Ardını oxu...
Rusiyada tanınmış ultrasağçı filosof və Ukrayna ilə müharibənın ideoloqu Aleksandr Duqinin qızı, təbliğatçı Darya Duqinanın məhz kim tərəfindən öldürülməsi mövzusunda spekulyasiyalar davam edir. Həmçinin sui-qəsdin əsas hədəfinin kim – Daryanın özü, yoxsa atasının olmasına dair müxtəlif versiyalar var. Bazar ertəsi səhər FTX-nin rəsmi versiyasına görə, hədəf məhz Duqinin qızı olub və “cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib”. Çekistlərin versiyasına görə, onun icraçısı Ukrayna vətəndaşı Natalya Vovkdur, o, qətldən sonra Estoniyada gizlənib.

Versiya bolluğu

FTX-nin versiyasına görə, qadın iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya daxil olub. Moskvada Daryanın yaşadığı binada mənzil kirayələyib və qətl günü qızı ilə birlikdə “Ənənə” festivalına gedib. Bundan sonra sui-qəsd baş verib. Sonra qadın tələsik Rusiyanı tərk edib. Rusiya mətbuatı da iddia edir ki, Vovk Ukrayna Silahlı Qüvvələrində, hətta “Azov” alayında xidmət edib. “Azov” özü bu iddiaları təkzib edir.

Krımın anneksiyasından keçən 8 il ərzində Rusiya güc qurumlarının işğala qarşı çıxan Krım tatarlarına və yarımadanın digər dinc sakinlərinə qarşı repressiyalara haqq qazandırmaq üçün “Krım təxribatçıları” haqqında miflər yaratdığını nəzərə alsaq, FTX-nin hər hansı məlumatna nə dərəcədə inanmaq olar? Lakin indiki halda söhbət uydurma yox, real qətldən gedir.

Maraqlıdır ki, rəsmi versiyanın ortaya çıxdığı ərəfədə Duqinə qarşı sui-qəsdə və onun qızının ölümünə görə məsuliyyəti özünü Rusiyanın yeni partizan hərəkatı elan edən Milli Respublika Ordusu öz üzərinə götürüb. Hərəkat Vladimir Putini “hakimiyyətin qəsbkarı və hərbi cinayətkar”, rusiyalı məmurları və onlarla əlaqəli olan biznesmenləri, güc qüvvələrini məhv edilməli olan qəsbkarın əlaltıları elan edib. Kiyevdə yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryov bildirib ki, bu partizan təşkilatının fəalları sui-qəsddən öncə onunla əlaqə saxlayıblar.

Eyni zamanda, bir sıra ukraynalı və rusiyalı şərhçilər konspiroloji versiya irəli sürüblər ki, FTX Rusiyada repressiyaları əsaslandırmaq, ya da əksinə, terror yolu ilə ölkədə çevriliş təşkil etmək üçün özü Duqini aradan götürməyə çalışıb. Bu versiya ilə Rusiya təbliğatçıları da çıxış edirlər. Belə ki, keçmiş casus Andrey Bezrukov bildirir ki, Duqinanın qətlinin arxasında Britaniya xüsusi xidmət orqanları dayanır və onların razılığı olmadan “ukraynalılar” Podmoskovyedə terror aktını təşkil etməyə heç vaxt cəsarət etməzdilər. Bununla əlaqədar o, Şimali Koreyadan nümunə götürərək nüvə şantajını gücləndirməyə çağırır.

FTX üçün problem

Əslində, Darya Duqinanın ölümündə kimin əlinin olmasını demək kifayət qədər çətindir – xüsusilə nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna təkcə birbaşa silahlı qarşıdurmaya yox, həm də amansız informasiya müharibəsinə cəlb olunublar. Ancaq mənə elə gəlir ki, “FTX-nin yaratdığı müqəddəs qurban” haqqında versiya az ağlabatandır.

Əvvəla, repressiyaya bəraət qazandırmaq üçün Rusiya xüsusi xidmət orqanlarının bu cür əməliyyat keçirməsinə ehtiyac yoxdur. Rusiyada “feyklər” haqda yeni qanunların əsasında rus ordusuna qarşı repressiyalar həyata keçirilir və görünür, sosial şəbəkələrin monitorinqi texnologiyaları təkmilləşdikcə onlar daha da kütləvi hal alacaq. Bundan əlavə, artıq qeyd edildiyi kimi, tammiqyaslı hərbi təcavüzün başlanmasından xeyli əvvəl “ukraynalı diversantlar” haqqında ortaya çıxan çoxsaylı “feyklər” göstərir ki, FTX-ya repressiyalar üçün bəhanə yaratmaq lazım olduğunda, son illər o, terror aktlarının qarşısının uğurla alınması illüziyasını yaratmağa üstünlük verir.

İndiki halda, qətlin Podmoskovyedə, rusiyalı məmurların iqamətgahlarına yaxın baş verməsi faktının özü FTX-nin uğursuzluğundan başqa bir şey deyil. Uğurlu sui-qəsd onların gücsüzlüyünün göstəricisi oldu, deməli, qaçılmaz olaraq cəmiyyətdə panik əhval-ruhiyyənin artmasına gətirib çıxaracaq ki, bu da hakimiyyətə qətiyyən lazım deyil. Bundan əlavə, düşmənin istənilən uğurlu əməliyyatı dərhal təqlidçi kütləsi yaradır və digər adamları da mübarizəyə ruhlandırır. Ən azı son 10 ildə xüsusi xidmət orqanlarının terrorla mübarizə bölməsinin əsasən fərqli düşünənlərlə haqq-hesab çəkməklə məşğul olduğunu və əsl terrora qarşı mübarizə vərdişlərini itirdiyini nəzərə alsaq, belə versiya FTX üçün arzuolunmazdır.

Müharibə Rusiya ərazisinə keçir

Rusiya hakimiyyəti daxilində gizli qrupun bu şəkildə fəaliyyət göstərməsinə dair versiyanı da inandırıcı hesab etmirəm. Əvvəla, Rusiya güc strukturları Putin rejiminin iflasını şəxsən özləri üçün təhlükə hesab edirlər. Çünki belə olduğu halda, öz cinayətlərinə görə cavab verməli olacaqlar. İkincisi, əgər hakimiyyət daxilində belə bir qrup olsaydı, o, daha ciddi fiqurların aradan götürülməsilə məşğul olardı. Darya Duqinanın və atasının məhv edilməsi üçün belə bir qrupun heç bir mənası yoxdur. Bundan əlavə, bu sui-qəsddən sonra həyata keçiriləcək əks-terror tədbirləri daha ciddi aksiyaları qeyri-mümkün edəcək.

“Ukrayna izi”nə gəlincə, aydındır ki, müharibə şəraitində heç nəyi istisna etmək olmaz. Həm Darya, həm də atası Ukraynaya hücumun fəal təbliğatçıları və ideoloqları olublar. Tamamilə mümkündür ki, məhz onların “öldürmək” çağırışları öz təcəssümünü bu cür tapıb.

Lakin mənim fikrimcə, bu cür peşəkar işi yerlərdə yaxşı agentura şəbəkəsi olmadan kənardan gələn adamlar həyata keçirə bizməzdi. Odur ki, yeni yaranan partizan hərəkatı haqda versiyanı tamamilə real hesab edirəm.

Bu yerdə rusiyalılar tərəfindən hərbi komissarlıqların və çağırış məntəqələrinin yandırılmasını yada salmaq olar. Dolayı məlumatlara görə, Rusiyada kifayət qədər çox sayda adam əslində müharibəyə qarşı çıxır, rusiyalıların əsas kütləsi müharibəni görməməyə və “əvvəlki kimi” yaşamağa çalışır, konformizmdən irəli gələrək hakimiyyəti dəstəkləyir. Belə atmosferdə bu cür qorxutma aksiyaları təbliğatçıların arzuladığı kimi “əhalinin birliyi”nə yox, indiki vəziyyətdə Kremlin əleyhinə işləyən təşvişin səviyyəsinin artmasına gətirib çıxaracaq.

Kseniya Kirillova
Center for European Policy Analysis (CEPA) və Jamestown Foundation eksperti, ABŞ

Mənbə: Turan.az
 
Ardını oxu...
Son zamanlarda Azərbaycanda şortik geyinən şəxslərə qarşı aqressiyanın şahidi oluruq. Bu mənfi tendensiya bölgələrdə özünü daha sıx göstərir.

Öncə Qusarda, iki gün əvvəl isə İsmayıllıda yerli əhali ilə turistlər arasında insidentin baş verməsi də bunu göstərir. Buna səbəb nədir? İnsanlar şortik geyinənlərə qarşı niyə belə qəzəblidirlər?

Mövzu haqda “Yeni Sabah”a danışan tanınmış psixoloq Vəfa Rəşidova bildirib ki, bu aqressiya eqoistlikdən və bir az da daxili kompleksdən qaynaqlanır:

“Əgər hansısa bir kişinin həyatında, ailə modelində şortik geyinmək yoxdursa və bu da onu həyata keçirmək istəyir, amma o ailənin basqısından edə bilmirsə, edə bilənlərə bu şəkildə savaş açacaq. Bu gün insanlar ixtiralar edir. Camaat kosmosa uçur, yeniliklər edir, amma biz gör nə qədər cılız mövzuların üzərində işləyirik ki, şortiki mövzu eləmişik. Şortik geyinən adam bunu geyinib ofisə gələrsə müdiriyyət bunu haradasa müzakirə edə bilər, bu onun kriteriyasına uyğun olmaya bilər. Ancaq bu adam istirahətdədir”.

Psixoloqun sözlərinə görə, geyim tərzinə görə təhqir edən insanların əksəriyyəti həyatda uğur əldə etməmiş insanlardır:

“Bu insanlardan soruşmaq lazımdır ki, sən nə isə ixtira etmisən? Və ya sən hansısa bir uğura çatmısan ki, hələ bir kiminsə həyatını müzakirə edə bilirsən? İnsanlar sual edə bilər ki, bəs geyimlə uğurun nə əlaqəsi var? Əlaqəsi çoxdur. Dünya görüşlü, uğurlu, nailiyyət edən insan heç vaxt cılız mövzulara qarışmaz. Bu o demək deyil ki, şortik geyinən insanın nə isə bir çatışmazlığı və ya əksikliyi var.

Biz nəyə görə o düşüncəni çıxarırıq ki, şortik geyinən insan pis insandır. Bu qəlib bir düşüncədir, atıblar ortaya kimə nə sərf edir, onu da təbliğ edirlər. Yəni bir insan həyatında kompleksdən azad olmayıbsa, mütləq şəkildə azad olmaq üçün çalışmalıdır. Sən özün yaşaya bilmirsənsə, qoy digər insanlar yaşasın. Heç olmasa sən də öyrən, sən də o qəlibdən çıx.

21-ci əsrdə yaşayırıq, bu əsrdə insanlar şeirlər yazır, hər cür ixtiralar edir, amma biz hələdə şortikin üstündə qırğın edirik. O qədər məsələlər var ki, müzakirə olunası... Onları müzakirə edib çox şeyi yoluna qoya bilərik. Amma əsas məsəslələr qalıb bir kənarda, qeyri-əsaslardan yapışıb insanlar. İnsanlarımızda, xüsusən də, son zamanlarda empatiya hissi demək olar ki, sıfıra enib”.

Psixoloq kitab oxumağın önəmini vurğulayaraq insanları mütaliəyə səsləyib:

“Artıq insanlar özləri də öz həyatlarını yoluna qoya bilmirlər deyə başqa insanların həyatlarına müdaxilə etməklə təmin olurlar. Azərbaycanın hansısa kitab-dəftərdə yazılmamış qanunları var ki, bunlar yayılıb artıq və sanki bir növ canımıza hopub. “O olmaz, bu ayıbdır, bunu etsəm, belə deyilər”. Ona görə də, uğur qazanan insanlar azdır cəmiyyətdə.

İnsanları uşaq yaşlarından o qədər çox çərçivəyə salırlar ki... 35-40 yaşlarında bir kişi digər bir kişiyə şortikinə görə nə isə deyirsə, bu onda uşaqlıqdan gələn kompleksidir. Dedikləri sözlər də əzbərlənmiş sözlərdir. O insanları oturdub iki dəqiqəlik azadlıq versək başlayacaq şortik geyinən insandan dəfələrlə çox azad davranmağa, daha rahat hiss etməyə. Bəzən deyirlər bu əsr narkomaniyanın əsridir. Xeyr, bu əsr narsizm əsridir. Və biz də narsistərin dövründə yaşayırıq. Yəni, hər kəs mənim kimi düşünməlidir, mənim bildiyim doğrudur, mənim kimi geyinməlidir, doğru olan budur”.

Məsələyə hüquqi yöndən yanaşan vəkil Ruslan Müzəffərli “Yeni Sabah”a açıqlamasında qanunda şortik geyinməklə bağlı heç bir qadağa olmadığını deyib:

“Hətta heç dövlət orqanlarında da dresskodla bağlı qaydalar yoxdur. Sadəcə ümumi olaraq qəbul edilmiş bir şey var ki, vətəndaşlar, məsələn, məhkəməyə gedən zaman, hansısa dövlət orqanına və yaxud hansısa iş görüşməsinə gedən zaman normal olaraq, o situasiyaya uyğun geyim geyinirlər. Amma istirahət zonasında ümumiyyətlə belə bir tələbin kimlər tərəfindənsə edilməsi düzgün deyil. Hesab edirəm ki, heç mənəvi cəhətdən də elə bir tələbin irəli sürülməsi düzgün deyil.”

Geyim məsələlərinə ciddi yanaşılmamalı olduğunu deyən vəkil bu halların az-az yaşandığını deyib:

“Zənnimcə, məlum videodakı turistlərin geyimləri aşırı formada deyil, normal şəhərdə, parkda, çöldə-bayırda geyinilən geyimlərdir. Buna görə də, kənd camaatının o cürə yanaşması başadüşülən deyil. Mən düşünürəm ki, bu təkrarlanan, hər yerdə baş verən fakt deyil, bir dənə İsmayıllıda baş verib.

Geyimə məhdudiyyətlə bağlı və ya hansısa formanın müəyyən edilməsi ilə bağlı bir qanun yoxdur. Hətta bu gün məkətblərdə formalar tələb olunsa da, bu da əslində qaydalardan kənar bir məsələdir. Məktəblərin özlərinin seçimi üzərindədir. Nizam intizamın yaradılması yönündə bir tədbirdir əslində. Psixoloji bir yanaşmadır ki, şagirdlər özlərini daha məktəbəuyğun hesab edəcəklər”.
 
 
 
Ardını oxu...
İranın Azərbaycandakı keçmiş səfiri Zəngəzur dəhlizi ilə bağlı cəfəng fikirlər səsləndirib. İrandan idarə olunan “Nardaran 313" (?! - red.) Telegram kanalı Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib. “Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin.

Amma bu fikirlər indiki beynəlxalq sistemdə yuxu kimi bir şeydir, xüsusən də İran kimi bir ölkə üçün. Mənfi addımlar baha başa gəlir və istənilən nəticəni vermir. Nüvə sazişinin bərpası uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu yöndə belə planlardan istifadə etmək olar", - keçmiş səfir bildirib.

Bəs görəsən soy-kökü azərbaycanlı-türk olan sabiq səfir nədən “erməni ağzı” ilə danışmağa başlayıb? Özü də daxil olmaqla, güneylilər İranın tərkibində ağ günəmi çıxıb, hələ üstəlik, Şimali Azərbaycan da İrana birləşsin? Bu kölə təfəkkürünün sirri nədədir? Axı Süleymani indi heç rəsmi vəzifə də tutmur. Teref.az-ın məlumatına görə, Elçibəy İnstitutunun rəhbəri, siyasi şərhçi Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin bu açıqlaması bir neçə gün öncə səsləndirilib və Azərbaycanda haqlı narazılığa səbəb olub. Əfşar Süleymani səfir Bakıda fəaliyyət göstərərkən adı müxtəlif qalmaqallarda, o cümlədən adı müxtəlif məişət məsələlərində hallanan, qeyri-etik hərəkətləri ilə gündəmə gələn birisi olub. İndi belə bir keçmişi olan sabiq səfir Azərbaycana dil uzadır və Azərbaycana faktiki olaraq ərazi iddiaları irəli sürür: “Bu cür adamlar anlamalıdır ki, müasir dünyamızda tarixi torpaqlar məsələsi manipulyasiya etmək heç də faydalı bir fəaliyyət növü deyil. Bu gün Ukraynaya da qarşı məhz Rusiya tərəfindən başlanan savaşın kökündə dayanan məsələ məhz tarixi torpaqlar iddiası və davasıdır. Bu baxımdan da keçmiş İran səfiri bu məsələləri də diqqətə almalıdır və başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir, onun ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb. O cümlədən Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıdığını bəyan edən ölkələrdən biri də İrandır. Hesab edirəm ki, Əfşar Süleymani hazırda səfir olmasa da onun verdiyi açıqlamadakı fikir əslində İranın rəsmi siyasətidir. Sabiq səfir bu fikirləri məhz İranın həmin siyasətini bildiyi üçün dilə gətirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri İranın siyasəti əslində aşkarda olmasa da arxa planda Azərbaycanın müstəqlliyini və dövlət mövcudiyyətini qəbul etməmək üzərində qurulub. Onlar hər zaman Azərbaycan dövlətinin baş tutmaması üçün əllərindən gələn fəaliyyəti göstəriblər. Biz Qarabağ savaşı başlanandan İranın Ermənistana verdiyi dəstəyi bilirik və 2020-ci ildə 44 günlük müharibədən sonra İranın bu məsələlərdə bağlı tutduğu destruktiv fəaliyyəti görməkdəyik. Bunun ən son nümunələrindən biri İran dini liderinin təxminən bir ay öncə Türkiyə Prezidenti Ərdoğanla görüşdən sonra Zəngəzur dəhlizi ilə bağlı yaydığı sosial şəbəkələrdəki açıqlaması idi. Odur ki, bu cür açıqlamaları əslində İranın rəsmi mövqeyinin, arxa plandakı düşüncələrinin təzahürü kimi qiymətləndirmək lazımdır. Əslində bu düşüncələrini İran gizlətmir. O ki qaldı Əfşar Süleymani kimi mənşəcə türk olan şəxslərin bu iddialarla çıxış etməsinə - Azərbaycanın İrana birləşdirilməsi kimi xülyaları səsləndirmələri həm qəbul edilən deyil, həm öz millətlərinə qarşı hörmətsizlikdir. Eyni zamanda bu davranış qul xislətindən, kölə təfəkküründən irəli gəlir. Əfşar Süleymani kimiləri qul kimi, kölə kimi yaşamağı seçirlər. Onların 10 milyonlarla həmvətəni olan güneyli qardaşlarımız isə kölə təfəkküründə deyillər. Ona görə də Əfşar Süleymani kimlərini soydaşlarımız özlərindən saymırlar, qəbul etmirlər. Əfşar Süleymani və onun kimi düşünən insanlar isə paniranizm siyasətinin təsiri altındadırlar, beyninləri yuyulub, milli kimliklərini unudublar”.

O.Qasımovun sözlərinə görə, məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, əslində Süleymaninin açıqlaması kimi açıqlamalar - Azərbaycana torpaq iddiaları heç də İrana xeyir verəcək iddialar deyil: “Çünki Azərbaycan xalqı da özünün təbii haqqı olan ikiyə bölündükləri məsələsini, birləşmək, müstəqil olmaq məsələsini gündəmə gətirə bilər. Nəticədə iki Azərbaycanın müstəqil dövlət halında birləşməsi məsələsi gündəmə gələ bilər. Əslində bu, tarixi və siyasi baxımdan daha obyektiv və məntiqlidir. Gələcəkdə onsuz da bu olacaq. Tarixin gedişatının müəyyən kəsimində Azərbaycan türkləri də özləri bütöv bir millət olaraq bütöv bir dövlətdə birləşcəklər. Azərbaycan milli şüuru və Azərbaycan milli kimliyi İranda daha ciddi şəkildə inkişaf etməkdədir və Əfşar Süleymani kimilərinin dilə gətirdiyi iddiaların qarşısında duracaq ciddi əngəllərdən biridir. O cür iddialar sadəcə Azərbaycana olan düşmən münasibətin təzahürüdür və həmin iddiaların reallaşmasını İranda heç bir siyasətçi görməyəcək. Diqqət edirsinizsə, Əfşar Süleymaninin özü belə, bu iddialarını gerçəkləşməsini ancaq yuxuda görə biləcəklərini dilinə gətirib”.
 
Ardını oxu...
Duqinin qızı terrora qurban gedəndə seviniriksə, deməli "rusiyalaşırıq"

Rusiyanın Ukraynaya qarşı apardığı vəhşi müharibə, 21-ci əsrdə torpaq işğal etmə cəhdi, şəhər-kəndləri viran qoyması, uşaq-qoca demədən insanları öldürməsi, 7-8 milyon ukraynalıları qaçqına çevirməsi, təbii olaraq bütün sivil dünyanın qəzəbinə səbəb olub. Amma sivil dünya ona görə cəlbedici və təbliğ olunandır ki, bəlli prinsipləri, qanunları, dəyərləri var - əgər bütün bunları qəzəb məhv etsə, hamımız "rusiyalaşacağıq".

Sivil dünya vətəndaşı həmişə terroru lənətləməlidir - amma terror Rusiya ərazisində olanda, fikirlərini, tezislərini bəyənmədiyimiz Duqinin qızı terrora qurban gedəndə seviniriksə, deməli "rusiyalaşırıq". Və ya, sivil dünyanı ayaqda saxlayan və inkişaf etdirən dəyərlərdən biri mülkiyyət toxunulmazlığıdır, bunu qorumalıyıq - amma, məsələn, onminlərlə Rusiya vətəndaşının Qərbdə mülkiyyəti MƏHKƏMƏ qərarları olmadan müsadirə olunur - buna normal yanaşmağa başlayanda "rusiyalaşırıq".

Yaxud bütün Rusiya vətəndaşlarına "şengen" vizası verilməməsinə, artıq vizası olan vətəndaşların sənədləri ləğv edilərkən sevinəndə "rusiyalaşırıq", çünki bunlar qanuni addımlar deyil, AB ölkələri bu addımlarla öz qanunlarını pozurlar.

Qəzəb və nifrət irrosionaldır, çox pis presedentlər yaradır, sivil dünyanı dəyərlərdən və qanunlardan aralı salır - Kremlə də elə bu lazımdı, istəyir ki, bütün dünya dəyərlərdən, qanunlardan, hüquqdan kənarlaşıb "rusiyalaşsın". Olmaz belə, sivil dünya ancaq öz dəyər və prinsiplərinə sadiq qalsa, "rusiyalaşmasa" Kremlə qalib gələ bilər - Putinin oyun qaydalarına keçmək olmaz, çünki o qaydaları yaxşı bilir, daim qanunsuz, dəyərsiz, prinsipsiz, məhkəməsiz davranıb, indi də oyunu yaxşı bildiyi sahəyə çəkir - ayılaq, "rusiyalaşmayaq"...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert
 
 
 
Ardını oxu...
Ardını oxu...
Eldar Zeynalov: “Asayiş keşikçilərinin özləri dərk etməlidirlər ki, soyuq silahlara hansı alətlər uyğun gəlir, hansılar uyğun gəlmir”

Metro hər gün yüz minlərlə vətəndaşın və paytaxt qonaqlarının istifadə etdiyi ən sürətli və rahat ictimai nəqliyyat növüdür. Metronun təhlükəsizliyi prioritet məsələlərdən biridir ki, bu da sevindiricidir. Amma onun təminatına yanaşma suallar doğurur. Məhz bu təhlükəsizlik naminə sərnişinlərin baqajı yoxlanılan stansiyalarda skanerlər quraşdırılır. Bəs bu, nə dərəcədə effektivdir?

Bəzi yerlərdə bu məsələyə barmaqarası baxılır, sərnişinlərin bəziləri, hətta böyük çanta ilə keçəndə belə, skanerə məhəl qoymurlar. Haradasa da özlərini sığortalamaq üçün, hətta, miniatür qadın çantasını da skanerin lentinə qoymağa məcbur edirlər ki, bunlara da ancaq telefon və pomada sığışır.

Nəticədə, pik saatlarda metronun girişində əsl basabas yaranır. Və metroda bir kişinin cinsi azlıqların nümayəndələrini balta ilə hədələməsi hadisəsindən sonra getdikcə daha çox sərnişin müəyyən əşyaların daşınmasında çətinlik çəkməyə başlayıb.

Belə ki, Bakı şəhər sakini Esmiralda Şıxəmirova bir gündə iki dəfə metroda çantasından bıçağı atmaq tələbi ilə saxlanılmasından şikayətlənib: “Əslində, bu, hətta bıçaq deyil, iş üçün lazım olan kəsici alətdir. Çantamda iki şpatel də vardı, lakin onlar təhlükəli hesab edilmirdi, baxmayaraq ki, lazım olsa, onlarla da potensial təhlükə yaratmaq olar. Ümumiyyətlə, iş o yerə çatdı ki, 102-yə zəng etməli oldum. “Gənclik” metrosunda telefonla Hacıyev adlı birisi mənə uzun müddət həmin baltalı adam haqqında danışdı və mən soruşanda ki, “bəs lazım olan kəsici əşyalarımı mən necə daşıya bilərəm”, 20 ildir yanımda olan alətləri metroya minməzdən əvvəl cibimə qoymağımı və ya avtobusdan istifadə etməyimi tövsiyə etdi”.

“Bir çox usta və fəhlələr öz alətlərini özləri ilə daşıyırlar və onları silahlardan fərqləndirmək lazımdır. Yaxud, deyək ki, insan işdə və ya çimərlikdə yemək kəsmək üçün özü ilə bıçaq götürür. Belə çıxır ki, əgər bıçaq çantadadırsa, onu metroya buraxmırlar, amma cibinizdədirsə, o zaman onunla problemsiz keçəcəksiniz. Hesab edirəm ki, bu cür məhdudiyyətlər kökündən yanlış və məntiqsizdir. Yeri gəlmişkən, stansiyaların birində heç kim monitora baxmırdı, mühafizəçilər bir-biri ilə danışırdılar və çantamda nə olduğu onlara qətiyyən maraqlı deyildi”, - deyə qadın sosial şəbəkədə yazıb.

Məlum olub ki, belə neqativ hadisə təkcə onun başına gəlməyib. Bəziləri onsuz da metroda onlarda nəsə tapacaqlarından qorxaraq, çimərliyə getməzdən əvvəl doğranmalı olan hər şeyi elə evdəcə doğrayırlar.

Yeri gəlmişkən, Şıxəmirovanın sözlərinə görə, hadisədən sonra ona polisdən zəng vuraraq soyadını, adını və doğum tarixini hələlik məlum olmayan səbəbdən dəqiqləşdiriblər.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov vəziyyəti AYNA-ya belə şərh edib:

“Bu zaman polis hər hansı göstərişi deyil, özlərini sığortalamağı və praktiki mülahizələri rəhbər tutur: çantalar yoxlanılmalıdır, lakin konkret şübhələr olduqda vətəndaşların şəxsi axtarışı yalnız son çarə kimi həyata keçirilir. Hava limanında da vəziyyət təxminən eynidir: siz baqaj kimi qeydiyyata alınan deşici və kəsici əşyaları daşıya bilərsiniz, lakin onları özünüzlə salona keçirə bilməzsiniz.

Başqa bir şey isə ondan ibarətdir ki, sözügedən alət zahiri cəhətdən nə qədər iti və dəhşətli olsa da, 30 dekabr 1997-ci il tarixli “Xidməti və mülki silahlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində verilmiş rəsmi tərifə görə çətin ki, “soyuq silah” hesab oluna bilər. Bu, dizaynına, ölçüsünə və materialına görə sənaye və ya məişət məqsədli istifadə üçün nəzərdə tutulmayan, zədələnmə obyekti ilə birbaşa əlaqə zamanı insanın əzələ gücündən istifadə etməklə zərər verə bilən silah olmalıdır. Artıq bu tərifdən aydın olur ki, ağac kəsən, ayaqqabı bizi və s. sənaye və ya məişət məqsədli istifadə üçün bıçaqlar tərif altına düşmür.

Qanunun özündə silahların növləri, ölçüləri və materiallarının təsviri yoxdur. Belə ki, istintaqda bıçağın təyinatı şübhə doğurursa, onun ekspertizası sovet dövründən bəri məlum olan 40 parametr üzrə təyin edilir və aparılır. Bıçağın uzunluğu 90 mm-dən azdırsa və bıçağın bir tərəfi itilənibsə, bıçağın qalınlığı 2,6 mm-dən azdırsa və ya gövdə hissəsində 6 mm-dən çox olarsa, bıçaq itilənməyibsə və bıçağın travmatik sapı var və ya kəsici yeri yumşaq materialdan hazırlanırsa, ekspertiza heç vaxt bu əşyanı soyuq silah kimi tanımayacaq. Müvafiq olaraq, onu daşımaq üçün heç bir icazə tələb olunmur və hətta onu müsadirə etmək hüququ da yoxdur.

Təbii ki, belə bir bıçaq da ictimai yerlərdə açıq şəkildə aparılmamalıdır, bununla da yaralanma riski və ya insanlarda qorxu hissi yaranmamalıdır.

Konkret olaraq Bakı Metropolitenindən danışırıqsa, o zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar var. Bu sənədin 5.1.17-ci bəndi, doğrudan da, hansı olduğunu göstərmədən deşici alətlərin daşınmasını qadağan edir. Axı bu tərif altına adi bir mismar, bir dırnaq, manikür pilkası, bir biz, hətta taxta diş çubuğu və ya iti qələm uyğun ola bilər.

Deşici alətlərin odlu silahla yanaşı qeyd olunması onu deməyə əsas verir ki, müəlliflər soyuq silahları nəzərdə tuturdular. Yaxud, bu qayda sərnişinlərə zərər verə biləcək hər hansı bağlanmamış və qablaşdırılmamış əl baqajının daşınmasını qadağan edən 5.1.9-cu qaydanı qismən təkrarlayır. Yəni, metro qaydalarının məntiqinə görə, silah olmayan və daşınması qadağan olunmayan, lakin açıq formada sərnişinlərə zərər verə bilən obyekt heç kəsi deşməmək üçün etibarlı şəkildə qablaşdırılmalıdır.

Yeri gəlmişkən, manyak baltanı qapalı formada metroya keçirib. Amma fikrimcə, qablaşdırma üçün plastik torba uyğun deyildi, çünki sərnişinlərin adi vaqonun silkələnməsindən baltanın ağzına toxunaraq, xəsarət almayacağına zəmanət vermirdi. Çantada və ya qutuda daşınan kəsici alətlərlə ilə bağlı heç bir problem olmamalıdır.

Deməli, polisə adlarını çəkdiyim silahlar haqqında qanunu xatırlatmaq lazımdır - qanunun mühafizəçisi özü dərk etməlidir ki, soyuq silahlara hansı alətlər uyğun gəlir”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb. Avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Təbriz Abdullayev “Gənc Qazilər” İB-in Samux rayon filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir. Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında yandıracağına dair anons verib.

Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezident xüsusilə bir sıra icra başçılarının həbsinə diqqət çəkib və “Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz” deyib. Tələb edib ki, icra başçıları daim insanlarla təmasda olsunlar, kəndlərə getsinlər, problemlərlə maraqlansınlar, sosial ədalət prinsipinə əməl etsinlər. Prezident xüsusi tapşırıq verib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”...

Ancaq yenə də bu sahədə problemlər var. Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarının onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər. Ön cəbhədə düşmənə od ələyən döyüşçülər niyə sülh dövründə özlərinə od vururlar?

Bu kimi halların olmaması üçün təcili tədbirlər görülməsi zərurəti ortadadır. Dövlət böyük işlər görür, ev, avtomobil verilir, müxtəlif yardım edilir - bir çox addımlar atılır. Lakin yenə də əsasən kənd rayonlarında yaşayan qazilərimiz sıxıntı çəkirlər. O zaman daha nələr etməli ki, qazilərimiz ölməsin, özlərini yandırmasın? Qazilər üçün psixoloji reabilitasiyalar məcburi olmalıdırmı? Onların sosial problemləri üzrə ayrıca komissiya, qurum yaratmaq təklifi niyə reallaşımır?

Qazilər Birliyinin sədri Asəf Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Qazilər müharibədən, ölümün içindən çıxmış, qan görmüş insanlardır. Özlərinə qəsd etmək onlar üçün elə bir çətin hal deyil. Axı onlar qanın-qadanın içindən çıxmış insanlardır. Bu insanların psixoloji durumları problemlidir, onlara kömək lazımdır. Onlar reabilitasiya mərkəzlərində müalicə edilməli və cəmiyyətə inteqrasiya olunmalı idilər. Həm də müharibədən qısa zaman keçib. Hələ birinci Qarabağ müharibəsindən görün, nə qədər zaman keçib, hələ də qazilər sanatoriyalara göndərilir, müalicələr alırlar. Bu insanlarla işləmək lazımdır. Kənd yerlərində qazilərin problemi həll olunmayanda onlara daha pis təsir edir. Onlar da başqasına xələl yetirmir, gücü ancaq özlərinə çatır. Cənab Prezident dəfələrlə rayon icra hakimiyyətlərinə xəbərdarlıq edib. Onlar vəzifəyə qoyulmayıblar ki, camaatın ”qanını" içsinlər, özbaşınalıq etsinlər. Elə rayonlar var ki, orada icra hakimiyyətləri qazilərin problemini həll edirlər. Amma bu yaxınlarda Ağdamda da qazilərdən biri icra hakimiyyəti ilə danışıqları düz gəlməmişdi, bizim Qazilər Birliyinin nümayəndəsi icra nümayəndələri ilə görüşdü, oradakı problem həll olundu. Bundan əlavə, Kürdəmirdə də qaziyə icra hakimiyyəti tərəfindən torpaq ayrılmışdı. Amma kənd camaatı verməmişdi. İndi kənd camaatına nə deyəsən? Orada da biz Kürdəmirdə olduq, məsələyə aydınlıq gətirdik. Vaxtında biləndə biz xoşagəlməz hadisələrin qarşısını ala bilirik. Bu hadisə də qəfildən baş verib. Deyirlər qazimizin yanıq dərəcəsi 80 faizə qədərdir. Həm kənd yerlərində, həm də şəhərdə qazilərin psixoloji vəziyyəti heç olmasa ayda bir dəfə yoxlanmalıdır. Kəndlərə həkim komandaları yollamaq lazımdır. Rayonlarda xəstəxanalar var, mərkəzlər var. Hər rayonda, kənddə olan qaziləri hamı tanıyır. Reabilitasiya mərkəzləri yaradılmalıdır. Həmin mərkəzlərdə qazilər reabilitasiya olunub, cəmiyyətə inteqrasiya olunmalıdırlar. Əgər qazi Vətən uğrunda mübarizəyə gedibsə, ağlı başında ola-ola ölümün üzərinə gedibsə, onlar üçün özünəqəsd çox adi bir haldır. Müharibədə aldığı kontuziyadır, travmadır, ona görə özlərinə qıyırlar".

Həkim-psixiatr Azad İsazadə də mövzu ilə bağlı fikrini belə açıqlayıb: “İlk olaraq səbəblərdən danışırıqsa, bunun hansı niyə baş verdiyini anlamalıyıq. Bu insanlar müharibədə iştirak edib, döyüşə gedib, insan öldürüb, dostlarını itirib, özləri yaralanıb. Bu insanlar hər gün ölümlə üz-üzə gəlib. Bu halda ölüm qorxusu azalır, çünki ölümə öyrəşiblər. Üstəgəl aqressiya artır. Bunlar artıq mülki həyata birdən-birə qayıda bilmirlər. Fiziki cəhətdən mülki həyata qayıdırlar, psixoloji cəhətdən hələ də müharibədədirlər. Bunlar hər bir xırda şeyə əsəblə, qəzəblə reaksiya göstərə bilərlər. Aqressiya isə ətrafa da ola bilər, daxilə də ola bilər. Daxili aqressiya olanda insan başa düşür ki, mülki həyatdadır, bu avtomat silahı ilə kimisə öldürə bilməz, kimisə döyə bilməz. Bunun hamısı aqrerssiya şəklində yığılır və onun əlində bircə öz canı var. Bezir və bu qəzəbi özünə qarşı istifadə edir. Müharibə iştirakçılarının psixoloji müayinəsinə gəlincə, bu müayinə təşkil olunub. Deyə bilmərik, təşkil olunmayıb. Söhbət müayinə və yardımın insana çatıb-çatmamasındadır. Bakıda, Gəncədə psixoloji mərkəzlər, psixiatrik xəstəxanalar, həkimlər, cürbəcür təşkilatlar var. Amma kəndə çata bilmirik. Kənddə yaşayan qazimizin, kənddə yaşayan müharibə iştirakçısının psixioloji yardım alması çətindir. Birincisi, o anlamır ki, onda psixoloji problem var, psixoloqa getməlidir. Anlasa da heç rayon mərkəzində də psixoloqu tapa bilmir. Bakıya və ya Gəncəyə gəlməlidir. Deməli, müayinə və yardım konkret olaraq pasiyentə çatmalıdır. Çox vaxt çatmır”.

Qeyd edək ki, suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də ünvanladıq. Qurumdan bildirildi ki, gələn həftə bununla bağlı açıqlama veriləcək.

Onu da diqqətə çatdıraq ki, Azərbaycan Prezidentinin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəz yaradılıb. İdarələrarası Mərkəzin nəzdində, o cümlədən, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılıb. İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyanın təşkili də nəzərdə tutulub.

Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə Nazirlər Kabinetinin qərarı var. Həmin qərara əsasən hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.

Amma bu komissiyanın işi ilə bağlı nə mediada, nə də internet mənbələrində ciddi informasiyalara rast gəlmək mümkün deyil.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 
 

Ardını oxu...
Putin tarixə Rusiyanı rəzil bir məmləkətə çevirən natamam “çar” obrazı kimi düşəcək

Özünü Rusiya tarixində dərin iz qoymuş tarixi şəxsiyyətlərlə bir sırada görən və bununla da psixi cəhətdən hansı “zirvələrə” qalxdığı göz önündə olan Putin hələ iyun ayında “gənc sahibkarlar”la görüşdə növbəti dəfə tarixə baş vurmuşdu və özünü I Pyotra bənzətmişdi: “Heç nə dəyişməyib. I Pyotr Şimal müharibəsini 21 il davam etdirib. İsveçlə savaşırdı. Torpaqları qaytarırdı... Qaytarırdı və gücləndirirdi. Belə görünür ki, bizim də payımıza torpaqları qaytarmaq və gücləndirmək düşüb”.

Ancaq son zamanlar Ukrayna cəbhəsində baş verənlər göstərir ki, “21-ci əsrin Pyotru”nun durumu qətiyyən ürəkaçan deyil, onun real imkanları və bacarıqları imperatorluq ambisiyaları ilə heç cür uzlaşmır.

“Torpaqları qaytarmaq və gücləndirmək”dən dəm vuran Putinin 2014-cü ildə işğal etdiyi və həmin vaxtdan bu günə qədər öyündüyü Krım yarımadası artıq bir neçə gündür ki, sözün əsl mənasında yanır!

Əvvəlcə Sakidəki hərbi aerodrom, sonra Cankoydakı hərbi hissə və silah anbarı, nəhayət, dünən gecə Krımda, Sevastopolun şimal-qərbindəki Belbek aviabazası partladıldı.

Həmin gecə artıq Rusiya ərazisi olan Belqorodda böyük silah anbarı göyə sovruldu. İşin Kreml üçün faciəli tərəfi həm də odur ki, bu partlayışları Ukraynanın raket zərbələri nəticəsində baş verdiyini etiraf edə bilmir. Çünki bunun etirafı Putinin acizliyinin, onun Rusiyanın hərbi qüdrəti barədə dediklərininsə quru söz olduğunun etirafı deməkdir. Ancaq əvvəl-axır bu etiraf gələcək, çünki Ukraynanın zərbələri davam edir.

Təkcə Cankoyda baş verən partlayış nəticəsində iki minə yaxın sakin yaşayış yerlərindən təxliyə edildi. Belqoroddakı partlayışdan sonra isə ətraf qəsəbələrin əhalisi köçürülür. Yay istirahətinin ən qızmar çağında rusların ayrı-ayrı bölgələrdən Krıma deyil, Krımdan əks istiqamətə kütləvi axın baş verir. Bu gün artıq rusların sevimli istirahət məkanı olan Krımda və Ukrayna ilə həmsərhəd Rusiya ərazilərində gecələr həyəcan siqnalları eşidilir. Budurmu “21-ci əsrin Pyotru”nun “nailiyyətləri”?!

Bu gün I Pyotrun İsveçlə 21 il müharibə aparmasından danışan və 21-ci əsrdə belə müqayisələrin nə qədər primitiv və savadsız olduğunu bəlkə də anlamayan Putin Ukraynada davam edən savaşın 6-cı ayında Kiyevdən sülh dilənir. Gah Makrona, gah Quterreşə, gah Ərdoğana az qala yalvararaq, onları sülh üçün elçi salır. Hansı ki, işğalın ilk günlərində Kiyevdən qeyd-şərtsiz kapitulyasiya, Ukrayna hərbçilərindənsə evlərinə dağılışmağı tələb edirdi...

Putin bu gün nəinki qanlı savaşa başlarkən bəhanə gətirdiyi Donbası, heç 2014-cü ildə işğal etdiyi Krımı, hətta Rusiyanın beynəlxalq birlik tərəfindən tanınan Ukrayna ilə həmsərhəd ərazilərini belə qoruya bilmir! Onun tərifli “S-300”-ləri, “S-400”-ləri Ukraynanın “göndərdiyi” raketləri nə görə, nə də vura bilmir. Krımda ard-arda baş verən partlayışlar bunun təsdiqidir. Bu gün-sabah Ukraynanın Rusiyaya 3.6 milyard dollara başa gələn və Kremlin uzun illərdir öyündüyü Krım körpüsünü də vuracağı gözlənilir.

Görün, dünyanın nə yeridir ki, uzun illər “misilsiz” hərbi-sənaye kompleksi ilə öyünən Putin Rusiyası İrandan PUA dilənir, özünə Afrika cəngəlliklərində, Cənubi Amerikda “müttəfiq” axtarır. Hətta qonşuları - Qazaxıstan, Cənubi Qafqaz, Orta Asiya dövlətləri və xalqları belə ondan üz döndərir.

Rusiya idmanı, mədəniyyəti, incəsənəti, elmi, kinosu və s. beynəlxalq tədbirlərdən, festivallardan, yarışlardan kənarlaşdırılır, qovulur, Rusiya vətəndaşları Avropa ölkələrinə və digər sivil dövlətlərə buraxılmır. Putinin özünün əlini sıxmağa razı olan dünya liderlərinin sayı isə barmaqla sayılacaq qədərdir. Sıxanlar da bunu könülsüz və əlacsızlıqdan edirlər. Budurmu Putinin Pyotorluğu?

Əlbəttə, I Pyotr bəşəri dəyərlər, dünya tarixi və sivilizasiyası baxımından heç də müsbət tarixi şəxsiyyət sayıla bilməz. Ancaq hazırda baş verənlər onu göstərir ki, Putini hətta bu “parabeyin” rus çarına bənzətmək belə gülüncdür və ondan nə Pyotr, nə Aleksandr, nə Lenin, nə Stalin, nə də başqa birisi olacaq.

Putin tarixə elə Putin kimi düşəcək – Rusiyanı ən korrupsiyalaşmış, sivil bəşəri dəyərlərdən uzaq, dünyanı nüvə silahı ilə hədələyəcək qədər başıpozuq, cəmiyyəti bütün növ azadlıqlardan məhrum edilmiş və mənəvi deqradasiyaya uğramış, şovinizm və imperiyaçılıq bəlasının ən ağır formasına yoluxmuş, təbii sərvətləri bir qrup “dost-tanış” arasında bölüşdürülmüş, bütün dünya qarşısında gözdən, urvatdan salınmış, sözünün, imzasının bir qara qəpiklik dəyəri qalmamış, işğalçılıqla, hərbi cinayətlərlə ləkələnmiş və az qala dünyada Hitler Almaniyası qədər nifrət qazanmış rəzil bir məmləkətə çevirən natamam “çar” obrazı kimi...

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Ukraynalıların yarıdan çoxu müharibə dövründə demokratiya yox, “güclü lider” və “dəmir əl” tərəfdarıdırlar.

“AzPolitika.info” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri əsasında hazırlanan hesabatda belə deyilir.

Belə ki, rəyi soruşulan ukraynalıların 58 faizi hazırda ölkəyə “dəmir əl”, yəni güclü dövlət, güclü rəhbərlik lazım olduğunu bildirib. Cəmi 14 faiz isə demokratik idarəetmə sisteminin saxlanmasının vacibliyini qeyd edib.

Əhalinin 79 faizi Prezidentin hökumətin və parlamentin səlahiyyətlərinə müdaxiləsini mümkün sayır. O şərtlə ki, bu müdaxilə ölkənin müdafiəsinə yardım etmiş olacaq. Cəmi 16 faiz isə hətta müharibə dövründə belə, hakimiyyət bölgüsünün toxunulmazlığına tərəfdardır.

Respondentlərin 57 faizi müharibə şəraitində dövlətə qarşı ziyanlı baxışları, mövqeyi olan şəxslərin sərt cəzalandırılmasını tələb edir. 37 faiz isə insanların fikir və söz azadlıqlarının istənilən halda qorunmasının və dövlətin buna görə hər hansı repressiyalara yol verməsinin əleyhinə olduğunu bildirib.
Ətraflı

Seçki məsələsində də fikirlər haçalanıb. Ukraynalıların 52 faizi müharibə bitəndən sonra növbəti seçkilərin keçirilməsinin əleyhinə, diqqətin daha çox ölkənin bərpasına yönəldilməsinin tərəfdarı olduqlarını bildiriblər. Rəyi soruşulanların 40 faizi isə hakimiyyət orqanlarına və Prezident postuna seçkilərin zamanında, azad və şəffaf şəkildə keçirilməsinin, təxirə salınmamasının tərəfdarıdır. Bununla yanaşı, ukraynalıların 60 faizi müharibə dövründə internetdə yayılan informasiyalara nəzarətin lehinə, 30 faizi isə əleyhinədir. Eyni zamanda, insanların 60 faizi KİV-lərin hakimiyyəti tənqid etmək imkanının saxlanmasına tərəfdardır.

Sorğunun daha bir maraqlı hissəsi işğal altındakı ərazidə yaşayan ukraynalılara münasibətlə bağlıdır. Belə ki, rəyi soruşulanların 70 faizi işğalçıların qurduğu yerli orqanlarla əməkdaşlıq edən, onlarla işləyən vətəndaşların, yəni kollaborantların sərt cəzalandırılımasına, onlara cinayət işi açılmasına tərafdardır. Lakin respondentlərin 66 faizi bunun həkimlərə şamil edilməsinə qarşıdır. Eləcə də rəyi soruşulanların əksəriyyəti Rusiyadan pensiya almağa razılıq verən yaşlı ukraynalıların cəzalandırılmasının əleyhinədir.

Sorğunu keçirən institut hesabatda bildirir ki, xüsusilə Ukraynanın qərb bölgələrinin əhalisi, eləcə də bütövlükdə gənc nəsil daha sərt mövqedən çıxış edir və hakimiyyəti dəstəkləyir. Həmçinin, əsas nəticələrdən biri odur ki, ukraynalılar müharibənin gətirdiyi bütün bəlalara, məhrumiyyətlərə rəğmən, dövlətçiliyə və eyni azamanda da demokratiya dəyərlərinə sədaqətlərini qoruyurlar.

C.Məmmədov
 
 


 
Ardını oxu...
Ayı tələyə düşüb: “öldü var, döndü yoxdur” və ya “qabağından yeməzlik” sindromu

Rusiya Prezidenti Vladimir Putin “Ordu-2022” forumunun açılışında bəyan edib ki, hegemon deyilən dövlətə boyun əyməyən ölkələrin rəhbərləri əsl kişi xarakteri nümayiş etdirirlər və təslim olmurlar. Onun sözlərinə görə, hegemon ölkəyə baş əyməyən və mübarizə aparan rəhbərlər tarixdə ehtiramla anılacaqlar.

“Biz suveren, müstəqil inkişaf yolu seçmişik, qlobal və regional təhlükəsizlik problemlərini beynəlxalq hüquq normaları, qarşılıqlı məsuliyyət və qarşılıqlı maraqlar əsasında kollektiv şəkildə həll etmək istəyirik. Haqq yolumuzdan sona qədər geri dönmək niyyətində deyilik”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində on minlərlə günahsız insan həlak olub. Minlərlə ailə isə evsiz-eşiksiz qalıb, yüz minlərlə ukraynalı təcavüz səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalıb.

Bundan öncə isə Rusiya hərbi qüvvələri Qazaxıstanda kütləvi etirazlara qalxan dinc vətəndaşlara qarşı silahdan istifadə edib, nəticədə onlarla aksiya iştirakçısı həlak olub. Göründüyü kimi, Rusiya həm qonşularının, həm də dünya dövlətlərinin daxili işlərinə qarışmaqda davam edir və öz növbəsində Rusiya lideri bunu qəhrəmanlıq kimi təqdim edir.

Görəsən, doğrudanmı dinc və günahsız insanlara qarşı mübarizə aparmaq, onları qətliama məruz qoymaq, ölkələri zorla öz iradəsinə tabe etdirmək qəhrəmanlıq sayılır? Rusiya Prezidentini belə bir açıqlama verməyə təhrik edən səbəblər nədir: məğlubiyyət eyforiyası, yoxsa işğalçılıq xisləti? Putinin qanla yazılan liderlik iddiasının arxasında psixoloji aspektlər axtarmaq lazımdırmı?
“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, sosioloq Əhməd Qəşəmoğ AYNA-ya deyib ki, Putinin törətdiyi əməllər insanlıq əleyhinə yönəlib və buna haqq qazandırmaq mümkün deyil: “Müasir siyasətçilərin axıra qədər nəzərə ala bilmədiyi bir məsələ var: qloballaşma sürətləndikcə, cəmiyyət həm mürəkkəbləşir, həm də həssaslaşır. Bu həssaslaşma hesabına cəmiyyətin öz inkişaf qanunauyğunluqları əvvəlki dövrlərə nisbətən daha ciddi təsirə malik olur və özünün nizamını diktə etməyə başlayır. Belə bir dövrdə cəmiyyətin inkişaf qanunauyğunluqlarına zidd müdaxilə daha çox gərginlik yaradır. Bu gərginliyi yaradanın özü ciddi əks təsirə məruz qalır”.

“Mənim hazırladığım məşhur nəzəriyyə var – ahəng nəzəriyyəsi. Bu nəzəriyyə dünyanın müxtəlif dövlətlərində, eləcə də Amerikada görkəmli alimimiz, mərhum Lütfi Zadə tərəfindən təqdim edilib. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, dünyada hər şey ahəngə və nizama uyğun olmalıdır. Bu, kimlər tərəfindən pozulacaqsa, mütləq yekun zərbəni də onlar alacaqlar”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssisin sözlərinə görə, Putinin Ukraynaya qarşı hərbi təcavüzü həm də onun rəqiblərinin əlinə oynayır: “ABŞ və Qərb də oxşar texnologiyadan istifadə edir. Yalnız Rusiya tərəfindən işğalçılıq və imperiya siyasəti həyata keçirildiyini iddia etmək ədalətsizlik olardı. Qərbdə də bundan geniş istifadə edirlər. Harada maraqları tələb edəndə insanları kütləvi qırğına verirlər, avtoritar rejimlərə dəstək olurlar. Lakin Qərb dairələri bunu o qədər ustalıqla edirlər ki, heç kimin ruhu incimir. Rusiya isə kobuddur, açıq şəkildə işğalçılıq siyasəti yürüdür”.

“Putin bunu qəhrəmanlıq, kişilik, mərdlik kimi təqdim edə bilər. Lakin bu, qətiyyən belə deyil. İşğalın adı işğaldır, bunu başqa cür qiymətləndirmək olmaz. Rusiya düşünürdü ki, Qazaxıstanda olduğu kimi, Ukraynada da Zelenskini devirəcək və öz adamını hakimiyyətə gətirəcək. Qərb onu tələyə saldı və bütün dünyanın gözünün qarşısında Putinin qeyri-insani obrazını yaratdı. Artıq bu obraz yaranıb və Putinin geriyə yolu yoxdur. Sonunda mütləq məğlub olacaq”, - deyə Qəşəmoğlu söyləyib.

Əlavə edib ki, belə bir həssas şəraitdə Putinin kişilik, qəhrəmanlıq kimi mövzulara keçid etməsi daxili narahatlıqdan qaynaqlanır: “Artıq özü də fərqindədir ki, tələyə salınıb və əlini yüz minlərlə insanın qanına batırıb. Güman ki, Rusiyanı elə Ukraynada uduzduracaqlar. Bundan sonra nələrin baş verəcəyini isə Putindən yaxşı bilən yoxdur. Ona görə də narahatdır və son açıqlaması da bundan qaynaqlanır”.

Psixoloq Ofeliya Əliyeva da AYNA-ya şərhində qeyd edib ki, milyonlarla insanın taleyi ilə oynamaq, onları qətliama məruz qoymaq qəhrəmanlıq sayıla bilməz: “Düzdür, lider olmaq asan məsələ deyil. Lider olmaq üçün bir çox xüsusiyyətlər lazımdır. Onlardan biri də mübarizə aparmaq, qətiyyət nümayiş etdirməkdir. Lakin bu, o demək deyil ki, milyonlarla insanın taleyi ilə oynamaq, onları zülmə məruz qoymaq liderlik məziyyətidir. Əksinə, bu, qəddarlıqdır, avtoritarizmdir”.

“Rusiyanın Ukraynaya qarşı etdikləri vəhşilikdir, bunun başqa adı yoxdur. Yüz minlərlə günahsız insan həlak olub. Bir o qədər insan evindən-eşiyindən didərgin düşüb. Adamlar təcavüz səbəbindən ölkəsini tərk edirlər. Bunu necə qəhrəmanlıq adlandırmaq olar ki?! Təbii ki, bu, işğaldır və işğala qarşı mübarizə aparanlar kim olursa-olsun haqlıdır”, - deyə müsahibimiz vurğulayıb.

Əliyevanın sözlərinə görə, avtoritar liderlər üçün xarakterik olan bir çox keyfiyyətlər var ki, Putin də onları özündə daşıyır: “Putin ilk növbədə özünü böyük ölkənin tarixində təsadüfi şəxs kimi hiss edir və indi bu problemi həll etməyə çalışır. Bildiyimiz kimi, o, Rusiyanın tarixini öyrənməyə çox maraq göstərir və təbii ki, özünü imperiyanın keçmiş rəhbərləri ilə müqayisə edir”.

“İndi ortaya bir şey qoymalıdır, xüsusən, ona görə ki, o, o öz sələflərinin bir çoxundan daha uzun müddət hakimiyyətdə qalıb. O, adının Rusiya tarixinə yazılması məsələsini həll etdiyini zənn edir. Düşünür ki, bu yolda qurbanlar da olmalıdır. Lakin bu, çox səhv, ziyanlı və qəddar bir yanaşmadır”, - deyə psixoloq fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev
 
 
 
Ardını oxu...
Elitanın deqradasiyasi ölkələr üçün fəlakət, dünya üçün təhlükədir

Rusiyanın Ukraynaya təcavüzü elitanın keyfiyyət problemini də gündəmə gətirib. Hesab edilir ki, elita intellekt və yaradıcı potensialına görə xüsusi sosial təbəqədir, cəmiyyətin inkişaf perspektivlərini, məqsədlərini müəyyənləşdirir və bunun üçün strateji qərarlar qəbul edir. Politologiyada əsasən siyasi, iqtisadi, hərbi, mədəni-informasiya elitaları fərqləndirilir, qeyd edilən həmin elitaların formalaşmasına və keyfiyyətinə məhz siyasi elitanın təsiri böyükdür. Sosioloqların fikrincə, elitanın hətta bir faizi, yüksək mənəvi və intellektual keyfiyyətlərə malik olduğu təqdirdə, ölkənin bütün sahələrdə mütərəqqi inkişafını təmin etməyə qadirdir.

Siyasi elita öz keyfiyyətinə görə ölkənin dinamik inkişafını təmin edə bilər və ya əksinə, mənəvi – intellektual səviyyəsinə görə deqradasiya uğradıqda ölkənin inkişafını ləngidə, hətta məhv edə bilər.

Son illərdə siyasi-elmi institutlar tərəfindən dünya ölkələri elitalarının keyfiyyətlərinin müəyyən edilməsinin metodikası hazırlanıb. Elitanın keyfiyyətinin müəyyən edilməsi dörd baza prinsipi əsasında aparılır: siyasi hakimiyyət, siyasi dəyərlər, iqtisadi hakimiyyət, iqtisadi dəyərlər.

2020-ci il üçün dünya ölkələri elitalarının keyfiyyətinin reytinq cədvəlinə görə birinci beşliyə Sinqapur, İsveçrə, Almaniya, ABŞ və Böyük Britaniyanın elitaları layiq görülüblər.

Rusiyanın siyasi elitası bu siyahıda axırıncı yerlərdə qərarlaşıb. Təhlildə göstərilir ki, Rusiya elitası sovet industrial elitasının qarışığı olub, idarəetmənin komanda sistemində işləyir, hədsiz sərvət hərisliyinə malikdir və zamanın tələbinə cavab vermir.

Demokratik elitadan fərqli olaraq, avtoritar siyasi elitanın formalaşması qapalı xarakter daşıyır, şəxsi sədaqət, yerliçilik, qohumbazlıq, tayfabazlıq, prinsipləri əsasında formalaşır, elitanın fəaliyyətinə ictimai nəzarətin təsiri yoxdur, elitanın yenilənməsi, təzələnməsi, (elitanın dövriyyəsi) baş vermir, hakimiyyəti əldə saxlanılması üçün zorakılıqdan, manipulyasiyadan geniş istifadə edilir və ən fəlakətlisi odur ki, əks elita (real müxalifət) təqib və məhv edilir.

Nəticədə siyasi elitanın intellektual deqradasiyası baş verir, düzgün strateji qərarlar qəbul etmək imkanlarından məhrum olur, paralel olaraq, korrupsiyaya uğrayır, sərvət hərisliyi və harın həyat tərzi onu mənəvi deqradasiyaya aparır, legitimlikdən məhrum edir. Bu proseslər bütün avtoritar elitalara bu və ya digər formada aiddir.

Avtoritar idarəetmədə əks siyasi elitanın (real müxalifətin) sıradan çıxarılması ölkəni fəlakətə aparır. Rusiyada müxalifətin aparıcı lideri Boris Nemtsov 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirildi. O, ölkənin demokratik dəyərlər əsasında inkişafı üçün ardıcıl mübarizə aparırdı, Ukrayna ilə dostluq, sülh şəraitində yaşamağın tərəfdarı idi. Bugünkü müharibə də onun dediklərini, proqnozlarını təsdiq edir. Digər müxalifət lideri Aleksey Navalnının ölümünə sui-qəsd edilməsi, sonrakı həbsi Rusiyada əks siyasi elitanın tamamilə məhvinə apardı. Müxalifətin məhvi müharibə qərarını reallaşdırdı, hər iki ölkənin xalqlarına fəlakət və dünyaya təhlükə gətirdi.

Hazırda qüvvələrin nisbəti dünya demokratik elitasının xeyrinə surətli dəyişir. Dünya hədsiz qloballaşdığından hər hansı bir ölkədə baş verən ədalətsizlik bütün dünya üçün təhlükədir. Bütün insanlar Yer kürəsi gəmisinin üzvləridir. Ona görə də demokratik dünya Ukrayna xalqının yanandadır. Hazırda Ukrayna dəyişir və eyni zamanda dünyanı da dəyişdirir.

Ümumiyyətlə, avtokratiya özünə məxsus elitanı formalaşdırır, ən əsası odur ki, avtoritar elitanın formalaşması və fəaliyyəti cəmiyyətin inkişaf qanunlarına uyğun deyil, ona görə də onun deqradasiyası labüddür. Deqradasiya uğramış elitanın yola salınması isə xalqların hüququ, vəzifəsi və məsuliyyətidir.

Fəxrəddin Mehdili
(Vəkil)
pressklub
 
 
 

Dünyapress TV

Xəbər lenti