Ardını oxu...
“Heç kimə sirr deyil ki, həm bəzi Avropa ölkələrində, post-sovet məkanında, Yaxın Şərqdə rəngli inqilabları həyata keçirən beynəlxalq siyasi dairələr, böyük dövlətlər bu prosesdə əsasən gənclərə istinad edirlər. Onların potensialından istifadə etmək əsas hədəfə çevrilir. Bu da təsadüfi deyil. Çünki gənclik böyük enerjiyə malikdir. Gənclik düzgün istiqamətdə olanda qurucu bir qüvvədir. Səhv istiqamətə yönəldiləndə isə dağıdıcı qüvvəyə çevrilir. Gənclərin siyasi məsələlərlə bağlı ciddi təcrübələri olmaya bilir. Bütün bu reallıqlar fonunda gənclərdən bu və ya digər dövlətdə hakimiyyəti dəyişmək, xaos və anarxiya yaratmaq, öz geostrateji maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Xüsusilə, 2011 və 2012-ci illərdə həmin beynəlxalq anti-Azərbaycan dairələr ölkəmizdə belə eksperimentlər həyata keçirmək, bu baxımdan gənclərin potensialından faydalanmaq istədilər. Amma bu, baş vermədi. Çünki Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi hökm sürür...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı və xalqın mühüm tərkib hissəsi olan gənclər Azərbaycan dövləti, dövlətçiliyi və hakimiyyəti, Prezident İlham Əliyev ətrafında monolit birlik nümayiş etdirdilər:

“Nəticədə anti-Azərbaycan qara ssenarilər reallaşa bilmədi. Ancaq bu, o demək deyil ki, həmin qüvvələr yatırlar, həmin siyasi dairələr artıq Azərbaycanla bağlı eksperimentlərindən imtina ediblər. Belə yanaşmalar sadəlövhdür. Çünki onlar bu gün də oyaqdırlar, gecə-gündüz Azərbaycan əleyhinə ssenarilər fikirləşir və onları reallaşdırmaq istəyirlər. Bu məqsədlə Azərbaycan gəncliyindən istifadə etməyə çalışırlar. Müəyyən jurnalist təşkilatlarından, mediadan faydalanmaq istəyirlər. Bir sıra media qurumlarını özlərindən maliyyə baxımdan asılı hala gətirib qara, çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. "AbzasMedia”, “Toplum TV”, eyni zamanda Toplum Jurnalist Mərkəzi fəaliyyətdədir. Biz onların fəaliyyətlərini diqqətlə araşdırdıqda görürük ki, əsas ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən yardımlar alırlar. Bu yardımlar bir çox hallarda Gürcüstandakı müvafiq qurumlar vasitəsilə həyata keçirilir. Maliyyələşdirdikləri media təmsilçilərini xüsusi vəzifələri icra üçün hazırlayırlar. Daha açıq desək, fevralın 7-də ölkəmizdə keçirilən Prezident seçkilərinə geniş vəsait ayırdıqları həmin media qurumlarındakı gənclərdən faydalanaraq onları seçki prosesinə cəlb etmək istədilər. Bu prosesdə onların əsas işi ayrı-ayrı qüsurları üzə çıxarıb onu şişirtmək, tirajlamaq, ardınca Qərbdəki anti-Azərbaycan dairələri bu istiqamətdə məlumatlandırmaq üçün "milçəkdən fil yaratmaq" və nəticədə Azərbaycandakı seçki prosesinə kölgə salmaq, Azərbaycan iqtidarını anti-demokratik seçkilərdə ittiham etmək üçün istifadə etməkdir. Bu, artıq sınanmış üsuldur. Dəfələrlə şahidi olmuşuq. İndi də media ilə bağlı gəncləri hazırlayıb dövlətimizə, dövlətçiliyimizə qarşı istifadə etmək istədilər. Amma ünvanı səhv salıblar. Azərbaycan belə eksperimentlər üçün məkan deyil. Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər böyük bir inkişaf yolu keçmiş dövlətdir. Millətimiz bütün prosesləri diqqətlə izləyir. Kimin kim olduğunu çox gözəl bilir. Xüsusilə, AŞPA-nın Azərbaycana qarşı son atdığı qərəzli addımlar fonunda bir daha əmin olduq ki, Azərbaycan sözün əsl mənasında çox böyük inkişaf yolu keçmiş dövlətdir, son dərəcə nəhəng tarixi Zəfərə imza atıb, tarixi ədaləti bərpa edib və anti-Azərbaycan dairələrin yuxusuna möhkəm haram qatıb. Buna görə də əl-ayağa düşmüşdülər. Hər vəchlə çalışdılar ki, növbədənkənar prezident seçkilərinə ləkə atsınlar, kölgə salsınlar. Amma heç bir nəticə vermədi. Xalqımız müdrik, ağı qaradan seçməyi bacaran xalqdır. Xalqımızın gözü tərəzidir”.
 

Ardını oxu...
Seçki prosesinin mükəmməl olmadığı sirr deyil, lakin Əliyevin mütləq səslə qələbəsi təbiidir. Çünki seçkinin nəticələrini post-müharibə dövrünün reallıqları öncədən müəyyən edirdi. Bu, təkcə seçicinin seçimində yox, aktivliyində də özünü göstərdi.

Hətta ən radikal opponentlər belə seçkidə iştirak etsəydi, yenə nəticə dəyişməyəcəkdi. Bəzən intelektual elita kimi təqdim olunan kəsim sadə insanların istəklərini, seçimlərini anlamır. Biz qələbəyə ac xalqıq və onu əldə edəndə qiymətləndirməyi də bilirik.

Əliyev qələbə elektoratının seçimidir və mütləq əksəriyyət onu 2020-ci il və sonrakı dövrün lideri kimi qəbul edir.

Bu situasiya seçkinin legitimliyini şübhə altına almaq istəyənlərin işini çətinləşdirir, çünki onların qarşısında bu dəfə Əliyev yox, qələbə elektoratı var.

Asif Nərimanoğlu - dia-az.info
Ardını oxu...
Azərbaycandakı bəzi “rusbaşlar”ın da az qala peyğəmbər kimi biət etdikləri “dahi” Vladimir Putin son zamanlar təkcə xarici siyasətdə deyil, daxili siyasətdə də, yumşaq desək, mükəmməl oyunçu olmadığını isbatlamaqda davam edir. Bunun nəticəsidir ki, bir tərəfdən Ukraynada apardığı ədalətsiz, amansız və işğalçı müharibə, digər yandan isə həmin müharibənin xarici və daxili fəsadları, eləcə də uzun illər davam edən korrupsiyaya, oğurluğa, yalana, saxtakarlığa, diktaturaya dayanan daxili siyasət Rusiyanı qibtə edilməyəcək duruma salıb...

Martın 15-17-də keçiriləcək prezident seçkisi öncəsi Kreml olduqca çətin seçim qarşısında qalıb. İlk baxışdan müharibədən istifadə edərək, tam avtoritar idarəetmə rejiminə keçən Kremlin bu seçkiylə bağlı heç bir problemi olmalı deyildi – müxalifət susdurulub, onun liderləri ya həbsxanada, ya da sürgündədirlər, azad mətbuat yoxdur, kütləvi toplaşma hüququndan söhbət belə gedə bilməz, ictimai fəallara qarşı total nəzarət var, təbliğat maşını durmadan işləyir və sair. Ancaq bütün bunların fonunda Kreml “seçki tamaşası”nın ssenarisində və quruluşunda kobud səhvə yol verib. Bu səhvin adı Boris Nadejdindir...

Məsələ ondadır ki, seçkiyə qədər çoxlarının tanımadığı, tanıyanların isə ciddi fiqur kimi qəbul etmədiyi, üstəlik Kemldə daxili siyasətə görə cavabdeh olan Sergey Kiriyenkonun “layihəsi” kimi qəbul olunan Nadejdin qısa müddətdə Putin üçün əsl başağrısına çevrilib. Bu isə Nadejdinin siyasətçi, yaxud lider keyfiyyətlərindən yox, Rusiya əhalisinin Putinin apardığı müharibəyə münasibətindən irəli gəlir. Belə ki, Nadejdinin sadəcə, müharibənin əleyhinə çıxış edən yeganə namizəd olması, onun reytinqini qısa müddətdə fantastik dərəcədə yüksəldib. Müstəqil sorğu mərkəzləri onun reytinqinin artıq 15 faizin üzərinə qalxdığını və seçkiyə buraxılacağı təqdirdə hətta 30-35 faizə qədər artacağını bildirirlər. Bu o deməkdir ki, əhalinin olduqca böyük hissəsi hər nə qədər Ukraynanı, ukraynalıları sevməsə də, müharibəni də istəmir. Son iki ildə Putinin siyasi xarizması bərk zədələndi, vədləri və rusiyalıların öz ordularından gözləntiləri özünü doğrultmadı. Əvəzində məhrumiyyətlər, diktatura, sosial-iqtisadi problemlər daha da kəskinləşdi, yüz minlərlə rusiyalı həlak və şikəst oldu, rusiyalılar xaricdə izqoy topluma çevrildilər və sair. Bütün bunların fonunda prezident olacağı təqdirdə müharibəni dərhal dayandıracağını vəd edən namizədin populyarlıq qazanacağı şübhəsiz idi.

Ancaq belə görünür ki, öz ətrafının vakkuma saldığı, “öz dünyasında yaşayan” Putin müharibəyə başlayarkən Ukrayna xalqını tanımadığı kimi, bu gün də öz xalqını yaxşı tanımır və heç olmasa Priqojinin qiyamından, əhalinin bu qiyama münasibətindən belə lazım olan nəticələri çıxarmır. Ən azından əgər ölkənin daxilindəki vəziyyəti, əhalinin əhval-ruhiyyəsini dərindən bilsəydi, öz hakimiyyətinin avtoritar mahiyyətindən çıxış edərək, müharibə əleyhdarı olan hər hansı bir namizədi – indiki halda Nadejdini nəinki seçkiyə, heç onun imzatoplama mərhələsinə belə buraxmazdı. Buraxdı və indi bunun yaratdığı ağrılı mənzərə ilə üz-üzə qaldı...

İmzatoplama kampaniyasına qatılan insanların yaratdığı uzun növbələr Putinə və onun siyasətinə, apardığı müharibəyə dinc kütləvi etiraz forması aldı. Ölkədə siyasi aktivlik artdı, Başqırdıstan və digər bəzi bölgələrdə narazılıqlar baş qaldırdı. Bu da azmış kimi, Navalnı, Xodorkovski və digər müxalif qüvvələr də Kremlin gözləntilərinin əksinə olaraq, Nadejdini birmənalı şəkildə dəstəklədilər və öz tərəfdaşlarına bununla bağlı çağırış etdilər. Bu isə Kreml üçün daha bir gözlənilməz və xoşagəlməz sürpriz oldu.

Yeri gəlmişkən, mühacirətdə yaşayan tanınmış rusiyalı siyasi texnoloq Abbas Qalyamov müsahibələrinin birində Kremlin Nadejdinlə bağlı iki ciddi səhvə yol verdiyini bildirib. Onun fikrincə, birinci səhv ondan ibarətdir ki, Yekaterina Duntsovadan fərqli olaraq, Nadejdini seçkinin imzatoplama mərhələsinə buraxdı. Bu zaman nəzərə almadı ki, müharibə əleyhinə çıxan namizədin lazım olan sayda imza toplaması onun üçün heç bir problem yaratmayacaq. Çünki əhalinin böyük hissəsi, hətta uzun illər Putinə rəğbət göstərənlərin belə əhəmiyyətli qismi bu gün müharibənin əleyhinədir. Ona görə, hər nə qədər paradoksal görünsə belə, hətta Putinin hakimiyyətdə qalmasını, lakin eyni zamanda da müharibənin dayanmasını, Rusiyanın dünyaya açılmasını istəyənlər də Nadejdinin seçkidə iştirakına tərəfdardırlar. Qalyamovun fikrincə, Kremlin ikinci səhvi onun real müxalifətin Nadejdinə mümkün münasibətini düzgün hesablaya bilməməsidir. Belə ki, Putin Navalnı, Xodorkovski və digərlərinin Nadejdini “Kremlin layihəsi” kimi təqdim edərək, onu hədəfə alacaqlarını, ələ salacaqlarını və qətiyyən dəstəkləməyəcəklərini düşünürdü. Lakin Kreml bu hesablamalarında da yanıldı. Aparıcı müxalif qüvvələr daha incə və rasional oynadılar – Nadejdini birmənalı olaraq dəstəklədilər. Onlar Nadejdinin şəxsi keyfiyyətləri, siyasi gücü, “kimin adamı olması” və digər məsələlərdən yox, onun ideyalarından, müharibəyə münasibətindən çıxış etdilər və doğru da etdilər. İmzatoplama kampaniyasındakı kütləviliyi və Nadejdinin bugünkü reytinqini şərtləndirən amillərdən biri də məhz budur.

Buraxılan bütün kobud səhvlərin nəticəsidir ki, Kreml hazırda çox çətin bir seçim qarşısında qalıb. Fevralın 7-də MSK Nadejdinin seçkiyə buraxılıb-buraxılmayacağı barədə qərar verməlidir. Əksər müşahidəçilər bu qərarın mənfi olacağını, onun seçkiyə buraxılmayacağını proqnozlaşdırırlar. Artıq MSK-nın Nadejdinə toplanan imzaların 15 faizində(qanunla 5 faizdən çox ola bilməz-red.) xətalar aşkarlandığı barədə bəyanatı bunu deməyə əsas verir. Onu da qeyd edək ki, bu xətalar Nadejdinin lehinə olan imzaların həqiqiliyi ilə yox, daha çox hansısa texniki məsələlərlə, məsələn, imza toplayan mərkəzlərin notarius sənədlərindəki çatışmazlıqlar, onlara verilən etibarnamələrin düzgün tərtib edilməməsi və s. bu kimi sırf texniki bəhanələrlə əlaqələndirilir. Yəni, MSK-nın çoxdan adət edilən saxtakarlıq tryukları. Ancaq hər halda, bunları əlində bayraq edən MSK Nadejdini seçkiyə buraxmaya bilər.

Bu halda Nadejdin Ali Məhkəməyə müraciət edəcək. Məhkəmə on gün ərzində qərar verməlidir. Hipotetik olaraq, məhkəmənin Nadejdinin xeyrinə qərar çıxaracağı halda isə MSK daha beş gün ərzində yekun qərar verə, ya da bu qərarı mübahisələndirə bilər və s. Belədə Nadejdin seçkiyə buraxılsa belə, onun namizədliyinin rəsmən təsdiqlənməsi fevralın sonu, martın əvvəllərinə çəkə bilər. O zaman isə onun seçki kampaniyası aparmaq üçün çox az vaxtı qalır...

Bir sözlə, Kreml üçün hər iki variant - Nadejdini seçkiyə burxmaq da, buraxmamaq da problemlidir. Onun imzatoplama kampaniyasına düzülən uzun növbələri artıq hamı gördü və bu vaxta qədər siyasətə qarışmayan adi rus “obıvateli” də yaxşı başa düşür ki, Nadejdinin topladığı imzalar saxta deyil. Belədə onu seçkiyə buraxmamaq açıq-aşkar saxtakarlıq, qorxaqlıq, Putinin onsuz da ciddi şəkildə zədələnmiş ölkə daxilindəki nüfuzunun daha bir zərbə almasıdır. Bu, o deməkdir ki, Putin özünə güvənmir, nəinki Navalnıdan, Xodorkovskidən və digər “ağır çəkili” müxalifətçilərdən, hətta son zamanlara qədər Solovyovun, Skabeyevanın və digər “dişovka” Kreml təbliğatçılarının öz efirlərinə çağırıb danladıqları, az qala üzünə tüpürdükləri Nadejdindən belə qorxur, onun qabağından qaçır.

Onu seçkiyə buraxmaq isə başqa bir problem yaradacaq. Bu halda ortaya çıxacaq nəticələri proqnozlaşdırmaq çox çətindir. İmzatoplama kampaniyasındakı kütləvilik zatən Kremli yaxşıca qorxudub. İndi kim tam təminat verə bilər ki, bu namizəd seçkiyə buraxılacağı təqdirdə 2020-ci ildə Belarusda olanlar təkrarlanmayacaq və Nadejdin “Rusiyanın Tixonovskayası”na çevrilməyəcək, Putindən və müharibədən narazı olanlar küçələrə çıxmayacaq və sair. Kreml Putinin seçkidəki “qələbəsini” legitimləşdirmək xatirinə bu riskə getməyə hazırdırmı? Böyük ehtimalla yox! Ona görə də Nadejdinin seçkiyə buraxılmayacağına dair proqnozlar daha inandırıcı görünür.

Bir də qalır Kreml üçün ən optimal olan - Nadejdinin özünün “könüllü olaraq” seçkidən çəkilməsi, yaxud qəflətən hansısa gözlənilməz xəstəlikdən “vəfat etməsi”, ya da “qəzada həlak olması” variantı. Nə qədər qəribə və acınacaqlı olsa da, hətta bu variantları belə istisna etmək olmaz – Nadejdinin nəyi Priqojindən artıqdır? Bəlkə də inandırıcı görünmür, amma mümkündür. Çünki Dmitri Medvedevin, Sergey Lavrovun, Nikolay Patruşevin, Vyaçeslav Volodinin, digər “əsabələr”in, eləcə də Putinin özünün davranışları və açıqlamaları, onların dünyaya, ukraynalılara, hətta öz xalqına münasibəti Rusiyanı idarə edən zehniyyətin nə dərəcədə deqradasiyaya uğradığının bariz göstəricisidir. Bu zehniyyətdən isə istənilən ağlasığmaz dərəcədə axmaq və amansız addımı gözləmək olar...

Cəlal Məmmədov

“AzPolitika.info”
Ardını oxu...
Ermənistan Fransanın təhriki ilə Cermux istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq. Birincisi, Azərbaycan ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün qarşı tərəfə dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq.
Aydındır ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq. Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə “ərazilərini” geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. Baş nazir Nikol Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır. Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantyurası ona və ölkəsinə baha başa gələcək, Paris və Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə bilməyəcək.
Elxan Şahinoğlu
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Nə qədər ikrah doğuran mənzərə olsa da, reallıq ondan ibarətdir ki, ABŞ Ukrayna kimi fədakar xalqı və dövləti Rusiya işğalı qarşısında aciz, müdafiəsiz duruma salmaqla məşğuldur. Trilyonlarla dövlət büdcəsi və dünyanın birinci iqtisadiyyatı olan Amerikanın Ukraynaya cəmi 61 milyard dollarlıq yardım ayırmağa, kobud desək, “canı çıxır”. Bu yardımı gah sərhəd, gah miqrasiya, gah seçkilər, gah da daxili siyasi mübarizəyə aid digər iyrənc oyunların “quyruğuna bağlayırlar”...

ABŞ Konqresinin respublikaçı və “trampçı” spikeri Mayk Conson hələ yanvarın 30-da keçirdiyi mətbuat konfransında iddia edib ki, guya Respublikaçıların Ukraynaya əlavə maliyyə ayrılması ilə bağlı yaratdıqları süni maneələr Donald Trampın seçkilərdə qalib gəlməsinə kömək məqsədi daşımır. Yəni, bu süründürməçiliyin və iyrənc siyasi oyunun, rəzalətin arxasında Trampa dəstək məsələsi durmur. Ancaq hər kəsə gün kimi aydındır ki, hər şey Consonun dediyinin tam əksinədir və ABŞ faktiki olaraq, bütün dünyada demokratiyanın, irtica və işğalla mübarizənin, deməli, həm də bütünlükdə bəşəriyyətin taleyini daxili siyasi çəkişmələrə, mənafe davasına qurban verir...

Conson bildirib ki, o, Senatın Ukrayna və İsrailə yardımı ehtiva edən 118 milyard dollarlıq sərhəd təhlükəsizliyi qanun layihəsini səsverməyə çıxarmayacaq. Yəni, Senat bu qanunu qəbul etsə də, həmin qanun Konqresdən nəinki keçməyəcək, ümumiyyətlə, bu orqanda müzakirəyə çıxarılmayacaq. Bu isə, Ukraynaya edilməli olan 61 milyard dollarla bağlı ümidlərin dəfn edilməsi deməkdir.

Conson özü “Twitter”-ində yazıb: “Bu qanun layihəsi gözlədiyimizdən də pisdir və Prezidentin yaratdığı sərhəd fəlakətinə son qoymağa belə yaxınlaşmır". Ardınca, qeyd edib ki, bu qanun layihəsi “Nümayəndələr Palatasına gələnədək öləcək".

Xatırladaq ki, Ağ Ev daha əvvəl bildirmişdi ki, sözügedən qanun ABŞ Konqresi tərəfindən qəbul edilənə qədər Ukraynaya yeni hərbi dəstək üçün pul yoxdur. Bu, yaxın gələcəkdə Ukraynanı Rusiya ilə təkbətək qoymaqdır...

Bundan əvvəl Mayk Conson bildirmişdi ki, gələn həftə İsrailə hərbi yardım məsələsi cənub sərhədi ilə bağlı qərardan ayrıca layihədə nəzərdən keçiriləcək. Bu, o deməkdir ki, “İsrailə kömək edirik, Ukraynaya yox!”. Doğrudur, ABŞ Prezident Administrasiyası bununla razı deyil və bəyan edib ki, Ukraynaya kömək edilmədən İsrailə dəstək qanun layihəsini dəstəkləmir. Ağ Ev həmçinin qeyd edib ki, onlar Konqreslə Ukrayna və İsrail üçün ayrıca layihədə maliyyə ayrılması imkanını müzakirə etmirlər.

Göründüyü kimi, demokratlarla respublikaçılar “kəllə-kəlləyə” gəlməkdə davam edirlər, ortalıqda qalan isə Ukraynadır...

Bununla yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın RAİ kanalına müsahibəsində ABŞ-nin gələcək dəstəyinə ümid etdiyini bildirib və bu dəstək azalarsa, “yeni geosiyasi gündəmin yaranacağı” barədə xəbərdarlıq edib: “Respublikaçılar Partiyasında radikal səslər var, lakin Ukraynanı dəstəkləyənlər də az deyil. Mən inanmaq və ümid etmək istəyirəm ki, ABŞ-də dəyişikliklər baş verərsə, Ukraynaya dəstək xətti eyni qalacaq. Qərarı ABŞ xalqı verir, lakin onlar Ukraynaya yardımı azaltmaq niyyətindədirlərsə, o zaman yeni geosiyasi gündəm yaranacaq. Putin müdafiəmizi yaracaq, irəli gedəcək və o qədər də asanlıqla dayanmayacaq”. Təəssüf ki, Zelenskinin dediklərində həqiqət payı kifayət qədər yüksəkdir. Buna baxmayaraq, ABŞ öz tarixinin bəlkə də ən rəzil dövrünü yaşayır və Ukraynanın yox, həddindən artıq yaşlı, demensiya, şizofreniya və digər aşkar xəstəlik əlamətləri olan iki qeyri-adekvat “namizədin” mübarizəsinin hayındadır...

C.Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Tarixən insanlar resurslar uğrunda mübarizə aparırdı, qəbilələr bir-biri ilə ov yerləri üçün vuruşurdu, Adəm övladı oturaq həyata keçəndən sonra suvarılan münbit torpaqlar uğrunda bir-birini qırırdı, şəhərlər, dövlətlər yarananadan bəri isə mübarizə həm də karvan, ticarət yolları uğrunda olub. Bu gün dünyada baş verənlər minillər əvvəl başlanan mücadilədən fəlsəfi olaraq heç nə ilə fərqlənmir – metodlar, silah növləri, texnologiyalar dəyişib.
Son 200 ilin müharibələri təbii resurlar, əsasən də enerji daşıyıcıları uğrunda olub. Neft-qaz, metallar, təbii sərvətlər uğrunda vəhşi müharibələrin şahidi olmuşuq. Milli dövlətlər yaranadan sonra paralel olaraq da transmilli korporasiyalar formalaşdı, artıq resurslar uğrunda mübarizənin forması, metodları dəyişdi. Səhmlərlə nəzarət silahla nəzarəti üstələməyə başladı, paralel olaraq da 21-ci əsrdə yeni texnologiyaların, alternativ enerjiyə çıxış imkanlarının yaranması, artıq silah gücünə resurslara nəzarət öz aktuallığını itirməyə başladı.
Bu gün baş verən, proksi şəkildə davam edən Üçüncü Dünya Savaşı yollar, logistika uğrundan gedən savaşdır, bəzən buna pafoslu ideoloji don geyindirməyə, demokratiya ilə avtoritarizmin mücadiləsi, liberalizmlə konservatizmin toqquşması kimi təqdim etməyə çalışırlar, amma məsələ nəzarət məsələsidir. Qədimdə karvan yollarına kim nəzarət edirdisə, o da güclənirdi, indi də eyni fəlsəfə ilə davranırlar.
Son zamanlar Yaxın Şərqin qan çanağına dönməsinin, minlərlə günahsız insanların qətl edilməsinin əsl səbəbi yollar və logistikaya nəzarət məsələsidir. Hətta bu zaman belə birjalar, bazarlar, transmilli korporasiyaların gücü nəzərə alınmaqla addımlar atılır - ən son nümunə ABŞ ilə İran arasında olan (güya) gərginlikdir. İran proksilərdən ən yaxşı istifadə etməyi öyrənmiş ölkədir, böyük bir şəbəkə qurub, İranın güclənməsinə səbəb olan isə elə məhz ABŞ-dır. İran elitası publik ritorikada, “rədd olsun əmrikə” desə də, ABŞ-ın son 20-25 ildə atdığı addımlardan ən çox divident qazanan ölkə oldu. İraqa müdaxilə etdilər – indi həmin ölkənin siyasətini (kürdlər yaşayan bölgələrdən başqa) İran dizayn edir, müəyyənləşdirir, hətta idarə edir. Yaxın Şərqin ən dünyəvi ölkələrindən biri olan Suriyaya müdaxilə etdilər – həmin ölkədə İran gücləndi, oyunqurucu oldu, uzun illərdir arzusunda olduğu quru yollarla olan “şiə qurşağı” yarada bildi, Yəməni pis günə qoydular – “xusilər” gücləndi, Yənini faktiki İrandan gələn göstərişlərlə onlar idarə edir, Livanda dünyəvi dövlətin, konstitusion razılaşmanın təməllərini zədələdilər – İranyanlı qüvvələr gücləndi. Hətta məzhəb fərqləri olmasına baxmayaraq Fələstinlilərə qarşı dünyanın, ABŞ-ın ədalətsiz mövqeyinə görə Fələstində də İran gücləndi - əvvəllər Fələstin məsələsində İranın gücü yoxa yaxın idi.
Son hadisəni də qeyd edim, keçək logistika məsələsinə: İranın proksiləri ABŞ hərbi bazasını vurdu, 3 əsgər həlak oldu, 40-a yaxın yaralandı, 2024-də seçki ilini də nəzərə alsaq, Bayden, Ağ Ev cavab verməyə bilməzdi, hətta haraları vuracağını az qala publik elan etdilər ki, İrana böyük ziyan da dəyməsin. Bunu da qoydum qırağa – niyə 5-ci gündən şənbəyə keçən gecə vurdular? Hə, onu da deyim – çünki birjalar bağlı idi, zərbələr səhm və qiymət bazarına təsir etməməli idi, ona görə də həftəsonunu seçdilər.
Yaxşı, bəs Yaxın Şərqdə son gərginlik nədən bu qədər alovlandı: Hindistanda keçirilən son G20 Sammitində Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi elan edilib. Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı daxil olmaqla cəmi 8 ölkə bu layihənin bir hissəsi olacağı bildirilib. Bu layihədən, eyni zamanda, İsrail və İordaniyanın da faydalanacağı vurğulanıb. Mumbaydan başlayacaq yeni dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi fəaliyyət göstərməlidir. Ümumi uzunluğu 6 min kilometr olacaq dəhlizin, 3 min 500 kilometri dəniz marşrutu ola­caq. Bildirilir ki, dəhliz işə düşdükdən sonra Hindistandan Avropaya yüklərin daşınmasına 40% az vaxt sərf oluna bilər.
Hə, burda xoruzun quyruğu görünməyə başlayır – Çinin təklif etdiyi, Rusiya və İranın ciddi dəstəklədiyi layihəyə ABŞ Çinin əzəli rəqibi Hindistan vasitəsi ilə mane olmağa qərar verən kimi Yaxın Şərq məhz yeni logistik yolların keçdiyi bütün marşrut üzrə qan çanağına döndü. Terror təşkilatı və Rusiya ilə ciddi əlaqələri olan “Hamas” İsrailə hücum etdi, İsrail məntiqsiz olaraq çox aşırı reaksiya verib ağına-bozuna baxmadan bombalar yağdırdı, minlərlə uşaq, qadın, qoca həlak oldu, İranın bütün proksilərinin məsləyə müdaxil olmasına şərait yarandı, ABŞ-Hindistan-İsrail-Avropa marşrutu hardan keçəcəkdisə, oralar “cəhənnəmə” döndü, hətta gəmilər, tankerlər həmin yolla hərəkət etməkdən imtina etdi, yeni yolun təhlükəsizliyi ciddi müzakirə məsələsi oldu, potensial investorların bu yeni logistik marşruta inamı azaldı – bu işdən kim uddu?! Bəli, Çin, Rusiya və İran. Uduzan isə günahsız insanlar oldu, ölüm-itim, dağıntı artdı, düşmənçilik alovlandı.
Əgər Dünyada logistika uğrunda belə ciddi mücadilə başlayıbsa, hətta gərginləşərək davam edəcəksə biz, Azərbaycan bundan ziyansız, hətta dividendlə çıxmağı bacarmalı, yeni logistik mərkəzə, ticarətin yeni “karvansarayına” çevrilmək üçün çalışmalıyıq. Bunun üçün isə açıq iqtisadi model və sülh lazımdır. Açıq iqtisadi model üçün yeni siyasi sistemə, sülh üçün isə danışıqların intensivləşdirilməsinə ehtiyac var.
Natiq Cəfərli
TEREF: Xocanin Blogu
 
 
 
Ardını oxu...
Hər il yer üzündə vəhşi fauna üçün getdikcə daha az yer qalır. Planetin əhalisi artır, yeni yaşayış məntəqələrinə və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ehtiyac yaranır. Heyvanlar brakonyerlərin əlində, avtomobillərin təkərləri altında və qida çatışmazlığından tələf olur.

Dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də bəzi heyvanlar çoxdan yoxa çıxıb, “Qırmızı Kitab” daim yeni növlərlə yenilənir. Qeyd edək ki, əvvəllər məhv olmaq təhlükəsi altında olan bəzi heyvanların sayı artıb. Bunlara, xüsusən də keçən əsrdə Azərbaycanda sayı cəmi bir neçə yüz baş olan ceyranlar daxildir.

2023-cü ilin payız mövsümündə aparılan son hesablamalara görə, Azərbaycanda 7889 baş ceyran var. Onların əksəriyyəti - 6372 baş Şirvan Milli Qoruğunda yaşayır. Eyni zamanda, reintroduksiya proqramına əsasən, ceyranlar ölkənin müxtəlif bölgələrində, xüsusilə Qobustan-Cəngiçay qoruğunda, eləcə də Gürcüstanla həmsərhəd ərazilərdə buraxılıb.

Amma məsələn, bu cütdırnaqlılarla məşhur olan Ceyrançöldə indi müxtəlif antropogen amillərlə əlaqəli olaraq ceyranlara nadir hallarda rast gəlinir. Bəzi ekoloqların qeyd etdiyi kimi, fakt budur ki, qorunan ərazilərdə heç bir şey onları təhdid etmir, qalanlarında isə hər şey fərqlidir.

“Həyəcan” İctimai Birliyinin sədri, ekoloq Əliheydər Məmmədov mövzuya dair AYNA-ya deyib ki, vaxtilə Şirvan Milli Parkından Qobustan çölü ərazisinə və digər yerlərə ceyranların buraxılmasına ehtiyac yox idi: “Milli parkdan buraxılan bir çox ceyran təbiətdə yaşaya bilməyəcək, çünki parkda insanları görür və onlardan qorxmur, orada heç kim onlara atəş açmır və hər şey onlara tanışdır. Yeni buraxıldığı yer isə tanımadığı ərazidir, burada brakonyerlər ola bilər və canavarlardan əlavə, başqa bir yırtıcı var - vaşaq. Biz onların ərazisini genişləndirmək qərarına gəlmişik, lakin əvvəlcə bu addımın mümkün nəticələrini təhlil etmədik”.

“Heyvanların davranışını öyrənən etologiya kimi bir elmi nəzərə almaq lazımdır. Belə heyvanların ölümünün bir çox səbəbi ola bilər - insanların əlində, tanımadığı yırtıcılar, qeyri-adi qidalanma və s. Məsələn, Şirvan parkından fərqli olaraq, hətta su tapmaq çətin olan Qobustana da ceyranlar buraxılıb. Bu yerlərin özünəməxsus ceyranları var ki, onlar çoxdan orada yaşayır, lakin onların sayı çox azdır və onlar həmin şəraitə uyğunlaşıb. Bəli, onlar bir vaxtlar ceyranların buraxıldığı ərazilərdə yaşayırdı, amma əvvəllər bu və ya digər ərazidə yaşayan, indi isə mövcud olmayan heyvanlarımn sayı çox deyilmi? Antropogen şərait, ətraf mühit, iqlim dəyişdi. Bakının gerbində hepard təsvir olunub, bəs indi Abşeronda varmı? Və ya Şirvan ərazisində şirlər yaşayırdı, amma onlar çoxdan yoxa çıxıb”, - deyə ekspert bildirib.

Məmmədovun sözlərinə görə, insanın təbiət işlərinə müdaxiləsi heç də həmişə müsbət nəticə vermir: “Məsələn, mən başa düşə bilmirəm ki, soyuq Belarusdan isti Azərbaycana - iqlimimizə uyğunlaşmayan bizonları gətirmək nəyə lazım idi? Bu, meşə bizonudur və bizim Qafqaz dağ bizonunun çoxdan nəsli kəsilib. Yaxşı olar ki, kulanları gətirib Şirvan Milli Parkına buraxsınlar. Ötən əsrin 70-80-ci illərində Belovejskaya Puşşadan Azərbaycana artıq 11 bizon gətirilərək İsmayıllı Təbiət Qoruğuna buraxılmışdı. Həmin təcrübə uğursuz oldu - hamısı öldü, bəziləri onlar üçün yararsız ağacların budaqlarından zəhərləndi, qalanları istiyə dözə bilmədi. Müasir təcrübənin nə qədər uğurlu olacağını zaman göstərəcək”.

Həmsöhbətimiz söyləyib ki, Azərbaycanda yenotlar təbiətə buraxılarkən, quş yuvalarını dağıtmağa başladığı üçün xeyli sayda quş məhv edilib: “Və zəncir boyu ağaclar çürüməyə başladı, çünki həşərat zərərvericilərini məhv edən yox idi. Necə və nə üçün gətirildilər? Ötən əsrin 30-cu illərində xəz bütün dünyada yüksək qiymətləndirilirdi. Sonra yenotlar Amerikadan Almaniyaya gətirildi, oradan bütün Avropaya yayıldı və Azərbaycana gəldi. Son illər çoxları iqlim dəyişikliyinin təbiətə, o cümlədən faunaya mənfi təsirindən danışırlar. Əlbəttə ki, iqlim getdikcə daha quraqlaşır, təsir edir. Ancaq antropogen amil təbiət üçün ən travmatik olaraq qalır”.

Ölkəmizdə hansı heyvanlar nəsli kəsilmək ərəfəsindədir? Ekloqob belə izah verib: “Məsələn, zolaqlı hiyena. Digər leş yeyən yırtıcılar kimi bu yırtıcının da həsəd aparılmaz taleyi əsasən insan fəaliyyəti ilə bağlıdır. Qeyd edək ki, mühüm amil onun üçün uyğun yaşayış yerlərinin azalması və kifayət qədər qida ehtiyatının olmamasıdır. Bir vaxtlar kənddən kənara ölü təsərrüfat heyvanları atılırdı, belə qidalar canavar, çaqqal, hiyana yem olurdu. Bu, onların sağ qalmasına kömək edirdi və canavarlar indi tez-tez olduğu kimi mal-qaraya hücum etmirdi. Sonra ölmüş mal-qaranı basdırmağa başladılar və indi tez-tez kolbasa istehsalına keçirlər, daha sonra insanlar qidalanırlar. Zolaqlı hiyenanın isə getdikcə daha az qida mənbəyi var. Yemək axtarışında bir çox yırtıcı İrana köç edir”.

“Qafqaz qarapaçası da yox olmaq ərəfəsindədir. Ölkədə həm də manul və çöl pişiklərinin sayı kəskin azalıb. Biz artıq Aralıq dənizi şahinini itirmişik. Ümumiyyətlə, ölkədə yırtıcı quşların sayı kəskin şəkildə azalır. Səbəblər müxtəlifdir. Amma bunlardan biri budur: ərəb ölkələrində şahin bahadır, pul qazanmaq istəyənlər ov quşlarının cücələrini, onların hansı quş olduğunu anlamadan satırlar. Nəticədə yuvalar dağılır və bir çox yırtıcı quşlar sonradan əsirlikdə tələf olur”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya
Mənbə: Ayna.az
 
Ardını oxu...
Türkiyə bankları Rusiyaya qarşı sanksiyalara qoşulur...
2024-cü ilin əvvəlindən ABŞ-la Türkiyə arasında aparılan intensiv müzakirələr müsbət nəticə
verdi. Dövlət katibi Entoni Blinken Ankarada səfərdə oldu və Türkiyə rəhbərliyi ilə Yaxın Şərq
böhranı və ikitərəfli münasibətlərdə yaranmış problemləri müzakirə etdi. Yanvarın 23-də Türkiyə
Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqlədi. Bu, AnkaraVaşinqton arasında danışıqların başlıca predmeti idi. Məclisin qərarın ardından Prezident Rəcəb
Tayyib Ərdoğan dərhal onu təsdiqləyərək, ABŞ-a göndərdi.
ABŞ Dövlət Departamenti yanvarın 27-də Prezident Baydenin imzası ilə Türkiyəyə təxminən 23
milyard dollara 40 ədəd F-16 “Blok 70” döyüş təyyarəsi və 79 ədəd F-16 döyüş təyyarəsi
modernləşdirmə dəstinin satışı ilə bağlı Konqresə rəsmi bildiriş təqdim edib.
Hərbi ekspertlər bildirirlər ki, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Türkiyədə lisenziya
əsasında istehsal edilən 235-dən çox “Blok 30”, “Blok 40”, “Blok 50” və “Blok 50+”
konfiqurasiyalı F-16 döyüş təyyarələri var. Ən müasir F-16-lar təxminən 10 yaşı olan F-16 “Blok
50+”, ən yaşlı F-16-lar isə təxminən 30 yaşı olan “Blok 30”lardır.
ABŞ-la əldə oluna razılaşmaya görə, Türkiyə 40 ədəd yeni F-16 “Blok 70” təyyarəsi və 79 ədəd
modernləşdirmə dəstini almağı planlaşdırır. Bu layihə təkcə yeni təyyarələri deyil, həm də
mövcud 235-ə yaxın F-16 təyyarəsinin uzunmüddətli texniki xidmətini əhatə edir. Bu, təkcə yeni
təyyarələrin alınması deyil, həm də inventarda olan təyyarələrin yenilənməsi və saxlanılması
deməkdir.
Modernləşdirmə təkcə avionik sistemləri deyil, həm də ehtiyat hissələri, texniki xidmət və
mühərriklər kimi bir çox detalları əhatə edir. Alınacaq 40 yeni F-16 “Blok 70” təyyarəsindən 32-si
tək nəfərlik F-16C “Blok 70”, 8-i isə iki nəfərlik F-16D “Blok 70” təyyarəsi olacaq. İki nəfərlik F16D “Blok 70” modeli “hava-hava” ilə “yer-yer” missiyalarında ikinci pilota ehtiyac olduqda və
təlimdə geniş şəkildə istifadə olunur. Xüsusilə modernləşmə prosesindən keçmiş F-16-lar əlavə
avionik inteqrasiya və uzun mənzilli missiyalarda üstünlüklər təmin edən əlavə yanacaq çənləri
daşımaq qabiliyyətinə malikdir.
Yanvarın 28-də Ankaraya gələn ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland isə rəsmilərlə
görüşdükdən sonra Türkiyənin F-35 proqramına qaytımasının mümkün olduğunu bildirdi. Bir gün
sonra Kanada Türkiyə Müdafiə Sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etdiyini açıqlayıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib
ki, bunun üçün Ankara Rusiyanın S-400 zenit-raket sistemlərindən imtina etməlidir. Kirbi deyib ki,
F-35 proqramı Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun gəlməyəcək. Kirbi
vurğulayıb ki, bu səbəbdən müzakirələr davam edir, Türkiyə bu məsələ ilə bağlı narahatlığı
aradan qaldıra bilsə, F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 Hava
Hücumundan Müdafiə (HHM) Sistemi aldığına görə, ABŞ administrasiyası tərəfindən
sanksiyalarla üzləşib. Türkiyənin ABŞ-ın müdafiə şirkəti “Lockheed Martin”ə verdiyi 100 ədəd F35 sifarişi ləğv edilib. Bundan əlavə, istehsalı tamamlanan 6 ədəd F-35 döyüş təyyarəsinin
tədarükü dayandırılıb və Türkiyə F-35 proqramından çıxarılıb. Bu vəziyyət Türkiyə-ABŞ
münasibətlərində ciddi gərginliyə səbəb olub.

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-la
əldə olunmuş razılaşma heç bir şərtə bağlı deyil, yəni Ankara üzərində hansısa öhdəliklər
götürməyib:
“Hərbi Hava Qüvvələri Komandanlığımızın ehtiyaclarına uyğun olaraq 40 yeni F-16 Blok-70-lərin
satın alınması, mövcud 79 F-16-nın və onların döyüş sursatının, materiallarının
modernləşdirilməsini əhatə edən tələbimizlə bağlı yanvarın 26-dan ABŞ Konqresində təsdiq
prosesi başlayıb. Təklif və qəbul məktubları bizə çatdıqda, təqvim üzərində iş başlayacaq. Bəzi
Yunanıstan mərkəzli xəbər saytlarında iddia edilənlərin əksinə olaraq, F-16-nın alınması və
modernləşdirilməsi məsələsi heç bir şərtə tabe deyil”.
ABŞ-dan F-35 təyyarələri ilə bağlı verdiyi son açıqlamalarla bağlı nazir deyib ki, bu məsələ çox
danışılıb və müzakirə olunub. “Hazırda hər iki ölkənin mövqeyində heç bir dəyişiklik yoxdur”, – o
əlavə edib.
Ekspertlərə görə, uzunmüddətli gərginlikdən sonra Ankara və Vaşinqtonun sürətlə dil tapması
Türkiyənin bəzi şərtləri qəbul etməsi ilə bağlıdır. Çünki uzun müddətdir modernizasiyadan
məhrum olan hərbi aviasiyanın ehtiyaclarını qarşılamaq Ankara üçün son dərəcə vacib
məsələdir. Türkiyə yubanmaqda davam edərsə, regionda hava üstünlüyünü itirə bilər. Xüsusən,
ABŞ Konqresinin Yunanıstana yeni nəsil F-35 təyyarələrinin satışına icazə verməsi Ankaranın
təlaşını artırıb.
Türkiyə rəhbərliyinin qəbul etdiyi şərtlərdən biri 20 aydır yubatdığı İsveçin NATO üzvlüyünə “yaşıl
işıq” yandırmasıdır. Bu, artıq mübahisə doğurmur. Vaşinqtonun daha bir tələbi Ankaranın Rusiya
şirkətlərinə qarşı sanksiya tədbirlərinə qoşulması, məhdudiyyətlərə əməl etməsi ilə bağlıdır. Bu
gün Rusiya mətbuatı yazıb ki, Türkiyə bankları rusiyalı müştərilərlə bağlı siyasətlərini
sərtləşdirib.
“Bəzi maliyyə təşkilatları şirkətlərin hesablarını bağlamağa başlayıb və kart almağı planlaşdıran
şəxslər üçün tələbləri artırıb”, – “Vedomosti” qəzeti Türkiyə ilə ticarət edən biznes sahibləri,
maliyyə məsləhətçiləri və biznes assosiasiyalarının nümayəndələrinə istinadən hazırladığı
məqalədə deyilir.
“Bloomberg” və “Kommersant” nəşrləri yazırlar ki, artıq ilin əvvəlində biznes qurumları Rusiya ilə
Türkiyə arasında ödənişlərin dayandırılmasından şikayət edirdilər. “Vedomosti”nin
həmsöhbətləri bildiriblər ki, hazırda hesablaşmalar dondurulub.
Ötən il dekabrın 22-də ABŞ Prezidenti Co Baydenin Maliyyə Nazirliyinə Rusiyaya qarşı
sanksiyaları pozan banklara cəzalar tətbiq etmək səlahiyyəti verən fərmanından sonra yerli
bankların siyasəti kəskin şəkildə dəyişib. “Dekabrdan əvvəl Türkiyədə Rusiya ilə hərtərəfli işləyən
iki bank, qismən əməkdaşlıq edən daha iki bank vardı”, – Türkiyə ilə ticarət aparan və eyni
zamanda Rusiya biznes assosiasiyalarından birinə yaxın olan mənbə bildirib. Onun sözlərinə
görə, birinci kateqoriya bankları SDN siyahısına (ən ciddi məhdudiyyətlər səviyyəsinə malik
bankların qara siyahısı) daxil edilməklə hədələyiblər. Bundan sonra onlar Rusiya bankları ilə
əlaqəsi olan şirkətlərin əhəmiyyətli hissəsinin müxbir hesablarını bağlamağa başlayıblar.
Həmsöhbətin sözlərinə görə, qismən əməkdaşlıq edən banklar da münasibətləri kəsməyə
başlayıblar. Lakin əsas hədəf Ukraynada “xüsusi əməliyyat” başlayandan sonra müştəri
olanlardır. Mənbə qeyd edib ki, şirkətlər bankdan 30 gün ərzində bütün münasibətləri
dayandırmaq və hesabları bağlamaq tələbini əks etdirən bildirişlər alırlar.
Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş
tutacaq və Ukrayna ilə müharibə danışıqların əsas mövzularından biri olacaq. Daha əvvəl
Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, Prezident Putinin Türkiyəyə səfəri
təxminən fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı
olacaq. Prezidentin mətbuat katibi Dmitri Peskov “Vedomosti”nin “Putinin Ərdoğanla ödənişlərin
dondurulması məsələsini müzakirə edib-etməyəcəyi” barədə sualına cavab verməyib.
Beləliklə, ABŞ-Türkiyə razılaşmaları Rusiya üçün çətin vəziyyət yaradır. Ehtimal ki, Moskva da
əlindəki təzyiq alətlərindən istifadə edərək, Türkiyəni sıxışdırmağa çalışacaq. Belə alətlər isə
kifayət qədərdir: Türkiyə mavi yanacağa tələbatının böyük hissəsini Rusiya enerjisi vasitəsi ilə
ödəyir, kənd təsərrüfatı və yüngül sənaye məhsullarını Rusiyaya ixrac edir. Bu ölkədə minlərlə
türkiyəli iş adamları çalışır və qarşılıqlı kapital yatırımlarının həcmi on milyardlarla dollarla
ölçülür. Hazırda yüksək inflyasiya, ağır iqtisadi problemlər Türkiyədə ciddi sosial gərginlik
yaradıb, ona görə də Rusiya ilə münasibətlərin pisləşməsi ölkədə sosial partlayışa gətirib çıxara
bilər…
Turqut
pressklub.az
 
Ardını oxu...
Avropanın sonu yaxınlaşır. Qitə üzləşdiyi iqtisadi, hərbi və demoqrafiq böhranlardan çıxa bilmir. Köhnə qitənin məhvinə yas tutmağın vaxtıdır. Siyasi elita Avropanı dağılmaq ərəfəsinə gətirib çıxarıb. Köhnə Avropa bu gün ağlamalı vəziyyətə düşüb. Yığılan problemlər o qədər böyükdür ki, onların həlli mümkün görünmür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalənin müəllifi Allister Heathin fikrincə, Avropanın çürüməsi prosesi o qədər dərinə gedib ki, artıq onu geri qaytarmaq mümkün deyil. Vaxtılə Avropa inkişaf edən varlı qitə idi. Lakin indi Avropanın sonu çatıb və bunu avropalılardan başqa bütün dünya başa düşür. İqtisadi gərginlik, geosiyasi qeyri-müəyyənlik, miqrasiya böhranı, inteqrasiya proseslərinin yarımçıq qalması və demokratiya qıtlığı metastaz verməyə başlayıb. Problemlər o qədər dərinləşib ki, Avropanın siyasi elitasının eqoist və demaqoq siyasətçiləri onları həll etmək iqtidarında deyillər.
Müəllif nəzərə çatdırır ki, Almaniya, Fransa və Niderland sosial partlayışın astanasında dayanıb. Fermerlərin səbir kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Amerika və Avropa arasında davam edən 248 illik qarşıdurmadan Amerika qalib çıxdı. Lakin bu gün ABŞ-da da iqtisadi böhran və əhalinin sosial vəziyyətinin pisləşməsi müşahidə olunur. Kapitalizm, ali dəyərlər, qanunun aliliyi, şəxsiyyət azadlığı kimi dəyərləri əldə rəhbər tutan Avropa nihilizmə, anti-liberalizmə, yoxsulluğa yuvarlanır. Avropa dövlətləri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər.
Məqalədə bildirilir ki, Avropa Statistika Komitəsinin məlumatına əsasən, qitə əhalisi miqrasiyaya baxmayaraq, azalır. Qitə əhalisinin sayı 2100–cü ildə 419,5 milyona düşəcək. Avropada sosial vəziyyətin ağır olması dünyaya uşaq gətirmək istəyən ailələrin sayını kəskin azaldıb ki, bu da əhalinin qocalmasına səbəb olub. Fransa, Almaniya və Belçika miqrantları qəbul etsələr də, onların işlə təmin olunmasına, təhsil almalarına diqqət ayırmır. Bu da gələcəkdə kriminal və digər neqativ halların artması üçün əsas yaradır.
Həmçinin vurğulanır ki, 2023-cü ildə ABŞ-da ümumi daxili məhsul 3,3 faiz artsa da, Avropada iqtisadi artım sıfır səviyyəsində olub. Vergilərin artması və dövlətin özəl sahələrə həddən artıq müdaxiləsi Avropanın istehsal qabiliyyətini xeyli azaldıb. Ekologiyanın qorunması adı altında istehsal müəssisələrinə və kənd təsərrüfatına qadağalar tətbiq olunur. Bu da populist siyasətçilərin öz məqsədlərinə çatmalarına xidmət edir.
Yazıda Avropanın təhlükəsizliyi məsələsinə də toxunan müəllif qeyd edir ki, qitənin müdafiəsi tamamilə ABŞ-ın üzərinə düşür və bu da uzun müddət davam edə bilməz.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanla sülh gündəliyini yeni prioritetlərlə gündəmə gətirib.
Prezidentin ilk növbədə Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün mövcudluğunu deməsi ona işarə edir ki, iki dövlət prosesi hüquqi sənədlərlə yekunlaşdırmalıdır.
Bəs bu necə olacaq?
İndiki məqamda Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləyən Bakının geosiyasi təzyiq alətləridir. 10 Noyabr Bəyanatının müddəalarından irəli gələn məsələləri Azərbaycan özü həll edir.
Deməli əsas nizamlayıcı xassə Azərbaycanın geosiyasi məqsəd və məramlarında, güclənən hərbi qüdrətində “gizlənib” və Ermənistanın tək çıxış yolu isə hüquq sistemində müvafiq dəyişiklikləri etməkdir.
Əliyev buna görə deyir ki:
- Prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır,
- Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var,
- Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.
Ortaya maraqlı bir əlaqə çıxır, Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin Konstitusiyasının dəyişdirilməsi üçün çağırışlarını artırır.
Deməli, Paşinyan başa düşür ki, sülh müqaviləsinin imzalamasında münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən keçir.
Paşinyandan isə müsbət siqnalların verilməsi şifahi olaraq yaxşı görüntüyə malikdir, ancaq Bakı bu prosesə ehtiyatlı nikbinliklə yanaşır.
Ən azından ona görə ki, Paşinyan müxtəlif bəhanələrlə prosesdən yayına və əlində erməni cəmiyyətinin dəyişikliklərə etirazını bayraq tuta bilər.
Üstəgəl, Paşinyan Ermənistana Qərbdə təhlükəsizlik zəmanətləri arayarkən bu müddəti vaxt qazanmaq üçün istifadə etmək kimi strategiyaya da malik ola bilər.
Əliyevin Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək odun üstünə benzin tökmək prinsipindən çıxış etdiyini deməsi, Ermənistana təhlükəsizliklə bağlı vədlərin əsasən hansı mərkəzdən verildiyini təsvir etməyə yardımçı olur.
Lakin istənilən vəziyyətdə Əliyev Paşinyanın qarşısında şərt qoyur ki, Azərbaycan torpaqlarının işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan Konstitusiyasında dəyişiklik regional geosiyasi zərurətdir.
Paşinyan zərurətlərə şifahi razılıqlarla yox, yazılı və müqaviləli öhdəliklərlə məsuliyyət daşımalıdır. Əliyev bildirir ki, erməni xalqı necə işğal dövrünün reallıqlarının Konstitusiyada əksinə razı olubsa, indi erməni cəmiyyətini bu fikirdən daşındırmaq da Paşinyanın üzərinə düşən ağır məsuliyyətdir.
Bu məsuliyyətdən qaçış isə regional eskalasiyadakı risk mənbələrindən birinə qahmar çıxmaqdır. Azərbaycan bu variantda hansı addımlarla irəliləyəcəyini onun kəşfiyyat imkanları, diplomatik səyləri, siyasi iradəsi və hərbi qüdrəti kompleks şəkildə müəyyənləşdirəcək.
Aqşin Kərimov
TEREF: Xocanin Blogu
 

Dünyapress TV

Xəbər lenti