Ardını oxu...
ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüş bir neçə gün çəkdi. Adətən Vaşinqtonda bu cür görüşlər uzun çəkir. Demək ki, detallı müzakirələr olub. Amma görüşün nəticəsi olaraq açıqlanan odur ki, hələ konseptual məsələlər üzrə razılıq yoxdur. Ola bilsin ki, kiçik detallar üzrə razılıqlar var. Böyük irəliləyiş hələ ki, əldə olunmayıb.

Bunu Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Vaşinqton görüşlərinin nəticəsinə dair müəyyən ümidlər var idi:

“Görünür, ermənilərin Qarabağda törətdiyi təxribata cavab olaraq Azərbaycanın adekvat tədbirləri də görüşün mahiyyətinə təsir edib. Çünki Ermənistan hakimiyyəti dediyini etməyə qorxur. Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü səviyyəsində tanımağa hazır olduğunu bəyan etmişdi. Əslində bu yanaşma məsələnin böyük ölçüdə həll idi. Sadəcə bunun sənəddə əks olunmasını geçikdirirlər”.

Politoloq hesab edir ki, qarşı tərəf yenə də Qarabağ məsələsini önə çəkir:

“Orada hansısa təhlükəsizlik və təminatdan danışılır. Buna da Azərbaycan razı ola bilməz. Çünki bu ölkəmizin daxili məsələsidir. Görünən odur ki, Vaşinqtonda bu məsələlərdə razılıq yoxdur”.

Elxan Şahinoğlu ABŞ-da iki tərəfli və üçtərəfli müzakirə olunan məsələlərə də münasibət bildirib:

“Əslində bütün məsələləri eyni zamanda həll etmək mümkün deyil. Azərbaycanın Ermənistanla həll etməyə çalışdığı üç məsələ var. Bunlar sülh sazişi, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizidir. Hazırda Vaşinqton konseptual sülh sazişi üzərinə fokslanıb. Çünki sülh əldə edilsə digər proseslərin həlli də sürətlənə bilər. Eyni zamanda Vaşinqton hər üç məsələyə baxa bilməz. Burada fikir ayrılıqları çox dərindir. Fakt odur ki, dəhliz məsələsi ilə daha çox Moskva məşğul olur. Avropa İttifaqı isə daha çox sərhədlərin müəyyənləşməsinə diqqət ayırır”.
 
 
 
Ardını oxu...
“Putin Priqojin haqqında danışarkən tir-tir əsir və onun adını çəkmir. Eynilə Navalnı kimi. Bu, Putinin düşməninin ali dərəcəsini göstərir”.

Bunu tanınmış publisist və politoloq Andrey Piontkovski Priqojinin hərbi qiyamını və ondan sonra baş verənləri şərh edərkən deyib.

Doğrudan da, Putinin Priqojinin adını çəkməməsi olduqca əlamətdar psixoloji məqamdır və onun daxili qorxularının, eləcə də hədsiz nifrətinin və bu nifrəti real əmələ çevirə bilməmək acizliyinin təzahürüdür. Bəli, Putini indiyə kimi Priqojin qədər aşağılayan olmayıb. İllər öncə Türkiyə səmasında Rusiya hərbi təyyarəsinin vurulması, eləcə də görüşlərin birində Ərdoğanın onu gözləməyə vadar etməsi Putinin aşağılanmasına dair nadir hallar sayılırdı. Ancaq Priqojinin etdiyi elə bir ağır zərbə oldu ki, bunun sarsıdıcı gücünü Putinin dünyadakı ən açıq və gizli tərəfdarları belə etiraf etməli oldular.

Məsələn, sabiq ABŞ Prezidenti, Putini göylərə qaldırmaqdan həzz alan, onunla yaxın münasibətlərdən qürrələnən və hazırda da hakimiyyətə can atan Donald Tramp bu qiyamın Putini zəiflətdiyini deyib: “Deyərdim ki, o, ən azından çox insanların düşüncəsində zəifləyib”.

Piontkovski isə Putinin zəifləməsini və Priqojinin üstün durumunu belə izah edib: “Putin hakimiyyətinin zəifləməsinin ən böyük sübutu nədir? Ən böyük sübut odur ki, Priqojin sağdır! Sadəcə, sağ deyil, həm də hərəkətdədir. Kremlin bütün təbliğat maşını Priqojini satqın kimi təqdim etdiyi halda o, hakim rejimin aparıcı siyasətçilərilə, oliqarxlarla görüşür. Bu gün hətta Putin Priqojini həbs etmək əmri versə belə, bu əmrin yerinə yetirilməməsi ehtimalı var”.

Doğrudan da, hazırda Priqojini həbs edəcək, cəzalandıracaq qüvvə varmı?

Priqojin Belarusda qaldıqca, Lukaşenko buna imkan verməz və əlbəttə ki, “Vaqner” başçısının Belarus ərazisində tək, yaxud 3-5 cangüdəniylə yaşadığı da qətiyyən inandırıcı deyil. Sözsüz ki, onun mühafizəsi çoxsaylı “vaqnerçilər” tərəfindən yüksək səviyyədə təşkil olunub.

Onun hətta Sankt-Peterburqa, Moskvaya səfərlər etdiyi barədə iddialar belə var. Bu xəbərlər inandırıcı görünməyə bilər, ancaq fakt odur ki, hazırda Rusiyada Priqojini ələ keçirə, həbs edə və cəzalandıra biləcək güc strukturunun mövcudluğu sual altındadır.

Putinə nisbi sadiqliyini saxlayan keşmiş cangüdəni Viktor Zolotvun “Rosqvardiya”sının indiyə kimi ən böyük “qəhrəmanlığı” dinc aksiyaları dağıtmaq, müdafiəsiz insanları əzmək olub. “Tik-tok qəhrəmanları” olan “kadırovçular” isə nəyə qadir olduqlarını Priqojin Rostovda olanda göstərdilər. Odur ki, bu qüvvələrin böyük döyüş təcrübəsinə və bacarığına malik peşəkar “vaqnerçilər”lə döyüşdə qələbə şansı sıfra yaxındır. Məhz buna görə hələ qiyma günündə ekspertlərin əksəriyyəti Priqojinin sialhlı kolonunun qarşısının yalnız aviazərbələr və raket zərbələri ilə alına biləcəyini söyləyirdilər.

Bəs Rusiya hərbi hava qüvvələrinin komandanı kimdir? Sergey Surovikin. O Surovikin ki, Priqojinin adamı hesab olunur və hazırda barəsində araşdırma aparıldığı, həbs edildiyi barədə rəsmən təsdiq olunmayan məlumatlar dolaşır.

Rusiya mətbuatında gedən məlumatrlara görə, Surovikinin hətta şəxsi “Vaqner” jetonu və nömrəsi var. Onu da xatırladaq ki, bu ilin əvvəlinə qədər Rusiya Müdafiə nazirinin müavini vəzifəsini daşıyan general Mixail Mizintsev hazırda “Vaqner”-in belə demək mümkünsə, Baş Qərargah rəisidir...

Yeri gəlmişkən, “Vaqner”-in guya Priqojindən alındığı və ona qarşı çıxdığı, Müdafiə Nazirliyinə tabe etdirildiyi barədə məlumatlar öz təsdiqini tapmır. Əksinə, məlum olub ki, “Vaqner” üzvlərinin cəmi 1 faizi Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa razılaşıblar. Qalanları isə Priqojiniə sədaqətini saxlayır, onların gələcək taleyi və mümkün fəaliyyəti isə heç də Kremlin iradəsinə tabe olacaq kimi görünmür...

“Vaqner”-in maliyyələşdirilməsinə gəlincə, mütəxssilər qeyd edirlər ki, Kreml sözdə bu təşkilata maliyyə ayırmayacağına eyham vursa da, hərbi qruplaşmanın fəaliyyət göstərdiyi Afrikadan və Yaxın Şərqdən maliyyə axını davam edir. Qeyd olunur ki, Putin həmin dövlətlərə öz adamlarını göndərsə də, Afrika ölkələrinin liderləri Priqojinlə işləməkdə davam edirlər. Çünki indiyə kimi onların hakimiyyətinin, şəxsi təhlükəsizliyinin və gəlirlərinin saxlanmasında məhz Priqojinin adamlarının xüsusi rolu olub. Sahədəki “vaqnerçilər” Priqojindən başqa heç kimi tanımırlar, heç kimə tabe olmurlar. Kremlin onları əvəz edəcək xüsusi təyinatlı, təcrübəli qüvvələri isə sadəcə, yoxdur...
Artıq Priqojinin Rusiya ordu və güc strukturları rəhbərləri, oliqarxları, siyasi elitası ilə sıx əlaqələrə, hətta himayədarlara malik olduğu heç kimdə şübhə doğurmur. Rusiyanın gələcək taleyində mühüm rol oynayacaq bu adamların gözündə isə Putin zəiflədikcə, Priqojin yüksəlir. Odur ki, Priqojinin hərbi qiyamının guya qurama olduğu, Putinlə razılaşdırılaraq təşkil olunduğu və sair bu qəbildən olan iddialar gülməli və çürükdür.

Nəticə etibarilə Putinin yeganə xilas yolu Priqojini məhv etməkdir. O, sağ qaldıqca təhlükəlidir. Ona görə hazırda bir çox ekspertlər qiyamın fiziki olaraq yarımçıq qaldığını bildirsələr də, mahiyyət etibarilə hələ bitmədiyini deyirlər. Qeyd edirlər ki, Priqojinin məskunlaşdığı bildirilən Belarusdan Moskvaya, Kremlə qədər məsafə daha yaxındır, nəinki Rostovdan...

Cəlal Məmmədov

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Rusiya son hərbi-siyasi təlatümlərin təsirindən hələ də çıxa bilməyib. "Vaqner"in yarımçıq qalmış hərbi qiyamı Kremlin əsas probleminə çevrilib. İndi daha çox "Rusiyada qiyam bitdimi, yoxsa hələ də davam edirmi" məzmunlu suallar rus ictimai fikrində aktual olaraq, qalmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, "Vaqner"in hərbi qiyamı ətrafında müzakirələr istənilən halda, əsas sualları məhz Rusiya prezidenti Vladimir Putinin üzərində indekskəşdirir. Çünki hazırda prezident Vladimir Putin Rusiya dövlətçiliyi və onun gələcək taleyi baxımından, "açar fiqur" rolunu oynayır. Ona görə də, prezident Vladimir Putinin Rusiya dövlətçiliyi üçün önəmi ilə yanaşı, Kreml sahibinin bundan sonra hakimiyyətdə qalmasının ölkənin gələcək taleyinə təhlükəli ola biləcəyi də mübahisələrə yol almaqdadır.

Məsələ ondadır ki, Rusiya öz müasir tarixində artıq üçüncü dəfədir, oxşar hərbi-siyasi proseslərdən keçmək məcburiyyətində qalıb. İlk dəfə keçmiş SSRİ adlanan ölkənin paytaxtı olan Moskvada hərbi-siyasi qiyam yatırılsa da, dövlət çevrilişi hər halda, baş verdi. "Demokrat şineli"nə bürünmüş keçmiş prezident Boris Yeltsin və yaxın ətrafı hakimiyyətə gəldi. Keçmiş SSRİ parçalanıb, dağıldı, yeni dövlətlər yarandı.

İkinci oxşar hərbi-siyasi proseslər prezident Boris Yeltsinin istefası ilə nəticələndi. Rusiya "dərin dövləti" o vaxt demək olar ki, heç kimin tanımadığı indiki prezident Vladimir Putini hakimiyyəti gətirdi. Prezident Vladimir Putin Rusiya tarixinə ölkədə silahlı separatizmin zərərsizləşdirilməsi ilə düşmüş oldu. Kreml sahibi zəifləmiş mərkəzi hakimiyyəti gücləndirdi, Rusiyadan ayrılmaq istəyən federasiya subyektlərinin ipini çəkdi. Nəticədə prezident Vladimir Putin parçalanmaq təhlükəsi ilə üzləşmiş Rusiyanı xilas etdi.

Ancaq Kreml sahibinin güclü dövlət lideri hesab olunduğu dövr artıq arxada qalmağa başlayıb. Çünki "Vaqner"in hərbi qiyamı yarımçıq qalmış olsa belə, prezident Vladimir Putinin imicini korlamaq, siyasi avtoritetini zəiflətmək üçün tamamilə yetərli oldu. Hər halda, indi Kreml sahibi əvvəlki kimi, nüfuza və etimada malik deyil. Ukrayna savaşında Rusiyanın çətin duruma düşməsinə paralellik təşkil edən hərbi qiyam ölkədə yeni siyasi liderə ehtiyacın olması barədə qənaətləri ön plana çıxarıb.

Təbii ki, belə qənaətlərin güclənməsi üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Hər halda, "Vaqner"in hərbi qiyamı Rusiyanın illərlə yığılmış fundamental problemlərini açığa çıxartdı. Məlum oldu ki, Rusiyanın siyasi idarəçilik sistemi köhnəlib, müasir tələblərə cavab vermir, dövlətə qarşı real təhlükələrə reaksiya göstərə bilmir. Və sürətli islahatlar aparılmazsa, növbəti hərbi-siyasi böhran Rusiya dövlətinin sonunu gətirə bilər.

Hər halda, indi bütün dünya Rusiyanın müdafiə sisteminin ciddi şəkildə zəif olduğuna əmindir. Çünki "Vaqner"in cəmisi 25 minlik silahlı qruplaşma ilə bütün ölkənin içindən keçib, paytaxt Moskvanın 200 kilometrliyinə qədər irəliləyə bilməsinin başqa izahı yoxdur. Düzdür, Kremlə yaxın siyasi dairələr "Vaqner"in qiyamının məhz prezident Vladimir Putinin hiyləgər planına uyğun imitasiya olduğunu iddia edirlər. Böyük ehtimalla bu, Kreml sahibinin imicini və avtoritetini xilas etmək uydurulmuş propoqanda tezisidir.

Əks halda, Kreml sahibinin bu "hiyləgər plan"ının məqsədini də açıqlayardılar. Üstəlik, əgər, bu, prezident Vladimir Putinin planıydısa, niyə onun qarşısını almaq üçün Belarus lideri Aleksandr Lukaşenkoya minnətçi düşdülər. Yəni, prezident Vladimir Putin özünün planlaşdırdığı qiyamı özü də yatıra bilməzdimi?

Halbuki, qiyamçılarla dil tapdığı üçün belaruslu həmkarına təşəkkür etmək məcburiyyətində qalan Kreml sahibi indi "Batka"ya borclu duruma düşüb. Yəqin ki, Belarus prezidenti yaxın gələcəkdə bu borcun geri ödənməsini hakimiyyəti zəifləmiş Kreml sahibindən tələb etməkdən qətiyyən çəkinməyəcək. Və bu, Rusiyanın hətta Belarusdan belə, asılı vəziyyətə düşmək üzrə olduğunu göstərir.

Ancaq bütün bunlarla yanaşı, Kremlin əsas problemləri məhz Rusiyanın daxilindədir. Çünki son hadisələr Rusiyanın dərin hərbi-siyasi böhran yaşamaqda olduğunu biruzə verir. Ən əsası isə bu böhran ən qısa zamanda aradan qaldırılmazsa, Rusiyanın fundamental daxili problemləri həll edilməzsə, növbəti hərbi qiyam qaçılmaz ola bilər. Hər halda, "Vaqner" olmasa belə, Rusiyada qiyama cəsarət edəcək fərqli güclər də mövcuddur. Və "Vaqner"in ortaya çıxartdığı real mənzərə növbəti qiyamın uğur qazana biləcəyini qətiyyən istisna etmir.

Belə anlaşılır ki, Putin hakimiyyəti ölkədə siyasi idarəçilik sistemini dəyişməzsə, qiyam təkrarlana bilər. Əslində, bu reallığı həm Rusiya cəmiyyəti, həm də Kreml başa düşür. Yəni, Rusiya üçün tarixi xarakter daşıyan "aşağılar əvvəlki kimi idarə olunmaq istəmir, yuxarılar isə daha əvvəlki kimi idarə etməyi bacarmır" tezisi növbəti dəfə aktualdır.

Ancaq əsas paradoks ondan ibarətdir ki, hazırda Rusiyada nə aşağılar, nə də yuxarılar mövcud vəziyyətdən çıxış yollarını bilmir. Aşağılar Kremlin ənənəvi avtoritar idarəçilik metodlarından başqa heç bir örnəyə malik deyil. Yuxarılar isə həmin örnəyin dəyişdirilməsinə həvəsli deyil, hətta bunu böyük təhlükə hesab edir. Və bu isə Rusiyada siyasi labirint yaradır.

Halbuki, indi Rusiya siyasi dairələri üçün əsas məsələ "Vaqner"in qiyamını stimullaşdıran səbəbləri müəyyən etməkdən ibarətdir. Hər halda, Kremldə artıq şübhə etmirlər ki, "Vaqner"in qiyamı bir neçə ay əvvəldən hazırlanmış və Rusiyanın hərbi-siyasi elitasına daxil olan bəzi qruplaşmalar tərəfindən dəstəklənən bir plana bağlı proses idi. Əks halda, silahlı dəstələr belə asanlıqla, heç bir əngəllə üzləşmədən paytaxt Moskvaya qədər yürüş edə bilməzdi.

Kremldə hələlik Rusiya ordusunun üç önəmli generalının istintaqa cəlb etməklə, Rusiyaya xəyanət edənlərin ifşa edilməsinə çalışırlar. Ancaq daha 13 generalın da istintaqa cəlb edilməsinə icazə üçün prezident Vladimir Putinə müraciət olunduğu bildirilir. Əgər, bu barədə məlumatlar doğrudursa, deməli, rus generalitetinin önəmli bir hissəsi prezident Vladimir Putinə qətiyyən sadiq deyil.

Digər tərəfdən, "Vaqner"in Rusiya kəşfiyyatının dəstəyi olmadan qiyama cəsarət etməsi də qətiyyən inandırıcı görünmür. Əks halda, dünyanın hər yerindən məlumat almağı bacaran rus kəşfiyyatı "Vaqner"in qiyama hazırlaşdığını dərhal Kremlə bildirərdi. Halbuki, Rusiya kəşfiyyatı müəmmalı şəkildə qiyam hazırlığı barədə uzun müddət susub.

Onu da nəzərə almaq lazımdır ki, "Vaqner"in yaradılmasında Dövlət Kəşfiyyat İdarəsi (QRU) bu layihənin əsas müəllifi olduğu bildirilir. Bu baxımdan, Rusiya hərbi kəşfiyyatının nəzarəti ilə yaradılmış "Vaqner"in Qərbdən təlimatlar alması barədə iddialar öz əhəmiyyətini itirmiş olur. Əgər, belə bir xəyanət olsaydı, Rusiya kəşfiyyatı ilk növbədə Yevgeni Priqojini və onun yaxın ətrafını dərhal zərərsizləşdirə bilərdi.

Göründüyü kimi, "Vaqner" qiyamı ilə bağlı olduqca müəmmalı məqamlar mövcuddur. Həmin müəmmalı məqamların istiqaməti birbaşa rus generalitetinə və Rusiya kəşfiyyatına doğru yönəlir. Belə anlaşılır ki, Rusiyanın dövlət sistemində ciddi çatlar mövcuddur və hazırda daxili hesablaşma davam edir. Bu isə o deməkdir ki, Rusiyada "qiyam kabusu" hələ aktualdır. Yəni, əslində, qiyam Kremlin divarları içərisində davam edir. Və əgər, bu hesablaşmanın mütləq qalibi ən qısa zamanda məlum olmasa, növbəti qiyam bütün Rusiyanı bürüyə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpini diktator adlandırıb. ABŞ dövlət katibi Entoni Blinkenin Pekin səfərinin başa çatmasından bir gün sonra çıxış edən Ağ Ev rəhbəri Çin liderinin hava şarı insidentindən narazı qaldığını deyib: “Si Cinpinin çox bədbəxt olmasının səbəbi onun bu şardan xəbəri olmaması idi. Diktatorlar nə baş verdiyini bilmədiyi zaman həqiqətən bundan xoşları gəlmir”.

Xatırladaq ki, ötən ilin əvvəlində Bayden Rusiya Prezidenti Vladimir Putini də diktator adlandırmışdı: “Vladimir Putin qatıl, ölümcül diktator və açıq-aşkar quldurdur”.

Onun bu açıqlamasına rəsmi Moskva sərt reaksiya verərək, ABŞ-ı okeanın o tayından dünyanı qarışdırmaqda ittiham etmişdi. Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentini beynəlxalq hüquq normalarını pozmaqda və həddini aşmaqda günahlandımışdı. Baydenin məhz bu açıqlamasından sonra Rusiya Ukraynaya qarşı hücuma başladı.

Ötən ilin avqustunda dünyanın ABŞ-la Çin arasında nüvə müharibəsi həddinə çata biləcək hadisənin həyəcanı ilə çalxalanması, bir kiçik ada uğrunda dünya güclərinin üz-üzə gəlməsi bu iki dövlət arasında da münasibətlərin gərgin olmasından xəbər verir.

Bəs, Baydenin Rusiya-Ukrayna müharibəsi öncəsi Putini qatil və ölümcül diktator adlandırmasından sonra növbəti dəfə Çin lideri Si Cinpini diktatorluqda ittiham etməsi ABŞ iə Çin arasında müharibənin başlamasına hazırlıq kimi qiymətləndirilə bilərmi?

TEREF.AZ-ın məlumatına görə, politoloq Elçin Xalidbəyli AYNA-ya şərhində deyib ki, ABŞ ilə Çin arasında müharibənin fəsadları dağıdıcı olar: “Bu səbəbdən nə Amerikanın, nə də Çinin bu müharibəyə gedəcəyi inandırıcıdır. Çünki bu müharibə Ukrayna müharibəsi ilə müqayisə oluna bilməz. Hər iki ölkə nüvə dövləti olmaqla yanaşı, kifayət qədər müasir hərbi və iqtisadi resurslara sahibdir. Eyni zamanda, ABŞ və Çin iqtisadiyyatları da dünya iqtisadiyyatında həlledici paya malikdir. Və bu iki ölkənin iqtisadiyyatları əsasən savaş ehtiyaclarının ödənilməsinə indeksləşərsə, nəticələri dünyada qlobal aclıq, hətta dərin xaos kimi təzahür edə bilər”.

“Düzdür, onların arasında soyuq müharibə hökm sürür, ancaq bu, daha çox müxtəlif təzyiqlər formasında təzahür edir. “Tayvan böhranı” silahlı toqquşmalara yol açarsa, bəşəriyyət yeni qlobal savaşla üzləşə bilər. Üstəlik, belə savaş bütün dünya üçün daha dağıdıcı və faciəvi nəticələr vəd edir”, - deyə həmsöhbətimiz bildirib.

Analitik hesab edir ki, Ağ Ev artıq əvvəlki kimi dünya üzərində əzici avtoritetini qoruya bilmir: “Çinin sürətlə güclənməsi, ABŞ-da baş verən iqtisadi böhranın Pekinin xeyrinə işləməsi və bu kimi amillər qarşılıqlı zidiyyətləri dərinləşdirir. ABŞ əhəmiyyətli mövqeyini əldən vermək istəmir və həm Çinə, həm də Rusiyaya qarşı hücumlar bundan qaynaqlanır. Avropa ölkələri Rusiyaya qarşı embarqolarda yaxından iştirak edir. Bununla da Avropa İttifaqının iqtisadiyyatında önəmli rol oynayan Rusiya enerji resurslarının “qoca qitə”yə axını dayandırılıb. Faktiki olaraq Avropa İttifaqı süquta doğru irəliləyir və bu sırada Çinlə də münasibətlərin pisləşməsi İttifaqın “intiharı” olardı”.

“Böyük ehtimalla, əsas hədəf yalnız Rusiyanın deyil, həm də Avropa İttifaqının iqtisadi cəhətdən zəiflədilməsinə hesablanıb. Çünki Avropa İttifaqı Çinin əsas və ən zəngin iqtisadi-ticari partnyorudur. Əgər, Avropa İttifaqı çökərsə, Çin iqtisadiyyatının iflasa uğraması da sürətlənə bilər. Ona görə də Ukrayna savaşının məhz Çinin maliyyə-iqtisadi böhrana düçar edilməsinə qədər davam etdirilə biləcəyi istisna deyil”, - deyə Xalidbəyli fikrini yekunlaşdırıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu da AYNA-ya açıqlamasında qeyd edib ki, nə ABŞ, nə də Çin hərbi qarşıdurmada maraqlıdır: “Pekin iki ölkə arasındakı gərginliyi daha da artırmaq və əsas ticarət tərəfdaşlarından biri olan ABŞ-la körpüləri yandırmaq istəmir. Lakin reaksiyasız da qalmaq niyyətində deyil. Amerika ilə Çin arasında “əsəb müharibəsi” davam edir. Bunun hərbi qarşıdurma həddinə qədər gəlib çatacağı real deyil. Çünki bu, faktiki olaraq Üçüncü Dünya müharibəsinin başlanması olar. Ağ Ev Pekinlə təmaslarda xalq diplomatiyasının imkanlarından istifadə etməyə qərar verib”.

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton Pekinlə fərqli formatlarda dialoq qurmağa çalışır: “ABŞ hazırkı siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir. Lakin buna nail olmur. Buna görə də rəmi Pekinə qarşı təzyiqləri artırır. Co Baydenin Çin lideri haqqında son bəyanatı da bundan qaynaqlanır”.

“Son dövrlər Qərb və anti-Qərb qüvvələri arasında qarşıdurma şiddətlənib və tərəflər bir-birinə qarşı sərt ritorikadan istifadə edirlər. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonra Prezident Baydenin məlum açıqlaması balanslı münasibətlərin hökm sürdüyündən xəbər verir. Amerika bir tərəfdən Çini yumşaltmağa çalışır, digər tərəfdən isə tənqid edir”, - deyə Şahinoğlu vurğulayıb.
Ardını oxu...
Son bir ildə Azərbaycanın radikal müxalif cameəsində iki maraqlı proses baş verib. Nümunə kimi göstərəcəyim siyasi hekayələrin hər iki qəhrəmanı adaşdır. Söhbət HƏP və VİP sədrləri olan: Əli İnsanov və Əli Əliyevdən gedir. Hər iki Əli hakimiyyətə qarşı radikal mövqe sərgiləyirdi.
Fərq bundaydı ki, Əlilərdən biri 14 illik həbsdə göstərdiyi prinsipal mövqeyindən sonra, heç bir təkliflərlə razılaşmayaraq, radikal siyasi mövqe nümayiş etdirirdi. Etiraf edək ki, o, həm də Azərbaycan siyasi cevrəsində türmənin heç də hamını sındıra bilmədiyi nümunəsini ortaya qoymaqla, gənc müxalif siyasilər üçün motivasiya mayakına çevrilmişdi.
Əli İnsanov bütün bu iztrablardan sonra, azadlıqda olarkən, birdən-birə İlham Əliyevi dəstəklədiyini bəyan etdi. Yəni, nə qədər təəccüblü olsa da, türmədə ağır vəziyyətdə olarkən etmədiyini, azadlıqda etdi.
Digər siyasətçi -Əli Əliyev isə radikal mövqe sərgiləyəndən sonra türməyə düşməli oldu. Barəsində dalbadal bir neçə cinayət işi açıldı. VİP sədri Əli İnsanovdan 10 dəfədən də az müddətdə həbsdə olandan (1 il 4 ay) sonra əfv edildi. Azadlığa çıxandan qısa müddət sonra isə rəhbəri olduğu partiyanı buraxdığını bəyan etdi. Bununla yanaşı, Əli Əliyevin türmədən çıxandan sonra özünü siyasətdən tam təcrid etməsi, onun siyasətlə vidalaşdığı anlamına da gələ bilər.
Bu paraleləri təsadüfən aparmadım. Bununla, Azərbaycanda daha çox səslənən: “filan siyasətçini türmə sındırdı” , teoriyasının yalnış olduğunu sübut etmək istədim. Bir daha sübut olunur ki, son illərin yetişdirdiyi radikal siyasi liderlərlərin apardığı mübarizə ideoloji əsaslara, ali dəyərlərə söykənməyib.
Onların böyük əksəriyyəti bu mübarizədə özlərinin, ailələrinin, təminatı üçün iqtidardan nəsə umduqları üçün aparıblar. Yəni hədəfləri cılız və korporativ olub. Öz təminatları üçün məqbul sayılan razılaşmanın əldə olunmasına nə zaman və harada nail ola biliblərsə, orada da kurslarından asanlıqla imtina ediblər.
Çünki arxalarında çəkindiklər ideoloji cərəyan və oturuşmuş bir struktur olmayıb. Belə olmasaydı, indiyə qədər ömrünü müxalif cameədə təmsil olunmağa həsr edən HƏP funksioneri, tanınmış stomatoloq Zəlimxan Məmmədlidən İnsanovun nümayiş etdirdiyi bu cür kəskin U dönüşünə bir etiraz eşidərdik.
Əminəm ki, siyasi partiyaların qeydiyyata alınması ilə bağlı yeni sərt tələblər olmasaydı, Əli Əliyev də, Etibar Məmmədov, Lalə Şövkət kimi özünü VİP lideri elan etməklə, siyasətlə vidalaşdığını bəyan edəcəydi. Mövcud reallıqlar isə onu VİP-lə birgə batırdı…
Məhəmmədəli Qəribli
Teref.az
 

"Rusiya Afrika və Yaxın Şərq ölkələrini sakitləşdirməyə çalışır ki, üsyandan sonra Kreml bu qitələrdəki "Vaqner" qüvvələrinə nəzarəti ələ keçirə biləcək".

Cebhe.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin məlumatına görə, "Vaqner" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin keçmiş məhbuslar və muzdlulardan ibarət ordusu ötən şənbə günü Moskvaya doğru irəliləyişlərini dayandırdıqdan bir neçə saat sonra Kreml Priqojinin sahibkarı olduğu "qlobal imperiyasına" tam nəzarəti ələ keçirmək qərarına gəlib.

Qeyd edilib ki, Rusiya xarici işlər nazirinin müavini şəxsən Suriya Prezidenti Bəşər Əsədə məlumat çatdırmaq üçün Dəməşqə uçub.
Məlumata görə, Bəşər Əsədə verilən məlumat ondan ibarət olub ki, “Vaqner” qüvvələri bundan sonra Suriyada təkbaşına fəaliyyət göstərməyəcək.

Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri Mərkəzi Afrika Respublikasının prezidentinə zəng edərək onu şənbə günü baş verən böhranın Rusiyanın Afrikadakı ekspansiyasına mane olmayacağına əmin ediblər.

Nəşr həmçinin yazıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin hökumət təyyarələri Suriyadan "Vaqner"in xaricdəki digər əsas forpostlarından olan Maliyə köçürülüb.

Adıçəkilən nəşr onu da vurğulayıb ki, illərdir "Vaqner"lə əlaqəsini inkar edən Rusiya, görünür, Priqojin və onun köməkçiləri tərəfindən idarə olunan və genişlənən muzdlu şəbəkəni nəzarətə götürməyə çalışır.

O cümlədən qeyd edilib ki, "Vaqner" indiyə kimi Kremlin beynəlxalq təsirinin güclənməsinə kömək edib və Kremlə vəsaitlərin köçürülməsinə isə Priqojinin "Konkord" holdinqlər şəbəkəsi rəhbərlik edib.

Bu arada Qərb rəsmilərinə görə, "Vaqner" şirkətləri Afrikada ildə yüz milyonlarla dollar qazanır:

""Vaqner"-in gəlir mənbələri Sudan qızılının Rusiyaya, eləcə də Mərkəzi Afrika Respublikasından BƏƏ-yə almaz və Pakistana taxta ixracından gəlir", - Qərb rəsmilərinin sözlərinə istinadən nəşr yazıb.

Həmçinin vurğulanıb ki, "Vaqner" illərdir Yaxın Şərq və Afrikadakı avtokratik rejimlər üçün təhlükəsizlik qüvvəsi kimi çalışıb və son vaxtlar Latın Amerikası və Karib hövzəsinə doğru irəliləyir.

Bildirək ki, Ukrayna və Rusiyada "Vaqner"in 30 mindən çox döyüşçüsü var.
 
Ardını oxu...
Əlbəttə, hər bir İşəgötürənin istehsalat zərurəti ilə əlaqədar İşçini işəçağırmaq hüququ var,lakin Əmək Məcəlləsinin tələblərinə əməl etməklə.
Bu normal bir şəraitdə və ya istehsalat zərurəti ilə əlaqədar Bayram günlərində İşəgötürənin: normal şəraitdə İşçini işə çağırması deyil, yəni, İşçi və İşəgötürənin normal Əmək münasibəti də deyil, normadan artıq bayram günlərində işə çağırması da deyil, Əmək Məcəlləsi və ya əmək qanunvericiliyi də deyil, bu İşçi ilə müqavilə münasibətiləri də deyil, HƏTTA BUNUN ADINI yazmağı da özümə rəva bilmirəm. Bunu yazan və ya yazmağı tapşıran vəzifəli şəxsin isə ümumiyyətlə əmək qanunvericiliyindən xəbəri yoxdur, Əmək Məcəlləsində nəzərdə tutulan İşçi və İşəgötürənin hüquq və vəzifələrindən də xəbəri yoxdur, özünü isə 21-ci əsrdə deyil, 11-ci əsrdə olduğu kimi aparır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: İş vaxtından artıq iş— İşəgötürənin Əmri və yalnız İŞÇİNİN razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
İstər normal iş vaxtı olsun, istərsədə iş vaxtının cəmlənmiş iş uçotu qaydasında növbə üsulu ilə işləyən işçilər: Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Qurban Bayramı günlərində işə çağırılarsa və ya bu Bayram günləri iş növbəsi günlərinə düşərsə əmək haqqı - işçinin gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələbini pozan işəgötürənlər qanunvericiliklə nəzərdə tutulan qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
 

Ardını oxu...
Azərbaycanda idarəetmənin ümumi fəlsəfəsi gücünü köhnə müstəmləkə məktəbindən alır. Müstəmləkə məmuru həm də bir xalq tərbiyəçisi idi.
Qədim Roma müstəmləkə düşüncəsinə görə Romanın tabeliyində olmayan bütün xalqlar barbar idi. İngilis, fransız imperialistləri üçün də asiyalılar, afrikalılar mədəniyyətdən nəsibini almamış xalqlar, tayfalar idilər.
Rusların gözündə də biz eyni barbar statusa sahib idik. Ona görə yaradılan bürokratik sistem bizi idarə etməklə yanaşı, həm də "əhliləşdirməli" idi. Yəni barbar iradəmizi sındırmalıydı.
Xalqla dövləti təmsil edən sovet məmuru arasında konflikt də buna görə yaranırdı və xalq ağına-bozuna baxmadan onun iradəsini sındırmağa gələn dövlətə kin bəsləyirdi.
Oxşar hallar bu gün də yaşanır. Bu gün də qalstuk taxan hər bir azərbaycanlı qalstuk taxmayan digər həmvətənlisinə tərbiyəyə, əhliləşməyə ehtiyacı olan biri kimi baxır, onun öncə iradəsini sındırmağa çalışır. Aralarında yeganə fərq isə birinin qalstuk taxıb, o birinin taxmamasıdır. Başqa heç bir barbarlıq, mədənilik fərqləri yoxdur.
İnsanlarda milli dövlətə qarşı qıcıq yaradan da qonşu kənddə böyüyüb vəzifəyə gələn Gülağanın "kiçik gedəsini" qarşılarında müstəmləkə məmuru kimi görmələridir.
Yəni sovet vaxt Həsən keçəl idi, indi keçəl Həsəndir. Bu köhnəlmiş idarəetmə fəlsəfəsində, praktikasında dərin islahatlara ehtiyac var.

Amma bu yazdıqlarım "mədəniyyətin arasıkəsilməz zorakı proses" olduğu həqiqətini dəyişmir. Bakıdan bircə gün hərəkət qaydaları işarələrini yığışdırsaq, yollarda şahə qalxıb kişnəyən avtomobillər peyda olar.

Aqşin YENİSEY - DİA.AZ
Ardını oxu...
Hər bir quruluşun aqibətini xalqın təfəkküründəki hökmün təbiəti müəyyən edir və rus təfəkküründə hökmün məğlubiyyəti həzm olunmur.
Rusiyada Birinci Pyetordan başlayaraq hər bir hərbi məğlubiyyət kardinal dəyişikliklərə səbəb olub.
1853-1856 ci illər Krım müharibəsi təhkimçiliyin ləğvi, məhkəmə islahatı, təhsil islahatı, torpaq islahatı, hərbi islahatlara səbəb oldu.
1904-1905 ci illər Rus-Yapon müharibəsindəki məğlubiyyətdən sonra ilk Rus inqilabı baş verdi.
Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra Çar II Nikolay devrildi və bolşeviklər hakimiyyətə gəldi.
1962-ci ildə Kubaya ballistik raketlər göndərib sonra da bu addımın yaratdığı böhranın idarə edə bilməməsi üzərindən geri çağırması məğlubiyyət kimi qəbul olunan Nikita Xruşşov cəmi 1 il 5 aydan sonra vəzifəsindən uzaqlaşdırıldı.
Əfqanıstan müharibəsində uğursuzluq Mixail Qorbaçova “islahatlar adı altında” müharibəni başlamış köhnə, arzuedilməz qrupları kənarlaşdırmaq kursunu müəyyənləşdirməsinin əsas faktorları idi.
Bu addımların hamısının nə ilə nəticələndiyini elə SSRİ-nin aqibətində görmək olar.
Rusiya dövlətçiliyi yenilənə bilən quruluş deyil və liberal şərtlərlə yenilənmir , həmişə təhlükə yaranan kimi siyasi elita özü rəhbəri dəyişir.
Dünən Lukaşenkoya təşəkkür və ümumiyyətlə qiyamın yatırılmasında Batkanın adının hallanması Putinin özünü elitada müdafiə cəhdidir.
Təşəkkür Lukaşenkoya yox Vaynoya , Patruşevə və Qrızlova düşür, onlar hər şeyi həll edəndən sonra Batkaya təklif ediblər.
Telemüraciətdən sonra “prezident yanılır” deyə fikirindən dönməyən qiyamçını hakimiyyət daxilində kiminsə dayandıra bilməsi Putinin onsuz da laxlamış legitimliyini sındırdı.
Xüsusi ilə bu adam Ukraynaya hücumun əleyhinə olan, bunu prezidentin hələ ən güclü vaxtında aşkar səsləndirə bilən biridirsə demək ki, real alternativ var.
Lukaşenkoya nümayişkaranə təşəkkür və sonra səslənən fikirlər ( bəzilərini açmıram hələ ) daxildə Putindən güclü biri var həqiqətini gizlətmək üçün idi.
Amma Batka özünü Rusiyanın ( Putinin yox ) güvənli dostu kimi tarixə yazdı , rus dövləti bunu unutmaz, unutdurmaz…
Priqojin isə gəzən meyiddir, sadəcə zaman məsələsidir , çünki qiyam nəticəsində hakimiyyətə gələnlər belə ilk qiyamçını öldürür.
Mən onun tək, sığortasız belə riskə gedəcəyinə inanmıram və mütləq kənar qüvvə ilə ittifaqda idi.
3 gün ərzində Bayden də daxil 8 ölkənin rəsmiləri “Priqojin və qiyam bizlik deyil” mesajı verib, bir ölkədən başqa…
Əslində bu səssizliyin özü elə onu müdafiədir…
Yegana Haciyeva
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, müharibə vaxtı bəzi silahların istifadə hüququ Ermənistana aid olmayıb. Bəs kimə aid olub? Paşinyan bu barədə heç nə deməsə də, söhbətin Rusiyadan getdiyi aydındır. Paşinyan iclasın qapalı hissəsində Ermənistan silahlı qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib. Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.
Azərbaycan prezidenti İlham Əliyev müharibədən sonra “İskəndər-M” raketi ilə bağlı Kreml qarşısında bir neçə dəfə məsələ qaldırıb. İlham Əliyev Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş “İsgəndər-M” raketi qalıqlarının Şuşada tapılmasından sonra bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. “Bu çox həssas məsələdir, Azərbaycan xalqından gizlədə bilmərəm” – deyən İlham Əliyev Rusiya prezidenti ilə telefon danışığı zamanı bu sualı ona verdiyini və cavabı bilmək istədiyini vurğulayıb. Putinin cavabı olmayıb. Rusiya prezidenti nə cavab verə bilərdi? Kreml sahibi bəlkə də özünün əmriylə “İskəndər-M” raketi ilə Azərbaycan ərazisinə zərbə endirdiyini etiraf etməyəcəkdi ki. Rusiya genellarından biri Putinin xəbəri olmadan Ermənistana “İskəndər-M” raketi verə və ya həmin raketi Azərbaycana tuşlaya bilərdimi? Paşinyan son çıxışında buna işarə edib.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində çıxışı zamanı vacib bir məlumatı diqqətə çatdırdı.

Əliyev dünyada geosiyasi vəziyyətin gərginləşməsi, regionda yeni təhdidlərin mövcudluğu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması fonunda Azərbaycanın yeni silahlar alması prosesinin davam etdiyini açıqladı. Buraya böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlər də daxildir.

Azərbaycan son illər, xüsusilə Vətən müharibəsindən sonra silahların idxalına dair yeni məlumatları təfsilatı ilə təqdim etmir.

Silah tədarükünə dair konkret hansı ölkələrlə kontrakt imzaladığını açıqlamır, görünür ki, bunun regional məsələlərlə bağlı bir əlaqəsi var.

Uzaqmənzilli raketlər strateji silahlar hesab olunur. Belə raketlərin təyinatı nəzərdə tutulan məsafə üzrə istənilən hədəfi məhv etməyə kifayət edir.

Azərbaycanın uzaqmənzilli raketləri dislokasiya edəcəyi ərazilər də maraq doğurur, məsələn, bunların Ermənistan sərhədi ilə yaxın yerlərdə yerləşdirilməsi Bakının mümkün eskalasiyalar zamanı ata biləcəyi atəşlərin koordinatı barədə fikirlər formalaşdırır.

Azərbaycan ballistik raketlər balansını artırmaqla çəkindirici güc bazası formalaşdırır və bu, regionda eskalasiyanı azaltmaqda faydalı iş əmsalını artırır.

Amma İlham Əliyevin qeyd etdiyi kimi, regionda yeni təhdidlər var, təhdid mövcuddursa, deməli, hərbi eskalasiya riski də qalmaqdadır.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün öz şərtlərinin təmini üçün uzaqmənzilli raketlər faktorunu ortaya qoyacaq.

Yəni İrəvanı xəbərdar edəcək ki, sülh gündəliyindən qaçıb başqa yol tutsa, həmin raketlərin atılacağı ünvan Ermənistan üçün fəlakətli olacaq.

Ermənistan regional təhdidlərlə sülh gündəliyi arasında özünü elə yerləşdirmək istəyir ki, fürsət düşən kimi hücuma keçsin.

Belə bir ssenaridə Azərbaycan Ermənistanı böyük miqyasda zərərsizləşdirəcək son həmlələrini edə bilər, lakin regional və geosiyasi kontekstdən də çox şey asılıdır.

İndi Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində hərbi insidentlər çoxalıb. Azərbaycan isə Naxçıvanla quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasında inadkarlıq göstərir.

Əliyev uzaqmənzilli raketlərin gətirilməsini çarpaz olaraq Zəngəzur dəhlizi ilə bağlı yaranacaq təhdidləri ilə əlaqəli məzmunda qeyd edə bilər.

Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini də irəliyə aparmalıdır, bunun hərbi-strateji ölçüləri elə bir səviyyəyə çatmalıdır ki, ittifaq modeli rəsmiləşsin.

Uzaqmənzilli raketlərin çoxluğu Azərbaycan-Türkiyə əlaqələrinə maneə yaratmaq istəyən qüvvələr üçün xəbərdarlıqdır.

Aqşin Kərimov - DİA.AZ
 

Dünyapress TV

Xəbər lenti