Ardını oxu...
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib.
Ölkə başçımız beynəlxalq konfransda çıxışında deyib ki, biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.
Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi”.
Bəli, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan olunması haqqında Sərəncamı Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın yaradılmasının 270 il dönümü oldu. Eyni zamanda 2022 –ci ilin "Şuşa İli" elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisi olmaqla yanaşı dövlət başçısının xalqa bəxş etdiyi Qarabağ Azərbaycan olmaqla Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli tarixi hadisə idi. Belə ki, "Şuşa İli"ndə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin görülməsi, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bir daha göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ən əsası isə, düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti "Şuşa ili"ndə həyata keçirdi və bu proses bu gün də davam edir.
Bildirilib ki, "Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi". Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır".
Ölkə başçımız bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: "Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".
Dövlətimizin başçısı onu da vurğulayıb ki, 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi: "Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi".
İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlətimizin başçısı qeyd edib: «İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.
Ermənilərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşündüklərini deyən dövlətimizin başçısı bildirib: “Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər”.
Həmçinin cənab Prezident çıxışında bir daha bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək. “Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.
Bəli, əsrlərin sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır və bu bütün dünya üçün bir nümunədir.
Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaqdır.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az
Ardını oxu...
ABŞ tərəfindən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı yeni açıqlamalar verilib.

Rəsmi Vaşinqton Qarabağda yaşayan ermənilərin “müstəqillik” və ya “öz müqəddaratını təyin etmək hüququ” kimi tələblərini absurd hesab etdiyi bildirilib.

Üstəlik, Qarabağda yaşayan ermənilərin sadəcə Azərbaycanın tərkibində etnik azlıqlardan biri kimi görmək istədiklərini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın diqqətinə çatdırılıb.

O da qeyd olunub ki, yekun sülh sazişinin müzakirə edilən ilkin variantında hələlik 14 bənd və 3 fəsil var. Danışıqların uğurlu gedəcəyi təqdirdə, tərəflər arasında sülh sazişinin imzalanma ehtimalının real olduğu da vurğulanıb.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də ölkəsinin Cənubi Qafqazdakı sülh prosesinə sadiq olduğunu açıqlayıb.

Qeyd edək ki, son zamanlarda ABŞ-ın Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında fəallıq nümayiş etdirdiyi görünür. Ağ Ev Kremli Cənubi Qafqazdakı proseslərdən sıxışdırmağa və onun mövqeyini zəiflətməyə çalışır. Bunun isə rəsmi Moskvanın təpkisinə səbəb olduğu açıqdır.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun da son açıqlaması bunu biruzə verir. Onun Rusiyanın olmadığı heç bir vasitəçiliyi məqbul saymadıqlarını deməsi diqqət çəkib. Ekspertlər də hesab edirlər ki, Rusiya ABŞ-ın vasitəçiliyilə sülhün əldə olunmasına əngəl olmaq üçün təxribatlar törədə bilər.

DİA.AZ-ın məlumatınaa görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya bölgədə sülhün və əmin-amanlığın olmasında maraqlı deyil:

“Ötən gün Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun “biz yalnız Rusiyanın iştirakı ilə tərəflər arasında hansısa sülh müqaviləsinin imzalanmasını məqbul sayırıq” açıqlaması diqqət çəkdi.

Əlbəttə ki, həmin sözlər Peskova deyil, Putinə aiddir. Onlar Qərbdəki görüşləri ciddi qəbul etmirlər. Bu isə o deməkdir ki, Putin açıq şəkildə Azərbaycanı və Ermənistanı hədələyir ki, siz ABŞ-da hansısa razılağa gəlsəniz belə, mən bunu pozmağa çalışacam.

Hesab edirəm ki, ABŞ-la Rusiya arasında şərəf müharibəsi gedəcək. Yəni kimin sözünün həqiqət olduğunu görəcəyik. Fikrimcə, Vaşinqton bu dəfə Moskvaya o imkanı verməyəcək. Üstəlik, Ermənistan da ABŞ kimi nəhəng bir dövlətin təşkil etdiyi görüşü pozmayacaq.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma ehtimalı yüksəkdir. Bəlkə də Ukraynanın əks-hücumlarının başlamasından sonra Rusiyanın Cənubi Qafqazla məşğul olmağa heç vaxtı da olmayacaq. Bunun məsələyə birbaşa aidiyyəti olmasa da, dolayısı ilə təsiri ola bilər. Hər halda, Kreml dünən öz çirkin niyyətini bəyan etdi”.

Ekspert vurğulayıb ki, Azərbaycan heç bir halda Qarabağda olan erməni icmasına “öz müqəddəratını təyin etmək”, eləcə də “müstəqillik”lə bağlı söz verməyib və verməyəcək:

“Sadəcə, onlara mədəni muxtariyyət verilə bilər. Necə ki, Azərbaycan ərazisindəki azsaylı xalqların mədəni muxtariyyəti var. Yəni ancaq bu şəkildə qəbul oluna bilər.

Amma görünən odur ki, Rusiya prosesə müdaxilə etmək və müəyyən absurd təkliflərini irəli sürmək istəyir. Düşünürəm ki, Azərbaycan Rusiyanın bu çirkin niyyətini var gücü ilə uzaqlaşdırmalıdır.

Kremlə başa salınmalıdır ki, bizim məqsədimiz sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasıdır. ABŞ-ın isə məqsədi odur ki, tərəflər normal qonşuluq şəraitində yaşayışlarını davam etdirsinlər”.

Üzeyir Cəfərov qeyd edib ki, Rusiya yenidən təxribatlar törətməyə cəhd edir:

“Amma bu dəfə onlarda alınmayacağını düşünürəm. Son 3 gündür ki, Rusiya Müdafiə Nazirliyi atəş səslərinin eşidilməsi ilə bağlı açıqlama verir, amma atəşi kimin açdığını demir.

Yəni Moskva təxribat xarakterli bu cür məlumatlar yayır ki, tərəflər bir araya gəlsə də, aralarında gərginlik hökm sürsün. Rusiya isə guya bu gərginliyin azaldılması rolunda çıxış edir.

Aydın məsələdir ki, onlar müəyyən təxribatlara cəhd edəcəklər. Biz isə bu təxribatların qarşısını almalı və onlara əvvəlki imkanları verməməliyik”.
Ardını oxu...
Kremlin vurulmasının arxasında Kiyevdən daha çox, Moskva görünür:
- Rusiya ictimai rəyinə Ukraynada itkilər hesabına olsa da, aparılan müharibənin lazımlılığı bir daha göstərilir.
- Rusiyanın Kiyevə zərbələr endirməsi legitimləşdirilir: Dövlət Dumasında Zelenskinin ofisinin vurulması çağırışları edilib.
- ABŞ başda olmaqla Qərb cəbhəsinə Ukraynanın onların istəyinin əksinə olaraq, müharibənin arealını genişləndirdiyi mesajı verilir, bununla Kiyevə olan inamı zəiflətməyə çalışırlar.
Təkcə zərbələrin effektsiz olması yox, nəticələr də hücumda diqqəti Kremlin üzərinə cəmləyir.
Bu hücumun 9 may paradından öncə olması da təsadüfi deyil: bəllidir ki, Putin paradda müharibənin vacibliyindən və yeni hədəflərdən danışacaq, Kremlə hücum onun arqumentlərini gücləndirən amildir.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Hər bir ölkənin öz “uğur düstüru” var, uzun illər, məsələn, ABŞ-da “amerikan arzusu” deyilən anlayış var, mənası da odur ki, istənilən şəxs, miqrantlar da daxil ABŞ-da uğur qazana, yoxdan var ola, varlana bilər. Amma elə ABŞ-ın özündə uzun illər qaradərili vətəndaşlar ancaq idmanda uğur qazana, idman, və ya şou-biznes sahəsində varlana bilirdilər, çünki təhsilə çıxışları məhdud idi, ABŞ-da təhsil həmişə böyük pul tələb edirdi. Son 30-40 ildə bu dəyişdi, qaradərililər təhsil almağa hüquqşünas, həkim, siyasətçi kimi öz uğur hekayələrini yaratmağa başladılar.
Bizim məmləkətdə uğur qazanmağın hələ də iki yolu inhisara alınmayıb – idmançı, çempion olursan, Dövlət Baba sənə ev, maşın, pul, formal, amma yüksək vəzifə verir, ya da, müxtəlif üsullarla şou-biznesə daxil olursan, Dövlət tədbirlərində mahnı oxuyub şeir deyirsən, buna görə də Dövlət sənin vergi vermədiyinə, leqal fəaliyyət göstərmədiyinə göz yumur, əvəzində sən də toya gedirsən, məclis aparırsan, ya da Dövlətin kreslolarında oturanların yatağında uzanırsan – vəssalam, ev, maşın, hörmət, Azərbaycansayağı “uğur hekayəsi” qurursan.
İdaman, incəsənət çox gözəl sahələrdir, “sağlam bədəndə sağlam ruh”, prinsipi yaradır, amma hansısa məmləkətdə istrarla “uğur hekayəsi” ancaq idman və şou-biznesdə mümkünlüyü haqqında hər gün TV-lərdə təbliğat gedirsə, o zaman idmanın da, incəsənətin də zayı çıxır, bir çox valideynlər uşaqlarını elmdə, biznesdə, siyasətdə deyil də, bu sahədə görmək üçün çalışırlar. Hətta öz övladlarına yaxşı təhsil verənlərin çoxu da öz uşaqlarına gələcəkdə elə Dövlət işində, məmur kimi görməyi arzulayırlar, çünki idamanda, incəsənətdə bacarıq, istedad da lazımdır, amma görünən odur ki, məmur olmaq üçün ingilis dili bilmək, hansısa Avropa ölkəsindən diplom almaq bəs edir.
Natig Cəfərli
Teref.az
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”.
Putin bu mesajıyla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır.
Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər. Deputatların müraciətində bu cümlələr var: “Azərbaycanlılar İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”.
İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti tarixi hadisədir. Birincisi, 32 deputat İsrail parlamentinin bütün üzvlərinin dörddə biridir. Bu say arta da bilər. İranda İslam inqilabından bu yana İsrail düşmən dövlət elan edilib. Halbuki, İranda şah rejimi dövründə Tehranın İsraillə sıx münasibətləri var idi. İran və İsrail ABŞ-ın bölgədəki iki əsas müttəfiqi idi. İrandakı rejim İsraili düşmən ölkə elan etdikdən sonra İsrail də İrandakı rejimə qarşı mübarizəni gücləndirib. İranın nüvə çalışmaları ilk növbədə İsraili narahat edir. Çünki İran nüvə silahı əldə edərsə İsrail hədəf götürüləcək. Buna görə də İsrail hökuməti və israilli deputatları İrandakı rejimin dəyişməsini və bu ölkədə xalq hakimiyyətinin formalaşmasını istəyirlər. İkincisi, İsrail İrandakı prosesləri diqqətlə izləyir və haqlı olaraq bu qənaətə gəlib ki, İranda yaşayan azərbaycanlılar əsas güclərdən biridir. Bu güc İrandakı teokratik rejimi laxladacaq səviyyədədir. İrandakı rejim ən çox azərbaycanlı fəallardan qorxur və ən çox həbs olunanlar da məhz azərbaycanlılardır. Buna görə də İsrai Güney Azərbaycan mövzusuna diqqət ayırmağı lazım bilib.
İsrailin Güney Azərbaycana artan diqqəti İran rejimi ilə yanaşı ona müxalif olan şah tərəfdarlarını da narahat edib. İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkət adlandırıb. Pəhləvi İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib: “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”. Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.
Rza Pəhləvinin atası və babası azərbaycanlılara İrandakı rejimdən az zülm etməyib. Şahın hakimiyyəti dövründə minlərlə azərbaycanlı qətlə yetirilib, həbsxanalar günahsız insanlarla doldurulub. Nəvə Pəhləvinin ilk növbədə şah rejimi dövrünün yumşaq desək səhvlərini etirafı və bir daha bunların gələcəkdə təkrarlanmamasını vurğulaması lazımdır. Ancaq o bunu etmək əvəzinə Güney Azərbaycan amilinə önəm verən İsrailə qəzəblənib. Halbuki, bir müddət əvvəl Pəhləvi İsrailə səfər etməyi lazım bilmişdi. Yəqin Pəhləvi yanlış olaraq düşünüb ki, əgər onu İsrailə dəvət ediblərsə, İran rejiminə əsas alternativ kimi məhz onu qəbul edirlər. Pəhləvi və onun tərəfdarları son aylarda fəallaşıblar, özlərini İrandakı indiki rejimə əsas alternativ kimi göstərməyə çalışır, müxtəlif forum və konfranslarda iştirak edirlər. Buna rəğmən, Qərb ölkələrində siyasi sığınacaq tapan və illərdir İran rejiminə qarşı mübarizə aparan Güney Azərbaycandan olanlar da fəallıqlarını artırıblar və onlar Pəhləvini İrandakı rejimə alternativ kimi görmürlər. İsrail və Qərb ölkələri Pəhləvi ilə dialoqlarına baxmayaraq, İran rejiminə müxalif olan bütün qüvvələrlə təmas qurmağı lazım bilirlər. Bu doğru strategiyadır. Çünki İranda rejimə qarşı mübarizə aparan fərqli millətlər, o cümlədən azərbaycanlılar demokratiya, insan və milli hüquqlar uğrunda mübarizə aparırlar. Onlar ona görə mübarizə aparmırlar ki, Pəhləvi sülaləsi yenidən hakimiyyət başına keçsin.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
Fransanın KTMT ölkəsi olan Ermənistanı silahlandırmasına nə qədər ehtimal vermək olar?..

Politoloq: “Fransanın Ermənistan üçün edə biləcəyi heç bir iş yoxdur. Bütün çağırışların sözdən başqa əməli faydası mümkün deyil”.

“Ermənistanı silahlandırmağa cəhd edilməsi onun dövlət kimi yox olmasını istəmək deməkdir”.

Bu sözləri politoloq Azər Qasımov Fransanın Ermənistanı silahlandırması ilə bağlı artan çağırışları Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna bildirib ki, Fransanın Ermənistandakı səfirliyində müdafiə missiyası açılıb. Bundan əlavə son günlər Fransadan Ermənistana silah verilməsi ilə bağlı çağırışlar daha da artıb.

NATO-nun əsas ölkələrindən biri olan Fransanın KTMT ölkəsi olan Ermənistanı silahlandırmasına nə qədər ehtimal vermək olar və Fransanın Ermənistana silah verməsi Cənubi Qafqazda hansı proseslərə səbəb ola bilər?

Fransanın yeni Ermənistan “sevgisi”ni Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransa Ermənistana kömək etməsi üçün ona nüvə silahı versə belə, Ermənistan onu nə edəcək? Sərhəddinin yanına atacaq?”.

Fransanın Ermənistana silah verməsinin Cənubi Qafqazda erməni adlı toplumun yox olması anlamına gələcəyini vurğulayan politoloq əlavə edib ki, Fransanın ağlı özünə getməsin:

“Fransanın Ermənistan üçün edə biləcəyi heç bir iş yoxdur. Bütün çağırışların sözdən başqa əməli faydası mümkün deyil. Fransa bu günə kimi Ermənistana ona zərbə vurmaqdan başqa hansı köməyi edə bilib ki, bundan sonra da nəsə etsin. Fransa Ermənistana kömək etməsi üçün ona nüvə silahı versə belə, Ermənistan onu nə edəcək? Sərhəddinin yanına atacaq? Sərhəddinin bu başı ilə o biri başı arasında məsafə 2 saat olduğu halda, o ki qala başqa silah verməsi.

Ermənistanı silahlandırmağa cəhd edilməsi onun dövlət kimi yox olmasını istəmək deməkdir. Ermənistanın haradansa silah tədarük etməsi hələ o demək deyildir ki, onu rahatlıqla Ermənistana gətirə biləcək. Hindistandan aldığı deyilən silahları belə hələ ölkəyə gətirə bilmirlər. Rusiya İrana icazə vermir ki, ərazisindən keçirsinlər. Ümumiyyətlə silahlanmaya meyl Ermənistan üçün ən pis yoldur. Unutmasınlar ki, Azərbaycan onların aldığı hər bir silah növünün əvəzinə dəfələrlə çoxunu və müasirini alır və ya ala bilmə imkanı çoxdur.

Fransanın Ermənistana silah verməsi Cənubi Qafqazda erməni adlı toplumun yox olması anlamına gələcək. Fransanın ağlı özünə getməsin. Erməni toplumunun nə imperiya keçmişi, nə də Napoleon Bonapart kimi qəhrəmanları olmayıb ki, ondan həvəslənib yeni avantüralara yelkən açsınlar. Ermənilərin bu durumda yelkən açacağı məkan ancaq “Erablur” qəbiristanlığı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info
 
Ardını oxu...
Artıq bir neçə gündür uzun zamandır Azərbaycan əleyhinə təbliğat aparan, “Kərimə dövlət” adlı bir qondarma “dövlət” qurmaq üçün çalışdıqlarını bəyan edən, habelə Gəncə hadisələrində adları keçən və bununla bağlı Bakı tərəfindən beynəlxalq axtarışa verilən Tohid İbrahimbəyli və Orxan Məmmədovun İran hüquq mühafizə orqanları tərəfindən həbs olunduğuna dair məlumat yayılıb.

Qeyd edim ki, hər iki şəxs vaxtıyla general Qasim Süleymaninin təşəbbüsü ilə yaradılmış, Yaxın Şərq və bölgə dövlətləri üçün nəzərdə tutulan “Hüseyniyun” təşkilatının aparıcı liderləri hesab olunurlar. Lakin İran tərəfi rəsmi olaraq bu şəxslərin həbs olunduğunu hələ də təsdiqləməyib. Yalnız bir neçə sayda bu barədə məlumat gedib ki, onun da mötəbərliyinə tam əmin olmaq mümkün deyil.

Amma bu halın baş verməsi mümkün görünə bilər. Buna səbəb də son zamanlar İran və Azərbaycan arasında ciddi problemlər baş qaldırıb. Hər iki tərəf “cəsus axtarışları”na start verib. Azərbaycan hüquq mühafizə orqanlarının son bir ayda keçiridikləri əməliyyatlar zamanı 400-dən çox İranla bağlı olan şəxsi saxlayıb. Elə İran da boş oturmayıb. Sadəcə, Tehran Bakıdan fərqli olaraq, bu ölkəyə ticarət məqsədi ilə səfər etmiş şəxsləri saxlamağa başlayıb. Yəni, heç bir əsas və hüquqi zəmin olmadan, ağına-bozuna baxmadan Azərbaycan vətəndaşlarını saxlamaqla məşğuldur.

Son günlər Tehranın təşəbbüsü ilə Bakı ilə bəzi təmasların bərpa olunması münasibətlərin düzələ biləcəyinə müəyyən ümidlər yaradıb. Belə ki, İran XİN başçısı Hüseyn Abdullahian və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında bir neçə telefon danışıqları olub. Həmin danışıqlarda münasibətlərin yenidən qurulması məsələsi müzakirə edilib. Ardından isə İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şəmxaninin Bakıya səfər etməsinin mümkünlüyü bildirilir.

Bütün bunlar, parçalar birləşdirlərsə, vəziyyətin kritik dönəmdən yeni mərhələyə çıxış üçün zəmin olduğunu deməyə imkan verir. Bu fonda Tohid və Orxanın saxlanılması belə deməyə əsas verə bilər ki, İran uzun zamandır Azərbaycanın israrla ekstradasiyasını tələb etdiyi hər iki şəxsi qurban verməyə hazırdır. Təki, münasibətlər normallaşsın. Ancaq məsələyə bu qədər bəsit baxmaq da olmaz.

Əvvəla nəzərə alaq ki, Tohid və Orxan uzun zamandır İranda yaşayır, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış şəxslərdirlər. Onların İran vətəndaşı olmaları də qəti şübhə doğurmur. Çünki İran kəşfiyyatı öz yetişdirdiyi adamları belə bir pasportla təmin etməmiş, bu cür oyunların içinə daxil etməz. Belə olan halda, İranın onları həbs etdikdən sonra Azərbaycana təhvil verməsi də indnaıdırcı deyil. Ona görə ki, Tohid və Orxanın İran vətəndaşı olmasını əsas gətirib, onlarla bağlı tədbiri özləri görəcəyini bildirəcəklər.

Təsəvvür edin ki, İran uzun illərdən bəri özünə agent yetişdirib. Onlar üçün xeyli xərc çəkib. Təlimlər, təlimatlar, hazırlıqlar və bir sıra əməliyyatlara salıblar. Paralel olaraq, Tohid və Orxan həm də sirr daşıyıcılarıdır. Onlar ETTELAT və ya SEPAH-ın kəşfiyyat qolunun “mətbəxindən” müyyən qədər xəbərdardırlar. Əllərində kifayət qədər qiymətli məlumatların olması da şübhəsizdir. Üstəlik, onlar Azərbaycandakı şəbəkənin hansı miqyasda və kimlərdən təşkil olunduğunu da bilirlər. Belə olan halda, İran həmin sirr daşıyıcılarını Azərbaycana verərmi? Nəinki İran, heç bir ölkə belə bir addım atmaz. Belə bir addım atmaq, həmin ölkənin başqa bir ölkələrdəki bütün agent şəbəkəsində etimadsızlıq yaratmaqla yanaşı, həm də cəsusluqdan və ya İrana işləməkdən imtinalara gətirib çıxara bilər. Ona görə də, İran heç vaxt bu riski gözünə almayacaq və Tohidlə Orxanı Azərbaycana ekstradasiya etməyəcək.

Amma hər iki adamın həbsindən manipuliyativ vasitə kimi istifadə edəcək. Azərbaycana “sizə qarşı təbliğat aparan, təxribatçılıqla məşğul olan adamları həbs etdik, onları özümüz cəzalandıracağıq” deyəcəklər. Ekstradasiya isə olmayacaq.

Tohid və Orxanın həbsi təkcə, İran-Azərbaycan münasibətlərini normallaşdırmaq üçündürmü? Nəzərimcə, İranın başqa bir problemi daha var. Bu problem barədə indiyə qədər müəyyən qədər danışılıb. Lakin qalmaqal səviyyəsinə çatmayıb. Amma Laçın-Xankəndi yolu üzərində Sərhəd Nəzarət Məntəqəsi və Gömrük xidmətinin təşkil olunmasından sonra durum daha ağır şəkil ala bilər. Söhbət İranın Qarabağa göndərdiyi hərbi instruktorlarından gedir.

Xatırladım ki, Azərbaycan tərəfi hələ bir müddət əvvəl bildirmişdi ki, İrandan Qarabağa xeyli sayda adam göndərilib. Hətta onların bir çoxunun pasport görüntüləri belə yayılmışdı. Həmin şəxslərin Qarabağa nə üçün getdikləri barədə təfsilatı ilə bağlı heç nə deyilmirdi. Lakin Bakının narazılığından aydın olan o idi ki, İran SEPAH-ın Bəllucistandakı bazasından Qarabağa göndəridyi həmin şəxslər nə fəhlə, nə də mühəndislərdir. Onlar Qarabağdakı separatçılara dağlıq ərazidə döyüşməyi, habelə İran istehsalı olan silahlardan istifadəni öyrətməklə yanaşı, beton bunkerlərin (ermənilər bundan köhnə cəbhə xətti boyunca geniş istifadə etmişdilər) inşasını həyata keçirən mütəxəssislərdirlər.

Niyə məhz Bəllucistandakı bazadan? Bəllucistan dağlıq ərazidir, orada Bəlluc Azadlıq Ordusuna qarşı davamlı əməliyyat keçirildiyindən SEPAH-ın sözügedən məntəqədəki bazası bu istiqamətdə yaxşı təcrübəyə malikdir. İkincisi, bu bazanın hərbçiləri olduqca qəddar adamlar hesab edilirlər.

Bəs, İranın narahatlığı nədir? Özəl mənbələrdən əldə etdiyim məlumatlarda qeyd edilir ki, hal hazırda Qarabağda İran tərəfindən göndərilmiş “mütəxəsisslərin” sayı 120 nəfərdir. Onlar Qarabağdakı separatçıların qondarma “müdafiə ordusu”nun geyimində dolaşırlar. Davamlı təlimlər keçməklə bərabər, həm də Qarabağda beton istehkamlar qurulması prosesinə nəzarət edirlər.

Problem odur ki, həmin 120 nəfər Qarabağdan çıxarıla bilmir. Hazırda da Xankəndidədirlər və İran onları çıxarmaq üçün bütün imkanlarından istifadə etməyə başlayıb. Laçın dəhlizi bağlandıqdan sonra isə əlavə problem də yaranıb ki, SEPAH-ın 120 nəfərlik qrupu Ermənistana çıxmaq imkanlarından məhrum olublar.

İranı indi narahat edən əsas məqam odur ki, əgər həmin 120 terrorçu Azərbaycanın əlinə keçərsə, bu onlar üçün ciddi başağrısı olmaqla yanaşı, həm də əlavə problemlərə yol açacaq. Söhbət təkcə, Azərbaycan və İran arasındakı gərginliyin daha şiddətli şəkil almasından getmir. Həm də İranın bölgə ilə bağlı bir çox planlarının iflasa uğraması reallaşacaq, həm də beynəlxalq qalmaqala səbəb olacaq.

Görünən və bilinən, həm də odur ki, İran Tohid və Orxanı təkcə, münasibətləri düzəltmək üçün deyil, həm də 120 SEPAH terrorçusunu Qarabağdan çıxarmaq üçün həbs edib və onları qurban verməyə hazırlaşır.

Bir daha qeyd edirəm ki, İran bu prosesdə bir çox öhdəliklər üzərinə götürməyə razı olacaq, lakin Tohidlə Orxanı ekstradasiya etməyəcək.

Bir sözlə, indi bazarlıq vaxtıdır. Azərbaycan və İran nəyi alacaq, nəyi verəcəklər, bunu masa arxasında həll edəcəklər.

Fikrət Fəraməzoğlu
 //jamaz.info//
Ardını oxu...
Ermənistan rəhbərliyi qarabağlı erməniləri siyasi alver hədəfinə çevirərək onların taleyi ilə oyunu tam normal gediş sayır. Bu mənəviyyatsız taktikanın məqsədi isə Rusiyaya təzyiq göstərmə və Qərbdən imtiyazlarla dəstək almaqdır.

Azərbaycanla danışıqlarda Ermənistana təzyiq göstərilir, İrəvan prosesin uzadılması kursunu götürüb.

Bu barədə erməni politoloq Suren Surenyants deyib. O bildirib ki, həm Moskva, həm də Vaşinqton tərəfindən Ermənistana güclü təzyiq var:

“Erməni tərəfinin danışıqları ləngitməsinin səbəblərini açıqlamayacağıq. Niyə belə etdiyi aydındır. Çünki istənilən halda, hansı ölkənin moderator kimi çıxış etməsindən asılı olmayaraq, qərar Ermənistanın xeyrinə olmayacaq. Brüssel meydanının həyat qabiliyyətini itirməsi fonunda Vaşinqton-Moskva rəqabəti açıq-aydındır. Rusiya üçtərəfli görüşü (XİN rəhbərləri) artıq elan edib və ləğv edəcək tərəf üçün ciddi problemlər yarana bilər”.

Surenyants Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın dəhlizinə Fransa missiyasının göndərilməsi ilə bağlı aparılan danışıqlarla bağlı açıqlamasına da münasibət bildirib:

“Qriqoryan hələ də uşaq nağıllarına inanır. Əgər Azərbaycan Rusiya sülhməramlılarının regionda təsirini azaltmağa səy göstərirsə, o zaman Laçında beynəlxalq missiyaya razı olarmı? Əlbəttə, yox! Bu məsələ ATƏT, yaxud BMT-də müzakirə oluna bilər. Azərbaycan ATƏT-də birmənalı olaraq veto hüququndan istifadə edir və BMT Təhlükəsizlik Şurasında isə Rusiya bu hüquqdan istifadə edəcək. Görünür, Qriqoryan tam anlamadığı şeylərdən danışır və onun sözləri çox ciddi qəbul etməməlidir”.

Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyanın "Antiböhran Şurasının rəhbəri" təyin etdiyi Tiqran Petrosyan da Rusiyanın Sülhməramlı Kontingentinin (RSK) komandanlığını və eyni zamanda, rəsmi Moskvanı təhdid etməyə çalışıb.

Onun dediyinə görə, RSK komandanı, general-polkovnik Aleksandr Lentsovla görüşdən narazı qalıb.

"Onunla görüşdük, sərt danışdıq. Dedim ki, qarabağlı ermənilərdə rusiyalı sülhməramlılara olan etibar xeyli azalıb. Əgər belə davam edərsə, deməli, Rusiya da üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozur. Söylədik ki, əgər Laçın yolunda azərbaycanlıların nəzarət-buraxılış məntəqəsi ən qısa zamanda götürülməzsə, BMT-yə və beynəlxalq təşkilatlara müraciət hüququmuzu özümüzdə saxlayırıq. Onu da dedi ki, belə olarsa, istədiyimiz kimi hərəkət edəcəyik", - T.Petrosyan söyləyib.

Onun sözlərinə görə, A.Lentsov əsas vəzifəsinin Azərbaycanın sərhəd-nəzarət buraxılış məntəqəsinin götürülməsi olduğunu və bu məqsədlə Azərbaycan tərəfi ilə üç-dörd saat danışıqlar apardığını söyləyib: "Ən yaxın günlərdə hər şey bəlli olacaq. Rusiyalı sülhməramlılar öhdəliklərini yerinə yetirməsələr, Rusiyaya qarşı aksiyalar təşkil edəcəyik".

Daha sonra Ermənistan İctimai Televiziyasına müsahibəsində o, Xankəndindəki rejimin Həkəri üzərindəki SNBM-də yüklərin, nəqliyyat vasitələrinin və şəxslərin yoxlanması üçün rentgen skanerlərinin quraşdırılmasına etiraz etmədiklərini vurğulayıb. Amma "bir şərtlə": "Məntəqədə rusiyalı sülhməramlılar olmalı, azərbaycanlılar isə prosesi yalnız onlayn izləməlidir".

Xankəndində Araik Arutyunyanın çantadaşıyanı və "Dombagöz" ləqəbi ilə tanınan, özünü ciddi siyasi fiqur saysa da, maksimum təlxək rolunu bacara biləcək Tiqran Petrosyan deyəsən, hesab edir ki, rusiyalı sülhməramlıların qarşısında hansısa aksiya keçirməklə Moskvanın qərarlarına təsir etmək, yaxud Azərbaycan sərhədçilərinin SBNM-i tərk etməsinə nail olmaq mümkündür.

Aşkar şizofreniya və ya primitiv propaqanda təzahürü kimi dəyərləndirilə biləcək belə açıqlamalarla Xankəndindəki separatçı rejimin digər mənsubları, habelə həmin rejimi devirərək "hakimiyyət"ə gəlmək istəyən hərbi cinayətkar Samvel Babayan, Rusiyanın Xankəndinə yolladığı Ruben Vardanyan və s. də çıxış edirlər.

Onlar taktiki baxımdan aqressiv ritorikanı seçməklə strateji müstəvidə Rusiya Federasiyasının hakimiyyətini RSK-ya "müvafiq göstəriş" verməyə sövq edəcəklərini düşünürlər.

Xankəndindəki isterikanın idarə edildiyi İrəvandakı hakimiyyətlə yanaşı, müxalifət də eyni məcrada hərəkət edir.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşiyanın arvadı Anna Hakopyanın idarə etdiyi "Haykakan Jamanak" ("Erməni vaxtı") qəzetində "Meyvə bağında dayanan sülhməramlı müqəvva"" başlıqlı böyük məqalə dərc olunub.

Yazı İrəvanın rəsmi mövqeyi də sayıla bilər, çünki bu qəzet birmənalı olaraq N.Paşinyanın mövqeyini əks etdirir.

"Haykayan Jamanak" Rusiya Sülhməramlı Kontingentinin (RSK) hərbçilərini bostan müqəvvasına bənzədib: "Sülhməramlı qoşunların fəaliyyəti meyvə bağındakı müqəvvanı xatırladır. Başqa müqayisə mümkün deyil. Müqəvva quşları qorxutmalı və ağacların meyvələrini dimdikdlənməkdən qorumalı idi. Lakin quşlar müqəvvanın sadəcə, bostan oyuğu olduğunu anladıqları üçün ona əsla fərq qoymurlar, istədiklərini edirlər. Bir sözlə, müqəvvaya əhəmiyyət vermirlər və hətta onun başını murdarlayırlar".

Paşinyanın arvadı RSK-nın qarabağlı ermənilərin təhlükəsizliyini təmin etdiyinə və ya edə biləcəyinə inanmır.

Daha sonra isə Rusiya hədələnir, Qərbə tərəf reverans edilir: "Əgər Rusiya qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin qarantı ola bilmirsə, onda BMT Təhlükəsizlik HŞurasının mandatına uyğun olaraq yerlərini beynəlxalq sülhməramlı qüvvələrin gəlişi üçün boşaltmalıdırlar".

Müəllif Rusiyanı birbaşa, açıq şəkildə suçlamasa da, yazının ümumi məzmunu və süjeti "Rusiya pis, Qərb yaxşıdır" narratividir.

O da maraqlıdır ki, Rusiyanın və rusiyalı sülhməramlıların sərt tənqid olunduğu yazı "Haykakan Jamanak"ın saytının rus dilindəki versiyasında yox, sadəcə, ermənidilli versiyadadır.

Anna Akopyanın "baş redaktor" olduğu qəzetin yazı ilə məhz daxili auditoriyaya, ermənilərə xitab etməsi də təsadüfi deyil. 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatan gündən bəri Ermənistan sakinləri arasında Rusiyanı "ermənilərə xəyanətdə və Azərbaycana tam dəstək vermək"də ittiham edənlərin sayı fasiləsiz artır.

Paşinyan administrasiyası da ölkəni Qərbə meylləndirməyə yönəlmiş kursunda zəruri sosial və elektoral baza, habelə ictimai dəstək qismində həmin ermənilərdən yararlanmağa çalışır.

"Haykayan Jamanak"dakı yazı Rusiyada birmənalı mənfi reaksiya doğurub.

Rusiyanın sosial şəbəkələrdəki ən populyar və effektiv təbliğatçılarından olan "Rıbar" baş vermiş olayla yazır: "Əhalinin təqribən 50 faizinin yalnız televiziyaya baxdığı Ermənistanda ənənəvi kütləvi informasiya vasitələrinin çox böyük təsir imkanlarını nəzərə alsaq, belə məqalələr sosiumdakı parçalanmanı daha da gücləndirir. Onlar Rusiyadan şübhələnən, Rusiyaya bədgüman olan insanların sayını artırır və Qərbdə də bunu gözəl anlayırlar. Yaranmış situasiya adi ermənidə Rusiyanın qarabağlı erməniləri qoruya bilməməsi təəssüratı yaradır, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması istiqaməğdə proseslərin davamı üçün gərəkli informasiya fonu yaradır".

Rəsmi İrəvanın təbliğat maşını, siyasətçilər, dövlət mənsubları və s. ilk əvvəl qarabağlı erməniləri, sonra da Ermənistan vətəndaşlarını inandırmağa çalşıırlar ki, Rusiya Sülhməramlı Kontingentinin komandanlığı Azərbaycanın öz ərazisində inşa etdiyi sərhəd nəzarət-buraxılış məntəqəsiniin "təcili götürülməsi"nə nail ola bilər.

Qarabağlı erməniləri siyasi məqsədlərinin qurbanı statusundan xərclənmələri əsla təəssüf doğurmayacaq ünsürə çevirməyə başlamış Ermənistan rəhbərliyi mənəviyyatdan çox uzaq strategiyanı reallaşdırmaq istəyir.

Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdəki ermənilər Nikol Paşinyanla komandası üçün arzuolunmaz insanlara çevriliblər.

Xankəndindəki xunta isə bu istiqamətdə İrəvan üçün adi mexanizmdən savayı heç nə deyil.

Vəziyyəti daha da gərginləşdirmək niyyəti isə Ermənistan üçün baha başa gələ bilər.

Elçin Alıoğlu
Trend
Ardını oxu...
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir.
Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.
1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapdı.
Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərə baxmayaraq müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr görür. Dövlətimizlə yanaşı biz də dilimizin saflığını qoruyub saxlamalıyıq. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda və dövlət idarələrində dilimizdən istifadə edərkən, həmçinin dilimizin saflığının qorunması da düşündürücü məqamlardan biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
 

Dünyapress TV

Xəbər lenti