Gündəmdəki iki mövzu və ya Putinlə Ərdoğan nələri müzakirə edəcəklər?
Bəzi KİV-lərin məlumatına görə, Rusiya diktatoru Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edə bilər. Xüsusilə, Türkiyənin “Milliyet” qəzeti yazıb ki, bu, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Putinin NATO üzvü olan dövlətə ilk səfəri olacaq.

Ehtimal edilən səfər avqustun əvvəlində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Putin arasında telefon danışığından sonra müzakirə edilməyə başlayıb. Bu görüşün effektivliyinə məncə, türklərin, rusların və Qərb ölkələrinin ilkin razılaşmaları (yaxud bunun olmaması) təsir edəcək.

Ərdoğan Putini Qara Dəniz Taxıl Təşəbbüsünə – Böyük Odessa limanlarından taxıl tədarükünə dair “Taxıl sazişi”nə qayıtmağa razı salacaq. Putin isə Ərdoğanı inandıracaq ki, Aİ və NATO ölkələrinin sanksiya siyasətində güzəştlər olmadan bu mümkün deyil və Ərdoğandan bununla bağlı razılığa gəlməyi xahiş edəcək.

Görüşün ikinci mövzusu məncə, Suriyadakı vəziyyət olacaq. Putin çoxdan Ərdoğandan Suriya hökuməti ilə münasibətləri normallaşdırmasını istəyir, lakin Suriya hökuməti bunu Türkiyəyə güzəştə getmədən etmək istəmir. Xüsusilə, Türkiyə qoşunlarının Şimali Suriyanı tərk etmələrini tələb edirlər və müvafiq olaraq bundan sonra münasibətlərin və əməkdaşlığın bərpası barədə danışmağa hazırdırlar.

Putinə bu normallaşma lazımdır, çünki bu, on iki ildir uzanan Suriya münaqişəsinin həllində onun siyasi qələbəsi olardı. Ərdoğan da öz növbəsində bunu belə etmək istəmir. O, Rusiyadan da güzəşt istəyir. Və təbii ki, o, Putinlə Rusiya Federasiyasının Türkiyəyə harda güzəştə gedə biləcəyi sualını müzakirə edəcək: ya Cənubi Qafqazda Ermənistana güzəştlər hesabına - Putin Ermənistanın Baş nazirini buna razı sala bilər, ya da ikitərəfli ticarət və enerji layihələri. Bu iki mövzu, mənə elə gəlir ki, əsas müzakirə mövzuları olacaq.

Ərdoğan Rusiyanın Türkiyə üzərindən paralel idxaldan asılılığından “Taxıl sazişi”ni bərpa etmək üçün istifadə edə bilərmi? Putinin arqumentləri var, Ərdoğanın da arqumentləri var. Bu birtərəfli asılılıq deyil. Hər iki ölkənin bir-birinə ehtiyacı var. Hər ikisi əməkdaşlığa görə qazanır. Aydındır ki, onlar bir-birinə qarşı qarşılıqlı asılılıqdan istifadə edə bilərlər, lakin bu, riskli ola bilər. Mənə elə gəlir ki, Ərdoğanın ritorikasına əsaslanaraq o, Aİ və NATO ölkələrinin Putinə güzəştə getməsinin, sanksiyaların yumşaldılmasının və müvafiq olaraq “Taxıl sazişi”nin bərpa olunmasının tərəfdarıdır.

İndi görüşün nəticələrinin nə ola biləcəyini söyləmək çətindir. Digər tərəfdən, dövlət rəhbərləri sadəcə çay içmək üçün görüşmürlər. Açığı, bundan əvvəl də başqa səviyyələrdə müəyyən işlər gedirdi. Ona görə də ola bilsin ki, bundan əvvəl türklər və ruslar Qərb ölkələri ilə nəyisə razılaşdırıblarsa, o zaman bu görüşdə həmin razılaşmaları yekunlaşdırmaq mümkün olacaq. Əgər heç nə razılaşdırılmayıbsa, o zaman bu görüş dövlətlərin liderlərinin razılaşdığı ilk görüş ola bilər və qalan işləri daha aşağı səviyyəyə, məsələn, nazirliklərə həvalə edə bilər.

Müəıllif: İliya Kusa - “Ukrayna Gələcəyin İnstitutu” Analitik Mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Dünyapress TV

Xəbər lenti