“Leyli rolunu bir dəfə oynadım, sonra dedilər ki, filan qədər pul gətir, Leylini sənə verək...”
Əməkdar artist, tanınmış xanəndə Nigar Şabanova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Nigar xanım, illər öncə Opera və Balet teatrından qalmaqallı şəkildə ayrıldınız. Bu gün isə teatrın direktoru Akif Məlikov vəzifəsindən çıxarıldı. Direktorun işdən çıxarılması xəbərini necə qarşıladınız?

- Normal qarşıladım. Qeyri-adi bir şey deyil. Müəyyən bir yaş dövrü var. Hər şey bir yerə qədərdir. Yaşlı insan idi, işdən çıxan vaxtı idi də. Normal da qarşılayıram. İnanmıram ki, o teatrda nəsə bir dəyişiklik olsun. Vallah olmayacaq. Bunu sizə tam səmimiyyətimlə deyirəm. Orada nə işçilərdə dəyişiklik olacaq, nə də bir başqa sahədə fərqlilik olacaq. Hər şey necə varsa, elə də qalacaq.

- Düşünürsünüz ki, kollektiv dəyişilməlidir?

- Xeyr, orada çox gözəl xanəndələr çalışır. Heç kimin haqqına girə bilmərəm. Bunu tam səmimiyyətimlə deyirəm. Çünki mən nə heç kimin paxıllığını çəkmirəm, nə də ki, kimisə işindən-gücündən etmək niyyətim yoxdur. Orada çox gözəl xanəndələr işləyirlər, gözəl obrazlar oynayırlar. Amma müəyyən bir şeylər var ki, onları açıq demək olmur. Çünki mən təkəm. Meydanda mən tək olduğuma görə mən onu açıq şəkildə deyə bilmirəm.

- Opera və Balet teatrında çalışmadığınıza görə təəssüflənirsiniz?

- Xeyr, təəssüflənmirəm. Bilirsiniz niyə? Teatr sənətçinin həyatından, sənətindən böyük qurban tələb edir. Sən ömrünün 70 faizini teatra qurban verməlisən. Hər gün durub işə gedib, məşqlərdə çıxış etmək, rol bölgüsündə iştirak etmək və s. Elə bilirsiniz ki, bunlar asandır? Siz fikir verin, oradakı xanəndələrin çoxu müəyyən dövrdən sonra, yəni öz adlarını qazanandan sonra orada işləməyə başladılar.

- Leyli obrazını neçə il oynadınız?

- Bir dəfə oynamışam. Sağ olsunlar, gördülər ki, zal necə ağzına kimi dolur, tamaşa anşlaq olur. Sonra imkan vermədilər. Mənim onda indiki kimi qazancım yox idi ki, cibimdən pul verib, zalın biletini alıb oranı tamaşaçı ilə doldurum. İnanın Allaha elə bir şey olmayıb. Buna Allah şahiddir. Çünki mənim o vaxtlar indiki kimi gəlirim, qazancım yox idi. Mən açıqsözlü insan olduğuma görə sonra deyirlər ki, “Nigar qalmaqal edir”. Vallah mənim qalmaqalla aram yoxdur. Sadəcə olaraq sözün düzünü deyənə yaxşı baxmırlar.

- Dəvət gəlsə yenidən teatra qayıtmaq istərdiniz?

- Xeyr, həyatı boyu ora getmərəm.

- Teatr kiminsə şəxsi mülkiyyəti deyil, ora dövlətindir.

- Necə ki, onlar mənə dedilər ki, “filan qədər ödə, gəl Leyli rolunu oyna”. Bəlkə də nə vaxtsa ürəyim istəyərsə, onların istədiyi məbləği stolun üstünə qoyub, Leylini oynayaram. Böyük ümid edirəm ki, teatrın yeni direktoru insaflı şəkildə seçiləcək. Mənə bundan sonra Opera və Balet teatrı lazım deyil. Amma məndən sonra gələn gənclərə yazığım gəlir. Oradakı xanəndələrdən də xahiş edirəm ki, dostluğu işlə qarışdırmasınlar. Ora dostluq teatrı deyil, dövlətin teatrıdır. Orada hər bir yaş kateqoriyası çalışmalıdır. Hər bir müəllimin tələbəsi orada oynamalıdır. Bir müəllimin 20, digər bir müəllimin isə 1 tələbəsi yox!. İnsaflı şəkildə hər müəllimdən 5 tələbə orada çıxış etməlidir. Çünki o qədər istedadlı uşaqlarımız var ki. Mən oynasam da, oynamasam da xalqın sevgisinin qarşısında baş əyirəm. Mən savaşmaqdan yorulub, təslim olub kənarda dayandım. Artıq 34 yaşım var, bundan sonra mənə Opera və Balet teatrı maraqlı deyil. Bu gün 18-20 yaşlarında o qədər istedadlı gənclərimiz var ki. Teatrda doya-doya oynayanlar, xahiş edirəm bir az kənara çəkilin, yeriniz soyusun, bir az gənclər də gəlsin teatra. Mənim tələbəm də yoxdur ki, deyim ki, öz tələbələrimə görə çalışıram. Dediyim müəllim-tələbə mövzusu tək xanəndələrə aid deyil. Aktyorlarda da düzgün bölgü yoxdur, rejissorlarda da. Bu dəqiqə o qədər gənc rejissorlarımız yetişib ki. Yaşlılar bir yerə qədərdir də. 50 yaşın oldu çıx get. Qoy sabah gənclərin də hədəfi olsun da.

- Sizcə Leyli neçə yaşında olmalıdır?

- Leyli rolunu 25 yaşına kimi oynaya bilərsən. Bu yaşdan sonra axı Leyli o Leyli deyil.

- Kimin teatra direktor təyin olunmasını istərdiniz?

- Heç olmasa dünya teatrlarından, balet sənətindən, ümumiyyətlə sənətdən anlayışı olan, ən əsası da sənətkarlara hörmət bəsləyən insan direktor olmalıdır. Teatrı etibarlı əllərə vermək lazımdır. Teatr elə bir yerdir ki, orada elə insan oturmalıdır ki, hər mövzudan anlayışı olsun. Teatr müdiri olmaq nə xanəndə, nə opera sənətçisi üçün deyil. Ora unikal bir insan rəhbərlik etməlidir ki, hər peşədən gələni başa düşsün. Opera ifaçısını opera sənətçisi kimi, xanəndəni də xanəndə kimi. Ədalətli qərarlar verməlidir.

- Pedaqoji fəaliyyətlə niyə məşğul deyilsiniz?

- Gözəl xanəndə ola bilərsən, amma pedaqoq olmaq çətindir. Heç kim inciməsin, xətrinə də dəyməsin, tanınmışlardan bir xalq artisti Gülyaz Məmmədova, bir də xalq artisti Mənsum İbrahimov pedaqoq kimi pedaqoqdurlar.

- Siz müstəqil şəkildə fəaliyyət göstərib, tanındınız. Müəlliminizin kölgəsində qalmadınız.

- Mənim müəllimim mənə dəstək olmayıb. Yeganə müəllimin Qəzənfər Abbasov olub ki, nə qədər dəstək lazım idisə, mənə göstərib. Tanınmış olmağımda isə heç bir müəllimim mənə dəstək olmayıb. Mənə dəstək olub və televiziyalar və jurnalistlər.

- Niyə hər dediyiniz söz dillərdən düşmür, gündəm olur, danışdıqca danışılır? Elə biri də, sonuncu dəfə verilişlərdən birində dediyiniz fikirlər oldu. Orada jurnalistlərdən narazılığınızı dilə gətirmişdiniz.

- İş görəndə yazardılar, belə vaxtı da yazanda deyərdim ki, bunu da edirlər, onu da edirlər. Hər sözümü qalmaqala çevirirlər. Mən sözün düzünü demişəm. Başlıqları elə edirlər ki. Niyə görə mən söyüş eşitməliyəm?! Məni niyə camaata söydürürsən?

Dünyapress TV

Xəbər lenti