AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycanla bağlı bir sıra mühüm tədqiqatlar aparılır.

Oxu.Az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına A.A.Bakıxanov adına Tarix İnstitutunda "Qərbi Azərbaycan tarixi" şöbəsi, Folklor İnstitutunda "Qərbi Azərbaycan folkloru" şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə "Toponimika" şöbəsi yaradılıb. Həmin şöbələr tərəfindən qısa müddət ərzində fundamental tədqiqatlar aparılaraq Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində önəmli nəticələr əldə edilib, kitablar çap olunub. Eyni zamanda, "Qərbi Azərbaycan Ensiklopediyası"nın sözlüyünün hazırlanması da başa çatdırılıb.

Bu günlərdə AMEA Rəyasət Heyətinin qərarı ilə Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi" də yaradılıb. Yeni yaradılmış şöbənin əməkdaşları Qərbi Azərbaycanda və Qarabağda yaşayıb-yaratmış şair və yazıçıların əsərlərinin əlyazmalarının toplanılması, sistemləşdirilməsi, tərtibi, nəşri məsələləri ilə məşğul olacaq, həmin regionlardan çıxan tanınmış yaradıcı simaların həyatı və yaradıcılığını araşdırıb tədqiq edəcəklər.
 

Dünyapress TV

Xəbər lenti