Ardını oxu...
Ötən gün Fələstinlə İsrail arasında gərginlik yenidən alovlanıb. Fələstin tərəfinin açıqlamalarına görə, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər ölüb. İsrail tərəfi isə hava zərbələrinin HƏMAS təşkilatının raket hücumlarına cavab olaraq gerçəkləşdirildiyini qeyd edib. Bir sözlə, Yaxın Şərqin yüz ildir səngimək bilməyən problemi davam etməkdədir. Bəs onun həlli yolu nədədir?

Mövzu barədə Oxu.Az-a açıqlama verən Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu bildirib ki, Fələstin-İsrail münaqişəsi son yüz ilin ən dərin münaqişəsi hesab olunur:


“Bu münaqişə iki dövlətli həll yolu ilə səngiyə bilər. Dünyanın aparıcı dövlətləri və BMT-nin tələbi də budur ki, İsrail dövləti 1967-ci ildə altı günlük müharibədən əvvəlki sərhədlərə geri dönsün və Fələstin dövləti yaradılsın. Bununla bağlı BMT-nin 1947-ci il qərarı var. Həmin qərara əsasən, bu torpaqların 50 faizindən bir qədər az hissəsində ərəb dövləti, 50 faizdən bir qədər çox hissəsində İsrail dövləti yaradılmalı idi. Tarixdəki bir sıra hadisələr səbəbindən İsrail dövləti yaradılsa da, ərəb dövləti yaradıla bilmədi. Burada, təbii ki, ərəblərin tədbirsizliyi, siyasi cəhətdən laqeydlik, vəziyyəti düzgün qiymətləndirməmələri, həmçinin ərəb dövlətlərinin sözügedən problemə öz maraqları nöqteyi-nəzərindən yanaşması ərəb dövlətinin yaradıla bilməməsinin əsas səbəblərindən hesab edilə bilər”.

Ekspert qeyd edib ki, hazırkı şərtlərdə burada müdafiə zolağının yaradılması mümkün deyil:

“İki ölkə arasında sərhədlər çox qarışıqdır. Bunun üçün İsrail 1967-ci il sərhədlərinə geri dönməlidir. Hansı ki, BMT-nin bununla bağlı qərarı var. İsrailin ən böyük siyasi dəstəkçilərindən olsa da, bu tezisi ABŞ da dəstəkləyir. Lakin İsrail bu məsələdə güzəştə getmək istəmir”.

K.Rövşənoğlu vurğulayıb ki, problemin köklü həlli üçün hər iki tərəf güzəştə getməyə hazır olmalıdır:

“Məsələn, Fələstində əksəriyyət İsraili işğalçı hesab edir və ərazi iddiaları irəli sürür. İsrail tərəfi isə bəyan edir ki, bura bizim tarixi torpaqlarımızdır və burada ərəb dövləti olmasın, necə ki, yoxdur.

Fikrimcə, hər iki tərəf kompromisə getməlidir və dünyanın da tələbi budur. Bu, BMT-nin yaranmasından bu günə kimi davam edən problemdir və hələ də öz həllini tapa bilmir”.
Ardını oxu...
Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır

Londondakı səfirliyimizi ələ keçirən “Mehdinin nökərləri”nin hərəkətləri o gündən bəri təkrar-təkrar gözümün qabağında canlanır. “Şər deməsən, xeyir gəlməz”, bəzən qarabasma da olur – səfirlik binası yerinə bizim Prezident Aparatı, Milli Məclis görünür. Mənzərədən ətim ürpəşir.

İki gün gözlədim, emosiyalar bir az soyuyar, bəlkə təxribatın arxasında hansı qüvvənin durduğu, məqsədinin nə olduğu barədə aydınlıq yaranar deyə. Aydınlıq yaranmasa da indi soyuq başla düşünmək olur. İndi soyuq başla düşünürsən: bəlkə heç deyildiyi kimi deyil, o hadisənin ölkəmizin imicinə mənfi yox, müsbət təsiri var? Azərbaycanda mövcud sekulyar avtoritarizmin alternativinin radikal islamın ola biləcəyi mesaj verilir? Ölkənin şəriət qanunları ilə idarə olunmasını istəyən siyasi islamla mübarizəyə zəmin yaratmaq – beynəlxalq ictimai rəy hazırlamaq üçün təşkil olunub? Belə deyilsə, olay yeri niyə hakimiyyətimizin ən böyük xarici dəstəkçisi olan BP kimi nəhəng gücün vətəni seçilib? London polisi bir ölkə səfirliyinin dağıdılmasına niyə 2 saat qıraqdan durub tamaşa edib?

Siyasətdən, özü də beynəlxalq siyasətdən başım çıxmadığına görə cavablarla işim yoxdur, köhnə jurnalist kimi mənim işim suallarladır.

Dövlətçiliyimizə xarici təhlükə öz yerində, bu, həmişə olub, olacaq! İstər yaxın qonşu, istər uzaq dost bildiyin ölkə olsun. Məni toplumun cəhalət qarşısında immunitetinin ilbəil zəifləməsi narahat edir.

“Mehdinin nökərləri”nin başçısı Qumda təhsil alanlardanmış. Qum dini təhsil mərkəzinin dövlətimiz üçün nə qədər təhdid mənbəyi olduğunu bilənlər bilir. Odur ki, məni daha çox qayğılandıran özünü ölkəmizdəki Mehdi, Zeynəb “nökərləri” kimi aparanlar və onların dinlə pərdələnmiş siyasi məramlarını anlamayan məsum mömin kütlədir. Aşağıda hələ 7 il qabaq yazdığım “Əmmaməli gələcək” yazısından bir parça bölüşürəm:

“Evindəki televizoru “haramdı” deyib çölə atan bir qohumum övladının toyuna çağıranda getmədim. Musiqi, çalıb-oynamaq necə haram ola bilər? Sualıma ağlabatan cavab verə bilməmişdi.

Qonum-qonşuda, qohum-əqrəbada neçə qız-gəlini çarşabda görüb indi tanıyı bilmirəm.

20 ildi Qarabağdan qaçqın düşüb hələ də sərgərdan həyat yaşayan bir tanışımın bankdan kredit götürüb Məkkə ziyarətgahına getdiyini eşidəndə dərin kədərə daldım.

“İslamçılara qoşulan oğlum deyir ki, içki içdiyinə görə səni öldürsəm, qanın mənə halaldı”. Bunu bir soydaşımız başılovlu danışırdı. Oğlunu Avropaya xoşbəxtlik dalınca gətirmişdi, dini fanatizmin qurbanı olduğundan gec xəbər tutub.

“Əli və Nino” romanında məni təsirləndirən səhnələrdən biri də Aşura günü Əlinin sinə döyüb, baş yaran kütləyə qoşulması, ələlxüsus da bu səhnəni Ninonun görməsidir!

İndi Ninoları olmayan nə qədər Əliləri kütlə havasına xürafat izdihamına qoşulan görürəm.

Sekulyar avtoritarizm quruculuğunda tər tökmüşlərdən, məsələn, Zahid Oruc parlament seçkisinə indi dini şüarlarla gedir: “Dində mübarək Oruc, namizəddə Zahid Oruc”, “Sizə vəkil olmaq Allaha ibadət qədər gözəldir”.

Buyurun, gəlib çatdıq!

Bu gün parlamentin qapısını “döyən” şüar, sabah prezident kürsüsünə yol alacaq, birisi gün də konstitusiyaya dəyişiklik referendumu keçirəcək. Küçələrə axışıb inqilab bağırtısına dönəcəyini demirəm heç! Qorxumdan!”

Cəhalət qaranlığının sərhədlərinin indi nə qədər böyüdüyünü özünüz də təsəvvür edə bilərsiniz. Yazının linkini şərhə qoyacam, istirahət günüdür, vaxt edib oxuyarsınız.

Sözümün canı nədir?

Dövlətin vəzifəsi cəhalətə meydan açan təhsilsizliyə, savadsızlığa qarşı mübarizə aparmaqdır, təhsili bərbəd günə qoymaq deyil. Dövləti idarə edənlər, nəhayət, anlamalıdırlar ki, Azərbaycan reallığında demokratik, sekulyar dəyərlərin daşıyıcısı olan kəsimi ictimai-siyasi həyatın künc-bucağına sıxışdırmaq meydanı dini radikallara vermək deməkdir.

Meşşan həyatın gözünü pərdələdiyi iqtidarla, hakimiyyətə gəlmək üçün “şeytanla” (dini şarlatanlarla) belə əməkdaşlığa hazır müxalifətlə ölkəni sarmaqda olan dini cəhalətin üstünə getmək nə qədər effektlidir, ümidvericidir, açığı bilmirəm. Mənə görə hər iki zümrənin fövqündə durası ziyalı – düşünən və düşündürən vətəndaşlar – təbəqəsinin nazilib-süzülüb yox olma həddinə çatması da bir başqa qorxunc mənzərədir.

Amma yenə ümidliyəm! Əminəm ki, gözümə səfirlik binası yerinə Prezident Aparatının, Milli Məclisin görünməsi halüsinasiyadan başqa bir şey deyil! Ümid edirəm ki, London olayını bir siqnal kimi qəbul edəcəyik; iqtidarlı, müxalifətli, xalqlı dini fanatizmi dövlətçiliyə təhlükələr sırasında görüb, ondan merkantil maraqlar üçün istifadə yox, ona qarşı ciddi mübarizə – maarifçi mübarizəyə başlayacağıq.

Viktor Hüqo “Səfillər” romanında yazırdı: “Cahillərə bacardığınızı öyrədin. Onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır”.

Azad, ədalətli, sekulyar Azərbaycan ümidiylə…
Vahid Qazi
 
 

Ardını oxu...
Mirzə AĞ
Yaddaşı yerndə olan Azərbaycan insanları xatırlayırlar ki, bir müddət əvvəl Yevlax rayonundakı Sahib Alıyev adına orta məktəbin riyaziyyat müəlliməsi Nailə Babayevanın 6-cı sinif şagirdlərinə «Fərmandeh» mərsiyəsi öyrətdiyi barədə informasiya yayılmışdı.

İnformasiyada deyilirdi ki, bu müəllimə (əslində nadan-şarlatan-casus) öyrətiyi mərsiyədə (bundan da axmaq fəaliyyət olarmı? - mərsiyə oxumaq!) uşaqlara deyirmiş ki, Mehdi əz-Zaman (rəvayətə görə, qeyb etmiş imam) gələcək və guya Azərbaycanda şiələrin qətliamı gözlənilir - guya Türkiyə, İsrail (?-M.A.) Azərbaycandakı şiələri qətliam edəcəklər. Və mərsiyənin bir neçə yerində Nailə müəllimə (İran casusu!) Mehdi əz-Zaman əvəzinə, ayətullah Xameneinin adını çəkirmiş. Guya Xamenei «fərmandehdir» və gəlib Azərbaycanda şiələri xilas edəcək və s.

Əvvəla, qeyd etmək istəyirəm ki, Xameneinin fərmandeh olub-olmaması barədə konkret fikir söyləməkdən uzağam, nədən ki, bu molla başqa dövlətin (İran-Vartan Respublikasının!) vətəndaşıdır, dövlətin özü isə teokratikdir. Amma bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Xameneinin fərmandeh olmasının və Azərbaycana nə məqsədlə gələcəyinin səbəbləri barədə Nailə müəllimədən mütləq soruşmaq lazım gələcək. Nədən ki, son bir neçə gün ərzində yerli KİV-in yaydığı məlumatlardan görünür ki, Nailə müəllimənin elən etdiyi və həsrətlə gözlədiyi «Mehdi»lər gəliblər, fəqət onlar əz-zaman (fərmandeh) yox, əslində, terrorçu, dələduz və şarlatan çıxıblar. Hesab edirəm ki, bu barədə də Nailədən soruşmaq lazım gələcək.

Mən isə “mehdilərin” təşrifini sıralamaq istəyirəm. Ondan başlamaq istəyirəm ki, bu günlərdə Bakıda özünü Mehdi-əz-Zaman adlandıran Aqil adlı şiə sadəlövh vətəndaşları aldadaraq, onların milyonlarla pulunu mənimsəyibmiş! Bu da olurmuş şiə əz-zamanlığı - TFU!
Ətraflı

Başqa bir informasiyada isə deyilir ki, «pətəyi» İranda yerləşən şiə dairələri Azərbaycan hakimiyyətindən «narazılıq» ediblər ki, Azərbaycan dövləti bu ölkədə məhərrəmlik (Aşura) mərasimlərinin keçirilməsinə mane olur. Sən demə, onlar əslində Azərbaycanda dini dövlət elan etməyi arzulayırmışlar. Çox şükür ki, mümkün deyil və əslində sarsaq fırıldaqdır. Məlum olduğu kimi, Azərbaycanda müasir demokratik dünyada olduğu kimi, din dövlətdən ayrıdır, həm də insanların dini etiqad inancları dövlətin qanunları ilə qorunur. Bundan artığı isə Azərbaycanda heç kimə lazım deyil. Digər tərəfdən, Azərbaycanda heç kim məhərrəmlik mərasimlərinin əleyhinə deyil, amma hər şey qanun çərçivəsində və qədərində olmalıdır. Təəssüf ki, bir sıra fırıldaqçı ünsürlər din pərdəsi altında cinayətkar fəaliyyətlə, şarlatanlıqla gəlir əldə etmək yolunu tutublar. Məsələn, Aşura günü «Qasım otağı» bəzəmək və yuxarısında pul tullamaq üçün «deşik açmaq». Axı, kütlə heç bilmir ki, Qasım kimdir və nə üçün ona otaq bəzəyib, şəbih çıxarırlar? Bilənlər də bu fəaliyyətə istehza etməkdən çəkinmirlər. Belə ki, insanların bir çoxu 3-cü 4-cü, 5-ci babasının, nənəsinin adını bilmir, bəziləri isə heç valideynlərinin təvvəlüdünü, vəfat etmə tarixini unudublar. Belədə, 7-ci əsrdə bir dəstə ərəbin bir qrup ərəbi qətlə yetirməsinin bizlərə nə dəxli olduğunu anlamaqda çətinlik çəkirəm.

Əslində, məsələ belə olub ki, 7-ci əsrdə İslam dünyasında misli görünməmiş hadisə baş verib - xəlifə Yezidin bir qrup tərəfdarı hakimiyyət (xəlifəlik) uğrunda mübarizə səbəbilə İslam peyğəmbəri həzrəti Mühəmmədin nəvəsi, imam həzrət Əlinin oğlu Hüseyni və ailəsini Kərbəla çölündə qətlə yetirib. Beləliklə, öldürən ərəb, ölən ərəb, bəs bizlərə nə düşüb ki, özümüzü cırırıq? Psevdo-Mehdi kimi, Nailə kimi fırıldaqçılar da baxıb, gülməkdən uğunub gedirlər.

Müqayisə üçün bildirmək yerinə düşər ki, xristian inancına görə, xilaskar İsa (İsus Xristos) peyğəmbəri də əleyhdarları çarmıxa çəkməklə, qətlə yetiriblər, amma hər il bu hadisənin yubileyində, xristianlar bayram edir, yumurta boyayıb, yeyib-içir və bir-birini tərik edir, «Xristos voskres» (İsa dirilib) deyib də bir-birini öpürlər, vəssalam! Guya, xristianlar İsa peyğəmbəti şiələrin Hüseyni sevdiyindən az sevirlər?

Növbəti xəbərin üzərində dayanmağa dəyər. Londonda Azərbaycan səfirliyinə edilən barbar hücumun arxasında da şiə dairələrinin (fərmandehin) dayandığı şəbhə doğurmur. Bütün bunlar göstərir ki, «pətəyi» İranda olan şiə dairələri ölkəmizdə dərindən-dərin kök salıb, casus şəbəkəsi qurub, anti-Azərbaycan, anti-türk təbliğatı aparırlar.

Bax, buna qarşı amansız, barışmaz ümumxalq mübarizəsinə qalxmaq, bu məsələdə Azərbaycan dövlətinə yardımçı olmaq lazımdır. Bilmək lazımdır ki, zəif hakimiyyət, zəif dövlət miskin-yoxsul vətəndaş deməkdir. Güclü Azrbaycan yolunda hər kəsə uğur, qətiyyət, ardıcıllıq, millətə isə sıx birlik arzulayırıq - YOLUMUZ İŞIQLI OLSUN!
Azpolitika
 
Ardını oxu...
Şiə radikalları Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə basqın etməklə Azərbaycanda dini əhval-ruhiyyə yaratmaq istəsələr də, cəmiyyətdə bunun əksi oldu.

Axar.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev paylaşıb.

“Sosial şəbəkələrdən gələn reaksiyalara əsasən, demək olar ki, Azərbaycan bayrağının yerə atılmasına görə insanlar hiddətlənib (bu onu göstərir ki, bu əməli edən insanların Azərbaycana heç bir siyasi, emosional və ya hər hansı bağlılığı yoxdur). Belə ki, bu, ictimaiyyəti sekulyar dövlətçilik, ölkə bayrağına, tarixə və ənənələrə sədaqət ideyası ətrafında səfərbər edib”.
 
Ardını oxu...
“Artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır”.

Teref.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycanın işğalda olan ərazilərini azad etməsi regionda yeni geosiyasi nizamın əsasını qoydu. İranın bu nizam və Azərbaycana qarşı aqressiv siyasəti nəticə vermədi, Tehran artıq yeni reallıqlarla barışmağa başlayıb. İranın aqressiv və hədələyici tonlarına baxmayaraq, Azərbayan prinsipial mövqeyindən geri çəkilmir və regional siyasətini uğurla davam etdirir.

İran Azərbaycana qarşı bütün “kart”larnı açıq şəkildə ortya qoydu, amma bu gedişi də nəticəsiz qaldı. İran qonşuluq prinsipləri və əxlaqına zidd olaraq öz xarici siyasətində Azərbaycana qarşı düşmən mövqeyində dayanır. Amma artıq Azərbaycan regional siyasətə yön verən, bölgə üçün nəzərdə tutulmuş nəhəng geosiyasi layihələrə təsir edə bilən dövlətdir”.

Məhəmməd Əsədullazadə Azərbaycanın İsraildə səfirlik açmasının vaxtının çatdığını söyləyib:

“Hesab edirəm ki, artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır. İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. İranın son davaranışlarından məlum oldu ki, o, heç bir dildən anlamır. Üstəgəl, Tehran Azərbaycana qarşı olan aqressiv münasibətini sərgiləmək üçün İsraildən bəhanə olaraq istifadə edir.

İsrail bu gün müsəlman və ya ərəb ölkələri ilə əlaqələrini normallaşdırır, onlarla hərbi-siyasi sahələrdə əməkdaşlıq qurur. Buna görə də Azərbaycanın İsraildə səfrilik açması üçün heç bir problem yoxdur. Onsuz da bu qərarımıza kimsə nəsə deyə bilməz, müstəqil ölkəyik və istədiyimiz xətti seçmək bizim hüququmuzdur.

Qənaətimə görə, hətta İsraillə Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsi də imzalamaq olar. İsrail də Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır”. /Yenisabah.az/
 
 
 
Ardını oxu...
Həssaslıqların yem kimi istifadə edildiyi bir dövrə qədəm qoymuşuq

ABŞ-ın keçmiş Prezidenti Donald Trampla polemikaları, ABŞ Nümayəndələr Palatasının sədrliyi kürsüsündə nümayiş etdirdiyi emosional, reaktiv və ehtiraslı davranışları ilə tanıdığımız Nensi Pelosi bugünlərdə şəxsi karyerasının ən uğurlu gününü keçirdi. Siyasət, müharibə, qeyri-sabitlik və ehtiras tarixində iz qoyan Anne Boleyn Troyalı Helen, Marie Antoinette, Kleopatra və Kösəm Sultan kimi tarixə düşəcək bir tamaşada baş rola çevrildi. O, bütün dünyanın seyr etdiyi bir gərginliyin bir hissəsinə deyil, bütün dünyaya təsir edəcək bir müharibənin təhrikçisi kimi tarixə düşəcəkdi.

Hələlik müharibəyə başlaya bilməsə də, rolunu çox gözəl oynadı. O, Birinci Dünya müharibəsinin “rəqqasəsi” Mata Hari qədər çevik olmasa da, bəzilərinin “Üçüncü Dünya müharibəsi” adlandırdığı bugünkü proksi müharibəsində 80-ci illərin "təsir agenti" olduğunu sübut etdi.

Bəli, ABŞ hökumət rəsmiləri, narahatlığı açıq-aşkar görünən çinli həmkarlarına “Çinin ərazi bütövlüyü və suverenliyinə qarşı mövqeyimizdə heç bir dəyişiklik yoxdur” mesajı versələr də, yaşanan “Pelosi əməliyyatı” bunun əksini göstərirdi. Bunu çinlilər də anlayırdılar. Pelosi bu barədə öz istəyi ilə qərar vermiş kimi görünsə də, ortada bir ABŞ iradəsi və qərarı olduğu şübhəsizdi.

Kor kor-gör gör: Üzərində “USA” yazısı olan ABŞ dövlət təyyarəsi, Çinin əsas hissəsi ilə Tayvanı birləşdirən cənub-şərqdən adaya yaxınlaşan hərbi marşrut, vaxtında bildiriş, bilmək, məxfilik və işıqlandırma tədbirləri - bütün bunlar əməliyyatın dövlət əməliyyatı olduğunu artıq sübut edirdi.

ABŞ Nensi Pedosi üzərindən böyük oyun oynadı – meydançaya civə ilə dolu zərlər atdı. O meydançaya ki, Çin “mənim torpağım”, “33-cü əyalətim”, “suverenlik şərtim” adlandırır.

Birləşmiş Ştatların 3-cü şəxsi, Nümayəndələr Palatasının sədri Nensi Pelosi hərbi-siyasi əməliyyat keçirilirmiş kimi, Tayvana eniş etdi. Və bütün iddialarına baxmayaraq, Çin bunun qarşısını ala bilmədi.

Bunun qarşısını almaq olardımı?

Əslində, Pekin bunun qarşısını ala bilərdi, amma bacarmadı. Məsələn, heç bir hücum silahından istifadə etmədən, müdafiə sistemləri ilə quracağı divarlarla təyyarənin ön kəsə bilərdimi? Bilərdi!

Amma ya kəsmədi, ya da kəsməyə cəsarət etmədi. Yəni, nəticələrini hesablaya bilmədi. Əslində, bu passiv mövqenin sərgilənməsi bir çox şübhələri meydana çıxarır.

Nəysə, olan oldu - Pelosi ABŞ dövlət bayrağı ilə Çinin suverenliyini pozdu. Çin bundan sonra nə edəcək, öz şərəf və nüfuzunu necə xilas edəcək və bunu edərkən tələyə düşəcəkmi?

Çünki dövr həssaslıqların yem kimi istifadə edildiyi bir dövrdür.

Mövzunu yaxşı başa düşmək üçün burada Çinin qəzəbinin səbəblərinə nəzər salmaq lazımdır:

- O, Pelosinin səfərini suverenlik məsələsi - təhdid kimi qəbul edir.

- O, Rusiya kimi məhv olmaq riski yaradan tələyə düşə biləcəyini düşünür.

- Formosa adası (yəni Tayvan) Çinin 33-cü əyalətidir. Çin bunu belə qəbul etməyənlərlə ünsiyyət yaratmır.

- Pekin ehtiyat edir ki, Pelosinin səfəri Tayvanı əvvəllər tanımış 23 ölkədən daha çox ölkənin tanıması üçün həvəsləndirici addım ola bilər.

- Çin öz suverenlik həssaslığını təhrik etməklə, özünüməhvə apara biləcək proseslər yaşanmasından ehtiyatlanır.

Bu nöqtədə Nensi Pelosinin təsir agenti kimi missiyası nəticəsində formalaşan Çin - Tayvan - ABŞ gərginliyinə belə bir nəzər salaq:

- Milli qüvvələrin düzgün hesabını kim edə bilər?

- Kim nəyə cəsarət edə bilər?

- Kimi gücü, ehtiyatı və vaxtı daha düzgün istifadə edə bilər?

Hesab edirəm ki, Amerikanın bu addımı böhran vəziyyətində Çin ordusunun qüdrət və qabiliyyətini sınaqdan keçirməklə bağlıdır. Axı biz gələcəkdə qlobal imperiyanın kreslosunda kimin “oturacağı” ilə bağlı rəqabət və oyundayıq. Tərəflərin müxtəlif yollarla bir-birinin iradəsini, əzmini, gücünü və qabiliyyətini sınaması tamamilə başadüşüləndir. Baxaq görək qlobal güclər necə strategiya hazırlayacaqlar.

Sözü uzatmadan vurğulayaq ki, ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi “Əl-Qaidə” əməliyyatı da coğrafiyanın dizayn edilməsi üçün mühüm elementlərdən biriydi.

Daha bir kiçik qeyd:

Tayvanın qurucu atası Çan Kay-şek Çinin Baş naziri olarkən biz türklərə böyük bir kələk gəlmişdi. Təmiz Çin işi, Çin strateji intriqası.

Bunu niyə yazdım? Ona görə ki, bugünkü kimi məğlubiyyət var, ondan dərs götürə bilərik.

1931-34-cü illərdə Kumul üsyanında Çinin Baş naziri olmuş Millətçi Çin Tayvanının qurucu atası Çan Kay-şek əvvəlcə uyğurları üsyana qaldırtmış, sonra uyğur türklərinə qarşı Çin qanından olan Hui müsəlmanlarını göndərərək Şərqi Türküstanı almışdı.

İndi möhkəm dayanın. Şərqi Türküstana qarşı göndərilən Çan Kay-şeyin Çin orduları kimlər idi? Qədiri, Cehriyye, Kübrevi və Kufiyə məzhəblərinin çinli ardıcılları. Onların başlarında, Çin dilində Məhəmməd mənasını verən Ma adlı Hui komandirləri var idi.

Nə bilim, əşşi. Bu gün vəkillərin, fetölərin, dindən və dindən sui-istifadə edən strukturların savaşında türk və müsəlmanların bir-birinə qarşı necə istifadə edildiyini düşünəndə bunu da yazacağımı düşündüm. Ola bilsin ki, dərs çıxarılsın. “Cənnətə gedəcəm” düşüncəsi ilə dünyanı cəhənnəmə çevirənlər, oyunda oyuncağa çevrilib cəhənnəmə gedənlər, bəlkə də, bir az dərs alalar...

Müəllif: Abdullah Ağar

Mənbə: "tv100.com"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
Ardını oxu...
Gözünüzün qarşısında bu qədər acı örnək varkən, vətəndaşları incitməyə, məzlumun ahını almağa, insanların heysiyyatı ilə oynamağa son qoyun!

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmənin qarşısında çəkilən kadrlardan görünür ki, keçmiş nazir ictimaiyyətin hədəfinə tuş gəlməmək üçün sürətlə irəliləyir.

Onun nazirliyə rəhbərliyi dövründə yalnız bir müşavirədə mətbuatın iştirakı təmin edilib ki, həmin toplantıda da Müslümov nazirliyin əməkdaşlarını “ağ yuyub, qara sərib”. “Haqqı pozulan vətəndaşın dostu”, “ədalət çarçısı”, “tələbkar məmur” obrazı ilə gündəmə gəlməyə çalışan sabiq nazirin dövründə haqqı çatanlar pensiya və sosial müavinət almadığı halda, evi və maşını olanlar, aylıq kifayət qədər gəlir əldə edənlər bu imtiyazlara sahib olublar. Səlim Müslümovun vəzifədən uzaqlaşdırılmasından sonra isə nazirlikdə araşdırmalar aparılıb.

Məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) minlərlə insana saxta pensiya kəsib, minlərlə ehtiyaclı vətəndaş isə Allahın ümidinə buraxılıb. Rəsmi açıqlamalara görə, digər dövlət qurumlarında, misal üçün, sürücülük vəsiqəsi almaq üçün tələb olunan arayışlarda sağlam çıxan vətəndaşlar adıçəkilən nazirlikdə əlil kimi qeydiyyata düşüblər. Düzdür, Səlim Müslümov yola salınandan sonra həmin saxta pensiyalar kəsilib, lakin ƏƏSMN bu gün də ictimaiyyətin ən çox narazı qaldığı dövlət qurumlarından biri olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsində iştirak edən, öz sağlamlıqlarını torpaqlarımızın azadlığı yolunda itirən qazilərimizin hüquqlarının pozulması, onların sosial tələblərinin qulaqardına vurulması, nazir Sahil Babayevin bununla bağlı suala cavab verməkdən imtina etməsi bir daha göstərir ki, ƏƏSMN-də ciddi bir islahat aparılmayıb. Necə ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir, bu nazirlikdə də yalnız şəxs dəyişikləri baş verib.

Qurumdan narazılıq dalğası bu gün də davam etməkdədir. Onlarla müharibə qazisinin ötən iki il ərzində intihar etməsi, düşmənin qarşısında sipər olanların sosial problemlərin qarşısında aciz qalması, bundan dolayı öz canlarına qəsd etməsi məhz belə bir “xidmətin” nəticəsində mümkün olub.

Azərbaycanda mövcud olan problemləri xronoloji ardıcıllıqla sıralasaq, heç şübhəsiz, ilk yerlərdən birini məmur özbaşınalığı tutacaq. Bu gün ölkədə korrupsiyanın da, inhisarçılığın da, satınalmalar zamanı dövlət vəsaitlərinin qəsb olunmasının da, vətəndaşların süründürməçiliyə salınmasının da, düşünən beyinlərin xilas yolunu mühacirətdə görməsinin də, layiqsiz kadrların önə çəkilməsinin də, istedadlı insanların məqsədli şəkildə iyrəndirilməsinin də - bir sözlə, bəlalarımızın əksəriyyətinin əsas səbəbi məmur oliqarxiyasıdır. Məhz onların sayəsində Azərbaycan vətəndaşı özünü güvəndə hiss etmir, hər hansı probleminin həllini qanunlarda və qanunvericilikdə deyil, məmurlarla yaxınlaşmaqda görür. Çünki alternativi yoxdur və məhz alternativi olmadığına görə də, ya məmurların qurbanına, ya “ortağına” çevrilir.

Vəzifədə olanda bu günün təntənəsi ilə yox, sabah özünün də düşə biləcəyi vəziyyəti nəzərə alaraq yaşamaq lazımdır. Nə olar, adam bir gün vəzifəyə gələr, sabah vəzifədən azad edilər. Elə etmək lazımdır ki, adının qarşısında sabiq sözü yazılanda, hamı “yaxşı rəhbər idi, təvazökar adam idi” deyib, ehtiramla səni ansınlar. Yoxsa “kimə gəldi daş atım, yerli-yersiz insanları incidim, onların lənətini qazanım” – bu, heç kimə başucağlı gətirməyib və gətirməyəcək.

Vaxt var idi, Səlim Müslümovun, Ramiz Mehdiyevin, Əli Həsənovun, Vüqar Səfərlinin və digərlərinin qılınclarının dalı da kəsirdi, qabağı da. Fikirləşirdilər ki, əbədi imtiyaz əldə ediblər. Kimin istəsələr “torbasını tikə” bilərlər, kimi istəsələr “tasa otuzdura” bilərlər, kimi də istəsələr təhqir edə bilərlər. Lakin günlərin birində ayıldılar ki, artıq “lələ köçüb, yurdu qalıb”.

Səlim Müslümov, Vüqar Səfərli, icra başçıları - hamısının məhkəməsində bir epizod diqqət çəkir: onların hər biri günahı olmadığını bəyan edir, bəraət istəyir.

Bu dünyada insanlar başqaları üzərində “qələbə qazanmaqla” digərlərinin qisasını alırlar. Bunun adına isə ilahi ədalət deyilir. Bir gün bu ilahi ədalət özünü göstərir və əbədi imtiyaz edənləri “ədalətin carçısı”na çevirir. Onda isə artıq gec olur. Çünki nə əvvəlki gücləri qalır, nə təsirləri, nə də ətrafları. Sabun köpüyü kimi hamısı bir anda partlayıb gedir.

Nəhayət, gözünüzün qarşısında bu qədər acı örnək varkən, vətəndaşları incitməyə, məzlumun ahını almağa, insanların heysiyyatı ilə oynamağa son qoyun, cənablar! Unutmayın ki, bir gün siz də sələflərinizin taleyini yaşayacaqsınız. Və bir gün siz də imdad istəyəcəksiniz. Nə qədər gec deyil, düşünün - bəlkə, gec də olsa, sizi bağışlayarlar deyə.

Zaman isə gözləmir, öz sürətində və axarındadır! Əgər sabah məhkəmə binalarının qarşısında Müslümov kimi ictimai qınağa tuş gəlməmək üçün sürətlə gözdən itmək istəmirsinizsə, bu gün sürətinizi azaldın!

Müəllif: Azər Niftiyev
 

Dünyapress TV

Xəbər lenti