Ardını oxu...
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib. Komitədən bildirilib ki, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz həddində olub.

Qeyd edək ki, son aylar ərzaq məhsullarının qiymətlərində kəskin artım qeydə alınır. İlin əvvəlindən etibarən un, makaron məmumlatları, şəkər tozu və digər zəruri qida məhsullarının qiymətləri iki dəfəyə yaxın artıb. Bəzi ekspertlər son bahalaşmanı dünya miqyasında baş verən iqtisadi hadisələrlə əlaqələndirsə də, əks qənaətdə olanlar - məmur oliqarxiyası və inhisarçıların qiymət artımına rəvac verdiyini iddia edənlər də var. Dia.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov AYNA-ya açıqlamasında deyib ki, qiymət artımları nəinki Azərbaycanda, bütün dünyada hiss olunmaqdadır: “Koronavirus pandemiyasından sonra dünyada ciddi dəyişikliklər baş verməyə başlayıb. Böyük güclər arasında baş verən qarşıdurmalar, qarşılıqlı iqtisadi çəkişmələr dünya miqyasında qiymətlərin artmasına səbəb olub. Misal üçün, un məmulatlarının qiymətlərinin bahalaşması Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlıdır. Çünki dünyada ən böyük taxıl idxalçıları Rusiya və Ukraynadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və şimal qonşumuza qarşı sanksiyalar səbəbindən dünyada taxıl böhranı hökm sürməkdədir”.

“Digər sahələrdə qeydə alınan bahalaşmanı da doğuran əsas səbəb budur. Norveç hökumətinin açıqlamasına görə, bu ölkədə son 10 ilin ən ağır inflyasiyası baş verir. İnkişaf etmiş, etməkdə olan, güclü, zəif - bir sözlə, bütün ölkələrdə inflyasiya və bahalaşma qeydə alınır”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın fikrincə, Azərbaycan digər dövlətlərlə müqayisədə bu böhrandan da minimum itkilərlə çıxacaq: “Koronavirus pandemiyası, digər iqtisadi böhranlarda olduğu kimi, ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq. Digər dövlətlərlə müqayisə etsək, görərik ki, Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu iqtisadi böhrandan da minimum itkilərlə yayınmağımızı təmin edir. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə pensiyalar və məvaciblər artırılıb. Məhz elə bu səbəbdəndir ki, əhali bahalaşmanın ağır fəsadlarını hiss etmir”.

“Bəzən belə fikirlərə rast gəlirik ki, guya, bahalaşma daxili problemlərlə əlaqədardır. Bu, tamamilə əsassız və məntiqsiz bir yanaşmadır. Bu gün dünyada elə ölkə yoxdur ki, orada ikirəqəmli inflyasiya qeydə alınmasın. Bir daha söyləmək istəyirəm ki, bunu doğuran əsas səbəb dünya miqyasında iqtisadi böhranın hökm sürməsidir”, - deyə Məmmədov vurğulayıb.

İqtisadçı ekspert Nemət Əliyev isə baş verənləri təkcə dünyada yaşanan böhranla əlaqələndirmir. O, AYNA-ya şərhində söyləyib ki, DSK-nın açıqladığı hesabat reallığı əks etdirmir: “Azərbaycan hökuməti bəyan edir ki, inflyasiya 13 faiz həddindədir. Əslində isə bu məlumat həqiqətə uyğun deyil. Statistika Komitəsi sadəcə hesabat xatirinə hesabatlar hazırlayır. Onsuz da cəmiyyətin belə hesabatlara inamı və etimadı yoxdur. Çünki hər kəs bilir ki, bu açıqlanan rəqəmlər hansı məqsədlərə xidmət edir”.

“Bu ilin əvvəlindən etibarən 35-40 faiz bahalaşma qeydə alınıb. Hətta bəzi məhsullar var ki, onların qiymətlərində iki dəfəyə yaxın artım olub. Bunlar çox ciddi və təhlükəli rəqəmlərdir. Bunu görmək üçün marketlərdə və bazarlarda kiçik monitorinq aparmaq kifayətdir. Dükanlarda qiymətlər nəinki ay ərzində, bəzən saatbasaat dəyişir”, - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, orta məbləğ pensiya və orta əmək haqqının artırılması bahalaşmanın cüzi bir hissəsini kompensasiya edir: “Görünən odur ki, Dövlət Statistika Komitəsi və digər bu kimi qurumlar Azərbaycan hökumətindən daxil olan məsləhətlər əsasında rəqəmlər səsləndirir. Çünki bu rəqəmlərin reallıqla heç bir əlaqəsi yoxdur. Mənasız mexanizm tapıblar. Real inflyasiyanı ikiyə və ya üçə bölərək rəqəmlər açıqlayırlar”.

“Ən acınacaqlı məqam odur ki, hökumət bu bahalaşmanın qarşısını almaqda maraqlı görünmür. Məmur oliqarxiyası əksər sahələrə nüfuz edib. Qiymətlər “kartel üsulu” (inhisarçıların razılaşması) ilə müəyyən olunur. Heç olmasa, belə bir çətin şəraitdə insanların heysiyyatı ilə oynamasınlar, əhalini daha çıxılmaz duruma salmasınlar. Göründüyü kimi, heç bir məsuliyyət hiss etmirlər”, - deyə Əliyev bildirib.

Əlavə edib ki, cəmiyyəti Allahın ümidinə buraxmaq olmaz: “Elə ailələr var ki, yavan çörəyə möhtacdırlar. Heç olmasa, onları düşünün. Ənənəvi statistikalar, şişirdilmiş rəqəmlər çıxış yolu deyil. Hökumət təcili tədbirlər görməlidir”.
Ardını oxu...
Səudiyyə şahzadəsi Valid bin Talal Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Şahzadəyə məxsus olan "Kingdom Holding Co." investisiya şirkəti fevral ayında PJSC Qazprom, PJSC Lukoyl və PJSC Rosneft tərəfindən verilmiş depozitar qəbzləri alıb. Aktivlərin əldə edildiyi konkret tarixlər bildirilməyib", - məlumatda deyilir.

Qeyd olunur ki, bu şirkətlərin qiymətli kağızlarının dəyəri müharibədən sonra kəskin şəkildə aşağı düşüb. Səudiyyə şirkəti isə hələ də aktivlərə sahib olub-olmaması ilə bağlı suala cavab verməyib.

İyunun 30-da məlum olub ki, “Qazprom” səhmdarları 2021-ci il üçün dividend ödəməmək qərarına gəliblər. Bu səbəbdən şirkətin qiymətli kağızları 30% ucuzlaşıb.
 
 
 
Ardını oxu...
Fransa hökuməti vətəndaşlara qışa indidən hazırlaşmağı təklif edib. Belə ki, Milli Assambleyanın deputatı İzabell Valantin ölkədə rekord dərəcədə aşağı yanacaq ehtiyatı olduğunu açıqlayıb.

“Ukraynada münaqişə başlayandan müxtəlif resursların çatışmazlığı (Fransada) artır. Yarımkeçiricilər, xammallar, dənli bitkilər... Çoxsaylı sektorlar təsirlənir, bu da ümumi qiymət artımına səbəb olur. Bu, davamlı olaraq bahalaşan qalıq yanacaqlara da aiddir, hansı ki, ehtiyatları rekord səviyyədə aşağı səviyyədədir”, - deyə Valantin bildirib.

Deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altında olsa da, qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə göstərəcək. Bu səbəbdən o, indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçılara 2022-ci ilin payızında ehtiyatı bərpa etməyə təşviq edəcək bir mexanizm hazırlamağı təklif edib.

Mənbə RT
 
Ardını oxu...
Neft kotirovkaları cümə günü enişi sürətləndirsə də, yenə də həftəni müsbət balansla qapayır.

“Brent” markalı neftin oktyabr fyuçersləri London birjasında 1,71 ABŞ dolları (1,72%) ucuzlaşaraq 97,89 dollar/barelə bərabər olub. WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu York əmtəə birjasında (NYMEX) 2,04 dollar (2,16%) ucuzlaşıb və bir barel üçün 92,3 ABŞ dollar təşkil edib.

Hər iki marka öncəki həftə təxminən 9% ucuzlaşdıqdan sonra bu həftənin əvvəlindən bahalaşıb. ABŞ-dan gələn güclü statistik məlumatlar neft bazarı üçün müsbət amil olub.

“Goldman Sachs”ın ekspertləri bazarın artan tələbi və məhdud təklifi tarazlaşdırmağa hələ də ehtiyacı olduğu üçün benzin və neft qiymətlərinin bu ilin sonuna doğru yenidən yüksələcəyini proqnozlaşdırır.

“Brent”in fyuçersləri bir barel üçün 130 dollara, ABŞ-da pərakəndə benzin qiymətləri isə bir qallona (3,7 litr) görə təxminən 5 dollara qayıda bilər”, – “Goldman Sachs”ın enerji araşdırmaları üzrə direktoru Damyen Kurvalen “Bloomberg”ə bildirib.
 
Ardını oxu...
Dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 600,0 mln. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800,0 mln. manat müəyyən edilib.
Bu Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Qeyd edilib ki, 1 iyul 2022-ci il tarixinə ümumi dövlət borcu ÜDM-in 14,7%-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7%- ni, daxili dövlət borcu isə ÜDM-in 3,0%-ni təşkil edib.

Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub. Xarici dövlət borcunun məbləği azalıb, daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb. 6 ayda birbaşa xarici dövlət borcu 384,7 mln. manat azalmış, birbaşa daxili dövlət borcu 282,6 mln manat artıb. Ümumi şərti öhdəliklər 131,5 mln. manat artıb. Nəticədə ümumi dövlət borcunda 29,4 mln. manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 mln. manat (31,6%) artıb.
 
Ardını oxu...
Dünya bazarında qida məhsullarının qiymət ucuzlaşır, Azərbaycanda isə bahalaşır....

İqtisadçı-alim: “Təəssüf ki, Azərbaycan ərzaq məhsullarının istehsalı, satışı həm pərakəndə, həm də topdansatış səviyyədə tam monopoliyaya götürülüb və müəyyən şirkətlər arasında bölüşdürülüb. Yəni bu bazar monopol olmasa da, oliqapol bazardır”.

“Çox böyük ehtimalla, yaxın zamanlarda da qiymət artımı davam edəcək”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Azərbaycanda qida məhsullarının qiymət artımını PİA.az-a şərh edərkən qeyd edib.

Bəzilərinin iddialarının əksinə olaraq artıq 4 aydır dünya ərzaq bazarında qiymətlər ucuzlaşır. Arxada qoyduğumuz iyul ayında dünyada ərzaq bazarında 2008-ci ildən bəri ən kəskin ucuzlaşma qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Azərbaycanda qida məhsullarının qiymət artımı dünya bazarında yaranmış vəziyyətlə əlaqələndirilsə də, indi dünya bazarında əks proses getməsinə baxmayaraq, bizdə bu müşahidə olunmur. Daha doğrusu Azərbaycanda ancaq bahalaşma müşahidə olunur.

Bu bahalaşma tempini nəylə izah etmək olar və ölkədəki qiymət artımının hansı obyektiv və subyektiv səbəbləri var?

Ölkədəki qiymət artımını PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “İmkan vermirlər ki, ölkədə qiymətlər aşağı düşsün. Çünki qiymətlər yuxarı olması daha çox qazanmaq imkanları yaradır”.

Kəndlərdə artıq pendir və digər heyvandarlıq məhsullarını almağın mümkün olmadığını bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, əhali əldə olunan təsərrüfatın böyük bir hissəsini satdı. Xüsusilə də bu son iki ildə davam edib:

“Təəssüf ki, Azərbaycan ərzaq məhsullarının istehsalı, satışı həm pərakəndə, həm də topdansatış səviyyədə tam monopoliyaya götürülüb və müəyyən şirkətlər arasında bölüşdürülüb. Yəni bu bazar monopol olmasa da, oliqapol bazardır. Bu bazara giriş və çıxış baryerləri var və bazarda qiymətlər sövdələşmə əsasında təyin olunur.

Təəsüflər olsun ki, kənd təsərrüfatı səviyyəsində yeni yaradılan aqroparklar son nəticədə ailə və kəndli, torpaq və heyvandarlıq təsərrüfatlarını camaatın əllərindən alınmasına, onların satılmasına məcbur etdi. Kəndlərdə artıq pendir və digər heyvandarlıq məhsullarını almaq mümkün deyil. Çünki əhali əlində olunan təsərrüfatın böyük bir hissəsini satıb. Xüsusilə də bu son iki ildə davam edib.

Qubad İbadoğlu: “Topdansatış sektoru əsasən “Azərsun” və “Veysəloğlu” tərəfindən nəzarətdə saxlanılır. Qida sektorunda pərakəndə satışı həyata keçirmək də daha çox “Bravo”nun nəzarətindədir”.

Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulları, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən də kənd təsərrüfatında meyvəçilik və tərəvəzçilik aqroparkların nəzarətindədir. Bu baxımdan da Azərbaycanda qiymətləri monopol şirkətlər diqtə edir, oliqapol şirkətlər də sövdələşmə əsasında müəyyənləşdirir. Onlar da Azərbaycan bazarında qiymətlərin aşağı düşməsinə imkan vermirlər.

Çox böyük ehtimalla, yaxın zamanlarda da qiymət artımı belə davam edəcək. Payızda ərzaq qiymətlər daha da bahalaşacaq. Topdansatış sektoru da əsasən “Azərsun” və “Veysəloğlu” tərəfindən nəzarətdə saxlanılır. Qida sektorunda pərakəndə satışı həyata keçirmək də daha çox “Bravo”nun nəzarətindədir. Yəni yalnız kənd təsərrüfatı sahəsində demirəm, hətta ondan yuxarıya çıxanda, ərzaq məhsullarının təchizatı, qida sektoru, onun topdansatış və pərakəndə satışı, yəni bütün bu zəncirlər üzərində də bir nəzarət var. Buna görə də imkan vermirlər ki, qiymətlər aşağı düşsün. Çünki qiymətlər yuxarı olması daha çox qazanmaq imkanları yaradır. Azərbaycan bazarında bunu reallaşdıra bilməyənlər də, əsasən Rusiyaya ixrac edirlər”.
 
Ardını oxu...
İqtisadçı ekspert vəziyyəti şərh edir: “Anbarlarda un var, amma...”
Unun və çörəyin qiymətinin payıza doğru bahalaşacağı deyilirdi. Hətta un qıtlığı ilə bağlı proqnozlar da verilirdi. Deyəsən, payızı gözləməyə ehtiyac qalmayacaq.

Artıq neçə gündür ki, bölgələrdən şikayətlər daxil olur. Oğuz, Mingəçevir rayonundan olan sakinlər qəzetimizə bildirib ki, dükanlarda un tapa bilmirlər. Oğuz rayonundan şikayətçi Şeyda Cəbrayılova deyir ki, rayonda marketlərə un gələn kimi tez bir zamanda alınır. Rayon sakinin sözlərinə görə, məcbur olub əvvəlcədən sifariş edənlər də var: “Hətta dedilər, adama bir kisədən artıq satılmır ki, hamıya çatsın”.

Mingəçevir rayonundan olan sakin də piştaxtalarda unun olmadığını söylədi.

Qeyd edək ki, sosial şəbəkələrdə də bölgələrdə unun olmamasından gileylənən vətəndaşların sayı çoxalıb. Bəziləri bildirir ki, sahibkarlar qəsdən süni şəkildə “qıtlıq” yaradırlar ki, qiymətləri qaldırsınlar.

Bəs görəsən, həqiqətən ölkəmizdə buğda ehtiyatı bitibmi, yoxsa süni şəkildə ajiotaj yaradılır?

Onu da qeyd etmək yerinə düşər ki, aylar öncə ekspertlər qeyd edirdilər ki, qiymətlərin artması, unun qıt olacağı barədə şüarlar səsləndirmək olduqca yanlış addımdır, bu, əks-effekt verəcək. Çünki insanlar panikaya düşərək bütün mağazalardan un tədarükünü edəcək, bu da nəticədə qiymət artımına səbəb olacaq.

İqtisadçı-ekspert Eyyub Kərimov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İlk növbədə qeyd edim ki, bu gün buğdanın qiymətinə tək iqtisadi amillər təsir etmir. Burada siyasi amilləri də nəzərə almalıyıq. Bu gün Ukraynadan ixrac üçün 18 milyon ton köhnə yığım buğda anbarlarda gözləyir. 40 milyon ton yeni buğda var. Buna baxmayaraq, BMT-nin və Türkiyənin vasitəsilə buğdanın ixracatına Ukraynanın və Rusiyanın razılığı alındı. Lakin Rusiya siyasi oyun oynayıb, Livana gedən 26 min ton buğdadan imtina etdi. Baxmayaraq ki, beş ay idi bu müqavilə bağlanmışdı. Bu niyə baş verdi? Ona görə ki, Rusiya-Livan iqtisadi münasibətləri daha sıxdır. Rusiya Livana daha uyğun qiymətə buğda təklif etmək istədi. Və Ukraynaya daha ağır zərbə vurmaq niyyəti ilə bu prosesi həyata keçirdi.

Bunu deməkdə məqsədim odur ki, bu gün qiymətlərin qalxması və yenilənməsi ajiotajının yaradılması daha çox iqtisadi yox, siyasi oyunların nəticəsində baş verir. Ajiotaj yaradaraq dedilər buğda bahalaşacaq, Hindistan birinci dedi buğda satacaq, sonra dedi satmayacaq. Sonra digər ölkələr ona qoşuldu. Qazaxıstan məhdudiyyət qoydu. Əslində bu nə üçün idi? Bu, ölkələrdə süni şəkildə qiymətin artırılması üçün atılan addım idi. Lakin həmin ərəfəni ötüb keçdik, indi biz nə görürük, bu gün dünyada buğda qıtlığının o qədər də yaranmadığının şahidi oluruq. Bizim ölkəmizdə də anbarlarda buğda var. Artıq rəsmi şəkildə topdansatış qiymətlərdə bir o qədər fərq yoxdur. Bu ajiotajların da yaranmasının səbəbi, fikrimcə, sui-istifadə halları ilə bağlıdır. Hazırda dünyada da buğda istehsalı çoxalıb. İqtisadi rəqəmlər onu deməyə əsas verir ki, yeni biçim buğdalar anbarlarda çoxalıb. Buğdalar harasa satılmalıdır, bazara çıxarılmalıdır. İdxalçılar tərəfindən buğda əldə edilməlidir. Hesab edirəm ki, buğda üçün kəskin qiymət artımı gözlənilmir. Qeyd etdiyim amillər nəticəsində buğda qıt olmayacaq. Əgər siyasi amillər və siyasi faktorların təsiri olmasa, buğdanın qiymətinin kəskin artımı gözlənilmir".

Qeyd edək ki, FAO iyul hesabatında dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb. Təşkilatın iyul hesabatına əsasən 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artır - 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi - 0,6 faiz azdır.

FAO-nun proqnozuna əsasən yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçənilkindən 0,5 faiz az olacaq. 2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötənilkindən 1,7 milyon və ya 0,1 faiz azdır. 2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.

FAO-nun proqnozuna əsasən bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla, 468 milyon ton təşkil edəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında “Şahdəniz” layihəsi çərçivəsində dövlətin payına düşən mənfəət 1 milyard 72 milyon ABŞ dolları təşkil edib ki, bu da müvafiq dövrlə müqayisədə 15,1 dəfə çoxdur.

ARDNF-in məlumatına görə, “Şahdəniz” layihəsindən əldə olunan gəlirin 252 milyon 725 min dolları kondensat satışından, 819 milyon 275 min dolları isə təbii qazın satışından əldə edilib.

Qeyd edək ki, 2021-ci ilin yekununa görə, Azərbaycan dövlətinə “Şahdəniz” layihəsindən ümumilikdə 884 milyon 793 min dollar mənfəət daxil olmuşdu.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bu ilin yeddi ayı ərzində Azərbaycanın mənfəəti “Şahdəniz”dən əldə olunan ötənilki gəlirləri 21,16% üstələyib. "Dünya bazarlarında qazın qiymətindən asılı olaraq, bu il Azərbaycan “Şahdəniz”dən ikinci milyard mənfəətini əldə edə bilər, - ekspert qeyd edib.

İ.Şabanın sözlərinə görə, Azərbaycanın qaz gəlirlərinin artması çox vacibdir, çünki şirkətlər “Şahdəniz-2” layihəsinin işlənməsinə əsaslı məsrəflərə təqribən 24 milyard dollar sərmayə qoyub və satış bazarlarında qazın qiyməti nə qədər yüksək olsa, Azərbaycan öz xərclərini bir o qədər tez qaytara bilər.
 
Ardını oxu...
İyulda Niderlandda (Hollandiya) qazın qiyməti orta Avropa qiymətindən iki dəfə çox olub və hər kubmetr üçün 2,76 avro təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Enerji statistikasını dərc edən energievergelijk.nl saytı məlumat yayıb.

Bildirilib ki, iyun ayı ilə müqayisədə 22% çoxdur.

Qazın qiyməti üzrə əvvəlki rekord sahibi İsveç olub, onun vətəndaşları qazın hər kubmetrinə 2,31 avro ödəyiblər.

Niderlandın iqtisadiyyatı qazdan çox asılıdır, ona görə də ölkədə qazın qiymətinin artması dərhal bütün qiymət etiketlərində əks olunur. Belə ki, iyul ayında Niderland mağazalarında ərzaq qiymətləri 18,5% artıb.

Qaz qıtlığı və yanacağın həddən artıq baha olması səbəbindən Niderland sakinləri odun yığmağa, kamin və soba quraşdırmağa başlayırlar .

Avropada enerji böhranı anti-Rusiya sanksiyaları ilə bağlı Rusiyadan qaz tədarükünün azalması səbəbindən yaranıb. Bu məhdudiyyətlər Avropaya Rusiyadan qat-qat çox ziyan vurur: regionun iqtisadiyyatı inflyasiyada görünməmiş artım, qaz və elektrik enerjisinin bahalaşması ilə üzləşir.
 
Ardını oxu...
Yunanıstan avqustun 20-də Avropa Birliyinin xarici maliyyə nəzarəti mexanizmindən çıxacaq.

Bu barədə Yunanıstanın maliyyə naziri Xristos Saykuras məlumat verib.

“12 ildən sonra... ölkəmiz üçün çətin fəsil başa çatmaq üzrədir. Yunanıstan Avropa standartlarına qayıdır, o, artıq avrozonada istisna olmayacaq”, - deyə nazir bildirib.

Yunanıstana xarici maliyyə nəzarəti mexanizmi 2010-cu ildə kəskin maliyyə böhranı səbəbilə tətbiq edilib.

Avropa İttifaqının nəzarətindən çıxmaq Afina tərəfindən vəd edilmiş siyasi öhdəliklərin və islahatların əksəriyyətinin həyata keçirilməsindən sonra mümkün olub. Bu qərar Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis və iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni tərəfindən məktubla təsdiqlənib.

Yunanıstanın maliyyə nazirinin sözlərinə görə, bu tədbir ölkəyə iqtisadi siyasətin həyata keçirilməsində daha çox sərbəstlik verəcək. Həmçinin ölkəni investisiya dərəcəli statusa yaxınlaşdıracaq.
 

Dünyapress TV

Xəbər lenti