Ardını oxu...
Kremlin Karaqanovu “qan-qan” deyir: müharibə və dağıntı rus milli ideyasıdır

Şair Yevgeni Yevtuşenkonun poetik formada qaldırdığı “ruslar müharibə istəyirmi?” sualına çoxdan müsbət cavab verilib. Kremlpərəst politoloq, Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti Fakültəsinin elmi direktoru Sergey Karaqanov məzmunca dəhşətli, sadəcə olaraq adamyeyən (mən bu sözdən qorxmuram) məqaləsini oxumaqla bir daha buna əmin ola bilərsiniz. Karaqanov Rusiyanı Qərb ölkələrinə qarşı nüvə silahından istifadə etməyə çağırıb.

Karaqanovun “Profil” jurnalında ifadə etdiyi fikrincə (məqalə daha sanballı hesab edilən “Rossiya in Global Affairs” saytı tərəfindən də yenidən çap olunub), “nüvə silahından istifadə bəşəriyyəti qlobal fəlakətdən xilas edə bilər”.

Gördünüz, necə?! Problemləri xəstə başdan sağlama keçirmək üçün belə primitiv cəhdləri yalnız SSRİ dövründə, “Vremya” verilişində görmüşük.

O dövrün təbliğatçıları sovet vətəndaşlarına dayanmadan “Qərbin çürüməsi” haqqında yalanlar danışırdılar. Onlar həmçinin SSRİ-nin Əfqanıstana müdaxiləsinin zəruri tədbir olduğunu iddia edirdilər. Səhərdən axşama kimi yalan danışırdılar, yalanlarından nəinki utanırdılar, hətta onlara səmimi qəlbdən inanırdılar. O dövrün məhsulu olan Sergey Karaqanov, sadəcə olaraq, sovet dövrünün ritorikasını indiki reallıqlara uyğunlaşdıraraq yeniləyib.

O, düzgün vaxt hesab etdiyi şeyi seçdi. Rusiya rəhbərliyi Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatından çox qorxur. Hətta Solovyovla bərabər Skabeyeva və Popov kimi tamştatlı təbliğatçılar belə, Rusiyanın başlatdığı müharibənin düzgünlüyünə və uğuruna o qədər də şən və arxayın deyillər. Artıq Konstantin Zatulin müharibənin məqsədlərinə çatmadığını etiraf etməyə cəhd etdi.

Və sonra Ukraynanın Qərb müttəfiqləri onu Rusiya Federasiyasının analoqu olmayan müasir silahlarla təmin etməkdə davam edirlər. Qorxunun səbəbi var. Qorxu olan yerdə isə şantaja keçid olur. O cümlədən nüvə şantajına. Məsələ yeni deyil, Kremlin müxtəlif vaxtlarda olan rəhbərliyi bunu əvvəllər də edirdi. İndi biz görürük ki, bu mövzu Rusiya Federasiyasının rəhbərliyi və onun hər cür “siyasi elm xadimləri” üçün necə son damla oldu.

Karaqanov bu mənada unikal deyil. O, oxucuları əmin edir ki, hətta Ukrayna ilə müharibədə qələbə və yenə hətta bütün Ukrayna ərazisinin hipotetik olaraq Rusiyanın nəzarəti altına alınması da “Qərblə toqquşmaya” son qoymağa kömək etməyəcək. Karaqanovun fikrincə, Rusiya “özünün mənəvi, iqtisadi, hərbi-siyasi mərkəzini təcili olaraq Avrasiyanın şərqinə köçürməkdən” yayınaraq, uzun illər Ukraynada “batağa düşəcək”. Karaqanov hesab edir ki, Qərbə məhz bu lazımdır.

Nəfəs aldığı kimi yalan danışır, amma tez-tez nəfəs alır. Bu, Rusiyanın Ukraynada törətdiyi iyrənc cinayətlərə bəraət qazandırmaq üçün pafoslu cəhddir. Artıq onların sayı çoxdur, lakin Karaqanov bu siyahını genişləndirməyi təklif edir. O, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsini alqışlayır. Amma müəllifin fikrincə, “biz daha da irəli getməli və faktiki olaraq Qərbə ultimatum irəli sürməliyik”. Yerinə yetirilmədikdə isə – “ağlını itirənləri reallığa qaytarmq üçün bir sıra ölkələrdə bir qrup hədəfi vurmaq lazımdır”.

Ümumiyyətlə, Karaqanov açıq şəkildə insanların kütləvi şəkildə öldürülməsinə çağırır. Və bu, heç də təəccüblü deyil. Çünki Karaqanov tamamilə gülünc və tsinik arqumentlər gətirərək dəhşətli cinayətlər törətməyə və onlara haqq qazandırmağa hazır olan müasir Rusiya ilə eyniləşir. Və baş verənlərdən heç də təəccüblənmirəm.

Çünki Azərbaycanda 1990-cı ilin yanvarında RSFSR-in müxtəlif şəhərlərindən olanlar dinc etirazları yatırtmaq üçün Bakıya göndərilən cəza dəstələrinin üzvü olaraq, adi insanların üstünə tanklar sürdükdən sonra rusların yenidən müharibə istəyirmi sualına cavab aldılar. Bu əsgərlərin vəhşicəsinə qətlə yetirdikləri şəxslərin məzarları Şəhidlər Xiyabanındadır.

Və sonra biz Birinci Qarabağ müharibəsi zamanı rus əsgər və zabitlərinin Ermənistan tərəfində necə vuruşduqlarını gördük. Onların bəziləri hətta əsir götürülüb və onlar azərbaycanlıları pul müqabilində necə öldürmək qərarına gəldiklərini yerli jurnalistlərə ətraflı danışıblar. Üstəlik, bununla bağlı rusiyalı telejurnalist Aleksandr Nevzorovun açıqlamaları da olub.

O, Pskov desantlarının ermənilərin tərəfində necə vuruşmasından danışıb. Təbii ki, pul müqabilində. Və təbii ki, Xocalıda dinc azərbaycanlı əhalinin soyqırımında iştirak etmiş 366-cı motoatıcı alayını da xatırlayırıq. Bu dəhşətli cinayəti törədən rus zabit və əsgərləri erməni quldurları ilə çiyin-çiyinə dayanmışdılar. Və sonra məlum oldu ki, rus milli ideyası xoşbəxtliyi məhz inkişafda deyil, dağıdıcı müharibələrdə axtarmaqdır. Dünyanın hansı hissəsindən asılı olmayaraq.

2008-ci ilin avqustunda Gürcüstan planetimizdə belə bir nöqtəyə çevrildi. Rus işğalçıları bu kiçik ölkəyə qarşı müharibəyə başladılar. Onların tankları Tbilisidən bir neçə on kilometr aralıda yerləşdirilmişdi. Nəticədə Cənubi Osetiya və Abxaziyanın qondarma “müstəqilliyinin tanınması” bunu “idarə etdi”.

Və sonra Ukrayna var idi. Birincisi, Krımın ilhaqı oldu ki, bu da ruslar üçün uğurla başa çatdı, çünki uzun illər Ukraynada, o cümlədən ölkənin ali hərbi rəhbərliyi arasında “beşinci kolon” formalaşmışdı. Nəticədə, işğalçıların tərəfinə keçmək, fərarilik və illərlə korrupsiya ilə məhv edilmiş Ukrayna ordusu - bütün bunlar Rusiya Federasiyasına Krımı çox səy göstərmədən ilhaq etməyə kömək etdi.

Amma axı Rusiya Federasiyası bununla da dayanmadı. Onlar Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatizmi dəstəkləmək qərarına gəliblər, orada öz nizami zabitlərini “xalq respublikaları” yaratmaq üçün həvalə ediblər. Bu müharibə səkkiz ildir ki, Ukrayna ilə Donbasda Rusiyanın dəstəklədiyi separatçılar arasında davam edir.

Və sonra, keçən il fevralın 24-də Rusiya Ukrayna ilə genişmiqyaslı müharibəyə başladı. “Kiyevi üç günə almaq” planları baş tutmadı. İndi də məğlubiyyət təhlükəsini hiss edən Rusiya dünyanı qüdrətlə, əsasını isə nüvə müharibəsi ilə hədələyir.

Karaqanov isə Kreml şantajının carçılarından sadəcə biridir. Qaranlıq xiyabanda bıçağı yelləyən quldurun davranışına çox bənzəyir. Bu qulduru tərksilah etmək, həbsə atmaq, uzun illər cəmiyyətdən təcrid etmək bütün sivil bəşəriyyətin borcudur.

Müəllif: Əkbər Həsənov
ayna.az
 

Ardını oxu...

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərinin səbəblərini, Prezident İlham Əliyevlə apardığı danışıqları, əsasən, iki bölmə üzrə təsnifatlandıra bilərik.

I - İdxal-ixrac əməliyyatlarında artım

Cənab Şahbaz Şərifin İlham Əliyevlə mətbuata birgə bəyanatında qeyd etdiyi kimi, Pakistan inflyasiya, idxal olunan neftin qiymətlərinin artması səbəbindən iqtisadi təzyiqlərlə üzləşib. Təsadüfi deyil ki, Şərifin Azərbaycana səfəri ərəfəsində iki ölkə arasında Azərbaycandan Pakistana mayeləşdirilmiş təbii qazın ixracına dair çərçivə sazişi təsdiqləndi. Ümumiyyətlə, enerji sahəsində əməkdaşlıq Azərbaycan və Pakistan arasında maliyyə tərəfdaşlığının böyük aspekti kimi qəbul edilə bilər.

Pakistan hazırda büdcə problemlərindən əziyyət çəkir, 2022-ci ilin iyun ayından etibarən qiymətlərin sürətlə artması və valyuta ehtiyatlarının tükənməsi səbəbindən mayeləşdirilmiş təbii qaz bazarından kənarda qalıb, hətta bir müddət həmin məhsulun idxalını təmin edə bilməyib.

Əliyevlə Şərifin müzakirə masasında ikitərəfli strateji məqsədlər naminə idxal-ixrac əməliyyatlarının qarşılıqlı şəkildə artırılmasına ehtiyac duyulduğu qeyd olunub. Bu, ehtiyaclardan doğan strateji mübadilələr üçün şanslar təqdim edir. Azərbaycan da strateji tərəfdaşı Pakistanın enerji-maliyyə problemlərinə töhfə verə biləcək əməliyyatın həmmüəllifi olduğundan İslamabad bu jestə qarşılıq olaraq Bakını yeni partiya ən müasir silahlarla təmin edə bilər və əvəzində maliyyə yükünü azaltmış olar.

Deməli, iqtisadi baxımdan Azərbaycan və Pakistan ticarət və maliyyə üçün alternativləri araşdırırlar.

Azərbaycanla Pakistan bu kursu təşviq edib daimi əsaslı platforma yaratmaq üçün gələcəkdə güzəştli ticarətə daxil olacaq məhsulların tam siyahısını tərtib edə bilərlər.

II - Təhlükəsizlik və müdafiə məsələləri

İlham Əliyev mətbuata bəyanat zamanı təhlükəsizlik aspektləri üzrə xətlərlə birgə hərbi təlimlərin sayının artırılması, müdafiə sənayesindəki əməkdaşlıq arasında əlaqə qurdu və güclü hərbi potensialı müstəqilliyin və ərazi bütövlüyünün qarantı kimi vurğuladı.

Deməli, Əliyevlə Şərifin danışıqlar stoluna qoyulan müzakirələr qovluqlarında regional təhlükəsizlik məsələlərinin altından məxsusi incə bir xətt çəkmək olar.

Məsələnin daha böyük miqyasda anlaşılması üçün Pakistanın xarici siyasət kursuna nəzər salmaqda fayda var. Pakistanın xarici siyasət prioritetləri sırf realist məqsədlərə əsaslanan ardıcıl mühafizəkar tərtibata malikdir, bunun bariz nümunələrindən birini İslamabadın Ermənistana münasibətində görmək mümkündür. Sırf işğal faktına görə Ermənistanla əlaqələr qurmayan Pakistan radikal mövqeyini İrəvana tuşlanan müqavimət oxunun içərisində tutaraq Azərbaycana dəstəyini əsirgəməyib.

İslamabadın xarici siyasət cəbhəsindəki “əzilənə dəstək, zalıma qarşı mübarizə” kursu islam birliyinə əsaslanan, müsəlman ölkələri arasında qardaşlıq münasibətlərini qoruyub-saxlamağa və möhkəmləndirməyə səy göstərən prinsiplərə sadiqdir.

Söyləmək olar ki, Pakistanın xarici siyasəti onun strateji regional maraqlarının yüksəksəviyyəli təminatı üzərində cəmlənir. Bu nöqtədə onun Cənubi Qafqazdakı iştirakı texniki amillərə deyil, geniş siyasi spektrə söykənir. Pakistan özünün xarici siyasətində Azərbaycanla yanaşı, Türkiyəni, Çini, Səudiyyə Ərəbistanını, Qətəri, Birləşmiş Ərəb Əmirliklərini, ABŞ-ni yaxın tərəfdaş kimi görür, İranla münasibətlərə isə nisbətdə çox aşağı prioritet verir.

Pakistanın qonşuluğu qaynar qazandır, məsələn, onun Hindistanla münaqişəsi var, Əfqanıstanda son 20 illik periodda formalaşdırdığı mücahid dəstəsi “Taliban”ın formalaşmasına təkan verib, sonrakı regional təhlükəsizlik strukturu isə elə İslamabadın özünə qarşı çevrilib.

İndi sual oluna bilər ki, bütün bunların Azərbaycana nə aidiyyəti var? Uzunmüddətli siyasət böyük zaman kəsiyində regional izlər buraxır və cari situasiyada siyasi üfüqlərə tünd rəngli tüstülər qalxır.
Məsələnin Cənubi Qafqaza qədər uzanan təsirlərinin olduğunu cənab Şərifin Əliyevlə birgə bəyanatında səsləndirdiyi bu məqamlarda axtara bilərik.

Şərif qeyd edir ki:

- Pakistanın qonşuluğunda Əfqanıstan və İran var, Çin daha bir mühüm oyunçudur (bu, xüsusi mesaj kimi qəbul oluna bilər);

- Pakistan bu baxımdan Azərbaycan və Türkiyə ilə birlikdə qardaş ölkə olaraq hərəkət edə bilər;

- Pakistan Azərbaycan və Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər ilə qardaş ölkələrdir.

Pakistanın bu siyasəti Azərbaycanın xarici siyasət doktrinası ilə üst-üstə düşən məqamların qabarıqlaşdığı cəhətləri qeyd etməyə imkan verir və qlobal sistemin didilməsi fonunda perspektiv çoxtərəfli qarşılıqlı dəstək mexanizmləri formalaşdırır.

Pakistanın strateqləri milli təhlükəsizlik çərçivələrində qeyri-hərbi aspektləri inkişaf etdirən formullara böyük əhəmiyyət vermirlər, onlar üçün hərbi sahədəki üstünlüklər, müdafiə sənayesindəki sıçrayış daha vacibdir.

Ancaq Pakistandakı siyasi cəhətdən qeyri-sabitlik onun xarici siyasətindəki dərin mühafizəkar ənənələri dəyişdirməsə də, praktiki areala təsirlərini göstərir.

Bu baxımdan Pakistan geosiyasətdən geoiqtisadiyyata keçid edib mövqelərini yuxarıya qaldırmalıdır və iqtisadi məsələlərdə onun Azərbaycanın dəstəyinə ehtiyacı yaranır.

NƏTİCƏ:

Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdəki inkişafını böyük sıçrayışla sürətləndirməyə hazır olan müstəsna mərhələdir. Bu, strateji tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsi ilə əvəzlənməsi və bunun rəsmiləşdirilməsinə hazırlıqdır.

Bunun dərin əhəmiyyətini çoxtərəfli əməkdaşlıq modellərində görə biləcəyik, lakin Pakistanın genişlənən siyasətindəki Qafqaz çalarları Hindistanı narahat etdiyindən o da tərəfdaşları ilə alternativlər yaratmağa çalışacaq.

Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ
 
Ardını oxu...
Məlumdur ki, qədim Ermənistanla bağlı qeydlərin əksəriyyəti bizə Roma mənbələrindən gəlib çatıb. Müasir alimlər qədim yazarların bu bölgənin tarixi və coğrafiyasına dair əsərlərini latın dilindən tərcümə etmişlər.
Ancaq burda maraqlı bir məqam var: bütün qədim Roma və sonrakı mənbələr, Latın dilində “Böyük Ermənistan”ı Armenia Major adlanır.
Burda nə var ki? – soruşarsınız. "Major" sözü latınca "böyük" deməkdir, yani ərazi anlamında, qüdrətli dövlət mənasında deyil.
Ona görə də Armenia Major anlayışını “Böyük(Qüdrətli) Ermənistan” kimi tərcümə etmək olmaz.
Bəs onda niyə “Böyük Ermənistan” kimi tərcümə olunur?
“Böyük Ermənistan” adını ona görə dırnaq içərisində yazırıq ki, oxucular indiki rəsmi tarixin, “Böyük Ermənistan” coğrafi adından necə “böyük”, “qüdrətli” anlamında şişirtdiyini görsünlər.
Bildiyiniz kimi, "böyük" termini çox vaxt konkret olaraq dövlətlərə və ölkələrə aiddir. Müxtəlif tarixi xəritələrdə və kitablarda, məsələn, belə "böyük" adları oxumaq olar:
"Böyük Britaniya" - Great Britain;
"Böyük Tartariya" - Çingiz xanın imperiyası (Great Tartaria, Grande Tartarie, yaxud latınca: Magnus Tartarie).
Amma siz, latın dilində heç bir qədim və ya orta əsr mənbəsində Magnus və ya Great Armenia (yəni “Böyük Ermənistan”) yazısına rast gəlməyəcəksiniz. Hər yerdə yalnız bir ad olacaq: Armenia Major, yəni coğrafi olaraq “Böyük Ermənistan”.
"Böyük" anlayışı, məsələn, Böyük Qafqazın dağlarına və ya Böyük Tira çayına və Böyük Almatinka (Qazaxıstanın Almatı vilayəti) çaylarına aiddir. Yəni coğrafi adlar.
Beləliklə, qədim Roma müəllifləri Böyük Ermənistan həqiqətləri haqqında yazarkən hansısa konkret “böyük” dövləti deyil, həmin adda coğrafi ərazini nəzərdə tuturdular.
Amma bu gün elmdən mif yaradanlar ermənilərin qədim və qüdrətli dövləti haqqında gözəl nağıllar danışırlar.
Əmir Eyvaz
Teref.az
 
Ardını oxu...
Bu gün Azərbaycan bayrağını asarkən Sərhəd Qoşunlarının giziri erməni snayperi tərəfindən vurulub. Öncə bu haqda. Bu cür halın yaşana biləcəyi sürpriz deyildi. Malaçılar, baş altına yastıq qoyanların nə deməsindən aslı olmayaraq gərginliyin olacağını dəfələrlə yazmışdıq. Sülh danışıqlarına, masaların hamısına getmək lazımdır, ancaq onlara bel bağlamaq vacib deyil.
Erməni mediası yazır ki, Azərbaycan ordusu onların ərazisinə girib. Elə həmin erməni mediası da video görüntüləri trajlayır ki, sülhməramlılar Azərbaycana şərait yaradır. Yavaş-yavaş bizim mediaya oxşayırlar. Bir neçəsinin sərhəd-buraxılış məntəqəmizdən keçməsinə bənd imiş ki, suyumuz üzlərinə sıçrasın. O bayraq bu gün asılmırdı, yenilənirdi. Dünən bayrağı güllə ilə vurub yararsız etmişdilər. Yəni, Azərbaycan tərəfi təxribata səbəb verən tərəf deyil. Videodan da görünür ki, Azərbaycan hərbçiləri sülhməramlıların müşayəti ilə hərəkət edir. Yəni, qaşınmırdı, qızışdırmırdı.
Yeri gəlmişkən yaralı gizirin vəziyyətinin yaxşı olması barədə məlumat almışam.
Zəngilan istiqamətindəki atışma barədə qısa şəkildə bildirim ki, bu da gözlənilən idi. Ermənistan tərəfi hər nə qədər məsələni öz boynundan atmaq istəsə də, hiss olunur ki, onları buna təhrik, bəlkə də məcbur edən qüvvələr var. Əməliyyatla, mövqe döyüşlərini qarışdırmaq olmaz. Onlar Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Bunda həmişəki kimi minaatanlardan daha çox istifadə ediblər. Əldə etdiyim məlumata görə, qarşı tərəfə lazımı cavab verilib. İsti-isti detallara girmək istəmirəm.
Xeyirsöyləməzə dedilər... Xeyirsöyləməzlik kimi çıxmasın, indi baş verənlər uzaq olmayan gələcəkdə baş verəcəklərin kiçik anonsu kimi bir şeydir.
Sabah daha detallı yazılı və video formasında təqdim edəcəm.
Səxavət Məmməd
Teref.az
 
Ardını oxu...
Ermənisitan ordusunun Laçın sərhəd-keçid məntəqəsinə qarşı bugünkü təxribatı Qarabağ ermənilərinə zərər vurub.
Ermənilər bu sərhəd keçid məntəqəsindən istifadə edərək Qarabağdan çıxa və qayıda bilərlər.
Təxribat nəticəsində sərhəd-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.
Nəticədə ermənilər sərhəd-keçid məntəqəsindən istifadə edə bilməyiblər.
Sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edəndən sonra yenə təxribat olarsa sərhəd yenidən qapanacaq, bu Qarabağ ermənilərinə çətinlik yaradacaq, xəstələri Ermənistana gedə bilməyəcək, ərzaq daşınması dayandırılacaq.
Ona görə də Qarabağ ermənilərinin bugünkü insidentə görə iradları Ermənistan hərbçilərinə ünvanlanmalıdır.
Elxan Şahinoğlu
Terefg.az
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlər baş tutdu.

Görüşlərdə bir çox məsələlərlə yanaşı, Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı müzakirələr aparıldı. Türkiyə Prezidenti layihələrin tez bir zamanda reallaşdırılmasının əhəmiyyətindən bəhs etdi və bu məsələdə böyük fayda olduğunu söylədi.

Görüşdən sonra prezidentlərin səsləndirdikləri bəyanatlarda da, Azərbaycanın iştirakçısı olduğu nəqliyyat və enerji dəhlizlərinin əhəmiyyətindən bəhs olundu. Azərbaycan Prezidenti İlham Əliyev, hər dəfə görüşəndə nəqliyyat məsələlərinin də geniş müzakirə etdiklərini diqqətə çatdırdı.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını söyləyən Dövlət başçısı əlavə etdi ki, Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq:

“Ona görə də biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir”.

Zəngəzur dəhlizinin tezliklə açılması haqqında da fikir mübadiləsi apardıqlarını diqqətə çatdıran Prezident İlham Əliyev, bu məsələnin də müzakirə etdiklərini vurğulayıb:

“Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.

Türkiyə prezidenti R.T.Ərdoğan da üzərində ən çox çalışdıqları və həssaslıq göstərdikləri Zəngəzur dəhlizi məsələsinin əhəmiyyətini qabardıb:

“İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək.

Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tunellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən - istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə ortaya qoyur”.

“Orta dəhlizin Azərbaycan üzərindən keçən hissəsi çox mühümdür”

TEREF.AZ bildirir ki, Bizim.Media-ya açıqlamasında bu görüşün nəqliyyat dəhlizlərinin gələcəyi üçün böyük perspektivlər vəd etdiyini qeyd edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezident seçildikdən sonra ikinci səfərini Azərbaycan etməsinin böyük əhəmiyyəti var:

“Bu səfər, eləcə də verilən bəyanatlar və səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin nə dərəcədə strateji və dayanıqlı olduğunun göstəricidir. Nəqliyyat dəhlizləri hazırda bütün dünyada ən vacib məsələlərdən biridir.

Ona görə ki, Şərq-Qərb dəhlizinin böyük hissəsi əvvəllər Rusiya üzərindən keçir, oradan da Belorus və Polşaya qədər uzanırdı. Həm sanksiyalar, həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu yolda ciddi problemlər var. Qərb və Avropa şirkətləri Rusiya ərazisindən keçən yüklərin sığortanmasını dayandırıblar ki, bu da yükdaşıma qrafikini ciddi zədələyib. Bu baxımdan da Avropa və Çin üçün alternativ yolların əhəmiyyəti çox böyükdür.

Bu yollardan da ən mühümü, infrastruktur baxımından hazır vəziyyətdə olan Orta dəhlizin Azərbaycan üzərindən keçən hissəsidir. Əgər başqa dövlətlər bu barədə danışırlarsa, deməli, Azərbaycanın artıq logistik mərkəzə çevrilməsi imkanları və fürsətləri genişlənib.

Buna görə də Orta dəhliz layihəsi təkcə türk dünyasını və dövlətlərini birləşdirən bir layihə kimi deyil, həm də Çini Avropaya, Pekini Londona bağlayan yeni bir işlək xəttin olması anlamına gəlir. Həm Azərbaycanın beynəlxalq xaba çevrilməsi, həm də tranzit gəlirlərimizin artımı baxımından önəmlidir”.

Müsahibimiz bu baxımdan da Zəngəzurdan keçəcək yolun açılması ilə bağlı məsələlərin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb:

“Yol istifadəyə verildikdən sonra Azərbaycan üzərindən yükdaşımaların həcmi də artacaq. Hazırda Bakı Limanının illik yükdaşıma imkanları 25 milyon tondan da yüksəkdir və bundan sonra daha da artacaq. Bu da kifayət qədər böyük rəqəmdir. Çünki, Azərbaycanın ümumi dəmiryol nəqliyyatında ötən il 7 milyon ton yük daşınmışdı.

Azərbaycanın hazırda bunu 3-4 dəfə artırmaq imkanları var. Bu yolların infrastrukturlarının işə düşməsi ilə ən azından yeni marşrutlarla yük dövriyyəsini sürətlə artıra bilər ki, bu da həm ölkəmizin, həm Türkiyənin strateji maraqlarına uyğun gəlir”.

“Zəngəzur dəhlizi problemi Ermənistanla Rusiya arasındakı narazılıqdan qaynaqlanır”

Natiq Cəfərlinin sözlərinə görə, əsas söhbət Bakı Limanının potensialından deyil, eyni zamanda yük bərələrinin işə düşməsindən gedir:

“Yeni bərə keçidlərinin inşası artıq tamamlanmaq üzrədir. Bu da o deməkdir ki, ya Türkmənbaşından, ya da Qazaxıstanın Aktau limanından qatarlar və bərələrə yüklənəcək və Azərbaycana keçəcək, sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyənin dəmir yollarına biləşdiriləcək, ordan isə Fransanın şimalına və İngiltərənin qapısına qədər gedəcək.

Bu yollar vasitəsilə Avropaya çıxış əldə etmək Çin, və Orta Asiya respublikaları üçün kifayət qədər komfortlu və daha tez başa gələcək ki, bu da tranzit xərclərini azaldacaq. Burada vacib olan əsas məsələ yüklərin keçdiyi ölkələrin vahid tranzit tarifinə keçməsi ilə bağlıdır. Hazırda bu məsələ ilə əlaqədar danışıqlar davam edir. Ola bilər ki, yaxın günlərdə türk dövlətləri və Tacikistan bununla bağlı ümumi anlaşmaya imza atsınlar”.

Azərbaycan Prezidenti İlham Əliyevin, “Zəngəzur dəhlizinin açılması qaçılmazdır və nə qədər tez olsa, o qədər yaxşıdır” fikrinə münasibətini açıqlayan ekspert, bu yolun açılması ilə bağlı problemin Ermənistanla Rusiya arasındakı narazılıqdan qaynaqlandığını diqqətə çatdırıb:

“Çünki, Kreml yola nəzarəti əlindən buraxmaq istəmir və bəyan edir ki, 10 noyabr sazişinə görə, sərhəd qoşunları və xüsusi xidmət orqanları nəzarət etməlidir. İrəvan isə israrla yola nəzarətin özündə olmasını istəyir, israrla girişdə,çıxışda Ermənistanın gömrük və sərhəd qoşunlarının dayanmasını tələb edir. Azərbaycanla Ermənistan arasındakı isə bu məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur.

Bu məsələ tam həllini tapsa, Zəngəzur dəhlizinin yaxın zamanlarda açılması və kommunikasiyaların açılması protokolunun imzalanması mümkün olacaq. Çünki, bununla paralel, Türkiyə ilə Ermənistan arasında da dəmir və avtomobil yollarının, eləcə də sərhədlərin açılması gözlənilir. Bu da bölgənin infrastruktur xəritəsi baxımından əlavə dividendlər gətirəcək”.
Ardını oxu...
İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi dövlət səfərinə gəlib. Səfər çərçivəsində iki dost və qardaş ölkə rəhbərlərinin təkbətək və geçiş tərkibdə görüşləri olub və görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, növbəti dəfə Türkiyə Respublikasının Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana ölkələrimiz arasındakı münasibətlərin dərinliyindən, bizi bir-birimizə bağlayan qardaşlıq tellərinin möhkəmliyindən xəbər verir. Həm Rəcəb Tayyib Ərdoğanın, həm də Prezident İlham Əliyevin il ərzində ən çox səfər etdikləri ölkələr Azərbaycan və Türkiyədir. Bu əlaqələr, qardaşlıq münasibətləri bizə dost və dost olmayan ölkələrə mesajdır.
Səfər çərçivəsində dövlətimizin başçısı ilə Türkiyə Prezidenti arasında baş tutan təkbətək və geniş tərkibdə görüşlərdə ötən dövr ərzində birlikdə görülən işlərin icra vəziyyəti, nəticələr, həmçinin gələcəkdə həyata keçirilməsi planlaşdırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sevindirici xəbərlərdən biri də odur ki, liderlər yaxın gələcəkdə Türkiyə-Azərbaycan birgə universitetinin fəaliyyətə başlaması ilə bağlı razılıq əldə ediblər. Təbii ki, qazanılmış bütün uğurların təməlində Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri dayanır. Biz bir millət, iki dövlət olaraq bir-birimizin sevincini və kədərini bölüşür, xoş və dar günlərdə bir-birimizin yanında oluruq. Türkiyədə təbii fəlakət baş verdikdə Azərbaycan dövləti gözləmədən, dərhal öz xilasedicilərini oraya göndərdi. Dünyada Azərbaycan və Türkiyə qədər aralarında bu qədər sıx qardaşlıq bağları olan ölkələr tapmaq çətindir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar. Təbii ki, bütün bunlar iki siyasi Liderin uzaqgörənliyi və səmimi əməkdaşlıqları sayəsində mümkün olub. Kənarda hazırlanmış bir çox xain planlar bu əməkdaşlıq, əzmkarlıq nəticəsində iflasa uğrayıb, təhdidlər zərərsizləşdirilib.
Diqqətə çatdırılıb ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə qardaş ölkələrimiz rəsmən müttəfiq oldular. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülh və təhlükəsizliyə töhfə verdi. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar yaranıb. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək xalqımızı, Ordumuzu daha da ruhlandırdı. Diplomatik cəbhədə Azərbaycan haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təzyiqləri zərərsizləşdirdilər. Bu gün Azərbaycanın bütün rayonlarında Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalandığını görərik. Xalqımızın Türkiyəyə olan sevgisi səmimidir, içdən gəlir.
Türkiyə-Azərbaycan qardaşlıq sevgisini pozmaq istəyən qüvvələr hər zaman olub. Qlobal güc mərkəzinə çevrilən Türk dünyasının güclənməsini istəməyən qüvvələr qardaş ölkələr arasındakı münasibətlərə xələl gətirmək, onları parçalamaq üçün yorulmadan çalışır, xain planlar qururlar. Biz həm 44 günlük Vətən müharibəsində, həm də Türkiyədə keçirilən prezident və parlament seçkilərində bunun şahidi olduq. Lakin Türkiyə və Azərbaycanın siyasi münasibətlərini zədələmək niyyətində olan xarici qüvvələrin planları ürəklərində qaldı. Türkiyə xalqı ən doğru olan qərarı verdi və Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkənin prezidenti seçildi. Bu qələbə Azərbaycanda da böyük sevinclə qarşılaşdı. Çünki Azərbaycan xalqı populist vədlərə deyil, reallığa, nəticəyə söykənib addım atır, mövqe ortaya qoyur. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaq, yeni və daha böyük zəfərlər qazanacaqlar.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

      
Ardını oxu...
“Bəlkə bir gecə sadəcə bir “dənləmə” əməliyyatı keçirərək ünvanları Xankəndində də, Əsgəranda da, Ağdərədə də, Xocavənddə də xüsusi xidmət orqanlarımıza yaxşı bəlli olan separatçı-terrorçu fəalları tutuqlayıb Bakıya komlamaq gərəkdir? Axı indi də 1988-1989-cu il deyil ki, belə əməliyyatlar üçün Moskvanın icazəsi, göstərişi tələb oluna...”

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun 44 günlük müzəffər(!) savaşımızdan sonra da Rusiya imperiyasının “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərində elə həmin kontingentin himayəsinə sığınmış separatçı, terrorçu, işğalçı, revanşist ruhlu hayklar daha bir qanunsuz hərəkat qondarıblar.

Moderator.az xəbər verir ki, Ermənistanın Mamul.am saytının yaydığı məlumata görə, “artsax milli hərəkatı” adlanan bu separatçı hərəkat keçmiş “polis”, “prokurorluq” əməkdaşları tərəfindən qondarılır.

Hərəkatın təşəbbüskarı, keçmiş qanunsuz “hüquq-mühafizə” orqanı əməkdaşı Sergey Amiryan qurumun yaradılması təşəbbüsü barədə özünün “Facebook” səhifəsində yazıb.

“Mövcud vəziyyəti və hüquq-mühafizə sistemində dövlət və cəmiyyət üçün müstəsna xidmətlər göstərən, heç vaxt partiya maraqlarını və ya başqasını rəhbər tutmayan keçmiş həmkarlarım ilə birgə qarşılaşdığımız problemləri nəzərə alaraq biz artsax milli hərəkatını yaratdıq.

Biz bu addımı vətənlərinin gələcəyindən narahat olan yüzlərlə artsax sakininin xahişi ilə atdıq. Bizim üçün yeganə və müstəsna fayda artsaxı ermənilərinki kimi saxlamaqdır. Ümid edirik ki, tezliklə bu hərəkat yalnız müsbət nəticələrə gətirib çıxaracaq. Artsax sakinləri təslim olmur”,- bu cümlələri çərənləyən separatçı hərəkatın Xankəndi şəhərindəki konkret ünvanını da göstərir:

“Yaratdığımız hərəkatın mərkəzi ofisi Stepanakertdə yerləşir, ünvan Azatamartikner 9. Digər ofislər haqqında, planlaşdırılan mətbuat konfransları və elanlar hərəkatın “Facebook” səhifəsində yerləşdiriləcək”.

Qondarma hərəkatın "təsisçisi" S.Amiryanın "Facebook" səhifəsində o da diqqəti cəlb edir ki, bu separatçı 2021-ci ilin oktyabrında Şuşa yaxınlığında Azərbaycan ordusunun postuna qumbara atan və dərhal "sülhməramlı"lar tərəfindən aradan çıxarılaraq Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verilən 2016 və 2020-ci illərdə "polis" mayoru Norayr Mirzoyana böyük rəğbət bəsləyir... Yəni özü də belə terror aktlarına hazırdır...

Zəruri şərh:

Çox güman ki, bu qondarma separatçı-terrorçu xislətli hərəkat da Rusiyanın Yuxarı Qarabağda fəal olan “FSB”-si tərəfindən dəstəklənir. Çünki tarixən məlumdur ki, hayklar arxalarında etibarlı güc hiss etmədən heç bir hərəkat, təşkilat qurmurlar...

Biz isə iki gündən bir mediada “Azərbaycan Qarabağdakı separatçılara qanunsuz silahlılara qarşı antiterror əməliyyatı keçirəcək” “sensasion” xəbərləri ilə özümüz öz başımızı qatırıq. Bəlkə gecikirik? Bəlkə heç hansısa hay-küylü “antiterror əməliyyatı”-filana ehtiyac yoxdur. Bəlkə bir gecə sadəcə bir “dənləmə” əməliyyatı keçirərək ünvanları Xankəndində də, Əsgəranda da, Ağdərədə də, Xocavənddə də xüsusi xidmət orqanlarımıza yaxşı bəlli olan separatçı-terrorçu fəalları tutuqlayıb Bakıya komlamaq gərəkdir? Axı indi də 1988-1989-cu il deyil ki, belə əməliyyatlar üçün Moskvanın icazəsi, göstərişi tələb oluna... Axı bizdə elə oğullar var ki, istənilərn təhlükəli adamı gecə yatağından götürüb yoxa çıxara bilir...

Mənbə: moderator.az
 

Ardını oxu...
Bakının o başında yaşayan adama 1 manat verib onun maşını ilə işə gələndə kimin qarnı ağrıyır? Niyə mən taksi ilə 15 dəqiqəyə qət etdiyim yolu uzun və yöndəmsiz avtobusla 55 dəqiqəyə getməliyəm?

Bu ölkədə bircə ucuz olan taksi xidməti qalmışdı, onu da digər qiymətlərə “uyğunlaşdırırlar”. Siz Allah, arqumentə baxın: Qiymətlər çox ucuzdur, hamı taksi xidmətindən istifadə etmək istəyir.

Bəli, qiymətlər çox ucuzdur. Məsələn, iki gün əvvəl mən məşhur 8-ci kilometr bazarından aeroportun yanına 5 manata getdim. Yolda sürücüdən bu məbləğin ona sərf edib-etmədiyini soruşanda, yaşına uyğun olmayan ağayanalıqla belə dedi: "Allah bərəkət versin".

Allah ürəyinə görə verdi. Mən maşından düşməyə macal tapmamış başqa bir müştəri özünü içəri təpdi.

Biz bahalı istirahət mərkəzlərinə gedə bilmirik. Teleqüllədəki məşhur restoranda nəinki yemək yemirik, heç çay da içə bilmirik. Cahangir Əsgərovun acgözlüyü üzündən daha təyyarəyə də minmirik. Bircə taksi xidmətindən istifadə edə bilirik. Onu da bizə çox görürlər. İstəyirsiniz ki, köhnə, təmirsiz, kondisionersiz metro vaqonlarında, turşumuş kələm qoxan kirli avtobuslarda bir-birimizin belinə minək?

İctimai nəqliyyatdan istifadənin zəruriliyini anlatmağa çalışan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevdən soruşuram: Müşahidə Şurasının sədri olduğunuz Bakı metrosunun xidmətindən istifadə edən sərnişinlərin hansı məşəqqətlərə qatlaşmasından xəbəriniz varmı? Siz bahalı maşınınızda xumarlana-xumarlana işə gedəndə, sıravi vətəndaşların hansı zülmə qatlaşdığını yazım, öyrənin. Öyrənmək heç vaxt gec deyil.

Cənab nazir, Mərdəkanda yaşayan Məmmədəli kişi Yasamaldakı iş yerinə getmək üçün kökünü qurutmağa çalışdığınız 1 manatlıq taksilərlə əvvəlcə metronun "Koroğlu" stansiyasına gəlir. Sonra min bir əziyyətlə, qan-tər tökə-tökə vaqonların hərəkət etdiyi platformaya enir. Təbii ki, Dərnəgül istiqamətində hərəkət edən qatara minə bilmir. Əlacı kəsildiiyi üçün üzünü o tərəfə çevirib "Həzi Aslanov" stansiyasına gedən qatara əyləşir. Ehtiyac üzündən çuxura düşmüş gözlərini qıyıb ətrafı müşahidə edir. Adam az olsa, "Neftçilər", çox olsa "Xalqlar Dostluğu" stansiyasında enir. Təkrar Dərnəgül istiqamətində hərəkət edən qatara minib "İnşaatçılar" stansiyasına qədər yol gedir. Yüzlərlə insanla birlikdə yol getdiyi üçün 20 dəfə ayağını tapdalayırlar, şalvarının qırışı itir, pencəyinin yaxası əzilir. Hanasısa yekəpər sərnişinin müdaxiləsi ilə azı üç dəfə yerində dövrə vurur, beş dəfə onun bunun tənəsini eşidir. Əgər həmin gün cibgirlə qarşılaşırsa, üstündəki beş-on manat da əldən çıxır. Ürəyində yüz dəfə özünə, iki yüz dəfə də ona bu zülmü yaşadanlara söyə-söyə gəlib iş yerinə çatır...

Mənə inanmırsınızsa, gəlin birlikdə metroya minək. Narahat olmayın, sizi öz kartımla keçirəcəyəm. Təki, gəlin və görün...

Seymur VERDİZADƏ
 //yenisabah.az//
Ardını oxu...
Təxminən bir əsr yarım əvvəl Qacarlar dövlətində etnopolitik proseslərin çox maraqlı bir müşahidəsi:
“... Aderbeycanlılar yalnız türkcə danışır və fars dilini yalnız xarici dil olaraq öyrənirlər. İranın digər əyalətlərində türk dili xalq arasında tam hakim olmasa da, elə bir vilayət yoxdur ki, əhalinin bir hissəsi bu dildə danışmasın.
İrandakı hərbi ünsür, hazırda hökmranlıq edən Qacar ​​sülaləsinin də mənsub olduğu Türk irqinə aid olduğu üçün, sarayda və ən yüksək vəzifəli şəxslər arasında, mərasim olmasa da, ümumi danışıq dili Türk dilidir.
Tehran və ətrafı əsasən türk dilində danışır. İranın hər yerində hər gün fars dilində danışanların sayı azalır, türkcə danışanların sayı artır. Yaxın gələcəkdə İran, yalnız türk dilində danışan dövlətlərin sırasını artıracaq."
Mənbə: Мамед Шахтахтинский, Фельетон "Кавказа". 25-го апреля 1882 года.
Elvin Məmmədli.
 

Dünyapress TV

Xəbər lenti