Ardını oxu...
David Avalişvili: “Qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və İvanişvili hərəkətə keçmək qərarına gəldi”

Elxan Şahinoğlu: “İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur”

Dünən axşam saatlarında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verdiyini açıqladı. Bu qərar hakim “Gürcü Arzusu” Partiyasının fevralın 1-də keçiriləcək qurultayında rəsmən elan olunacaq. Baş nazir dünən Tbilisidə keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb. Qaribaşvilinin sözlərinə görə, bu barədə qərar “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasında qəbul edilib.

Partiyadaxili demokratiyanın vacibliyini vurğulayan siyasətçi “başqalarına da imkan vermək lazımdır” deyib. Qaribaşvili “Gürcü Arzusu”nun sədri olmaq təklifi aldığını da qeyd edib.

Baş nazir çıxışında vurğulayıb ki, hakimiyyətdə kadr dəyişiklikləri daxili demokratiyadan xəbər verir: “Gizlətməyəcəm, biz Siyasi Şurada yaya qədər, seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdik. Lakin mən bu qərarı indi vermək qərarına gəldim”.

Qeyd edək ki, Qaribaşvili 2013-2015-ci illərdə və 2021-ci ilin fevralından indiyədək Gürcüstanın Baş naziri olub. O əvvəllər ölkənin Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə rəhbərlik edib.

Hökumətyönlü “İmedi” telekanalı hökumət və parlamentdəki məlumatlı mənbələrə istinadən xəbər verib ki, xarici işlər naziri də daxil olmaqla, altı nazir hökumətdəki postlarını tərk edəcək. Məlumata görə, xarici işlər, ədliyyə, səhiyyə, müdafiə və mədəniyyət nazirliklərinin rəhbərlərinin dəyişəcəyi gözlənilir. O cümlədən, Gürcüstan Parlamentinin sədr müavini İrakli Çikovaninin müdafiə naziri postuna namizədliyinə baxılır.

Qaribaşvilini Baş nazir postunda “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze əvəz edəcək. Bundan başqa, mətbuatda yayılan xəbərlərə görə, “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili də siyasi səhnəyə çıxacaq.

Qeyd edək ki, 2023-cü ildə İvanişvili “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutdu və qeyd etdi ki, o “hakim partiyanı korrupsiya risklərindən qorumaq” üçün siyasətə qayıdır.

Baş nazirin istefasını şərh edən “Nation.ge”nin analitiki, gürcü ekspert David Avalişvili hesab edir ki, Gürcüstan hakim elitasında əsas fiqurların dəyişdirilməsi qərarı ilk növbədə, hazırkı Baş nazir İrakli Qaribaşvili ətrafındakı qalmaqallı məsələlərlə bağlıdır: “Xüsusilə, onun Qərb universitetlərindən birinə oxumağa gedən oğlunu hökumət təyyarəsində müşayiət etməsi əhvalatı böyük səs-küyə səbəb oldu. Başqa bir qalmaqal isə Baş nazirin həyat yoldaşı Nunuka Tamazaşvili ətrafında yarandı. Bağ evinin yanındakı böyük bir meşə sahəsinin Qaribaşvili ailəsinə ixtiyarına verilməsi məsələsi də qalmaqala səbəbn oldu. Bu qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və Bidzina İvanişvili hərəkətə keçmək qərarına gəldi”.

Analitik eyni zamanda, hesab edir ki, hakim partiyanın yaradıcısını istiqamətləndirən əsas məsələ oktyabr ayında keçiriləcək seçkilərin “unikal konfiqurasiyası”dır: “Bu ölkə tarixində seçkinin sırf proporsional əsasda keçirilən ilk seçkilərdir. “Gürcü Arzusu” seçkidən sonra Gürcüstan üçün ənənəvi olan inqilab cəhdlərindən qorunmaq üçün Mixail Saakaşvilinin partiyasını böyük üstünlüklə məğlub etməlidir”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AYNA-ya deyib ki, Gürcüstanda bu proseslərin arxasında şübhəsiz ki, oliqarx İvanişvili dayanır: “Guya İvanişvili siyasətdə yoxdur, amma Gürcüstandakı bütün proseslər onun nəzarətindədir. İndi siyasi elita içərisində baş verən dəyişiklik əmrini verən də İvanişvilinin özüdür. Oliqarx bununla iki həmlə edir: birincisi, Qaribaşvilinin yerinə Kobaxidzeni gətirib onu da yoxlamaq, sınaqdan keçirmək istəyir, ikincisi, oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq görür. Gürcüstanda cəmiyyətin müəyyən kəsiminin indiki hakimiyyətdən narazılığı var. İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur. Mesaj verir ki, “baxın, Gürcüstana yeni nəfəs gəlir”. Hesab edirəm ki, bu, çox hiyləgər gedişdir”.

“Ümumiyyətlə, Gürcüstanda hakim elita rotasiya qaydasında tez-tez dəyişir. Bununla “Gürcü Arzusu” hakimiyyət müddətini uzatmağa hesablanmış addımlardır. Hesab edirəm ki, İvanişvili bu seçkilərdə də “Gürcü Arzusu”nun hakimiyyətdə qalması üçün gedişlər edir ki, bundan sonra da ölkəyə nəzarəti əlində saxlaya bilsin”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
Ardını oxu...
Gürcüstanla Ermənistan arasında əldə edilən razılaşma anti-Rusiya platformasına xidmət edir. Çünki hər iki ölkəni strateji müttəfiq səviyyəsinə çatdıracaq ortaq maraqları yoxdur. Tiflis daha çox Azərbaycan və Türkiyə ilə müttəfiqlikdə maraqlıdır. Ermənistanın isə Gürcüstana verə biləcəyi heç nəyi yoxdur.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Gürcüstan Ermənistana Qara dənizə çıxmaq üçün kommunikasiya xətti verə bilər. Tiflisin ciddi iqtisadi potensialının olmaması reallığı mövcuddur. Belə olan halda İrəvanın iqtisadi cəhətdən Gürcüstandan yararlanması ehtimalı da yoxdur”, - deyə o qeyd edib.

Partiya sədri Gürcüstanla Ermənistan arasındakı strateji müttəfiqliyi Cənubi Qafqazda ciddi siyasi hadisə kimi dəyərləndirmir:

“Azərbaycanın iştirak etmədiyi bu müttəfiqlikdə tərəflər heç nə qazana bilməz. Sadəcə olaraq Gürcüstan və Ermənistanın Rusiya ilə bağlı narahatlığı var. Paşinyanın anti-Rusiya siyasəti, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı hər iki dövlətin Moskva ilə münasibətlərindəki gərginliyin əsasını təşkil edir. Tiflis və İrəvanın hazırda Avropa ilə əməkdaşlığa meyilli olması da burada təsirli amildir”.

Sərdar Cəlaloğluna görə, Rusiya və Qərbə münasibətə görə, Gürcüstanla Ermənistan arasında belə bir razılıq əldə edilib:

“Bu strateji razılaşmada əsas hədəf Rusiyadan uzaqlaşıb Avropaya yaxınlaşmaqdan ibarətdir. Bununla da onlar Avropa dövlətlərinin yaşam tərzlərini ölkələrində tətbiq etmək niyyətindir. Tarixi şərtlərin və Rusiyanın buna nə dərəcədə imkan verəcəyi, Avropanın dəstəyinin necə olacağı sonrakı prosesdir. Ona görə də bu razılaşma iqtisadi maraqlardan daha çox siyasi mahiyyət kəsb edir”.
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Gravity Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gravity Construction” MMC 25 may 2022-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 29, mənzil 112-dəı yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Rəcəb Sabir oğludur.
Açqı mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin iki veb-səhifəsi olsa da, işlək deyil.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən təmir və dizayn işləri ilə məşğul olur.
Mediada gedən məlumatlarda iddia edilir ki, “Gravity Construction” MMC Səhiyyə Nazirliyinə yaxın şirkətdir. Şirkətin konkret olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyevə məxsus olduğu iddia edilir.
Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan məkum olur ki, şirkət ötən il Səhiyyə Nazirliyi ilə maliyyə dəyəri 145 100,88 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
Müqavilədə tikili və avadanlıqların cari təmiri nəzərdə tutulur.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadığı əraziləri ilə bağlı fərman imzaladı. Sənəd Rusiyanın Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərində yaşayan ukraynalılarla bağlıdır. Bu, aqressiv Rusiya-Ukrayna müharibəsində Kremlin “rus torpaqlarının geri qaytarılması” arqumentini məhv edir. Amma bu, Ukraynanın Rusiyaya hər hansı ərazi iddiası demək deyil.

Fərman bir neçə vətəndaşlıq haqqında qanun layihəsi kimi, ukraynalıların təkcə Ukraynada ərazisində yaşamadığının sübutudur. Ukrayna ictimaiyyətinin, Ukrayna xalqının dünyanın müxtəlif ölkələrində, o cümlədən rəhbərliyi Kiyevə qarşı çirkin müharibə aparan ölkədə öz nümayəndələri var. Beləliklə, xatırladırıq ki, Rusiya Federasiyasının özündə də ukraynalılar var. Üstəlik, fərmanda adı çəkilən ərazilər ukraynalıların tarixi yaşayış yerləridir.

Bu, ona görə vacibdir ki, Rusiya indi Ukraynaya qarşı ərazi iddiaları irəli sürür. Kreml ruslar demişkən, “rus torpaqlarını” ilhaq edir. Əslində bunlar ukraynalıların tarixən yaşadığı torpaqlardır, lakin tarixən çoxmillətli (Krım kimi) olan torpaqlardır. Amma bu fərmanla Kiyev ruslara xatırladır ki, Rusiya ərazisində ukraynalılar da yaşayır və bu, tarixən də olub. Həm də təkcə fərmanda qeyd olunan rayonlarda deyil.

Məsələn, Uzaq Şərqi və ya ukraynalıların onilliklər boyu yaşadıqları Qərbi Sibir ərazisini də xatırlamaq olar. Çünki oralarda da ukraynalılar kompakt şəkildə yaşayıblar.

Ümumiyyətlə, bütün bunlar əslində Rusiyanın arqumentini məhv edir, Rusiyanın Ukraynadakı tarixən “Rusiya torpaqlarını” geri qaytarması fikrinin gülünc olduğunu göstərir. Axı bu məntiqlə hərəkət etsək, Rusiya öz ərazilərinin böyük hissəsini tarixən orada yaşamış digər xalqlara verməlidir. Beləliklə, bu arqument işləmir. Bu mənada Ukrayna Prezidentinin sözügedən fərmanı təkcə simvolik məna daşımır, həm də ruslara xatırladır ki, onların işğal olunmuş ərazilərlə bağlı arqumenti işə yaramır, ona görə də tarixi reallıqlardan çıxış etmək lazımdır.

Fərmanda qeyd olunan ukraynalılarla Rusiyanın əsarətində olan xalqlar arasında qarşılıqlı əlaqələrin inkişafı tezisinə gəlincə, bu, rus imperializminə qarşı mübarizə strategiyasının elementidir. Bunun qeyd edilməsi Rusiyanın çoxmillətli xarakterini xatırladır. Ona görə də Rusiya həm öz ərazisində yaşayan xalqlara münasibətdə, həm də qonşu dövlətlərə münasibətdə imperiya siyasətindən əl çəkməlidir. Əgər əl çəkməsə, bu imperiya gec-tez öz mövcudluğunu dayandıracaq.

Sadə sözlə desək, əgər Rusiya özünü bir imperiya kimi apararsa, o zaman ukraynalılar, o cümlədən Rusiya ərazisində yaşayan digər xalqlar qarşılıqlı əlaqədə olacaqlar ki, bu da Rusiyanın özü üçün pis nəticələnəcək.

Müəllif: Vladimir Fesenko - “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə Tbilisidə imzaladığı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün hansı təsirləri ola bilər? Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin genişləndirməyə çalışmasından narahat deyil. Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır. Yəni Ermənistan-Gürcüstan sətaretji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallar yaradacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tbilisi “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”.
Normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tbilisinin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır, əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrıyla həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu

Ardını oxu...
Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı qərarına adekvat cavab vermək niyyətindədir. Yerli mətbuatın yazdığına görə, AŞPA-nın son iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının sona çatması demək olmadığı qeyd edilsə də, rəsmi Bakının mövqeyi fərqlidir.

Azərbaycan bu ədalətsiz və qərəzli münasibətlə barışmaq fikrində deyil və rəsmi Bakı hazırda nəinki AŞPA-dan, bütövlükdə Avropa Şurasından çıxmaq prosedurunu nəzərdən keçirir. Azərbaycan həm də Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər. Bu da bizim tərəfimizdən düzgün addım olacaq. Çünki kiminsə ölkəmizlə şantaj və ultimatum dili ilə danışmağa cəhd etməsi qəbuledilməzdir.

Nə AŞPA, nə də Avropa Şurası (AŞ) ədalətin zəfər çalması, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün nəsə edib. Həm AŞPA, həm də AŞ tərəfindən rəsmi və dəfələrlə tanınan ölkəmizin ərazi bütövlüyü eynidir. Xüsusilə, AŞPA-nın 2085 saylı qətnaməsi qəbul edilib və orada deyilir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi Aşağı Qarabağ vadisində yaşayan azərbaycanlılar üçün süni ekoloji böhran yaradıb və bundan başqa bu fəaliyyət ekoloji təcavüz və bir dövlətin Azərbaycana qarşı düşmənçilik aktı kimi qiymətləndirilməlidir.

Lakin AŞPA bu qətnaməyə əməl etmədiyinə görə Ermənistan Respublikasına qarşı heç bir sanksiya qəbul etməyib. Və Ermənistan nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi məsələsi də Assambleyada qaldırılmayıb. Eyni zamanda Azərbaycandan Azərbaycan qanunlarını tanımaqdan imtina edən Qarabağ separatçılarının hüquqlarını nəzərə almaq tələb olunurdu! Baxmayaraq ki, AŞPA-ya üzv olan dövlətlərdən heç birinin öz ərazisində torpaqlarının beşdə birini işğal etmiş bir ölkənin pasportuna sahib olmasına razı olmayacağı tamamilə aydındır.

Qəribədir ki, AŞPA öz nümayəndə heyətinin ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət edilməməsindən hiddətlənməyi mümkün hesab edib. Bütün bunlar AŞPA-nın 44 günlük müharibədə ölkəmizin tarixi qələbəsinə münasibətini nümayiş etdirərək, birdən-birə iki anti-Azərbaycan qətnaməsi qəbul etdikdən sonra baş verdi. Aydın oldu ki, əslində bu qurum ədalətin təntənəsi və ən paradoksal olaraq AŞPA-nın 2085 saylı qətnaməsinin icrasına heç də sevinmir.

Bundan sonra Azərbaycan AŞPA-da qalmalıdırmı? Yox! Azərbaycanın Assambleyadakı nümayəndə heyəti isə ölkəmizə münasibətdə ikili standartlara etiraz olaraq AŞPA-nın fəaliyyətində iştirakını dayandırdığını elan edərək, qapını yüksək səslə çırpdı. Bu addım nəticədə anti-Azərbaycan mövqeyi nümayiş etdirilən həmin ucuz şoudan əvvəl atılıb. Belə ki, gördüyümüz kimi, ölkəmizin AŞ-dən çıxmağa hazır olmasına ehtimal var.

Bu baxımdan, Al Paçinonun baş rola görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarını aldığı "Qadın ətri" melodramının ən parlaq epizodlarından birini xatırlatmaq istərdim. O, təqaüddə olan polkovnik-leytenant Frenk Sleyd rolunu oynayıb. Zabit kordur və Çarli adlı gənc hər yerə onunla gedir. Oğlan çətinliyə düşür. Oxuduğu Berd məktəbində məhkəmə repressiyasını xatırladan intizam komitəsinin iclası hazırlanır.

Çarlinin tələbə yoldaşı qorxaqdır və onunla bağlı öz planları olan varlı atasının təzyiqi altında dostlarını satır. Həm tələbələr, həm də komitə səssizcə razılaşır. Çarli isə təslim olmur. Çarlinin təslim olmaq fikrində olmadığını görən direktor təklif olunan cəzanı sərtləşdirir: əvvəlcə təhdid etdiyi qəbulda köməklikdən imtina etmək əvəzinə, indi onu məktəbdən qovmaq qərarını elan edir. İclasda görünən polkovnik-leytenant parlaq nitq söyləyir:

“Burada kimin təhsil aldığını bilmirəm. Uilyam Hovard Taft, Uilyam Cenninqs Brayan, Uilyam Tell və ya başqası. Məktəbin ruhu ölüb. Əgər var idisə, demək, artıq ölüdür. Siz burada siçovullar və satqınlar üçün gəmi yaradırsınız.Və əgər bu varlıqları böyük həyata hazırladığınızı düşünürsünüzsə, yanılırsınız. Çünki bu məktəbin elan etdiyi ruhu öldürürsünüz. Bu, nə biabıçılıqdır, nə şou göstərirsiniz?! Burada bir layiqli adam varsa, o da mənim yanımda oturub. Onun ruhu pakdır. O, bununla alver etmir”.

Və hər birimiz indi AŞPA-da nümayiş olunan ucuz tamaşaya baxaraq eyni sözləri deməyə hazırıq. Assambleyanın ruhu, əgər mövcud olubsa, ölüb. AŞPA anti-Azərbaycan qüvvələrin onlara gətirdikləri ilə qidalanmağa hazır olan siçovulların, satqınların və yalançıların əsl gəmisinə çevrilib. Azərbaycan öz ruhunu, vicdanını, Qələbəsini, milli maraqlarını satmır, bu dəyərlərlə alver etmir. Və buna görə də nümayəndə heyətimiz AŞPA-nı tərk etdi. Elə buna görə də Azərbaycan Avropa Şurasından da çıxa bilər.

Müəllif: Əkbər Həsənov - AYNA.az
Ardını oxu...
AŞPA-da Azərbaycan əleyhinə səs verməklə, səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var?
Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqelərini gücləndirib. Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bizim məsələdə səsvermədə iştirakdan imtina edib. Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər.
Misal üçün tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib.
Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir.
Elxan Şahinoğlu
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox beynəlxalq
təşkilatlara, birliklərə üzv olaraq müxtəlif istiqamətlərdə olan öhdəliklər
götürdü və hər zaman öhdəlikləri ədalətli olaraq yerinə yetirmiş və sadiqlik
nümayiş etdirmişdir. Lakin bu təşkilatlar Azərbaycana qarşı hər zaman
qərəzli münasibət göstərmişdir.
Belə ki, Azərbaycan 2001-ci ildə Avropa Şurası Parlament
Assambleyasına üzv oldu və götürdüyü öhdəlikləri hər zaman yerinə yetirdi.
Amma bu şura Azərbaycana qarşı qərəzli münasibətilə hər zaman
seçilmişdir. Avropa Şurası son dövrlərdə, xüsusən də, Azərbaycanın 2020-
ci ildəki Vətənmüharibəsi və antiterror əməliyyatından sonra öz qərəzini və
qeyri-adekvat münasibətini daha çox bəlli edərək təzyiqlər göstərməyə
başladı. Bu cür hallar özünü demokratiya müdafiəçisi, bərabərhüquqların
təmin edilməsində əsas rol oynayan bir şuranın götürdüyü öhdəliklərə zidd
hərəkətdir.
Bəllidir ki, bu şuraya üzv olan bir çox Avropa ölkələri, xüsusən də,
Fransa, Almaniya kimi üzv dövlətləri hər zaman erməniləri əssasız olaraq
müdafiə etmiş və Azərbaycana qarşı atılan ədalətsiz addımların əsas
iştirakçısı kimi digər üzvlərə təsir göstərmişdir. Bu da Avropa dövlətlərinin
erməni lobbisinin təsiri altına düşərək ikiüzlü siyasət yeritmələrinə səbəb
olmuşdur. Belə ki, özünü mötəbər demokratik keşikçi, bərabər hüquqların,
azadlıqların təminatçısı kimi göstərən bu şura əslində 30 il ərzində
Azərbaycan torpaqlarının işğal altında olmasına səs çıxarmamış, sadəcə
dinləyici rolunda şıxış edərək, işğalçı Ermənistana qarşı heç bir təzyiq
göstərməmiş, hər hansı bəyanatlarla çıxış etməmiş, Azərbaycanın ədalətli
mübarizəsini dəstəkləməmişdirlər. Təbii ki, bu da haqlı olaraq Erməni
işğalçılarında rahatlıq yaratmış və torpaqlarımızın azad olması üçün heç bir
addım atmamış və Ermənistanın işğalçı siyasəti daha da təcavüzkar hal
almışdır.
Avropanın və bu kimi özünü ədalət müdafiəçisi adlandıran bir çox
təşkilatların erməni lobbisinin təsiri altına düşərək Azərbaycanın haqlı
mübarizəsinə dəstək verməməsi, Ermənistana qarşı qəbul edilmiş
qətnamələrin həyata keçməsi üçün işğalçı dövlətə təsir göstərməmələri
Azərbaycanı ədaləti özü bərpa etməyə məcbur etdi. Belə ki, 2020-ci il
Vətən müharibəsinin nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad
etdi. 2023- cü il sentyabrda antiterror əməliyyatlarından sonra Azərbaycan
öz suveren ərazisini bərpa etdi, separatizmi tamamilə məhv etdi və
separatçı, terrorçu canilər dövlətimiz tərəfindən həbs edildi. Nəticədə
Qarabağda yaşayan erməni sakinlər öz xoşları ilə torpaqlarımızdan
çıxdılar. Məlum məsələdir ki, bu həmişəki kimi Avropa Şurası Parlament
Assambleyası və ona üzv olan ermənipərəst Avropa dövlətlərinin
narahatlığına səbəb oldu və ölkəmizə qarşı təzyiqləri artırmağa başladılar.
Belə ki, 2023- cü il oktyabr ayında Azərbaycana qarşı əsassız bəyanatlar
səsləndirib, ittiham etdilər. Bəyanatda erməni sakinlərinin Qarabağa
qaytarılması tələbi xüsusi diqqət çəkir. Çünki 30 il ərzində Azərbaycanlı
köçkünlərin Qarabağa qaytarılması üçün heç bir adddım, təzyiq, təsir
göstərməyən Avropa Şurasının bu gün könüllü olaraq Qarabağı tərk edən
ermənilər üçün təlaşa düşmələri, onları əsassız olaraq müdafiə etmələri
nəinki, ölkəmizə hətta deyərdim ki, dünyaya qarşı ədalətsiz davranışdı və
burada demokratiyadan söhbət gedə bilməz. Görünür, bu təşkilatda əsas
olan demokratiya deyil dövlətlərin şəxsi maraqlarıdır və şəxsi maraqların
üstünlük təşkil etdiyi bir şura dünyada heç bir dövlətin maraqların müdafiə
edə bilməz, eləcə də insan haqları, azadlıqlar barədə danışmağa haqqı
yoxdur. Avropa Şurasın bəyanatı bununla yekunlaşmır. Belə ki,
Azərbaycanın dinc sakinlərinlərinə qarşı terror törədən, ölkəmizdə
separatçılıqla məşğul olan və hazırda həbsdə olan separatçı rəhbərləri
siyasi həbs adlandıraraq, onların azad etməyə çağırıb, təbii ki, bunlar
Azərbaycana qarşı haqsız münasibətin bariz nümunəsidir. Terrora qarşı
hər zaman mübarizə aparan və bu sahədə töhfələri olan Azərbaycandan
terrorçuların azadlığını istəmək təkcə ölkəmizə deyil, dünyada terrora qarşı
aparılan mübarizəyə zərbədir. Qərbin bu cür ikiüzlü siyasəti, erməni
lobbisinin əlində oyuncağa çevrilmək, Fransa, Almaniya kimi ermənipərəst
mövqeyi müdafiə edən Şura özünə qarşı olan güvəni də sarsıtmış oldu.Və
bu kimi təşkilatlar sadəcə öz mənafeləri xeyrinə çıxışlar edirş.
Belə ki, Avropa Şurası Parlament Assambleyasının 2024-cü il 22
yanvar qış yarım-sessiyasının açılışı günündə AŞPA-da ölkəmizin
nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir.Və buna səbəb
kimi əsassız ittihamlar irəli sürülmüş, dini, irqi ayrı-seçkilik olduğunu, dini
azadlıqların, mətbuat azadlığlarının olmadığı kimi bəhanələr irəli
sürülmüşdür. Halbki, hər kəsə bəllidir ki, Azərbaycan tolerant ölkədir, bəlkə,
dünyanın ən təhlukəsiz ölkələrindən biridir ki, burada istənilən dinin
nümayəndələri sərbəst şəkildə yaşayır, öz inanclarına, dinlərinə ibadət edir,
bu ölkəmizdə hər bir dindən olan sakinlərin rahat şəkildə ibadəti üçün hər
bir şərait yaradılmışdır. Bu gün mətbuatda, sosial şəbəkələrdə xeyli insan
öz fikirlərini rahat şəkildə ifadə edir və heç bir təsirə məruz qalmırlar.
Əlbəttə ki, bunlar sadəcə bəhanədir və əsas məsələnin Qarabağ və Qərbin
erməni təəssübkeşliyidir. Avropa Şurasına qarşılıq olaraq Azərbaycan
Nümayəndə heyəti mətbuata bəyanatla çıxış etmişlər. Nümayəndə
heyətinin çıxışından qısa bir qeyd: “Dünyada heç kim, o cümlədən bu zalda
əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-
nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və
İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq
qərarına gəlib”.
Bəli, bu da haqlı olaraq Azərbaycan Nümayəndə heyətinin özünü
demokratik dəyərlərin müdafiəçisi kimi göstərən Avropa Şurasına və onun
ermənipərəst üzvlərinə verilmiş doğru cavabdır. Bu gün Azərbaycan ədaləti
öz gücü, öz ordusu hesabına bərpa edib. Baxmayaraq ki, Azərbaycanın
haqlı mövqeyini bəyan edən qətnamələr, bəyanatlar var, amma beynəlxalq
birlik, demokratiya təəssübkeşləri buna susdu və sənəd kimi qəbul edilmiş
o qərarlar real həllini tapmadı və biz bu ədaləti özümüz bərpa etdik. Buna
görə də, heç bir dövlət, heç bir birlik, şuralar və dövlətlər Azərbaycana qarşı
təhdid, təzyiq yeridə bilməzlər.
Bu gün müasir Azərbaycan güclü orduya, siyasi iradəyə, iqatisadi gücə
malik, multikultural, tolerant, hər kəsin dəyərlərinə hörmət edən və hər
kəsin azadlıqlarına müdafiə edən, öz müstəqil siyasətini yürüdən ölkə kimi
inkişaf edir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
dia-az.info
Ardını oxu...
“Bölgəni yandıracağıq” deyən husilərin tarixi və bu gün Qırmızı dənizdə baş verən hadisələrlə bağlı gözləntilər

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə kütləvi raket zərbələri endirdi. Hücumlar döyüş gəmiləri, sualtı qayıqlar və qırıcı təyyarələrdən, “Tomaqavk” raketlərindən istifadə edilməklə həyata keçirilib. Böyük Britaniyanın Baş naziri Rişi Sunak qeyri-döyüş dəstəyinin Hollandiya, Kanada və Bəhreyn tərəfindən verildiyini, ABŞ Prezidenti Co Bayden isə öz növbəsində Yəmənə endirilən zərbənin müdafiə xarakterli olduğunu bildirib. Husilər isə raket hücumlarına cavab verəcəklərini və bütün Yaxın Şərq bölgəsini “yandıracaqlarını” vəd etmişdilər. Gərginlik bu gün də davam edir. Ötən həftə də ABŞ və Britaniya husilərin hədəflərini vurdu. Husilər də öz növbəsində Qırmızı dənizdə aktivliklərini nümayiş etdirirlər.

“Lenta.ru” Husilər hərəkatının tarixinə nəzər salıb, Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin perspektivlərini araşdırıb. AYNA sözügedən araşdırmanı istinadla təqdim edir:

Husilər kimlərdir?

Husilər hərəkatının tarixi 1990-cı illərdən başlayıb. Onun əsas bazası Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən zeydilərin məskunlaşdığı Səada vilayətidir. Hərəkatın banisi, özünü İmam Hüseyn Bədruddin əl-Husi adlandıran şəxs İslamın hələ müxtəlif təlimlərə və məktəblərə bölünmədiyi dövrə, köklərə qayıdıb, bütün müsəlmanların birlik prinsipləri əsasında birləşməsini müdafiə edirdi. Qurani-Kərimdən təkcə dini və əxlaqi deyil, həm də sosial-iqtisadi münasibətləri götürdüyünü söylədi. Hərəkatı isə “Ənsar Allah”, yəni “Allahın tərəfdarları” adlandırdı.

Ardını oxu...
Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi Yəməndə ABŞ-Böyük Britaniya əməliyyatına qarşı mitinqdə silaha sarılıb: Yəmən, Səna - 12 yanvar 2024-cü il.

İslamın köklərinə qayıtmaq istəklərinə baxmayaraq, husiləri fundamentalist hərəkat adlandırmaq olmaz. Əksinə, qonşu Səudiyyə Ərəbistanında geniş yayılmış fundamentalist sələfilik və vəhhabi məktəblərini həmişə Yəmən kimliyinə təhlükə adlandırıblar. Husilər İslam cəmiyyətlərini Qərb təsirindən qorumaq üçün aktual bir ideya olaraq qalması üçün İslamda islahat aparmağı müdafiə ediblər.

Təəccüblüdür ki, Husilər hərəkatı özünü eyni zamanda, yerli Yəmən hərəkatı, yəmənlilərin kimliyini və maraqlarını yad mədəni təsirlərdən müdafiə edən və islahatçı anti-imperialist tipli panislam ideologiyası kimi mövqe tutur.

Politoloq və Rusiya Beynəlxalq Məsələlər Şurasının (RİAC) eksperti, politoloq Kirill Semenov deyir ki, husiləri digər islami hərəkatlardan fərqləndirən cəhət budur ki, bu, Zeydi hərəkatıdır və bənzərsizdir: “Husilər İslamın ayrı, müstəqil bir qolu olduğunu bəyan edirlər və bu, hazırda yalnız Yəməndə mövcuddur. Bu, şübhəsiz ki, şiə İslamıdır, lakin tez-tez deyildiyi kimi, digər şiəliyə yaxın deyil. O çox müstəqildir və məsələn, İrandakı şiəlikdən çox fərqlidir. İslam hərəkatlarının və qruplarının bütün Yaxın Şərq mozaikasında husilər sırf Yəmənə aiddir”.

Husilər xarici siyasət ideologiyalarında “ABŞ-a ölüm, İsrailə ölüm, yəhudilərə lənət, İslama qələbə” şüarından istifadə edərək radikal anti-Qərb mövqe tuturlar. Eyni zamanda, onların rəsmi nümayəndələri vurğulayırlar ki, hərəkat ABŞ və İsrailin sözün əsl mənasında məhv edilməsini deyil, yalnız İslam dünyasına qarşı imperialist siyasət yürüdən hökumətlərinin hakimiyyətdən uzaqlaşdırılmasını müdafiə edir.

Husilər öz hərəkatlarını HƏMAS və Hizbullahla birlikdə İsrail, ABŞ və bütün Qərbə qarşı İranın rəhbərlik etdiyi “müqavimət oxunun” bir hissəsi hesab edirlər.

Ardını oxu...
Yəmənin paytaxtı Sənada Səudiyyənin rəhbərlik etdiyi hava hücumlarına qarşı nümayiş zamanı Husi hərəkatının qurucusu Husi Bədruddin əl-Husinin posterini tutan husi döyüşçüsü - 18 may 2015-ci il.

Bununla belə, politoloq Semenov husiləri sırf İranın maraqlarından çıxış edən qüvvə hesab etmir: “Zeydilər İran şiələrindən çox fərqlidirlər. Təbii ki, onların ortaq nöqtələri, ümumi ideoloji təlimatları var, xüsusilə də İsrail və ABŞ-la bağlı. Amma Husilər hərəkatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) emissarları tərəfindən yaradılmayıb. Yəməndə tamamilə müstəqil şəkildə ortaya çıxdı və onlar İranda müttəfiq tapdılar. Çünki hərəkatın o zaman arxalanacağı başqa qüvvə yox idi”.

Yəməndə hərbi çevriliş

2004-cü ildə husilər faktiki olaraq Yəmən hökumətinə qarşı qiyam qaldırdılar. Onlar ölkə Prezidenti Əli Abdulla Salehi korrupsiyada və ABŞ-la əlaqələrdə ittiham edirdilər. Müharibə altı il davam etdi və əhalisi şiə olan Yəmənin şimal əyalətlərini humanitar fəlakət zonasına çevirdi. Hökumət heç vaxt husiləri məğlub edə bilmədi və döyüşlər atəşkəs imzalandıqdan sonra sona çatdı.

Düzdür, növbəti il ​​Yəmən ərəb baharı hadisələri ilə ələ keçirildi. Husilər iğtişaşlardan istifadə edərək təsir imkanlarını genişləndirib, hökumət qüvvələrinə və rəqib qruplaşmalara qarşı silahlı mübarizəni bərpa ediblər. 2014-cü ilə qədər ölkədə tammiqyaslı vətəndaş müharibəsi yenidən başladı. İran isə “Ənsar Allah” qrupuna dəstək verməyə başladı. 2015-ci ilə qədər husilər və onları dəstəkləyən qruplar Yəməndə hərbi çevriliş həyata keçirdilər.

Ardını oxu...
Şiə üsyançı qrup əl-Husiyə sadiq qəbilə üzvü Yəmənin şimal-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Saada əyalətində ənənəvi Baraa rəqsi ifa edir - 12 iyul 2012-ci il.

Ölkənin faktiki hökuməti hələ 2004-cü ildə hökumət qüvvələri ilə toqquşmada həlak olan hərəkatın banisi Hüseyn Bədruddin əl-Hutinin qardaşı Məhəmməd Əli əl-Hutinin rəhbərliyi altında İnqilab Komitəsi idi.

Xarici təsir və dəstək - Ərəb koalisiyasının hücumları

Səudiyyə Ərəbistanı husilərin hakimiyyətə gəlməsinə çox kəskin reaksiya verib. Monarxiyanın öz sərhədlərində qeyri-sabitlik mənbəyinə ehtiyacı yox idi və ideoloji cəhətdən husilərdən kifayət qədər ciddi şəkildə fərqlənirdi: onlar vəhhabi İslamı qəbul etmirdilər və ABŞ-la ittifaqa girən bütün müsəlman hökumətlərini xain hesab edirdilər.

25 mart 2015-ci ildə Səudiyyə Hərbi Hava Qüvvələri husi qüvvələrini məğlub etmək üçün “Qətiyyət Fırtınası” əməliyyatına başlayıb. Səudiyyəliləri regionda ABŞ yönümlü digər monarxiyalar: Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dəstəkləyirdi. Aviasiya Yəmənin hava hücumundan müdafiəsini demək olar ki, tamamilə məhv etdi və ölkə üzərindəki hava məkanını bağladı. Daha sonra artilleriya və donanmanın istifadəsi ilə genişmiqyaslı əməliyyat başladı.

Ardını oxu...
Şiə husi üsyançı qruplaşmasının tərəfdarları Yəmənin şimal-qərbindəki Saada əyalətində fələstinlilərlə həmrəylik nümayişində iştirak edirlər - 3 sentyabr 2010-cu il.

Aprelin 25-də “Qətiyyət Fırtınası” “Ümidin bərpası” əməliyyatı adlı yeni əməliyyata keçdi. Məqsədinin Husi hərəkatına qarşı hədəflənmiş mübarizə olduğu elan edildi. Husilərin hərbi bazalarına və mövqelərinə aviazərbələr davam etdi, şəhər və əyalətlərə yerli sakinləri üsyançılara qarşı mübarizəyə qoşulmağa çağıran vərəqələr atıldı.

Müdaxilə Yəmənin özündə husilərə qarşı müxalifəti gücləndirdi. Husilər tərəfindən devrilmiş ölkənin keçmiş Prezidenti Rabbu Mansur Hadi ölkəyə qayıtdı və onlara qarşı silahlı mübarizənin başladığını elan etdi. Ölkə yenidən vətəndaş müharibəsi xaosuna qərq oldu və ərəb koalisiyası tərəfindən bombardmanlar davam etdi.

Humanitar fəlakət

Yəməndə yenidən humanitar fəlakət başladı. Bu dəfə humanitar fəlakət bütün ölkəni əhatə etdi. BMT münaqişəyə müdaxilə etdi və böhrandan çıxmaq üçün “yol xəritəsi” təklif etdi. Sənəd husi konstitusiyasının ləğvini və keçid hökumətinin yaradılmasını nəzərdə tuturdu, lakin münaqişə tərəfləri arasında öhdəsindən gəlmək mümkün olmayan fikir ayrılıqları səbəbindən onun icrasına heç vaxt başlanılmadı.

Zaman keçdikcə Yəməndə döyüşlərin intensivliyi azalsa da, döyüşlər tam dayanmadı. Koalisiya qüvvələri husilərin mövqelərini bombaladı və onlar köhnə hökumət tərəfdarlarına qarşı terror hücumları ilə cavab verdilər. Bu müharibə hətta “zəmanəmizin ən pis humanitar fəlakəti” adlandırıldı. Eyni zamanda, husilərin siyasi mövqeləri yalnız gücləndi. Onlar ABŞ-ın dəstəklədiyi müasir silahlara malik böyük beynəlxalq koalisiyaya qarşı ciddi müqavimət göstərməyin mümkünlüyünü göstərdilər.

Ardını oxu...
İnsanlar Sənanın Sabin meydanında keçmiş İraq milis komandiri Əbu Mehdi əl-Mühəndisin, HƏMAS-ın keçmiş lideri Əhməd Yassinin, İranın Qüds Qüvvələrinin keçmiş rəhbəri Qasım Süleymaninin, Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahın və husi lideri Mehdi əl-Məşətin plakatlarının yanından keçirlər - Yəmən, 4 yanvar 2024-cü il

Politoloq K.Semenovun fikrincə, ərəb koalisiyası qüvvələri üsyançıları darmadağın edə bilməyiblər, çünki husilər Yəmənin əsasən zeydilərin məskunlaşdığı şimal bölgələrində böyük dəstək alıblar: “Bundan əlavə, onların qüvvələri kifayət qədər döyüşə hazır idi və İrandan müntəzəm dəstək alırdı. Onlar ciddi hazırlaşıb və nəticəyə diqqət yetiriblər. Üstəlik, Yəmən ordusunun ən döyüşə hazır bölmələri onların tərəfinə keçdi. Husilərin səfərbər etmək üçün əhəmiyyətli insan resursları və əhəmiyyətli təcrübələri var idi. Bütün bunlar husiləri çox ciddi düşmənə çevirib”.

Qırmızı dənizdə gəmilərə hücumlar

2021-ci ilin əvvəlində ABŞ-ın yeni Prezidenti Co Bayden ərəb koalisiya qüvvələrinin Yəməndəki hücum əməliyyatlarına dəstəyin dayandırıldığını və münaqişənin sülh yolu ilə həlli yollarının axtarışına başladığını elan edib. ABŞ hətta husiləri terror təşkilatları siyahısından çıxardı və bu, onların hökumətinə humanitar yardım almaq imkanı verdi. Onlar belə bir addımı hərarətlə qarşıladılar, ritorikasının intensivliyini azaltdılar. Görünürdü ki, Yəməndə sülh şansı var.

2022-ci ildə müharibə edən tərəflər BMT-nin köməyi ilə hər iki aydan bir uzadılan müvəqqəti atəşkəs haqqında razılığa gəldilər. Bu müddət ərzində məhbusların mübadiləsi, uşaqlara yardım proqramlarının həyata keçirilməsi, ölkəni lazımi humanitar mallarla təmin etmək mümkün idi. 2023-cü il ərzində beynəlxalq müşahidəçilər Yəməndə vətəndaş müharibəsinin bitmək üzrə olduğuna əmin idilər. İsraillə HƏMAS arasındakı müharibə isə hər şeyi dəyişdi

Ardını oxu...
Sahildə silahlı husilər. Arxa planda ələ keçirilmiş ticarət gəmisi "Galaxy Leader" Əl Salif sahillərində lövbər salır - Yəmən, 5 dekabr 2023-cü il.

Husilər qeyd-şərtsiz Qəzza zolağına, HƏMAS-a dəstək verdilər. İsrailin zərbələri başlayandan sonra “Ənsar Allah” insanları kütləvi nümayişlərə çıxardı. Etirazçılar əllərində Fələstin bayraqları tutub və Qəzza sakinlərinə dəstək şüarları səsləndiriblər. Təşkilat Qəzzaya döyüşçülər göndərməyə hazır olduğunu rəsmən elan etdi, ABŞ-ı “sionist varlığa” sponsorluq etməkdə ittiham etdi və tezliklə İsrail ərazisinə raket hücumlarına başladı.

Gəmilərə hücumlar

Noyabrın 14-də husilər İsraillə bağlı olan istənilən gəmiyə hücum edəcəyini və onların Qırmızı dəniz və Bab əl-Məndəd boğazı sularından keçməsinə icazə verməyəcəyini açıqladı. Husilər öz hərəkətlərini “Amerika-İsrailin Qəzza zolağındakı təcavüzünə” cavab adlandırıblar. Dekabrın əvvəlində qruplaşma kimin olmasından asılı olmayaraq, İsrailə gedən bütün gəmilərə hücum etməklə hədələyib.

O vaxtdan bəri Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi hücuma məruz qalıb. Ən səs-küylü hadisələrdən biri də noyabrın 19-da beynəlxalq ekipajla birlikdə “Galaxy Leader” yük gəmisinin ələ keçirilməsi olub. Husilər onu Yəmən sahillərinə çəkiblər və İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər ekipajın buraxılması şərtlərini müzakirə etməyəcəklərini bildiriblər. Bu səbəbdən dünyanın dörd ən böyük gəmiçilik şirkəti Süveyş kanalından gəmilərin keçidini dayandırıb və ya onları başqa marşrutlara göndərib. Bu barədə İsveçrə gəmiçilik şirkəti “Mediterranean Shipping Company” (MSC), Fransanın “CMA CGM”, Danimarkanın gəmiçilik nəhəngi “Maersk” və Almaniyanın “Hapag-Lloyd” nəqliyyat şirkəti məlumat yayıb. Ümumilikdə, onlar dünya üzrə konteyner daşımalarının demək olar ki, 54 faizini təşkil edir.

Ardını oxu...
Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün "mümkün olan ən geniş" dəniz koalisiyasının yaradılmasını elan etdi. Bölgəyə ABŞ, İngiltərə və Fransa donanmalarından gəmilər göndərildi.

Yanvarın 10-da husilər mülki gəmiləri müşayiət edən ABŞ və Britaniya hərbi gəmilərinə raket və dronlarla hücum ediblər. Hərbçilər aviasiyadan istifadə etməli olublar. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası husilərdən ticarət gəmilərinə hücumları dayandırmağı tələb edən qətnaməni təsdiqləyib. Bununla da, ABŞ və müttəfiqlərinin Yəmənə zərbə endirmək üçün qanuni əsasları yarandı.

ABŞ və İngiltərə niyə Yəmənə hücum etdi?

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya qüvvələri Yəməndəki husilərin hədəflərinə kütləvi hücuma keçdi. ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələri bildirib ki, hərbçilər Yəməndə komanda məntəqələri, sursat anbarları və atış məntəqələri də daxil olmaqla, 16 hədəfə 60-dan çox zərbə endiriblər. Hərbi Hava Qüvvələri müxtəlif növ 100-dən çox dəqiq idarə olunan sursatdan istifadə edib.

Ardını oxu...
Husi tərəfdarları Yəmənin Səna şəhərində mitinq keçirir - 12 yanvar 2024-cü il.

Rusiyalı politoloq Aleksey Naumov hesab edir ki, ABŞ bu əməliyyatın köməyi ilə eyni vaxtda bir neçə məqsədə nail olmağa çalışır: “Birincisi, ABŞ-a Qırmızı dənizdə nəqliyyat arteriyasının maneəsiz işləməsi lazımdır. İkinci məqsəd öz hegemonluğunu, “dünya polisi” rolunu qorumaqdır. ABŞ-ın nöqteyi-nəzərindən, dünya nizamının hər cür qorunması Amerikanın çiyinlərinə düşməlidir. Eyni zamanda, ABŞ Qəzza zolağında münaqişə fonunda müsəlman dünyasını qorxutmaqla problemi həll etməyə çalışır. Bu həm də İsrailə qarşı ikinci cəbhə açmağa hazır olan İran və onun müttəfiqlərini qorxutmaqdır”.

Proqnozlar

Bununla belə ekspert əmindir ki, tam quru əməliyyatı olmadan husiləri təkcə ABŞ və Britaniyanın zərbələri ilə tam zərərsizləşdirmək mümkün olmayacaq: “Biz Səudiyyə Ərəbistanının bunu necə etməyə çalışdığını və bundan hansı nəticə çıxdığını xatırlayırıq".

Politoloq K.Semenov da eyni fikirdədir: “Biz bu zərbələrin husilər üçün nə dərəcədə həssas olduğunu bilmirik. Unutmayaq ki, onlar yeddi il ərzində Səudiyyə koalisiyası tərəfindən bombalanıb”.

Naumovun sözlərinə görə, husilərin Qırmızı dənizdə gəmilərə vaxtaşırı hücumları davam edəcək.

Ardını oxu...
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Yəmən, Qırmızı dənizdəki hərbi hədəflərə qarşı əməliyyatı zamanı döyüş gəmisindən raket atıldığı an - 12 yanvar 2024-cü il

Lakin Semenov əmindir ki, Yaxın Şərqdə tamhüquqlu regional müharibənin başlaya biləcəyini söyləmək hələ tezdir. Analitik xatırladıb ki, husilər Səudiyyə Ərəbistanı ilə sülh bağlayıb və hələlik döyüşləri bərpa etmək niyyətində deyillər: “Səudiyyə Ərəbistanı da husilərə qarşı döyüşləri bərpa etmək niyyətində deyil və sülh prosesini sona çatdırmağa hazırdır. ABŞ-la qarşıdurma tamam başqa müharibədir, onların mübarizəsinin fərqli cəbhəsidir. Bu, İsrailin Qəzzadakı vəhşiliyi ilə bağlıdır. Və dinamika yalnız İsrailin Qəzzadakı hərəkətlərindən asılı olacaq. Husilər gəmiçiliyin qarşısını almağı qarşılarına məqsəd qoymurlar, onlar yalnız İsraillə əlaqəli gəmilərə hücum edirlər”, - deyə Semenov fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Qohar Meloyan: “Konstitusiyamızda rəqabətqabiliyyətlilik baxımından heç bir problem yoxdur”

Tevos Arşakyan: “Düşünmürəm ki, Paşinyan Konstitusiyanı dəyişdirməklə hakimiyyətdə qalma müddətini uzatmaq niyyətindədir”

Hazırda Ermənistanın daxili siyasi həyatında müzakirə olunan əsas mövzulardan biri də Konstitusiya ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın ötən həftə Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olması barədə dedikləri müxalif siyasi dairələrdə etirazlarla qarşılanıb.

Qeyd edək ki, Paşinyan Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyacın olduğunu deyib: “Ermənistan yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək Konstitusiyaya malik olmalıdır”.

Bundan sonra kçmişdə hakimiyyətdə olmuş erməni müxalifəti və onlara yaxın mediada Paşinyana siyasi hücumlar başlayıb. Müxalifət iddia edir ki, Paşinyan diktator səlahiyyətləri istəyir, super gücə malik prezidentliyə can atır. Müxaliflər Baş naziri Konstitusiyanı dəyişmək hüququ və səlahiyyətinin olmamasında ittiham edərək hakimiyyətə hücum etmək üçün yeni informasiya mənbələri axtarmaqda davam edirlər. Onların fikrincə, hökumət başçısının siyasi komandasının və konstitusiya dəyişiklikləri üzrə işçi qrupunun peşəkar hazırlığı yeni Konstitusiyanın yazılması üçün lazım olan bilik fondundan çox uzaqdır.

Konstitusiya hüququ üzrə erməni ekspert Qohar Meloyan deyib “Aysor”a açıqlamasında deyib ki, hazırki Ermənistan Konstitusiyasında rəqabətqabiliyyətlilik baxımından heç bir problem yoxdur: “Görünən odur ki, Konstitusiya dəyişikliyi 5 ildir hakimiyyətə gələn qüvvələrin hər zaman gündəmində olub. Baş nazir yeni Konstitusiyaya ehtiyacımız olduğunu deyir. Yanlış fikirdir. Bunu konstitusiya islahatları üzrə mövcud iki komissiya sübut edir. Onlardan birincisi müharibədən sonrakı dövrdə buraxılıb, ondan sonra isə hələ də fəaliyyət göstərən ikinci komissiya yaradılıb. Hakim qüvvələrin çıxışlarında həmişə Konstitusiya dəyişiklikləri barədə fikirlər olub. Qeyd edim ki, Konstitusiya islahatı, Konstitusiyaya dəyişiklik, yeni Konstitusiya başqa şeylərdir”.

“Əsas fərq ondan ibarətdir ki, əgər Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı dəyişməz maddələrimiz varsa, o zaman yeni Konstitusiya qəbul edilərsə, Konstitusiyada əsas olan və Müstəqillik Bəyannaməsinə istinad edən preambula və əsas prinsiplərə istinad edilməyə bilər. Bununla onlar artıq Konstitusiya ilə dəyişdirilə bilməyən müddəalara dəyişiklik etmək imkanı əldə edəcəklər”, - hüquqşünas qeyd edib.

Ekspertin fikrincə, problem bütün bu illər ərzində gündəmdə olan Konstitusiya dəyişikliklərində sırf populist terminlərdən istifadə edilməsindədir: “Məsələn, Konstitusiyanı daha az rəqabətədavamlı adlandırmaq yanlışdır. Məncə, Konstitusiyamızda rəqabətqabiliyyətlilik baxımından heç bir problem yoxdur. Hətta 2015-ci il Konstitusiya dəyişiklikləri nəticəsində insan hüquqları ilə bağlı konkret fəsil beynəlxalq təşkilatlar tərəfindən ən yüksək keyfiyyətlərdən biri kimi qiymətləndirilib”.

Onun sözlərinə görə, ola bilsin ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməsin. Eyni zamanda, atributlarda dəyişiklik edilsin: “Məsələn, gerbimizdə dəyişikliklər mütəmadi olaraq gündəmdədir və xüsusən də gerblə bağlı Türkiyə həmişə Ermənistandan Ağrı dağını gerbdən çıxarmağı tələb edib. Hökumətin yanında gerbin dəyişdirilməsi məsələsi gündəmə gətiriləndə mən həmişə təkid etdim ki, bu, Ermənistan Respublikası vətəndaşlarının qərarının nəticəsi olmalıdır, çünki gerbin təsviri referendumla verilib. Konstitusiyamızla Ağrı dağının adı da daxil olmaqla xalq verib. Konstitusiyaya edilən dəyişikliklər isə yalnız vətəndaşların qərarı ilə dəyişdirilə bilər. Bizim Konstitusiyada ərazi bütövlüyünün müəyyənləşdirilməsinə, məsələn, anklavlar məsələsinə aid müddəa var”.

“Bununla belə, hazırda biz yalnız fərziyyələrlə nəticə çıxara bilərik. Hesab edirəm ki, yeni Konstitusiya ideyası axmaq ideyadır. Hakimiyyət niyə Konstitusiyanı dəyişməyi detallı izah etsə, daha yaxşı olar”, Meloyan fikrini tamamlayıb.

Erməni politoloq Tevos Arşakyan isə məsələ ilə bağlı yazısında qeyd edib ki, Paşinyanın yeni Konstitusiya ilə bağlı dedikləri ilk dəfə deyil: “2021-ci il martın 1-də keçirilən mitinqdə Baş nazir mövcud Konstitusiyadakı bir sıra çatışmazlıqları açıqladı. Yəni biz üç ilə yaxındır ki, yeni Konstitusiyadan danışırıq. Amma indi bütün “keçmiş ordu” birdən-birə təşvişə düşüb. Göründüyü kimi, Paşinyan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı fikirlərini artıq gücləndirib və bu, hələ bu ilin əvvəlində baş verə bilər. Təbii ki, Konstitusiyanın bu qədər tez-tez dəyişdirilməsi məqsədəuyğun deyil, xüsusən indiki Konstitusiya o qədər də köhnə deyily. Məsələn, amerikalılar 200 ildən çox əvvəl qəbul edilmiş mövcud Konstitusiyaların ən qədimi ilə yaşayırlar. Orada prezidentlər gəlib-gedirlər, amma heç birinin ağlına da gəlmir ki, özlərinə xoş gəlmək üçün Konstitusiyanı dəyişdirsinlər. Yeri gəlmişkən, ABŞ Konstitusiyasında “demokratiya” sözü yoxdur. Bizdə Konstitusiyanı dəyişmək istəyən bütün hakimiyyətlər demokratiyanın arxasında gizləniblər. Amma qoy hüquqşünaslar, konstitusiya hüququ mütəxəssisləri buna etiraz etsinlər və etirazlarını əsaslandırsınlar”.

“Mən keçmiş hakimiyyətin indiki hakimiyyətə qarşı ittihamlarının absurd olduğunu düşünürəm. Yadımdadır, məhz birincilər 2015-ci il dekabrın 6-da prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçidi nəzərdə tutan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirmək təşəbbüsü ilə çıxış etmişdilər. Sarkisyanın və hökumətinin xalqa bəslədiyi bütün söhbətlərin, xüsusən də “siyasi həyatı demokratikləşdirmək istəyi, bunu parlament idarəçiliyi ilə təmin etmək istəyi”nin arxasında Sarkisyanın ikinci prezidentlik müddətindən sonra da hakimiyyətdə qalmaq kimi bayağı istəyi gizlənirdi. Və konstitusiya hüququ üzrə ekspertlər ona Konstitusiyanı dəyişdirməyi məsləhət görüblər ki, bu da hakimiyyəti geniş səlahiyyətli Prezidentdən geniş səlahiyyətli Baş nazirə çevirdi. Təbii ki, o vaxt Sarkisyan Baş nazir rolunda ancaq özünü görürdü. Və uzun müddət Baş nazir postuna namizədliyini inkar etsə də, yenə də müqavimət göstərə bilmədi və 2018-ci ilin yazında “kütlənin təzyiqi altında” hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürdü. Düzdür, tezliklə inqilaba çevrilən etiraz və yürüşlərdə həmin kütlə Sarkisyanı tarixin zibilliyinə atdı. İndi həmin qüvvələr Paşinyanın özü üçün Konstitusiya dəyişikliyinə getmək istədiyini iddia edir. Paşinyan açıq şəkildə deyir ki, o, Konstitusiyanı özünə uyğun dəyişmir və hakimiyyətdə qalma müddətini uzatmaq fikrində deyil. Mənə elə gəlir ki, Baş nazir yalan demir. Təbii ki, 6 il əvvəlki Serj Sarkisyandan fərqli olaraq”, - Arşakyan vurğulayıb.

Analitik qeyd edib ki, 2018-ci ildəki Sarkisyandan fərqli olaraq, Paşinyanın hazırkı reytinqi ona hakimiyyəti saxlamağa imkan verir: “Ona görə yox ki, insanlar onu çox sevirlər. Xeyr, sadəcə ona görə ki, onun alternativi yoxdur”.
Müəllif: Turan Abdulla
ayna.az
 
 
 

Dünyapress TV

Xəbər lenti