Ardını oxu...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfərinin Azərbaycan üçün zərəri yoxdur. Əksinə, Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışıb ki, iki bölgənin – Mərkəzi Asiyanın və Cənubi Qafqazın inkişafı və bir-birinə daha sıx bağlılığı nəqliyyat və enerji layihələrinin reallaşmasıyla bağlıdır və Orta dəhliz layihəsinin potensialı böyükdür. Bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır. Ermənistan da bu layihənin bir hissəsi olaraq gəlir qazana bilər, bir şərtlə ki, Azərbaycanla sülh sazişi imzalasın və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratsın. Tokayev Paşinyana bunları anlatmağa çalışıb. Tokayevin Azərbaycanla Ermənistan arasında danışıqlarda Qazaxıstanın platforma kimi istifadəsi təklifi də müsbət dəyərləndirilməlidir. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, bir-birimizi tarixi köklər bağlayır, türk dünyasının inteqrasiyasında maraqlar üst-üstə düşür. Qazaxıstan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bunları nəzərə alaraq Qazaxıstanın görüşlər üçün məkan yeri seçilməsi tərəflər üçün məqbuldur.
Elxan Şahinoğlu
TEREF
 
 

 


Ardını oxu...
Ölkədə hökumətin iqtisadi komandasının bərbad işləməsi haqqında illərdir ki, yazırıq, danışırıq – amma qarşı tərəf normal izah, açıqlamalar vermir, rəqəmlərlə “rəqs” edir, özünə nə sərf edirsə, o məsələləri vurğulayır. Son illər, “Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir”, tezisini bizə sırımağa çalışırlar. Amma elə özlərinin rəsmi rəqəmləri mənzərinə açıq göstətrir, sitat: “Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2024-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1%, real ifadədə 36,9% azalaraq cəmi 455,0 milyon dollar təşkil etmişdir”.
Yaxşı, bəs hanı bu qeyri-neft sektoru, necə inkişaf edir ki, ixracı keçən ilin ilk 2 ayına nisbətən 37% azalıb?! Bacarıqsız iqtisadi komanda bunu necə izah edəcək?! Hələ mən keçən il Azərbaycanın MDB ölkələri arasında ÜDM artımına görə sonuncu yer tutmasını demirəm – bu məsələyə görə də cavabdehlik daşıyanlar susdular, normal izah verə bilmədilər. Göz görə-görə ölkə iqtisadiyyatını tənəzzülə aparırlar – təşəbbüskarlıq, yeni ideyalar yox, vergi-gömrük siyasəti bərbad. Nə isə...
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Həyatda da belədir: xaosdan, dava-dalaşdan, hətta qandan bəslənənlər var. Hamısından eyni vaxtda bəhrələnənlər də bir ayrı tip!
Bizim ölkənin bir bölgəsi 30 ildən çox işğala, dağıntılara məruz qalmışdı. Qarabağa erməni iddiası felən hələ 1987-ci ildə başlasa da, Ermənistanın Azərbaycana qarşı isti müharibənin əvvəli 1991-ci ildən hesablanır. Hər iki respublikanın müstəqilliyini elan edəndən sonra. Ancaq Azərbaycan 1992-ci ilin martından danışıqlara razılıq verdi və bu danışıqlar beynəlxalq vasitəçilərin moderatorluğu ilə başladı. 1994-cü ilin mayından - atəşkəs sazişindən düz 26 il Azərbaycan sülh axtarışına zaman verdi, atəş açmadı. Ancaq bütün dinc vasitələr tükənəndən sonra Azərbaycan dövlət başçısı döyüş əmrini verdi. Hərçənd bunu öz cəmiyyəti ondan hər gün gözləyirdi. Prezident İlham Əliyev problemi müharibəsiz, qansız həll etmək üçün səbrlə davrandı. Ancaq artıq yol qalmamışdı; 2020-ci ildə cəmi 44 günə düşməni torpağından qovdu.

Biz savaşa haqqımız ola-ola, qansız, savaşsız həll yolu axtardığımız yerdə, başqa regional və beynəlxalq aktorlar qaşınmayan yerdən qan çıxarır. Müharibədən imtina etmək yerinə, sülhdən qaçmağa çalışır, dartınır. Bu pis nümunələrdən biri də Ermənistandır; Rusiyadan "anlaşmalı boşanmaq" mümkün olmur deyə, özünə Qərbdə yeni "boyfriend"lər axtarır. Tapır da. Nədənsə bəzi dövlətlərə elə gəlir ki, mütləq kimdənsə ayrılıb, kiminləsə yeni siyasi nikaha girmək qaçılmazdır. Axı anlamaq çətin deyil ki, coğrafiya - qədərindir. Həm də siyasi coğrafiya.

Budur, Yaxın Şərqdə yenidən müharibə ocaqları alovlandırılıb. İndi isə İranla İsrail arasında açıq toqquşmalar başlanıb; artıq Yaxın Şərqdəki qanlı xaosu Orta Şərqə daşımağa çalışanlar var. Daha iki potensial müharibə isə Uzaq Şərqdə növbə gözləyir. Bunlardan biri Kuril üstündə Yaponiya-Rusiya gərginliyidir, o birisi isə ABŞ dəstəkli Çin-Tayvan münaqişəsidir. Hətta Avropa müharibədən kənarda qala bilməyib; 2014-cü ildən bəri Şərqi Avropada - Rusiya ilə Ukrayna arasında müharibə gedir. Ukrayna ABŞ, Böyük Britaniya ağırlıqlı Qərb dəstəyi ilə Rusiya qarşısında müdafiə olunur. Bu savaş Avropa Birliyinə də çox təsir edir. Bunlar da azmış kimi, İranla İsrail açıq savaşa başlamışlar sanki. Beləliklə, Azərbaycanın şimal və cənub qonşuları olan Rusiya və İran faktik müharibə vəziyyətindədir. Üstəlik qonşu və hələlik düşmən Ermənistan yeni Dünya Müharibəsinin bir qolunu da Cənubi Qafqaza gətirmək istəyir. Aprelin 5-də keçirilmiş Brüssel görüşü, orda ABŞ və Avropa Birliyi rəsmiləri ilə qapalı sövdələşmələr bu məqsədə doğru daha bir addım idi. Ayrıca Fransa, Yunanıstan, eləcə də, Hindistan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda güc balansını dəyişməyə çalışırlar.

Azərbaycan bu prosesi əvvəldən görürdü və öz mövqeyini də dəfələrlə açıq bildirib. Həmin xarici güclərə: "Bizim bölgədən uzaq durun, imkan verin, region rahat nəfəs alsın" deyə etirazını da bildirmişdi.

Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdə inaqurasiya nitqində üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı fikirlərini və proqnozlarını açıqlamışdı.

Prezident belə demişdi: "Bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır".

Bu müharibənin Azərbaycanı da öz içinə çəkməməsi üçün ölkə rəhbərliyi aktiv və düşünülmüş siyasi xətt yürüdür. Bunun nəticəsində Azərbaycan yaxınlığında, hətta sərhəd qonşuluğunda gedən müharibələrə rəğmən hələ də sabitlik və təhlükəsizlik adasını xatırladır.

Bəli, heç bir regional, yaxud dünya çapında savaşları önləmək, mane olmaq Azərbaycan kimi dövlətlərin iradəsi daxilində deyil. Ancaq bu dövləti ayaqda saxlamaq və ətrafdakı müharibələrdən kənarda tutmaq həm böyük siyasi məharət və cəsarət tələb edir. Azərbaycan buna nail olur. Faktik çoxdan başlamış və davam edən Üçüncü Dünya müharibəsi fonunda Azərbaycanın hazırkı mövqeyini İkinci Dünya müharibəsində İsveçrənin neytral statusuna bənzətmək olar. Ancaq bu, biganəlik anlamına da gəlməməlidir. Çünki Brüsseldə Ermənistan vasitəsilə Cənubi Qafqaza müharibə ixrac qərarı verilərkən (daha doğrusu, rəsmən prezentasiya edilərkən), Qafqaz regionunun əsas dövlətləri olan Azərbaycan, Türkiyə, Rusiya buna etirazını bildirdi. İran isə bir həftə susdu. Ancaq Brüssel sövdələşməsinə o zaman reaksiya verdi ki, artıq İsrail Suriyada İran maraqlarını və obyektlərini bombalayırdı. Azərbaycan və Türkiyə, faktik olaraq, regionda sabitləşdirici rol almışlar. Bakı və Ankara region dövlətləri arasında birləşdirici nöqtələri axtararkən, Paris, Brüssel, Vaşinqton Tehranın susqun razılığı və İrəvandakı qrant hökuməti vasitəsilə bölgədə ayırıcı xətlər çəkməyə çalışır. Rəsmi Bakı Cənubi Qafqazı sülh və tərəfdaşlıq bölgəsinə çevirmək təşəbbüsləri ilə çıxış edərkən, rəsmi İrəvan bölgəni yeni silahlanmaya və qanlı toqquşmalara, dağıntılara sürükləmək istəyir. Azərbaycan şərqlə qərbin geostrateji maraqlarını uzlaşdırmaq üçün üzərinə məsuliyyət götürərkən, Ermənistan Qərblə Şərqin siyasi və silahlı toqquşmalarında poliqona çevrilməyi seçib.

Bütün bu və başqa paralellər Azərbaycanın nəinki öz daxilində sabit və təhlükəsiz bir ölkə ola bildiyini göstərir, həm də bölgədə və daha da geniş geosiyasi məkanda sabitliyə və təhlükəsizliyə ciddi töhfələr verdiyini göstərir. Öz modelini nəinki Cənubi Qafqaz subregionuna, bütövlükdə Qafqaza, bütövlükdə Orta Şərqə, Avrasiyaya və bütün dünyaya təklif, təlqin edir. Çox mürəkkəb regional və beynəlxalq situasiyada bu mövqeni seçə bilmək və saxlamaq mühüm nəticə və dediyim kimi, başqa aktorlara da pozitiv nümunədir.
Bahəddin Həzi,
Bizimyol.info
 
Ardını oxu...
Hamı öz rolunu gözəl oynadı, hər bir siyasi aktyor karlı çıxdı.

Bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, əslində bu yaxşıdır, əsas odur ki, böyük müharibə olmasın:

1. İran qabağından yemədi, cavab verdi (guya), imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə “zərbə” endirəcəyini elan etməklə bu addımı atdı. Bölgədəki proksiləri də işin içində olduqlarını, onun sözünə baxdıqlarını göstərdi;

2. İsrail Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı, daxildə dəstəyi azalan indiki hökumət atılan PUA və raketlərin 99%-ni məhv edərək daxildə nüfuzunu “təmir” etdi;

3. ABŞ İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi.

Hətta tamaşının zamanı da razılaşdırılmışdı – şənbədən bazara keçən gecə, yəni dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın və bunun tamaşa olması, bir daha deyim ki, yaxşıdır, deməli, hələ dünyada diplomatiya ölməyib”.
Ardını oxu...
Ukrayna 2040-cı ilə qədər NATO-ya daxil olmamaq üçün zəmanət verməlidir: Rusiya isə Kiyevin Aİ-yə daxil olmasına etiraz etməməlidir

Türkiyə Rusiya və Ukraynaya hazırkı cəbhə xəttində münaqişənin dondurulmasını nəzərdə tutan yeni sülh müqaviləsi layihəsini təklif edib. Bu barədə “Novaya qazeta Europe” sənədlə tanış olan mənbəyə istinadən yazıb. Plana həmçinin 2040-cı ildə Ukraynada dövlətin xarici siyasəti ilə bağlı referendumların məcburi keçirilməsi, habelə müharibənin dondurulduğu vaxt Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində beynəlxalq nəzarət altında referendumların keçirilməsi də daxildir.

Sənədə görə, Ukrayna 2040-cı ilə qədər Şimali Atlantika Alyansı blokuna (NATO) daxil olmamaq üçün zəmanət verməli, Rusiya isə Ukraynanın Avropa İttifaqına daxil olmasına etirazlarından əl çəkməli olacaq. Plan həmçinin “hamının hamıya” prinsipi ilə əsir və girovların mübadiləsini nəzərdə tutur.

Bundan əlavə, plana ABŞ və Rusiyanın heç bir şəraitdə nüvə silahından istifadə etməmək, həmçinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsi (START-3) və birtərəfli qaydada çıxmaq olmadıqda, nüvə silahından gələcəkdə istifadə etməmək barədə qarşılıqlı öhdəlik də daxildir.

Bundan əvvəl İsveçrə Prezidenti Viola Amerd iyunun 15-16-da Bürgenstokda Ukraynada nizamlanma üzrə konfransın keçiriləcəyini bildirmişdi. Amerdin sözlərinə görə, sammitə Rusiya da daxil olmaqla 100-dən çox ölkənin dəvət edilməsi planlaşdırılır. Moskva isə bu tədbirdə iştirak etməkdə maraqlı olmadığını açıq şəkildə bildirib.

Bir gün əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə keçiriləcək sammitdə müharibənin dayandırılması planının hazırlanacağını, Rusiyanın müzakirəsindən sonra onunla tanış ola biləcəyini demişdi. Dövlət başçısı əlavə edib ki, söhbət sülh sammiti platformasından gedirsə, Kiyev Moskvanın “müəyyən nümayəndələri ilə dialoq üçün imkanlar” tapacaq, eyni zamanda, Rusiyanı tədbirdə görmək istəmədiyini qeyd edib.

“İsveçrədə keçiriləcək sülh sammitindəki müzakirədən sonra Rusiya Ukrayna ilə müharibəyə son qoymaq planını öyrənmək imkanı əldə edəcək”, - deyən Zelenski “Bild”ə müsahibəsində bildirib ki, plan hazırlanacaq: “Biz plan hazırlayacağıq. Düşünürəm ki, görülməli olan işlərin konkret təfərrüatları olan bəzi məqamlar Cenevrə formatında ilk görüşə qədər hazır olacaq. Bundan sonra biz tam plan hazırlayacağıq və bəzi vasitəçilər, qitələrin nümayəndələri, təbii ki, bunu Rusiya nümayəndələrinə göstərəcəklər. Ancaq biz ümumi rəy formalaşdırdıqdan sonra”.

Zelenski həmçinin bildirib ki, Rusiyanı İsveçrədə keçiriləcək sülh sammitində görmək istəmir: “Onların orada iştirakına və nəyinsə qarşısını almasına ehtiyacımız yoxdur”.

Öz növbəsində İsveçrənin xarici işlər naziri İqnazio Kassis Ukraynada müharibəyə son qoymaq üçün danışıqların Rusiyasız baş tuta bilməyəcəyini qeyd edib və gələcəkdə onun da onlara qoşulacağına ümid etdiyini bildirib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva dəvət alsa belə konfransda iştirak etməyəcək, çünki Ukrayna bu formatdan Zelenskinin Rusiya üçün qəbuledilməz məqamları ehtiva edən “sülh formulu”nu təbliğ etmək niyyətində olduğuna inanır. Bu formula 1991-ci ildə qoşunların Ukrayna sərhədlərinə çıxarılması daxildir.

Ötən ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri özündə əks etdirən “sülh planı” dərc edib. Sənəd 12 bənddən ibarətdir. Burada tərəflər suverenliyə hörmətə, atəşkəsə və danışıqların bərpasına çağırır, lakin konkret addımları özündə əks etdirmir. Məsələn, Rusiya qoşunlarının Ukraynadan çıxarılması şərtini ehtiva etmir ki, bu da təbii ki, Kiyevin maraqlarına uyğun gəlmir. ABŞ Prezidenti Co Bayden də Çinin təşəbbüsünü tənqid edərək, bunu yalnız “Moskva üçün faydalı” adlandırıb.

2023-cü ilin yayında Afrika ölkələri sülh planını təqdim etdilər. Sənəddə dərhal sülh danışıqlarına və “hər iki tərəfdə gərginliyin azaldılmasına” çağırışlar olsa da, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına dair bənd yoxdur. Sənədi araşdıran Prezident Zelenski bu yanaşma ilə razılaşmayıb.

İndi Ukrayna təkid edir ki, sülh yolu ilə nizamlanmanın ilkin şərti Rusiya qoşunlarının 1991-ci il sərhədləri daxilində ölkə ərazisindən kənara tam çıxarılması olmalıdır.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Donald Tramp prezident seçkisinə hazırlaşır. Onun Bayden üzərində qələbə çalacağını və ya məğlub olacağını proqnozlaşdırmaq çətindir, hətta son həftələrdə Ağ Ev sahibinin reytinqi bir qədər artıb. Buna baxmayaraq, Trampla görüşmək istəyən müxtəlif dövlət başçılarının və rəsmilərinin sayı artıb. Misal üçün Ukrayna prezidenti Volodimir Zelenski Trampı ölkəsinə dəvət edib. Məqsəd odur ki, Tramp müharibənin dəhşətlərini öz gözüylə görsün və “Ukraynaya yardım kəsilməlidir” çağırışlarına son qoysun. Zelenskinin Trampın açıqlamalarından xoşu gəlməsə də, Ukrayna prezidenti onun ABŞ-ın prezidenti seçilməsi ehtimalını hesablayıb. Macarıstanın baş naziri Viktor Orban Trampla görüşmək üçün Amerikada olub. Yaponiya hökumətinin emissarları da Trampla görüşüb. Çünki Tokio da narahatdır ki, Tramp prezident seçilərsə Çinin Asiyada artan roluna seyrçi qalacaq.
Donald Tramp bütün bunlardan həzz almamış deyil. Amerikanın yaxın tarixində belə bir hala rast gəlmək çətindir ki, başqa ölkələrin liderləri və diplomatları seçki nəticəsini gözləmədən prezidentliyə iddialı siyasətçi ilə görüşməyə çalışsınlar.
Elxan Şahinoğlu
TEREF
 
 
 
Ardını oxu...
Kremlin əsas media ruporlarından biri sayılan Vladimir Solovyovun son çıxışı internetdə geniş yayılıb, onun yenə ermənilərə və Qarabağ separatçılarına sevgisi müzakirə predmetidir. Solovyovun bu mövqeyində yenə heç nə yoxdur. Məni onun çıxışında Yunanıstan və Bolqarıstanın ünvanına atmacalar diqqətimi çəkib. Solovyov zamanında Rusiya imperiyasının Yunanıstanı və Bolqarıstanı Osmanlı Türkiyəsindən müdafiə etdiyini, rus döyüşçülərin bu iki dövlətin müstəqilliyi uğrunda canlarından keçdiyini, ancaq həm yunanların, həm də bolqarların satqın çıxdıqlarını bildirib. Solovyov yunanların və bolqarların satqınlığını Rusiyanın düşməni Amerika ilə yaxınlığı və Ukraynaya silah göndərmələri ilə əlaqələndirib. Solovyovun xəstə məntiqinə görə, əgər 200 il əvvəl ruslar yunanlara və bolqarlara kömək ediblərsə, indi Yunanıstan və Bolqarıstan Rusiyanın Ukraynaya qarşı işğalını dəstəkləməli imişlər. Yunanıstan və Bolqarıstan NATO və Avropa İttifaqının üzvüdürlər və ümumi qərarlara tabedirlər. Elə Solovyovun sözləri ona dəlalət edir ki, Kremlin vaxtilə qardaş adlandırdığı Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarının Rusiyadan üz döndərməsinə səbəb olub.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Tehranın susqun reaksiyası çox davam edə bilməz. Bu susqunluğun pozulması üçün yetərincə dəlillər var. NATO-nun İranla sərhəddə yerləşməsi klerikal rejimi nə vaxtsa hövsələdən çıxaracaq. Əsl teatr onda başlayacaq.

Aprelin 5-də keçirilən Brüssel görüşü ətrafında cərəyan edən hadisələrdən bəlkə də ən diqqət çəkəni İran rəsmilərinin müəmmalı susqunluğu oldu. Üç ildən çoxdur bölgədə hansısa mücərrəd “qırmızı xətt”lər deyib-duran, bu xətləri keçənlərin acılı aqibəti barədə xəbərdarlıqlar edən rəsmi Tehran nədənsə Brüsseldə əsası qoyulmuş Qərb-Ermənistan işbirliyinə münasibət bildirmək istəmir. İndi İran başqaları ilə görüşməyə başlamış sevgilisini itirməkdən qorxan məşuqa bənzəyir: onlarla olsun, amma məni də tərk etməsin. “Zəhm”i qeyb olmuş İranın bu davranışının əsasında hansı amillər durur? Nə səbəbdən “qırmızı xətt”lər yoxa çıxdı?

Fərqli “xarici qüvvələr”

İranın hazırki passivliyinin doğurduğu suallar əsassız deyil. Üç il öncəyə qayıdıb xatırlamalı olsaq, o vaxtkı mənzərə ilə indiki arasında yerlə-göy qədər fərq var. Azərbaycanın öz əzəli torpaqlarını geri qaytarmaq üçün hərəkətə keçməsi dünyada bəlkə də İrandan çox heç kimi qıcılandırmamışdı. Molla rejiminin parlamentdəki təmsilçilərindən tutmuş, saqqallı hərbçilərinədək hər kəs regiondakı “sərhədlərin dəyişilməsinin mümkünsüz” olmasından danışır, hədə-qorxu gəlməklə məşğul idilər.

Biz hərbi əməliyyatların keçirildiyi günlərdə İran ərazisindən Ermənistana daşınan silah-sursat karvanlarını, Qarabağda kök salmış separatçılar üçün yanacaq sisternlərini, yolda nömrə-nişanlarını Ermənistan nömrələri ilə dəyişən İran yük avtomobillərini unutmamışıq. Biz Azərbaycanın Qərb rayonlarından Naxçıvana çəkilməli olan və Zəngəzurdan keçəcək yolun “İranın milli təhlükəsizliyi”nə necə “təhlükə” olması barədə alovlu bəyanatları da xatırlayırıq. Sərhədlərimiz boyunca iri hərbi manevrlər keçirən, ağır texnika ilə yanaşı, çaylardan aşmaq üçün mobil hərbi körpülərin - pantonların istifadə edilməsi, bunun videogörüntüsünün təmtəraqla yayılmasını yaddaşlarımıza həkk etmişik. Bununla kimə hansı mesajın göndərildiyini də anlayırıq. Həmin manevrlərdə ötən əsrin 70-ci illərinin istehsalı olan köhnə tankların lüləyindən tutmuş müasir ballistik raketlərədək bütün arsenalın şimala doğru tuşlandığı yadımızdadır. Hamısı nəyə görə idi? Bölgədə “xarici qüvvələr”in qarşısını almağa görə. İndi isə sual olunur: bəs NATO, Fransanın İrəvana gələn müdafiə naziri? Amerikalı hərbçilər? “Müşahidə missiyası” adı altında pərdələnmiş avropalı hərbi kəşfiyyatçılar? Onlar xarici qüvvələr deyil, bəs kimlərdir?

Müəmmalı passivlik

44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi örtülü aqressiya səfirliyimizə edilən hücum və diplomatımızın qətl edilməsi ilə açıq xarakter aldı. Maraqlı vəziyyət yaranmışdı: İran ögey dindən olan Ermənistanda konsulluq açdığı bir dövrdə müsəlman, din qardaşı sayılan Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş vəhşi silahlı basqına biganə münasibət bəsləyir, diplomatımızı öldürmüş qatili gah psixi xəstə, gah “qısqanc ər” etməklə cinayətin üstünü ört-basdır etmək istəyirdi.

Bu siyasət bu gün də dəyişməz olaraq qalır. Ermənistana Fransa (NATO) istehsalı silah gətirilir, NATO üzvü olan dövlətlə hərbi əməkdaşlığa dair sazişlər imzalanır, rəsmi İrəvan bölgənin ənənəvi aktoru, hazırkı Ermənistanın tarixi yaradıcısı olan Rusiyanın bölgədən sıxışdırılması üçün dəridən-qabıqdan çıxır, amerikalı hərbi ekspertlər erməni həmkarlarına təlimlər keçir, Tehranda isə məzar susqunluğudur. Sanki həmin “xarici qüvvələr” bölgəyə yalnız Azərbaycan vasitəsilə gələ bilərlər, “qırmızı xətt”lər isə bizə münasibətdə “qızarır”. İranın Dəməşqdəki hərbi qərar qəbuletmə dayağının vurulmasına cavab olaraq bu ölkənin parlamentində İsrailin Bakıdakı (?!) səfirliyinin bombalanması təklif olunur. Ermənistanın Hindistandan aldığı hərbi silah-sursat yenə də İran ərazisi ilə daşınır. Tehranın bu passiv siyasətinin kökündə hansı hesablar və gözləntilər durur?

Susmaq “İran qızılı”dır

Susmaq da reaksiyadır, münasibətin bu tərzdə bildirilməsidir. Ələlxüsus da əgər müəmmalıdırsa. İranın bu susqunluğu nə ilə əlaqədar ola bilər?

Geosiyasi səbəb. Hazırda izlənən geosiyasi proseslərin hədəfi Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib. Qərb Ermənistan vasitəsilə bölgədə iki əsrlik Rusiya mövcudluğuna son qoyub onun yerinə keçmək istəyir. Bu siyasətin bir qolu da Türkiyə və Azərbaycanın sabitlik və iqtisadi təşəbbüslərinə qarşı yönəlib. Hər şey biz istədiyimiz kimi olarsa, Türkiyə və Azərbaycanın bölgədəki hərbi-siyasi üstünlüyünə iqtisadi dominantlıq da əlavə olunur. Çindən Qərbə doğru logistik xətlərin coğrafiyasına diqqət yetirsək, buna əmin ola bilərik.

Tehranın davranışından belə çıxır ki, bu reallıq Qərb kimi, İrana da sərf etmir. Burada daha bir müəmma baş verir: düşmən Qərblə İranın maraqları üst-üstə düşür. İranın Qafqaz uğrunda Rusiya ilə tarixi ədavətini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Tehranda uzaq Qərbin regionda aktivliyini qonşu Rusiya, Türkiyə və Azərbaycanın mövcudluğundan üstün tuturlar.

Molla rejiminin biznes maraqları

İqtisadi səbəb. İranın hazırkı siyasətini biznes maraqları ilə də izah etmək olar. 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi ətrafında cərəyan edən hadisələr fonunda Ermənistanın “sülh kəsişməsi” adlı ölü doğulmuş təşəbbüsünün əsas sponsorlarının Fransa və İran olduğunu unutmayaq. Bu “layihə”yə əsasən, Hindistandan Avropaya uzanacaq “yol” İran və Ermənistandan keçməli idi. Bu logistik “hab”ın mərkəzi nöqtəsi də təbii ki, tarixən “dünyanın mərkəzi olan” Ermənistan idi. Avropa İttifaqının sponsorluğu ilə Ermənistan ərazisində nəqliyyat tunelinin inşasına dair xəbərlər də həmin dövrə təsadüf edirdi. Aydındır ki, Ermənistanın mürəkkəb və keçilməz relyefi fonunda hansısa beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturundan danışmaq əbəsdir. Bu tunel həmin problemin çözümü olmalı idi. İki milyard avroluq büdcə onun reallaşması önündə başlıca maneə oldu: pulu vermək heç, kim qaytaracaqdı?

İqtisadi səbəbi aktual edən daha bir məqam Zəngəzur dəhlizinin bir qolunun Araz çayı boyunca İrandan keçməsidir. 44 günlük müharibədən sonra bu nəqliyyat dəhlizini az qala hər gün hədələyən Tehran qəflətən onun öz ərazisindən keçməsinə razılıq verdi və Azərbaycanla müvafiq saziş imzaladı. Bu yolun çəkilişi hazırda da davam edir. Tehranın bu qərarı daha bir müəmmaya səbəb oldu: Zəngəzurdan keçəcək yolun İranın milli maraqlarına təhdid olduğu halda, İran ərazisindən keçməsi həmin maraqlara necə toxunmadı? Yəni İranın bütün bu hədə-qorxuları, hərbi manevrləri, raketlər və dronlara həsr olunmuş cizgi filmləri, patriotik klipləri geosiyasət deyil, sadəcə biznesdir?

Tehranın susqun reaksiyası çox davam edə bilməz. Bu susqunluğun pozulması üçün yetərincə dəlillər var. NATO-nun İranla sərhəddə yerləşməsi klerikal rejimi nə vaxtsa hövsələdən çıxaracaq. Əsl teatr onda başlayacaq. Silahın bütün istiqamətlərə atəş açmaq kimi xüsusiyyəti var. ABŞ istehsalı olan silahın da o cümlədən...
Rüstəm Qaraxanlı
kaspi.az
 
 
 
Ardını oxu...
Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Paris anlamalıdır ki, destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Bir neçə gün əvvəl Parisdən Azərbaycana qarşı növbəti əsası olmayan, həqiqətdən uzaq ittihamlar dalğası yönəldi. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Ermənistanı "sülh göyərçini", Azərbaycanı isə "təhlükə mənbəyi" elan etdi.

Təəccübləndirməyən bəyanat

Əslində son illərin təcrübəsi göstərir ki, Emmanuel Makronun rəhbərlik etdiyi Fransanın rəsmi dairələrinin məlum açıqlamalarında təəccübləndirən heç nə yoxdur. Parisin məqsədi Cənubi Qafqazda sülhə imkan verməmək, bu istiqamətdə müsbət meylləri baltalamaq, "parçala, hökmranlıq et" prinsipini tətbiq etməklə ilkin mərhələdə Ermənistanı, daha sonra isə bütünlükdə bölgəni özünün növbəti müstəmləkəsinə çevirməkdir. Daha doğrusu, Afrikada, dünyanın digər bölgələrində üzləşdiyi məğlubiyyətlərin əvəzini bu yolla sığortalamaq. Nədənsə Makron düşünür ki, beynəlxalq münasibətlərin ən gərgin dövrünü yaşadığı indiki həssas məqamda bu məkrli planlarını həyata keçirtmək üçün ən uyğun seçim Cənubi Qafqazdır. Bəlkə də onu bu cür fikirləşməyə vadar edən əsas səbəb dövlət kimi varlığı ilə yoxluğu bilinməyən Ermənistandır.

Fransanın hesaba almadığı reallıq

Ancaq Makron Fransasının hesaba almadığı bir fakt var. Cənubi Qafqaz dedikdə ilk yada düşən, qapısı döyülən müstəqil Azərbaycan dövləti. Bu, işğal dövründə də belə idi, indi də. Hazırda isə vəziyyət tamamilə fərqlidir. Haqq müharibəsindən tarixi zəfərlə çıxan güclü Azərbaycan və onun hərbi-siyasi təşəbbüsü ilə yaranan yeni reallıqlar var. Makronun utopik xəyalları isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı "real siyasət" anlayışı ilə bir-birinə tərs mütənasibdir. Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlər göz önündədir. Bu səbəbdən, Paris Azərbaycanı ittiham etməkdənsə, bu siyasətinin acı fəsadlarından nəticə çıxarmalı, beynəlxalq hüququn norma və tələblərinə hörmətlə yanaşmaladır.

Cənubi Qafqaza vəd edilən "firavan gələcək"

Bir daha xatırlayaq. Aprel ayı həm də vaxtilə Fransanın müstəmləkəsi olan Əlcəzairdə yerli xalqın iradəsinə zidd olaraq ardıcıl nüvə bombası sınaqlarının başladığı zamandır. Parisin müstəmləkəsi olan Əlcəzair torpaqlarındakı bu sınaqları on minlərlə insanın həyatını məhv edib. Bölgədə ağır xəstəliklərin yayılmasına səbəb olub. Fransa hökuməti indi də Əlcəzairin haqlı tələblərinə baxmayaraq, nüvə tullantılarının basdırıldığı yerlərin xəritələrini qarşı tərəfə vermir. Ümumilikdə rəsmi məlumatlara əsasən, Fransa 1960-1996-cı illərdə müstəmləkəsi olan ərazilərdə 200-dən artıq nüvə sınağı həyata keçirib. Bu sınaqların heç birində təhlükəsizlik qaydalarına riayət edilməyib. Yerli əhaliyə isə "təcrübə dovşanları" kimi yanaşılıb. Budur fransız hegemonluğunun iç üzü. Budur makronkimilərin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza vəd etdiyi "firavan gələcək". Azərbaycan dövləti tarixin bu qaranlıq səhifələrindən nəticə çıxararaq siyasətini, mövqeyini və addımlarını fransız təhlükəsinin zərərsizləşdirilməsi istiqamətində atsa da, təəssüf ki, eyni fikirləri Ermənistan haqqında demək mümkün deyil. Bir neçə il əvvəl Rusiyanı özlərinin əsas müttəfiqi sayanlar, indi rəy sorğularında Fransanı "böyük bacıları" hesab etdiklərini deyirlər. Ancaq "böyük bacı"nın bölgəyə gətirəcəyi fəlakətin miqyasını, sadə erməniləri vaxtilə digər müstəmləkələrindəki yerli əhaliyə münasibətdə olduğu kimi "təcrübə dovşan"larına çevirəcəyini anlamırlar, yaxud anlamaq istəmirlər.

Parisə tərs şillə effekti

Fransanın kolonial keçmişini xatırladarkən nüvə sınaqlarının acı nəticələrinə təsadüfən toxunmadıq. Məsələ ondadır ki, vaxtilə Fransanın qəddar kolonial siyasətinin qurbanına çevrilən dövlətlərin yaşadığı bu dəhşətli fəlakətin təsiri özünü Avropada da büruzə verməkdədir. İki il öncə Saxaradan gələn toz buludlarının tərkibindəki radioaktiv maddələr bütün Cənubi Avropa sahillərini, hətta Ukraynanı belə əhatə etdi.
Bu gün Avropanın "yeni Napoleon"u olmağı hədəfləyən Makronun reallıqdan uzaq ambisiyalarının yarada biləcəyi fəlakətləri artıq Avropa ölkələri də anlayır. Onun Cənubi Qafqazda Ermənistanın əli ilə partlatmağa hazırlaşdığı "atom bombası"nın taymerini elə öz müttəfiqləri söndürmək istəyir.

Bu baxımdan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarına reaksiyası xüsusilə diqqət çəkir. "Köhnə dünya"nın üçüncü ən böyük dövləti Parisin Cənubi Qafqaz siyasətini açıq dillə tənqid edir: "Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa digər qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı".

Bəli, bu mövqe əslində Makron üçün tərs şillə effektinə bərabərdir. Vatikandan tutmuş Vaşinqtona qədər özünün "anti-Azərbaycan sevgisi"nə dəstək qazanmaq istəyən Fransa prezidentinə bağlı qapılar arxasında söylənənlər bu gün açıq şəkildə onun üzünə vurulur.

Makronun minalarının qurbanı Ermənistan olacaq

Parisin anti-Azərbaycan siyasətinin növbəti təzahürü olan Stefan Sejurnenin məlum bəyanatına rəsmi Bakının cavabı da özünü çox gözlətmədi. "Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək", - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəli, Makronun Cənubi Qafqazda basdırmağa çalışdığı minalar bu dəfə də partlamayacaq. Yaxud partlayacaqsa da, onun qurbanı Azərbaycan yox, Ermənistan və onun "böyük bacısı" olacaq.
Azad Əliyev
kaspi.az
Ardını oxu...
Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvan Bakının fevralın 21-də “sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantına cavab verib.
İki ölkə arasında son günlər gərgin atmosfer hakim olsa da, danışıqların davam etməsi, “sülh müqaviləsi” layihəsinə dair təkliflərin vaxtaşırı verilməsi müsbət hadisədir. Prosesin yekunu sülh sazişinin tərtib edilməsi və imzalanması ilə nəticələnə bilər.
Sülh müqaviləsinin imzalanmasını gecikdirən bir sıra məqamlar var. Bunlardan biri regional kommunikasiyaların açılmasıdır. Əsas mübahisəli məqam isə Zəngəzur dəhlizidir.
Rəsmi Bakı Zəngəzurdan keçən yolun dəhliz prinsipi ilə, Ermənistan isə yol prinsipi ilə icrasını dəstəkləyir. Tərəflərin fərqli görüşdə olması, məsələni milli və regional maraqları ilə arqumentləşdirməsi prosesi uzadır.
Prinsip etibarilə rəsmi Bakı üçün prioritet təşkil edən əsas məsələ regional kommunikasiyaların açılmasıdır. Bunun Zəngəzurdan keçən hissəsinin dəhliz prinsipi ilə icra edilməsi bizim üçün mühüm olsa da, prioritet sayılmaya bilər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində demişdi ki, “Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib – əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir”.
Hesab edirəm, Zəngəzur dəhlizi məsələsində israr etməkdənsə dəhliz prinsipinə yaxın təkliflər verməliyik. Misal üçün Ermənistanın cənubundan, yəni Zəngəzurdan keçəcək yol ilə paralel şimaldan, yəni tarixi “Pəmbək mahal”ından keçəcək yeni bir yol istəmək olar.
Ümumiyyətlə, Pəmbək mahalı strateji ərazidir və həm Gürcüstan, həm də Türkiyəyə gedən yolların kəsişdiyi qovşaq rolunu oynayır. Qursalı kəndi isə bu mahalın mərkəzində yerləşən mühüm yaşayış məskənidir. Tarixən azərbaycanlıların yaşadığı Pəmbək mahalı və Qursalı kəndindən keçəcək bir yoldan istifadə bizə mühüm dividentlər qazandıra bilər.
Hər şeydən öncə, bu yol vasitəsilə Türkiyə ilə daha qısa və az xərcli bağlantı qurmaq olar. Bu həm də Azərbaycan və Türkiyənin Ermənistan bazarına girişini, habelə Bakının gələcəkdə bu ərazilərdən keçəcək yeni neft və qaz layihələri ərsəyə gətirməsinə baza yarada bilər.
Burada əsas məsələ həm Pəmbək, həm də Zəngəzurdan keçəcək yollardan istifadəyə dair Ermənistandan istənilməsi mümkün olan imtiyazlardır. Buna az gömrük rüsumu, ya da rüsumsuz, maneəsiz hərəkət kimi şərtlər misal ola bilər.
Bu və bu kimi təkliflərlə Ermənistanı razı salsaq, sülh müqaviləsi istiqamətində ciddi bir əngəl aradan qalxar.
Müəllif: Politoloq Turan Rzayev
 

Dünyapress TV

Xəbər lenti