Ardını oxu...
Təhlillərimdə bir neçə dəfə Azərbaycanla İranın "İrəvan uğrunda" mübarizəsini qeyd etmişəm.
Bəli, İranın son məqsədi Ermənistanı müstəqil dövlət kimi saxlamaq deyil. Onun məramında Ermənistanın lazım olan hissələrini ələ keçirmək cəhdi dayana bilər.
Artıq bir neçə gündür ki, İran mediası Ermənistanın baş naziri Nikol Paşinyanı da "edam kürsüsünə" çıxarıb.
Yəqin düşünülür ki, Paşinyan Azərbaycanla Türkiyə qarşısında böyük güzəştlərə gedəcək...
Aksin Kərimov
Teref.az
Ardını oxu...
Kim kimi qabaqlayacaq? Kreml təmas xəttindəki toqquşmadan dərhal sonra Azərbaycan və Ermənistana Moskvada görüş təklifi edib. Toqquşmadan bir neçə gün əvvəl isə görüşün Vaşinqtonda keçirilməsi təklif edilmişdi. Brüssel də növbədə gözləyir. Azərbaycan və Ermənistan liderləri arasında görüşün birinci hansı paytaxtda keçirilməsi uğrunda yarış başlayıb. Görüş məkanlarının əhəmiyyəti və fərqi nədədir?
Moskva, Vaşinqton və Brüsselin hər üçü sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Ancaq Kreml indidən tərəflərə mesaj göndərir ki, sülh sazişi Vaşinqton və ya Brüsseldə imzalanarsa, bu uzunömürlü olmayacaq. Bu o deməkdir ki, sülh sazişi Qərbdə imzalanarsa Rusiya buna müxtəlif yollarla mane olacaq, təmas xəttində gərginlik azalmayacaq. Bəs sülh sazişi Moskvada imzalanarsa nə baş verəcək, Vaşinqton və Brüsselin reaksiyası necə olacaq? ABŞ və Avropa İttifaqının əllərində Rusiya kimi bölgəni qarışdıracaq alətləri yoxdur. Bu onlara lazım da deyil. Vaşinqton və Brüsselə Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıq, o cümlədən Rusiyanın təsirinin azalması lazımdır. Bu olacaqsa, ABŞ və Avropa İttifaqı məmnun qalacaq. Ancaq Kreml Azərbaycanla Ermənistan arasında barışın əldə olunmasını ona görə təmin etmək istəmir ki, bölgə ölkələri ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirsinlər. Bu Kremlin maraqlarına ziddir. Rusiya paytaxtında imzalana biləcək mümkün sülh sazişi bölgədə Rusiyanın təsir imkanlarını artırmağı hədəfləyir.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Siyasi ekspertlər Ermənistan ordusunun aprelin 11-də Laçın rayonu istiqamətində törətdiyi hərbi təxribatın arxasında üçüncü dövlətlərin dayanması qənaətinə gəlib.

Eskalasiyanın baş verməsi Azərbaycana və Ermənistana təzyiqin artması kimi qiymətləndirilir. Bölgədə sabitliyin pozulmasında daha çox Rusiyanın maraqlı olduğuna dair rəylər üstünlük təşkil edir. Ümumiyyətlə, son günlər Kremlin həm Azərbaycandan, həm də Ermənistandan narazı qalması üçün kifayət qədər ciddi proseslər baş verir. Yeni geosiyasi konyuktur Rusiyanın və İranın maraqlarına cavab vermir. Aprelin 7-də Baş nazir Nikol Paşinyan Ermənistanın Laçın dəhlizi istiqamətində sərhəddin 12 kilometrlik hissəsinin 7 kilometrini Azərbaycanla razılaşdırdığını və delimitasiya prosesinin kartoqrafların iştirakı ilə baş tutduğu barədə açıqlama verir. Paşinyan sərhəd xəttinin qalan 5 kilometrlik hissəsi üzərində də işlərin davam etdirldiyini bildirir. Hətta Ermənistanın Baş naziri Dığ-Gornuzor istiqamətində vəziyyətin xeyli yaxşılaşdığını deyir. Görünür, bu vəziyyət hansısa tərəfi qane etməyib. Həm delimitasiya prosesinin başlanması, həm də ermənilərin Gorus-Laçın-Xankəndi yolundan təhlükəsiz istifadəsi üçün imkanın yaranması dəhlizə nəzarət edən Rusiya sülhməramlı qüvvələrinə ehtiyacın olmaması deməkdir. Aprelin 10-da isə Gorus-Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quraşdırması barədə məlumat yayılır.

Bu da öz növbəsində, bölgədə kommunikasiya vasitələrinə nəzarətin Azərbaycanın nəzarətini təmin etməklə yanaşı, Ermənistanın Qarabağdakı erməni silahlı birləşmələrinin əlaqəsinin kəsilməsi deməkdir. Status-kvonun dəyişməsi Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda zəifləyən Rusiyanın Azərbaycan və Ermənistan üzərində həm geosiyasi, həm də hərbi təsirinin aradan qalxmasına gətirib çıxara bilər. Paralel olaraq, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasını Azərbaycanla sərhəddə buraxmaması Moskvada qəzəblə qarşılanmışdı və atəşkəsin pozulması bunun üçün müəyyən əsaslar yarada bilər. Aprelin 5-dən 7-dək ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Patrik Ellis Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib. Çünki ABŞ generalı İrəvan döndükdən bir neçə gün sonra Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfər edir.

Aprelin 10-da Papikyan NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında qəbul edilir. Təbii ki, KTMT üzvü və Rusiya ilə hərbi müttəfiq olan Ermənistanın ABŞ və NATO ilə hərbi əməkdaşlığı dərinləşdirmək qərarı Moskvada sakit qarşılana bilməzdi. Bu baxımdan, Azərbaycan sərhədində baş vermiş hərbi təxribat Rusiyanın regiondakı son proseslərə reaksiyası idi. Eyni zamanda, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri də geostrateji əhəmiyyət daşıyan sazişlərin imzalanması ilə müşahidıə olunub. Xüsusilə də Qazaxıstan neftinin və digər yüklərin Rusiyadan yan keçməklə Orta dəhliz vasitəsilə nəqlinə dair razılaşmalar da çox güman ki, Kremlin etirazına səbəb olub. Moskva Orta dəhlizin keçdiyi Zəngəzurda münaqişəni alovlandırmaqla “oyun”u pozmağa çalışır. Nəhayət, sərhəddə təxribatın mühüm səbəblərindən biri Azərbaycan və Ermənistan liderlərinin ABŞ-ın vasitəçiliyi ilə görüşünün təşkili barədə yayılan məlumat ola bilər. Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Dövlət katibi Entoni Blinkenin tərəfləri Vaşinqtonda bir araya gətirmək istədiyini yazıb.

“Diplomatik mənbəmizin sözlərinə görə, indiki mərhələdə avropalılar Ermənistan-Azərbaycan danışıqlar prosesinin qarşıdan gələn görüşünü öz himayəsi altında keçirmək, xüsusən də İlham Əliyev və Nikol Paşinyan yaxın həftələrdə Brüsseldə görmək istəyirlər. Avropa tərəfinin bu qədər marağına baxmayaraq, ilkin razılaşmaya görə, mayın ikinci yarısındakı görüş böyük ehtimalla Vaşinqtonda baş tutacaq”,-deyə qəzet yazır.

Xarici İşlər Nazirliyindəki mənbə onu da bildirib ki, danışıqların Vaşinqtonun aparılması məsələsində tərəflərin yanaşmaları üst-üstə düşür. “Görüşün keçirilməsi təşəbbüsü bu məsələdə nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ dövlət katibi Entoni Blinkenə məxsusdur”, - deyə “Past”qəzeti qeyd edir.

TEREF.AZ-ın məlumatına görə, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan ordusunun Laçın istiqamətində atəşkəsi pozması birmənalı şəkildə təxribatdır.

Lakin politoloq hesab edir ki, bu silahlı toqquşma yalnız Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşəcəyinə dair məlumatla bağlı deyil:

“Ermənistan hərbçiləri ilə ABŞ və NATO hərbçiləri arasında təmasların baş verməsi bu prosesin bir tərəfidir. Nəzərə almalıyıq ki, Azərbaycan hərbi komandanlığı ilə də ABŞ arasında intensiv müzakirələr gedir. Bu günlərdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da ABŞ-a səfər edib və Pentaqon rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparıb. Göründüyü kimi, ABŞ Cənubi Qafazda sülh prosesinə yalnız diplomatik yolla deyil, həm də hərbi vasitələrlə daxil olamağa başlayır. Bu isə Rusiyanı narahat etməyə bilməz. Maraqlı olan isə bu təxribatın Azərbaycan-Ermənistan şərti sərhədində törədilməsidir. Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə yerləşdirilməsindən sonra faktiki olaraq, təxribatların, qarşıdurmaların mərkəzi Azərbaycan ərazisinə, yəni Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət zonasına keçirilmişdi. Həmin bölgədə də sülhməramlılar erməni separatçılarını silahlandırır, onlarla faktiki olaraq, müttəfiqlik edir və sairə. Bu dəfə güc sərhəddə nümayiş etdirildi. Rusiya bu mesajı verməklə demək istəyir ki, sərhəddə avropalı müşahidəçilərin yerləşdirlməsinə baxmayaraq, biz öz siyasətimizi yürüdürük, resurslarımız var və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Təbii ki, baş verən təxribat Rusiyanın güc nümayişi idi və bu mesajı yüngül qəbul etmək lazımdır. Bu, Rusiyanın vəziyyətə istənilən an müdaxilə etmək imkanına malik olduğunu göstərir. Fikrimcə, buna adekvat reaksiya olmalıdır. Amma hərbi-siyasi xarakterli reaksiyanı qarşı tərəf, yəni ABŞ, yaxud NATO göstərməlidir”.

O bildirib ki, Rusiyanın Cənubi Qafqaz üzərindən qurduğu planlarda heç Çin də, Türkiyə də maraqlı deyil:

“Yəni bizim tərəfdaşlarımız kifayət qədərdir. Mövcud situasiyada biz iki istiqamətdə addım atmalıyıq. Birinci, Azərbaycan-Ermənistan münasibətlərinin tənizmlənməsi istiqamətində sülh danışıqları danışıqları davam etdirilməlidir. Hesab edirəm ki, Ermənistan da bunda maraqlıdır. İkincisi, əsas strateji və hərbi müttəfiqimiz olan Türkiyə ilə bütün bu addımları razılaşdırmalıyıq. Rusiya təxribatlarını davam etdirəcək. Çünki Rusiyanın bölgə ilə bağlı qlobal planları var. Bu planlar getdikcə iflasa uğramağa başlayır. Rusiyaya böyük güc müqavimət göstərir. Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasında və onun Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya üzərindən keçməsində, yalnız Qərb ölkələri və Türkiyə deyil, Çin də maraqlı deyil. Ona görə də hazırda həmin dəhlizin birləşdirici hissəsi Azərbaycanın üzərinə düşür. Bütün oyunlar da Azərbaycanın başı üzərindən həyata keçirilir. Ermənistanın ABŞ və NATO ilə, Azərbaycanın isə ABŞ-la hərbi təmasları göstərir ki, amerikalılar hər iki tərəflə işləməyə başlayıb. Bu da Rusiyada narahatlıq doğurur. Rusiya planları pozmaq üçün bütün təxribatlara əl atır. Fikrimcə, belə təxribatlar davam edəcək”.
 
Ardını oxu...
İranın rəsmi, dini və hərbiləşdirilmiş dairələrinə yaxın saytlarda Azərbaycan Respublikasının adının “Bakı dövləti” şəklində yazılması bizə qarşı düşmənçilyin bir başqa nümunəsidir.
Bununla iki məqsəd güddükləri aşkardır. Birinci məqsədləri Azərbaycan Respbulikasının varlığını inkar, ikinci məqsədləri Azərbaycan adının ancaq İrana aid olduğunu iddia etməkdir.
İmkanları olsaydı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini də tanımazdılar.
Reallıqla barışmalı olsalar da, dövlətimizi “Bakı dövləti” adlandırmaqla hikkələrindən əl çəkmirlər. Bizi də məcbur edirlər ki, “İran adlı dövlət” ifadəsini işlədək və yazaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn 233 min əcnəbilərin 35,1 %-i və yaxud 82 mini ölkə ərazisinə dəmir yolu və avtomobillə daxil olub, 2 ay ərzində Azərbaycandan xaricə gedən 218 min bizim vətəndaşların isə 29,7 %-i və yaxud 65 mini ölkə ərazisini dəmir yolu və avtomobillə tərk edib.
Rəsmi qurumlar deyir ki, Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq dediklərini şərh edərək davam edir:
Bu izah inandırıcı deyil, bizim vətəndaşların çoxu, çox güman, Naxçıvan sakinləridir, onlara sərhəd açıqdır, xaricdən gələnlərin bəzilərinə isə, çox güman, özəl şərait yaradılır, yəqin ki, şəhərdə Rusiya nömrəli bahalı maşınlar görmüsüz.
Quru sərhədləri qanunsuz, məntiqsiz olaraq bağlı saxlamaq Konstitusiyanı pozur: Əvvəla, ölkə vətəndaşlarına bərabər münasibət pozulub, Naxçıvan qeydiyyatı ilə, məsələn, Kürdəmir qeydiyyatı olan vətəndaşlar arasında nədən fərq qoyulmalıdır ki?! İkincisi, bu mənasız qadağa bəziləri üçün, deyəsən, qazanc yerinə çevrilib, kimlərisə ölkəyə/ölkədən müəyyən maraqlar müqabilində buraxırlar.
Bu biabırçılıqdır, quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan "pandemiya" ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir...
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq. Bu nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır:
1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir;
2)Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır.
İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır. Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir.
İki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir.
Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirib ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdir. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ulu Öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. İmkan və potensialı günbəhün artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var. Reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.



İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ardını oxu...
MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye AES-ə son səfərindən sonra o, Rusiyaya səfər etmək niyyətində olduğunu açıqlayıb. Aprelin 5-də o, Kalininqradda “Rosatom”un baş direktoru da daxil olmaqla Rusiya nümayəndə heyəti ilə görüşüb.

MAQATE təşkilatın saytında hələlik bu görüşün nəticələri ilə bağlı rəsmi açıqlama dərc etməyib, lakin Qrossi öz “Twitter” səhifəsində yazıb: "Kalininqradda Rusiyanın bir neçə departamentinin rəsmiləri ilə görüşdüm. Zaporojyedə nüvə təhlükəsizliyini qorumaq üçün səylərimi davam etdirirəm”. Eyni zamanda, Qrossi AES-də rus bölmələrinin "işini" qiymətləndirməyə tələsmədi.

Təəssüf ki, Rusiya tərəfi belə görüşlərdən istifadə edir. Qrossinin AES-in təhlükəsizliyini təmin etməyə yönəlmiş ideyaları isə real deyil. O, artıq başa düşür ki, AES ətrafında təhlükəsizlik zonasının yaradılması təhlükəsiz ərazinin müəyyənləşdirilməsinə aiddir və bu, dalana dirənişdir. Bundan sonra o, daha qeyri-mümkün bir konsepsiya təklif etdi: stansiya üçün təhlükə yarada biləcək hərəkətlərdən qaçınmaq. MAQATE-nin bu konsepsiyasının əvvəlkindən daha az şansı var. Xüsusilə, nəzərə alsaq ki, Zaporojye AES-in rus hərbçiləri tərəfindən sonuncu dəfə atəşə tutulması martın 9-da olub və bundan sonra yenə də xarici enerji təchizatı itkisi baş verib.

MAQATE ekspertləri bunu düzəldə bilərmi? Burada çox vacib bir məqam var. Ukrayna dəfələrlə BMT-nin hərbi ekspertlərinin MAQATE missiyasının bir hissəsi olmasını təkid edib. AES-ə nəyin uçduğunu, haradan uçduğunu və harada gəldiyini qeyd etmək mandatı və hüququna sahib olduqları üçün. Yalnız onlar belə bir qiymət verə bilərlər. MAQATE mütəxəssislərinin müvafiq mandatı yoxdur. Ona görə də kimin hara atəş açdığını müəyyənləşdirmək və bunu rəsmən açıqlamaq MAQATE-nin səlahiyyətində deyil. Hesab edirəm ki, bu mövzuda Qrossi ilə məxfi yazışma var. Amma Rusiya yalan danışır.

Bundan əlavə, qeyd etmək lazımdır ki, stansiyada kadr çatışmazlığı var və Zaporojye AES-ə nəzarət edən ruslar kimisə işə götürür. Başqa bir məqam - ruslar bizi əmin edir ki, bunlar radiasiya-kimyəvi qoşunların mütəxəssisləridir, bunlar hərbi deyil, bir növ mütəxəssislərdir. Amma radiasiya-kimyəvi qoşunlar ordunun bir qoludur. Demək istəyirəm ki, onlar hərbçilərdir. Ruslar isə həmişəki kimi yalan danışırlar.

MAQATE BMT strukturu kimi həqiqətən nə edə bilər? O, Rusiyanın hüquq və imtiyazlarını təşkilatın nizamnaməsi çərçivəsində məhdudlaşdıra bilər (yeri gəlmişkən, bu cür təkliflər artıq səslənib). Birincisi, bu, Rusiya ərazisində heç bir MAQATE tədbirinin planlaşdırılmaması deməkdir. Rusiya Federasiyasının nümayəndələrini MAQATE-nin digər ölkələrdə keçirilən tədbirlərinə (MAQATE-nin büdcəsi hesabına keçirilən) dəvət etmək mənasızdır. Bunlar konkret addımlardır.

İkinci məqam ondan ibarətdir ki, Rusiya Federasiyası vətəndaşlarının MAQATE Katibliyində strukturlara rəhbərliyi dayandırmaq mümkündür. Məsələn, rusiyalı Mixail Çudakov hələ də MAQATE-nin baş direktorunun müavini və Nüvə Enerjisi Departamentinin rəhbəri vəzifəsini tutur. Rusiya vətəndaşlarını katibliyə daha aşağı vəzifələrə işə götürməmək də vacibdir, çünki onlar orada da ziyan vurmağa çalışırlar. Məsələn, MAQATE-də müxtəlif vəzifələr üçün müraciət edən ukraynalıları aşağı salmaq və əzmək üçün. Mən bir neçə belə hekayə bilirəm.

MAQATE baş direktorunun Rusiyaya səfəri hekayəsinə qayıdaraq əminəm ki, hər şey proqnozlaşdırılan şəkildə bitəcək. Rusiya tərəfi ilə danışıqlarda irəliləyiş əldə olunduğu barədə bəyanat veriləcək və məsləhətləşmələr davam etdiriləcək.

Müəllif: Olqa Koşarna - Nüvə enerjisi və nüvə təhlükəsizliyi üzrə ekspert.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Vallah, başa düşmürəm... Bizim məgər "Fələstindən muğayat olma" öhdəliyimiz var? Heç bu 30 ildə Fələstini demirəm, o biri ərəblər belə... içi İran qarışıq... Azərbaycandan muğayat olmadılar...
Onda biz və dostlarımız bir yana, hazırda "xamırlı əli ilə ortalığa düşüb, arvaddıx edən" İran da soruşmadı ki, ay balam, bəs bu yetim-müsəlman Azərbaycan yaralıdır axı... İran nəinki soruşmadı eee... Ermənistanın yanında dayanıb, hələ yaramıza duz da səpdi...
Nə olub? İndi yadınıza düşüb ki biz də müsəlmanıq və üzərimizə ABUSRD MÜSƏLMAN HƏMRƏYLİYİ ÖHDƏLİYİ qoymağa çalışırsınız?
Siz Allah.. gedin nağıllarınızı özgə yerdə danışın...
Hə ey... Yaxşı yadıma düşdü... Bu Yasir Ərəfat 'Mən erməniyəm' deyib İrəvanı bağrına basanda HARDA ÖLMÜŞDÜNÜZ? Onda niyə Azərbaycanın müsəlman, Ermənistanın isə xristian okduğunu unutdunuz? Əslində heç indi dı bunu xatırlamırsınız... Çünki sizi narahat edən İSLAM HƏMRƏYLİYİ və ümumiyyətlə, İSLAM MARAĞI deyil. Sizin ümumiyyıtlə islama dəxliniz yoxdur. Siz rəsmən İslam dinini öz fars millətçiliyi maraqlarınlz naminə İSTİSMAR EDİRSİNİZ. BUDUR FAKT!
Bizim isə belə nağıllara qarnımız toxdur... Təkrar edirəm, durun...

Məhəmməd Ərsoy
DİA.AZ-ın baş redaktoru
 
Ardını oxu...
Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmayan fəaliyyət göstərdiklərinə görə ölkədən çıxmaq üçün 48 saat vaxt verdi. İranın casus şəbəkəsinə qarşı əməliyyatlarn getdiyi vaxt 4 iranlı diplomatın “persona-non-qrata” elan edilməsinin bir mümkün səbəbi ola bilər:
- Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər və istisna deyil ki, “arzuolunmaz şəxs” elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub;
Ötən ilin noyabrında DTX-nın keçirdiyi əməliyyat da İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Rəsmi məlumatda bildirilirdi ki, “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər”.
Bu fakt İranın Bakıdakı səfirliyi və əməkdaşlarının casusluq, eləcə də digər fəaliyyətlərdə mərkəz və icraçı rolunu oynayacağı ehtimalını artırır:
1. İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar onların əl-qolunu bağladığı üçün bu situasiyada diplomatik toxunulmazlığı olan səfirliyin daha “effektiv” fəaliyyət göstərmək imkanları var;
2. Səfirliyin əməkdaşları İran şəbəkəsinin koordinasiya edilməsini, əlaqələrin qurulmasını təmin edə bilərlər;
3. Diplomatik toxunulmazlığa görə yoxlanılmayan səfirlik avtomobillərindən casusların ölkədən çıxarılması, yaxud ölkəyə daxil edilməsi, o cümlədən, İran şəbəkəsinin təchizatının həyata keçirilməsi üçün istifadə oluna bilər: bu təchizatın silah-sursat olması ehtimalı da istisna edilməməlidir;
Bu kontekstdə 4 iranlı diplomatın statuslarına uyğun olmayan fəaliyyətinin bundan ibarət olduğu, eləcə də gələcəkdə eyni məqsədlə daha genişçaplı işlər görə biləcəyi üçün “persona-non-qrata” elan edildiyi versiyası ön plana çıxır.
Rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır. Bu addımın hazırki səfirlə müqayisədə daha sərt mövqeyi ilə tanınan və fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanda “iğtişaş ssenariləri”ni tətbiq edə biləcəyi gözləntisi olan yeni səfirin gəlişindən öncə atılması da xüsusilə diqqət çəkir.
Asif Nərimanlı
Teref.az

Dünyapress TV

Xəbər lenti