Ardını oxu...
Yoxluqda yetişmiş bir nəsli təsəvvür edirsinizmi? 1950- 1970-ci illər arasında doğulan, ən gəncinin 50, ən yaşlısının 70 yaşı olan, hələ də 18 – 20 yaşdakı kimi düşünən, yaşayan, davranan və hələ də ideallarla yaşayan bir nəsil. Doğulanda heç birinin altına pampers bağlanmayıb. Çitdən-bezdən paltar geyinən, ayağında rezin qaloş olan bir nəsil. Heç birinin rəngli şəkli olmayıb uşaqlığında. Hətta ağ-qara da olsa çoxunun uşaqlıq şəkli də yoxdu. Bəlkə şəhərdə yaşayanların olub, amma ucqar kəndlərdə doğulanların 50-70-ci illərlə bağlı şəkillərdən boylanan xatirələri yoxdu. Adi orta məktəblərdə təhsil alıblar. Uşaq bağçası, hazırlıq kursları nədi bilməyiblər, özəl məktəblərdə oxumayıblar. Ən uzaq getdikləri yer Moskva, xaricdə təhsil deyə oxuduqları məktəblər də Rusiyanın ayrı-ayrı şəhərlərindəki institutlar, universitetlər olub. Amma hamısı bu gün ən yüksək dərəcəli alimlərə dərs verə biləcək qədər savadlı, elmlidirlər.
50-70-ci illərdə doğulanlar ikinci dünya müharibəsindən sonra SSRİ-də tüğyan edən aclığı, yoxsulluğu görüblər. 80-ci illərin əvvəlindəki talon sistemi ilə yaşayan, amma bütün əzablardan sağ-salamat çıxan, hər işgəncəyə dözən, hər əzaba sinə gərən, amma “uf” deməyən bir nəsildi. 90-cı illər inqilabının, yanvar faciəsinin şahidləri, xalq hərəkatının iştirakçıları, qaçqın, köçkün taleyinin daşıyıcıları olan bir nəsil. 50 -70-ci illərin ipə-sara yatmayan, bəzən hər şeyə asi çıxan, dəli-dolu, döyüşkən ruhlu bu nəsli təsəvvür edirsinizmi? Bu nəsil istisnasız, qarşılıqsız Aərbaycanı sevmiş,ana dilini qorumuş, vətən torpaqlarını əkib-becərmişlərdir. Bu nəsil çox kitab oxuyan, elmin dərinliklərinə baş vurmaqdan çəkinməyən, istədiyini əldə etmək üçün inad edən, SSRİ-nin ən yüksək ali məktəblərində pulsuz təhsil alan, ən azı, texnikum oxuyan, bu da olmasa peşə məktəblərində sənət öyrənən, həyat universitetinin qırmızı diplomunu, qızıl medalını alanlardı.
Bu nəsil işsiz olmayıb, boş-avara gəzməyib, ailəsinə, çevrəsinə asi çıxmayıb. Nə qədər əzilsələr də əzik olmayıblar, dik durublar hər zaman. Hər zaman vəzifəsinin məsuliyyətini anlayan, onurunu, qürurunu qoruyan, şəxsyyətini alçaltmayan, kimsəyə baş əyməyən, pul üçün televiziyalara çıxıb əl açmayanlardı bu nəsil.
Bu insanlara yaxşı baxın. Bunlar sonuncu mogikanlardı. 50-70-ci illərdə doğulanlar özəl nəsildi. Nədən özəldi? Bunların üzərindən dünyanın ən qara buludları keçib, dünyanın bütün neqativləri çiyinlərinə hopub, pandemiya adlı mikrobla savaşdan salamat çıxan bir nəsildi. Bu nəsil polad biləkli, dəmir yumruqludur, amma genişqəlbli, səxavətli, humanist, xeyirxahdırlar. Zahirən yumşaq görünsələr də bəzən endiyi yeri dağıdan bu özəl nəslin qəzəbindən qorunmağı da unutmayın. Onlara yaxşı baxın, tükənmək üzrədirlər, görəvləri artıq sona çatmaqdadır.
Bu nəsil hər zaman cibində, çantasında pul əvəzinə dərman gəzdirən, dərmanla yaşayan, həkimlərlə dostlaşanlardı. Həyat bu nəsli bir ömür sınadı, amma tamamilə sonuna çıxa bilmədi. Xəyanətin acısını, canını verməyə hazır olduğu dost xəncərinin sancısını gördü , əlindəki son tikəni paylaşdı 50-70-ci illərdə doğuılanlar. Onların ən böyük sərvəti yaşarkən öyrəndikləri bilgi və əldə etdikləri təcrübədir.
50-70-ci illərdə doğulanlar tam bir muzey eksponatıdır, özü də ən dəyərli əntiq eksponatlar. Hələ də bu acı həyatın inadına yaşayan bu nəsil əlinizdəki ən son xəzinədir. Onların qədrini bilin, onlarla danışın, vaxt keçirin, öyrənin, təcrübə toplayın. Onlar yaxın tarixin canlı əfsanələridir, tarix kitablarıdırlar.
Bu nəsli candan sevin.
Züleyxa Nadir
Teref.az
 

Ardını oxu...
Folklorda etibarsız və hərdəmxəyal insanlara aid bir söz var: “Qırxdilli, qırxaçarlı”.

Hakimiyyətə gəldiyi gündən bəri Nikol Paşinyanın tez-tez fikir dəyişdirməsi, dünən dediyinə bu gün xilaf çıxması onun təkcə hərdəmxəyal olmasının nəticəsi deyil, eyni zamanda etibarsızlığının, sözübütöv olmamasının göstəricisidir.

O və Ermənistanın digər rəhbər şəxsləri beynəlxalq birliyin qarşısında sülh və razılaşmalardan yana olmaları barədə bəyanat verir, erməni xalqı qarşısında milli məsələdə heç bir güzəştə getməyəcəklərini bildirir, Rusiya rəhbərliyinə başqa, ABŞ administrasiyasına tamam başqa söz deyirlər.

İndi belə mötəbər mənbələrdən bir məlumat yayılıb ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında əldə olunmuş razılaşmaya görə avqustun 5-də Ağdam-Xankəndi yolu, ardınca da Xankəndi-Laçın yolu açılmalı imiş. Bundan sonra tezliklə qalıcı sülh sazişinin imzalanması məsələsi gündəmə gələcəkdi.

Amma son anda Paşinyan hökumətinin təzyiqi ilə bu razılaşma pozulub. Paşinyanın verdiyi sözdən geri durmasına hansı xarici siyasi dairələrin və ya daxili qüvvələrin təsir etməsi üzərində dərin düşünməyə ehtiyac yoxdur. Fransa və Rusiyanın sülh sazişinə qarşı olduqları çoxdan hamıya bəllidir.

Bu iki dövlətin hərəsinin bu işdə öz marağı var. Fransa istəyir ki, Ermənistan onun üçün belə əlverişsiz durumda sülh sazişi bağlamağa məcbur olmasın, vaxtı uzatsın, mümkün olsa, Qarabağ cəbhəsində itirilmiş mövqelərinin bir qismini geri qaytarsın.

Rusiya isə, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında hər hansı bir sülh sazişinə qarşıdır. Hazırda Kreml üçün fərq yoxdur ki, münaqişəyə dair sülh sazişində hansı tərəf daha uduşlu olacaq. Rusiyaya lazımdır ki, bölgədə münaqişə davam etsin, heç bitməsin və özü həmişə arbitr kimi, “sülhməramlı” qismində bölgədə qalsın, buradan həm Azərbaycana, həm də Ermənistana nəzarət, təzyiq, təsir etmək üçün yararlansın.

Paşinyanın fikir dəyişməsinə təsir edən daxili qüvvələrə gəlincə, bu, cığallığı peşə etmiş Ermənistan müxalifəti və ictimaiyyətin onlara dəstək verən hissəsidir. Millətçi erməni ziyalıları da o cümlədən.

Ümumiyyətlə, ermənilərdə “ziyalı” və “millətçi” kəlmələri çoxdan sinonimdir. Bu ölkədə millətçi olmayan ziyalı yoxdur. Ermənilər üçün ziyalılığın ilkin şərti heç də savad, erudisiya,xoşməramlılıq deyil, məhz millətçilikdir. Bu ölkədə bir ziyalı kosmopolit düşüncəyə malikdirsə, o, artıq nəinki ziyalı, heç erməni də sayılmır.

Bax, belə bir ortamda Paşinyan fikir dəyişdirməli, dünən dediyini bu gün danmalı olur.

Bu şəxsdə çox qəribə bir intuisiya və özünüqoruma instinkti də var, hansısa bir qərarının hakimiyyətinə zərər gətirəcəyini, onu iflasa aparacağını anındaca bilir, görəndə ki, atdığı addım, qol qoyduğu plan siyasi rəqiblərinin, düşmənlərinin və tərəddüd edən insanların konsolidasiyasına səbəb olacaq, tez geri çəkilir, hamıdan artıq patriot olur.

Hazırda erməni cəmiyyəti elə radikallaşıb, pis mənada maksimalist olub ki, Paşinyan onun iradəsi ilə hesablaşmağı lazım bilir. Bu, artıq 2 il 10 ay öncəki, hətta 2 il öncəki gözüqıpıq olmuş, özünü əzilmiş-döyülmüş hiss edən xalq deyil. Daha Erablur panteonuna kütləvi ziyarətlər, ordakı erməni milli bayrağı ilə bəzədilmiş məzarların çoxluğundan üşənənlər yoxdur. Qəbristanlığa yalnız Qarabağda həlak olan əsgər və zabitlərin ailə üzvləri gedir.

Yerdə qalan əhalinin canından savaş qorxusu ya çıxıb, ya da çıxmaqdadır. Siyasilər və millətçi “ziyalılar” həmin o savaş qorxusunun yerinə ustalıqla qisas hissi, revanş əzmi doldurublar. Ona görə də son aylarda ermənilər müharibədən çox danışmağa başlayıblar. Daha bir tutarlı zərbə alana qədər də elə danışacaqlar.

Başqa sözlə, Paşinyan öz xalqının tərcümanıdır. Erməni xalqı 2020-ci ilin noyabrında məruz qaldığı itkilərə görə tam bir panika içində və kapitulyasiya ovqatındaydı, Paşinyan da dərhal kapitulyasiya aktını imzaladı. Ancaq sonra xalqın fikri haçalandıqca, onun dili də haçalandı, gah elə, gah belə danışmağa başladı. Hazırda isə erməni xalqı yenidən güzəştsiz mövqe tutub, Paşinyan da özünü elə aparır. O, elastik liderdir.

Onun sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıması deklarativ xarakter daşıyır, qırx dilinin biriylə dediyi sözdür, deyib, qurtarıb. O, istənilən vaxt “o vaxt dediyim sözü geri götürürəm, Azərbaycanın ərazi bütövlüyünü tanımıram, Qarabağ mübahisəli ərazidir” deyə bilər. Yəni, o, qəlbən fərqli mövqedədir, radikal ermənilərdən fərqlənməyən ermənidir. Paşinyan hakimiyyətə yeni gəldiyi vaxt politoloq Mübariz Əhmədoğlunun dediyi məşhur fikir hər gün təsdiqlənir: “Paşinyan nə Qərbpərəstdir, nə Rusiyapərəst, o ermənipərəstdir”.

Ermənilərin BMT TŞ-də çıxardıqları hoqqa da sırf vaxt uzatmaq, sülh sazişindən yayınmaq, münaqişəni olduğu yerdə donduraraq, güclənmək fürsəti qazanmaqdan ibarət idi. Onlar bu məqsədlərinə çata bilmədilər, həvəsləri qursaqlarında qaldı. Ancaq Xankəndi ətrafında, Laçın sərhəd-buraxılış məntəqəsi həndəvərində vəziyyət də gərgin olaraq qalır.

Araz Altaylı, Musavat.com
 

Ardını oxu...
DİA.AZ: - "Allah nəfsinizi kəssin. Bütün karqoları vurdular! Monopoliyanı aldılar əllərinə! İndidə çatdıra bilmirlər!" DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Elçin Vahid oğlu adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Sifarişim çatıb anbarlarına düz 10 gündür! Sistemə vurulmur. İnstagramda 24 saata geri dönüş edəcəkdilər, 124 saat keçib, heç nə yox. Əlaqə nömrələrini yığırsan, növbədə nə az, nə çox: 50 nəfər! Gözlə ki, gözləyəsən!

Mallarını avtomatik bəyan edillər: necə gəldi, xanaları doğru-dürüst doldurmurlar. Mallar qarışır bir birinə. Bir sözlə Starex bərbad..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
Ardını oxu...
Uzun müddət Ermənistan xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan özünün Facebook səhifəsində ara-sıra yazdığı statuslarla bəzi məsələləri gündəmə gətirməyə çalışır. Bir müddət əvvəl Paşinyandan xüsusi səlahiyyət tələb edən keçmiş xarici işlər naziri özünü “çox böyük diplomat” hesab edir. Oskanyana görə əgər ona xüsusi səlahiyyət verilsə, yeni qitələr kəşf edəcək və həmin qitələri də Ermənistanın bir vilayəti elan edəcək. Özünü daha ağıllı hesab edən Oskanyan yeni səlahiyyətlər alacağı təqdirdə danışıqlar prosesinin ruhunu dəyişəcəyini deyir. Neçə il bir ölkənin XİN-ə rəhbərlik edən bir adamın belə sərsəm açıqlaması bu millətin nə qədər xəstə təfəkkürə malik olmasının göstəricisidir.

Həmin Oskanyan indi də BMT TŞ-dəki növbədənkənar iclasdan danışıb. Bu dəfə Facebookun imkanlarından istifadə edən “ağıllı diplomat” bildirib ki, iclasdan əvvəl erməni xalqı guya nikbin imiş və iclasın sonunu böyük ümidlərlə gözləyirmiş. Amma sonda bütün ermənilər məyus olub:

“Heç bir qətnamə və ya bəyanat qəbul edilmədi. Nə vaxtsa Azərbaycanı Laçın yolunu açmağa vadar edən qətnamənin olub-olmayacağı sual altındadır. Onun reallığa çevrilməsi ehtimalı yalnız Ermənistan hakimiyyətinin mövqeyindən, yaxud istefasından asılıdır. Məsələn, xarici işlər naziri Təhlükəsizlik Şurasının iclasında ən azı aşağıdakıları deməliydi ki, Azərbaycan Ermənistan tərəfinin xoşməramlılığından sui-istifadə edir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatında yer alan ifadə Ermənistanın Azərbaycanla danışıqlar prosesində əlverişli şərait yaratmaq cəhdindən başqa bir şey deyildi. Ancaq məlum olduğu kimi, diplomatiyada hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır”.

Deməli, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı keçmiş xarici işlər nazirinin ürəyincə deyil. Onsuz da Paşinyanın bu bəyanatı siyasi manipulyasiyadır və özünü dünya ictimaiyyətinə sülhpərvər siyasətçi kimi təqdim etməsi imitasiyadan başqa bir şey deyil. Əməldə tamam fərqli mövqe tutan Ermənistan baş nazirinin bu siyasətinin arxasında dayanan qüvvələr həm də onu koordinasiya edir. Siyasi şantaj yolu seçən Ermənistan bütün istiqamətlərdə bu mövqeyindən əl çəkmir və yeni-yeni təxribatlar hazırlayır. Sərhəddə topladıqları TIR-lar və yaratdıqları siyasi şou da xüsusi planın tərkib hissəsidir. Ermənistanın BMT TŞ-yə şikayətinin kökündə də məhz “humanitar fəlakət” şousu dayanırdı. Oskanyan isə hesab edir ki, Ermənistan bütün fürsətləri itirib:

“Hələ razılaşmalı çox şey var. Təbii ki, hadisələri geri qaytara bilmərik. Bu gün müharibəyə aparan təhlükəli danışıqlar sülh gündəliyini dəyişdirməyin mümkün yollarından biri olaraq qalır”.
Vəli Həsənov
konkret.az
Ardını oxu...
Dostluq qurmağa ağıl və iradəsi çatmır. Düşmənçiliyi də heç olmasa, kaş bacaraydılar. Düşmən sarıdan bəxtimiz gətirməyib. Nə düz-əməlli vuruşmağı bilirlər, nə barışmağı. Adam dostluğu da, düşmənçiliyi də gərək kişi kimi edər. Ancaq nəyi qoyub, nəyi axtarırıq!
Ermənistanı deyirəm. Ötən ilin dekabrında Azərbaycandan BMT Təhlükəsizlik Şurasına şikayət elədi, baxan olmadı. Sonra Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verdi, uduzdu. Qayıtdı, yenə də BMT TŞ-nın qapısında yatdı. Axırı nə oldu?! Göz qabağındadır. Fiaskoya uğradı. 3-5 dövlətin quru sözdə dəstəyini aldı. Bəs çoxluq nə dedi?! Çoxluq dedi: Get, otur oturduğun yerdə". Adamlara başa saldılar ki, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı deyilən prinsiplər var. Dedilər, adam olub, adam yolu ilə gedin. Xankəndinə Ağdam yolu ilə gedin. Vəssəlam!

Bunu biz demişdik də. Gərək elə vəziyyətə çatdıraydınız ki, bütün dünyadan eyni cavabı alaydınız?!

Bu da Ararat Mirzoyanın "uğurlu diplomatiyası"! Əvvəldən də görürdü ki, bu işin sonu pis yerə gedir; BMT TŞ onun istədiyi, gözlədiyi qərarı verməyəcək, yenə də o yolu getdi. Görə-görə getdi, palçığa batdı, yenə də höcətindən qalmadı. Hərçənd başqa canlılar palçığa batdığı yerdən ikinci dəfə getmir. Əgər baş nazir Nikol Paşinyan və xarici işlər naziri Mirzoyan nəticənin belə olacağını hesablaya bilməyibsə, bu da, yumşaq desək, xidməti uyğunsuzluqdur. Bunlar da bir yana. Bütövlükdə götürsək, Ermənistanda dediyini edə bilməyən, etdiyini deyə bilməyən bir hökumət zehniyyəti var. Baş nazir vəzifəsi kimi məsuliyyətli bir məqamın sahibi şifahi olaraq deyir ki, Azərbaycanın 86,6 kvadrat kiıometrlik ərazisini tanıyır. Ancaq bunu kağıza yazmağa, imza atmağa gələndə, iradəsi çatmır. Qafqazda "kişi sözü" deyilən bir anlayış var. Elə bu davranışları sübut edir ki, Qafqaza gəlmədirlər; Qafqazın nə ərazisinə bağlıdırlar, nə ənənələrinə. Qafqaz da bir yana. Britaniya şifahi Konstitusiya ilə idarə olunur; normaı insan verdiyi sözü tutar. Ancaq...

Qaçıb BMT-yə qədər şikayət etdilər. Sonu nə oldu?! Məğlubiyyət. "Zəif pəhləvan məğlubiyyətə doymaz". Anadolu türklərində belə bir deyim var. Ermənistana münasibətdə tam yerinə düşür.

Dünən gedə BMT TŞ-nın iclasını izləyirdim. Fransa özünü öldürürdü. Bir də bir neçə özü kimisi. Tam bir çığır-bağır. Nəticə: fiasko!

Azərbaycan diplomatiyası isə, əksinə, mükəmməl işlədi. Virtouz məharəti göstərdi. Və diplomatik qələbə!

Yaxşıya yaxşı demək lazımdır. Azərbaycanın tutarlı və ardıcıl bir mövqeyi var. Bu dəfə də boşluq buraxmadıq. Belə haqlı və əsaslı mövqeni qəbul etməyənlər əslində haqqa-hüquqa münasibətini ortaya qoydu və... uduzdu. Belə cılız, cığal, xırdaçı oyunları oynayan Ermənistandır, amma ən çox ABŞ, Fransa kimi böyük dövlətlər oldu; bizə qəribə gələn, təəssüf doğuran budur.

Bir oyunu da belə pozduq. Amma, nə yazıq ki, sonuncu da olmayacaq. Ermənistan təxribatçı gedişlərini, böyük ehtimalla, davam etdirəcək. Və ona arxa duranlar da, görünür, dinc durmayacaqlar. Bunlar beynəlxalq hüquq prinsiplərinə qsyıtmayınca, bu PRİNSİPSİZ güruhla hələ çox qarşılaşacağıq, yəqin.

Hərçənd elə olmaya da bilər; masadan qalxdıqları kimi yenidən otursunlar. Sözdə dediklərini əməldə təkrarlasınlar, problem olmaz. Amma hələ ki qaşınırlar; qaşınmayan yerdən qan axtarırlar. Qanla bəslənən canlının isə təbiətdə bir adı var...

P.S. Bir mətləbə də toxunum. Biz Qarabağdakı separatçıları tanımırıq. Əslində tanımalıyıq. Ancaq necə?!

Biz indi deyirik ki, Azərbaycan dövləti özünü "Dağlıq Qarabağ Respublikası", "prezident", "hökumət", "parlament" adlandıranları tanımır. Ancaq biz onların hamısını terror təşkilatı kimi rəsmən tanımalıyıq. Çünki özünü "prezident", "nazir" və sair adlandıranlar Xankəndi başda olmaqla bir sıra Azərbaycan şəhər və kəndlərində mülki əhalini girov saxlayır. Mülki əhalini girov tutub tələblər irəli sürənlərin isə bir adı var: terrorçu.

İsrail belələri ilə heç danışıq aparmır. Bunu da yeri gəlmişkən yazdım.

Bahəddin Həzi, Bizimyol.info
Ardını oxu...
14 maddədən ibarət olan təkliflər layihəsi “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.
1. Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi;
2. Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısını alınması;
3. Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər-hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi;
4. Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunması;
5. Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanasında və qəbulunda iştirak;
6. Dövlət qurumlarında, o cümlədənm, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması;
7. Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı;
8. İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi;
9. Erməni əhalsinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı;
10. Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı;
11. Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq;
12. Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi;
13. Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsibiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması;
14. Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması;
Ermənilər bu təklifləri süngü ilə qarşılayır, çünki sənəd Qarabağda separatizmin ləğv edilməsi, Azərbaycan suverenliyinin təmin edilməsini dəstəkləyir. Separatizmi dəstəkləyən Rusiyanın mövqeyinin xeyli yumşalması fonunda da təkliflər cəlbedici görünür. Lakin tamamilə Azərbaycanın xeyrinədir demək də mümkün deyil, xüsusilə son 3 bənd bu yöndədir.
- Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına tam zəmanət verir, lakin burada kənar ölkənin iştirakı qəbuledilməzdir: 12-ci bənd Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı ayrıca sazişin imzalanması nəzərdə tutulur;
- 13-cü bənd erməni diasporunun Qarabağa müdaxiləsinə, həm də istədikləri vaxt sərbəst girişinə zəmin yaradır;
- 14-cü bənd erməni əhalisinə kənardan iqtisadi və humanitar yardımı şərtləndirir;
Təkliflər bölgədə Azərbaycan qanunvericiliyinin bərpasını nəzərdə tutusa da, son üç bənd etnik separatizmin toxumlarının saxlanılmasına hesablanıb. Yerdə qalan 11 bənd də bu və ya digər formada etnik separatizmi stimullaşdıracaq amillərdir. Və ən əsas bu təkliflər Rusiyanın “zəmanətçi” kimi Qarabağda davamlı qalmasına şərait yaradır. Azərbaycan üçün yeganə yol Qarabağdakı erməni əhalisi ilə kənar qüvvənin iştirakı olmadan danışmaq, onların vətəndaşlığı qəbul edərək, respublika ərazisindəki digər etnik-dini qruplar kimi bərabərhüquqlu şəkildə yaşamasını təmin etməkdir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi - iştirakı ilə açıq rejimdə keçiriləcək iclası TŞ-yə hazırda rəhbərlik edən ABŞ aparacaq. Prosedura görə daimi və qeyri-daimi üzv ölkələrin hamısının nümayəndəsi çıxış edəcək, o cümlədən, Azərbaycan və Ermənistan nümayəndələri.
İclasda üç sənədin qəbulu mümkündür: qətnamə, bəyanat və ya mətbuata açıqlama.
Mətbuata açıqlama ən aşağı statuslu sənəd hesab edilir, o cümlədən, bəyanatın da praktiki icrası yoxdur. Bu baxımdan, İrəvan Bakıya qarşı qətnamənin qəbul edilməsinə çalışır, hərçənd, bu, siyasi və hüquqi baxımdan qeyri-mümkün görünür.
Siyasi: TŞ-nin qətnaməsi ya konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən olacaq, eləcə də daimi üzvlərdən ən azı Rusiya bölgədəki maraqlarına görə veto hüqundan istifadə edə bilər.
Hüquqi: BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu baxımdan, Qarabağdakı proseslərə Azərbaycanın prizmasından yanaşma olacağı gözləntisi var, misal üçün, ərzaq təminatının Ağdam-Xankəndi marşrutu üzrə daşınmasının TŞ-nin iclasında da ön plana çıxacağı mümkündür.
Asif Nerimanli
Teref.az
 

Ardını oxu...
Bəzi KİV-lərin məlumatına görə, Rusiya diktatoru Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edə bilər. Xüsusilə, Türkiyənin “Milliyet” qəzeti yazıb ki, bu, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Putinin NATO üzvü olan dövlətə ilk səfəri olacaq.

Ehtimal edilən səfər avqustun əvvəlində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Putin arasında telefon danışığından sonra müzakirə edilməyə başlayıb. Bu görüşün effektivliyinə məncə, türklərin, rusların və Qərb ölkələrinin ilkin razılaşmaları (yaxud bunun olmaması) təsir edəcək.

Ərdoğan Putini Qara Dəniz Taxıl Təşəbbüsünə – Böyük Odessa limanlarından taxıl tədarükünə dair “Taxıl sazişi”nə qayıtmağa razı salacaq. Putin isə Ərdoğanı inandıracaq ki, Aİ və NATO ölkələrinin sanksiya siyasətində güzəştlər olmadan bu mümkün deyil və Ərdoğandan bununla bağlı razılığa gəlməyi xahiş edəcək.

Görüşün ikinci mövzusu məncə, Suriyadakı vəziyyət olacaq. Putin çoxdan Ərdoğandan Suriya hökuməti ilə münasibətləri normallaşdırmasını istəyir, lakin Suriya hökuməti bunu Türkiyəyə güzəştə getmədən etmək istəmir. Xüsusilə, Türkiyə qoşunlarının Şimali Suriyanı tərk etmələrini tələb edirlər və müvafiq olaraq bundan sonra münasibətlərin və əməkdaşlığın bərpası barədə danışmağa hazırdırlar.

Putinə bu normallaşma lazımdır, çünki bu, on iki ildir uzanan Suriya münaqişəsinin həllində onun siyasi qələbəsi olardı. Ərdoğan da öz növbəsində bunu belə etmək istəmir. O, Rusiyadan da güzəşt istəyir. Və təbii ki, o, Putinlə Rusiya Federasiyasının Türkiyəyə harda güzəştə gedə biləcəyi sualını müzakirə edəcək: ya Cənubi Qafqazda Ermənistana güzəştlər hesabına - Putin Ermənistanın Baş nazirini buna razı sala bilər, ya da ikitərəfli ticarət və enerji layihələri. Bu iki mövzu, mənə elə gəlir ki, əsas müzakirə mövzuları olacaq.

Ərdoğan Rusiyanın Türkiyə üzərindən paralel idxaldan asılılığından “Taxıl sazişi”ni bərpa etmək üçün istifadə edə bilərmi? Putinin arqumentləri var, Ərdoğanın da arqumentləri var. Bu birtərəfli asılılıq deyil. Hər iki ölkənin bir-birinə ehtiyacı var. Hər ikisi əməkdaşlığa görə qazanır. Aydındır ki, onlar bir-birinə qarşı qarşılıqlı asılılıqdan istifadə edə bilərlər, lakin bu, riskli ola bilər. Mənə elə gəlir ki, Ərdoğanın ritorikasına əsaslanaraq o, Aİ və NATO ölkələrinin Putinə güzəştə getməsinin, sanksiyaların yumşaldılmasının və müvafiq olaraq “Taxıl sazişi”nin bərpa olunmasının tərəfdarıdır.

İndi görüşün nəticələrinin nə ola biləcəyini söyləmək çətindir. Digər tərəfdən, dövlət rəhbərləri sadəcə çay içmək üçün görüşmürlər. Açığı, bundan əvvəl də başqa səviyyələrdə müəyyən işlər gedirdi. Ona görə də ola bilsin ki, bundan əvvəl türklər və ruslar Qərb ölkələri ilə nəyisə razılaşdırıblarsa, o zaman bu görüşdə həmin razılaşmaları yekunlaşdırmaq mümkün olacaq. Əgər heç nə razılaşdırılmayıbsa, o zaman bu görüş dövlətlərin liderlərinin razılaşdığı ilk görüş ola bilər və qalan işləri daha aşağı səviyyəyə, məsələn, nazirliklərə həvalə edə bilər.

Müəıllif: İliya Kusa - “Ukrayna Gələcəyin İnstitutu” Analitik Mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Ardını oxu...
Tərtərin icra başçısı Müstəqim Məmmədovun əməlləri…
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev gecələr Müstəqim Məmmədovun evinə nə üçün gəlirdi..? Müstəqim Məmmədov bizimlə küçə söyüşüylə danışır, canımızı boğaza yığıb…
Haqqında bəhs etmək istədiyimiz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov haqqında qısa məlumat: Məmmədov Müstəqim 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildən Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsində çalışır, daha doğrusu, çapıb-talayır...
Birincisi ondan başlayaq ki, əmtəəşünas, “tovaraved” hara, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi hara..?
Onu da qeyd edək ki, həmin illərdə Elmar Vəliyev Yevlaxın icra başçısı idi və Müstəqimin günəşi Elmarın sayəsində doğdu. Və o gündən Elmar hər gün Müstəqimin evinə getməyə başladı. Nə isə, Elmar Vəliyevin hesabına Müstəqim Məmmədov Tərtərin icra başçısı oldu.
Deməli, Tərtərin icra başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələrinə 1 sot torpaq vermədiyi halda, özünün 80 yaşlı qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 200 hektar torpaq götürüb və bu torpağa görə, dövlətdən 20 min manata yaxın subsidiya alıb.
Təsəvvür edirsiniz, Tərtərdə məskunlaşmış Kəlbəcər köçkünləri deyir ki, Müstəqim Məmmədov bizi söyür, təhqir edir, bizi intihar həddinə çatdırır. Bu məqamda bilirsiniz nə düşündük..? Çünki Tərtərlilər deyir ki, Elmar Vəliyev də Tərtərdə Müstəqimi evində söyüb təhqir edirdi...yəqin fikrimiz çatdı... Bu hələ harasıdır..?
Tərtərin icra başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb.
Ümumiyyətlə, Müstəqim Məmmədovun xeyli sayda biznes obyektləri, torpaq sahələri qohumlarının, tələbə dostlarının adınadır. Hətta Tərtərdə icra başçısının qeyri-rəsmi köməkçisi olan bir xanım da var: Tünarə Məmmədzadə.... İcra başçısının xeyli obyekti də bu xanımın və qohumlarının adınadır. Həm də rayonda ictimai əsaslarla çalışan xeyli sayda insanın maaş kartları da bu xanımın cibindədir. Tərtər camaatı deyir ki, müharibənin qızğın çağlarında icra başçısı rayonda deyil, Gəncədə, Yevlaxda gecələyirdi.
Şikayətçilərdən bir yazır ki, Müstəqim Məmmədov bizə deyir ki, şikayət yazıb “Prezidentin baş-beynini xarab etməyin “. Bax, bura sözün bitdiyi yerdi. İcra başçısı kimdir ki, Prezidentin narahat olmasını dilinə gətirə bilir. Müstəqim Məmmədov məgər bilmir ki, cənab Prezidentimiz həmişə xalqın içindədir, hər an onların problemləri ilə maraqlanır? Bunu Müstəqim Məmmədov kimi icra başçıları çətin başa düşsün..

gundelik baki.com
 
Ardını oxu...
Rusiyanın keyfiyyət dediyi nəyə hesablanıb?
Rusiya üçün Azərbaycanda və Ermənistanda hərbi bazasının qalması və Zəngəzur dəhlizinə nəzarəti yalnız onun əlində olması keyfiyyətli sülh ola bilər.
Rusiyanı əvəz etmək də Fransa üçün keyfiyyətli sülh ola bilər.
Azərbaycan üçün keyfiyyətli sülh nə ola bilər? Ermənistan ordusunun qalıqları Qarabağdan çıxır, Rusiya sülhməramlıları da həmçinin, bundan əlavə delmitasiya və demarkasiya məsələsi öz həllini tapır, Ermənistan torpaq iddiasından əl çəkir.
İndiki məqamda görürük ki, nə Rusiyaya, nə Ermənistana, nə də Azərbaycana sülh lazım deyil. Deyənlər olacaq ki, rəsmi Bakı sülhün olmasını istəyir axı. Bəli istəyir. Ancaq rəsmi Bakının keyfiyyətsiz sülh istədiyini düşünmürəm. Müharibədə qalib tərəfin keyfiyyətsiz sülhə razılıq verəcəyi inandırıcı deyil, mümkün də görünmür. Əgər Azərbaycan hər nə olur olsun, əsas slüh olsun desəydi, həmin o sülh çoxdan imzalanmışdı. Məğlub olan Ermənistan belə sülhdən qazanclı çıxmaq niyyəindədir. Ona görə də, keyfiyyətli sülhü təkcə Rusiya yox, prosesə birbaşa və dolayısı ilə daxil olan bütün tərəflər istəyir.
Bilirik ki, rəsmi Bakının qırmızı xətti Qarabağdakı Ermənistan ordusunun qalıqlarıdır. Azərbaycan tərəfi onların silahsızlaşdırılması, yaxud ərazidən çıxarılması yönündə işlər aparır. Bir çox ekspertlər Azərbaycanın konkret vaxt verib, sonra hərəkətə keçməli olduğunu da dilə gətirir. Bu da mümkündür. Ancaq bu məsələdə ciddi qarşıdurmanın olma ehtimalı da var.
Misal üçün rəsmi Bakı yaşıl yol xəritəsini təklif edə bilər. Necə ki, Rusiya Ukrayna müharibəsində bu baş verdi. Rusiya bir dəfə belə bir təklif etdi, əməl edənlər sonradan güllələnmişdi. Ancaq sonradan Türkiyənin vasitəsçiliyi ilə yaşıl yol xəritəsi həyata keçirildi. Türkiyə və Ermənistan münasibətlərin normallaşmasını istəyir. Digər yandan Türkiyə faktiki olaraq regionda mövcutdur. Yaşıl yol xəritəsində Türkiyə qarant dura bilər. Misal üçün rəsmi Bakı konkret marşurut müəyyən edir, erməni silahlılarının çıxması üçün vaxt verir. Onların təhlükəsizliyini isə Türkiyə tərəfi üstünə götürür. Bu təkcə Azərbaycanın problemini həll etmir. Bu həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yolunda ciddi bir addım da ola bilər. Bu cür razılaşmanın əldə olunması gərginliyi sıfıra endirir, qarşıdurmanı sıfırlayır və beləcə qansız məsələ öz həllini tapmış olur.
Təbii ki, bu məsələyə mane olmaq istəyən dövlətlər də olacaq. Qarabağ həm də elə problemlərdəndir ki, dünyanın hər nöqtəsində çirkaba batan ölkələr burada özlərini Vaftiz (xaç suyuna salma ayini) etmək istəyirlər.
Müharibə hər zaman mümkündür, sülh olmadıqca hər an baş verə bilər. Ancaq sülh yolu ilə problemin həll edilməsi üçün müxtəlif vasitələrdən, analogiyalardan yararlanmaq lazımdır. Yaşıl yol xəritəsi mümkün vasitələrdən biridir. Hesab edirəm ki, bu yöndə işlərin aparılmasına ehtiyac var.
Yumşaq gücdən istifadə edilir, sərt gücdən zaman-zaman istifadə edilir, ağıllı gücdən də istifadə etməyə gərək var. Yox, əgər həqiqətən prosesin tək yolu hərb qalıbsa, onda heç baş sındırmağa da dəyməz...
Səxavət Məmməd
Teref.az
 

Dünyapress TV

Xəbər lenti