Ardını oxu...
Kimliyindən asılı olmayaraq ölkəmin qanunlarını pozan,dövlət dilinə hörmətsizlik edən hər bir kəs cəzalanmalıdır
Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək münasibətlərində dövlət dili ilə əlaqədar işçilər arasında hər hansı bir məhdudiyyət və ya ayrı seçkilik qoyulması qadağandır,
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 21. Dövlət dili:
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi:
Əmək münasibətlərində DİLİNƏ GÖRƏ, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, bu amil zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Azər Quliyev.
Teref.az
 
Ardını oxu...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyada baş verən hadisələrlə bağlı ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirməsi anlaşılandır.
Rusiyada qiyam müvəqətti yatırılsa da, Astana min kilometrlərlə sərhədi olan qonşusunun ərazisində gələcəkdə oxşar hadisələrin baş verəcəyindən ehtiyatlanır. Astana Rusiyada Qazaxıstanın şimalını qarışdırmaq istəyən qüvvələrin varlığından da xəbərdardır. Dünən gün ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olan ölkələrin liderləri hörmət əlaməti olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb, müxtəlif formalarda ona dəstəklərini ifadə ediblər.
Bu danışıqların fonunda Kasım-Jomart Tokayevin Vladimir Putinə “baş verənlər Rusiyanın daxili işidir” deməsi diqqətdən yayınmayıb.
Qazaxıstan prezidenti sanki bununla rusiyalı həmkarına demək istəyib ki, Moskvada vəziyyət qarışsa bizə ümid etməyin. Putinin ümidini yalnız Belarus prezidenti Aleksandr Lukaşenko doğrulda bilib. Putin həyatı boyu Lukaşenkoya borclu qalacaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Kreml sahibi Vladimir Putin hər zaman Rusiyanın böyüklüyündən danışıb, ancaq hazırda elə bir vəziyyətə düşüb ki, belaruslu həmkarı Aleksandr Lukaşenkondan Priqojinlə əlaqə saxlamasını xahiş edib. Əslində bu durum Putinin Rusiyanın suverenliyini şübhə altına almasının etirafıdır. Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yola gətirə bilmədilər. Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib, ancaq bu hələ flimin sonu deyil, açıq qalan suallar var:
1.Putinin Priqojin əleyhinə qaldırdığı cinayət işi xətm olunacaqmı, yoxsa qüvvədə qalacaq?
2.”Vaqner” muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı?
3.“Vaqner” müqavilə imzalamasa tərksilah olunacaqmı və bu necə həyata keçiriləcək?
4.Priqojin başının dəstəsiylə Ukraynaya qarşı müharibəni davam etdirəcəkmi?
Priqojin aşpaz və muzdlu qruplaşma rəhbəri olmaqla yanaşı həm də manipulyasiya ustasıdır. Priqojinin rəhbərliyi altında Sankt-Peterburq şəhərində yüzlərlə proqramçıdan ibarət trol ordusu fəaliyyət göstərib. Məhz həmin trollar ABŞ-da prezident seçkisində Donald Trampın Hillari Klinton üzərində qələbə çalması üçün var gücləriylə çalışmışdılar.
Yəni bu cür trol ordusu yaradan Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnəni sonu tamaşanın isə davamı etməsi ola bilər.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rauf Mirqədirov: “Putinin ətrafı başa düşdü ki, o, istənilən yaxın adamını təslim etməyə hazırdır”

Rusiyada maraqlı hadisələr baş verir. “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin üsyan qaldırdı, Rostov-Dondakı hərbi obyektləri bağladı, Baş Qərargah rəisinin, Rusiya Federasiyasının müdafiə nazirinin ona təhvil verilməsini tələb etdi və Moskvaya yürüşə çıxdı.

Baş verənləri AYNA-ya tanınmış politoloq Rauf Mirqədirov şərh edib:

“Əvvəla, mən Priqojinin üsyanının uğuruna inanmıram. Rusiyada bu üsyanı darmadağın edə bilən döyüşə hazır bölmələr var ki, Putin və onun ətrafı axmaq deyil. Rusiya ordusunun bütün elit bölmələri Ukraynada döyüşmür. Mövcud hakimiyyəti qorumaq üçün ayrı-ayrı hərbi hissələr var, bu cür ssenarilər prinsipcə indiki hökumət tərəfindən proqnozlaşdırılır, ona görə də mümkün üsyanları yatırmaq üçün ehtiyatda olan qoşunların olması tamamilə təbiidir.

Bu təcrübə bütün ölkələrdə var və hesab edirəm ki, Rusiyada da fəaliyyət göstərir. Xüsusilə nəzərə alaq ki, Putin öz təhlükəsizliyini təmin etmək məsələsində ciddidir. Bu səbəbdən Priqojinin bölmələrinin məqsədlərinə çatmasının çox çətin olacağına inanıram.

Priqojinin aviasiyası yoxdur. Bu, çox ciddi çatışmazlıqdır və bu amil vacib olacaq və onun ordusu havadan hücuma məruz qalacaq. Onu da nəzərə almaq lazımdır ki, rəy sorğuları Rusiyada Ukrayna ilə müharibəyə qarşı çıxanların sayının hər gün artdığını göstərir, lakin bu, ölkə əhalisinin əksəriyyəti deyil.

Rusiyada bir çox insan Ukraynaya qarşı müharibəyə başlamağın səhv olduğunu düşünür, lakin eyni zamanda, həmin insanlar hesab edir ki, bu gün Rusiya ordusu qələbə qazanmalıdır. Bu, olduqca qəribə mənzərədir, amma reallıq belədir. Bu, rus cəmiyyətinin imperiya təfəkkürü ilə bağlıdır. Onlar hesab edirlər ki, hərbi məğlubiyyət halında Rusiya sadəcə olaraq dövlət kimi mövcudluğunu dayandıracaq. Bu vəziyyət onları Rusiyanın müharibədə qələbəsinin tərəfdarı olmağa məcbur edir. Rusiya cəmiyyətinin sağlam düşüncəli hissəsində bu tendensiya kifayət qədər ciddidir. Eyni zamanda, Rusiya əhalisinin əksəriyyəti hakim rejimə az-çox müqavimət göstərmək üçün təşkilatlanmayıb.

Priqojinin şəxsiyyətini də nəzərə almaq lazımdır. Bu odioz fiqurun Rusiya cəmiyyətində ciddi dəstəyi yoxdur. Hətta Putinə nifrət edənlər belə, çox mübahisəli keçmişi olan Priqojin kimi bir adamın ölkəyə başçılıq etməsini istəməzdilər.

Mən uzağa getməyəcəyəm, sadəcə son 200 ilə diqqət yetirin. Krım müharibəsindəki məğlubiyyətdən sonra Rusiyada ciddi siyasi və iqtisadi dəyişikliklər baş verdi, təhkimçilik hüququ ləğv edildi, münsiflər məhkəməsi yaradıldı, imperator II Aleksandr hətta konstitusiya monarxiyası tətbiq etmək, parlament yaratmaq və s. istəyirdi. Lakin onun öldürülməsi sonrakı islahatların qarşısını aldı.

Sonradan Rusiya Yaponiyaya qarşı müharibədə məğlub oldu. Məhz bundan sonra 1905-ci il inqilabı baş verdi və yatırıldı. Dövlət Duması yaradıldı, Stolıpin islahatları baş verdi, sonra Stolıpin öldürüldü. Sonra Rusiyanın uduzduğu Birinci Dünya müharibəsi başladı. Onun ordusu dağıldı, Fevral İnqilabı baş verdi, respublika idarəetmə forması yaratmaq üçün uğursuz cəhd oldu. Sonra bolşeviklər hakimiyyətə gəldi və Rusiya yenidən tarixin qaranlıq tərəfində qaldı.

Gələcəkdə SSRİ-nin dağılması daha çox Əfqanıstanda məğlubiyyət və sovet qoşunlarının oradan çıxarılması ilə bağlı idi. Bundan sonra SSRİ-nin demək olar ki, sürətlə süqutu baş verdi.

Hesab edirəm ki, hələlik Rusiya ordusu Ukraynada sarsıdıcı məğlubiyyətə uğramayıb. Və sarsıdıcı məğlubiyyətə qədər Rusiya cəmiyyəti bütövlükdə Putinə sadiq qalacaq. Bu, mənim fikrimdir. Ona görə də Priqojinin üsyanı çətin ki, uğurlu olsun. Üsyanın əzilməsinin qarşısını ala biləcək yeganə şey Putinin yavaş hərəkət etməsidir. Bu halda Priqojin böyük əraziləri ələ keçirə və lazımi sayda insanı öz tərəfinə çəkə, silahlandıra bilər. Belə olan halda qarşıdurmanın Kreml üçün kifayət qədər ciddi nəticələri olacaq. Əgər Putin cəld hərəkət edib üsyanı yatırsa, o zaman Priqojinin şansı qalmayacaq.

Baş verənlər Ukraynaya qarşı müharibədə acizliyini göstərən Rusiyada təbii hadisədir. İstənilən adam öz ordusunu yaratmağa başladı. Bütün bunlar gec-tez hərbi elita arasında qarşıdurmaya səbəb olmalı idi.

Ukraynada müharibə gözlənildiyi kimi getmir, əmin qələbələr yoxdur. Rusiyada hərbi məğlubiyyətlər üçün günah keçisi tapmağa çalışırdılar və gec-tez bütün bunlar Rusiya siyasi elitasındakı müxtəlif fraksiyalar arasında qanlı toqquşmalara səbəb olmalı idi. Priqojin üsyanının yatırılıb-yatırılmamasından və çox güman ki, yatırılacağından asılı olmayaraq, gələcəkdə bu hadisənin çox ciddi nəticələri olacaq.

İstənilən halda presedent yaranıb. Müasir Rusiyada üsyan mümkündür və əgər Ukraynada hərbi əməliyyatlar Rusiya üçün hərbi məğlubiyyətə qədər ciddi nəticələrə səbəb olarsa, o zaman belə bir üsyan yenidən baş verə bilər. Ola bilər ki, bir neçəsi olsun.

Priqojin Putinin ən yaxın adamlarından biri olub. O, Putinin xaricdəki və daxildəki siyasi rəqiblərini zərərsizləşdirmək də daxil olmaqla, çirkli işləri görüb. İndi üsyandan sonra Putinin ətrafı anlayır ki, vəziyyət bunu tələb edərsə, onlardan hər hansı birini təslim etməyə hazırdır. Yəni, bu presedent sonrakı oxşar hadisələrə səbəb olacaq, çünki Putinə inamı kəskin şəkildə zəiflədəcək.

Üsyan yatırılsa belə, hər halda bunun Rusiya üçün ağır nəticələri olacaq. Digər oyunçular getdikcə daha güclü olmağa çalışacaq, sonrakı tədbirlər üçün öz hərbi hissələrini yaradacaqlar. Güman edirəm ki, Qafqazda maraqlı hadisələr baş verə bilər. Ordusu olan Çeçenistanın rəhbəri, döyüş effektivliyini qoruyub saxlaya bilən və Ukraynada ciddi itkilər olmadan işğal olunmuş ərazilərin təmizlənməsində iştirak edən Ramzan Kadırov öz dövlətini yaratmaq əmrini verə bilər. Azərbaycan üçün bu, ümumiyyətlə, pis deyil, ona görə ki, bizimlə Rusiya arasında sanitar dəhliz yaradılacaq.

Rusiyada daxili qeyri-sabitlik istənilən halda Azərbaycana sərfəlidir. Rusiya öz problemləri ilə məşğul olacaq və az qala öz ərazisi hesab etdiyi qonşuları ilə məşğul olmağa vaxtı olmayacaq. Putinin SSRİ-nin dağılmasının beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-legitim baş verdiyi barədə sözlərini xatırlatmaq kifayətdir. Yəni, Putin Rusiyası keçmiş sovet respublikalarının suverenliyini və müstəqilliyini şübhə altına alır.

Daxili qeyri-sabitlik olarsa, bu siyasət dayandırılacaq. Bu şəraitdə Cənubi Qafqaz regionunun həqiqi müstəqillik şansı olacaq. İnanıram ki, Qərb bundan istifadə edib bütün münaqişələri, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsini həll etməyə çalışacaq. Rusiyanın özünün daxili qeyri-sabitliyi halında Cənubi Qafqazda qoşunlarını saxlamasına heç bir əsas yoxdur.

Və indiki qüvvələr nisbəti Azərbaycanın xeyrinə olduğundan, qurulan dünyada ölkəmizin maraqları daha çox nəzərə alınacaq. Ona görə də Rusiyada hər hansı qeyri-sabitlik Azərbaycanın uzunmüddətli maraqlarına zidd deyil”.

Müəllif: Asif Aydınlı
 
Ardını oxu...
Ayını ilana bənzətmək nə qədər doğrudur, bilmirəm. Rusiya ayı kimi yaralıdır.
Yaralı ayının isə nə edəcəyini təxmin etmək o qədər çətin deyil. İmperiyaları ilana bənzətmək mümkündür. Çünki tarixə baxdıqda görürük ki, imperiyalar dağılmır, sadəcə olaraq qabığını dəyişir, yeni şəkil alır. Rusiya bu qəzəblə çox irəli gedə bilməz. Çünki Rusiyanın bu aqressivliyi özünü məhvə apara bilər. Məntiq onu deyir ki, Rusiya var gücünü qoyub Ukrayna müharibəsini həll etsə, ardınca Polşaya girməlidir. Rusiyanın buna gücü çatarmı? Bu, mümkün görünmür. İndiki mərhələdə Rusiya şəklini dəyişməyə məcbur görünür.
Putin Ukraynaya hücum əmri verdikdən qısa zaman sonra anladı ki, ordu onun əmrlərini icra edəcək səviyyədə deyil. Orduya ayrılan pullar yeyilib, döyüş hazırlığı aşağı səviyyədədir, ordu strateji tapşırıqları heç taktiki səviyyədə belə yerinə yetirə bilmir. Putin anladı ki, orduda reform lazımdır. Döyüş apara-apara Putinin "time out" götürmək şansı yox idi. Reform etmək üçün Rusiya nə etməli idi? Suriyada, Afrikada döyüşən, faktiki olaraq nizami ordudan daha çox döyüş təcrübəsinə malik olan "Vaqner"i prosesə cəlb etməkdən başqa şans yox idi. "Vaqner" xüsusilə Baxmut istiqamətindəki döyüşlərdə son dərəcə uğurlu əməliyyatlar həyata keçirdi və şəhəri tamamilə işğal edə bildi. Düzdür, bu zaman kifayət qədər itkilər də verdi. Ancaq etiraf etmək lazımdır ki, nizami ordu bunu bacara bilməzdi. "Vaqner" bunu həm də kimlərlə həyata keçirdi? Türmədən, küçədən yığılanlarla... İtirəcəyi heç nəyi olmayan şəxslərlə...
Bir neçə gün əvvəl ukraynalıların bir paylaşımı diqqətmi çəkdi. Bir rus hərbçisi əsir düşüb. Yaşlı, əyninə hərbi forma geyindirilmiş bomj. Ukraynalılar özləri belə yazırdı ki, Rusiya daxilini təmizləməklə məşğuldur. Təmizlik məsələsi təkcə Rusiya ilə bağlı səslənmir. Hətta Qərbin bir çox ekspertləri də deyirdi ki, Ukrayna-Rusiya müharibəsi təmizlikdir. Həm köhnə silahlar sıradan çıxarılır, invertardan silinir, həm də potensial cinayətkarlar savaş meydanında xərclənir. Məsələyə təmizlik yönündən baxsaq, bu, çox məntiqli görsənir.
Rusiya-Ukrayna müharibəsində təkcə Vaqneri yox, ondan əvvəl Çeçenistan prezidenti Ramzan Kadırovun dəstəsini də cəlb etmişdi. Çeçenlər daha çox Mariapolda aktiv oldular. Müharibə davam edən zaman Rusiya ordusu reform həyata keçirməyə başladı. Onlar reform edən zaman ərazidə döyüşən daha çox muzdlular idi. "Vaqner" döyüşlərə başlayandan bir müddət sonra təminatla bağlı problemlərin yaşandığını Priqojin dilə gətirirdi. Baxmutun işğalı yekunlaşandan sonra Vaqnerlə Rusiya müdafiə nazirliyinin münasibətləri kəskinləşdi. Priqojin hətta arxadan onların artileriya ilə vurulduğunu da bildirmişdi. Şoyqu bütün könüllü silahlılar müdafiə nazirliyinə tabe olmalıdır əmrini imzaladıqdan sonra "Vaqner"dən başqa digərləri bu əmrə tabe oldular.
"Vaqner" rəhbəri Priqojin öz üzərinə qarşı haqsızlığı aradan qaldırmaq üçün ölkə daxilinə doğru hərəkət edir. Artıq Rostovu nəzarətə götürüblər. Baş verənlərlə bağlı belə bir fikir formalaşıb ki, Rusiyada vətəndaş müharibəsi başlayıb. Obyektiv yanaşma isə bunun olmadığını deyir. Çünki vətəndaş müharibəsi üçün birinci növbədə vətəndaşlar ayağa qalxmalıdır.
Rusiya tarixinə nəzər saldıqda Priqojinin etdiyinin analogiyasına rast gələ bilirik. Stepan Razinin rəhbərlik etdiyi üsyan Priqojinin etdiyindən o qədər də fərqlənmir. Razinin yaşadığı dönəmdə muzdlu döyüşçülərin təşkilat kimi qeydiyyatdan keçməsi mümkün deyildi, adına quldur deyirdilər. Bir çoxları da dövlətin qara işlərini görməklə məşğul idi.
Priqojin kimdir?
Dövlətin qara işlərini gördürdüyü şəxsdir. Razin kəndləri qarət etmək üçün yola çıxıb, daha sonra kəndlilərin simvoluna çevrilərək siyasiləşmişdi. Priqojin də generalları cəzalandırmaq üçün yola çıxıb, siyasiləşmə ehtimalı var mı? Mümkünsüz heç nə yoxdur. Sadəcə baş verənlər Rusiya dövlətinin öz oyununa daha çox bənzəyir. "Vaqner" vasitəsilə ölkəni potensial cinayətkarlardan Ukraynada təmizləyən Putin, elə həmin "Vaqner" vasitəsilə daxildə siyasi iddiaları baş qaldıranları və "şişmiş" generalları təmizləmək istəyəcək. Rusiya tarix boyu vətəndaş müharibələri, üsyanlar görüb. Çox maraqlıdır ki, Rusiya tarixinin ən çətin dönəmlərində bu tip hadisələr baş verib və ardınca toparlanma yaşanıb.
Tarixə baxsaq, Rusiyada baş verən vətəndaş müharibələrindən və üsyanlardan dərhal sonra Cənubi Qafqaz təhlükə altına düşüb. Ona görə də hadisələrə hissi yox, məntiqi yanaşmaqda və ağıllı addımlar atmaqda fayda var.
Səxavət Məmməd
Teref.az
 
Ardını oxu...
DogruXeber.az: - Bir neçə gündür ki, ölkədə qeyri-sabit hava şəraiti hökm sürür. Kəndlərdə evlərin dam örtükləri, həyətlər-bacalar, küçələr güclü yağışlardan sonra yararsız hala düşüb.

Məhz elə bu səbəbdən də bu gün Ağdam rayon sakinləri icra başçısının qəbulunda olmaq istəyiblər. Onlar icra başçısından evlərinə dəyən ziyanın aradan qaldırılmasına köməklik etməsini istəsələr də, Vaqif Həsənov rayon sakinlərini qəbul etməyib.//dia.az

Ardını oxu...
“İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib.

Dövlət başçısı bildirib ki, buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır:

“Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?”.
 
Ardını oxu...
Çox düşünürdüm ki, nə üçün Azərbaycana qarşı ikili standartla yanaşırlar, niyə haqlı olduğun halda həmişə haqsız vəziyyətə düşürsən. Dünən bir tədbirdə bunun əyani şahidi oldum.
Ötən gün Bakı şəhərində təhlükəsizlik sahəsinə həsr olunmuş bir tədbir keçirilirdi. Tədbirdə Litva səfirliyinin nümayəndələri və Slovakiyadan olan mütəxəssislər iştirak edirdilər. Azərbaycandan isə 3 deputat, hərbi ekspertlər və təhlükəsizlik sahəsindən yazan jurnalistlər iştirak edirdi.
Söz verildi deputatlardan birinə. Deputat zaldakı nümayəndələrin əcnəbi olduğunu görən kimi dərhal hücum diplomatiyasına keçdi. Litvadan və Slovakiyadan olan nümayəndələrin üzlərini uşaq kimi danlamağa başladı: “Fransa imperialistdir, Fransa ermənipərəstdir, Fransa bu regionda nə gəzir”. Əcnəbilər bir-birinə qəribə şəkildə baxır, Azərbaycandan olan iştirakçılar isə başını aşağı salıb deputatın yerinə utanır, bəziləri gülməkdən özünü güclə saxlayırdı. Əl-qərəz, təxminən 10-15 dəqiqə deputat mütəxəssisləri danlayıb, şanlı bayrağımızı Parisdə dalğalandırıb sözünü bitirəndən sonra moderator deputata dedi ki, bu şəxslərin heç biri fransız deyil, bu nümayəndələr hamısı elə ən çox imperializmdən əziyyət çəkən adamlardır. Azərbaycanlı, əcnəbili hamı gülməyə başladı. Hətta deputat Litvadan olan nümayəndəyə əl uzatdı ki, guya üzrxahlıq edir, adam əlinə əl vermədi.
Bir neçə nəfər çıxıb çölə biabırçılığın daha çox davam etməsini görməmək üçün siqaret çəkirdik. Həmin deputat getmək üçün çölə çıxdı. Ürəyimdə fikirləşdim ki, yəqin etdiyi səhvi anlayıb, utandığından məclisi tərk edir. Deyir, sən saydığını say, gör fələk nə sayır. Deputat çöldə dayananlardan birinə üzünü tutaraq, məğrur-məğrur gülümsəyərək dedi ki, necə pazladım onları?
Təsəvvür edirsiniz, adam utanmaq yerinə hələ etdiyi hərəkətin önəmli olması ilə qürrələnirdi.
Kimsə deyəcək ki, deputatın adını niyə çəkmirsiniz. Deputatın adını çəkmək çox asandır, sadəcə adı çəkilən zaman məsələnin mahiyyəti qalacaq kənarda, deputat hədəf olacaq. Sırf diqqəti mahiyyətə ayırmaq üçün ada ehtiyac görmürəm.
Mahiyyət nədir? Azərbaycanı belə təmsil edirlər. Litvalını fransız kimi danlayırlar, imperializmdən ən çox əziyyət çəkəni imperialist adlandırırlar. İştirak etdikləri tədbirin adını belə oxumurlar. Əsas odur, aldıqları tezisə uyğun xaricini danlasınlar, ikili standartdan danışsınlar. Lap haqlı ol, belə vəziyyətdə kim sizi ciddiyə alar?
Nümayəndələrdən birinə sual verdim ki, özünüzü imperialist kimi necə hiss edirsiniz? Qəhqəhə çəkərək cavab verdi ki, bir-iki saatlıq olsa da, özümü imperialist kimi hiss etməyim çox möhtəşəmdir.
Hər şeyimiz belədir. Məntiq yox, obyektiv yanaşma yox. Gədəbəydə insanlar etiraz edir. Erməni mətbuatının manşetindən düşmürük. Laçın dəhlizində ekoloji aksiya zamanı göyərçini boğub öldürənin videosu və ekoloji fəlakətə qarşı aksiyada qadının gözünə sıxılan gözyaşardıcı qaz. Hər dəfə yazanda ki, Azərbaycan özünü Qarabağda yaşayan ermənilər üçün cəlbedici etməlidir, ardınca mütləq bir qeyri-adi hadisə ilə gündəmlərinə gəlirik.
Dağın başında etiraz edilir, xarici qüvvə izi axtarışına düşülür. Soruşmaq ayıb olmasın, xarici qüvvə ölkəyə təsir etmək istəsə, dağın başında nə edir ki, Bakıda təxribat törətmək o qədər çətindir? Deyirlər, bunlardan yazmaq olmaz. Hər kəsin bildiyi şeydən heç kim yazmasın, nə dəyişir? Sənin manşetini xarici güclər bəzəsin, Ermənistan mediasının manşetini gerçəklər. Azərbaycan insanını Ermənistan mediasının qucağına kim və niyə itələyir? Məqsəd nədir?
İcra başçısı etiraz edənlərə deyir ki, yaşlı qadınsan, niyə evinə getmirsən? Adama deyərlər ki, Azərbaycanda pensiya yaşından xəbərin yoxdur? Adamların çörəyi təbiətdən, torpaqdan çıxır, lap yaşı da çoxdur, sənə nə var?
İcra başçıları və digər məmurlar qulluqçu olduqlarını unudurlar. Dövlət qulluqçuları. Reallıq hissinin itməsi budur. Qulluqçu özün şah hesab edəndə, əlbəttə ki, kameraya deyəcək ki, kənara çəkil, pis düşürəm. Rayonun problemi artıq ölkə xaricində müzakirə edilir, icra başçısının dərdi gözəl düşmək dərdidir. Yeri gəlmişkən, icra başçısının aksiya edənlərə bir baxışı var, gəl görəsən. O baxışı “Kurtlar Vadisi”ndə Polad Ələmdar Çakıra baş qaldıran Xalidin qardaşının başını kəsərkən “ben racon kesmem, kafa keserim” deyərək atmışdı.
Hər şeyi süpürün yatağın, palazın altına, gizlədin, nəsə dəyişəcək? Yox, əksinə bu tip məsələlər müzakirə olunmadıqca aqressiya daha da artacaq, enerji yığılacaq və bu enerji bir gün mütləq şəkildə bir yerdən çıxacaq.
Səxavət Məmməd
 
Ardını oxu...
Son zamanlar Azərbaycan-Ermənistan sərhəd ərazilərində hərbi-siyasi vəziyyətin gərginləşməsi müşahidə edilir.

Demək olar ki, hər gün vaxtaşırı Azərbaycanla sərhəd olan müxtəlif ərazilərdə mövqe quran Ermənistan Silahlı Qüvvələri Zəngilan, Laçın, Kəlbəcər, Gədəbəy və Tovuz istiqamətlərində, o cümlədən Naxşıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşdiyi bir zamanda hər iki dövlətin sərhəd ərazilərində bu kimi hadisələrin mütəmadi xarakter alması təsadüf ola bilməz və bu, yaxın gələcəkdə regionda ciddi təlatümlərin baş verəcəyindən xəbər verir. Ermənistan və Azərbaycanda, hətta Rusiyada bəzi ekspertlər hesab edirlər ki, növbəti müharibə baş verərsə, bu, bütün regiona təsir göstərəcək. Onlar regionda var olan kənar siyasi güclərin bu müharibədə iştirakını istisna etmirlər.

Ümumiyyətlə, Bakı və İrəvan arasında hərbi qarşıdurma iki dövlət kontekstindən kənar müharibəyə gətirib çıxara bilər?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması halları Cənubi Qafqazda geosiyasi mübarizənin əlamətləridir:

“Bu geosiyasi mübarizə Azərbaycan-Ermənistan qarşıdurması kontekstindən çox kənara çıxıb. Çünki bu geosiyasi mübarizədə əsasən ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Türkiyə və Fransa iştirak eləyir. Sərhəd ərazilərdə Ermənistanı təxribatlara sövq edən ölkələrin siyahısında Rusiya və Fransa öndə gəlir. Nə Moskva, nə də Paris Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır.

Fransa bu regionda öz təsir imkanlarını artırmaq üçün daim silahlı toqquşmaların baş verməsini istəyir, Rusiya isə regiondan çıxmamaq üçün hər cür siyasi oyuna əl atır. Əlbəttə ki, hər iki dövlət Cənubi Qafqazla bağlı geosiyasi maraqlarının həyata keçməsində Ermənistanı sərfəli siyasi alət kimi görür. Faktiki olaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün münasib şərait var idi. Ancaq Rusiya və Fransa, o cümlədən İranın siyasi oyunlar qurması səbəbindən sülh prosesi dalana dirənib.

Sülh sazişinin əhəmiyyətindən danışmağımıza baxmayaraq görürük ki, hazırda Azərbaycan ilə Ermənistan arasında növbəti müharibənin baş verməsi daha çox ehtimal olunur. Yəqin ki, regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinin qarşısının alınmasına yönələn hər hansı ciddi və zəruri tədbirlər görüləcək. Ermənistan tərəfindən təxribat xarakterli hücum baş verərsə, Azərbaycan advekat cavab verəcək. Onu da qeyd edim ki, gələcək hadisələr fonunda Rusiya və Fransanın Ermənistana hər hansı formada dəstək göstərməsi məlum olacaq”.

Politoloq vurğulayıb ki, Rusiya, Fransa və İranda müəyyən siyasi dairələr məkrli siyasi oyunlar qurmaqla Azərbaycanı Ermənistanın ərazisinə müdaxiləyə təhrik etməyə çalışar:

“Azərbaycan həmin siyasi güc mərkəzlərin siyasi oyunlarının mahiyyətini çox yaxşı anlayır. Ölkəmiz buna uyğun şəkildə öz rasional addımlarını atacaq. Əgər Azərbaycan onların siyasi oyunlarına aldansa idi, ordumuz erməni tərəfinin təxribatlarına qarşı çoxdan hərəkətə kəçərdi.

Amma gördüyümüz kimi, Azərbaycan Ordusu erməni tərəfinin təxribatlarına lazımi səviyyədə cavab verir. Azərbaycan təxribatları planlayan siyasi qüvvələrin maraqlarının qurbanı olmamağa çalışır, əksinə onların bütün maraqlarını puça çıxarır. Amma indiki halda bütün dünya görür ki, Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq öz ərazisində zəruri addımlar atmağa haqqı var.

Onu da nəzərə almaq lazımdır ki, erməni tərəfinin təxribatları elə bir səviyyəyə çata bilər ki, Azərbaycan buna mütləq ciddi reaksiya verməli olar. Onsuz da Azərbaycan bu məsələdə haqlı olaraq qalır. Azərbaycan üzərində heç bir beynəlxalq təzyiqdən söhbət gedə bilməz”.

Ermənistana hər cür dəstək göstərən Rusiya-İran cütlüyü və Azərbaycanın arxasında hər zaman dayanmağa hazır olan qardaş Türkiyə arasında hərbi-siyasi toqquşmaların baş verəcəyi təqdirdə ABŞ və Avropa İttifaqının reaksiyasına gəlincə, E.Xalidbəyli Qərbin Cənubi Qafqazda sülhün bərqərar olması üçün təsir imkanlarını daha da artıracağını vurğulayıb:

“Hazırda ABŞ və Aİ-nin əsas hədəfi Ermənistanı Rusiyanın forpostundan çıxarmağa istiqamətlənib. Həm ABŞ, həm Avropa İttifaqının Cənubi Qafqazla bağlı ilkin geostrateji hədəfi Rusiyanı tamamilə bu regiondan çıxarmaqdır. Bu regionda ciddi və güclü hərbi-siyasi qarşıdurmaların müşahidə edildiyi təqdirdə ABŞ və Avropa İttifaqı tərəfindən zəruri addımların atılacağı istisna deyil. İrana gəlincə, Tehranın hərbi qarşıdurma zamanı Ermənistana dəstəkləcəyi şübhə doğurmur. İrandakı rejimin məqsədi ondan ibarətdir ki, türk dünyasını birləşdirən böyük strateji layihə - Zəngəzur dəhlizi heç cür reallaşmasın. Demək olar ki, İranın əsas hədəfləri buna söykənib.

Xatırlayırsınızsa, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər zamanı açıq şəkildə qeyd etdi ki, Zəngəzur dəhlizinə ən böyük maneə Ermənistan yox, İrandır. Ona görə də həm Azərbaycan, həm də Türkiyə bu istiqamətdə addımlarını atarkən İran tərəfindən gözlənilən təhlükəni nəzərə alacaq. O ki qaldı Rusiyanın siyasi oyunlarına, yuxarıda qeyd etdiyim kimi, Moskva Cənubi Qafqazı hər vəchlə öz əlində saxlamağa çalışır. Qarabağda erməni separatizminin mövcudluğu Rusiyanın regionda geosiyasi nüfuzunun möhkəmlənməsinə xidmət edir. Moskva bu bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına hər vasitə ilə mane olacaq”.

E.Xalidbəyli vurğulayıb ki, digər siyasi güc mərkəzlərinə nisbətən ABŞ Cənubi Qafqazda mövcud siyasi proseslərin nizamlanmasına daha çox maraq göstərir:

“Vaşinqton mümkün qədər Bakı ilə İrəvan sülh müqaviləsinin tez bir zamanda imzalanmasına çalışır. Hesab edirəm ki, əgər hər iki dövlət arasında ciddi hərbi toqquşmalar baş verərsə, ABŞ Ermənistanı dəstəkləməyəcək. Cənubi Qafqazda ABŞ üçün sərfəli, münasib və lazımi müttəfiq yalnız Azərbaycan ola bilər. Çünki Azərbaycan Rusiyanın nəzarəti altında deyil, müstəqil və sərbəst siyasət yürüdür.

Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi-siyasi və enerji sahələrində öz mexanizmlərini tətbiq edə bilir. Həm də Azərbaycan Cənubi Qafqazda lider ölkə hesab olunur. Azərbaycan kimi dövlətlə strateji tərəfdaşlıq qurmaq ABŞ üçün daha münasibdir”.
 
Paşinyanın 44 günlük müharibəni araşdıran İstintaq komissiyasının iclasında çıxışı zamanı 10 noyabr 2020-ci il razılaşmasına dair açıqlamaları xüsusilə maraqlıdır, çünki həmin gün Azərbaycanda da müəyyən proseslər yaşanmışdı və bu hadisələrin üzərindəki sirr pərdəsi zamanla açılacaq.
Ermənistanın baş nazirinin dedikləri erməni ictimai rəyində özünü haqlı çıxarmağa hesablanıb, hərçənd, müəyyən məqamlara aydınlıq gətirilməsi baxımından diqqətəlayiq hesab oluna bilər.
- Ermənistan Ağdamı Hadrutla “barter” etmək istəsə də qəbul olunmayıb;
- İlkin mətn 9 noyabrda səhər saatlarında imzalanıb, lakin günün sonunda Bakı yeni tələblər irəli sürərək, imzalanmış sənədi dövriyyədən çıxarıb;
- Azərbaycanın yeni tələblərindən biri Qazaxın 7 kəndinin qaytarılmasının da mətnə daxil edilməsi olub, İrəvan razılaşmayıb və yekunda bu bənd bəyanatdan çıxarılıb: lakin bununla bağlı Ermənistanın öhdəlik götürdüyü, bu kəndlərin (Kərki də daxil olmaqla) delimitasiya prosesinə saxlanıldığına dair məlumatlar var, Bakının müharibənin başa çatması şərtlərindən biri kimi bunu irəli sürməsi məsələnin ən azı şifahi olaraq razılaşdırıldığını deməyə əsas verir; Azərbaycan XİN-in bəyanatlarında “şifahi razılaşmaya” işarə etməsi də bununla bağlıdır və məsələ delimitasiya prosesinə daxil edilib;
- Digər tələb Zəngəzur dəhlizi ilə bağlı olub: Nikol dəhlizlə razlaşmadıqlarını bildirir, hərçənd, bəyanatda “dəhliz” ifadəsinin çıxarıldığı, dəhliz rejimi ilə işləyəcək “maneəsiz keçid” olaraq qeyd olunduğu bəllidir;
Paşinyan da etiraf edir ki, hər şey Şuşanın azad olunması ilə dəyişdi. Görünür, bunu təkcə Ermənistan yox, Rusiya da gözləmirmiş. Və əslində masadakı mətni Azərbaycan əsgərinin yazdığını deyə bilərik.
10 noyabra geçən gecə imzalanan üçtərəfli bəyanat Azərbaycanda da ciddi mübahisə mövzusu oldu, hələ də bunu “məğlubiyyət” hesab edənlər var, hərçənd, bu, mövcud şərtlərə görə atılmış ən uyğun addım idi. Bu şərtlərin nə olduğunu isə bilmirik. Lakin 10 noyabr razılaşmasından ötən üç ilə yaxın müddətdə Qarabağda “statusun” verilməməsindən tutmuş Laçın dəhlizinin ləğv edilməsinə qədər atılan addımlar göstərir ki, Bakı 2020-ci ildə tam nail ola bilmədiyi işi mərhələ-mərhələ həyata keçirir və iki il sonra rus əsgərlərinin çıxacağı şərtləri yetişdirir.
Asif Nərimanli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti