Ardını oxu...
Qərbin birtərəfli sanksiyası insanlığa qarşı cinayətdir. Çünki sanksiyalar vasitəsilə onlar sadə insanları cəzalandırmaq istəyirlər. Hazırda Rusiya hakimiyyəti tam olaraq Qərbin planlarını pozur, amma onlar xalqı cəzalandırır. Türkiyə isə Ukrayna məsələsində heç də Kremli dəstəkləmir. Biz əvvəla, Rusiya ilə əməkdaşlıq edirik, ikincisi isə Qərbin sadə rus vətəndaşlarına qarşı yürütdüyü sərt tədbirlərə qarşı çıxırıq. Türkiyə öz milli maraqlarını reallaşdırır. Çünki Türkiyə öz iqtisadi problemlərini yalnız Avropa ölkələri ilə deyil, o cümlədən Rusiya ilə əməkdaşlıq etməklə həll edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin professoru, türkiyəli siyasi ekspert Mehmet Perinçək deyib.

“Qərb Türkiyəyə iqtisadi problemlərini həll etməyə imkan vermir. Əlbəttə, Türkiyə-Rusiya münasibətləri bu məsələdə böyük əhəmiyyət daşıyır. Çünki Qərbin sanksiyalarından sonra Türkiyə Rusiya üçün pəncərə ola, iqitisadi, turistik, logistik mərkəzə çevrilə bilər. Və bu Türkiyə üçün çox böyük imkandır.

Buna görə də söhbət Türkiyənin Kremlə dəstəyindən deyil, Türkiyənin öz milli maraqlarını qorumaqdan gedir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın əməkdaşlıq etməsi təkcə iqtisadi baxımdan vacib deyil, bu, həm də ölkələrin milli təhlükəsizliyinin təminatı üçün vacibdir:

“Buna görə Ərdoğan və Putin arasındakı Soçi sammiti mühüm əhəmiyyət kəsb edirdi. Onlar bu görüşdə Suriya məsələsini müzakirə etdilər. Gördüyümüz kimi, iki lider Suriyada terrorçu elementlərin, separatçıların, fundamentalist silahlıların təmizlənməsi barədə razılığa gəldilər. Bu, çox vacibdir. Terrorçuların arasında heç bir fərq yoxdur. Bu terrorçuların arxasında isə ABŞ dayanır.

Ötən gün Türkiyə MN bildirdi ki, Ərdoğan Əsədlə telefon danışığına hazırdır. Bu, həmin Soçi görüşünün mühüm nəticələrindən biri oldu. Digər tərəfdən isə Türkiyə Moskvaya, Tehrana və Dəməşqə PKK-ya, terror təşkilatlarına qarşı birgə mübarizə aparmağı təklif edib. Bu görüşdə liderlərin hər ikisi Türkiyənin bu separatçılara qarşı mühüm əməliyyatlarından danışdılar. Lakin Türkiyənin bu əməliyyatı Dəməşqlə koordinasiyalı aparmalı idi. Bax, bu son deyilənlər onu göstərir ki, Ərdoğan Soçidə Putinə verdiyi sözünün üstündə dayanır. Nəinki Suriya məsələsində, eləcə də Liviya məsələsində də hər iki lider razılığa gəlib”.

Ekspertin iddiasına görə, Ankara və Moskva Suriya, Liviya və Şərqi Aralıqda öz maraqlarını uzlaşdıra bilirlər:

“ABŞ və Qərb öz dominant rolunu itirir, yeni dünyada iqtisadi mərkəz Avrasiyaya tərəf hərəkət edir. Ankaranın da, təbii ki, öz milli maraqlarını qorumaq hüququ var. Türkiyə Qərbə qarşı heç bir şey etmir, Qərb isə həm Suriya, həm Liviya, həm Şərqi Aralıq dənizi, həm Qarabağ, həm də iqtisadi məsələrdə Türkiyəyə əks mövqedədir. Burada problemTürkiyənin siyasətindən yox, Qərbin Türkiyəyə və digər Avrasiya ölkələrinə olan qeyri-səmimi münasibətidir”.
 
 
 
Ardını oxu...
Yunanıstan ABŞ-dan aldığı qırıcıları Türkiyədən aralı tutacaq

Souda, Andravida və Araxos - bunlar Yunanıstan Hərbi Hava Qüvvələrinin ABŞ-dan öz infrastrukturunun F-35 qırıcılarının yerləşdirilməsi üçün uyğunluğunu yoxlamağı xahiş etdiyi aviabazaların adlarıdır.

Bu, texniki məlumatdır, lakin F-35-ə sahib olan hər bir ölkənin bu təyyarələrin yerləşdiriləcəyi hərbi bazası olmalıdır. Türkiyə proqramdan çıxarılmasaydı, aldığı F-35-ləri ilk olaraq Malatyada yerləşdirəcəkdi və buna uyğun olaraq hərbi bazanın infrastrukturu yenidən qurulmuşdu.

Biz artıq Kritdəki Souda bazası haqqında bilirik, lakin alternativ olaraq təyin olunan digər iki yer maraqlıdır - hər ikisi Yunanıstanın qərbində, İon dənizi və arxasında İtaliya olan bazalardır.

Maraqlıdır ki, Fransadan aldığı “Rafale” döyüş təyyarələrini İzmirə paralel Tanagra bazasına yerləşdirən Yunanıstan F-35-lər üçün Egeydən uzaqda baza axtarır.

Bu qərarın müxtəlif səbəbləri ola bilər, xüsusən də Türkiyəyə məxsus S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı narahatlıqlar… Bunu zamanla görəcəyik.

Ancaq mütləq görməli olduğumuz başqa bir fakt var ki, bu da Vaşinqtonun 2023-cü ildə keçiriləcək seçkilərdə Baş nazir Mitsotakisin qalib gəlməsi üçün əlindən gələni etməsidir.

“Ağ Ev Mitsotakisin qələbəsi üçün və bu yolda F-35-lərdən təbliğat vasitəsi kimi istifadə edə bilməsi üçün ildırım sürəti ilə bir təsdiq prosesi həyata keçirdi”, - deyə yunan mediası yazır.

Bayden haqsız da deyil. Çünki ölkəsini ABŞ-a peşkəş edən bir Baş nazir tapıb və itirmək istəmir.

Təsəvvür edin ki, Mitsotakis xarici siyasətə dair bütün qərarları Vaşinqtonla razılaşdırır, Ağ Evdən iznsiz heç bir addım atmır. Az qala, ölkəsinin daxili siyasətini belə, Amerika müəyyənləşdirir.

Yunanıstandan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən ABŞ-ın qarşısında Mitsotakis kimi müti bir Baş nazir varsa, bundan niyə maksimum yararlanmasın ki?! Və onun yenidən hökumət başçısı olması üçün əlindəki imkanlardan niyə istifadə etməsin?!

Göründüyü kimi, ABŞ-ın Yunanıstanı F-35 ilə təmin etmək qərarının görünməmiş bir sürətlə icra olunması əbəs deyil. Ağ Evin dirijor çubuğu ilə oturub-duran, “Türkiyənin üzərinə get” deyildiyində heç tərəddüd etmədən tapşırığı yerinə yetirən Mitsotakisin növbəti dəfə yunan hökumətinə rəhbərlik etməsi amerikalıların marağındadır.

Əslində, Yunanıstana başqa bir şəxsin rəhbərlik etməsi heç də o demək deyil ki, bu ölkə ABŞ-ın vektorundan çıxacaq. Lakin istənilən halda, Bayden administrasiyası münasibətləri və Yunanıstanın “qulluğunu” riskə atmaq istəmir. Odur ki, Mitsotakis hazır buyruq quluykən, yeni kölə axtarmağa nə ehtiyac?...

Müəllif: Özay Şendir

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Ukrayna hərbçiləri Saki şəhərindəki (Krım) hərbi aerodroma güclü zərbə endiriblər. Bunun təsiri altında əvvəlcə Kremlin ruporları qeyzləniblər, ardınca isə «itki yoxdur» metodik «vəsaiti» yaymağa başlayıblar.

Aerodromdakı partlayışlar Rusiya təbliğatçıları arasında gerçək isterika doğurub. Amma Kremlin ruporlarının ritorikası qəflətən dəyişib. «UNİAN» təbliğatın maraqlı reaksiyasını toplayıb. Kremlin top-təbliğatçıları Olqa Skabayeva, Marqarita Simonyan və digərləri də partlayışların təsirindən kənarda qalmayıblar. Məsələn, Skabayeva partlayış yerindəki yanğından çəkilmiş kadrları bölüşüb, sonra isə qısa şərh əlavə edib.

«Nə isə deyəsən artıqlaması ilə…» - o, yazıb. Sonradan Skabayeva göründüyü kimi, kimə işlədiyini xatırlayıb və Rusiya Müdafiə Nazirliyinin «zərər çəkən yoxdur» informasiyasını dərc edib - sanki USQ aerodroma zərbələri heç olmayıb, guya bir neçə aviasursat detonasiya edib və texnika zədələnməyib.

Marqo (digər təbliğatçı Marqarita Simonyan) isə lap qeyzlənərək, özündən çıxıb - erməni xislətini çılpaqlığı ilə ortaya qoyub, «qırmızı xətt» axtarışına çıxıb. «Bir daha, “qırmızı xətt”, sən hardasan?» - harsın yazıb.

Bir neçə dəqiqədən sonra, Simonyan bəyan edib ki, «partlayışlar» guya olmayıb, amma diversiya olub.

Daha bir neçə dəqiqədən sonra, onun «qeyzi» total «pozitiv»lə əvəzlənib. Marqo yeni metodika ilə tanış olub və krımlıları sakitləşdirməyə girişib, onları əmin etməyə çalışıb ki, plyaja (çimərliyə) qayıda bilərlər.

Əslində isə aşağıdakı baş verib: «Saxlama meydançasında bir neçə sursat detonasiya edib. Heç kim xəsarət almayıb. Texnika da salamatdır. Heç bir mərmi partlayışı olmayıb. Ukrayna təbliğatı 300 kilometrlik məsafəsini özünün «bezrazmer» «qavnomyot»una soxa bilər. Biz isə nəfəsimizi dəririk və gedirik plyaja» - Simonyan əlavə edib. Vəssalam, şüt tamam - erməni yalanı ayaq tutub, yeriyir.
Ardını oxu...
Digər Putin təbliğatçısı Vladimir Solovyov da eyni ritorikanı yamsılayıb və sübut edib ki, Kreml təbliğatçılarının hamısı «bir nimdaş bezin qırağıdırlar»…

Xatırlayırsınızsa bir neçə gün bundan əvvəl ukaynalı tanınmış teleaparıcı Maşa Yefrosiniya Rusiya diktatoru Putin haqqında özünün qəzəb-nifrət dolu hədəsini səsləndirib. Aparıcının «Putinin yanında peyda olsaydın, nə edərdin?» - sualına cavab verən Maşa, deyib: «Yapışardım onun tüksüz başından, murdar boğazını parçalayardım, didərdim onu!»

Maşanın bu nifrətindən hali olan hər kəs istər-istəməz düşünər: Görəsən, erməni harsını Marqo (qadın adlandırılan iyrənc heyvan - Marqarita Simonyan!) Maşa Yefrosiniyanın əlinə düşsəydi, ukraynalı onunla necə rəftar edərdi? Uzun-uzadı düşünmədən, bu nəticəyə gəlməli oldum - Maşa ona nifrətqarışıq deyərdi: «Ey harsın, niyə anqırırsan? «Qırmızı xətt» axtararsan? Bu, zaman məsələsidir, bir qədər gözləyək, vaxtı çatan kimi, Ukraynanın xüsusi xidmətləri səni it sürütməsi edərək, qolubağlı halda dindirilməyə gətirəcəklər. Unutma ki, iyrənc işlərinə görə Ukrayna dövləti səni beynəlxalq axtarışa verib…»

Mirzə AĞ

AzPolitika.info
 
 
 
Ardını oxu...
Rusiya Federasiyası Sərhəd Xidmətinin Ermənistandakı nümayəndəliyi bildirib ki, son vaxtlar Ermənistan-İran sərhədində əməliyyat vəziyyəti gərgindir və bununla əlaqədar olaraq, Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri 1992-ci il tarixli Ermənistan-Rusiya Dövlətlərarası Müqaviləsinə uyğun olaraq, Ermənistan-İran sərhədindən keçən Mehri-Əkərək yolunda yoxlamalar aparır. Bu barədə Ermənistan mətbuatında yayılan xəbərlərdən sonra həmin yoxlamaların hansı şəraitdə aparıldığı böyük diqqət çəkib. Bununla bağlı Rusiya sərhədçiləri aydınlıq gətirərək bildirirlər ki, yoxlamalar gərgin əməliyyat şəraiti ilə əlaqədardır. Bu, narkotik vasitələrin və psixoaktiv maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz daşınmasına cəhdlərin artması ilə xarakterizə olunur. Rusiya Sərhəd Mühafizəsi bildirir ki, Ermənistan və İran dövlət sərhədinin ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən pozulması halları da var. Məlumata görə, Rusiya sərhədçiləri Mehri sərhəd dəstəsinin ərazisində İrandan qanunsuz daxil olmuş silah, qumbaraatan və külli miqdarda döyüş sursatı olan iki yaraqlını həbs ediblər. Bununla mübarizə aparmaq üçün sərhəd mühafizə məntəqələri yaradılıb.

Bu vəziyyətdə ortaya çıxan ilk sual budur: mövcud vəziyyətlə bağlı məlumat və ya dəqiqləşdirmə niyə Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən deyil, Rusiya Sərhəd Xidməti tərəfindən verilir? Təbii ki, Rusiya sərhədçiləri 1992-ci il müqaviləsinə əsasən 30 ildir ki, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini qoruyurlar, lakin onlar Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə işləməlidirlər.

Digər mühüm sual isə təbii ki, Ermənistan-İran sərhədində əməliyyat vəziyyətinin niyə gərginləşdiyi, nəinki narkotik satan cinayətkarların, hətta ekstremist qrupların da fəallaşmasıdır. Bu baxımdan İranın sərhədçiləri və təhlükəsizlik strukturları ilə hansı işgüzar əməkdaşlıq mövcuddur? Sərhəddə ekstremist qruplaşmanın nümayəndələrinin aşkar edilərək zərərsizləşdirilməsi ilə bağlı məlumatlar bu günlərdə dərc olunur. Əməliyyat, kəşfiyyat, taktiki səbəblərdən onun açıqlanması ləngiyə bilərdi, “izlərin” də üzə çıxarılması zərurətindən gizli saxlanıla bilərdi, amma hər halda, o risklərin ortaya çıxamasının səbəbi nədir və xüsusilə hansı təşkilatlardan söhbət gedir? Kifayət qədər suallar var.

Hazırkı vəziyyət İranın ruhani liderinin bir neçə gün əvvəl Ermənistan-İran sərhədi ilə bağlı səsləndirdiyi narahatlıqlarla hər hansı bir şəkildə əlaqələndirilə bilərmi? Sərhədin operativ vəziyyətinin gərginləşməsi ilə bağlı açıqlamalar sərhəd zonasında Rusiyanın nəzarəti rejimini gücləndirmək üçün pərdə və ya “bəhanə” ola bilərmi?

Asif Cəfərov
Ordu.az
 
Ardını oxu...
Pelosinin Tayvana səfəri ABŞ və Çin arasındakı münasibətlərdə yeni bir mərhələ oldu: Pekin uzun müddət bu kini saxlayacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya turnesi son günlərin ən çox müzakirə olunan hadisələrindən biridir. ABŞ və Çin arasında qarşıdurma iyul ayında Pelosinin Tayvana mümkün rəsmi səfəri xəbərləri fonunda yenidən sürətlənməyə başladı. Bu, adanı öz ərazisi hesab edən və separatiz ocağı olduğunu iddia edən Çin hakimiyyəti tərəfindən mənfi qarşılandı. Tur başlayan kimi vəziyyət kəskin şəkildə gərginləşdi. Pelosinin Tayvana gəlişi Çinin kəskin reaksiyasına səbəb olub. Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi və adanın bilavasitə yaxınlığında təlimlərə başladı. Dünya yenidən Çinin Tayvana hücumu və ABŞ-Çin ticarət müharibəsinin yeni mərhələsinin mümkünlüyündən danışır. “Lenta.ru” ABŞ və Çin arasında növbəti qarşıdurmanın necə başladığını və Pekinin Pelosinin səfərinə necə cavab verə biləcəyini araşdırıb.

AYNA araşdırmanı istinadla təqdim edir:

Avqustun 2-də göyərtəsində Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) xüsusi reysi Tayvanın Sunşan hava limanına enib. Tayvanı özünün əyalətlərindən biri hesab edən Çin bu səfəri onun ərazi bütövlüyünün pozulması və milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, bu hadisə “Vahid Çin Prinsipi”ni ciddi şəkildə pozur, ölkənin suverenliyinə qəsd edir və Çin xalqının kəskin hiddətinə və beynəlxalq ictimaiyyətin ümumi etirazına səbəb olan siyasi təxribatdır.

Pelosi verdiyi açıqlamada Tayvana səfərinin ABŞ-ın Çinə qarşı siyasətinə zidd olmadığını, Ağ Evin Tayvan məsələsində status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qarşı çıxmağa davam etdiyini bildirib.

Əməkdaşlıqdan münaqişəyə qədər

ABŞ və Çin arasındakı münasibətlər son onilliklərdə son dərəcə mübahisəli olub. Amerika siyasətinin məqsədi həmişə dəyişməz qalıb – “Səma İmperiyası”nın artan təsirini cilovlamaq. Eyni zamanda, prezidentlərlə bərabər, buna nail olmaq vasitələri də dəyişdi. Bill Klintonun dövründə ABŞ və Çin arasında təmaslar çox yaxın idi. Həmin dövrdə çinliləri normal və daimi ticarət əlaqələri ilə təmin edən Çinlə ticarət müqaviləsi imzalandı. Klinton Çinə təzyiq və təhdid yolu ilə deyil, sıx əməkdaşlıq yolu ilə təsir göstərməyə çalışdı. Lakin Corc Buşun dövründə ABŞ Çini strateji rəqib kimi görərək, ilkin olaraq kifayət qədər qarşıdurma siyasəti yürüdürdü. Buş vurğulamışdı ki, “Çin böyük iqtisadi potensiala malik daim böyüyən nəhəngdir”. Lakin səlahiyyət müddətinin sonuna yaxın siyasətçinin Çinə münasibəti, əsasən, təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı sıx təmaslara görə mülayimləşdi.

Barak Obama əsas qlobal və regional məsələlərdə Çinlə sıx əməkdaşlığı nəzərdə tutan “Asiyaya dönmə” strategiyasını həyata keçirən Çinə də xüsusi diqqət yetirib.

ABŞ açıq münaqişədən qaçaraq Çinin təsirini cilovlamaq üçün yollar axtarırdı

Donald Trampın ABŞ Prezidenti olması ilə hər şey dəyişdi. Hətta seçki kampaniyası zamanı o, özünü Çinin rəqibi kimi göstərdi, kommunist ticarət siyasətini tənqid etdi və ixrac mallarının rəqabət qabiliyyətini artırmaq üçün onları valyuta manipulyasiyasında ittiham etdi.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun aparıcı elmi işçisi Andrey Davidov deyib ki, əvvəlcə Tramp heç bir ticarət müharibəsi başlatmaq niyyətində olmayıb: “Əvvəlcə, yeni administrasiya hansısa yolla Çinlə münasibətləri yaxşılaşdırmağa çalışıb. Tramp daha sonra ticarət kəsiri, ABŞ-da istehsalat işlərinin itirilməsi, Amerikanın əqli mülkiyyətinin mənimsənilməsi, Çin şirkətlərinin Amerika texnologiyalarına qeyri-qanuni çıxışı və Çin şirkətlərinin əlavə rəqabət üstünlüklərinə görə günahlandırmağa başladı. Bütün bu ittihamlar ticarət müharibəsinin başlaması üçün bəhanə oldu. Məhz o, ABŞ ÜDM göstəricilərinə sürətlə yaxınlaşan Çinin artan təsirinə qarşı mübarizədə əsas məqam oldu. Tramp başa düşdü ki, Çin ABŞ-a əsl rəqib olanda bu mövqelərə çatıb və nəhayət, dünya səhnəsində ilk rollarda onları sıxışdırıb çıxara bilir”.

“Eyni zamanda, Çin və ABŞ ən böyük ticarət tərəfdaşları olub və Trampın Prezident postunda olduğu birinci ilində onların ticarət dövriyyəsi 710 milyard dollar təşkil edib. Əsas maneə artan ticarət kəsiri idi: amerikalılar Çinə oradan idxal etdiklərindən təxminən dörd dəfə az ixrac edirdilər və buna görə çinlilərin özlərini günahlandırırdılar. Problemin kökləri birbaşa Amerika ixracatının strukturuna gedib çıxır. ABŞ iqtisadiyyatı sadəcə olaraq Çindən idxal etdiyi məhsulu istehsal etmirdi”,- ekspert bildirib.

“Amerikanı yenidən möhtəşəm etməyə” çalışan Tramp təbii olaraq bu tənzimləməni bəyənmədi və o, ticarət rıçaqlarına müraciət etmək qərarına gəldi. 2018-ci ilin əvvəlində o, günəş panelləri və modullarının idxalına 30 faizlik tarif tətbiq edib. Bunun ardınca, iri məişət paltaryuyan maşınlarının idxalına rüsum tətbiq olundu. Çin bunu cavabsız qoya bilmədi: o andan etibarən ABŞ və Çin ayda bir neçə dəfə yeni tariflər mübadiləsi aparmağa başladılar.

2018-ci ildə ticarət müharibəsi

Bununla belə, ticarət müharibəsi hər iki tərəfə divident gətirmədi. Nəticədə ABŞ və Çin danışıqlar masasına oturmaq qərarına gəldilər. 2019-cu ilin iyununda Osaka sammitində Tramp və Si Çinpin ticarət müharibəsində “atəşkəs” haqqında razılığa gəldilər: bütün mövcud tariflər qalır, yeniləri isə tətbiq edilmir. Lakin “atəşkəs” uzun sürmədi. Demək olar ki, dərhal ABŞ Çini valyuta manipulyatoru elan etdi. Buna səbəb Çin Milli Bankının yuanın 3 gün ərzində iki faizdən çox ucuzlaşaraq 2008-ci ildən bəri ən aşağı səviyyəyə enməsinə imkan verən hərəkətləri oldu. Tramp Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edib, lakin onlar hesab ediblər ki, “yuanın qiymətləndirilməsi Çinin fundamental iqtisadi göstəricilərinə uyğundur”. Buna cavab olaraq Tramp yeni tariflər tətbiq etməklə hədələdi. Çin ABŞ-dan idxal etdiyi malların üçdə birinə, amerikalılar isə təxminən 112 milyard dollar dəyərində Çin idxalına tariflər tətbiq etdi.

2020-ci ilin əvvəlində vəziyyət yaxşılaşmağa başladı. Ticarət müharibəsi ciddi iqtisadi ziyana səbəb oldu, buna görə də Çin və ABŞ danışıqlar masasına qayıtdılar. Yanvarın 15-də ABŞ Prezidenti Donald Tramp və Çin Baş nazirinin müavini Liu He qarşılıqlı narazılıqları həll etmək üçün nəzərdə tutulmuş ABŞ-Çin ticarət sazişinin birinci mərhələsini imzalayıblar. Sənəddə əqli mülkiyyətin təhlükəsizliyi, valyuta manipulyasiyası və ticarətdə mübahisələrə də toxunulub.

Bununla belə, tezliklə koronavirus pandemiyası başladı və bu, bəzi tariflərin ləğv edilməsinə və ya yumşaldılmasına baxmayaraq, sazişin şərtlərinin tam icrasına mane oldu.

Yeni Prezident - yeni münaqişələr

İmzalanan sazişlər sayəsində ABŞ və Çin ticarət əlaqələrini normallaşdıra bildilər. Lakin iqtisadi qarşıdurma təsirsiz ötüşmədi: ölkələr arasında siyasi və diplomatik gərginlik artdı.

“Trampın qabaqcadan görmədiyi ən mühüm şey odur ki, bütün bu ziddiyyətlər və münaqişələr tezliklə siyasətə keçə bilər. Bu, Baydenin dövründə baş verənlərdir", - deyə Davidov vurğulayıb.

İki ölkə arasında münasibətlər dərhal nəticə vermədi. Danışıqların ilk cəhdi qalmaqala çevrildi. 2021-ci ilin martında Ankoricdə görüşən Amerika və Çin nümayəndə heyətləri dərhal bir-birlərini hər şeydə ittiham etməyə başladılar. Məsələn, ÇXR ABŞ-ı digər ölkələrdə anti-Çin əhval-ruhiyyəsini gücləndirməkdə ittiham edib. Buna cavab olaraq ABŞ dövlət katibi Entoni Blinken çinliləri Sincanda uyğurlara qarşı çoxsaylı insan haqları pozuntularında və Honq-Konqun muxtariyyət qaydalarına hörmət etməməkdə ittiham edib.

2022-ci ildə Çin və ABŞ arasındakı münasibətlər 1990-cı illərdən bəri ən böyük qarşıdurma vəziyyətinə gəldi: lakin iqtisadi deyil, siyasi sahədə.

Tayvan qarşıdurması

Son 40 ildə görünməmiş inflyasiya ilə üzləşən Birləşmiş Ştatlar bütün ziddiyyətlərə baxmayaraq, tariflərin bir hissəsini ləğv etməyi düşünüb. Belə ki, iyunun 19-da ABŞ-ın maliyyə naziri Cenet Yellen deyib ki, departament bəzi tarifləri dəyişdirməyi nəzərdən keçirir, çünki onların bir çoxunun “strateji məqsədi yoxdur”. Bununla belə, ay yarım sonra Tayvan ətrafında daha bir kəskinləşmə səbəbindən belə bir ssenari getdikcə daha az real görünür.

Amerikalıların ada ilə bağlı hərəkətlərindən Çinin qıcıqlanması uzun müddətdir ki, yığılırdı. Pelosinin qalmaqallı səfərindən əvvəl də bu qalmaqalı Baydenin özü qızışdırmışdı. ABŞ-ın regionda əsas müttəfiqi olan Yaponiyaya səfəri zamanı o, Çinin işğalı halında Tayvana kömək edəcəyinə söz verib. Bu ehtimal son vaxtlar mediada fəal şəkildə müzakirə olunur. ÇXR Xarici İşlər Nazirliyinin (XİN) reaksiyası özünü çox gözlətməyib. Nazirlik Çinin heç bir ölkənin daxili işlərinə, o cümlədən Tayvan məsələsinə qarışmasına icazə verməyəcəyini bildirib. Ağ Ev Baydenin sözlərini aydınlaşdırmağa çalışdı və bildirdi ki, Birləşmiş Ştatlar hələ də Pekin hökumətini yeganə legitim kimi tanıyaraq “Vahid Çin Siyasəti”ni dəstəkləyir.

Pelosi eyni sözləri söylədi. Lakin Çin xüsusilə Tayvana səfərinin səbəblərinin sonradan aydınlaşdırılmasını nəzərə alaraq, çox da əmin olmadı. Amerikalı siyasətçi adaya gəldikdən dərhal sonra “The Washington Post” üçün dərc olunan köşə yazısında bildirib ki, onun əsas vəzifəsi ÇXR tərəfindən təhdid edilən Tayvanın demokratiyasına dəstək verməkdir.

Üstəlik, çinliləri təkcə Ağ Evin siyasi jestləri deyil, həm də adaya Amerika silahlarının tədarükünün artması narahat edir. İyulun ortalarında ABŞ Dövlət Departamenti Tayvana təxminən 108 milyon dollar dəyərində potensial hərbi texniki yardımın satışını təsdiqləyib və Pelosinin adaya səfərindən bir neçə gün əvvəl məlum olub ki, respublikaçılar bu barədə qanun layihəsi təqdim etməyə hazırlaşırlar.

“Mövcud reallıqlarda Çin məhsullarına tətbiq edilən tariflərin bir hissəsinin götürülməsi təkcə xoşməramlılıq jesti deyil, həm də potensial olaraq Amerika istehlakçılarının həyatını asanlaşdıra bilər. Bununla belə, Bayden administrasiyası bunu "belə" edə bilməz və Çin Xalq Respublikasından bəzi güzəştlər müqabilində tariflərin ləğvini "satmalıdır" dedi” – ekspert Aleksandr Lomanov deyib.

Bundan əlavə, ABŞ Konqresinə yaxınlaşan ara seçkilər, ekspertin fikrincə, rəqabətə çevrilən, rəqabət aparan partiyalardan hansının daha sərt anti-Çin mövqeyi tutması Ağ Evin belə bir mövqe tutmasına imkan verməyəcək.

“Eyni zamanda, Çinin Pelosinin səfərinə kifayət qədər sərt reaksiya verməməsi, məsələn, xüsusi təyyarəsini qırıcıların müşayiəti üçün götürməməsi və şəbəkədə və mediada irəli sürdüyü kimi, onun qarşısına raket atmaması faktı ola bilməz. ABŞ-ın qələbəsi adlandırıla bilər. Əsl qələbə yaxşı qarşılıqlı anlaşmanın yaradılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi olardı ki, bu zaman heç kim onun kürəyindən bıçaqlanacağından qorxmasın", - Lomanov hesab edir.

Pelosinin Tayvana səfəri ABŞ və Çin arasındakı münasibətlərdə yeni bir mərhələ oldu. ABŞ-da mahiyyətcə üçüncü şəxs olan siyasətçinin addımına nəzər salan çinlilər başa düşdülər ki, müasir Amerika rəhbərliyi öz ani daxili siyasi ehtiyaclarını onilliklər ərzində formalaşmış “qırmızı xətlər”dən üstün tutur. Hətta bu mərhələdə Çin Pelosinin demarşını udduğu görünsə də, onun təyyarəsini vurmadığı üçün bu, aldadıcıdır. Çin uzun müddət bu kini saxlayacaq və çətin ki, qlobal iqtisadi böhran kontekstində xüsusilə dağıdıcı ola biləcək ticarət müharibəsinin “baltasını” basdırmağa asanlıqla razılaşsın.

Müəllif: Turan Abdulla
 
 

Ardını oxu...
Ötən gün Fələstinlə İsrail arasında gərginlik yenidən alovlanıb. Fələstin tərəfinin açıqlamalarına görə, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər ölüb. İsrail tərəfi isə hava zərbələrinin HƏMAS təşkilatının raket hücumlarına cavab olaraq gerçəkləşdirildiyini qeyd edib. Bir sözlə, Yaxın Şərqin yüz ildir səngimək bilməyən problemi davam etməkdədir. Bəs onun həlli yolu nədədir?

Mövzu barədə Oxu.Az-a açıqlama verən Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu bildirib ki, Fələstin-İsrail münaqişəsi son yüz ilin ən dərin münaqişəsi hesab olunur:


“Bu münaqişə iki dövlətli həll yolu ilə səngiyə bilər. Dünyanın aparıcı dövlətləri və BMT-nin tələbi də budur ki, İsrail dövləti 1967-ci ildə altı günlük müharibədən əvvəlki sərhədlərə geri dönsün və Fələstin dövləti yaradılsın. Bununla bağlı BMT-nin 1947-ci il qərarı var. Həmin qərara əsasən, bu torpaqların 50 faizindən bir qədər az hissəsində ərəb dövləti, 50 faizdən bir qədər çox hissəsində İsrail dövləti yaradılmalı idi. Tarixdəki bir sıra hadisələr səbəbindən İsrail dövləti yaradılsa da, ərəb dövləti yaradıla bilmədi. Burada, təbii ki, ərəblərin tədbirsizliyi, siyasi cəhətdən laqeydlik, vəziyyəti düzgün qiymətləndirməmələri, həmçinin ərəb dövlətlərinin sözügedən problemə öz maraqları nöqteyi-nəzərindən yanaşması ərəb dövlətinin yaradıla bilməməsinin əsas səbəblərindən hesab edilə bilər”.

Ekspert qeyd edib ki, hazırkı şərtlərdə burada müdafiə zolağının yaradılması mümkün deyil:

“İki ölkə arasında sərhədlər çox qarışıqdır. Bunun üçün İsrail 1967-ci il sərhədlərinə geri dönməlidir. Hansı ki, BMT-nin bununla bağlı qərarı var. İsrailin ən böyük siyasi dəstəkçilərindən olsa da, bu tezisi ABŞ da dəstəkləyir. Lakin İsrail bu məsələdə güzəştə getmək istəmir”.

K.Rövşənoğlu vurğulayıb ki, problemin köklü həlli üçün hər iki tərəf güzəştə getməyə hazır olmalıdır:

“Məsələn, Fələstində əksəriyyət İsraili işğalçı hesab edir və ərazi iddiaları irəli sürür. İsrail tərəfi isə bəyan edir ki, bura bizim tarixi torpaqlarımızdır və burada ərəb dövləti olmasın, necə ki, yoxdur.

Fikrimcə, hər iki tərəf kompromisə getməlidir və dünyanın da tələbi budur. Bu, BMT-nin yaranmasından bu günə kimi davam edən problemdir və hələ də öz həllini tapa bilmir”.
Ardını oxu...
Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır

Londondakı səfirliyimizi ələ keçirən “Mehdinin nökərləri”nin hərəkətləri o gündən bəri təkrar-təkrar gözümün qabağında canlanır. “Şər deməsən, xeyir gəlməz”, bəzən qarabasma da olur – səfirlik binası yerinə bizim Prezident Aparatı, Milli Məclis görünür. Mənzərədən ətim ürpəşir.

İki gün gözlədim, emosiyalar bir az soyuyar, bəlkə təxribatın arxasında hansı qüvvənin durduğu, məqsədinin nə olduğu barədə aydınlıq yaranar deyə. Aydınlıq yaranmasa da indi soyuq başla düşünmək olur. İndi soyuq başla düşünürsən: bəlkə heç deyildiyi kimi deyil, o hadisənin ölkəmizin imicinə mənfi yox, müsbət təsiri var? Azərbaycanda mövcud sekulyar avtoritarizmin alternativinin radikal islamın ola biləcəyi mesaj verilir? Ölkənin şəriət qanunları ilə idarə olunmasını istəyən siyasi islamla mübarizəyə zəmin yaratmaq – beynəlxalq ictimai rəy hazırlamaq üçün təşkil olunub? Belə deyilsə, olay yeri niyə hakimiyyətimizin ən böyük xarici dəstəkçisi olan BP kimi nəhəng gücün vətəni seçilib? London polisi bir ölkə səfirliyinin dağıdılmasına niyə 2 saat qıraqdan durub tamaşa edib?

Siyasətdən, özü də beynəlxalq siyasətdən başım çıxmadığına görə cavablarla işim yoxdur, köhnə jurnalist kimi mənim işim suallarladır.

Dövlətçiliyimizə xarici təhlükə öz yerində, bu, həmişə olub, olacaq! İstər yaxın qonşu, istər uzaq dost bildiyin ölkə olsun. Məni toplumun cəhalət qarşısında immunitetinin ilbəil zəifləməsi narahat edir.

“Mehdinin nökərləri”nin başçısı Qumda təhsil alanlardanmış. Qum dini təhsil mərkəzinin dövlətimiz üçün nə qədər təhdid mənbəyi olduğunu bilənlər bilir. Odur ki, məni daha çox qayğılandıran özünü ölkəmizdəki Mehdi, Zeynəb “nökərləri” kimi aparanlar və onların dinlə pərdələnmiş siyasi məramlarını anlamayan məsum mömin kütlədir. Aşağıda hələ 7 il qabaq yazdığım “Əmmaməli gələcək” yazısından bir parça bölüşürəm:

“Evindəki televizoru “haramdı” deyib çölə atan bir qohumum övladının toyuna çağıranda getmədim. Musiqi, çalıb-oynamaq necə haram ola bilər? Sualıma ağlabatan cavab verə bilməmişdi.

Qonum-qonşuda, qohum-əqrəbada neçə qız-gəlini çarşabda görüb indi tanıyı bilmirəm.

20 ildi Qarabağdan qaçqın düşüb hələ də sərgərdan həyat yaşayan bir tanışımın bankdan kredit götürüb Məkkə ziyarətgahına getdiyini eşidəndə dərin kədərə daldım.

“İslamçılara qoşulan oğlum deyir ki, içki içdiyinə görə səni öldürsəm, qanın mənə halaldı”. Bunu bir soydaşımız başılovlu danışırdı. Oğlunu Avropaya xoşbəxtlik dalınca gətirmişdi, dini fanatizmin qurbanı olduğundan gec xəbər tutub.

“Əli və Nino” romanında məni təsirləndirən səhnələrdən biri də Aşura günü Əlinin sinə döyüb, baş yaran kütləyə qoşulması, ələlxüsus da bu səhnəni Ninonun görməsidir!

İndi Ninoları olmayan nə qədər Əliləri kütlə havasına xürafat izdihamına qoşulan görürəm.

Sekulyar avtoritarizm quruculuğunda tər tökmüşlərdən, məsələn, Zahid Oruc parlament seçkisinə indi dini şüarlarla gedir: “Dində mübarək Oruc, namizəddə Zahid Oruc”, “Sizə vəkil olmaq Allaha ibadət qədər gözəldir”.

Buyurun, gəlib çatdıq!

Bu gün parlamentin qapısını “döyən” şüar, sabah prezident kürsüsünə yol alacaq, birisi gün də konstitusiyaya dəyişiklik referendumu keçirəcək. Küçələrə axışıb inqilab bağırtısına dönəcəyini demirəm heç! Qorxumdan!”

Cəhalət qaranlığının sərhədlərinin indi nə qədər böyüdüyünü özünüz də təsəvvür edə bilərsiniz. Yazının linkini şərhə qoyacam, istirahət günüdür, vaxt edib oxuyarsınız.

Sözümün canı nədir?

Dövlətin vəzifəsi cəhalətə meydan açan təhsilsizliyə, savadsızlığa qarşı mübarizə aparmaqdır, təhsili bərbəd günə qoymaq deyil. Dövləti idarə edənlər, nəhayət, anlamalıdırlar ki, Azərbaycan reallığında demokratik, sekulyar dəyərlərin daşıyıcısı olan kəsimi ictimai-siyasi həyatın künc-bucağına sıxışdırmaq meydanı dini radikallara vermək deməkdir.

Meşşan həyatın gözünü pərdələdiyi iqtidarla, hakimiyyətə gəlmək üçün “şeytanla” (dini şarlatanlarla) belə əməkdaşlığa hazır müxalifətlə ölkəni sarmaqda olan dini cəhalətin üstünə getmək nə qədər effektlidir, ümidvericidir, açığı bilmirəm. Mənə görə hər iki zümrənin fövqündə durası ziyalı – düşünən və düşündürən vətəndaşlar – təbəqəsinin nazilib-süzülüb yox olma həddinə çatması da bir başqa qorxunc mənzərədir.

Amma yenə ümidliyəm! Əminəm ki, gözümə səfirlik binası yerinə Prezident Aparatının, Milli Məclisin görünməsi halüsinasiyadan başqa bir şey deyil! Ümid edirəm ki, London olayını bir siqnal kimi qəbul edəcəyik; iqtidarlı, müxalifətli, xalqlı dini fanatizmi dövlətçiliyə təhlükələr sırasında görüb, ondan merkantil maraqlar üçün istifadə yox, ona qarşı ciddi mübarizə – maarifçi mübarizəyə başlayacağıq.

Viktor Hüqo “Səfillər” romanında yazırdı: “Cahillərə bacardığınızı öyrədin. Onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır”.

Azad, ədalətli, sekulyar Azərbaycan ümidiylə…
Vahid Qazi
 
 

Ardını oxu...
Mirzə AĞ
Yaddaşı yerndə olan Azərbaycan insanları xatırlayırlar ki, bir müddət əvvəl Yevlax rayonundakı Sahib Alıyev adına orta məktəbin riyaziyyat müəlliməsi Nailə Babayevanın 6-cı sinif şagirdlərinə «Fərmandeh» mərsiyəsi öyrətdiyi barədə informasiya yayılmışdı.

İnformasiyada deyilirdi ki, bu müəllimə (əslində nadan-şarlatan-casus) öyrətiyi mərsiyədə (bundan da axmaq fəaliyyət olarmı? - mərsiyə oxumaq!) uşaqlara deyirmiş ki, Mehdi əz-Zaman (rəvayətə görə, qeyb etmiş imam) gələcək və guya Azərbaycanda şiələrin qətliamı gözlənilir - guya Türkiyə, İsrail (?-M.A.) Azərbaycandakı şiələri qətliam edəcəklər. Və mərsiyənin bir neçə yerində Nailə müəllimə (İran casusu!) Mehdi əz-Zaman əvəzinə, ayətullah Xameneinin adını çəkirmiş. Guya Xamenei «fərmandehdir» və gəlib Azərbaycanda şiələri xilas edəcək və s.

Əvvəla, qeyd etmək istəyirəm ki, Xameneinin fərmandeh olub-olmaması barədə konkret fikir söyləməkdən uzağam, nədən ki, bu molla başqa dövlətin (İran-Vartan Respublikasının!) vətəndaşıdır, dövlətin özü isə teokratikdir. Amma bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Xameneinin fərmandeh olmasının və Azərbaycana nə məqsədlə gələcəyinin səbəbləri barədə Nailə müəllimədən mütləq soruşmaq lazım gələcək. Nədən ki, son bir neçə gün ərzində yerli KİV-in yaydığı məlumatlardan görünür ki, Nailə müəllimənin elən etdiyi və həsrətlə gözlədiyi «Mehdi»lər gəliblər, fəqət onlar əz-zaman (fərmandeh) yox, əslində, terrorçu, dələduz və şarlatan çıxıblar. Hesab edirəm ki, bu barədə də Nailədən soruşmaq lazım gələcək.

Mən isə “mehdilərin” təşrifini sıralamaq istəyirəm. Ondan başlamaq istəyirəm ki, bu günlərdə Bakıda özünü Mehdi-əz-Zaman adlandıran Aqil adlı şiə sadəlövh vətəndaşları aldadaraq, onların milyonlarla pulunu mənimsəyibmiş! Bu da olurmuş şiə əz-zamanlığı - TFU!
Ətraflı

Başqa bir informasiyada isə deyilir ki, «pətəyi» İranda yerləşən şiə dairələri Azərbaycan hakimiyyətindən «narazılıq» ediblər ki, Azərbaycan dövləti bu ölkədə məhərrəmlik (Aşura) mərasimlərinin keçirilməsinə mane olur. Sən demə, onlar əslində Azərbaycanda dini dövlət elan etməyi arzulayırmışlar. Çox şükür ki, mümkün deyil və əslində sarsaq fırıldaqdır. Məlum olduğu kimi, Azərbaycanda müasir demokratik dünyada olduğu kimi, din dövlətdən ayrıdır, həm də insanların dini etiqad inancları dövlətin qanunları ilə qorunur. Bundan artığı isə Azərbaycanda heç kimə lazım deyil. Digər tərəfdən, Azərbaycanda heç kim məhərrəmlik mərasimlərinin əleyhinə deyil, amma hər şey qanun çərçivəsində və qədərində olmalıdır. Təəssüf ki, bir sıra fırıldaqçı ünsürlər din pərdəsi altında cinayətkar fəaliyyətlə, şarlatanlıqla gəlir əldə etmək yolunu tutublar. Məsələn, Aşura günü «Qasım otağı» bəzəmək və yuxarısında pul tullamaq üçün «deşik açmaq». Axı, kütlə heç bilmir ki, Qasım kimdir və nə üçün ona otaq bəzəyib, şəbih çıxarırlar? Bilənlər də bu fəaliyyətə istehza etməkdən çəkinmirlər. Belə ki, insanların bir çoxu 3-cü 4-cü, 5-ci babasının, nənəsinin adını bilmir, bəziləri isə heç valideynlərinin təvvəlüdünü, vəfat etmə tarixini unudublar. Belədə, 7-ci əsrdə bir dəstə ərəbin bir qrup ərəbi qətlə yetirməsinin bizlərə nə dəxli olduğunu anlamaqda çətinlik çəkirəm.

Əslində, məsələ belə olub ki, 7-ci əsrdə İslam dünyasında misli görünməmiş hadisə baş verib - xəlifə Yezidin bir qrup tərəfdarı hakimiyyət (xəlifəlik) uğrunda mübarizə səbəbilə İslam peyğəmbəri həzrəti Mühəmmədin nəvəsi, imam həzrət Əlinin oğlu Hüseyni və ailəsini Kərbəla çölündə qətlə yetirib. Beləliklə, öldürən ərəb, ölən ərəb, bəs bizlərə nə düşüb ki, özümüzü cırırıq? Psevdo-Mehdi kimi, Nailə kimi fırıldaqçılar da baxıb, gülməkdən uğunub gedirlər.

Müqayisə üçün bildirmək yerinə düşər ki, xristian inancına görə, xilaskar İsa (İsus Xristos) peyğəmbəri də əleyhdarları çarmıxa çəkməklə, qətlə yetiriblər, amma hər il bu hadisənin yubileyində, xristianlar bayram edir, yumurta boyayıb, yeyib-içir və bir-birini tərik edir, «Xristos voskres» (İsa dirilib) deyib də bir-birini öpürlər, vəssalam! Guya, xristianlar İsa peyğəmbəti şiələrin Hüseyni sevdiyindən az sevirlər?

Növbəti xəbərin üzərində dayanmağa dəyər. Londonda Azərbaycan səfirliyinə edilən barbar hücumun arxasında da şiə dairələrinin (fərmandehin) dayandığı şəbhə doğurmur. Bütün bunlar göstərir ki, «pətəyi» İranda olan şiə dairələri ölkəmizdə dərindən-dərin kök salıb, casus şəbəkəsi qurub, anti-Azərbaycan, anti-türk təbliğatı aparırlar.

Bax, buna qarşı amansız, barışmaz ümumxalq mübarizəsinə qalxmaq, bu məsələdə Azərbaycan dövlətinə yardımçı olmaq lazımdır. Bilmək lazımdır ki, zəif hakimiyyət, zəif dövlət miskin-yoxsul vətəndaş deməkdir. Güclü Azrbaycan yolunda hər kəsə uğur, qətiyyət, ardıcıllıq, millətə isə sıx birlik arzulayırıq - YOLUMUZ İŞIQLI OLSUN!
Azpolitika
 
Ardını oxu...
Şiə radikalları Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə basqın etməklə Azərbaycanda dini əhval-ruhiyyə yaratmaq istəsələr də, cəmiyyətdə bunun əksi oldu.

Axar.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev paylaşıb.

“Sosial şəbəkələrdən gələn reaksiyalara əsasən, demək olar ki, Azərbaycan bayrağının yerə atılmasına görə insanlar hiddətlənib (bu onu göstərir ki, bu əməli edən insanların Azərbaycana heç bir siyasi, emosional və ya hər hansı bağlılığı yoxdur). Belə ki, bu, ictimaiyyəti sekulyar dövlətçilik, ölkə bayrağına, tarixə və ənənələrə sədaqət ideyası ətrafında səfərbər edib”.
 
Ardını oxu...
“Artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır”.

Teref.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycanın işğalda olan ərazilərini azad etməsi regionda yeni geosiyasi nizamın əsasını qoydu. İranın bu nizam və Azərbaycana qarşı aqressiv siyasəti nəticə vermədi, Tehran artıq yeni reallıqlarla barışmağa başlayıb. İranın aqressiv və hədələyici tonlarına baxmayaraq, Azərbayan prinsipial mövqeyindən geri çəkilmir və regional siyasətini uğurla davam etdirir.

İran Azərbaycana qarşı bütün “kart”larnı açıq şəkildə ortya qoydu, amma bu gedişi də nəticəsiz qaldı. İran qonşuluq prinsipləri və əxlaqına zidd olaraq öz xarici siyasətində Azərbaycana qarşı düşmən mövqeyində dayanır. Amma artıq Azərbaycan regional siyasətə yön verən, bölgə üçün nəzərdə tutulmuş nəhəng geosiyasi layihələrə təsir edə bilən dövlətdir”.

Məhəmməd Əsədullazadə Azərbaycanın İsraildə səfirlik açmasının vaxtının çatdığını söyləyib:

“Hesab edirəm ki, artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır. İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. İranın son davaranışlarından məlum oldu ki, o, heç bir dildən anlamır. Üstəgəl, Tehran Azərbaycana qarşı olan aqressiv münasibətini sərgiləmək üçün İsraildən bəhanə olaraq istifadə edir.

İsrail bu gün müsəlman və ya ərəb ölkələri ilə əlaqələrini normallaşdırır, onlarla hərbi-siyasi sahələrdə əməkdaşlıq qurur. Buna görə də Azərbaycanın İsraildə səfrilik açması üçün heç bir problem yoxdur. Onsuz da bu qərarımıza kimsə nəsə deyə bilməz, müstəqil ölkəyik və istədiyimiz xətti seçmək bizim hüququmuzdur.

Qənaətimə görə, hətta İsraillə Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsi də imzalamaq olar. İsrail də Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır”. /Yenisabah.az/
 
 
 

Dünyapress TV

Xəbər lenti