Ardını oxu...
Rusiya məqsədinə tam çatmayıb, amma: Putin müharibəni başa çatdırmağa hazırdır

Rusiya Prezidenti Vladimir Putin artıq işğal olunmuş Ukrayna ərazilərinə nəzarəti saxlamaq şərti ilə üçüncü ilində müharibəni dayandırmağa və barışığa hazırdır. Bu barədə “Reuters” Rusiya Prezidentinə yaxın 5 mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Putin başa düşür ki, növbəti hücum kütləvi səfərbərliyin təkrarlanmasını tələb edəcək, onun birinci dalğası - 2022-ci ilin payızında hökumətin reytinqini aşağı salıb və yüz minlərlə Rusiya vətəndaşının xaricə qaçmasına səbəb olub.

Buna görə də, mənbələr bildirirlər ki, Putin müharibəni başa çatdırmağa hazırdır, baxmayaraq ki, onun ilkin məqsədləri - Ukraynanın Donetsk və Luqansk vilayətlərinin (DXR və LPR) ərazilərinin tam ələ keçirilməsi yerinə yetirilməmiş qalır.

Kreml əmindir ki, işğalın nəticəsini vətəndaşlarına “qələbə” kimi sırıya biləcək.

“Putin deyəcək ki, biz qalib gəldik, NATO bizə hücum etdi, suverenliyimizi qoruyub saxladıq və Krıma quru dəhlizimiz var”, - deyə “Reuters” mənbələrindən biri söyləyib.

Agentliyin bütün həmsöhbətləri deyiblər ki, Putinin heç bir güzəştə getməyə hazır olmadığı əsas şərti Rusiya ordusu tərəfindən ələ keçirilən bütün ərazilərdir. Əgər Qərb onun təklifini rədd edərsə, Putin mübarizəni davam etdirməyə hazırdır.

Maraqlıdır ki, Kreml ötən ilin sonunda oxşar təkliflə çıxış etmişdi, lakin vasitəçilər səviyyəsində aparılan danışıqlardan sonra bu ideya rədd edildi. Mənbələrin verdiyi məlumata görə, fevralda ABŞ Kiyevin iştirakı olmadan atəşkəsi müzakirə etməkdən imtina edib. Amma o vaxtdan Qərbin köməyi olmadan qalan, Donbass və Xarkov vilayətindəki əraziləri təslim etməyə məcbur olan Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttində vəziyyət daha da mürəkkəbləşib. Putin ordusunun Ukraynaya doğru yavaş-yavaş irəliləyəcəyini gözləyir. Nəticədə, mənbələrinə görə, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin özünün sülh təklifi ilə çıxış edəcəyinə ümid bəsləyir.

Putin Qərbin Ukraynaya hərbi yardımı gecikdirməkdə davam edəcəyinə inanır və eyni zamanda, Rusiyanın demoqrafik üstünlüklərinə ümid edir ki, bu da ən azı hələlik Kremlə döyüş meydanında Ukrayna Silahlı Qüvvələri üzərində sayca üstünlüyünü qoruyub saxlamağa imkan verir.

Lakin Qərb kəşfiyyat mənbələrinə görə, İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük müharibə artıq Rusiyaya təxminən yarım milyon insanın ölümünə və yaralanmasına səbəb olub. Kreml isə ehtiyat edir ki, cəbhədən qayıdan “veteranlar” iş tapmaqda və gəlir əldə etməkdə problem yaşayacaqlar. Və bu, öz növbəsində, cəmiyyətdə gərginliyə səbəb ola bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü “Reuters” agentliyinə bildirib ki, Putinin təşəbbüsləri ilə bağlı ABŞ-ın rəsmi mövqeyi dəyişməz olaraq qalır: Ukraynada sülh nizamlanması onun beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü nəzərə almalıdır.

“Rusiya Ukrayna şəhərlərinə, limanlarına və insanlarına qarşı hər gün amansız hücumları davam etdirməkdənsə, qoşunlarını Ukraynadan çıxarsa, istənilən vaxt müharibəni dayandırmaq olar”, - diplomat əlavə edib.

Müəllif: Turan Abdulla
 

Ardını oxu...
 

Keçmiş deputat, el arasında daha çox “şeyxin qudası” və “28 dəfə həci” kimi tanınan Qalib Salahzadə ilə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin toqquşması son günlərimizin ən maraqlı əhvalatlarından biridir. Bilgəh tərəfdə sərhədlərin müəyyənləşməsi, yalan olmasın, Bağanıs Ayrım və Xeyrimlidə dirəklərin basdırılması qədər vacibdir. 

Qalib müəllim Bilgəh bölgəsinin qeyri-rəsmi kralı kimi tanınırdı. Əski zamanlarda orada bələdiyyə sədri-filan da olmuşdu. Hətta Adil müəllim son açıqlamasında belə tragikomik məlumatı da xalqımıza çatdırdı ki, sən demə Qalib müəllim bələdiyyənin həmin möhür-ştampını hələ özündə saxlayırmış. Bəs təzə bələdiyyədə möhür-zad yoxdurmu? Allah bilir. Ədliyyə Nazirliyimizin də bilməsi, yəqin, lazım idi. 

Əlbəttə, vaxtilə Xəzərin suyu çox idi, dövlət rəhbərliyinin “130 metrə qədər sahil xalqın malıdır, orda heç zad tikmək olmaz” qərarına da məmurlarımız və sairə korrupsionerlərimiz xəzrinin sovurduğu qum kimi baxırdılar. Uçdu, getdi... Ancaq indi Xəzər geri çəkilir. Sahil enlənir. Qumun tozanağı hələ çoxunun gözünü çıxaracaq. 

Bir məsələ də var ki, bəlkə Adil müəllim Qalib müəllimə adil yanaşmır. Məsələn, icra başçısının Qalib müəllimin villasının qapısını hördürməsi xəbərini aldıq. Bu nə deməkdir? Dövlətin belə cəza üsulu, ədalətin bu formada bərpası bizə yaraşırmı? Əgər villa qanunsuzdursa, sök. Qalib müəllimə qanuni cəzası nədirsə, məhkəmə ilə ver. Yoxsa bizdə “divara və ya divarı hörmə” adlı cəza varmı? Mən bilmirəm. Deputatlardan soruşmalıyıq. Mənim bildiyim odur ki, qədim əyyamlarda bəzi padşahlar xoşu gəlməyən tipləri divara hörürdülər. İndi Hacı Qalib qapısı hörülən villanın içində qalıb acından ölsə, bunun dövlətçiliyimizin şan-şöhrətinə xələl gətirməsini zənn etmirsinizmi? Qarşıdan da iqlim konfransı gəlir. Lap əski olsun, bir deputat havasız qalıb, zəhri çatlayıb ölməməlidir. 

“Ədalətsizliklə ədaləti bərpa etmək olmaz” - bu, mənim fikrim deyil. Heydər Əliyevin fikridir və məhkəmə binalarımızın dəhlizlərində görmüşəm. 

Təbii ki, xalqın çoxunun dəniz qırağını hasarlayanlardan, orda mənbəyi kirli pullarla villa tikənlərdən zəhləsi gedir. Ancaq cəzalandırma “darvazasını hörmək”, “üstünə maşın sürmək” kimi formalarda ola bilməz. 

Cəza demişkən, dünənki yazımda orta məktəblərimizdəki təhsil prosesinin problemlərindən bəhs etmişdim. Bildiyiniz kimi, artıq müəllimlərə məktəbdə uşaq döymək, qeybət eləmək, disko oxutmaq, siqaret çəkmək qadağan olunub. Bunun təhsilimizə ziyanı böyük olacaqdır. Yaxın illərdə müəllim işləməyə adam tapmayacağıq. Lakin indi mövzuya yenidən qayıtmağımın mənası başqadır. Dünənki yazıdan sonra dostumuz Vüsal Bağırlı belə xatirəsini yazıb göndərmişdir: “Mən orta məktəbdə oxuyanda bir biologiya müəllimimiz vardı. Hər dərsdə yeni, əcaib cəzalar nümayiş etdirirdi. Bir növ manyak idi, hamımız ondan qorxurduq. Bir dəfə odekolonu şagirdin başına töküb, alışqanla yandırmışdı. Uşağın başında tonqal qalamışdı. Güclə söndürdük. İdmanla məşğul olurdu, karateçi idi, yaxşı təpik atırdı. Deyirdi mən Brus Liyəm, Cekki Çanam, Van Dammam. Təpiyi qaldırıb adamın birbaşa təpəsindən vururdu. Bir dəfə yenə vurmaq istəyəndə idmançı sinif yoldaşım vardı, bunun ayağından tutdu. İndi bunun bir ayağı göydə qalıb, o biri yerdə, tullana-tullana qışqırdı ki, ayağımı burax, o.... (burada pedaqoji müraciət forması yazılıb, qəzetdə dərci mümkün deyil - Z.H.), buraxmasan səni minəcəyəm. Şagird də dedi ki, buraxsam da minəcəksən. Bizə də ləzzət eləmişdi, xeyli gülmüşdük”.  

Gözəl xatirələrdir. Yazını da elə bu xoş ovqatla bitirmək istəyirəm. 

Ardını oxu...Zamin HACI

Ardını oxu...
Moskvada Avrasiya İqtisadi Şurasının yubiley sammitində, 8 mayda Putin-Paşinyan görüşündən sonra Rusiya ilə Ermənistan arasında əksər problemlərin aradan qaldırıldığı bildirildi. Bu barədə Moskvada olarkən Paşinyan özü danışmışdı. Lakin İrəvana qayıtdıqdan sonra o, ənənəvi olaraq, “başqa mahnı” oxumağa başladı – Kremlə qarşı köhnə iddiaları təkrarladı və yeni iddialar irəli sürdü.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

Arkovun sözlərinə görə, bu iddialar bu və ya digər şəkildə Azərbaycanla hərbi əməliyyatlar fonunda guya KTMT-nin fəaliyyət göstərməməsi və bu təşkilata üzvlüklə bağlıdır:

“Reallıqda KTMT-nin nizamnaməsi pozulmayıb, çünki Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində tədbirlər həyata keçirib və Ermənistanın dövlət sərhədini pozmayıb. Heç bir hərbi təcavüz faktı yox idi. Əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan kəndlərinin qaytarılmasına gəlincə, bu, tamamilə sülh yolu ilə - Ermənistan tərəfindən rəsmən tanınan 1991-ci il Almatı Bəyannaməsinin müddəalarına uyğun olaraq həyata keçirilib. Yəni Ermənistanın KTMT-yə qarşı iddialarının qanuni əsasları yoxdur”.

Ekspert bildirib ki, İrəvanın sadəcə, Qərbdəki sahiblərindən göstərişləri var:

“Yəni təkcə KTMT-dən ayrılmaq yox, bloku içəridən məhv etmək. İndi isə Paşinyan daha da aldadıcı bəyanatlar verir - guya Ermənistana qarşı müharibənin hazırlanmasında iştirak etmiş iki KTMT üzvü haqqında. Erməni baş nazir bu “iki KTMT üzvünün” adını ictimaiyyətə açıqlamadı, bu da versiyalar dalğasına səbəb oldu. Kreml Ermənistandakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırmaqla Paşinyana başa salır ki, Rusiya-Ermənistan münasibətlərinin formatını yenidən nəzərdən keçirməklə bağlı ciddi niyyəti var. Rusiya-Ermənistan münasibətlərinin niyə məhz indi “saf-çürük” edilməsinə başlandığı ilə bağlı suala gəlincə, hesab edirəm ki, bu, Rusiyadakı seçkilərlə bağlıdır. Təkcə Ermənistanla deyil, bir sıra digər vacib, lakin təcili olmayan mövzular da “andiçmədən sonra”ya keçirildi. Və indi biz Kremlin onları necə qəbul etdiyini görürük. Bu, kuluarlarda erməni mövzusunun bir gün də olsun Kremlin gündəmindən düşmədiyinin də göstəricisidir”.
 
Ardını oxu...
Ötən gün gündəmi şahmatçı Şəhriyar Məmmədyarovun “qadınlar kişilərdən zəifdirlər” fikri silkələdi. Bilən, bilməyən hər kəs fikir bildirsin deyə danışmağa başladı. Biri dedi “səhv deyib”, biri onu bu sözün sayəsində tanıdığını dilə gətirdi, bir başqası isə...
İllərlə gender bərabərliyi deyə-deyə qadını ön plana çıxarmağa çalışdılar. Qadınlar kişi işlərində işlədi. Qadına sözün əsl mənasında “kişi kimi qadındır” deyə-deyə "kobud"laşdırdılar. "Güclüsən" deyə-deyə yüklədilər. Ana olmağımız bir kənara, uşaqlarımıza ata olmaq məcburiyyətində də qaldıq. Yükləndikcə yükləndik, çiyinlərimiz düşdü, gözlərimizin altı kölgə saldı, xanımlığımızı itirdik. Günlərin bir günü bizi “güclü” olmağa məcbur qoyan, çarəsizlikdə buraxan kişinin cinayətinə qurban getdik. "Güclüsən" deyə-deyə hörmətdən saldılar, "güclüsən" deyə-deyə...

Vaxtilə başqa bir redaktorla işləyirdim. Boşanmış qadın olmağımı tez-tez başıma qaxırdı. Axmaq bir lətifə danışmışdı. Qısaca mənası bu idi ki, sən əxlaqsızlıq etməsən də, boşanmış olduğun üçün “deyərlər”... Və bu "təfəkkür" sahibi olan cəmiyyətdə biz gender bərabərliyi uğrunda mübarizə aparırıq.

Etiraf edək ki, kişi qadından bir pillə yuxarı olmalıdır. Qadın kişiyə hörmət etməli, məsləhətləşməli, fikrini bölüşməlidir. Qadınla kişi vəhdət təşkil etməyi bacarmalıdır. Zərif qadının "zəif" görünən tərəflərini kişi güclü olması tamamlamalıdır. Qadın kişi ilə "bərabər" olduğu zaman bu tandem pozulur. Adi ailə həyatını və ya sevgi münasibətini götürün. Ailədə daha çox əməkhaqqı alan qadın kişinin sözünə qulaq asıb, hörmət etmir. Çünki bilir ki, qarşısındakı kişi onun qarşısında maddi baxımdan gücsüzdür. Və ya xaraktercə zəif olan kişini ailədə qadın "ər" kimi saymır və evdə sadəcə qadının "söz"ü keçir. Eləcə də sevgi münasibətlərində qadın daima ondan güclü kişi axtarır ki, başının üstündə onun gücünü hiss edə bilsin. Bəli, bu gün hamı danışır, deyirlər ki, qadınla kişi "bərabər"dir. Ey Allahın bəndəsi, hüquqi baxımdan insan olaraq bərabər ola bilərik, amma güc baxımından, bacarıq baxımından həqiqətən kişilər bizdən güclüdür. Söhbət burada həqiqi kişilərdən gedir, “kişi”lərdən yox. Açıq etiraf edim, şəxsən mən məndən güclü olmayan kişiyə "dostum", "sirdaşım" kimi baxa bilərəm, amma "sevgili", ya da "ər" kimi əsla.

Şəhriyar Məmmədyarov deyir ki, hətta ən yaxşı aşbazlar belə kişilər olur, adam düz deyir. Hətta ən yaxşı modelyerlər, vizajistlər də kişilərdir. Çünki qarşı tərəf hər zaman qadına nə yaraşdığını, qadının nəyi sevdiyini digər qadından daha yaxşı bilir. Bəlkə də Şəhriyara qədər bunu heç kim etiraf edib, dilinə gətirə bilmird. Çünki bilirdilər ki, bu cəmiyyətdə bu fikri qəbul etməzlər.

İş görüşmələri və yaxud, əməkdaşlıqlar niyə qadınlardan çox kişilərlə alınır? Çünki kişilər qadın ruhunu digər qadından daha yaxşı bilir, başa düşür. Qadınların xoşuna gəlməyə bilər, amma sevgidə də kişilər qadınlardan üstündür və əmin olun ki, onlar daha çox sevir. "Əsl" sevgidən söhbət gedir. Qadın bu gün “sevirəm” dediyi kişidən ayrılıb, bir müddət sonra başqasına eyni sözü deyə bilir. "Əsl" sevən kişi isə, ömür boyu eyni qadını sevir.

Qısacası, mən gender bərabərliyini qəbul etmirəm. Kişilər bizdən güclüdür, bacarıqlıdır. Amma əsl kişilər, sadəcə cinsi kişi olanlar deyil. "Gender bərabərliyi" fikrini də cəmiyyətimizə sırıdıqları üçün indi nə kişinin kişi kiimi hörməti qalıb, nə də qadının qadın kimi zərafəti...

İradə Cəlil, Bizimyol.info
 
 
 
Ardını oxu...
İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək.

Bunu İranın ali dini lideri Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi, bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Müxbirin rəhbərliyi altında davam edəcək. İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”, - o bildirib.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Əli Xameneinin açıqlamasında iki əsas məqam diqqəti cəlb edir:

“Birincisi İranın Ermənistanla bağlı siyasətinin davam edəcəyi vurğulanır. Bu isə Ermənistanda olan təhlükəsizlikdə bağlı narahatlıqla əlaqəlidir. İbrahim Rəisinin helikopter qəzasında vəfat etməsindən sonra Ermənistanın siyasət çevrələrində rəsmi İrəvanın təhlükəsizliyi ilə bağlı ciddi boşluqların olacağı vurğulandı. Eyni zamanda, İranın Ermənistana qarşı münasibətinin dəyişəcəyi ilə əlaqədar fikirlər deyilirdi. Çox güman ki, həmin fikirləri Xameneiyə çatdırıblar. Xamenei də Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyində qırmızı xətt siyasətinin davam edəcəyini bildirməklə həmin narahatlığı aradan qaldırdı. Digər tərəfdən isə Xamenei Ermənistan-İran əlaqələrinin genişləndirmək siyasətinin indiki vəziyyətdə də davam edəcəyini xüsusi vurğulamaqla iki ölkə münasibətlərində heç bir boşluğun olmayacağı mesajını verdi. Ona görə də İranla Azərbaycan arasında münasibətlərin ən yüksək məcraya qalxacağından danışanlar başa düşməlidir ki, rəsmi Tehranın əsil üzü budur. İran hər zaman belə olacaq. Çünki bu siyasətin arxasında türk düşmənçiliyi dayanır. İranın Azərbaycan və Türkiyəyə münasibəti tamamilə dəyişməyəcək. İran qlobal güclərin tələb etdiyi siyasəti həyata keçirir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Paşinyan Rəisinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib.
 
Ardını oxu...
Böyük ehtimalla CİA şefinin müavini erməni baş nazirə ABŞ-ın strateji maraqlarına bağlı sifarişlər çatdırıb, Paşinyan hakimiyyəti isə onları icra etməyə məhkumdur... Üstəlik, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin daha intensiv xarakter aldığı dövrə təsadüf edir, Paşinyan hakimiyyətinin yenidən regional gərginliyə sövq edilə biləcəyi qətiyyən istisna deyil...
Cənubi Qafqazda "erməni faktoru" ən sarsıntılı geopolitik mərhələ ilə üzləşib. İndi ABŞ və Qərb Ermənistan üzərindən bu regiona nüfuz etməyə cəhd göstərir. Ancaq mövcud situasiya və geopolitik proseslərin inkişaf istiqamətləri Ermənistan Qərb üçün effektiv seçim variantı olmadığını təsdiqləyir. Və bu baxımdan, Qərbin öz geopolitik planlarına düzəliş etməsi qaçılmaz xarakter daşıyır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistanın Cənubi Qafqazda geopolitik əhəmiyyətinin şişirdilmiş olduğunu əvvəl-axır qəbul etmək məcburiyyətində qalacaq. Hər halda, indiki situasiyada Ermənistanın regional faktor rolundan çox-çox uzaqlaşdığı artıq inkaredilməz reallıqdır. Və Ermənistan bütün istiqamətlər üzrə Azərbaycana məğlub olmaqda davam edir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın ötən ilin sentyabr ayında reallaşdırdığı antiterror əməliyyatı Ermənistanı "geopolitik tullantı"ya çevirmiş oldu. Məhz həmin antiterror əməliyyatı Cənubi Qafqaza əsas regiondan kənar manipulyasiya mexanizmini - "boz zona"nı sıradan çıxartdı. Beynəlxalq hüquq normaları da Azərbaycanın tərəfində olduğundan Cənubi Qafqazda həmin "boz zona"dan ənənəvi olaraq, yararlanan bəzi regiondan kənar gücləri "tərksilah" etdi. Və həmin qeyri-regional güclərin hələ də Azərbaycana qarşı qəzəbli olmasının əsas səbəbi də məhz bu önəmli məqamla bağlıdır.

Ancaq "boz zona"nın erməni terrorçulardan təmizlənməsindən dərhal sonra qeyri-regional güclərin erməni diasporu ilə ortaq şəkildə Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası yaratmaq cəhdləri iflasa uğradı. Rəsmi Bakı Azərbaycana qarşı qərəzli və məkrli beynəlxalq ssenarilərin hamısını bir-birinin ardınca boşa çıxartdı. Nəticədə Cənubi Qafqazda geopolitik maraqları olan ermənipərəst beynəlxalq dairələr Azərbaycan qarşısında ağır məğlubiyyətlə üzləşmiş oldular. Və mövcud situasiyada Cənubi Qafqazda rəsmi Bakının geopolitik iradəsindən yayına bilməyəcəklərini anladılar.

Təbii ki, bütün bunlar Paşinyan hakimiyyətinin də ABŞ və Qərbə olan "sərhədsiz ümidlər"ini alt-üst etdi. Ona görə də, Qərbin Ermənistana yerinə yetirilməyəcək vədlərdən başqa heç nə verə bilməyəcəyinə əmin olan Paşinyan hakimiyyəti nəhayət ki, praqmatik qərarlar mərhələsinə keçdi. Və Azərbaycanla sərhədlərin delimitasiyası, rəsmi Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə geri döndü.

Artıq bu istiqamətdə kifayət qədər ciddi irəliləyişlər mövcuddur. Rəsmi İrəvan Azərbaycana aid daha dörd kəndin geri qaytarılmasını təmin edib. Baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan israrla yekun sülh sazişinin imzalanmasının vacibliyini vurğulayırlar. Üstəlik, bunun ən qısa zamanda, təxminən noyabr ayına qədər reallaşdırılmasının mümkün olduğunu qabardırlar. Və bu, rəsmi İrəvanın yekun sülh sazişinin imzalanması baxımdan, özünü seytnot vəziyyətində hiss etdiyindən tələsdiyini də göstərir.

Maraqlıdır ki, Cənubi Qafqazda yeni hərbi-siyasi gərginliyin yaranmasına yönəlik ümidlərini tam itirməmiş qeyri-regional güclər mövcud situasiya ilə barışmaq istəmirlər. Ona görə də, əllərindəki son variantı artıq hərəkətə gətiriblər. "Erməni üçlüyü"nü - diaspor, kilsə və Qarabağ klanını vahid mərkəzdə birləşdirərək, Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Əslində, bu, indiki mərhələdə Cənubi Qafqazda mövcud situasiyanı dəyişdirmək üçün istifadə oluna biləcək son "resurslar"dır. Və bu variantın da iflasa uğramaqda olduğu müşahidə edilir.

Məsələ ondadır ki, "kilsə qiyamı"nı bütün Ermənistan ərazisinə yatmaq planları artıq boşa çıxmış kimi görünür. Üstəlik, son günlər keşiş Baqratın "liderliyi" altında etiraz dalğasının artıq ciddi şəkildə zəifləməkdə olduğu açıq-aşkar nəzərə çarpır. Yəni, "kilsə qiyamı" artıq demək olar ki, öz təsirini və əhəmiyyətini itirmək üzrədir. Ona görə də, indi "kilsə qiyamı"nın məğlub olacağına şübhə etməyən bəzi müxalif dairələr tədricən kənara çəkilməyə başlayıb.

Ən önəmli məqamlardan biri odur ki, erməni müxalifətinin keşiş Baqratın siyasi qələbəsinə inanmayanlar ona konkret suallar ünvanlayırlar. Əsas tələblər də ondan ibarətdir ki, meydandan çəkilənlər keşiş Baqratın qalib gəldikdən sonra baş nazir olacağı təqdirdə, Azərbaycanla sülh prosesinə alternativ olaraq, hansı planının olduğuna aydınlıq gətirilməsi ilə birbaşa bağlıdır. Və bu, meydandan çəkilməyə hazırlaşanların Ermənistan cəmiyyətində özlərinə haqq qazandırmaq üçün konkret səbəblər yaratmaq cəhdi kimi görünür.

Maraqlıdır ki, Qərbdə Ermənistan ətrafında yaranmış vəziyyət böyük narahatlıqla müşahidə edilir. ABŞ və Qərb "kilsə qiyamı"na qalib gəlmək üzrə olan Paşinyan hakimiyyətinin Ermənistanın beynəlxalq himayədarlarının vədlərinə olan ümidlərini kəsməkdə olması çaşqınlıq yaradır. Çünki Qərbdə anlayırlar ki, baş nazir Nikol Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra Azərbaycan və Türkiyə ilə normal münasibətlərə daha çox üstünlük verə bilər. Və buna nail olacağı təqdirdə, Ermənistanın Qərbdən dəstək gözləməsinə də elə bir ehtiyac qalmayacaq.

Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə problemlərini həll etmiş Ermənistan daha da irəli gedib, Rusiya ilə münasibətlərinə də yenidən baxa, ciddi düzəlişlər edə bilər. Yəni, daxili müqaviməti qırmış, Qərbdən gözlədiyi dəstəyi almamış, Türk İttifaqı ilə anlaşmış Paşinyan hakimiyyətinin sonrakı mərhələdə Rusiya ilə qeyri-bərabər qarşıdurmadan imtina etməyəcəyinə qətiyyən təminat yoxdur. Və bu baxımdan, Qərbin hadisələrin belə inkişafı perspektivlərini kənardan izləməklə kifayətlənəcəyinə inanmaq sadəlövhlük olardı.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın xüsusi xidmət servislərinin yenidən hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Bundan əlavə də Paşinyan hakimiyyətinin Qərbə güvəni zəiflədikdə CİA və Mi-6 şefləri İrəvana səfər etmişdilər. Həmin səfərlərdən sonra isə Paşinyan hakimiyyəti regional sülh prosesində iştirakdan yayınmağa üstünlük vermişdi. Və bu, artıq Ermənistan üçün müəyyən mənada, ənənəyə çevrilmiş kimi görünür.

Bu dəfə isə Qərb baş nazir Nikol Paşinyanla görüşə CİA şefinin özünü deyil, onun müavinini göndərib. Hər halda, nə qədər qəribə də olsa, erməni baş nazir CİA şefinin müavini Devid Koen ilə ABŞ-Ermənistan münasibətlərini və beynəlxalq gündəmi müzakirə edib. ABŞ-da belə işlərlə adətən, mülki siyasi məmurlar məşğul olurlar. Ancaq nədənsə, Ermənistana bir qayda olaraq, CİA-nin yüksək rütbəli təmsilçiləri göndərilir. ABŞ-ın kəşfiyyatla məşğul olan nüfuzlu qurumunun rəhbəri ilə Ermənistanın siyasi hakimiyyətinin iki ölkənin münasibətlərini, eləcə də, beynəlxalq gündəmi müzakirə etdiklərinə yalnız sadəlövhlər inanar.

Böyük ehtimalla CİA şefinin müavini erməni baş nazirə ABŞ-ın strateji maraqlarına bağlı sifarişlər gətirib. Baş nazir Nikol Paşinyan həmin sifarişləri icra etməyə məhkumdur. Üstəlik, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin daha intensiv xarakter aldığı dövrə təsadüf edir. Ona görə də, Paşinyan hakimiyyətinin yenidən regional sülh prosesindən uzaqlaşmağa sövq edilə biləcəyi qətiyyən istisna deyil. Hər halda, ABŞ və Qərbə Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasının yararlı olmadığı inkaredilməz reallıqdır. Və bu baxımdan, Paşinyan hakimiyyətinin növbəti dəfə sülh prosesinə qarşı çıxaraq, Cənubi Qafqazda hərbi-siyasi situasiyanı gərginləşdirə biləcək mövqeyə keçid etmə ehtimalı kifayət qədər inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
 
Ardını oxu...
“İndi hamı üçün aydındır ki, bu ölkəyə də “siqnal” Rusiyadan gəldi”

“Demokratiyanın ən mühüm prinsiplərindən biri qanunun aliliyidir. Bəs qanun qeyri-demokratikdirsə? Bəs cəmiyyətin və dövlətin demokratik əsaslarını boğmağa yönəlibsə? Belə olan halda qeyri-demokratik hüquqi aktı dəyişdirmək, hətta onun ləğvinə nail olmaq üçün cəmiyyətin müvafiq təbəqələri birləşməlidir. Bunun üçün demokratik mübarizənin bütün üsulları, o cümlədən vətəndaş itaətsizliyi məqbuldur - insanlar heç də antidemokratik qanunun tələblərinə əməl etməyə borclu deyillər...”. Bu sözləri qonşu Gürcüstanda yaranan siyasi böhranla bağlı yazdığı məqalədə analitik Hüseynbala Səlimov qeyd edib.

Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının parlamentdəki təmsilçilərinin irəli sürdüyü “Xarici agentlər” haqqında qanun layihəsinin qəbulundan sonra ölkədə genişmiqyaslı aksiyalar başlayıb. Vətəndaş cəmiyyəti, KİV və müxalifət partiyaları nümayəndələrinin başlatdığı etirazlara minlərlə vətəndaş qoşulub. Aksiyaçılar bu qanunu “rus qanunu” hesab edir və ləğvini istəyirlər. “Gürcü arzusu” isə geri çəkilmək niyyətində deyil. Hələ ki, ölkədə gərginlik siyasi böhranlı vəziyyətlə xarakterizə edilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili veto hüququndan istifadə edərək qanuna veto qoyub. H.Səlimov isə yazısında qeyd edir ki, Gürcüstan Prezidenti tərəfindən veto qoyulması qeyri-demokratik qanunun qəbulunu dayandırmaq iqtidarında deyil: “Çünki Gürcüstan qanunvericiliyinə görə, Prezidentin vetosu qanunun qəbulunu maksimum bir ay gecikdirə bilər. Amma qanunun qəbulundan əvvəl Gürcüstanın Baş naziri bildirib ki, “Xarici agentlər” haqqında qanunun bəzi müddəalarını dəyişə bilərlər və bunun üçün müxalifət, ilk növbədə, Gürcüstan Prezidenti öz təkliflərini irəli sürməlidir”.

“Bir sözlə, qonşu Gürcüstanda siyasi ab-hava həddindən artıq qaynar olaraq qalır. Bütün bu günlər ərzində Rusiya mediası, hətta siyasi xadimləri də Gürcüstanda baş verənlərlə bağlı susur. Amma bu günlərdə dedilər ki, Gürcüstan Qərb və Rusiyayönlü inkişaf ssenariləri arasında seçim edir. Bu, Gürcüstandakı “siyasi küləyin” istiqamətini göstərdi - indi hamı üçün aydın və başa düşüləndir ki, bu ölkəyə də “siqnal” şimaldan, yəni Rusiyadan gəldi”, analitik qeyd edib.

Səlimov xatırladır ki, tezliklə Gürcüstanda parlament seçkiləri olacaq: “Seçkilər bu ilin oktyabrında, daha dəqiqi, oktyabrın 26-da keçirilməlidir. Amma deyə bilərik ki, proses artıq başlayıb - bu günlərdə Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanda Qərbyönlü qüvvələrin düşərgəsinə rəhbərlik edəcəyini bəyan edib. Hakimiyyət isə “Xarici agentlər” haqqında qanunun müxalifət və hakimiyyətin digər əleyhdarları üçün sadəcə bir bəhanə olduğunu inkar etmir. “Gürcü arzusu” koalisiyası da siyasi planlarını gizlətmir - bu yaxınlarda hakim partiyanın qurucusu Bidzina İvanişvili açıq şəkildə bəyan etdi ki, o və komandası seçkilərdən sonra müxalifətə son qoymaq niyyətindədir”.

“Bəzi siyasi müşahidəçilər qarşıdan gələn parlament seçkilərində hakimiyyətin sarsıdıcı məğlubiyyətə uğrayacağını proqnozlaşdırırlar. Bunun üçün bütün lazımi daxili və xarici resurslar var. Birincisi, hakimiyyətin seçkiqabağı reytinqi hətta otuz faizi də keçmir. İkincisi, ən son sorğulara görə, respondentlərin 80 faizi ölkənin Avropa kursunu dəstəkləyir. Üçüncüsü, mövcud hakimiyyətin əleyhdarlarının mövqelərini gücləndirən zəruri beynəlxalq resurslar var. ABŞ və digər ölkələr artıq bəyan ediblər ki, “Xarici agentlər” haqqında qanun qüvvəyə minərsə, bəzi sanksiyaları nəzərə alaraq belə, Gürcüstana qarşı siyasətlərini dəyişəcəklər. İrəliyə baxan digər politoloqlar Gürcüstanın Aİ və NATO-ya yolunun artıq bağlandığını proqnozlaşdırırlar. Bəli, Gürcüstan hakimiyyəti ölkənin avroyönümlü kursunu davam etdirəcəklərini bildirir. Amma qeyd etdiyimiz kimi, “Xarici agentlər” haqqında qanunun qəbulundan sonra onların Avropaya inteqrasiya niyyətləri sual altına düşür. Çoxları hesab edir ki, hakimiyyətin “Avropa” şüarları sadəcə olaraq ritorikadır və onların arxasında heç bir ciddi niyyət yoxdur, çünki müasir Avropada siyasi qüvvələr hakimiyyətdən iki əli ilə yapışmırlar - onlar da cəmiyyətin siyasi əhval-ruhiyyəsindən və ya onun ayrı-ayrı təbəqələrindən asılı olaraq dəyişirlər. Yalnız qeyri-demokratik ölkələrdə müxalifətə birdəfəlik son qoymaq niyyətindədirlər”, - deyə analitik yazısını tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
 
 

          
Ardını oxu...
“Qərbin Rusiyanın vurduğu ziyana cavabında ehtimal olunan gecikmə Rusiyanı yenidən işğala sövq edə bilər”

Rusiyanın Ukraynaya qarşı, qlobal miqyasda isə Qərbə qarşı müharibəsinin şərti formadan başqa, digər ölçüləri də var. Artıq Rusiya təcavüzünün informasiya komponenti haqqında çox danışılıb. İndi növbə təxribatçı-terrorçulardadır. Ukrayna cəbhəsində istənilən nəticəni əldə etməyən Rusiya ənənəvi terrorizminə üz tutur. Belə ki, bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın təxribat şəbəkəsinin bütün zəncirini, o cümlədən kəşfiyyat və döyüş qruplarını, Rusiya ərazisindən Ukraynaya partlayıcı maddələr daşıyan qaçaqmalçıları ifşa edib. Həmçinin terror aktının bilavasitə icraçılarını Kiyevin hipermarketlərindən birində partlayıcı qurğular quraşdırarkən yaxalayıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, partlayıcılar mülki əhaliyə maksimum ziyan vurmaq üçün bir neçə hipermarketdə pik saatlarda işə salınmalı imiş. Bundan əlavə, yanğının tez söndürülməməsi üçün onun tez alışan materiallar arasında yerləşdirilməsi nəzərdə tutulubmuş. Daha bir terror aktı məşhur Kiyev kafesinin yaxınlığında baş verməli imiş - rus agentləri yaxınlıqda dayanmış avtomobilə partlayıcı qurğu yerləşdirmək istəyiblər.

“Rusiya xüsusi xidmət orqanları bu terror aktlarını planlaşdırmaqla öz cinayətkar mahiyyətini bir daha nümayiş etdirdilər. Biz düşmənin planlarını vaxtında görüb, puça çıxarmağa çalışdıq. Cinayətkarların hər addımı sənədləşdirilib - onlar layiqli cəzalarını alacaqlar. Rusiya Federasiyasının xeyrinə işləməyə çalışan hər kəs kimi”, - Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd edilib.

Bundan əvvəl, 2024-cü ilin əvvəlində də xüsusi xidmət orqanları Rusiyanəın on bir kəşfiyyat şəbəkəsini ifşa edib: “Bunlar müxtəlif şəxslərin iştirak etdiyi müxtəlif çaplı şəbəkələr idi: xalq deputatlarının fəal olduğu, ayrı-ayrı nümayəndələrin olduğu şəbəkələrə qədər. Müdafiə Qüvvələrinin əməkdaşları da bu prosesə cəlb ediliblər”.

"Son xəbərdarlıq"

Maraqlıdır ki, sonuncu epizod Rusiya Federasiyası tərəfindən Avropada genişmiqyaslı təxribat hazırlamaq imkanının müzakirəsi fonunda baş verib. Xüsusilə, “Financial Times”ın yazdığına görə, kəşfiyyatçılar öz hökumətlərinə bu cür hazırlıqlarla bağlı xəbərdarlıq edərək, rusların “mülki əhalinin ölümü ilə bağlı” narahatlıq göstərmədiyini qeyd ediblər.

Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Vitali Kulik UNİAN-a deyib ki, Avropa İttifaqı ərazisində bir neçə dəfə Rusiya tərəfindən terror aktları olub: “Söhbət həm də Çexiyada Ukraynaya verilməli olan silahların olduğu anbarlarda baş verən partlayışlardan, “vətən xaini” adlandırılanların məhv edilməsindən gedir”.

Onun sözlərinə görə, Rusiyanın fərdlərin yerindəcə məhv edilməsindən, kiçik terror aksiyalarından, pilotsuz təyyarələrin hücumlarını hədəfə almağa, infrastrukturu sarsıtmağa, fabrikləri dağıtmağa, istehsal müəssisələrini hədəfə almağa keçə biləcəyi hələlik aydın deyil: “Lakin artıq Aİ-də bu cür təhdidlərə cavab vermək üçün siyasi iradə yoxdur. Kəşfiyyat ictimaiyyətində təhdidlərin anlaşılması var, amma mən cavab vermək üçün siyasi iradə nümayiş etdirməyə hazır deyiləm" deyirlər. Lakin siyasi rəhbərlik onların gözlərini yummağa və buna əhəmiyyət verməməyə üstünlük verir”.

Kulikin fikrincə, Qərbin Rusiyanın vurduğu ziyana cavabında ehtimal olunan gecikmə Rusiyanı yenidən işğala sövq edə bilər.

Terrorçu ölkənin "rekordu"

Əslində ilk il deyil ki, Rusiya Aİ-yə üzv ölkələrin ərazisində təxribat törətməkdə şübhəli bilinir. Məsələn, 2023-cü il dekabr ayının sonunda Ukraynanı silahla təmin edən şirkətə sahib olan bolqar silah maqnatı Emilian Qebrev Rusiya Federasiyası tərəfindən sistematik təxribat elan etdi. Onun sözlərinə görə, rus diversantları onun fabriklərinə və anbarlarına, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra fəal şəkildə hücum ediblər.

Ukraynaya silah tədarükünü artıran ən böyük lobbiçilərdən biri - Çexiya da rus diversantlarının nə olduğunu yaxşı bilir. Bu il aprelin sonunda Çexiya hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmanı yekunlaşdırıb və müəyyən ediblər ki, 2014-cü ildə Vrbeticsdəki sursat anbarlarında baş verən partlayışlarda Rusiya xüsusi xidmət orqanları iştirak edib. Bu anbardan sursatların Ukraynaya göndərilməsinin planlaşdırıldığı güman edilir.

Aprel ayında İsveçin nəqliyyat naziri də Rusiya Federasiyasının dəmir yollarında siqnalizasiya sistemlərini məhv etməyə çalışdığını bildirmişdi. İsveç hüquq-mühafizə orqanlarının əməkdaşları təxribat nəticəsində baş verdiyini güman etdikləri bir sıra qatar qəzalarını araşdırır.

Estoniyanın Daxili Təhlükəsizlik Xidməti bildirib ki, bu ilin fevralında rusiyalı casuslar daxili işlər nazirinin və jurnalistlərin avtomobilinə hücum ediblər.

Almaniya kansleri Olaf Şoltsun rəhbəri olduğu Sosial Demokrat Partiyasına keçən il haker hücumunda "rus izi"nin olduğu ehtimalı çoxdur.

"Qərb ölkələri Rusiya Federasiyasının təxribat törətmək cəhdinin əlamətlərini gördü. Rusiya agentlərinin ifşası halları var. Biz görürük ki, Qərb xüsusi xidmət orqanları onlarla daha əsaslı məşğul olur. Ona görə də düşünmürəm ki, silah-sursat anbarları, hərbi zavodlar, dəmir yolları və ya hava limanları fəaliyyətini dayandıracaq”, politoloq Volodimir Volya qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, Aİ-nin Rusiya Federasiyası ilə həmsərhəd ərazilərində təxribatların olmasını istisna etmək olmaz. Politoloqun fikrincə, Kreml daha güclü təxribatla məşğul olmayacaq: “Çünki bunda cinayətkarların Rusiya ilə əlaqəsini sübut etmək mümkün olacaq. Axı bu cür hərəkətlərin nəticəsi, gələcəkdə Rusiya Federasiyasının terrorçu dövlət kimi tanınması ola bilər”.

Onun sözlərinə görə, çox güman ki, ruslar müvafiq infrastruktur və logistikaya kiberhücumlar həyata keçirməklə Aİ-nin müdafiə istehsalına və Ukraynaya hərbi yardımın çatdırılmasına ziyan vurmaqda davam edəcəklər.

Öz növbəsində, Milli Strateji Tədqiqatlar İnstitutunun şöbə müdiri Aleksey Yijak xatırladıb ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin əvvəlində Avropada xeyli sayda casus şəbəkələri məhv edilib: “Altı yüz rus gizli casusu Aİ hüdudlarından kənara göndərilib, ona görə də onları və onların təsirini bərpa etmək çətin olacaq. Lakin buna baxmayaraq, Rusiya Federasiyası Avropanı xaosa qərq etməyə çalışacaq. Rusiyanın ənənəvi kəşfiyyat fəaliyyətindən uzaqlaşdığı və Avropaya xaos gətirəcək tədbirlər hazırladığı barədə məlumatlar və ehtimallar var”.

Onun fikrincə, ruslar müxtəlif fövqəladə vəziyyətlər yaratmaqla (terror aktları deyil), həmçinin təbliğatdan istifadə etməklə, xüsusən də insanları, məsələn, sosial itaətsizliyə sövq etməklə vəziyyəti sarsıtmağa çalışacaqlar. Və bu cür hibrid əməliyyatların Ukraynaya dəstək üçün silahlı koalisiyanı dağıtmaq ehtimalı az olsa da, Rusiya adlanan güclə bağlı Qərbi qorxudan halların davam etməsi mümkündür.

“İnanmıram ki, Rusiya silsilə terror aktları və ya dağıdıcı hadisələr vasitəsilə siyasi qərarların qəbuluna, xüsusən də müharibədə Ukraynaya yardımın göstərilməsinə təsir göstərə bilsin. Rusiya Federasiyasının indi dünyanı nüvə silahı ilə qorxutmaqla məşğuldur. Aİ-yə artan təzyiq isə Rusiyanın potensial təxribatının məqsədidir. Məqsəd Avro-Atlantik birlikdə, ayrı-ayrı ölkələrdə sabitliyi pozmaq, bu dövlətlərin hökumətlərinə təsir göstərmək, Ukraynanı gözdən salmaq və ukraynayönlü koalisiyanı zəiflətmək, bütövlükdə bütün azad demokratik dünyanı zəiflətməkdir”, - ekspert hesab edir. Kim günahkardır? Ukrayna

Nəzərə alınmalı olan digər məqam isə odur ki, terror üsulları ilə hərəkət edən, təxribat əməliyyatları həyata keçirən Rusiya buna görə Ukraynanı günahlandırmağa çalışacaq. Söhbət təkcə “Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bu raketi Polşa və ya Rumıniyanın hava məkanına düşüb” kimi ittihamlardan getmir. Söhbət həm də ondan gedir ki, Rusiya şərti olaraq Avropa ərazisində istənilən təxribata haqq qazandıra bilər ki, dinc Rusiya neftayırma zavodlarının, hətta yaşayış binalarının “dağıdılmasına məhz Avropa silahları səbəb olub”.

Belə bir nağılı Belqorodda yaşayış binasının çoxmərtəbəli hissəsini dağıdan partlayışın ətrafında artıq müşahidə etmək olar. Baxmayaraq ki, hadisə 1999-cu ildə Rusiya şəhərlərində İkinci Çeçen müharibəsini başlatmaq və Vladimir Putini hakimiyyətdə möhkəmlətmək imkanı verən bir sıra təəccüblü oxşar partlayışları xatırladır. Baxmayaraq ki, hərbi ekspertlər və hətta Rusiya Müdafiə Nazirliyi bunun Rusiya hava hücumundan müdafiə sisteminin uğursuz işinin nəticəsi ola biləcəyini qeyd edib. Belqorod vilayətində Rusiya yaşayış məntəqələrinə "qeyri-müntəzəm" basqınlarının tez-tez baş verməsinə baxmayaraq Rusiya Ukraynanı “terrorçu” kimi təqdim etməyə çalışır. Üstəlik, deyirlər ki, “Qərb Ukraynaya silah verməsəydi, bunların heç biri baş verməzdi”.

“Canlı qayıdış” fondunun analitiki Mariya Kuçerenko Rusiyanın terror əməliyyatlarına keçidinin artıq baş verdiyinə diqqəti çəkib: “Onlar təkcə terrorçu formalaşdırmaqla kifayətlənmirlər. Ukraynaya qarşı terror üsullarından istifadə etməyə çalışırlar. Təhlükəsizlik Xidmətinin terror hücumlarının qarşısını alması bunun təsdiqidir”.

Beləliklə, kəşfiyyat məlumatlarına, Rusiya agentlərinin ifşasına baxmayaraq, çətin ki, Ukrayna və Avropa Rusiyanın bu fəaliyyət növünü könüllü şəkildə məhdudlaşdırmasına ümid etsin. Axı Kreml uzunmüddətli müharibə kursu götürmüş kimi görünür...
Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Əhalinin çox olduğu paytaxt Bakıda taksi sənayesi həm şəhərin nəqliyyat şəbəkəsinin mühüm hissəsidir, həm də mühüm məşğulluq mənbəyidir. İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda şəhərdə 28 000 taksi sürücüsü çalışır.

Lakin Azərbaycanda yeni qaydaların qüvvəyə minməsilə əlaqədar taksi sənayesi mühüm dəyişikliklərə məruz qalır ki, bu da yollarda taksilərin sayının azalmasına səbəb olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, taksimotor daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bundan sonra müvafiq icazələrə malik olmalıdırlar. Buraya sürücülük məktəbini bitirməyə dair şəhadətnamə və 15 yaşdan yuxarı olmayan nəqliyyat vasitələri üçün qeydiyyat kartı daxildir. 2024-cü il 1 iyuldan sonra yalnız səkkiz yaşdan kiçik avtomobillər qeydiyyatdan keçə biləcəklər.

Avtomobillərin əksəriyyəti 8-15 ildən çox öncə konveyerdən çıxdığı üçün onların sürücülərinin gələcək rifahı təhlükə altındadır. Bu problemin həlli iş yerlərinin saxlanmasını təmin edən, nəqliyyat vasitələrindən istifadə standartlarını yüksəldən, xidmətin keyfiyyətini artıran və ekoloji davamlılığı təşviq edən kompleks yanaşma tələb edir.

Perspektivli həllərdən biri elektrik və hibrid nəqliyyat vasitələrinə keçid ola bilər. Həddindən artıq avtomobil istehsalı (ildə 17 milyona yaxın) ilə üzləşən Çin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin etibarlı mənbəyini təklif edir. Çindən elektrik və hibrid taksilər idxal etməklə Bakı öz taksimotor parkını modernləşdirə bilər, eyni zamanda iki problemi – ətraf mühitin çirklənməsi və iqtisadi gərginliyi həll edə bilər.

Bu keçidi taksi sürücüləri üçün mümkün etməkdən ötrü avtomobilləri səkkiz ilədək müddətə 5% – dən çox olmayan illik faiz dərəcəsilə lizinqə satmaq. Çinin 400 kilometrdən çox gediş ehtiyatına malik elektromobilinin Bakıya çatdırılması 35 000 manat həcmində qiymətləndirilir. Hazırda Bakıda taksi sürücüləri öz nəqliyyat vasitələrini adətən gündə 25 manata icarəyə götürürlər. İldə 7500 manat ödəmək üçün altıgünlük iş həftəsində sürücü kifayət qədər qazana bilər. Beləliklə, məqbul maliyyə planı olduğu təqdirdə sürücülər altı- səkkiz il ərzində öz nəqliyyat vasitələrinin xərcinin yerini tamamilə doldura bilərdi ki, bu da onlara maliyyə yükünün olmamasına zəmanət verərdi.

Belə yanaşmanın bir çox üstünlüyü var:

1. Məşğulluq zəmanəti: Müasir nəqliyyat vasitələrinin alınması üçün əlverişli maliyyələşdirmə variantları təqdim etməklə, taksi sürücüləri işsiz qalmaq qorxusu olmadan pul qazanmağa davam edə bilərlər.

2. Avtoparkın modernləşdirilməsi: Yeni elektrik və hibrid taksilərin tətbiqi Bakı taksomotor parkını yeniləyəcək ki, bu da sərnişinlərə xidmətin keyfiyyətinin və etibarlılığın yüksəldilməsinə gətirib çıxaracaq.

3. Ekoloji üstünlüklər: Elektromobillər sıfır tullantı səviyyəsini təmin edir ki, bu da şəhərdə havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Bu, iqlim dəyişikliyilə mübarizə və şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması üçün qlobal səylərə uyğundur.

4. İqtisadi faydalar: Dövlət nəqliyyat vasitələrinin satışından və idxalından faydalana bilər, elektromobillər üçün istismar xərclərinin azaldılması (yanacaqla müqayisədə daha ucuz elektrik enerjisi) vətəndaşlar üçün taksi tariflərinin azalmasına səbəb ola bilər.

5. İctimai rahatlıq: Sərnişinlər daha rahat və müasir taksi xidmətlərindən istifadə edə biləcəklər ki, bu da şəhər nəqliyyatından ümumi məmnuniyyəti artıracaq.

Bu həllin tətbiqi hökumətin, maliyyə institutlarının və özəl sektorun koordinasiyalı səylərini tələb edir. Elektromobillər üçün subsidiyalar və stimullar, bankların dəstəkləyici kredit strukturları və Çinin avtomobil istehsalçıları ilə əməkdaşlıq bu istiqamətdə vacib addımlardır.

Bundan əlavə, bu model Bakı ilə məhdudlaşmır. Ölkə boyunca taksi sənayesinin modernləşdirilməsi üçün miqyaslana bilən həll təqdim edərək bunu bütün Azərbaycana şamil etmək olar. Bakı bu addımları ataraq mühüm taksi problemini həll edə biləcək, sürücülərin işə cəlb olunmasına, ətraf mühitin qorunmasına zəmanət verəcək, şəhər sakinləri isə daha keyfiyyətli nəqliyyat xidmətlərindən istifadə edə biləcəklər.

Mehman Əliyev
ASTNA mərkəzinin rəhbəri
 
Ardını oxu...
Rusiya - Ukrayna müharibəsindəki son hadisələrdən, Vladimir Putinin kadr dəyişikliyindən və onun Pekinə səfərindən belə bir nəticə çıxarmaq olar ki, Rusiya müharibənin hələ uzun sürəcəyinə hazırlaşır. Görünən odur ki, Putin Rusiyanı Soyuq müharibədən daha sərt geostrateji qarşıdurmaya sürükləyir və Rusiya ilə Qərb arasındakı gərginlik getdikcə şiddətlənir.

Rusiya bu müharibədən qalib çıxmaq və istədiyinə nail olmaq üçün ölkə iqtisadiyyatını hərbi relsin üzərinə qoymaq məcburiyyətində qalır. Kremlin gələcəklə bağlı planları, onun öz məqsədinə necə və hansı üsullarla çatacağı maraq doğurur. Hakimiyyətin yuxarı eşalonundakı Sergey Şoyqunun və Nikolay Patruşevin postlarından uzaqlaşdırılmasında təəccüblü heç nə yoxdur. Rusiyada toxunulmaz yalnız bir şəxs var və o da Vladimir Putindir...

Bəs Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşmasının başlıca səbəbi nədir? Putin bilmirmi ki, müharibə uzandıqca qüvvələr nisbətindəki balans fərqi onun əleyhinə işləyəcək?

Hələ Amerikanı kənara qoyaq, məsələn, Avropa ilə müqayisədə Rusiyanın iqtisadiyyatı iyirmi dəfə kiçikdir. Avropa ölkələrinin böyük orduları olmasa da, çox möhtəşəm Hərbi Sənaye Kompleksləri var. Hələlik, Avropa öz iqtisadiyyatını hərbləşmə istiqamətinə yönəltmək qərarına gəlməyib. Ancaq buna baxmayaraq, Avropanın hərbi imkanlarını artırması ilə bağlı tez-tez çağırışlara rast gəlirik. Müşahidələr və proseslərin ümumi dinamikası göstərir ki, ”qoca qitə”nin Ukraynadakı müharibəyə baxışı tədricən dəyişir və onlar intensiv hərbləşmə prosesinə start verə bilərlər. Bu isə Rusiya iqtisadiyyatının döyüşən ordunu daim silahla təmin etmək üçün əlavə yüklənməsi ilə nəticələnəcək. Sanki Qərb də elə bunu istəyir və Rusiyanı oraya dartır. Putin deyir ki, 1980-ci illərin ortasında SSRİ-nin Ümumi Daxili Məhsulunda hərbi xərclərin payı 13 faiz olub və hazırda Rusiyada bu göstərici 8,7 %-dir(SSRİ -də hərbi xərclər Putinin dediyindən də yüksək olub). Əslində, o, demək istəyir ki, Rusiya həmin səviyyəyə qədər gedəcək. Amma Rusiya Prezidenti burada iki məqamı unudur.

Birincisi, SSRİ heç kimlə müharibə etmirdi, Əfqanıstandakı müharibə isə Ukraynadakı müharibə ilə müqayisəyə gəlməz dərəcədə kiçik idi. Lakin hətta bu müharibə Sovet İttifaqı kimi nəhəngi silkələmişdi. 280 milyon əhalisi olan SSRİ-nin Əfqanıstanda 9 il ərzində 15 min əsgəri ölmüşdüsə, 27 ay ərzində 145 milyonluq Rusiyanın 160 min əsgəri ölüb, 300 min əsgəri isə əlil olub. Məhv edilmiş texnikanın sayı və müharibəyə çəkilən xərc isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir.

İkincisi, Sovet İttifaqının iqtisadiyyatı Rusiyanın indiki iqtisadiyyatından dəfələrlə böyük idi. SSRİ dünyadakı ümumi sənaye istehsalı həcminin 16,5 faizinə sahib idi. Həm də SSRİ 1980-ci illərin ortasında hərbi xərcləri birdən-birə qaldırmamışdı, hər şey tədricən getmişdi.

Vladimir Putin artıq ölkə iqtisadiyyatının, büdcənin və sosial təminat sisteminin yüklənəcəyinin siqnalını verdi. O, Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaqla guya ki, silah təchizatındakı uğursuzluğun günahkarını tapıb. Lakin Şoyqu özbaşına nəsə etmirdi, sadəcə Putinin əmr və tapşırıqlarını yerinə yetirirdi. Putin özü bu illər ərzində “Kinjal”, ”Sirkon” raketləri, “Armata” tankı, ”Su-57” təyyarəsi kimi yeniliklərlə qürrələnməyibmi, deməyibmi ki, bu silahların anoloqu yoxdur? Axı, bütün bunlar Şoyqunun dövründə ərsəyə gətirilib. Əgər tərifli yeni silahlar gözlənilən texnoloji üstünlüyə malik deyilsə, bunun günahkarı təkcə Şoyqudurmu?

Bundan sonra Andrey Belousov hansı fövqəladə dəyişikliklər, müsbət yeniliklər həyata keçirə bilər? Belousovun təyin edilməsi Rusiyada müdafiə sənayesində xüsusi yeniliyə yol açmayacaq, hər şey əvvəlki kimi davam edəcək. Yeni və daha səmərəli heç nə yaradılmayacaq, sadəcə köhnələrin üzərində yeniləmə işləri aparılacaq. Putin müdafiəyə çəkilən xərcləri bir qədər də artıracaq və bununla da Rusiya militarizmdə özünün ən potensial zirvəsinə çatacaq. Həmin həddin aşılmasına cəhd isə iqtisadiyyatın çöküşüylə nəticələnə bilər. Putin istəyir müharibədən elə qalib çıxsın ki, cəmiyyət müharibənin ağırlığını öz həyatında kəskin şəkildə hiss etməsin. Ona görə də bunu zamana yaymaqla həyata keçirmək niyyətindədir. Ancaq müharibənin qeyri-müəyyən vaxta kimi uzanması əhalinin həyat şəraitinə təsirsiz ötüşməyəcək.

Hərbi xərcləri artırmaq üçün əlavə pulların tapılması yollarına baş vurulacaq. Rusiya hökuməti vergi məcəlləsində dəyişiklik etməyi planlayır. Kreml dəfələrlə Çindən pul istəsə də, hələlik ona müsbət cavab verilməyib. Pekin, yəqin ki, Moskvanın daha aciz hala düşməsini gözləyir...

Rusiya mütəhhərik deyil, tarix boyu bürokratiya və korrupsiya onun həyatının ayrılmaz parçası olub. Bu səbəbdən də qarşıya qoyulan planların yerinə yetirilməsi həmişə ləngiyir, sonradan günahkar ovuna çıxılır və yenidən başlanğıc nöqtəyə qayıdılır. Amma Rusiyanın böyük təbii srəvətləri onun çatışmazlıqlarını, ayıblarını örtə bilir. Müqayisələr hər zaman qüsurlu olsa da, onu demək lazımdır ki, əgər Rusiyadakı insan və təbii resursun yarısı Ukraynada olsaydı, müharibə çoxdan bitmişdi...

Yuxarıda deyildiyi kimi, Rusiya hərbi xərcləri öz potensial imkanının ən yüksək həddinə qədər qaldıracaq və bütün cəmiyyəti də bu istiqamətdə kökləyəcək. Müqavilə əsasında döyüşçü yığılması ilə bərabər “sürünən” səfərbərliyin dozasını bir qədər də artıracaqlar. Rusiya Ukrayna ordusunu yormaq və onun qüvvələrini səpələmək üçün cəbhə xəttini uzadacaq. Xarkov istiqamətindən sonra Sumı tərəfdə də aktivləşəcəklər və beləliklə, Zaporojye, Çasov Yar, Avdeyevka, Kupyansk istiqamətləri ilə yanaşı daha iki cəbhə xətti formalaşacaq. İndi Ukrayna üçün həll ediməsi ən vacib olan məsələ Xarkov istiqamətində yaranmış ağır vəziyyəti sabitləşdirməkidir.

Çox güman ki, Rusiya Xarkov istiqamətində bufer zona-platsdarmı yaratmaq istəyir. Onların hələlik ilkin planı budur. Ukraynalılar özləri etiraf edirlər ki, ruslar daha zəif, yaxşı müdafiə olunmayan yaşayış məskənlərini tuta biliblər. Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri deyib ki, rusların daimi artilleriya və dron hücumları altında sərhədə yaxın yerlərdə müdafiə qurğuları yaratmaq mümkün olmayıb. Ona görə də onlar birinci müdafiə xəttini sərhəddən 12-13 kilometr, ikinci xətti isə 20 kilometr aralıda qurublar. Lakin hər halda, hadisələrin gedişi və şahidlərin söylədikləri göstərir ki, ön cərgədə lazım olan istehkamlar tikilməyib, çoxlu sayda beton bloklar yol kənarına atılmış vəziyyətdə qalıb. Əlbəttə, bu, Ukraynanın müvafiq rəsmi strukturları tərəfindən araşdırılmalıdır. Bu, həm də müəyyən mənada hərbi-tikinti işlərinə məsuliyyət daşıyanlar üçün dərs olmalıdır.

Xarkov istiqamətində Ukrayna ordusunun problemlərindən biri də Qərbin yolladığı silahlarla Rusiya ərazisinə atəş açmağa qadağa qoyulmasıdır. Rusiya öz ərazisindən heç bir təhlükə duymadan rahatlıqla Ukraynanın sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutur. Ukrayna isə ABŞ-nin qadağaları üzündən həmin atəş nöqtələrini susdura bilmir. Müharibə uzanacağı təqdirdə Qərb Ukraynanı güclü silahlara təchiz etsə, Rusiya getdikcə çıxılmaz vəziyyətlə üzləşə bilər. ATACMS raketlərinin Krımdakı hücumları Rusiya ordusunun perspektiv imkanlarının necə dağıla biləcəyinin əyani nümunəsidir. Əlbəttə, Qərbdən yardım gəlməsə, Ukrayna duruş gətirə bilməz və cəbhə xətti çökər. ABŞ-nin yardımları həlledici olsa da, Avropanın süst davranışlarına son qoyması Ukraynanın potensialını qat-qat gücləndirə bilər. Bir çox Avropa ölkələri Ukraynaya böyük yardımlar edir. Məsələn, Danimarka kimi kiçik ölkə Ukrayna ordusuna 19 ədəd “F-16” qırıcısı verəcək. Bundan başqa, iki gün öncə Danimarka Xarici İşlər naziri Lars Lyukke Rasmusen Ukraynaya 750 milyon avro dəyərində yeni yardım yollayacaqlarını elan edib. Ümumiyyətlə, Danimarka Ukraynaya indiyədək 4 milyard avro dəyərində hərbi yardım göstərib. Amma Qərbin aparıcı böyük dövlətləri heç də Danimarka kimi davranmırlar. Açıq hiss olunur ki, onlar Rusiyanın məğlubiyyətə uğramasını arzulamırlar.

Elə Ukrayna Prezidenti Volodimir Zelenski də məhz bundan şikayətlənib. O, son müsahibəsində deyib: ”Mən hesab edirəm ki, tərəfdaşlarımız Rusiya Federasiyasının bu müharibədə məğlub olmasından qorxurlar. Onlar istəyirlər ki, Ukrayna elə qələbə qazansın ki, Rusiya uduzmasın. Ukraynanın qalib gəlməsi üçün bizə qələbəni təmin edən hər şey verilməlidir”.

Vaqif Nəsibov

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti