Ardını oxu...
Çinlə Hindistan arasında sərhəddə bir neçə ildən gərginlik yaşanır, dağlarda döyüşlər baş verir, hər iki tərəfdən itkilər olur. Bu gedişlə Çinlə digər qonşusu Yaponiya arasında da toqquşma baş verə bilər. “Reuters” agentliyinin məlumatına görə, Çinin sahil mühafizə gəmiləri Yaponiyanın bir neçə gəmisinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafındakı sulara daxil olduğunu bildirib. Pekinin iddiasına görə, Yaponiyanın balıqçı və hərbi gəmisi Çinin Diaoyu adlandırdığı mübahisəli adaların yaxınlığında görünüb. Çinlə Yaponiya dənizlərdə eyni adalara iddia edirlər.
Yaponiya Çinlə hərbi toqquşma istəmir, ancaq dənizlərdəki adalardan da imtina etməyəcək. Tokio həm də ondan narahatdır ki, Çin hərbi gücünü artırmaqla yanaşı, bu ölkə Rusiya ilə birgə Yaponiya adalarına yaxın ərazilərdə birgə hərbi təlimlər keçirir. Bunun qarşısının alınmasının yolu Yaponiyanın hərbi büdcəsini artırmasından keçir. Məsələ burasındadır ki, İkinci Dünya müharibəsində ABŞ-a məğlub olan Yaponiyaya hərbi büdcəsini artırmaq illər uzunu qadağan olunub. Yaponiyanın İkinci Dünya Müharibəsindən sonrakı iqtisadi inkişafı həm də bu ölkənin hərbiyə çox az maliyyə xərcləməsiylə bağlıydı. Ancaq bölgədə şərtlər dəyişib və Vaşinqtonun özü Yaponiyaya məsləhət görüb ki, hərbi büdcəsini artırsın.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
 
 
 
Ardını oxu...
Siyasilər tərəfindən "Qarabağın azadlığı demokratiyadan (əsasən ABŞ xətti nəzərdə tutulurdu) keçir" tezisi alternativsiz fikir kimi önə çəkilir və təxminən 15 il ərzində Prezident İlham Əliyevə qarşı səslənən ittihamların ana bazasını təşkil edirdi. Yekun ittiham belə idi: "İlham Əliyev Qarabağı işğaldan azad edə bilməz".
Bir tərəfdən isə, "Qarabağın açarı Rusiyanın əlindədir" tezisi ictimai fikirdə oturuşmuşdu. Əslində isə güclü Azərbaycan və güclü lider olmadan ABŞ və Rusiya Qarabağın işğaldan azad edilməsinə imkan verməyəcəkdi.
Zaman göstərdi ki, bu illər ərzində Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsinin əsas faktorlarından biri kimi müstəsna rola malik oldu. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiya arasında seçim etmək kimi dilemma qarşısında qalmadı. Gürcüstan və Ermənistan güc mərkəzinə çevrilə bilmədi, inqilablar, siyasi təlatümlər, sosial partlayışlar bu gün də həmin ölkələrin ağır mənzərəsini önə çıxarır.
Regionda yeni güc mərkəzi formalaşmağa başladı: Azərbaycan-Rusiya və Türkiyə ittifaqı. Məhz Qarabağın azad edilməsini şərtləndirən əsas güc mərkəzi də bu ittifaq oldu.
17 milyon kvadrat kilometr ərazisi olan və dünyanın super güclərindən biri - qonşu Rusiya ilə münaqişə yaratmaq yox, müttəfiq olmaq lazım idi. Okeanın o tərəfindən verilən şirin vədlərə aldanmaq Gürcüstanı və Ermənistanı bu günkü ağır duruma saldı. Artıq Ukrayna da yanlış qərarlar verdiyini anladı, ABŞ senatı bu ölkəyə bütün hərbi yardımları dayandırır. 20 milyon insan ölkəni tərk edib, təxminən Cənubi Qafqaz böyüklükdə ərazi Rusiyanın nəzarəti aldındadır, Qərb Zelenskiyə "mövcud durumla barışmağı, sülhə getməyi" təklif edir. Azərbaycan Türkiyə ilə tarixdə heç vaxt olmadığı qədər strateji münasibətlər formalaşdırdı. Türkiyə hökumət üzvləri Region və dünya qarşısında Azərbaycanın maraqlarını (xüsusilə, müharibə dövründə) tələb kimi önə çıxardılar. İndiyə qədər İran və Fransa Azərbaycanın sərrast müqavimətinə bu qədər effektiv tuş gəlməmişdi. Dünyada yeni formalaşan Türk Dövlətləri Birliyi Azərbaycansız ölü doğulan körpə uşağa bənzəyər. Diqqət ediriksə, bu birlik digər regional təşkilatları da üstələməkdədir. TDB-nin gücləndirilməsinin məqsəd və hədəfləri isə daha düşündürücüdür.
Öncə güclü dövlət yaratmaq və onun ərazi bütövlüyünü təmin etmək lazım idi. Digər amilləri kənara qoysaq, təkcə bu faktor 2024-cü ilin fevral ayının 7-də keçiriləcək seçkilərdə İ.Əliyevin xalq tərəfindən prezident seçilməsini şərtləndirəcək.
Bundan sonra İ.Əliyevə rəqib olmaq daha da çətinləşəcək. Uzun illər ərzində "demokratik seçki olsa, İ.Əliyevə qalib gələrik" deyənlər, buyursunlar, 7 fevraldakı seçkilərə... Hazırki durumda xalqın İ.Əliyevə səs verməyəcəyini düşünmək və bu istiqamətdə siyasi çıxışlar etmək səfehlikdir. Ayrı-ayrı hökumət üzvlərinə olan inamsızlıq xalqın İ.Əliyevə olan münasibətini dəyişməyəcək.
Güclü dövlət bütün resurslarını Qarabağın azad edilməsinə yönəltmişdisə, yeni seçkilərdən sonra bu resursların daxili problemlərin köklü həllinə yönələcəyi və yeni mərhələnin başlayacağı ehtimalı böyükdür. Bir neçə gündür müxtəlif siyasi cinahlardan İ.Əliyevin daxildəki problemləri həll edə bilməyəcəyi ilə bağlı tənqidlər səslənir. Yırtıcı qanunlarla idarə olunan dünyanın ən həssas coğrafiyalarının birində - Cənubi Qafqazda Qarabağ münaqişəsini həll edən İ.Əliyevin daxili problemləri həll etmək üçün gücününü olmadığını düşünmək gülüncdür.
- Heç kəsin gözləmədiyi bir ərəfədə yeni prezident seçkilərinin keçirilməsi qərarı niyə verildi? Buna nə zərurət var idi? Bu haqda növbəti yazıda....
Müəllif: Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Özünü sistemdənkənar müxalifət (əsl müxalifət) sayan partiya sədrləri və siyasilərin bəyanatlarından belə başa düşdüm ki, onlar müxtəlif bəhanələrlə bu dəfə də İlham Əliyevlə yarışmaqdan boyun qaçıracaqlar.
Artıq belə bəhanələr ortaya atılıb. Deyillər ki, İlham Əliyev heç kimdən məsləhətləşmədən, seçkini saxtalaşdırmaq üçün növbədənkənar seçki təyin edib. Götürək ki, İlham Əliyev taktiki baxımdan öz xeyiri üçün bu gedişi edib.
İndi özünü əsl müxalifət sayanlar boykot yolunu tutmalıdır? Bəyəm ölkədə növbədənkənar seçki ilk dəfədir keçirilir ki, bunu boykot üçün əsas arqument sayırlar? Bundan əvvəlki prezident və parlament seçkiləri növbədənkənar olmayıb? Əsl siyasi mübarizə budur ki, istənilən fors-major vəziyyətə hazır olasan.
Etiraf edək ki, İlham Əliyev hazırda karyerasındakı ən pik reytinq dönəmini yaşayır. Bu şəxsin rəhbərliyi altında Qarabağ kimi qlobal mahiyyətli problem kökündən həll olunub. Sirr deyil ki, hətta ən şəffaf seçki keçirilsə belə hazırkı göstəricələrə görə, İlham Əliyevə qalib gələ biləcək müxalif lider yoxdur. Güya seçki vaxtında, yəni bir il sonra keçirilsəydi, özünü sistemdənkənar müxalifət sayan liderlər ona qalib gələcəydi?
Yəni birmənalı şəkildə görünür ki, İlham Əliyevin bu manevri etməsi daxili deyil, sırf qlobal faktorlorla əlaqəlidir. Bunu izah etmək isə başqa bir yazının mövzusudur. Bir sözlə, ya atılan əlcəyi qəbul edib, döyüşə girin, ya da zəif olduğunuzu açıq etiraf edin ki, sizə texniki məğlubiyyət versinlər.
Təbiidir ki, belə olanda sizin yerinizi özünüzü konstruktiv müxalifət sayan, ancaq ürəklərində və real fəaliyyətlərində İlham Əliyevi sevən və dəstəkləyən partiya sədrləri tutacaq. Seçkidən sonra isə onlar İlham Əliyev kimi reytiqli siyasətçiyə uduzmaqları, onunla alternativ olmaq şansını əldə etmələri ilə fəxr edəcəklər.
Məhəmmədəli Qəribli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəklərsə İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilarlarda və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə açıq və gizli fəaliyyətinə son qoymalıdır. Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərginlik axarına qayıdacaq. Bundan başqa xarici siyasi mərkəzlər də Azərbaycan əleyhinə “etnik təmizləmə” və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidirlər. Çünki onların bu addımları Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında belə bir cümlə var:
“Beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verməyə, Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırıq”.
Yəni bu cümləni belə də oxumaq olar: “Bəyan etdiyiniz kimi, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq istəyirsinizsə, iki ölkənin birgə səylərinə zərbə vuracaq siyasət yürütməyin, gərginlik yaradacaq açıqlamalar verməyin”.
Vaşinqton Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, növbə Parisindir.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Dekabr ayının 6-da paytaxt Bakı daha bir beynəlxalq tədbirə - "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Foruma ev sahibliyi edib. Bu mötəbər forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi kimi: "Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik". İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi".
Bu gün ölkəmizdə işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Bu Azərbaycanın gücünün göstəricisidir.
Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandıraraq bildirib ki, sülh prosesinin təşəbbüskarı biz olmuşuq: "İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə "Dağlıq Qaradağ respublikası"nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik". Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur.
"Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik" – deyə bildirən Prezident diqqətə çatdırıb ki, Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur və bəzən əsassız olaraq bizi bunda ittiham edirlər: "Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam".
Prezident, Müzəffər Ali Baş Konabdan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord Azərbaycanda səfərdədir, o Bakıda nazirlərlə görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişafı yollarını müzakirə edir. Bundan təxminən iki həftə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti də Azərbaycanda səfərdə idi. O da əməkdaşlıqla bağlı mövzuları müzakirə etmişdi. Leo Dokerti Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər etmişdi. Hiss olunur ki, Böyük Britaniya Cənubi Qfaqaz uğrunda mübarizədə Rusiya, ABŞ və Avropa İttifaqından geri qalmaq istəmir. London Paris və Vaşinqtondan fərqli olaraq Cənubi Qafqaz siyasətində balansı pozmur, bölgənin hər 3 ölkəsiylə yaxşı münasibətləri var. Bu arada, ABŞ-da görüşlərini başa vuran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona gedib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyaya yollanmışdı. Erməni nazir Böyük Britaniyada iki ölkə arasında strateji dialoqun istiqamətlərini müzakirə etmişdi. Bütün hallarda Londonun Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Deputat: “Seçkiöncəsi erməni lobbisi hərəkətə keçib və konqresmenləri ələ almağa çalışırlar”

Politoloq: “ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda maraqlarının təmin edilməsinin mümkün olmadığını başa düşür”

Mark Libbi ABŞ-nin Azərbaycanda yeni səfiri təyin olunub. Senat səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Birləşmiş Ştatların ölkəmizdəki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatsa da, bu müddətdə yeni səfir təyinatı baş tutmamışdı. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin təyinatı ilə bağlı məsələ ilk dəfə deyil ki, gecikdirilir. Bundan öncə də Prezident tərəfindən irəli sürülən namizədlərin ABŞ Konqressi tərəfindən geri qaytarılması halları olub və məhz bu səbəbdən də dəfələrlə yeni səfirlərin təyinatında yubanmalar baş verib.

Bu arada ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Xarici İşlər Komitəsində keçirilən dinləmə zamanı Azərbaycanla münasibətlərin 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcəyini bildirməsi ABŞ-Azərbaycan arasında münasibətlərini yenidən gərginləşdirib. Rəsmi Bakı amerikalı diplomatın bəyanatını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, Ağ Evi bu kimi müdaxilə hallarından yayınmağa çağırıb.

İddialara görə, ABŞ Ukraynadan sonra Rusiyaya qarşı Ermənistandan ikinci cəbhə açmaq və Cənubi Qafqazı bütünlüklə nəzarətə götürmək niyyətindədir və ölkəmizə qarşı təzyiqlər də məhz bundan qaynaqlanır.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi Elman Nəsirov AYNA-ya açıqlamasında deyib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir: “Düzdür, bəzən ABŞ rəmsiləri, amerikalı diplomatlar və siyasi şərhçilər Azərbaycanla münasibətlərə xələl gətirəcək bəyanatlar səsləndirirlər. Heç şübhəsiz ki, bu açıqlamalar ikitərəfli münasibətlərə xələl gətirir. Xarici İşlər Komitəsində keçirilən dinləmələr və ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın söylədiyi fikirlər bu qəbildəndir”.

“Amerika çalışır ki, Cənubi Qafqazı öz nəzarətinə götürsün. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, kiminsə ruporu rolunda çıxış etməkdən qəti şəkildə imtinası ölkəmizə qarşı müəyyən təzyiqlərin meydana gəlməsinə səbəb olur. Lakin Amerikada da başa düşürlər ki, Azərbaycan regionun lider dövlətidir və ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Zaman-zaman belə təzyiqlər olsa da, sonradan geri çəkilirlər. Hesab edirəm ki, bu dəfə də belə olacaq”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kimi səfir təyin etməsi Birləşmiş Ştatların sərbəst seçimidir: “Amerikanın Azərbaycanda diplomatik missiyası fəaliyyət göstərir. Vaxtaşırı olaraq səfirləri, diplomatik korpusun əməkdaşlarını dəyişirlər. Bu, onların öz işidir. Azərbaycanla Amerika arasında beynəlxalq terrorizmlə mübarizə, sülhə dəstək, enerji təhlükəsizliyi və digər məsələlərdə tərəfdaşlıq mövcuddur”.

“Erməni lobbisinə bağlı qüvvələr müəyyən senatorları və konqresmenləri ələ alırlar ki, Azərbaycanın əleyhinə fəaliyyət göstərsinlər. Müəyyən mənada buna nail olurlar da. Xüsusən 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam şəkildə bərpa olunması erməni lobbisini narahat edir. Seçkilər öncəsi Ağ Evin, eləcə də Senat və Konqress üzvlərinin onlarla hesablaşması, müəyyən “güzəştlərə” getməsi gözlənilir. Lakin bu, ABŞ-Azərbaycan strateji, iqtisadi münasibətlərinə, enerji sahəsində əməkdaşlığa təsir göstərməyəcək”, - deyə Nəsirov vurğulayıb.

Mövzunu AYNA-ya şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Murad Sadəddinov da əmindir ki, Azərbaycan-ABŞ münasibətlərində müəyyən gərginliklər olsa da, dialoq mühiti mövcuddur: “Heç şübhəsiz ki, Amerika elitasında Ermənistana simpatiya, Azərbaycana qarşı isə qərəzli münasibət həmişə olub. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, ABŞ-da erməni lobbisi güclüdür və seçkilərin nəticələrinə təsir etmək imkanları var. Bu baxımdan hər zaman çalışıblar ki, onlardan dəstək alsınlar”.

“İkinci səbəb hər ikisinin xristian ölkəsi olması, üçüncü səbəb isə Azərbaycanın Rusiya ilə yaxınlığıdır. Amerika hər zaman istəyib ki, postsovet məkanında güclənsin və ölkələri Rusiyaya qarşı səfərbər etsin. Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa nail olsalar da, ölkəmizi müstəqil və balanslaşdırılmış xarici siyasət kursundan yayındıra bilməyiblər. Buna görə də, vaxtaşırı olaraq Azərbaycana qarşı təzyiq siyasətini işə salıblar”, - deyə müsahibimiz söyləyib.

Sadəddinov hesab edir ki, bu təzyiqlər ötəridir və münasibətlər yenidən bərpa olunacaq: “Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi, münasibətləri normallaşdırmaq cəhdləri də bununla bağlıdır. ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda hər hansı maraqlarının təmin edilməsinin mümkün olmadığını başa düşür. Elə buna görə də münasibətləri pisləşdirməyə getməyəcəklər. O ki qaldı yeni səfirin təyinatına, bu, bir protokoldur və münasibətlərdə heç bir dəyişikliyə səbəb olmayacaq”.

Müəllif: Azər Niftiyev
 
Ardını oxu...
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar artır.

Baş nazir Nikol Paşinyanın 2024-cü ildə erkən seçkilərin elan edilməsi üçün Prezident Vahan Xaçaturyana müraciət edəcəyi gözlənilir. Bununla bağlı yayılan bütün xəbərlərdə Paşinyanın əsas məqsədinin Ermənistan Milli Məclisini Rusiyapərəst siyasi qüvvələrdən “təmizləmək” olduğu bildirilir. Yəni parlamentin yeni tərkibinin əsasən Qərbyönlü və avrointeqrasiya tərəfdarlarından formalaşdırılması planlaşdırılır.

Qeyd edək ki, bununla bağlı ilk məlumat hələ noyabrın 24-də mətbuata sızmışdı. Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında növbədənkənar parlament seçkilərinə getmək istədiyini deyib.

“Baş nazir indiki parlament müxalifətini “oyunu” bitirəcəyi, yeni seçkilər keçirəcəyi, yenidən seçiləcəyi, parlamentin hazırkı mənzərəsini tamamilə dəyişəcəyi və Milli Məclisə tamamilə yeni müxalifət gətirəcəyi ilə hədələyib”,-məlumatda belə deyilirdi.

“Hraparak” qəzetinin dekabrın 5-də yaydığı məlumatda isə Qərbin Paşinyandan növbədənkənar seçki keçirməyi tələb etdiyi xəbər verilir. Yəni parlamentin tərkibini dəyişmək təşəbbüsü əslində, Paşinyandan deyil, Qərbdən gəlir. Belə çıxır ki, Qərb də öz növbəsində Ermənistanın tez bir zamanda Rusiyadan ayrılıb Avropaya tələsməsi üçün Paşinyandan “sədaqət andı” tələb edir.

Paşinyanın vədləri əvəzinə Qərb yeni seçkilər vasitəsilə Aram Sarkisyan (Respublika partiyasının sədri - red.) və digər qərbpərəstlərin də mütləq iştirak edəcək anti-Rusiya parlamentinin formalaşacağını gözləyir. Bugünkü parlament müxalifəti, açıq-aşkar rusiyayönlülər evə yola salınacaqlar”.

Erməni siyasi ekspertlərin fikrincə, ABŞ-nin və Avropa İttifaqının bu məsələdə ortaq istəyi ölkənin gələcəyini Ermənistan-Rusiya-İran üçbucağında görən müxalifəti parlamentdən kənarlaşdırmaqdır. Yeni seçkilərin keçirilməsində Nikol Paşinyanın da maraqları var.

İlk növbədə, parlamentdə eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı “Ermənistan” və “Şərəfim var” fraksiyaları Paşinyan üçün potensial təhlükə mənbəyi sayılır. Adıçəkilən qüvvələrin siyasi reytinqi yüksək olmasa da, Paşinyan hökumətinin devrilməsində maraqlı olan Rusiyanın istifadə edəcəyi əsas müxalif baza sayılır. Ona görə də Paşinyan parlamentdə Robert Köçəryanın və Serj Sarkisyanın da başçılıq etdiyi qüvvələrdən xilas olmağa çalışır.

Hazırda Ermənistanda Nikol Paşinyan hakimiyyətinin reytinqi kəskin aşağı düşdüyünə görə seçki kampaniyasında inzibati resurslardan istifadə etmək ehtimalı yüksəkdir. Lakin Köçəryan və Sarkisyan arasında olan ziddiyyətlər, cəmiyyətin sabiqlərə dəstək verməməsi rusiyayönlü müxalifətin siyasi dayaqlarını da zəiflədib.

Belə vəziyyətdə növbədənkənar seçkilərə getmək Paşinyana hakimiyyətini möhkəmlətmək və Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün lazımdır. Eyni zamanda, Paşinyan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Müstəqil Dövlətlər Birliyi kimi regional siyasi platformalardan Ermənistanı çıxarmaq istəyini nümayiş etdirir. Buna nail olmaq üçün ona cəmiyyətin mandatı lazımdır.

Bu baxımdan, Paşinyan növbədənkənar seçkilər üzərindən anti-Rusiya siyasətinə legitimlik qazandırmağa çalışır. Qeyd edək ki, ermənilərin Qarabağdan Ermənistana kütləvi könüllü köçməsi də son vaxtlar Paşinyan hökuməti üçün problemlər yaradıb.

Həmin ermənilərin bir çoxu Ermənistan vətəndaşlarıdır. Ona görə də revanşist müxalifət narazı Qarabağ ermənilərindən seçki prosesində istifadə etməyə çalışacaq. Ancaq onların sayı səsvermənin nəticələrinə təsir edəcək qədər deyil. Paşinyan seçkilərdə qələbə qazanarsa, bu, ona gələcəkdə sülh sazişi imzalamağa və konstitusiya referendumu keçirmək üçün də hüquqi əsas yarada bilər.

Beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan isə hesab edir ki, Ermənistanda nə müxalifətin, nə də hazırkı hakim partiyanın qələbə qazanmaq şansı var. Üçüncü siyasi qüvvənin meydana çıxması seçkilərdə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.

“Bu müxalifət özünü məhv edib. Onun da hakimiyyət kimi heç bir ictimai dəstəyi yoxdur. Yəni elə bir vəziyyət yaranıb ki, parlamentdəki deputatlar əvvəllər əldə etdikləri ictimai dəstəyə malik deyillər. İrəvanda və digər icmalarda keçirilən bələdiyyə seçkiləri göstərdi ki, bir çox yerlərdə hakimiyyət lazımi səsləri toplaya və qalib gələ bilmir. Bu, o deməkdir ki, ictimai inamsızlıq var. Bu vəziyyət yeni qüvvələrin təzahürünə və yeni növbədənkənar seçkilərə gətirib çıxaracaq.

Həyat qabiliyyətli qüvvələr gah biri, gah başqası ilə oynayanlar, bir neçə simdə ifa edənlər deyil, seçkilərdə xarici siyasətin gündəminin dəqiq istiqamətini təqdim edənlər olacaq. Xalq artıq siyasi yarımçıqlıqdan bezib. Hesab edirəm ki, siyasətdə yeni, təzə qüvvələrə, simalara ehtiyac var. Bütün bunlar növbədənkənar parlament seçkilərinə gətirib çıxaracaq ki, bu da öz növbəsində Ermənistanın xarici siyasətinə təsir göstərəcək”,-ekspert belə deyib.

Müəllif: Müşfiq Abdulla - Mənbə: “Cebhe.info”
Ardını oxu...
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra ABŞ başda olmaqla Qərb dünyası Rusiyanın bu müharibədə qalib gələcəyinə imkan verməyəcəklərini dəfələrlə bəyan ediblər. Ancaq onların Ukraynaya göstərdikləri hərbi yardımların intensivliyinə və həcminə diqqət etdikdə sözlərilə əməlləri arasında ciddi fərq əyani şəkildə görünür. Hələ indiyədək Ukrayna ordusu lazımı sayda uzunmənzilli raketlərlə, Hava Hücumundan Müdafiə sistemləri, artilleriya qurğuları və mərmilərlə təchiz edilməyib.

Digər tərəfdən, Ukraynaya “F-16” qırıcı təyyarələrinin nə zaman və hansı miqdarda verilməsi barəsində müzakirələr davam etsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş yoxdur. Hələlik ilk baxışdan belə təsəvvür yarana bilər ki, Qərbin Ukraynaya göstərdiyi zəif dəstək Rusiyanın döyüş mövqeyini gücləndirib. Lakin müharibə uzanacağı təqdirdə vəziyyət dəfələrlə dəyişə bilər. Artıq bir neçə aydır ki, Qərb KİV-ləri öz hökumətlərinin Ukrayna ilə bağlı strategiyasını sərt tənqid edir, onları daha qətiyyətli davranmağa çağırırlar. Bu yaxınlarda Böyük Britaniyanın nüfuzlu “The Economist” nəşrinin “Görünür, Putin ən azı hələlik Ukraynada qalib gəlir” başlıqlı məqaləsində ABŞ və Avropa fəaliyyətsizlikdə qınanırlar.

Lakin bütun bunlara baxmayaraq, Qərb mətbuatı və analitikləri bu qanlı müharibənin pərdə arxasınıdak həqiqətlərin üstündən sükutla keçirlər və əsasən mənzərənin ümumi təsviri ilə kifayətlənirlər. Məsələn, “The Economist”-in sözügedən məqaləsində yazılır: ”Qərb Putini məyus etmək üçün çox şey edə bilərdi - istəsəydi Rusiyanı dəflərlə üstələyən sənayesini və maliyyə resurslarını işə salardı. Lakin fatalizm, saymamazlıq və strateji miqyasda düşünə bilməmək ona mane olur.”

Yəni, əslində bütün Qərb mediası Ukrayna müharibəsindəki ümumi vəziyyəti təxminən bu cür şərh edir. Sadəcə olaraq bu tip məqalələrdə həqiqət deyilirmiş kimi təsəvvür yaradılır, əslində isə dərində yatan böyük həqiqətlərin ört-basdır olunmasına çalışılır və kimsə Ukraynanın Qərb üçün geostrateji alət olduğunu söyləmir. İndi artıq bəlli olur ki, ABŞ və Avropa müxtəlif bəhanələrlə Ukraynaya vəd etdikləri silah və maliyyə yardımını tam həcmdə çatdırmaq niyyətində deyillər. Bir çox mətləblərin üstü açılandan sonra Qərb mətbuatı obyektivlik görüntüsü vermək naminə müəyyən tənqidi fikirlər səsləndirməyə başlayır. Beynəlxalq ictimai şüura təsir etmək üçün elə təsəvvür yaradırlar ki, guya Amerika və Avropanın uzağa hesablanmış geniş strateji planları yoxdur və onlar sanki baş verən hadisələrin arxasınca yürüyürlər. Avropa Birliyi Ukraynaya 50 milyard avro vəd verib, lakin deyirlər ki, bəs Macarıstan bu ödənişi gecikdirir (Çünki AB-də hər hansı qərarın qüvvəyə minməsi üçün onu hamı yekdilliklə dəstəkləməlidir.). Amerikada isə Baydenin 60 milyard dollar həcmindəki yardımı Konqresdəki respublikaçıların etirazı ucbatından əngəllənib. Göründüyü kimi, elə mexanizm qurulub ki, istənilən vaxt əsaslı arqument gətirə bilsinlər.

Putinin Ukraynaya hücumundan 21 ay ötüb və bu müddət ərzində lazım gələrdisə Qərbin nəhəng sənayesi Ukraynanın ehtiyaclarının ödənilməsinə yönələrdi. Təbii, bu fikirlər Avropada da səslənir, amma heç kim demir ki, Putinin güclənməsinə niyə imkan verildi. Niyə Qərb öz potensialını ortaya qoymur?

ABŞ və Avropa Rusiyanı güclü iqtisadiyyata və möhtəşəm orduya malik bir dövlət kimi görmək istəmir və buna imkan da verilmir. Amma Rusiyanın Ukraynaya məğlub olması və sonrakı mərhələdə onun parçalanması Qərbin nəyinə lazımdır? Məgər Qərbin əsl problemi Rusiyadır? Xeyr! Rusiya Qərblə iqtisadi və texnoloji rəqabət apar biləcək səviyyədən çox uzaqdır.

Ukraynanın Rusiya ilə müqayisədə böyük silah istehsalı sənayesi yoxdur və ona görə də onun Qərbə ehtiyacı var. Kollektiv Qərbin böyük geostrateji məqsədinin nədən ibarət olmasına gəldikdə isə, heç şübhəsiz ki, onlar həmişə “divide et impera” ("parçala, hökm sür") devizinə sadiqdirlər. Onlar üçün Rusiya birbaşa elə də çətin problem deyil. Onun öhdəsindən gəlmək üçün Ukraynaya samballı yardım göstərmək yetərlidir. Rusiyanın artıq geriyə yolu yoxdur, o, mütləq döyüşməlidir. Amerika və Avropa Rusiyanı Ukrayna vasitəsilə taqətdən sala bilər. Və əslində bəlkə də məhz bu həyata keçirilir.

Heç şübhəsiz ki, ABŞ və NATO Rusiya ordusunun bu müharibədən öncə də hansı potensiala malik olmasından xəbərdar idilər. Ukrayna müharibəsi tərifli və imkanları şişirdilmiş Rusiya ordusunun zəifliyini, bəzi hallarda isə acizliyini göstərdi. Rusiya tarix boyu apardığı bütün müharibələrdə əsgər sayına arxalanıb. Ukraynaya qarşı müharibədə də Rusiyanın ən böyük üstünlüyü məhz canlı qüvvədir.

Hazırda rusların Avdeyevka uğrunda döyüşlərdə böyük itkilər verməsinə baxmayraq, durmadan hücuma keçmələri buna sübutdur. Bəzi mənbələrin verdiyi məlumata görə, ruslar gün ərzində 800-900 nəfər əsgər itirir. Bəlkə də bu statistika doğru deyil, amma hər halda hətta bunun yarısı da böyük göstəricidir.

Ukrayna və Rusiya arasında uzunmüddətli müharibə hər iki tərəfi taqətdən salacaq və bu da Qərbin Avrasiya ilə bağlı geostrateji marağına cavab verir. Çünki müharibə nəticəsində böyük məkanda yarana bilcək boşluğu öz siyasi və iqtisadi məqsədi naminə doldura biləcək güc Çin yox, məhz Qərb ola bilər.

Ona görə də Rusiya ilə Ukrayna arasındakı müharibənin daimi münaqişə ocağına çevrilməsi ehtimalı böyükdür. Ola bilər ki, hətta tərəflər arasında atəşkəs də elan olunsun və müvəqqəti razılaşmalara da gedilsin, lakin bundan sonrakı dövrlərdə Rusiyanın qərb sərhədlərində dinclik və sabitlik olmayacaq və münaqişə zaman-zaman yenidən alovlanacaq. Müharibə uzandıqca itkilər çoxalacaq, bu isə Ukrayna üçün təhlükə deməkdir, ancaq sonrakı mərhələlərdə Kiyev müdafiə taktikasını tutsa və Rusiya ərazi zəbt etməyə girişsə, insan resursunun yetərincə olmasına baxmayraq, Moskva əsgər çatışmazlığı ilə qarşılaşa bilər. Çünki hələ ki, müharibədə ölənlərin əksəriyyəti mərkəzdən uzaq regionlardandır. Ancaq belə getsə, mərkəzi rayonlardan da xeyli sayda döyüşçü aparmağa başlayacaqlar. Digər tərəfdən müharibə uzandıqca Rusiyaya zərbələr içəridən vurulacaq və ölkə daxilindəki strateji obyektlərdə diversiya aktları artacaq.

Vaqif NƏSİBOV

“AzPolitika.info”
 
Ardını oxu...
Böhranı necə aradan qaldırmaq olar?

Azərbaycanda heç vaxt böyük miqdarda içməli su ehtiyatı olmayıb. Amma son illərdə vəziyyət daha da pisləşib və proqnozlara görə, ağırlaşma artacaq. 2025-ci ilə qədər ölkəmiz adambaşına ən aşağı su ehtiyatına malik 13 ölkə sırasına daxil ola bilər. Bu barədə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-lərin maliyyələşdirilməsi” hesabatında deyilir.

Bu problem niyə baş verir və vəziyyətin kritik həddə çatmaması üçün nə etmək lazımdır?

“Dayanıqlı Qafqaz” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Fuad Bağırov AYNA-ya açıqlamasında deyib ki, bu yaxınlarda onlar milli təşəbbüs qrupunun iclasını keçiriblər və orada ölkədə mümkün içməli su çatışmazlığı problemləri müzakirə olunub: “Digər mühüm məqam Azərbaycanda qrunt sularının vəziyyəti, qrunt sularının içməyə nə dərəcədə uyğun olmasıdır. Əsrimizdə su təhlükəsizliyi hər bir ölkə üçün strateji əhəmiyyət kəsb edib. Və bir çox sahələr, o cümlədən enerji, qida və nəqliyyat onun nə dərəcədə uğurla həll olunmasından asılıdır”.

“Ölkəmizdə həqiqətən də içməli su qıtlığı təhlükəsi var. Beynəlxalq ekspertlərin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanda adambaşına düşən su ehtiyatı minimal olacaq (~972 m3/il). Bundan əlavə, ölkənin coğrafi mövqeyi iqlim dəyişikliyinə həssasdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişikliyi ilə bağlı hesabatında Azərbaycanın adı iqlim dəyişikliyindən ən çox təsirlənən 39 ölkə arasında yer alıb. Proqnozlara görə, havanın temperaturu 2-3ºC artacaq ki, bu da yaxın 50 ildə həm axar, həm də yeraltı suların tədarükünü 15% azalda bilər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ölkəmiz kifayət qədər məhdud su ehtiyatlarına, o cümlədən transsərhəd çayların çirklənməsi probleminə malikdir: “Region dövlətlərinin transsərhəd sulardan asılılıq səviyyəsi Azərbaycan üçün 76,6%, Ermənistan üçün 11,7%, Gürcüstan üçün 8,2% təşkil edir. Həm də suvarma sisteminin zəif olması səbəbindən kənd təsərrüfatında böyük su itkiləri var”.

Bağırov 2017-2035-ci illər üçün su ehtiyatlarının kompleks idarə edilməsi üzrə Azərbaycan Respublikasının su strategiyasının hazırlanmasını xatırladıb: “Onun məqsədi ölkənin davamlı sosial-iqtisadi inkişafını, habelə su təhlükəsizliyini təmin etməkdən ibarətdir, su təsərrüfatı kompleksinin inkişafını, su obyektlərinin mühafizəsini, əhalinin və ərazilərin suyun zərərli təsirindən qorunmasını, o cümlədən ölkənin su ehtiyatları sahəsində rəqabət üstünlüklərinin formalaşdırılması və həyata keçirilməsini nəzərdə tutur. Bunların təhsilə sərmayə qoyuluşu və su sektorunda yeni texnologiyaların tətbiqi, tullantı sularının təmizlənməsi və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına kapital qoyuluşunun artırılması hesabına həyata keçirilməsi planlaşdırlır”.

“Bu, ilk baxışdan yaxşı səslənir, əsas odur ki, icra səviyyəsi bizi ruhdan salmasın. Hələlik bu istiqamətdə xeyli işləmək lazımdır. Həll edilməli olan başqa problem də var. Əkinlər tez-tez fosfor gübrələri ilə gübrələnir və bu, uzun müddət istifadəsi ilə torpaqda fosforun yığılmasına səbəb olur. Qrunt sularında həddindən artıq miqdarda elementin göllər və çaylar kimi səth sularına sızmasına gətirib çıxara və şirin su mənbələrini çirkləndirə bilər. İçməli suda fosforun olması kimyəvi maddələrlə reaksiyaya girərək əlavə zərərli dizenteriya məhsulları əmələ gətirə bilər. Və belə su içmək böyrək xəstəliklərinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər”, - deyə təşkilat nümayəndəsi vurğulayıb.

Ekoloq Əliheydər Məmmədov mövzuya dair AYNA-ya şərhində xatırladıb ki, Azərbaycan ərazisindən üç böyük çay - Kür, Araz və Samur çayları keçir: “Onlar həmişə ölkəni kifayət qədər su ilə təmin edib. Bundan əlavə, Azərbaycanın şimalındakı bütün dağlıq rayonlar çaylardan su alırdı. Böyük çaylara tökülən dağ çaylarını qorumaq lazımdır. Bir çox kiçik çaylar yoxa çıxır. Mövcud su birdən hara getdi? Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi öz mənfi töhfəsini verdi”.

“İqlim dəyişikliyinə gəlincə, mənim bu məsələdə öz fikrim var. Belə dəyişikliklər 20-50 ildən sonra baş vermir və indi baş verənlər normal təbii prosesdir. O, hər an orada olub”, - deyə həmsöhbətimiz söyləyib.

Müəllif: Elya Belskaya
 

Dünyapress TV

Xəbər lenti