Ardını oxu...
2021-ci iyunun 14-də gecə saat 1 radələrində Binəqədi-Novxanı yolunda Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Land Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə Murad Ziyadov və sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüblər. Elşad Kəlbəliyev və sərnişini Ələsgər Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

1978-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulan Elşad Kəlbəliyev “Baxçalı Evlər” MTK-nın təsisçisidir, “Qurtuluş 93” Yaşayış kompleksinin sahibinin kürəkənidir.

Ardını oxu...

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 14-ü gecə saat 1 radələrində Elşad Kəlbəliyev sərxoş halda özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Land Rover” markalı, 10-CO-002 nömrəli avtomobillə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən, qarşıdan öz yolu ilə gələn Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı, 99-ZL-837 nömrəli avtomobillə toqquşub. Nəticədə 4 nəfər dünyasını dəyişib. Bundan başqa, E. Kəlbəliyev “Daewoo” markalı nəqliyyat vasitəsinin sahibi Emin Hüseynəliyevə 7000 manat məbləğində maddi ziyan vurub.

Ardını oxu...

Qəzaya düşən avtomobillər

İş üzrə dindirilmiş Elşad Kəlbəliyev bildirib ki, iyunun 14-də dostları ilə Sumqayıt şəhərində yemək yeyərkən gecə saat 00:00-da oğlu zəng edərək, hərarətinin qalxdığını və özünü pis hiss etdiyini deyib:

“Avtomobilimə əyləşib, Binəqədi-Novxanı yolu ilə hərəkət etdim. Bir az getdikdən sonra, yolun sağ tərəfində 5-6 nəfərin çimərlik paltarlarında dayandıqlarını gördüm. Hərəkətsiz dayandıqları üçün, təhlükə yaratmayacaqlarına əmin oldum və döngədə sürəti azaltmadım. Amma piyadalar 20-30 metr qalmış onlar qəflətən qaçaraq, sağdan sola yolu keçməyə başladılar. Onları vuracağımı görüb, dərhal sükanı sola buraraq, əks yola çıxdım və bu zaman qarşıdan gələn “Daewoo” markalı avtomobillə toqquşdum. Qəza zamanı ciddi xəsarət aldım, hadisədən sonra bir müddət huşsuz vəziyyətdə olmuşam”.

Ardını oxu...

Hadisə yeri...

Kəlbəliyev qeyd edib ki, ümumiyyətlə spirtli içki içən deyil və həmin gündə heç nə qəbul etməyib.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Emin Hüseynəliyev bildirib ki, fiziki şəxs kimi içməli suların satışı ilə məşğul olub, Murad Ziyadovu müqavilə ilə işə götürüb:

“İyunun 14-də mənə məlum oldu ki, Noxvanı yolunda hərəkətdə olarkən avtomobilimi idarə edən Ziyadov Elşad Kəlbəliyevin idarə etdiyi maşınla toqquşub. Nəticədə sürücü və 3 sərnişin ölüb”.

Məhkəmə iclasında Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Ardını oxu...

Tərtib olunan protokol

Zərərçəkmiş şəxsin hüquqi varisləri bildiriblər ki, onlara dəymiş ziyan Kəlbəliyevin qohumları tərəfindən ödənilib, buna görə təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur.

Məhkəmə hesab edib ki, Elşad Kəlbəliyevə ittiham olunduğu Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti qismən təmin olunub və cəzası 8 ilə endirilib.

Cebhe.info
 
Ardını oxu...
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qraham Stüart Azərbaycanın Londondakı səfirliyində təhlükəsizliklə bağlı insidentlə bağlı Azərbaycanın səfiri Elin Süleymanov ilə görüşüb.
Nazir hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib:
“Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində baş vermiş ciddi insidentindən sonra bu gün Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Hökumətin Böyük Britaniyadakı bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə verdiyi əhəmiyyəti vurğuladım və hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyimi bildirdim”.
Nazir bildirib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir.
Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.
Hücum edənlər diplomatik nümayəndəliyin eyvanından dini bayraq asıb və dini şüarlar səsləndiriblər. Səkkiz hücumçu yerli polis tərəfindən saxlanılıb.
Ardını oxu...
Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da Rüstəm Usubovu cinayətdə ittiham edib.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.
 
Ardını oxu...
Regionlarda torpaq istifadəçilərinin suvarma suyu ilə təminatını qanunsuz məhdudlaşdıran vəzifəli şəxslər barəsində cinayət işləri başlanıb.

Bu barədə AzToday.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, baş verən iqlim dəyişiklərinə baxmayaraq, ölkəmizdə su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mütərəqqi dövlət siyasəti nəticəsində ekoloji tələblərə uyğun müasir su infrastrukturu formalaşdırılmış, əhalinin suya olan tələbatı ən etibarlı şəkildə təmin olunub.

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyinin tələblərinə əməl edilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə qanunsuz hərəkətlərə yol verən, habelə yaradılmış şəffaf istehlak mühitindən sui-istifadə edən vəzifəli şəxslərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Həyata keçirilmiş belə tədbirlərin davamı kimi bu sahədə ayrı-ayrı regionlardan Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətlərinin əlaqəli şəkildə təhlili nəticəsində müəyyən edilmiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Keçirilmiş tədbirlərlə Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi -“Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanmışdır.

Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
 
Ardını oxu...
İspaniyanın şimal-şərqində dünən başlayan meşə yanğını bazar günü daha geninş miqyas alıb. Yanğın səbəbindən Saraqosa əyalətində 8 kənd boşaldılıb.

Yerli hökumətinin başçısı Xavyer Lamban bildirib ki, yanğınlarla bağlı vəziyyət kritikdir və hazırda söndürülməyə cəlb olunmuş 300 xilasedici üçün prioritet yerli sakinlərin qorunmasıdır.

Qeyd edək ki, yanğın bir gündə perimetr boyu 50 kilometrə yayılıb. Yaxın günlərdə vəziyyəti daha da pisləşdirə biləcək güclü küləyin olacağı proqnozlaşdırılır. (Mənbə: rbc.ua)
 
Ardını oxu...
Bakı-Quba avtomobil yolunun Bakı istiqamətində hərəkət hissəsində yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, minik avtomobili ilə iki yük avtomobili toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var.

Qəzadan sonra avtomobillərdən birində tüstülənmə olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım briqadası cəlb edilib.
 
Ardını oxu...
Bu hadisə ən qorxulu filmlərdəki fantastik səhnələri də geridə qoyacaq həqiqətdir

İndiyə qədər izlədiyiniz triller və qorxu filmlərini unudun. İndi oxumaq üzrə olduğunuz bu təəccüblü, kədərli hekayə o filmləri unutduracaq sizə.

Tarixin ən qəribə yol qəzalarından biri düz 57 il əvvəl, 1965-ci il avqustun 11-də baş verib. 40 sərnişini olan "Cinema Civan" avtobusu saat 20:00-da Ankaradan yola düşüb.

Avtobus səhər saat 03:00 radələrində Xəndək bölgəsinə çatanda, yaranan nasazlıq səbəbindən yol kənarında dayanmış yük maşınına arxadan çırpılıb.

Ardını oxu...

Qəza nəticəsində avtobusa cüzi ziyan dəyib. Heç kim xəsarət almayıb.

Hadisələr bununla məhdudlaşsaydı, adi zədələnmiş yol qəzası kimi qeydə alınardı. Amma olmadı.

Avtobusu tüstü-duman bürüyüb

Avtobusun toqquşduğu yük maşını sulfat turşusu ilə yüklü olub. Xeyr, düşündüyünüz kimi, o maddə avtobusa tökülməyib. Fəlakətə hələ bir az da vaxt var idi.

Yolun kənarındakı çökəklikdə kiçik bir gölməçə var idi. Sulfat turşusu dolu nəhəng çənlər parçalanarkən içindəki kimyəvi maddə çökəklikdəki gölməçəyə tökülərək suya qarışıb.

Turşu-nitrik su ilə qarışdığından havanı ağır duman bürüyüb. Bu tüstü avtobusun içini də dolmağa başlayıb.

Qəza zamanı yuxuda olan sərnişinlər avtobusun yandığını düşünərək, təşviş içində çölə çıxmaq üçün qapılara tərəf qaçıblar. Bir qədər izdiham olsa da, xəsarət alan olmayıb.

Gölməçədəki artıq su deyildi

Qəza zamanı sulfat turşusundan bir hissə də yola tökülmüşdü. Avtobusdan düşən sərnişinlər bu dəfə ayaqlarını yerə basdıqda ayaqları yanmağa başlayıb.

Gecənin qaranlığında onlar yol kənarındakı gölməçəni gördülər. Halbuki o, artıq su deyil, zəhər çuxuru idi. Dəhşətli hadisə də məhz bu məqamda baş verib.

Ayaqlarının ağrısını dindirmək üçün sərnişinlər özlərini içindəkinin su olduğunu hesab etdikləri gölməçəyə atıblar. Və gölməçəyə girən insanlar saniyələr içində əriməyə başlayıb. Gecənin qaranlığında özünü çuxura atan 23 nəfər əriyərək həyatını itirib.

Ardını oxu...

Yük maşınının sürücüsü Mustafa Siliki də sulfat yandırıb, ağır yaralanıb. O, 6 saatlıq ölüm-qalım mübarizəsindən sonra dünyasını dəyişib. Yanğının qoxusu Xəndəkdən 2 kilometr uzaqdan belə, hiss edilirdi.

Çuxur qazıldı, namaz qılındı

Cəsədlərdən geriyə çox az hissələr qalmışdı. Hətta sümükləri belə, ərimişdi.

18 nəfərin qalıqları qəza bölgəsindən 10 metr aralıda qazılmış çuxura dəfn edildi. Çuxurun başında bir imam cənazə namazı qıldı və çuxur torpaqla örtüldü.

Çuxurdakı sulfata toxunan və sağ qalan yaralıların da vəziyyəti yaxşı deyildi. Bəziləri gözlərini itirdi. Bəzilərinin bədənində çox ağır yaralar yarandı.

Adapazarı Dövlət Xəstəxanasının palatalarını yanıq qoxusu və ah-nalə səsləri bürümüşdü. Çox böyük dərd idi.

57 il əvvəl baş vermiş bu qəza bu gün, demək olar ki, xatırlanmır. Hansı ki, bu, tarixin ən qəribə və ən qorxunc qəzalarından biri idi...

Müəllif: Ateş Yalazan

Mənbə: “hurriyet.com.tr”

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 
Ardını oxu...
İzmirin Menderes rayonu sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, təkanlar yerli vaxtla 06:24-də, 7 kilometr dərinlikdə qeydə alınıb.

AFAD saat 06.18-də eyni bölgədə 3,8 bal gücündə daha bir zəlzələnin qeydə alındığını açıqlayıb.
 
Ardını oxu...
Cəlilabad rayonunun Buravar sıra dağlarının ətəyində Qamışgöl adlı məşhur bir kəndi də var. Bu kənd təkcə gözəl təbiət ilə deyil, həm də orta əsrlərdən bu günə qədər gəlib çıxmış şəfalı zəli gölü ilə də məhşurdur.

Əslində gölün tarixi çox qədimdir. Bəzi tarixi mənbələrdə bu gölün böyük türk sərkərdəsi Əmir Teymur tərəfindən yaradıldığı və hətta onun sahilində bir vaxtlar açıq şəfaxanın da inşa olunduğu deyilir.

Bizim.Media sözügedən ərazi ilə bağlı məqalə dərc edib.

Qamışgöl kəndinin də məhz Zəligölə görə onun ətrafında yarandığı bildirilir. XVI əsrdə isə kənd sakinləri qurbağaların səsindən bezdiyindən yavaş-yavaş yeni tikililərini göldən uzaqlaşdırmağa başlayıblar və bu minvalla da ilk yurd yerlərindən 1 km məsafəyə qədər kənarlaşıblar.

Göldəki zəlilərdən sakinlər tarixən revmatizm və yüksək qan təzyiqi xəstəliklərininin müalicəsində bu günə kimi geniş istifadə edirlər.

Amma son dövrlər insanların bu gölə marağı azalıb. Göl baxımsızlıq ucbatından tamamilə sıradan çıxmaq üzrədir. Demək olar ki, bura ildə 3-4 nəfər baş çəkər, ya yox.

Qamışgöl kənd sakini Zöhrab Fərəcov bu kənddə doğulub boya-başa çatıb . Uşaqlıq və gənclik illəri bu gölün ətrafında keçib. Deyir ki, sözügedən gölün əsl adı Qamışgöldür, elə kəndimizin adı da buradan götürülüb.

Amma el arasında gölə “Zəlıgöl” deyilir. Müsahibimizin sözlərinə görə, əvvəllər kəndlərinə zəli üçün çox adam gəlib gedərdi:

“Uşaq vaxtı buraya qoyun otarmağa gələrdim. O vaxtlar burada adam əlindən tərpənmək olmazdı. Qoyunları örüşə ötürüb saatlarla gələnlərin zəli ovuna tamaşa edərdim. Elə ona görə də uşaqlıq illərim bu gölün xatirələri ilə zəngindir”.

Zöhrab Fərəcov deyir ki, bir gün əlimdə ziyil çıxmışdı, həkimə getdim dedi ki, get zəli yapışdır sağalsın:

“Gəlib əlimi suya saldım, bir neçə saniyəyə bir zəli yapışdı əlimə bir neçə dəqiqədən sonra zəli əlimdən qopdu, bir neçə günə də əlim sağaldı”.

Əvvəllər gölün suyu bol olardı deyir Zöhrab Fərəcov, hətta qış mövsümündə su buz bağladığından üzərində xokkey də oynayardıq:

“Arada buz sınardı, topumuz suya düşərdi. Çıxaranda isə topa zəli yapışdığını görərdik. İndi o günlər üçün çox darıxıram. Amma təəssüf ki, əvvəlki kimi gəlib-gedən yoxdu. Əslində heç kənddə də adam qalmayıb. Kənd sakinləri dolanışıq üçün şəhərə üz tutublar”.

Elə o özü də illərdir kəndi tərk etdiyini bildirir, amma vaxtaşırı kəndə gəlməyi və gölə baş çəkməyi unutmur.

Hazırda Qamışgöl kəndində tam sakitlikdir, nə gəlişimizi görən oldu, nə də səsimizə hay verən. Elə Zöhrab Fərəcovla da görüşümüz təsadüfən oldu. Xeyli maraqlı söhbətdən sonra aydın oldu ki, Qamışgöl kəndində dağın arxa üzündə daha bir belə zəli gölü mövcuddur və hazırda hər iki göl baxımsızlıq ucbatından mal-qaranın ümidinə qalıb.

Dünyada minlərlə süni göl yaradılıb zəli əldə olunur və bundan da milyonlarla valyuta qazanılır. Amma öz doğma yurdumuzda təbii imkanları olan belə bir sərvət diqqətdən kənardadır.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
2023-2024-cü tədris ilində isə bütün şagirdlər üçün istisnasız vahid forma tətbiq ediləcək

"Valideynlər narazı olmasın deyə nazirlik məktəbli formalarının rənginin və biçiminin dəyişdirilməsinə ən azı 10 il məhdudiyyət qoymalıdır"


Yeni dərs ilinin başlanmasına təxminən bir aylıq müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət əvvəl Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov "Report"un sorğusuna cavab olaraq deyib ki, hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. Qiymətlərə gəlincə, E.Əzimov qeyd edib ki, ötən illərlə müqayisədə qiymətlərdə fərq hiss olunacaq: “Artıq valideynlər müraciət edir. Geyimləri Bakı Tikiş Evi ilə yanaşı paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq".

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Təhsil naziri Emin Əmrullayev isə bir müddət öncə keçirdiyi brifinqdə qeyd etmişdi ki, Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb yoxdur. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur. Bu səbəbdən valideynlər məktəbli forması alıb-almamaq barəsində bir qərar verə bilmirlər. Hazırda ölkədə övladına məktəb forması dəstini almağa gücü çatmayan ailələr var. Bu gün ölkədə qazancı az, maddi vəziyyəti aşağı olan yüzlərlə ailə var. Belə ailələr üçün yeni məktəbli forması almaq çətin olacaq. Vahid məktəbli formalarının qiyməti 70-80 manata qədər qalxır. Bu hal da təbii olaraq valideynləri narahat edir. Məktəblinin geyimi tək forma ilə bitmir axı. Ayaqqabı, çanta və digər ləvazimatlar da var. Bütün bunları nəzərə alıb dövlət müəssisələrində sərbəst geyimə üstünlük verilməsi daha məqsədəuyğundur.
Sosioloq Lalə Mehralı isə “Şərq”ə açıqlamasında məktəbli formalarının məcburi olacağını deyib: “Bu il üçün müəyyən güzəştlər nəzərdə tutulub. Cari tədris ilində şagirdlər məktəbə əvvəlki formaları ilə gedə bilərlər. 2023-2024-cü tədris ilində isə bütün şagirdlər üçün istisnasız vahid forma tətbiq ediləcək. Ən azından qərarda belə yazılıb. Sözün açığı, 4-5 rəngdə olan formanın hansı vahidliyindən söhbət gedir, onu başa düşə bilmədim. Qızlar üçün beş cür ətək- şalvar növü nəzərdə tutulub. Onu deyim qızlar üçün ətəklə paralel şalvar alternativini alqışlayıram. Bu, təqdirəlayiq haldır. Ancaq fərqli rəngdə, fərqli biçimdə ətək, köynək nümunələrinə nə ehtiyac var. Çox güman, yeni geyim hazırkı formalardan daha baha qiymətə satılacaq. Çünki kostyuma daxil olan predmetlər çoxdur. Əgər nəyisə dəyişmək istəyirlərsə, hazırda şagirdlərin istifadə etdiyi məktəbli formalarına müəyyən əlavələr edib vahid forma kimi təqdim etsələr daha məqsədəuyğun olardı. Ən azından valideynlər əlavə xərcə düşməzdilər. Azərbaycanda hər kəsin həyat standartları yüksək deyil axı!? Mövcud formanı almağa belə çətinlik çəkənlər var. Elə ailə var ki, övladına ikinci əl məktəbli forması alır. Qonşusunun formasını alıb övladına geyindirənlər var. Belə bir vəziyyətdə yeni forma satışa çıxarmaq gərəksizdir”.

Nazirin açıqlamasına diqqət çəkən sosioloqun sözlərinə görə, E.Əmrullayev sadəcə bu il üçün məktəbli formasının məcburi olmadığını nəzərə tutub. Dediyim kimi, 2023-cü ilin sentyabrında məktəbli forması bütün şagirdlər üçün məcburi olacaq:

“İnsanların maddi durumuna əhəmiyyət vermədən məktəbli formalarının yeni dizaynda olması barədə qəbul etdilər, heç olmasa, qiymətləri əvvəlki qaydada saxlayardılar. Amma bəri başdan verilən açıqlamalardan keyfiyyət və çeşid məsələsinin qabardılması onu göstərir ki, yeni formaların qiyməti xeyli baha olacaq”.

L.Mehralı əlavə edib ki, yeni qərara əsasən məktəb direktorları pedaqoji şuranı toplayaraq 3 ildən bir məktəbli formalarının rəngini müzakirə etmək səlahiyyətinə sahib olacaq:

“Nazirlik hər nə qədər məktəbli formasının rənginin Pedaqoji Şuralar tərəfindən müzakirəyə çıxarılması ilə rəngin dəyişdirilməsi arasında fərq olduğunu iddia etsə də, Azərbaycan reallığını hər birimiz yaxşı bilirik. Hansı məktəb direktoru onlara verilən bu fürsəti əldən verər?!

Direktorlarımız əlavə gəlir qazanmaq üçün mümkün olan bütün variantlara əl atır. Kim zəmanət verir ki, direktorlar hansısa tikiş sexi ilə razılığa gəlib üç ildən bir rəngi dəyişməyəcəklər. Hətta yaxşı gəlir gətirsə, bəzi məktəb direktorları şəxsi tikiş sexi açacaqlar.

Buna nə Təhsil Nazirliyi, nə də təhsil şöbələri zəmanət verir. Hamımız bilirik ki, sui-istifadə halları daha da artacaq. Hesab edirəm ki, məktəblərin daxili nizamnamələri dəyişdirilməli və onlara verilən bu səlahiyyət ləğv edilməlidir. 3 ildən sonra formanın rəngi dəyişsə, valideynlər böyük uşağın formasını balacaya geyindirə bilməyəcək. Bu isə onların onsuz da çətin olan maddi vəziyyətini daha da ağırlaşdıracaq.

Mütləq şəkildə nazirlik bu problemi aradan qaldırmalı və yeni məktəbli formalarının rənginin və biçiminin ən azı 10-15 il dəyişdirilməsinə məhdudiyyət qoymalıdır”.
 
 
 

Dünyapress TV

Xəbər lenti