Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edib türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etmək istəyir.
Putindən əvvəl isə xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığının inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Bu böyük ehtimalla Mövlüd Çavuşoğlunun nazir vəzifəsində Lavrovla son görüşü olacaq. Çünki Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq, indiki nazirlər isə millət vəkilliyi yarışına qatılacaqlar.
Mövlüd Çavuşoğlu doğulduğu Antalyadan namizədliyini irəli sürəcək. Ərdoğan prezident seçkisində məğlub olarsa, bu onun da dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək. Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib, tərəfdaşının xaraktetinə bələddir. Ancaq seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək, sadəcə Putinin yeni prezidentə və onun siyasətinə alışması vaxt tələb edəcək.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Məlum olduğu kimi, Azərbaycan ordusu Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.
Bu həmin yollardır ki, Azərbaycan tərəfi təmir işləri aparıb, yeni körpü çəkmişdi. Həmin istiqamət Laçın rayonu ilə Gorus rayonunun şərti sərhədində yerləşir. Məsələ ondadır, Azərbaycan Ermənistan tərəfinə mart ayının sonuna kimi vaxt vermişdi ki, öz tərəflərindən gələcək yolu çəksinlər və ərazidə nəzarət buraxılış məntəqəsi qoyulsun. Ermənistan tərəfi isə bu günə qədər həmin istiqamətdə daşı daş üstünə qoymamışdı. Azərbaycanın verdiyi vaxt yekunlaşdı və Azərbaycan ordusunun həmin istiqamətdəki komando briqadası qüsursuz əməliyyat keçirdi. Əməliyyat haqqında bir qədər sonra.
Məlum yol vasitəsi ilə Ermənistandan və İrandan Qarabağdakı separatçılara silah, sursat daşınması həyata keçirilirdi. Rusiya sülhməramlıları isə həmin yola demək olar ki, nəzarət etmirdi. Bunu həm şəxsi heyətlərinin say tərkibi imkan vermirdi kimi, həm də göz yummaq kimi də şərh etmək olar. Əslində, həmin yol Azərbaycan ordusu üçün təhlükə və təhdid mənbəyi, Qarabağdakı separatçı rejim üçün isə ciddi nəfəslik idi.
Dünən gecə Azərbaycan ordusunun Laçın rayonundakı komando briqadası əməliyyata start verir.
2054 yüksəkliyindəki kimi bu əməliyyatda da dəqiq kəşfiyyat məlumatları, ərazinin kəşfi və coğrafi mövqe dəqiq hesablanıb və beləcə öncə sızmalar həyata keçirilib. Qarşı tərəfin müqavimət göstərmək kimi şansı belə olmayıb. Beləliklə, ərazidəki yüksəkliklər, yollar və sərhədboyu ərazilər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçib. Keçirilmiş əməliyyat qüsursuz həyata keçirilib. Nəinki şəhid, yaralı belə olmayıb.
Məlum əməliyyat nəticəsində nəzarətsiz qalmış təxminən 5 km məsafədə şərti sərhəd bərpa edilib. Azərbaycan ordusu əldə etdiyi yüksəkliklərdə mühəndis istehkam işləri görməyə start verib. Hətta erməni tərəfi Azərbaycan ordusunun yolda şlaqbaum qurduğunu bildirib. Ehtimal edilir ki, həmin yolda nəzarət buraxılış məntəqəsi də qurulacaq. Bu həm də o anlama gəlir ki, Azərbaycanla Ermənistan arasında ilk nəzarət buraxılış məntəqəsinin yeri məlumdur.
Azərbaycan tərəfi bu əməliyyatla separatçı rejimin silahlılarını demək olar ki, dəstəksiz qoyur. Əgər Azərbaycan ordusu həmin istiqaməti nəzarəti altına götürməsə idi, Qarabağda ola biləcək hansısa əməliyyat zamanı separatçılara həm silah, sursat, həm də döyüşçü dəstəyi gələ bilərdi. Bundan əlavə, Ermənistan ordusu da həmin istiqamətdən asanlıqla hücum həyata keçirərdi. Artıq bu ehtimallar və təhlükə geridə qalmış oldu.
Yeri gəlmişkən, Ermənistan Baş naziri bildirib ki, həmin istiqamətdə Ermənistan sərhəd qoşunları xidmət aparacaq. Son baş verən hadisə sərhəd məsələsi ilə bağlı da ilk işartıdır. Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədində demarkasiyanı demək olar ki, yekunlaşdırmaq üzrədir. Bundan sonrakı mərhələ delimitasiyanın, yəni diplomatlarındır.
Hesab edirəm ki, son iki əməliyyat yekun deyil. Həlqə tamamilə daralandan, bütün yollara nəzarət həyata keçiriləndən sonra separatçı rejimin silahlılarının təmizlənməsi yönündə də işlər aparılmalıdır. Qarabağ daxilində aparılacaq əməliyyatlar silahlıların ərazidən çıxarılması, müqavimət göstərənlərin məhv edilməsi və yuristiksiyanın bərpası yönündə olacaq.
Azərbaycan ordusu istər son iki əməliyyatı, istərsə də bundan əvvəlki əməliyyatları ciddi şəkildə analiz etməli, Qarabağda aparılacaq əməliyyatların da qüsursuz olmasına çalışmalıdır. Çünki Qarabağ istiqamətində Azərbaycan ən azı mülkini və rusları digər silahlılardan ayırmalıdır. Bunu həyata keçirmək üçün Azərbaycan tərəfinin əlində texniki vasitələr, dronlar və hədəfi dəqiq vura biləcək raketlər və artileriya qurğuları mövcuddur.
Onu da qeyd etməkdə fayda var ki, Azərbaycanın komando briqadalarına qoyduğu sərmayə hədər getməyib. Artıq Xüsusi Təyinatlı qüvvələrsiz də komando briqadaları əməliyyat həyata keçirə bilir. Komando briqadalarındakı keyfiyyət artışı gələcək əməliyyatlar və regionda ola biləcək müharibələr üçün Azərbaycan tərəfinin əlini gücləndirmiş olur.
Komando briqadalarında neqativlər var mı? Var, həm də çox. Ancaq buna rəğmən uğurlu əməliyyatlar həyata keçirilirsə, demək ki, o neqativlər də aradan qaldırılsa, daha çox işlər görmək mümkündür.
Səxavət Məmməd
Teref.az
Ardını oxu...
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir.
Bu platformanı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Cumhurbaşaqanı Rəcəb Tayyib Ərdoğan təklif edib və Azərbaycan prezidenti İlham Əliyev dəstəkləyib.
Ancaq müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı artan təxribatları “3+3” platformasına zərbə vurub.
İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir.
Tehran regional əməkdaşlıqdan danışsa da, “3+3” platformasını dəfn etmək üzrədir. İranlı nazir deyir ki, bölgənin məsələləri “3+3” platforması çərçivəsində həll etməlidir.
Biz Ermənistanla və özümüzə aid Qarabağ məsələlərini niyə İranla birgə həll etməliyik? Tehran xülya ilə məşğuldur.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Rusiyaya, Ermənistana, Dünyaya açıq və net demək lazımdır ki, əgər gizli bir işiniz yoxdursa, Laçın yolundan ancaq dinc əhali gedib-gəlirsə, ərzaq və digər ləvazimat daşınırsa, nədən Azərbaycan öz sərhədində buraxılış, nəzarət məntəqisi qura bilməz?! Bunun nə ziyanı ola bilər ki?! Yox əgər siz o yolla silah-sursat daşıdığınıza, terrorçuları silahlandırmaq üçün istifadə edirsinizsə, o zaman bizim də təhlükəsizliklə bağlı addımlar atmağa haqqımız-hüququmuz var.
Lavrovun, Rusiyanın, Ermənistanın həyasızcasına, "10 noyabr sazişində bu nəzərdə tutulmayıb", demələri boş sözdür - yoxdur, lap yaxşı, olmayan nə varsa Azərbaycan qanunları ilə tənzimlənir!
Ölkə 10 noyabr sazişi ilə deyil də, Azərbaycan konstitusiyası ilə idarə olunmalıdı, sərhəd məsələsi məhz Ana Yasada təsbit olunub tənzimlənir.
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Türklərin ən qədim miflərindən olan Göktürk Mifologiyasında türk millətinə adını vermiş və adı “türk” olan bir “Ata” var. Göktürklərin Aşina soyundan olan bu Ata Köğmen dağlarında ilk atəşi yandıran, millətini donmaqdan xilas edəndir. Və iştə “O millət” onu “Baş” seçib TÜRK adlandırır.
Bu mif Göktürklərin 4-5-ci əsrlərinə aiddir. Əsrlər boyu böyük müharibə və qırğınlardan sağ çıxdıqdan sonra Göktürk Dövlətinin qurulmasından bəhs edən mifdir. Və bu Çin yazılı mənbələrində də var.
Millətlər dinlərini dəyişəndə ​​öz əcdadlarını yeni qəbul edilmiş dinin əcdadlarının əcdadları ilə əlaqələndirmək ehtiyacı hiss edirlər.
Türklər müsəlman olduqdan sonra Göktürklərin əcdadı olan Türkü Sami kökənli yəhudilik və islam mənşəli yəhudilik dinlərində Nuhun nəvəsi Yafesin nəslinə bağlayır. Yəhudilər və ərəblər eyni irqdən, yəni semit olduqları üçün onların mifologiyası da eynidir. Yəhudi miflərində Yefet, ərəb miflərində isə Yafəs adlanır.
Oğuz kağan dastanı kimi tanıdığımız mifin İslam variantında Oğuz kağan Anasına “Müsəlman olmasan, südünü əmmərəm” deyir. Oğuz atasını da öldürür. Eposdakı “Ata” fiquru əslində Oğuzların qeyri-müsəlman əcdadlarını simvolizə edir.Oğuz xan müəyyən mənada əvvəlki din xadimlərini məhv edir və Türk Millətini yeni din olan İslamı qəbul etməyə təşviq edir. Oğuz xaqanını ərəb əfsanələrində Zülkərneynə yamaq, yəhudi əfsanələrində isə Toqarmaya yamaq vuraraq onu ərəbləşdirməyə çalışırlar.
Miflər, dastanlar və rəvayətlər insanın şüuraltının ən dərin emosional mərkəzlərinə o qədər təsir edir ki, kütləni bir anda hərəkətə keçirə bilir. Təbii ki, mifologiyaları yaradanlar həmin cəmiyyətin şüuraltında olan arxetipləri bilən, mif, dastan və rəvayətlərə yiyələnmiş insanlardır.
Nuray Bilgili..
Teref.az
Ardını oxu...
Məncə, Qarabağdakı separatçı-cinayətkar rejimin əsas təchizatı Rusiya "sülhməramlıları" tərəfindən elə Laçın yolu vasitəsi ilə daşınır.
XİN bəyan edib ki, Laçın rayonu ilə Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırılmalıdır. Hazırda həmin nöqtədə Rusiya ordusunun postu var, dövlət və quru qoşunlarının bayraqları asılıb, erməni və rus dillərində "xoş gəlmisiniz" lövhəsi qoyulub.
Onların yerində Azərbaycan Respublikasının dövlət qurumlarının fəaliyyəti təmin olunmalıdır.

Elçin Rüstəmli - ekspert
DİA.AZ

Ardını oxu...

Emmanuel Makronunun yeritdiyi siyasət əleyhinə iğtişaşçılar törədənlər “Krala ölüm” şüarları səsləndirdiyinə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralının xaricə ilk rəsmi səfəri baş tutmadı. "III Çarlz, gilyotinin ( bədənin boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alət) nə olduğunu bilirsinizmi?" kimi hədələr öz işini gördü...

Fransa niyə od içindədir? Çünki Emmanuel Makron hökuməti Fransada təqaüd yaşını 62-dən 64-ə qaldırmaq istəyir. Deyim ki, bu, bütövlükdə Qərbin problemidir. Niyə? Çünki əhali sürətlə qocalır. Gənc nəsil isə yaşlılara nisbətdə azlıqdadır. Yəni gənc azlıq yaşlı çoxluğun maddi təminatını həyata keçirməkdə çətinlik çəkir. Ona görə də Qərb ölkələri gənc mühacirlərə oturum verməkdə maraqlıdır. Niyə? Çünki Qərbdə dünyaya gələnlərin sayı dünyadan gedənlərin sayından kəskin şəkildə azdır...

Azərbaycanda da təqaüd yaşını artırmaq istəyirlər. Bizdə əhalinin sürətlə yaşlanması prosesi getmir. Yəni Qərbi bu kimi addımlara sövq edən amil Azərbaycanda mövcud deyil. Ancaq Azərbaycan hökuməti süni şəkildə yaşlı insanların daha gec təqaüdə çıxmasına nail olmaqla dövlətin onlara verdiyi simvolik xarakterli təqaüdü də kəsməyə çalışır...

Elbəyi Həsənli - DİA. AZ
Ardını oxu...
Regional təhlükəsizlik immunitetini gücləndirə biləcək zərif bir proses var.

Bu, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının səyi ilə görüşləridir.

Avropa İttifaqı Rusiya və ABŞ-nin bir birinə qarşı gərilən maraqlarını yumşaldan platformadır.

Daha doğrusu belə idi, lakin Fransanın səyləri ilə bu prosesə zərbə vuruldu, ardınca Avropa İttifaqı balansdan çıxdı və üzərindəki ABŞ kölgəsi geniş spektri əhatə etdi.

Rusiya Avropa İttifaqına ondan sonra meydan oxumağa başladı, lakin bu gün bir az o köhnə xəttə qayıdış müşahidə edildi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevlə və Nikol Paşinyanla danışıqlarından sonra Qarabağda baş verənlər bunun dəlili kimi görünə bilər.

Qısası, Avropa Birliyinin moderatorluğu bütün tərəflərə sərf edir. Ancaq bu modeli zədələmək meyli o zaman inkişaf edir ki, ABŞ və Rusiya öz diktələrini qılınc kimi Avropa İttifaqı üzərinə qaldırır, Ermənistan da bundan sui-istifadə edir...

Aqşin Kərimov - DİA. AZ
Ardını oxu...
Bakının bütün xəbərdarlığına rəğmən, ermənilər Qarabağa silah-sursat daşıyır, canlı qüvvə cəlb edir, hətta daşımaları daha rahat həyata keçirmək üçün yeni yol çəkirlər. Rusiya sülhməramlıları da faktiki onların mühafizəçisi rolunda çıxış edir.

Xəbərdarlıqlar praktiki addımla da edilməlidir, əks təqdirdə, nə ermənilər əməllərindən əl çəkəcək, nə də ruslar. Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar.

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
Cənubdan Bakıya qarşı irəli sürülən təhdidlər və iranlı generalların Azərbaycan sərhədinə intensiv səfərləri bu sualı aktuallaşdırır.
Bu gün İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzi Azərbaycanla sərhəddə gəlib və “Azərbaycan-Ermənista arasındakı olan problemin diplomatik yolla həllinə ümid edirik” deyib, “müharibə və qan heç kimə fayda verməyib” kimi təhdid xarakterli tövsiyə də səsləndirib.
SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkib, “Aşura” adlandırdıqları sərhəd birliyinin döyüş qabiliyyətini yoxlayıb.
Son dövrlər daha çox videobloqerliklə məşğul olan SEPAH-ın Araz sahili üzərindən Azərbaycana uçan dronlarlarla çıxardığı kino, İran hərbi hava qüvvələrinin Azərbaycanla sərhəddə patrul xidməti aparmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirildiyi haqda məlumatlar, “Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik...” kimi açıq mətnli təhdidlər də bu kontekstdə diqqət çəkir.
İranın Azərbaycana ritorik hücumunun iki mümkün səbəbi görünür:
Birincisi, Azərbaycan və Ermənistan arasında mümkün eskalasiyanın yaşanmasıdır: Bakı-İrəvan xəttindəki ritorika gərinliyin yaşana biləcəyi gözləntisini artırır, xüsusilə Ermənistan Aİ missiyasını legitimləşdirmək, Azərbaycanı “təcavüzkar” göstərmək və ümumilikdə danışıqların gündəliyini tamamilə yeniləmək məqsədilə sərhəd döyüşlərində maraqlıdır; buna paralel olaraq, İrəvanın sülh müqaviləsi ilə bağlı sərgilədiyi mövqe də eskalasiyanı yeganə seçimə çevirir və bu mənzərə fonunda Tehran Bakıya “hədə-qorxu” gəlməklə Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirir;
İkincisi, Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirmək erməni diasporu/lobbisinin dəstəyini qazanmaq, Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı vermək və bununla İrana hərbi müdaxilə ssenarisində cəbhənin genişlənməsinin qarşısını almaq istəyirlər;
Tehrandakı mollalar iddia edirlər ki, mümkün eskalasiyada Azərbaycan İran-Ermənistan sərəhədini – Zəngəzur dəhlizini nəzarətə götürəcək, halbuki, Bakının belə bir planının olduğuna dair heç bir işarə yoxdur, xüsusilə mövcud vəziyyətdə Azərbaycan buna getmək fikrində deyil. Hərçənd, mollalar bütün iddialarını bu kontekstdə qurmaqla Bakıya təzyiq hücumlarına haqq qazandırmağa çalışır və belə görünür ki, Tehran bu bəhanə ilə Azərbaycanla sərhəd boyunca hərbi qüvvələri artırmaq niyyətindədir, çünki özlərini İrana mümkün hərbi müdaxilədə bu coğrafiyanın platforma olacağına inandırıblar. Və bütün bunların fonunda İran həm daxili, həm də xarici təhlükələrdə istiqaməti yayındırmaqda Azərbaycanı “zəif bənd” olaraq görür.
Bu baxımdan, İran müdaxilə edə bilməsə də, Azərbaycanla sərhəddə hansısa təxribatlara əl atacağı da istisna edilməməlidir. Çünki Tehran Bakıya ilk atəş açan tərəf olmaq istəmir və bunu Azərbaycanın etməsi üçün əlindən gələni edir. Bu qədər təxribat xarakterli bəyanatların verilməsi də Azərbaycanı təhrik etmək məqsədi daşıyır.
Asif Nərimanlı
Teref.az
 

Dünyapress TV

Xəbər lenti