Azərbaycanda alkoqollu içkilərin satışını həyata keçirən "Mazarina Trade Company" MMC-nin rəhbəri Qədir Məmmədov inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Qədir Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə cərimələyib.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
192.4-cü maddə isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Bu maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Qədir Məmmədov dövlət qurumunun qərarı ilə razılaşmayaraq, məhkəməyə müraciət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Zamir Bağırov iş üzrə hakim təyin edilib.
"Mazarina Trade Company" MMC 1998-ci ildə yaradılmış "Mazarina" MMC-nin rebrendinq edilməsi nəticəsində yaradılıb. "Henkel", "Garnier", "Canbebe", "Raid", "Heinz", "Kodak", "Glade", "Camsil", "Avon" və s. alkoqollu içkilər "Mazarina Trade Company" tərəfindən ölkəmizə idxal olunur.