Ardını oxu...
2020-ci il 27 sentyabrda başlayan, 44 gün davam edən və Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 2-ci Qarabağ müharibəsindən sonra 30 illik mövcud olmuş miflər aradan qalxdı. Azərbaycan ordusu və Müzəffər Ali Baş Komandanı təxminən 30 ildən sonra işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədaləti bərpa etməyə nail oldu. Sözsüz ki, bu qələbə həm regionda Azərbaycanın ən aparıcı dövlət olduğunu bir daha nümayiş etdirdi, həm də ölkəmizi dünyada qalib dövlət, xalqımızı qalib xalq kimi tanınmasına gətirib çıxardı.
Sözsüz ki, 2020-ci il 9 noyabrdan 10 noyabr tarixinə keçən kimi acınacaqlı şəkildə kapitulyasiyaya imza atan Ermənistan və onun havadarlarının bu məğlubiyyəti Azərbaycana bəlli idi. Sözdə sülh müqaviləsinin imzalanması istiqamətində görüntü xatirinə açıqlamalar verən erməni tərəfi, əməldə tam əksini nümayiş etdirməkdədir. Əslində bura təəccüblü bir şey yoxdur. 3 il öncə müharibənin gedişində humanitar atəşkəs əldə etmək üçün dünya dövlətlərinə yalvaran ermənistamn rəhbərliyi, atəşkən zamanında müharibə ərazisindən dəfələrlə uzaqda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı raket və artileriya atəşinə tutmaqla sözündə necə durduğunu əyani şəkildə nümayiş etdirib. Müharibə başa çatdıqdan sonrakı 3 il ərzində də müxtəlif formada təxribatlar davam edib və indi də edir. Lakin hər dəfə göstərdikləri ucuz tamaşalara dövlətimiz tərəfindən planlı, təmkinli və adekvat cavab tədbirləri nəticəsində onların planları alt-üst olur.
Qeyd etdiyim kimi, müharibədə əldə etdikləri məğlubiyyəti həzm etməyən erməni tərəfi təmas xəttində hərarəti saxlamaq üçün öz havadları və digər ikili siyasət aparan təşkilatları burada 3-cü tərəf kimi cəlb etməyə çalışır. Bəzən sülhməramlıların müşayiəti ilə Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı birləşmələrinə hərbi yardımlar göndərilir, digər tərəfdən humanitar məqsədlər üçü “çalışan” Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə humanitar yardım adıyla başqa fəaliyyətlər göstərilir.
Ən son isə yeni bir “humanitar yardım” şousu adı ilə guya Azərbaycanın tarixi şəhəri olan Xankəndiyə Ermənistan paytaxtından (Qədim Azərbaycan şəhəri İrəvan) tırlarla göndərilən yardımlar adı ilə növbəti təxribatı həyata keçirməyə çalışır və bunun dünyaya çatdırılması üçün Avropa İttifaqını da məsələyə qoşurlar.
Təbii ki, baş verənlər fonunda Azərbaycan dövləti də məsələləri diqqətlə izləyir və ona uyğun davranır. Dövlətimiz müxtəlif müstəvilərdə dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Üstəlik, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyildir.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir.
Gördüyümüz kimi, regionda sülhün tərəfdarı olduğunu bildirən və bu istiqamətdə “yorulmaz” fəaliyyət göstərən bu aktorlar özləri də fərqinə varmadan əsl əməllərini üzə çıxarırlar. Təbii ki, regionda sülhün olmasını istəməyən, sülh müqaviləsinin imzalanmasının uzanmasının tərəfdarı olan erməni tərəfi üçün bunlar uğurlu nəticə hesab olunur. Ermənistanın yeganə məqsədi təxribata əl atmaq, sülh prosesinə əngəl yaratmaq, prosesi maksimum yubatmaqdır ki, sözügedən fəaliyyət regionda sülh və təhlükəsizliyə təhdid xarakteri daşımaqdadır.
Amma Azərbaycan tərəfi hər zaman istər qarşı tərəfə, istərsə də bütün dünyaya mesajını verir. Dövlətimiz regionda sülhün tərəfdarıdır. Azərbaycan ərazisində olan azsaylı ermənilərin hüquq və mənafeyini qorumağa hazırdır, bir şərtlə onlar xülyalarından əl çəkməli və bizə tabe olmalıdır. Azərbaycan ən qısa zamanda tam ədaləti bərpa edəcək, bunu istər Ermənistan, istərsə də onların havadarları qəbul etsələr də, etməsələr də. Xalqımızı dövlətinə və prezidentinə inanır və dəmir yumruq müharibədə olduğu kimi birdir və yerindədir!

Fuad Heydər - politoloq
 
 
 
Ardını oxu...
RİNN tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) növbəti dəfə bir sıra internet operator və provayderlərlə görüş keçirib.
Görüşdə ölkədə yeni yaranan tənzimləyici qurumun rolu, internet bazarında mövcud durum, provayderlərin uçotu, internet xidmətlərinin keyfiyyəti, provayderlərin müştərilərlə əlaqələrinin effektiv qurulması, bağlanmış müqavilələrin mövcud tələblərə uyğunluğu, provayderlərin qarşılaşdıqları problemlər və onların aradan qaldırılması ətrafında müzakirələr aparılıb.
İKTA indiyədək 150-dək provayderin uçota alınmasını təmin edib. Bir neçə dəfə görüşlər keçirib.
Görünən odur ki, 200-dək provayderin fəaliyyət göstərdiyi internet bazarında müəyyən müsbət tendensiyalar olsa da xidmətin keyfiyyəti, şəffaflıq və rəqabətli mühitlə bağlı müəyyən çatışmazlıqlar var.
Ardını oxu...
Eyni zamanda provayderlərin özlərinin yerlərdə qarşılaşdıqları problemlər var.
Nəinki təbii inhisar subyektləri, bir sıra hallarda bəzi böyük özəl provayderlər də digərlərinə süni əngəllər yaratmaqla bazarda üstün mövqe qazanmağa çalışlrlar.
Provayderlər həm xidmətin keyfiyyətinin qaldırılması, həm də qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində İKTA ilə əməkdaşlığın faydalı olacağımı bildiriblər.
Görünən odur ki, İKTA bu bazarda normal, rəqabətli və şəffaf mühitin formalaşması üçün real addımlar atmağa başlayıb.
Provayderlərin təklif etdikləri xidmətlərlə bağlı yeni Qaydalar hazırlanıb.
Vahid infrastrukturdan effektiv istifadə, internet istifadəçilərin provayderlərlə əlaqələrinin daha effektiv qurulması, bəzi MTK-larda bir provayderin üstün mövqeyə malik olmasının qarşısının alınması, dövlət resurslarından bərabər istifadə üçün şəraitin yaradılmasında İKTA tərəfindən müəyyən addımlar atılır və yeni tənzimləyici mexanizmlər hazırlanır.
Osman GunduTeref.az
 

Ardını oxu...
İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousu nəticə verə bilərmi?

Bu sualın cavabı ermənilər üçün ürəkaçan deyil. Çünki:

- Nəticəyə təsir edəcək beynəlxalq reaksiya yalnız Azərbaycanın Laçın postunu bağlayaraq, heç bir alternativ imkan yaratmadığı halda olardı: rəsmi Bakı alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edir və məsələ həqiqətən dedikləri kimi ərzaq problemidirsə, bunun həll yolu var;
- Qarabağ Azərbaycan ərazisidir və bu, müharibəyə qədər beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, müharibədən sonra bütün güc mərkəzləri reallığı qəbul ediblər, yaxud buna məcbur olublar;

Bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalını sıfırlayır. İrəvan ermənilərin “humanitar fəlakət”indən bəhs edəndə Ağdamdan istifadə etmək alternativi ilə üzləşir, ermənilərin bunu istəmədiyini deyəndə “Qarabağ Azərbaycan ərazisidir” cavabını alır.

Baş verənlərin təfsilatını Prezidentin köməkçisi Hikmət Hacıyev bir kəlmə ilə verib: Oyun bitdi!

Asif Nərimanlı - DİA.AZ
 
Ardını oxu...
Bu ilin payız aylarında Azərbaycanda konstitusiya referendumunun keçirilməsi gözləntiləri artır. Referendumun keçirilməsi proqnozlarını artıran amillərdən biri də dövlət büdcəsinə dəyişiklikdə seçkilər üçün vəsaitin xeyli artırılmasıdır. Qeyd edək ki, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat - 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılıb. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50 faiz yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Mütəxəssislər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyi ehtimalını artırır.

Yeri gəlmişkən, bir müddət öncə Milli Məclisin müxalif REAL Partiyasından olan deputatı Erkin Qədirli də açıqlamasında referendumun keçiriləcəyinə işarə etmişdi. Millət vəkili bildirmişdi ki, bu ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir.

Deputatın sözlərinə görə, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib: “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50 faiz artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”.

Ekspertlər hesab edirlər ki, bir sıra amilləri nəzərə alsaq, referenduma ehtiyac yaranıb. Hesab edilir ki, parlamentdə deputat sayının artırılması, proporsional seçki sisteminin bərpası, yerli icra hakimiyyətlərinin ləğvi, ölkədə vilayətlər formasında idarəçilik modelinə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi məsələlər referendumu, konstitusiya dəyişikliyini labüd edir.

Amma bunun əksini düşünənlər də var. Referenduma ehtiyac olduğunu, amma hökumətin buna getməyəcəyini, hazırkı ictimai-siyasi vəziyyətin referendum keçirmək üçün hakimiyyətə sərf etmədiyini söyləyən kəsim hesab edir ki, “payızda referendum keçiriləcək” iddiası məqsədli şəkildə ortaya atılıb, sadəcə rəyi yoxlamaq üçündür.

TEREF.AZ-ın məlumatına görə, siyasi icmalçı Azər Rəşidoğlu AYNA-ya bildirib ki, Azərbaycanda proporsional seçki sistemi bərpa edilməlidir: “Çünki demokratik dünya bu seçki sisteminə üstünlük verir. Lakin hesab etmirəm ki, yaxın aylarda bu seçki sistemi bərpa ediləcək və bununla bağlı referendum keçiriləcək. Artıq illərdir ki, ideoloqlar belə informasiyaları məqsədli şəkildə yayırlar. Kiçik partiyalar isə üzvlərinin transferinin qarşısını almaq üçün belə məlumatları tirajlayırlar. Bu, illərdir davam edir”.

“Ümumiyyətlə, fikrimcə, Azərbaycanda tam proporsional sistem heç vaxt bərpa edilməyəcək. Yarı proporsional, yarı majoritar seçki sisteminin bərpasından söhbət gedə bilər. Əlbəttə, siyasi partiyaların inkişafı və cəmiyyətin siyasiləşməsi prosesinin başa çatması üçün proporsional sistem daha məqbuldur. Amma bizdə indi başqa proseslər gedir”, - Rəşidoğlu əlavə edib.

Analitikin sözlərinə görə, hazırda gedən proseslər fərqlidir: “Kiçik partiyalar sıradan çıxardılır. Rusiya – Ukrayna savaşı davam edir. İranla münasibətlər gərgindir. Türkiyədə inflyasiya və siyasi böhran dərinləşir. Belə bir gərgin vəziyyətdə erkən seçki, özü də proporsional seçki sisteminə keçid, sonradan parlament seçkilərinin keçiriləcəyi inandırıcı deyil. Çoxsaylı partiyalar arasında kənar maraqlara xidmət edə biləcək qüvvələrin də olacağı ehtimalı mövcuddur. Odur ki, demokratik və şəffaf seçki hələ ki, real deyikl”.

A.Rəşidoğlu əmindir ki, növbəti seçkilər də majoritar sistem əsasında keçirəcək: “Yalnız ondan sonra, geosiyasi sabitlik nisbətən bərpa ediləndən sonra proporsional seçki sisteminin bərpası barədə düşünülə bilər. O da təkcə proporsional seçki sistemi yox, qarışıq sistem əsasında”.

“Nəzərə almaq lazımdır ki, ölkədə də vəziyyət qeyri-müəyyəndir. Adətən seçki prosesi gərginliyə səbəb olur. Qeyd etmək lazımdır ki, bölgələrdə sosial-iqtisadi vəziyyət ürəkaçan deyil, məmur özbaşnalıqları mövcuddur. Bu vəziyyətdə seçkilər əlavə problem yarada bilər. Ona görə də düşünürəm ki, belə bir vəziyyətdə iqtidar risk edə bilməz”, - deyə analitik fikrini davam etdirib.

Rəşidoğlu onu da deyib ki, hazırki geosiyasi reallıqlar müstəvisi də fərqlidir: “Hələlik hakimiyyətin qarşısında xeyli problemlər var. Ən mühüm məsələ isə Ermənistanla Azərbaycan arasında mövcud problemin həlli, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasıdır”.

DİA.AZ bildirir ki, REAL Partiyasının Siyasi Komitəsinin üzvü, İcra Aparatının rəhbəri Natiq Cəfərli isə payızda referendum keçiriləcəyinə inananlardandır. Siyasətçi AYNA-ya deyib ki, ilin sonunadək referendum keçirilə və Konistitusiyaya dəyişikliklər edilə bilər: “Buna doğrudan da zərurət var. Bu ilin büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər 50 faizə yaxın artırıldı. Bu, sıradan artım deyil”.

“Ölkənin inzibati ərazi vahidinin, həm də idarəetmə formasının yenidən təşklili üçün çox mühüm qərarlar verilməlidir. Biz bunu dəfələrlə qaldırmışıq. Daha oprtimal və effektli idarəetmə institutlarının təşikili, seçki sistemində dəyişiklik, proporsional sistemin bərpası kimi məsələlər həll edilməlidir. Bunun üçün də referendum, Konistitusiya dəyişiklikləri şərtdir. Böyük ehtimalla payız aylarında refendum keçiriləcəyinin şahidi olacağıq”, - REAL səlahiyyətlisi vurğulayıb.
 
Ardını oxu...
Azərbaycan Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi yenidən FETÖ məsələsini gündəmə gətirdi. Dünən DİN adından yayılan rəsmi açıqlamada bildirildi ki, Qubad İbadoğlu Türkiyədən daxil olan məlumat əsasında FETÖ-ya qarşı həyata keçirilən əməliyyat çərçivəsində saxlanılıb.
Azərbaycanda FETÖ şəbəkəsinin dərin kök atması ilə bağlı çox danışılıb və yazılıb. Prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifədə olduğu dönəmdə hökümətə yaxın olan əksər tanınmış KİV-lərdə Azərbaycanda FETÖ-nun olması ilə bağlı çeşidli materiallar yayımlandı. Ən maraqlısı bu idi ki, həmin məlumatlarda o vaxt vəzifədə çalışan bir çox şəxslərin adları konkret olaraq FETÖ ilə əlaqədə hallanırdı.
Ardınca , bu kampaniyanın nəticəsi olaraq, adları FETÖ ilə bağlılqda hallanan bir çox şəxslərin vəzifələrindən uzaqlaşdırılmasının şahidi olduq. Proses bununla da bitdi. Sonra Əli Həsənov Prezidentin köməkçisi vəzifəsindən azad edildi. Belə məlumatlar yayıldı ki, zamanında Əli Həsənov əlindəki media resurslarından istifadə edərək, öz rəqiblərinə FETÖ damğası vurarmaqla, onların zərərsizləşdirilməsinə nail olub.
Bu məsələdə kimin haqlı olduğu ilə bağlı konkret nəsə deyə bilmərəm. Ancaq fakt budur ki, Azərbaycanın rəsmi qurumları hakimiyyətə iddialı olan fəal bir müxalif liderini və onunla bərabər bir neçə şəxsi bu adla həbs edir. Deməli, ölkəmizə bu təşkilat tərəfindən təhdidlərin olduğu rəsmən də təsdiqlənir. Sözügedən təşkilat mahiyyət etibarı ilə ölkələrin bütün strukturlarına sızmağı qarşısına məqsəd qoyur.
Bu baxımdan da, uzun müddət Türkiyədə hegemon möqedə olan bu təşkilatın qonşu və qardaş Azərbaycana da nüfuz edə bilməsi və hazırkı məqamda gizli fəaliyyətə çəkilməsi inandırıcı görünür. Artıq sosial şəbəkələrdə bu örgütün izlərinin mediaya, hətta Milli Məclisə də gedib çıxa biləcəyi ilə bağlı paylaşımlar edilir, şərhlər yazılır, ehtimallar səsləndirilir.
Bir neçə il bundan əvvəl, ölkəmizə səfər edən Türkiyə Parlamentinin sabiq sədri ölkəmizdə FETÖ ilə əlaqəli olan KİV-in fəaliyyət göstərdiyini açıq söyləmişdi. Həmin vaxt onun məlum açıqlaması Türkiyə KİV-ləri və bizim bəzi saytlar tərəfindən belə tirajlandı.
İbadoğlu ilə bağlı son hadisə bir daha sübut edir ki, Azərbaycanda FETÖ töküntüləri ilə bağlı geniş araşdırmaların aparılmasına zərürət var. Bir təşkilat Azərbaycanla qardaşlıq edən bir ölkədə terror təşkilatı kimi tanınıbsa, deməli, onun ölkəmizlə bağlı da niyyəti xoş ola bilməz…
Məhəmmədəli Qəribli
 
Ardını oxu...
İranın dövlət agentliyi İRNA-nın Azərbaycan dilində bölməsi fəaliyyətə başlayıb. Məqsədin “Azərbaycan auditoriyasının İranla bağlı xəbərlərə birbaşa çıxışının olmasına şəraitin yaradılması və iki ölkənin ortaq düşmənlərinin (?) media planlarına qarşı fəaliyyət göstərmək, saxta xəbərlərlə mübarizə aparmaq” olduğu qeyd olunur.
Amma və lakin, İranın bu addımındakı hiylə də nəzərdən qaçmamalıdır.
İRNA-nın Azərbaycan bölməsi “İRNA Azəri” adı ilə açılıb. “Azəri” adlı millət, yaxud belə bir dil varmı?
Agentliyin əməkdaşı Muhammed Rizapur da Şuşada Prezident İlham Əliyevə sual ünvanyalanda “İRNA Azəri” demişdi, Prezident isə cavabında “İRNA Azərbaycan” olaraq düzəliş etmişdi.
O zaman sual yaranır: İran “xoş niyyət” olaraq qələmə verdiyi bu addımda Azərbaycanın və Azərbaycan dilinin adını niyə təhrif edir?! “Azəri” adının arxasında hansı niyyət yatır?
“Azəri” – azərbaycanlıların türk yox, farsdan dönmə millət olduğu ideologiyasına xidmət edən əsas tezisidir. İlk dəfə Əhməd Kəsrəvi tərəfindən irəli sürülüb. Kəsrəvi 1926-cı ildə nəşr etdirdiyi “Azəri ya Zəban Bastane Azərbaycan” adlı kitabında iddia edir ki, “azərbaycanlılar türk yox, “azəri” adlı ayrı millətdir və farsların bir qoludur, “azəri” dili də fars dilinin törəməsidir, azərilər türklərin bölgəyə gəlişindən sonra dillərini dəyişiblər”.
“Kəsrəviçilik” təlimi olaraq yayılan bu iddia İran rejimi tərəfindən Şimalla Cənubu ayırmaq məqsədinə xidmət etsə də, SSRİ-də də azərbaycanlıların Türkiyədən uzaqlaşdırılması siyasətində istifadə olunurdu. 1979-cu ildə mollalar şahı devirsələr də, “azəri” ideologiyasını davam etdirir, təkcə Cənubdakı soydaşlarımıza tətbiq edilmir, eyni zamanda, “Azərbaycan İranın tarixi parçası olub” siyasətində Arazın bu tayına da ixrac olunur.
İndi İRNA-nın – İran dövlət agentliyinin Azərbaycan dilindəki bölməsini “Azəri” adlandırması “kəsrəvçilik” təliminin və eyni siyasətin davamı deylmi?!
Qeyd: Azəri sözü Azərbaycan sözünün nisbi sifətidir, orta əsrlərdən işlənib. Azərbaycanda XIX sonlarından etibarən müəyən ziyalıları tərəfindən işlənirdi, o cümlədən, Cümhuriyyət dövründə və sonralar da politonim (insanların etnik, sosial və ya hər hansı digər kimliyini nəzərə almadan siyasi mənsubiyyətini göstərmək) olaraq istifadə edilib. Burada məsələ isə İranın “Azəri” sözündən azərbaycanlıların etnik kimliyini öz məqsədi kontekstində təqdim etməsidir. İRNA-nın Azərbaycan bölməsini “Azəri” adlandırması xalqın dilindən daha çox, “kəsrəviçilik” ideyasından qaynaqlandığı istisna edilməməlidir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Ət dövrü keçmişdə qaldı - restoranlar quzu kababını menyudan çıxarmağa başlayıb

Ətin qiymətinin günü-gündən artması problemi əhalini narahat etməkdə davam edir. Ötən ayın ortalarında biz hamımız yenidən qiymətlərin sürətli artımını hiss etdik. Gözlənildiyi kimi, qiymətlərə tələbin kəskin artması təkan verdi - lakin Qurban bayramından sonra da piştaxtalarda quzu və mal ətinin qiyməti artan səviyyədə qalır.

Bu il orta hesabla bir qurbanlıq qoçun qiyməti 210 manat və daha yuxarı qiymətdən başlayıb. Quzu əti alsanız, baha olacaq. 15 kq çəkisi olan qoç 200 manatdan yuxarıdır, quzu isə 250 manatdan ucuz deyil.

Bakıda ətin qiyməti yavaş-yavaş, lakin əminliklə kiloqramı 20 manata yaxınlaşır. Belə qiymətləri hər kəs ödəyə bilmir - əhalinin əksəriyyəti rasionunda daha ucuz zülallara - quş əti məhsullarına və yumurtaya keçir, bəzi şəhər kafeləri isə menyudan quzu kababını tamamilə çıxarıb.

Paytaxtın Nizami rayonundakı müəssisə sahibi deyir ki, qiymət artımı ilə gələnlər daha çox toyuq və onun içalatının kababından sifariş edirlər. Təmiz quzu əti əksər müştərilər üçün münasib deyil. Ziyarətçilər hesab edirlər ki, porsiyaların artması ilə birlikdə lülə kababın içinə ucuz ət əlavə olunur.

Bizdə qiymətlərin müxtəlif səbəblərdən qalxması barədə çox danışılıb, amma bir qayda olaraq enməyə tələsmir. Adətən bahalaşma müxtəlif bayramlar ərəfəsində başlayır. Kədərli hadisələr də artıma səbəb olur - məsələn, koronavirus pandemiyası ərzaq inflyasiyasını həmişəkindən daha çox dağıtdı. Ancaq səbəblər gəlir və gedir, lakin yüksək qiymətlər qalır.

Paradoks bazarımızın xəstəliyi ilə izah olunur - inhisar və kartel müqavilələri azad rəqabətə yer qoymur, ona görə də biznes fəaliyyət azadlığı əldə edib və qiymət etiketlərini artırır. Amma bunun altında yatan başqa amillər var - heyvandarlıq sektorunun özündə istehsalın azalması qiymətləri sürətləndirir. Və bu, ümumiyyətlə, təəccüblü deyil, çünki heyvandarlıq üçün yem tədarükü ilə bağlı vəziyyət arzuolunandan çox uzaqdır.

İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya şərhində ətin maya dəyərinə iki əsas amilin təsir etdiyini deyib: “Birincisi, bu, yemin dəyəri, ikincisi, onların saxlanması üçün şərtlərdir. Onlardan heç olmasa birinə əməl olunmasa, yerli ət bazarında qiymət sabitliyi olmayacaq”.

“Son vaxtlar mal və qoyun ətinin kiloqramının 16 və 18 manata qalxması da bu iki məqamda problemlərdən qaynaqlanır. Rayonlara, xüsusən də rayon mərkəzlərinə diqqətlə baxmaq kifayətdir ki, burada bəzən inək və qoyun saxlamaq üçün şərait olmadığını görəsən. Əvvəllər heyvanlar düz küçələrdə otarılırdı, indi tövlələrə sürülür, otlaqlar çatışmır. Otarmaq üçün yem baha başa gəlir, onların əkilməsi və saxlanması üçün lazımi şərait yoxdur. Ona görə də ət və süd məhsullarının bahalaşması ilə bağlı müzakirələr bundan başlamalıdır, çünki yem nə qədər bahadır və onun saxlanması xərcləri də bahadırsa, ət də bir o qədər bahadır. Təbii ki, burada paytaxtda ətin qiymətinin süni şəkildə qalxması faktorunu da istisna etmək olmaz, lakin qiymətlərin sabit olmasının əsas şərti ölkənin regionlarında məhsulun çoxaldılmasıdır: bizdə isə tələbat artır, təklif azalır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, paytaxtda qiymət artımı üçün inhisarçılıq və kartel müqavilələri rol oynayır: “Bununla mübarizə aparsaq da, hələlik heç bir irəliləyiş görünmür. İnflyasiyanın da təsiri var - axı ətrafda hər şey bahalaşırsa, bu fərdi biznes də istehlakçı üçün öz qiymətlərini artırmağa çalışır, əks halda hər şeyin xərclərini necə ödəmək olar?! Amma vəziyyətin mürəkkəbliyinə baxmayaraq, hesab edirəm ki, bizim vəziyyətimiz ümidsiz deyil və hər zaman addım üçün yer var. Sadəcə olaraq, müvafiq idarələrimiz ekspertlərin və KİV-in tövsiyələrini nəzərə almalı, düzgün istiqamət seçməli və problemin həlli üzərində işləməlidir, əks halda bu problem daha da mürəkkəbləşəcək və tamamilə nəzarətdən çıxacaq”.

Bu arada, yerli ət istehsalının statistikası maraqlı mənzərə yaradır - rəsmi məlumatlar ənənəvi olaraq artımı bildirir. Məsələn, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə mal əti istehsalı 137,9 min ton, quzu və keçi əti istehsalı isə 85,3 min ton təşkil edib. Bir il sonra, 2020-ci ildə bu maddələr üzrə istehsal müvafiq olaraq 143,1 və 87,7 min ton təşkil edib. Bir sözlə, statistikaya görə, bütün bu illər ərzində kəsilmiş ət istehsalı, sadəcə olaraq, artım zirvəsindədir. Buna baxmayaraq, statistika göstərir ki, bizdə iribuynuzlu mal-qara xırda mal-qaradan qat-qat çoxdur. Məsələn, 2019-cu ildə inək və camışların sayı 1279,1 min baş, 2022-ci ildə 1288 min baş, xırdalar isə ötən ilin məlumatlarına görə nəzərəçarpacaq dərəcədə az - 7899,7 min baş olub.

DSK-nın məlumatlarına toxunan Qarayev belə qənaətə gəlib ki, iribuynuzlu mal-qaranın sayı ildən-ilə artsa da, xırdabuynuzlu mal-qaranın sayı azalır: “Bunu əsas heyvandarlıq ərazilərində - Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabrandakı vəziyyət göstərir. Qoyun və keçilərin sayına görə aparıcı iqtisadi rayon Qazax-Tovuzdur (buraya Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonları daxildir). Ölkənin ən mühüm heyvandarlıq sahələri üzrə son illərin statistikası xırdabuynuzlu mal-qaranın sayının azaldığını göstərir”.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Erkin Qədirli: “Seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir”

Vahid Əhmədov: “Azərbaycanda olan 14 iqtisadi rayona Prezidentin xüsusi nümayəndəsi təyin edilməli, icra başçısı strukturu ləğv edilməlidir”

Azər Qasımlı: ““Hesab edirəm ki, hökumətin nəzərdə tutduğu dəyişiklik siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb”

Azərbaycanda payızda konstitusiya referendumu keçiriləcəyi ilə bağlı qeyri-rəsmi məlumatlar səngimək bilmir. Ehtimalları gücləndirən amillərdən biri də bu ilin büdcəsinə dəyişiklikdə seçkilər üçün vəsaitin artırılmasıdır. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat - 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılıb. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50 faiz yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Mütəxəssislər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyindən xəbər verir.

Bu günlərdə REAL Partiyasından olan deputat Erkin Qədirlinin açıqlaması da referendum keçiriləcəyinə inamı artırıb. Millət vəkili qeyd edib ki, bu ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Deputat xatırladıb ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib: “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”.

Deputat bir qədər dəqəqləşdirərək vurğulayıb ki, referendum konstitusion islahatlarla bağlı olacaq: “Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

“Seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir. 1995-2002 illərdə bizdə proporsional seçki olub. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, – Erkin Qədirli sosial şəbəkə hesabında yazıb.

Deputat iddia edib ki, Nazirlər Kabinetinin strukturunda da dəyişikliklər olacaq. Yerli ekspertlər də hesab edirlər ki, ya Nazirlər Kabinetinin səlahiyyətləri genişləndiriləcək, ya da ümumiyyətlə, Kabinet ləğv ediləcək, vitse-prezident institutu gücləndiriləcək, Prezidentin xüsusi nümayəndələrinin funksiyaları daha da artırılacaq.

Payızda referendum keçirilməsini hökumət mənbələri təkzib edib. “Qafqazinfo”nun hakimiyyət mənbələrindən əldə etdiyi məlumata görə, referendumun keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə hər hansı bir plan, perspektiv nəzərdə tutulmayıb.

Mənbənin sözlərinə görə, deputat Erkin Qədirlinin referendumun keçiriləcəyi və baş verəcək dəyişikliklərlə bağlı iddiaları onun şəxsi mülahizələridir. Belə bir məsələ yoxdur.

Məsələ ilə bağlı digər deputat Vahid Əhmədov AYNA-nın suallarını cavablandırarkən bildirib ki, referendumun keçirilməsi mümkündür:

Ümumiyyətlə, bununla bağlı çoxdan söz-söhbətlər var. Mətbuatda da referendumla bağlı xeyli yazılar dərc edilib, təkliflər səsləndirilib. Bizdə də müəyyən məlumatlar var. Biz struktur dəyişikliyi aparacağıqsa, buna gedilməlidir. Cənab Prezidentin təyin etdiyi xüsusi nümayəndələr hesab edirəm ki, özünü doğruldur. Bu istiqamətdə ciddi işlər gedir. Bu proses baş verəcəksə, əlbəttə, referendum mütləq olmalıdır”.

“Milli Məclisə seçkilərlə bağlı da söhbətlər var, proporsional sistemin bərpası, mojaritar sistemin qalması, qarışıq sistem, deputat sayının artırılması və s. ola bilsin ki, bu da baş versin. Mən Erkin Qədirlinin o fikirlərini oaxudum, ola bilsin ki, dedikləri məsələlərin bəziləri doğrudur. Amma ola bilər ki, dediyi məsələlərin içərisində həqiqət olmayanlar da var. Amma referendumun keçirilməsi vacibdir”, - deputat əlavə edib.

Nazirlər Kabineti ilə bağlı məsələyə gəlincə, V.Əhmədov qeyd edib ki, bu barədə zamanında təkliflər səsləndirib: “Hesab edirəm ki, vitse-prezidentlik institutu tam gücü ilə işləməlidir. Birinci vitse-prezident var, yaxşı da işləyir. Digər vitse-prezidentlər də olmalıdır ki, müəyyən sahələrə baxsınlar. Nazirlər Kabineti paralel strukturdur. Nazirlər Kabinetinin yüksək səlahiyyəti də yoxdur ki, bu, müəyyən problemlər yaradır. Ya prezident vitse-prezidentlik institutunu gücləndirmək lazımdır, Nazirlər Kabinetini də ləğv etmək lazımdır, ya da ki, Nazirlər kabinetinin səlahiyyətlərini artırmaq, onu möhkəmləndirmək və saxlamaq lazımdır”.

“Referendumun keçirilməsi çox vacibdir. Çünki bu dəqiqə yerli icra orqanları özünü doğrultmur. Baxın, son illərdə neçə icra başçısı həbs olundu, neçəsi vəzifədən çıxarıldı, cinayət işi açıldı. Eləcə də icra başçılarının bəzilərinin vətəndaşlarla davranışları yerində deyil. Bunlar sual doğuran məsələlərdir. Prezidentin səlahiyyətli nümayəndəsi institutu özünü doğruldubsa, icra başçılarına nə ehtiyac var. Azərbaycanda olan 14 iqtisadi rayona Prezidentin xüsusi nümayəndəsi təyin edilməli, icra başçısı strukturu ləğv edilməlidir. Əvəzində bələdiyyələrə müəyyən səlahiyyət vermək lazımdır ki, onlar işləsinlər, xalqın sosial vəziyyəti ilə məşğul olsunlar”, - deyə Əhmədov fikrini tamamlayıb

Siyasi Menecment İnstitutunun rəhbəri, analitik Azər Qasımlı AYNA-ya bildirib ki, referendumun keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır: “Hesab edirəm ki, hökumətin nəzərdə tutduğu dəyişiklik siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir. Mən deyə bilmərəm ki, bunu payızda edəcəklər, gələn il, yoxsa beş il sonra. Bu, siyasi qərardan asılıdır. Amma referenduma gedilməsi zərurəti var və hökumət də bunu anlayır”.

“Konstitusiyaya dəyişikliyə gəldikdə isə ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan Konstitusiyası sıfırdan yazılmalıdır. Azərbaycanda siyasi sistemdə köklü dəyişiklik olmalı, kiçik ərazilərdə yerli özünüidarəetmə orqanlarının, yəni ki, bələdiyyələrin imkanları artırılmalıdır. Böyük şəhərlərdə isə seçkili orqan olaraq mer idarəetmə forması qurulmalıdır”, - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Peskov Rusiya Federasiyasının “Taxıl sazişi”ndən çıxdığını açıqlayıb. Rusiya XİN də bəyanat verdi. Proqnozlaşdırıla bilən idi. Kremlin sazişə yenidən qayıtması da proqnozlaşdırıla bilər, amma indi yox, bir az sonra, sentyabrın ortalarına yaxın. Niyə?

Rusiyanın bu məsələdə məntiqi problemi mahiyyəti üzrə həll etmədən sanksiyaların dayandırılması üçün presedentlər yaratmaq mümkün olan variantları tapmağa çalışmasıdır. Xatırladım ki, birinci “Taxıl sazişi” ilə paralel olaraq Rusiya Federasiyasından gübrələrin (bütün növlər) ixracına, avadanlıqlar üçün bəzi komponentlərin idxalına məhdudiyyətlər dayandırılmışdı.

Gübrələrdən super mənfəət (və qiymət dəfələrlə qalxdı) hesabına Kreml neft gəlirlərinin bir hissəsinin itkisini qismən kompensasiya etdi və “özününkü” üçün süni şəkildə aşağı qiymətlərlə oynayaraq yoxsul ölkələrə təsirini artırdı. Həmçinin Belarusun gübrə ixracının əngəlləndiyini nəzərə alsaq, Lukaşenkoya əlavə təzyiq rıçaqları var idi.

İndi Rusiya "Rosselxozbank"ın məhdudiyyətlərdən (SWIFT-ə qoşulma) çıxarılmasını, Aİ ölkələrindəki aktivlərinin bir hissəsinin dondurulmasını və bir sıra digər "xırda məsələləri" tələb etməyə başlayıb. Lakin danışıqlar “nə sarsıntılı, nə də yuvarlanan” idi. Yəni zəmanətli yeni güzəştlər olmadan. İcazə veriləcək gəmilərin sayının azaldılması şəklində şantaj (təftiş qruplarının Rusiya tərəfi tərəfindən yoxlanılmaması) müqavilələrin qaçılmaz olaraq ləğv edilməsinə də işarə edirdi.

Bunun fonunda Ukraynanın Krım körpüsünə uğurlu hücumu da var. Əslində Kreml üçün Kiyevə cavab verəcək heç nə yoxdur, “Taxıl sazişi”ndən başqa. Təbii ki, bu hadisəni əsas gətirərək: “İncidik, getdik” dedilər.

Səbəb olmasaydı, yenə də “inciyəcəkdilər”. Axı bir daha payı qaldırmaq və müharibənin dondurulması zərurəti ilə bağlı söhbətləri canlandırmaq lazımdır. Həm də bazarda azacıq əsəbilik yaratmaq lazımdır ki, bu, ərzaq və ən əsası gübrənin qiymətini qaldıracaq.

Lakin Rusiya Federasiyası sövdələşməyə qayıdacaq. Niyə sentyabr ayında? Çünki gübrə bazarı mövsümi xarakter daşıyır. Müqavilələrin bağlanması üçün zirvələrdən biri isə sentyabr-noyabr aylarına düşür. Razılaşmaya qayıtmazdan əvvəl, Rusiya fürsətdən istifadə edərək sanksiyaları dəstəkləməyən ölkələr üçün qiymətləri yüksəltməyə cəhd edəcək. Və sonra hər kəs üçün qaldıracaq. Digər yandan, ixrac üçün yeni taxıl məhsulu artıq göndərilməyə hazır olacaq. Sonuncu heç də az əhəmiyyət kəsb etmir, çünki Rusiyada, eləcə də Ukraynada taxılın uzunmüddətli saxlanması üçün imkanlar məhduddur. Yəni bu ilin məhsulunu satmaq lazımdır ki, gələn il əkməyin mənası olsun. Ona görə də, Kreml müqaviləyə qayıdacaq.

Rusiyanın sövdələşməyə geri qayıtması daha tez baş verə bilərmi? Təbii ki, mümkündür. Burada Türkiyəni yaxından izləmək lazımdır. Xatırladım ki, ruslar Xersondan qaçmazdan əvvəl də “Taxıl dəhlizi”nin işini dayandırmaqla hədələmişdilər. Ankara rusların istəmədiyi təqdirdə Türkiyə tərəfinin gəmilərin yoxlanılmasının mümkünlüyü ilə bağlı tezislə cavab verdi. Və müvafiq olaraq, taxıl daşıyıcılarının Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən müşayiəti ilə. Nəzəri cəhətdən bu gün Ərdoğana unudulmuş tezisi təkrar etməyə heç nə mane olmur. Və Kremlin mahiyyəti üzrə cavab verə biləcəyi bir daha mümkündür. Axı ixracın əhəmiyyətli hissəsi, eləcə də paralel idxal Türkiyədən keçir. Ona görə də Rusiya Federasiyası yenə də “Taxıl sazişi”nə qayıdacaq. Sadəcə bir-iki ay ara verildi.

Müəllif: İqar Tışkeviç - Ukrayna Gələcək İnstitutunun politoloqu.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
 
Ardını oxu...
Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Kifayət qədər diqqətçəkən görüş olduğunu demək mümkündür.

Görüş zamanı müzakirə edilənlər görüşün hansı atmosferdə keçdiyini və sonrakı proseslərlə bağlı fikir irəli sürməyə əsas verir.

Budəfəki görüşdə 7 əsas məsələ müzakirələrin əsasını təşkil edib:

Birincisi, biri və ən ümumisi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesidir.

Bu məsələ o baxımdan ümumidir müzakirə edilən digər məsələlər həmin bu məsələnin detallarıdır. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması və imzalanması danışıqların əsasını və yekununu təmsil edir.

Rəsmi Bakı məsələnin ən qısa zamanda, daha dəqiqi, 2024-cü ilin sonlarına qədər həllində israrlıdır. Prosesi sürətləndirmək üçün əlindəki bütün diplomatik-siyasi rıçaqlardan istifadə edir. Hətta lazım gələrsə, hərbi variantın da gündəlikdə olduğunu şifahi və əməli şəkildə göstərir. “Qisas-2” əməliyyatı da buna misal ola bilər.

İkincisi, müzakirə edilən məsələ Azərbaycanın suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin məskunlaşması və növbəti mərhələdə məcburi köçkünlərin qaytarılmasıdır.

Rəsmi Bakı bunu daxili məsələ hesab etdiyi üçün Brüssel görüşünün gündəliyinə çıxarmaq istəmir. Lakin Ermənistan tərəfinin Qarabağı Azərbaycan ərazisi olaraq tanıması, bununla belə, ermənilərin taleyi ilə bağlı məsələdə narahatlığına görə bunun müzakirəsi mümkündür.

Bütün hallarda rəsmi Bakını maraqlandıran məsələ reinteqrasiya prosesinin qısa zamanda, özü də uğurla başa çatmasıdır. Əgər bu məsələ Brüssel görüşlərində müzakirə ilə həllini tapacaqsa, bizim üçün heç bir fərqi yoxdur.

Diqqqətçəkən bir məqam isə Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia etməsidir. O bildirib ki, rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb.

Bu, “yol xəritəsi” 4 mərhələdən ibarətdir:

- Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;

- Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;

- Qarabağdakı silahlıların tamamilə tərki-silah edilməsi və ləğv olunması;

- Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi.

Şahnazarov bildirib ki, bu proqramın həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub və hər mərhələ 3 ay ərzində yerinə yetirilməlidir.

Şahnazarovun açıqlamasının detallarından çox proqramın həyata keçirilməsi üçün 12 ay müddətin nəzərdə tutulması və hər mərhələnin 3 ay ərzində başa çatması diqqət çəkir. Bu, rəsmi Bakının prosesi bitirmək istədiyi müddətlə üst-üstə düşür. Bunun baş verib-verməyəcəyi gələcək proseslərdən asılıdır. Lakin ümumilikdə bu tipli bir həll variantını məqbul saymaq olar.

Üçüncüsü, müzakirə edilən məsələlərdən biri də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Prinsip etibarilə 10 Noyabr bəyanatının dördüncü bəndinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli, bununla paralel Rusiya sülhməramlıları regiona gəlməli idi. Lakin bu bənd bu günə qədər icra edilməyib.

Hazırda Qarabağda 10 minə yaxın erməni silahlı birləşməsinin olduğu məlumdur. Ermənistan tərəfi Qarabağda onun hərbçilərinin olmadığını iddia etsə də, son insidentlər fonunda ölən şəxslərin Ermənistan vətəndaşı olması müəyyən edilib.

Aydın məsələdir ki, rəsmi Bakı Qarabağdakı silahlıların Ermənistanın nəzarətində olmadığını bilir. Burada edilən təzyiqlərin məqsədi Ermənistanın həmin silahlıları qanunsuz adlandırmasıdır. Rəsmi İrəvan Qarabağdakı silahlıları qanunsuz adlandırsa, bu, Bakının ehtimal olunan anti-terror əməliyyatı üçün əlini gücləndirər.

Dördüncüsü, Laçın sərhəd-keçid məntəqəsində son qaçaqmalçılıq cəhdlərinin aşkarlanması məsələləri də müzakirə edilən mövzulardandır.

Rəsmi Bakı Laçın sərhəd-keçid məntəqəsində nəzarət imkanlarının artırılması üçün əlavə qurğular qurması buranın iki dövlət arasında əsas sərhəd-keçid məntəqəsi olmasını istəyir.

Digər dövlətlərlə olduğu kimi, Ermənistandan Azərbaycan ərazinə daxil olan şəxslər və ya yük maşınlarının beynəlxalq hüquq çərçivəsində tənzimlənməsini tələb edir.

Beşincisi, sərhədlərin demarkasiyası, nəqliyyat kommunikasiyaları və dəhlizlərin açılması, xüsusən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi də tərəflər arasında müzakirə edilən mövzulardandır. Hətta demək olar ki, Brüssel görüşünün əsas müzakirə edilən mövzuları məhz bunlardır.

Sərhədlərin demarkasiyası məsələsində tərəflərin görüşləri fərqlidir. Düzdür, tərəflər bundan öncəki Brüssel görüşündə sərhədlərin 1991-ci il Almatı bəyanatına uyğun tanınmasından razı olsalar da, anklav və eksklavlar məsələsində fikir ayrılığı müzakirələrin uzanacağını göstərir.

Bu məsələnin həlli sülh müqaviləsindən sonraya da qala bilər. Və ya anklav prinsipi, habelə tərəflərdən birinin güzəştə getməsi ilə daha tez müddətə həll edilə bilər.

O ki qaldı Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəhlizin açılması məsələsinə, Ermənistan dəhliz ifadəsinə qarşıdır. Ümumiyyətlə, bu məsələ “dəhlizə dəhliz” prinsipi ilə həll edilməlidir. Yəni Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Yox, Ermənistan dəhliz vermək istəmirsə, əvəzində, Laçın dəhlizindən imtina etməlidir.

Altıncısı, Brüssel görüşü zamanı müzakirə edilən məsələlərdən ən maraqlısı bəlkə də, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasıdır.

Rəsmi Bakı bu məsələyə xüsusi həssaslıqla yanaşır. Hətta bu məsələnin yekunda icrası üçün regionlarda, habelə paytaxtda icmalar vasitəsilə Qərbi azərbaycanlıların siyahıya alınması prosesinə başlanılıb.

Ermənistanla Azərbaycan arasında yekun sülh olacaqsa Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı gerçəkləşməlidir.

Ermənistanda Qərbi azərbaycanlıların varlığı gələcəkdə gərginliyin yenidən alovlanmasının qarşısını ala bilər.

Yeddincisi, müzakirə edilən digər məsələ humanitar yüklərin marşrutunun Laçın yolundan Bərdə-Ağdam marşrutuna dəyişməsidir.

Əslində bu məsələ rəsmi Bakının uzun müddətdir gündəliyindədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Laçın yolu ilə qanunsuz daşımalarının aşkarlanması fonunda isə rəsmi şəkildə tələb halına keçib.

Bakı, başda humanitar daşımalar olmaqla, digər daşımaların Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsini tələb edir. Bu baş verərsə, Azərbaycan həm humanitar yük adı altında daşınan mallara nəzarət edə, həm də Qarabağ ermənilərinin təminatını özü qarşılaya bilər. Bu isə reinteqrasiya prosesinə müsbət təsir edər.

Turan RZAYEV
Politoloq

Dünyapress TV

Xəbər lenti