\
Ardını oxu...
Bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda problemlərə yol açıb.

DİA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin mövcud kanalizasiya sisteminin yarasız olması problemin başlıca səbəblərindən biridir.

Belə ki, bəzi küçələrdə su axarlarının ya olmaması, ya da kimlərsə tərəfindən qarşısı kəsildiyindən yağış suları həyətlərə dolur. Şəhərin Azad İsmayılov küçəsində vəziyyət daha acınacaqlıdır. Sakinlər deyir ki, su axarları üçün bir neçə dəfə kanalizasiya sistemini qurmaq istəyiblər. Amma sonradan yarımçıq saxlanılıb. Buna görə də kanalizasiya sistemi yağış sularını normal ötürmədiyindən, xəndəklər dolur, izafi sular yaşayış evlərin zirzəmilərinə, həyətlərinə yığılır və yolları keçilməz edir. Küçənin bir tərəfindən qarşı tərəfə keçmək olmur. Sakinlər onu da bildirirlər ki, bura yeni köçənlər su axarlarını hər yerdən bağlayıblar. Aidiyyəti orqanlardan da gəlib əraziyə baxış keçiriblər. Amma bir nəticəsi olmayıb.

Lənkəran ŞİHB müavini Vüqar Məmmədov bu gün adı çəkilən ünvanda olub. Sakinlərin qaldırdığı məsələləri dinləyib. O, APA-ya bildirib ki, xəndəklərin təmizlənməsi üçün küçəyə qrup göndəriləcək: “Əlverişli hava şəraiti imkan verdikdə, buranın kanalizasiya sistemi yenidən qurulacaq”.

Qeyd edək ki, Lənkəran şəhərinin mövcud kanalizasiya sistemi 20 min əhali üçün nəzərdə tutulmaqla, ötən əsrin 60-70-ci illərində çəkilib. Hazırda şəhər əhalisinin sayı 80 minə çatdığından, kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.

Ardını oxu...
Saatlı rayon İcra Hakimiyyəti 2022-ci ilin noyabr ayının 25-də "Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

DİA.AZ Qlobal.az-a istinadla xəbər verir ki, Saatlı rayon İcra Hakimiyyətinin 2022-ci ilin noyabr ayının 25-də "Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 348.243 manat, qalibi isə "Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə qeydiyyata alınıb.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev 52, mənzil 20 ünvanı, qanuni təmsilçisi isə Orucov Əlövsət Bilal oğludur.

"Harmony İndustrial Construction and Engineering Group” MMC-nin maddi-texniki bazası, mühəndis heyəti, işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

"Harmony İndustrial Construction and Engineering Group” adı ilə fəaliyyət göstərən MMC-nin əvvəlki adı "Piramida F.R" olub.

"Piramida F.R" MMC-nin adı "otkad" əməliyyatında çəkilir.

Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində və nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində keçirdiyi xüsusi əməliyyatda korrupsiya faktı aşkarlanmışdı.

O zaman ictimaiyyətə açıqlanan məlumatda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişçi olduğu tenderlərdə qalib elan edilən təşkilatlardan "otkad" alındığı bildirilirdi.

İstintaqda və məhkəmədə ifadə verən "Piramida F.R" MMC-nin rəhbəri Şamxal Ağaşirinov 6 milyon manatlıq tenderdə qalib elan edildikləri üçün 900.000 manat rüşvət verdiklərini bildirmişdi.

Qlobal.az adı "otkad" əməliyyatında çəkilən, maddi-texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat olmayan "Harmony İndustrial Construction and Engineering Group” MMC-nin Saatlı rayon İcra Hakimiyyəti 2022-ci ilin noyabr ayının 25-də "Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri" lotu üzrə yekun vurduğu tenderdə hansı meyarlara əsasən qalib elan edilməsi ilə bağlı mövqe öyrənib.

Saatlı Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

""Harmony İndustrial Construction and Engineering Group” MMC və iddiaçı kimi tenderdə iştirak etmiş digər 3 malgöndərən (podratçı) təşkilat tərəfindən maddi-texniki baza, mühəndis heyəti, işçi qüvvəsi barədə və digər tələb olunan sənədləri etender.gov.az saytına yerləşdirmişlər. Eyni zamanda bildiririk ki, aidiyyəti qurumlar tərəfindən tender prosedurlarının keçirilməsinə və nəticələrinə nəzarət edilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən razılıq alındıqdan sonra işlərin icrası üçün müqavilə bağlanılır".

Xatırladaq ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur.

Elmir Bağırov 2020-ci ilin avqust ayının 24-də Saatlı RİH-nə başçı təyin edilib.
Ardını oxu...
Məhkəmə qərarı ilə azərbaycanlı oliqarx, multimilyonçu iş adamının beynəlxalq çirkli pulların yuyulması əməliyyatı ilə əlaqəsi müəyyən edilib.

Xəbəri "Standard” yayıb.

Bildirilir ki, sözügedən şəxs kimliyini sirr saxlamaq üçün mübarizə aparır.

Böyük Britaniyanın Milli Cinayət Agentliyinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin üç ailə üzvünə qarşı qaldırdığı iddiada multimilyonçunun "vacib şəxs” olduğu qərara alınıb.

"Evening Standard” və "BBC” kimi media orqanları onun şəxsiyyətinin açıqlanması üçün fəal mübarizə aparır, çünki onlar hesab edirlər ki, bu, Böyük Britaniyanın açıq ədalət mühakiməsi ənənəsini pozur.

Qeyd olunur ki, London Ali Məhkəməsində gün yarım davam edəcək dinləmə mart ayında keçiriləcək. Ali Məhkəmə iddianı təmin edərsə, milyonçunun adı açıqlanacaq.

2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar verib.
 //ARQUMENT.AZ//
Ardını oxu...
Bakının Binəqədi rayonunda 1979-cu il təvəllüdlü Aydın Babayev sevgi münasibətində olduğu Pərvanənin (adlar şərtidir – red.) evindən oğurluq edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Aydın evin dəhlizindəki paltar dolabına qoyulmuş əl çantasının içərisində olan pulqabıdan 3400 ABŞ dolları və 1600 manat məbləğində nağd pulu oğurlayıb.

İstintaq orqanı tərəfindən Aydın barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılıb.

Məhkəmədə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində yerləşən “SİMPATY” adlanan gecə klubunda bir xanımla tanış olub:

“Həmin xanım özünü mənə Pərvanə kimi təqdim etdi. Mən isə özümü əvvəlcə Ramil kimi təqdim etdim. Bir müddət keçdikdən sonra əsl adımı Pərvanəyə bildirdim. Bir-birimiz ilə münasibət qurmağa başladıq. Münasibətlərimiz qeyri-rəsmi ailə münasibətinə çevrildi. Pərvanənin əvvəllər kirayədə yaşadığı evdə cəmi iki dəfə olmuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə Pərvanə evdə yemək süfrəsi açıb:

“Həmin süfrəyə Pərvanə rəfiqəsi Səliməni də dəvət etmişdi. Evdə bir qədər yeyib-içdikdən sonra Pərvanə evdə spirtli içki olan “Viski”nin də olduğunu bildirdi. Ona həmin içkidən dadmaq istədiyimi dedim. Səlimə isə buna etiraz etdi və içkiləri qarışdırmaq istəmədiyini bildirdi. Pərvanə “Viski”ni gətirdi. Həmin içkini onunla içməyə başladım”.

Aydın qeyd edib ki, bundan sonra birlikdə “SİMPATY” gecə klubuna getməyi təklif edib:

“Razılaşdıqdan sonra birlikdə kluba getdik. Klubda yenə də spirtli içki sifariş etdim, Pərvanə ilə araq içməyə başladıq. Bir müddət keçdikdən sonra Səlimə klubda özünü yaxşı hiss etmədiyini və evə getmək istədiyini bildirdi. Bu səbəbdən kluba olan hesabı ödəmək üçün Pərvanə durdu və əl çantasından pulqabını açdıqda içərisində olan pulları gördüm.

Lakin, Pərvanəyə klubda hesabı verməyə qoymadım və 35 manat məbləğində hesabı özüm ödədim. Sonra taksi ilə ilkin olaraq Səliməni yaşadığı ünvana apardıq, sonra isə Pərvanə ilə birlikdə onun həmin dövrdə yaşadığı evə getdik. Evə daxil olduqdan sonra Pərvanənin əl çantasını dəhlizdə olan dolabın içinə qoyduğunu gördüm. Sonra Pərvanə yataq otağında yerinə uzandı, hər ikimiz sərxoş olduğumuzdan dərhal yuxuya getdik”.

Təqsirləndirilən şəxs bildirib ki, səhəri gün, saat 10 radələrində yuxudan oyandıqdan sonra əynini geyinib və yataq otağından dəhlizə keçib:

“Dəhlizdə olan dolabın içərisində gödəkçənin altından Lamiyəyə məxsus əl çantasından 3400 dollar, 1600 manatını götürdüm”.

Aydın deyib ki, oğurladığı pulların bir qismini xərcləyib, qalan 700 dollar və 500 manat məbləğində pulu isə polis əməkdaşlarına saxlanılan zaman könüllü olaraq təhvil verib. O, himayəsində 1 azyaşlı uşağının olmasını, peşman olmasının nəzərə alınmasını istəyib.

Zərərçəkmiş Pərvanənin sözlərinə görə, gecə klubunda tanış olduğu Aydınla gələcəkdə ailə quracağına inanıb, bu səbəbdən onunla qeyri-rəsmi münasibətdə yaşamağa başlayıb. O bildirib ki, evindən oğurluq edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. Pərvanə qeyd edib ki, sonradan Aydınla barışıb, Aydının ona vurduğu ziyanı tam ödəyib. O, Aydından şikayətçi olmadığını deyib.

Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib. O, məhkəmə zalından həbsdən azad edilib.
 
Ardını oxu...
Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib.

Qərarda deyilir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur.

Qərar təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Cinayət-Prosessual Məcəlləsində prokurorun İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.
 
Ardını oxu...
Gəncədə futzal yarışında ictimai qaydanı pozan 5 şəxsə inzibati həbs tətbiq edilib.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib

Noyabr ayının 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb. İctimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
 
Ardını oxu...
Bakıda ərini satıcıya qısqanan qadın məşhur marketin şüşəsini sınıdırb.

Hadisə Bilgəh qəsəbəsi, 28 aprel küçəsində yerləşən "Oba Market"də baş verib.

Belə ki, Jalə (şərti) adlı qadın "Oba Market"də olarkən satıcı qızın həyat yoldaşına baxdığını görüb və qısqanclıq keçirib. O, marketin müdriyyətinə qızla bağlı şikayət edib və onu işdən çıxarmasını istəyib. Lakin market müdiri qadının tələbini yerinə yetirməyib. Bundan əsəbiləşən qadın daşla mağazanın şüşəsini sındırıb.

Məhkəmə qadını İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və hadisə nəticəsində vurulmuş ziyanın ödənilməsinə (250 manat) qərar verib.
 
Ardını oxu...
“İndi hamı bu şəkli paylaşır... Və ürək sözlərini yazır. Basabas düşüb...”

Bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Vasif Talıbovun oğlu Seymur Talıbovun fotosunu “Feysbuk” səhifəsinə yerləşdirərək yazıb.

Baş redaktor daha sonra Naxçıvana səfəri ilə bağlı xatirələrini bölüşüb: “Bu şəkildəki adamın içində olduğu bir xatirəmi yazım: 2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşüb universitetin giriş qapısına tərəf gəlirdi. Yanımdakından soruşdum: "Bu adam kimdir ki, hamı qabağına qaçır?" Dedi: "Seymur müəllimdi də. Vasif müəllimin oğlu. Burda prorektordur". Dedi və o da qaçdı pişvaza...
Ətraflı

Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm. İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!”

“Mən həmin səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!...”, - baş redaktor fikrini yekunlaşdırıb.

Xatırladaq ki, B.Həzinin yada saldığı səfər KİVDF-nin o zamankı rəhbəri Vüqar Səfərli tərəfindən təşkil olunmuşdu. Bakıdan gedən 20 nəfərlik heyəti Vasif Talıbov qəbul etməkdən imtina etmişdi...
azpolitika
 
Ardını oxu...
Argentina ilə Polşanın oyununa baxanda yadıma Füzulidən olan məşhur söz ustası Poçtalyon Qadirin bir hadisəsi düşdü. Bu adam duz idi başdan-ayağa, yeri behişt olsun. Seyran Səxavətin də yaxın dostudu. Mənlə də münasibəti yaxşı idi. Hərdən xeyirdə, şərdə dərdləşərdik.

Cavan yaşlarında futbolçu olmuşdu. Bir ara Ağdamın “Qarabağ” komandasında da oynamışdı.

Deməli belə. Füzuli komandası başqa bir rayona yarışa gedir. Qadir danışırdı ki, birinci katib futbolçuları yığıb kabinetinə və deyib ki, əgər uduzub gəlsəz, sizin hamınızın var-yoxunu …

Futbolçular dilxor yola düşürlər həmin rayona. Oyun başlayır.

– Müəllim, onnarın bir 9 nömrəsi vardı, Banişevski onun yanında yalanıydı. Köpəyoğlu bizə göz açmağa imkan vermir. Elə bil od-yalodu. Yaxınlaşdım bunun yanına, dedim, ə, bayıssı göyçək, qoy biz də oynayax dana. O da çöndü mənə elə bir yumrux vurdu ki, ürəyim getdi, yıxıldım yerə. Sudya da bilmədi məni niyə vuruf. Ona qırmızı kart çıxartdı. 9 nömrəni meydandan qovdular. Mənim söyüşümü sudya eşitməsə də, azarkeşlər eşitmişdi, nə qədər bağırdılar, xeyri olmadı. Oyunu uddux, katibinki də əlində qaldı. Oyunnan sonra həmin rayonun milisləri məni də, bizim futbolçuları da zorla azarkeşlərin əlindən aldılar, sora da bizim avtobusu Füzuliyə qədər müşayət elədilər. Çünki azarkeşlər arxadan gəlirdi, milis olmasa mənim leşimi atacaydılar.

Argentinalılar da həmin 9 nömrə kimi qoymadılar polşalıların ayağına top dəyə. Polşalıların ayağına top dəysəydi, daha doğrusu, topu tapa bilsəydilər, Argentinanı Səudiyyə Ərəbistanı kimi darmadağın edərdilər.

Ermənilərin Qrant Matovesyan adlı bir maraqlı yazıçısı vardı. Bəri başdan da qeyd edim ki, 1988-ci ildə Qarabağ hadisələrinə qarışmadı, yəni ermənilərin tərəfini saxlamadı. Onun bir əsəri var, deyəsən Natiq Səfərov tərcümə etmişdi.

Erməni tələbə təəssüf ki, adı yadımdan çıxıb, Moskvaya boks yarışına gedib. Çıxıb döyüşə, sevdiyi qız da tamaşaçıların arasında onu izləyir. Bu dünyada kimi dindirsən heç kim heç vaxt döyüldüyünü etiraf eləmir. Hamı deyir ay belə vurdum, ay belə yıxdım. Bir də görürsən ki, biri birini yıxıb yerə mal kimi çırpır, birtəhər aralayırlar, döyülən durur ağzının, burnunun qanını silir və camaat eşitsin deyə döyənə deyir:

– Get, get, sənə altdan iki dənə elə yumruq qoymuşam ki, səhərədək yata bilməyəssən.

İndi erməni tələbə də döyüşü belə təsvir edir:

– Mənim yaxşı solaxayım var. Məşqçi də kənardan elə çığırır ki, “levıy, levıy”. Sevdiyim qız da qıraqdan baxır. Mən də özümü düzəldirəm ki, rəqibə bir “levıy” udar vurum. Ha axtarıram, kanatların arasında yoxdu. Sudya da nə isə sayır. Ə, nə sayırsan, qoy bir onu tapım. Nə qədər axtardım, tapa bilmədim. Sonra sudya onu hardansa tapdı, əlini qaldırdı. Mən tapsaydım, leşin atacaqdım.

İndi polşalılar da ha axtardılar, topu tapa bilmədilər. Hakim fit verib oyunun qurtardığını bildirdi və argentinalıları qalib elədi.

Allah Qadirə rəhmət eləsin. Yeri gəldikcə onun bəzi anektodlarını yazacam. Amma bir az kobud alınır, görüm redaktə edə biləcəmmi?! Anektodu da redaktə edəndə duzu gedir.

Aqil Abbas
 
 
 
Ardını oxu...
Gəncədə tələbələr arasında kütləvi dava baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.

Qeyd edilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Dünyapress TV

Xəbər lenti