Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Azərbaycana səfəri iki ölkə arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır. Həmin saziş ötən ilin fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanmışdı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə həmin sazişi tarixi sənəd kimi qiymətləndirib.
Mariya Zaxarovanın sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub.
Bu bir ildə Moskvanın Azərbaycana qarşı müxtəlif açıq və gizli təxribatlarını nəzərə alaraq həmin sənədin Zaxarovanın təbirincə desək keyfiyyəti şübhə doğurur. Qarabağ separatçılarının “liderlərini” tez-tez Moskvaya çağıran, onlara təlimat verən, Laçın yolundan separatçıların silah, sursat, mina daşınmasına şərait yaradan mərkəz Azərbaycana “strateji müttəfiq” ola bilməz.
Ona görə də Sergey Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməllərini qiymətləndirmək lazımdır.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Təyyarə biletlərinin qiymətindən şikayət, “erməni dəyirmanına su tökənlər”, zəlzələnin fəsadları... - Milli Məclisdə təkliflər səsləndirildi

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 31 məsələ daxil edilib. İclas fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Sədr S.Qafarova çıxışında bildirib ki, Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edir: “Dövlətimiz və xalqımız fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib”.

“Biz bu günlərdə qardaş xalqlar arasında qardaşlıq münasibətlərinin yeni numunələrini müşahidə etdik. Həm dövlətlərarası, həm dövlət başçıları, həm də sadə insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut etdi”, - deyə Qafarova vurğulayıb.

Spiker qeyd edib ki, qüdrətli dövlət olan Türkiyə zəlzələ fəlakətinin nəticələrini aradan qaldıracaq, yaralar tezliklə sağalacaq və bu sınaqdan da şərəflə çıxacaq.

“Bu gün biletlərin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında çətinliklər yaşanır”

Deputat Ceyhun Məmmədov zəlzələyə görə Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ölkəmizə təcili qayıdışından danışıb və deyib ki, onların yenidən qardaş ölkəyə dönüşü üçün təyyarə biletlərinə müəyyən güzəştlər edilməlidir.

“Bu gün biletlərin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında çətinliklər yaşanır. Buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil, təhsil aldıqları ölkədə keçirməli olurlar. Bu baxımdan, tələbələrə güzəşt olunması lazımdır”, - millət vəkili qeyd edib.

Deputat eyni zamanda, bildirib ki, zəlzələ səbəbindən türkiyədə təhsil distant formaya keçib: “Ölkəmizə qayıdan tələbələrin istifadə etdikləri dərs vəsaitləri orada qalıb. Biletlərin baha olması ucbatından onlar vəsaitlərini gedib götürə bilmirlər. Bütün bu məsələlər nəzərə alınmalıdır. Dünyada belə təcrübə çoxdur. Elə qardaş ölkə Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Hesab edirəm ki, aidiyyati dövlət qurumları araşdırma aparmalı, məsələ ilə bağlı təkliflər verməlidirlər”.

Deputatdan sərt sözlər: “Bu, qardaş dövlətin özünün daxili işidir”

“Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Azərbaycan hər zaman olduğu kimi, indi də ilk dəqiqələrdən qardaş Türkiyənin yanında oldu və öz dəstəyini, həmrəyliyini nümayiş etdirdi. İlham Əliyevin Türkiyə səfirliyinə başsağlığı ziyarəti zamanı dediyi kimi: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Bu sözləri isə deputat Bəhruz Məhərrəmov səsləndirib.

Millət vəkili bildirib ki, bu gün Prezidentin və Birinci vitse-prezidentin rəhbərliyi, şəxsi nəzarəti altında dövlət strukturları, xüsusən, Heydər Əliyev Fondu, o cümlədən imkanı daxilində xalqımızın hər bir fərdi qardaş Türkiyənin acısını əməli olaraq bölüşür, əhəmiyyətli yardımlarını davam etdirir.

“Türkiyədə zəlzələ fəlakəti siyasi proseslərin ən qaynar zamanında baş verdi. Biz görürük ki, Qərb informasiya maşını da bu fəlakətə ciddi fürsət kimi baxmağa başlayıb. Türkiyənin mövcud iqtidarına qarşı ciddi kampaniya aparılmaqdadır. Xüsusilə də sosial mediada vəziyyət xoşagəlməz hal alıb. Əlbəttə Türkiyədə partiyalararası rəqabət, siyasi mübarizə, seçkilər - bu, qardaş dövlətin özünün daxili işidir. Mövcud siyasi iqtidarı hakimiyyətdə saxlayıb saxlamamaq yalnız Türkiyə xalqının suveren hüququdur. Məni narahat edən başqa məsələdir. Təəccüblüdür ki, bu gün Azərbaycanda bəzi siyasi qüvvələr və bəzi vətəndaşlar özünü Türkiyədə siyasi prosesin tərkib hissəsi, hərəkətverici qüvvəsi kimi aparmağa, sanki Türkiyədə siyasi proseslərdə iştirak hüququ varmış kimi davranmağa başlayıb. Düşünürəm ki, bu, yolverilməzdir", deputat əlavə edib.

“İstənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir”

B.Məhərrəmov xatırladıb ki, Türkiyənin gücünü qoruması və daha da güclənməsi bizim arzumuzdur: “Amma Türkiyədə hansı iqtidar necə fəaliyyət göstərir bunun qiymətini Türkiyə xalqı, cəmiyyəti verməlidir. Azərbaycan vətəndaşı üçün istənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir. Unutmaq olmaz ki, hörmətli Rəcəb Tayyib Ərdoğan ən çətin dönəmlərdə bizimlə olub, Azərbaycanla olub. Vətən müharibəsində siyasi-diplomatik mübarizədə cənab İlham Əliyevlə çiyin-çiyinə savaşıb. Məsələn, terror dövləti İranın Arazboyu təlimlərinə cavab olaraq Türkiyə çəkinmədən bizimlə həmin ərazilərdə böyük bir təlim keçirdi. Bu mənada Azərbaycan vətəndaşı danışanda Qərb informasiya maşınının ifrazına, yaxud Azərbaycan daxilində Sorosun muzdlularına yox, milli maraqlarımıza istinad etməlidirlər”.

Deputatdan təklif: “Şəhərcik salınsın, Heydərabad adlandırılsın”

Deputat Azər Badamov Azərbaycanda dəniz kənarında gənclər şəhərciyinin inşa olunmasını, adının Heydərabad adlandırılması təklif edib: “O vaxt Yaşmada, dəniz kənarında gənclər şəhərciyinin tikilməsi gündəmə gəlmişdi. Lakin sonradan məsələ təxirə salındı. Hesab edirəm ki, şəhərciyin inşa edilməsi məsələsi yenidən gündəmə gətirilməlidir".

“Türkiyədə baş verən zəlzələ gələcək planların qurulması məsələsinə yenidən baxılması üçün zəmindir. Nəzərə almaq lazımdır ki, təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Bu gün Bakı çox yüklənib, insanlar tıxac problemindən əziyyət çəkirlər. Şəhərin mərkəzində çoxmərtəbəli binaların sayının artması da problemi bir az da artırır. Binaların bir-birinə çox sıx şəkildə inşasının təhlükəsizlik baxımından da heç bir normalara uyğun gəlmir. Allah eləməsin, əgər hər hansı fövqəladə hal baş versə, yarana biləcək vəziyyəti təsəvvür etmək çətin deyil”, Badamov vurğulayıb.

“Bu, Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək edər”

Millət vəkili daha sonra bildirib ki, Yaşmada inşa olunmalı şəhərciyə paytaxt statusunun verilməsi də mümkündür. Onun sözlərinə görə, Bakıdakı müəyyən dövlət idarələri və universitetlərini oraya köçürmək olar: “Təbii ki, bu, Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək edər. Nəzərə almaq lazımdır ki, bu il “Heydər Əliyev İli”dir. Bu səbəbdən də, yeni şəhərciyin tikintisinə bu ildən başlamağı, oranı Heydərabad adlandırmağı təklif edirəm”.

“Biz bu gün Ermənistanın Rusiyaya xəyanətinin şahidiyik”

Deputat Siyavuş Novruzov çıxışında Ermənistanın xəyanətkarlığından danışıb və bildirib ki, bu dövlət istənilən vaxt dost dediyi dövləti sata bilər: “Məlumdur ki, Rusiya hər zaman Ermənistanı himayə edib. Amma biz bu gün Ermənistanın Rusiyaya xəyanətinin şahidiyik. Ermənilər harada işıq ucu görürlər dərhal dostunu satırlar, işıq ucu gələn yerdə dost axtarırlar. Tək dövlət yox, xalq olaraq bunların xisləti belədir. Amma bu gün xaricdə fəaliyyət göstərən, özünü azərbaycanlı hesab edənlər erməni dəyirmanına su tökməklə məşğuldurlar. Onların heç birinə azərbaycanlı deyə bilmərik”.

“Onlar cəzalandırılmalıdırlar”

“Artıq 2 ay yarımdır ki, Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar haqlı aksiya keçirirlər. İndi xaricdə oturan, özünü azərbaycanlı sayanlar aksiya keçirən gənclərə ləkə yaxırlar. Bu, biabırçılıqdır”, - deputat qeyd edib.

Novruzov hesab edir ki, xaricdə olan belə şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmalıdır: “Hər kəs bilməlidir ki, Azərbaycan əleyhinə təbliğat aparanlar Azərbaycan dövlətinə xəyanət etmiş sayılır və buna görə cəzalandırılacaqlar. Onlar cəzalandırılmalıdırlar. İndiyə qədər biz eşitməmişik ki, onlar xaricdə Ermənistan səfirliyinin qarşısında aksiya keçirisinlər, Azərbaycanın haqlı səsini çatdırsınlar. . Nə vaxt ki, Azərbaycanın əleyhinə iş olur, dərhal aktivləşirlər”.

Deputatlar cari problemlərlə bağlı fikirlərini səsləndirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.

Müəllif: Anar Bayramoğlu
ayna.az
 
 
 
Ardını oxu...
Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq.
Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedəcək və orada özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq.
Paşinyanın Münhendə arqumenti bu olacaq ki, “sülh təkliflərinə” Bakıdan cavab gözləyir. Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə - ABŞ, Fransa və Rusiyaya da göndərib.
Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb, “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlayıblar.
Paşinyana və beynəlxalq aləmə hər dəfə anlatmaq lazımdır ki, Qarabağda separatçılar tərksilah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın yazda əks-hücuma keçməsini gözlədiklərini bildirib. Pentaqon rəhbəri bu məqsədlə Ukrayna Müdafiə Kontakt Qrupundakı bütün tərəfdaşlarla silah-sursat imkanlarının təmin edilməsi üçün çox çalışdıqlarını deyib. Yaza heç nə qalmayıb. Ukrayna əks-hücumdan əvvəl Rusiyanın hücumunu dəf etməlidir. Rusiya yaxın müddətdə işğal ərazisini genişləndirmək məqsədilə hücuma hazırlaşır. Ukrayna ordusu bu hücumu dəf edib Pentaqon rəhbərinin dediyi kimi əks-hücuma keçmək üçün vəd edilən hərbi texnikaya yiyələnməlidir. Ukraynaya qonşu ölkələr narahatdırlar. Çünki Rusiya Ukraynada istədiyi nəticəni əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq.
Elxan Şahinoğlu
Teref.az
 

Ardını oxu...
Azərbaycanın İrandakı səfirliyinə ötən ay edilən silahlı hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən kəskin tənqidlə qarşılanıb.

Yanvarın 27-də baş verən hadisə zamanı terrorçu “Kalaşnikov” silahı ilə Azərbaycan səfirliyinə hücum edib, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi (XİN) hadisəni “terror aktı” adlandırıb. Rəsmi Tehran isə hadisənin “şəxsi motivlərlə” baş verdiyini iddia edir.

Daha sonra XİN Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib və səfirlik əməkdaşları Azərbaycana gətirilib. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Hadisənin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, rəsmi Bakı İranda aparılan istintaq barədə məlumat almaq istəsə də, İran tərəfi bu barədə informasiya verməyib. Rəsmi Bakı hesab edir ki, bu hadisə onsuz da “mürəkkəb olan münasibətləri daha da gərginləşdirir”.

Belə olan halda iki qonşu dövlət arasında diplomatik münasibətlərin gələcəyi sual altındadır.

DİA.AZ bildirir ki, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli İran-Azərbaycan münasibətləri ilə bağlı Modern.az-a danışıb. Sabiq səfir bildirib ki, qonşu ölkələr arasında münasibətlərin gərgin olması hər iki dövlətə təsir edəcək:

“Əslində qonşu dövlətlə münasibətlərimizin gərgin olması çox da ürəkaçan vəziyyət deyil. Nə qədər qonşu dövlətlə münasibətlərimiz gərgin və ziddiyətli olsa da, bu, uzun müddət çəkə bilməz. Uzun müddət diplomatik münasibətlərin gərgin olaraq qalması düzgün olmaz. İndi nələrin ola biləciyini yaşayıb görəcəyik. Azərbaycanın son vaxtlar İrana qarşı siyasəti qlobal prosesin bir hissəsidirsə, Azərbaycan tərəfi ehtiyatlı olmaldır.

Digər tərəfdən İran tərəfi Azərbaycana aparılan istintaqlar barədə də məlumat vermir. Ümumiyyətlə, son zamanlar iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olan səfirliyə terror hücumunun arxasında böyük detallar var. İran bununla Azərbaycana göz dağı vermək istəyirdi və verdi də”.

Qeyd edək ki, Nəsib Nəsibli 1992-1994-cü illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Ardını oxu...
Hələ gənc yaşlarımdan xəbərlər proqramlarında tez-tez rast gəldiyim bir məsələyə diqqət edirdim – məsələn, Banqladeşdə, Nigeriyada avtobus, qatar qəzası baş verir, onlarla insan həlak olur, amma İsveçdə, Norveçdə, Avstriyada eyni şiddətli qəzalar minimum insan təlafatı ilə bitir, və ya, Afrika, Asiya, Latın Amerikası ölkələrində böyük binalarda yanğınlar baş verəndə çox saylı insanlar ölür, yaralanır, amma, Avropada eyni yanğınlarda təlafat çox az olur.
Bu məsələləri incələyəndə görürsən ki, bir çox hallarda insan ölümünə səbəb qəzaların, yanğınların özü deyil də, buna hazırsızlıq, vətəndaşların bilgisizliyidir. Məsələn, İsveçdə əgər avtobusa 40 nəfərdən artıq minmək olmazsa bu qaydanı pozmaq mümkün deyilsə, Banqladeşdə avtobusun damına da minirlər, və ya, Norveçdə binaların yanğın zamanı təxliyyə planı ilə bağlı tez-tez məşqlər keçirilir, hər kəs necə davranacağını öncədən bilir, amma Nigeriyada yanğın zamanı hadisənin özü yox, insanların davranışları daha çox ölümlərə səbəb olur.
Qısa haşiyə: Çox maraqlı Norveç filmi var, “Dalğa” adlanır, qısa məğzi budur ki, ölkənin şimalında çox gözəl təbiəti olan, sahildə yerləşən bölgələrin birində dağ massivlərinin uçqun zamanı 80 metr hündürlüyündə sunami yarada biləcəyini öncədən elmi araşdırmalarla müəyyən ediblər. Kurort şəhərciyinin bütün sakinlətri bunu bilir, öncədən elmi araşdırmalarla uçqun baş verəndən sonra dalğanın şəhərə 10 dəqiqəyə çata biləcəyini hesabladıqları üçün ildə 2 dəfə təlim keçirirlər, hər kəs həmin 10 dəqiqədə nə etməli olduğunu yaxşı bilir. Şəhərcikdə lüks otel də var, oteldən qonaqların təxliyyəsini 10 dəqiqədə başa çatdırmaq üçün tədbirlərlə yanaşı, zaman çatmadıqda otelin zirzəmisində su keçirməyən və bir müddət sağ qalmaq üçün nəzərdə tutulan bunkerlər də var. Xülasə, dağ silsiləsi üçmağa başlayan zaman tez siqnal verilir, şərər təxliyyə olunur, minlərlə insan xilas olur, amma həmin otelin bunkerində də bir neçə nəfər qalır, onları da sonradan xilas etmək mümkün olur, yəni, təbir və məşq minlərlə can qurtarır.
Bir çox təbii fəlakətlərin, və ya insan faktorindan doğan hadisələrin qarşısında Adəm övladı acizdir, nə öncədən bilə, nə də tam hazır ola bilər, amma tədbir, qanunların və qaydaların sərt tədbiqi, insanların bilgiləndirməsi can qurtarır, xilas edir, faciələrin qarşısını almağa imkan və fürsət yaradır.
Ona görə də, Allahın, Yaradanın bizə bəxş etdiyi ən gözəl nemət olan ağlımızı işlətməyi öyrənməliyik ki, tale deyib keçməyək, tədbirli olub sağ qalaq...
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Ermənistan sərhəd məntəqəsindən Türkiyəyə humanitar yardım göndərib. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç humanitar yardıma görə Ermənistana minnətdarlığını bildirib. 1988-ci ildə Ermənistanda zəlzələ olanda Türkiyə eyni marşrutla qonşu ölkəyə humanitar yardım göndərmişdi. 30 ildən sonra Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana təhlükə yaradırmı?

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.

Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən Ermənistan öz məhsulları Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur.

Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi? Bu Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Zəngəzur dəhilizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Mediada, sosial şəbəkələrdə bəzi təkliflər səslənir ki, Dövlət Bakıda tikilmiş binaları yenidən yoxlasın - məncə, məntiqsiz təklifdir. Azərbaycanda qanunla binalar yoxlanılandan sonra təhvil verilməlidir. Vaxtında bu yoxlamalar normal keçirilibsə, proses zamanı korrupsiya və rüşvət olmayıbsa, hər şey qaydasında olmalıdır. Ona görə də Azərbaycan reallığını nəzərə alsaq, əlavə yoxlamaların olacağı ilə bağlı qərar verilsə, düşünmürəm ki, vəziyyət düzələ bilər. Həmin qurumlara bu yoxlamalar tapşırılarsa, onlar yenə eyni qaydada – rüşvət və korrupsiya ilə məsələni həll edəcəklər, bu qərarın heç bir praktiki əhəmiyyəti olmayacaq.
Bundan başqa tək Bakıda yüzlərlə təhvil-təslim aktı olmayan binalar var ki, illərdir vətəndaşlar orada yaşayır, dövlətdən kommunal xidmətlər alıb dəyərini ödəyir. Yəni, zatən dövlət o insanların yaşadığı yerə mülkiyyət hüququnu xidmət göstərib pul almaqla dolayısı ilə tanıyıb, amma bina təhvil verilməyib deyə onlar "kupça" ala bilmirlər. Yaxşı, bina yaşamaq üçün yararsız olduğu üçün akt verilmirsə, insanlar niyə orda yaşayır, yaşamaq üçün yararlıdırsa nədən onlara təhvil-təslim aktı verilmir?! Bina tikənlər rüşvət vermirlər deyəmi aktı ala bilmirlər?!
Bax belə multfilm kimi sistemdə yaşayırıq...
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinə ona görə Azərbaycanla təmas xəttində yerləşməyə razılaşmayıb ki,
1) ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə xələl gəlməsin;
2) Qərb Ermənistanın Rusiya ilə birgə təmas xəttində Azərbaycana qarşı təxribat yaradacağı ittihamıyla üzləşməsin.

Paşinyannın bu açıqlaması onun Rusiyanın maraq dairəsindən uzaqlaşması anlamına gəlir. O bu açıqlamadan bir neçə həftə əvvəl “Ukraynada müharibə aparan Rusiyanın Ermənistanda hərbi varlığı (oxu: hərbi bazalarının varlığı) Ermənistan üçün təhdiddir” cümləsini işlətmişdi. Paşinyanın bu tip açıqlamaları Kremlı açıq-aşkar qıcıqlandırır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə “Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edib” cümləsini işlədib.

Paşinyan Azərbaycana qarşı mübarizədə Qərbin dəstəyini almaq üçün Rusiya ilə münasibətlərdə məsafə saxalamağa başlayıb. Paşinyan eyni məntiqlə İrandan da uzaq dayanmağa çalışmalıdır. Ukraynada işğalçı müharibə aparan Rusiya ilə ittifaq Qərbdə Ermənistanın imicinə zərbədirsə, sanksiya altında olan teokratik İranla yaxınlıq da İrəvana Vaşinqton və Brüsellə münasibətlərdə problem yarada bilər. Bəlkə buna görədir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İranın Ermənistanı dəstəkləməsinin ermənilərə olan böyük sevgidən irəli gəlmədiyini bildirib: “İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu, ilk növbədə, özü üçün edir. İran öz dövlət maraqlarından çıxış edərək silah satışını və daşınmasını həyata keçirir”.

Bu yeni etirafdır. Deməli, İranla ittifaq da Ermənistana yükdür. Tehran İrəvanın xarici siyasətini korrektə etməsinə qıcıqlanacaq. İçərisində fransalı müşahidəçilərin yer alacağı Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanla təmas xətti ilə yanaşı İrana yaxın ərazidə yerləşməsi Tehranın maraqlarına ziddir. “Bölgə ölkələrinin münasibətlərindəki problemlərin həllində kənar ölkələr iştirak etməməlidirlər” – bu iranlı rəsmilərin, diplomatların, din xadimlərinin və generallarının təkrarən söylədiyi açıqlamadır. İrəvan Tehranın bu yanaşmasına zidd olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsində yer alan Fransanı bölgəyə gətirir.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Bəzi dostlarımız özünə əl qatıb. Hətta zəlzələdən-bu fəlakətdən də Tayyib Ərdoğana qarşı əks təbliğat üçün istifadə etməyə çalışırlar. Çox iyrənc ittihamlar səsləndirirlər. Əsas arqumentləri də budur ki, Ərdoğan diktatordur. Xalqın seçdiyi siyasi liderə necə dictator demək olar? Bəlli deyil. Türkiyədə seçkilər nə vaxtdan saxtalaşdırılır? Yada salıram. Son seçkidə AKP, yəni Ərdoğanın partiyası o boyda İstanbulu, Ankaranı və İzmiri müxalifətə uduzdu. Niyə uduzdu? Çünki müxalifət-PKK-a yanlılarının dəstəyi ilə AKP-ni üstələyə bildi. Yəni Türkiyəni parçalamaq istəyən qüvvələrlə siyasi ittifaq quran müxalifət Türkiyəyə xəyanət yolu tutdu. Onlar indi də həmin yolu gedirlər…
Hə, onu deyirdim axı. Türkiyədə seçkilər saxtalaşdırılırsa, niyə AKP bu möhtəşəm mərkəzlərdə müxalifətin qələbəsini qəbul etdi?.. Sözümün canı o ki, kim deyirsə ki, Türkiyədə seçkilərin nəticəsi saxtalaşdırılır o, sadəcə, yalançıdır. PKK ilə ittifaqa girib Türkiyəyə xəyanət edən Türkiyə müxalifəti ilə eyni qafadadır…
Keçirəm cənab Ərdoğanın diktator olmasına. Qərb də Ərdoğana diktator deyir. Niyə? Çünki Ərdoğan Qərbin çaldığı ilə oturub-durmur. Ərdoğan Türkiyənin böyük dövlət olması üçün çalışır. Qərb isə Türkiyənin böyük dövlət olmasını istəmir. Özü də bu, nəsə gizli bir məsələ deyil. Hər şey gün kimi ortadadır. Qərbə ram olan, yazıq, zavallı Türkiyə lazımdır. Qərbə PKK-nın at oynatdığı Türkiyə lazımdır…
Yenə Ərdoğanın diktatorluğuna qayıdıram. Bir çox tarixçilər Atatürkü də diktator adlandırır…
İndi isə keçirəm Türkiyənin demokrat rəhbərlərinə. Turqut Özal Türkiyənin 8-ci prezidenti (1989-1993) olub. 1990-cı il 20 Yanvar qırğınından sonra o, nə demişdi? “Onlar Şii, Biz Sünniyiz. Onlar İran’a daha yakın”. Yəni Türkiyə Azərbaycana heç bir kömək etməli deyil. “Milliyət” qəzetinin 1990-cı il 16 fevral sayında gedən həmin məqalənin sürətini təqdim edirəm...
Cənab Turqut Özalın demokrat olmasına kimsə şübhə edirmi? Düşünmürəm. Soruşuram, Azərbaycana Turqut Özal kimi qorxaq, ancaq demokrat Türkiyə rəhbəri lazımdır, hansı ki heç sözdə də Azərbaycanı müdafiə etməyə hünəri çatmadı. Yoxsa Qarabağı erməniyə dəstək verən Qərbin əlindən alıb Azərbaycana qaytaran diktator Ərdoğan Azərbaycan üçün daha münasib siyasi liderdir?
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl (1993-2000) necə yadınızdaırmı? Cənab İlham Əliyev onun sinəsinə öz əli ilə "Şərəf" ordeni taxmışdı. Əslində isə ona Azərbaycan adına heç taxta medal da düşmürdü. Ən azı ona görə ki, Kəlbəcər işğal olunanda Azərbaycan prezidenti Əblüfəz Elçibəy insanları fəlakət zonasından çıxarmaq üçün ondan 3-4 helikopter istədi. Dəmirəl Qərbin və Rusiyanın qorxusundan Azərbaycana 3-4 helikopter vermədi. Hazırda Türkiyə Azərbaycanda F-16 qırıcılarını qoyub getmirmi?
Mən sizlərdən soruşuram. Sizə diktator dediyiniz Tayyib Ərdoğan lazımdır, yoxsa Turqut Özal kimi, Süleyman Dəmirəl kimi ən kritik məqamda Azərbaycana arxa çevirən, onu düşmənə satan demokratlar lazımdır...
Mən cənab Ərdoğanı seçirəm. Siz özünüz bilərsiz.
Mən heç istəməzdim ki, Azərbaycan xalqı nə vaxtsa Türkiyədən belə bir xəyanət görsün. Azərbaycan xalqı Qərbin əlində oyuncaq olan sözdə demokrat liderlərdən bir daha xəyanət gördükdə-bax onda Ərdoğana qəni-qəni rəhmət deyəcək...
P.S Bəzi düşüklər belə bir iddia irəli sürür ki, guya bir çoxları Tayyib Ərdoğanı müəyyən təmənnaya görə müdafiə edir. Öz payıma deyirəm. Mənim nə Ərdoğandan, nə İlham Əliyevdən elə bir təmannam yoxdur. Heç onlar bilmir ki, bu dünyada Elbəyi Həsənli deyilən birisi yaşayır. İstəyim odur ki, Azərbaycan yağı düşmənlərin qarşısında heç vaxt xar olmasın, sınmasın, əyilməsin. Bu sadə məntiqi başa düşmək bu qədərmi çətindir?...

Elbəyi Həsənli - DİA.AZ

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti