qədər vaxt və enerji itirmişik. İndi bütün bunların hamısını hansısa HƏMAS-a qurban verək? Bu qədər axmaqlıq olmaz ki.
Bir şeyi də deyim. Azərbaycan İsrail ilə strateji müttəfiq olsa da Fələstin məsələsində onların lehinə yer tutur. Biz bunun dəfələrə şahidi olmuşuq. İsrail də buna normal yanaşır. Çünki əvvəlcədən razılaşma belə olub. Biz Fələstin üçün bundan artığını edə bilmərik. Onu da vurğulayım ki, Fələstin Azadlıq Təşkilatı ermənilərin yanındadır. Onlara ən yüksək səviyyədə dəstək verir. Yəni Fələstinin bir tərəfi HƏMAS-ın şəxsində Azərbaycana dəstək verir, digər tərəfi, yəni Fələstin Azadlıq Təşkilatı isə qatı ermənipərəstdir və ermənilərə dəstək verir.
İstənilən halda biz Azərbaycan olaraq Fələstin üçün bundan artığını etsək öz milli və dövlət maraqlarımızı təhlükə altına atmış olaraq. Belə U dönüşü isə Azərbaycana yaxşı bir şey vəd etmir. Qonşu Ermənistan Rusiyaya qarşı U dönüşü etdi, bu dönüşün Ermənistan üçün hansı fəlakət doğurduğu ortadadır...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Nüvə silahı, hələ də, sülhün ən böyük dayağıdır – olmasaydı, indi 3-cü Dünya Savaşı dünyanın hər yerini bürümüşdü, indi də müharibədir, amma nüvə silahı var deyə daha çox proksi, hibrid və lokaldır. Ümid edək ki, xaos bitəcək, Dünya bir masa ətrafına toplaşıb bütün problemləri həll edib yenə 40-50 il sakitləşəcək, amma ümid getdikcə azalır, əsas məsələ də iqtisadiyyatdadır, dünyanın bərbad idarəedilməsi, 2020-ci ildə isə “pandemiya” mərəzi iqtisadiyyatı çökdürmək üzrədir, dünya ölkələrinin borcu faciəvi şəkildə artıb: 2001-ci ildə Dünyada borc həcmi 61,8 trilyon dollar idisə, 2015-də artıq borc 158,3 trilyon oldu, 2022-ci ilin sonunda isə bu rəqəm 307 trilyon dollara çatıb və hələ də artır.
Təəssüf ki, bu borc yükü böyük müharibələrsiz “silinməyəcək”, Dünyanın ÜDM-i ildə cəmi 100 trilyon dollar civarındadır, yəni, Dünya ÜDM-dən 3 dəfə artıq borcu qaytarmaq, və ya azaldıb təhlükəsiz hala gətirmək artıq mümkün deyil – deməli dünyada yeyib həzm etmək üçün “yağlı tikələr” tapılmalıdır, müharibələrin hesabına iqtisadi normallaşmaya gedəcəklər (həm 1-ci, həm də 2-ci Dünya savaşından öncə böyük iqtisadi böhranlar oldu, onlardan çıxmaq üçün müharibələr alovlandı), sonra da böyük “masa” qurulacaq, Dünya yenə 40-50 illik “sakitləşəcək”.
Bu qarışıq zamanda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edib sərhədlərini mökhəmlətməsi möcüzəvi dərəcədə yaxşı gedişat oldu. İndi qalır o böyük “masada” udanların tərəfində yer almaq...
Natig Cəfərli
Teref.az

Dünyapress TV

Xəbər lenti